Super User

Super User

Çərşənbə, 27 Dekabr 2023 11:45

“GİZLƏNQAÇ” - Jalə İslamın hekayəsi

“Ədibin Evi” tərəfindən təşkil edilən Mir Cəlal adına III Hekayə Müsabiqəsinin nəticələrinə əsasən əməkdaşımız Jalə İslamın “Gizlənqaç” hekayəsi Teas Press Nəşriyyat Evində hazırlanan antologiyaya daxil edilmişdir. Kitab yaxın zamanda çap olunacaq. Həmin hekayəni sizlərə təqdim edirik.

Əkdim noxud,  

Çıxdı söyüd 

Yarpağıdır 

Şa-ba-lıd.                        

 

   

Anamın mən hələ uşaq ikən tez-tez dediyi bir cümlə var idi; “Xoşbəxtliyi mənə şaxtalı bir qış günü qaranquşlar öz qanadları arasında ərmağan gətirmişdilər”. Bu cümləni söyləyərkən gözlərindəki mülayim ifadə də elə bil soyuqdan qorunan adamın qat-qat yorğana bürünməsi kimi min cür təlatümə bürünür, ən sonda isə ruhunun istiliyi sırsıra bağlamış göz bəbəklərini nəmləndirirdi. Həmin vaxtlar yazıq qadını dinləmək və susmaq necə də asan idi, indi onu anlamağa çalışarkən sərf etdiyim bütün zaman özümü özümə yad edir.

-Vüqar, oğlum, aşağı enmək üçün məni gözlə. Keçən dəfəki kimi yıxıla bilərsən.

Kasıblığın üzü qara olsun, bizim evin damından birinci mərtəbəsinə enərkən istifadə etdiyimiz nərdivan üstdən aşağı baxanda adamın gözünü qaraldır, bu da azmış kimi taxtası artıq çürümüşdü. Əslində, həddi-büluğa çatmış biri üçün bu nərdivanla enmək su içmək qədər asan idi, lakin mənim kimi iki qolu olmayan biri üçün eyni fikirləri söyləmək çox çətindir. Bu halım ilə evin damında qalmağım biraz qəribə səslənə bilər, fəqət öz evimdə gözlərdən uzaq bir həyat yaşamaq üçün daha mükəmməl bir seçim şansım yox idi.

-Bu dəfə alındı, ana. Özüm enməyi bacardım.

-Ay bala, vallah sənə söz başa salmaq mümkünsüzdür. Nə qədər dil tökürəm, xeyri yoxdur. Özünü düşünmürsən, heç olmasa barı məni düşün. Yıxılsaydın, nə olardı?!

-Narahat olmayın, Nazilə sultan, yıxılsam belə bu ilk dəfə olmayacaqdı. Həm mən doqquz canlıyam, pisə bir şey olmaz. Uzaq başı geriyə dörd canım qalacaqdı.

- Əsəbləşdirmə məni! Sən yıxılmağınla deyil, bu sözlərinlə mənim axırıma çıxacaqsan.

Bu evdə yalnız anam ilə bütün şıltaqlığımla danışarkən özümü sonsuz bir sevginin bəhrəsi kimi hiss edir, içimə kök salan dərin kədərin yerini sevincə kirayə verdiyinin şahidi olurdum. Amma kirayə....Allah ona iki qolu olmayan bir körpə nəsib etsə belə, ruhunda qopan səssiz çırpınışlar bir cümləni dillərinə əzbər etmişdilər; “Eybi yox, onun qolları mən olaram ”.

 

Kiçik otağımın tavanında yerləşən pəncərədən buludları müşahidə edərkən özümü heç vaxt reallaşmayacaq xəyal dünyamın içində tapırdım. Gah lay-lay, gah da topa-topa hərəkət edən buludlar beş mövsümlük teleserialdan, hətta atamın gözlərini bir an belə olsun ayırmadan baxdığı iqtisadiyyat, siyasət, ölkə gündəmi xəbərlərindən qat-qat həyəcanlı və maraqlı idi. Əlbəttə, buludlar nə ölkənin bir yerlərində uğur qazanan gənc nəslin sərgüzəştlərindən, nə də bir-birini qətlə yetirən ailə faciələrindən bəhs edirdi, amma bütün bunlara baxmayaraq məni özünə valeh edirdi. Nazim kişi yenə televizorun səsini sonuna qədər qaldırmışdı. Xeyr, xeyr atamın qulaqları yaxşı eşidir. Sadəcə bu hərəkətləri diqqət çəkmək üçün etdiyini hamımız bilirdik. Elə bu anda qonşuda Fərman dayının nəvələri arasında  çizgi filminə baxmaq üstündə dava idi. Yazıq Fərman dayı nəvələrinin əlindən heç xəbərlərə baxmağa fürsət tapa bilmirdi. Bəzən atam ilə qürur duyurdum. Deyirdim ki, kişi əcəb edir. Camaat arvadlarının seriallarının, nəvələrinin çizgi filmlərinin əlindən heç gündəmimizi izləməyə fürsət tapmır. Bəs bu məlumatları biri izləyib hər kəsi xəbərdar etməlidir, ya yox?!

Özüm də bilirdim ki, sərf etdiyim bütün bu kinayəli ifadələr əsassızdır. Artıq bir nöqtədə dayanıb atama haqq verməyi bacarmalıyam. Axı onun da etinasız surətinin altında yaşamaq istəyib, yaşaya bilmədiyi xəyallarının yükü yatır. Əlbəttə, o da istəyərdi ki, sinif yoldaşı, qonşusu Fərrux dayı kimi nəvələrinin əhatəsində öz həyatını başa vursun. Təqaüdə çıxaraq, işləyən, zəhmət çəkən oğluna baxıb hər an fəxr etsin. Lakin bütün bunların qarşılığında arzu etdiklərini ona verəcək dağ kimi oğlu yox idi. Onun oğlu öz atasından nəzakətli baxışlarını ovuc açmadan dilənirdi…. Onun oğlu atasını əli-qolu olmayan televizordan qısqanacaq qədər aciz biri idi…, maraqlı baxışların bir gün ona doğru tuşlanacağı ümidi ilə yaşayan bir aciz…

Biz atamla həmişə gizlən qaç oynayardıq, amma o gözlərini yummazdı, sadəcə mən gizlənərdim…

Həmin gün anamın həddindən artıq gərgin olduğunun fərqində idim. Sanki atama nəsə söyləmək istəyirdi. Nəhayət, gücünü topladı və vəziyyəti danışmağa başladı:

-Nazim kişi, xalam rəhmətə gedib. Özün də bilirsən ki, bizə çox köməyi dəyib, əl uzadıb. Əgər bu gün çox önəmli bir işin yoxdursa, birlikdə getməyimiz yaxşı olardı. Yol bir az uzaq olduğu üçün orada gecələməliyik.

Atam həmişəki kimi gözlərini televizordan ayırmırdı. Anamın söylədiklərinə qarşılıq heç nə deməmişdi. O sanki gizlənqaç oyununda gözlərini yuman mətə kimi içindən sayaraq mənim gizlənməyimi gözləyirdi. Onun məndən əks istiqamətə nəzər salan gözləri isə mənə bir cümləni pıçıldayırdı: “Mən sayıram, sən gizlən”. Mən isə oyun yoldaşımdan bu cümləni eşidərək özümü oyun meydançasının ən qaranlıq qucağına atırdım. Bizim oyunun qaydası təmamilə fərqli idi, çünki onun sayıb qurtarmağa niyyəti yox idi. Eyni zamanda məni axtarmaq üçün bir addım belə atmırdı.

Məsələnin rahat bir şəkildə həll olunmasını istədiyim üçün otaqdan çıxmalı oldum. Mənim otaqdan çıxmağıma çox az qalmış atam dilləndi:

-Get Fərmana de, bu gün oğlunun yanında qalsın!

-Baş üstə, Nazim kişi.

O gün iyirmi beş illik həyatımda ikinci dəfə idi ki, tək qalırdım. Əslində, birincini saymıram, çünki uşaq idim. Həmin gün sadəcə düşünməklə məşğul idim. Beynimdə bir sual məni dayanmadan narahat edirdi: Görəsən, valideyn dəstəyini öz həyatımda sonuna qədər hiss etsə idim, həyata indi olduğu kimi bağlı qapılar arxasındanmı baxacaqdım, yoxsa öz gücümü toplayaraq bütün çətinliklərin öhtəsindən gəlib mübarizəmi aparacaqdım? 

-Necəsən, yaraşıqlı oğlan? Kefindən, əhvalından danış görək.

-Şükür, Fərman dayı, həmişəki kimiyəm. Sənin kefin-əhvalın necədir?

- Yaxşı olasan, ay bala. Təki övladlarımız, sizlər yaxşı olun. 

-Var ol, Fərman dayı!

-Mənə bax, qadan alım, mənə görə narahat olma. Əgər yatmaq istəsən yat, mən başımı bir təhər qataram.

-Hələ tezdir, Fərman dayı. Birazdan yataram. Məni çox vaxt atamla birlikdə televizora baxarkən divanda yuxu tutur. Onun xəbər izahları çox möhtəşəmdir, adama lay-lay kimi təsir bağışlayır.

-Səni çox yaşa, oğlum. Bəs niyə bayaqdan demirsən televizoru açaq, ölkə gündəmindən xəbər tutaq?!

-Buyur, Fərman dayı. O nə sözdür deyirsən?!Öz evin kimi, istədiyini edə bilərsən.

-Bilirsən, oğul, məni qınama. Bizimkilərin əlindən macal tapa bilmirəm, ona görə də bu gün şansımdan sona qədər istifadə edəcəyəm.

-Kef elə, Fərman dayı!

Mən sanki yağışdan çıxıb, yağmura düşmüşdüm. Deyəsən, problem atamda deyil, əsas problem televizorda imiş. Artıq əmin idim, bu televizorda nəsə şeytan tükü var idi. Fərman dayı atamdan betər idi. Kişi hər xəbərə ayrı cür coşurdu:

- Xəbərlər adamın qanını qaraldır. Yağış da vaxt tapmayıb, deyib ki, sabah yağım. Bilmir ki, Fərman kişi kərəntəsini biçin yerində qoyub gəlib. Hələ sən bir bu xəbərə fikir ver.  Heç adam da qonşusunun evini qarət edər?! Eh, təmiz əsəbləşdim.

-Əsəbləşmə, Fərman dayı. Belə düşün: “Bütün bunlar olmalı imiş ki, olub”.

-Uzun ömrün olsun, mənim balam. Sən bütün bunlar haqqında düşünmə. Yorulmamısan ki?

-Bir az yorulmuşam, Fərman dayı. Əgər sən də yorulmusansa, yatsaq heç pis olmaz.

-Əlbəttə, mənim balam. Mən də biçindən gəlmişəm, çox yorğunam. Gəl elə hazırlaşıb yataq.

İndi atam məndən uzaqda olsa da, mənim qulaqlarım onun qəlbinin tərəddüd dolu titrəyişlərini eşidirdi. Əmin idim ki, o hər nə qədər saymağa davam etsə də, hər saydan sonra ruhunda dərin bir susqunluq yaranırdı. Əmin idim ki, o bir gün mənim gizləndiyim yeri tapmadığı zaman qorxaraq, həyəcanlı bir şəkildə məni səsləyəcək:

-Alma desəm, gəl, armud desəm, gəlmə.

Günün yorğunluğuna əsasən rahat yatacağımı düşünsəm də, gecə mənim üçün elə də rahat keçmədi. Qəribə yuxular, bədənimə hökm edən qorxu hissi həmin gecə bir an belə olsun məni tərk etmədi. Elə bil daxili bir qüvvə məni oyanmağa sövq edirdi. Təbii ki, bu qüvvə çox keçmədən məqsədinə nail olmuşdu. İlk öncə düşündüm ki, hər halda öz yerimdə yatmadığım üçün canım rahatlıq tapmır. Lakin hissləri qüvvətli biri olduğumu haradan bilə bilərdim ki?! 

Deyəsən, o gecəni narahat keçirən sadəcə mən deyildim, Fərman dayı da yata bilməmişdi. Dolanıb dururdu. Evin içində hər yeri bir-bir qarışdıraraq böyük təşvişlə itmiş əşyasını axtarırdı. Hələ mənim oyanmağımın fərqində belə deyildi. Baxmayaraq ki, bu vəziyyət getdikcə çox qəribə bir hal alırdı, amma mən hələ də onun haqqında bacardığım qədər yaxşı düşünməyə çalışırdım. Bu adam mətbəxin bütün siyirmələrini, anamın səliqə ilə topladığı yorğan-döşəyin arasını, xülasə, qonaq olan birinin əl atmayacağı hər yerə əl atırdı. Həmin an anladım ki, düşüncələrim yanılmaqda haqqlıdır. Bu adam göründüyü qədər səmimi deyil, ikiüzlüdür. Bütün bu axtarışlar nəticəsində əldə etdiyi qənimət anamın iki qızıl bilərziyi idi.

-Eh Nazim kişi, nə bədxərc kişi imişsən. Qazandığın bütün pulları, görəsən, hara,  hara xərcləyirsən? Nəvən yoxdur şirniquş alasan, oğlun isə evlərdən iraq..., amma bu xarabada kor qəpiyin də yoxdur. Bir bu iki bilərzikdir, o da sənin deyil, arvadınındır. Baxmayaraq ki, mən belə xəyal etməmişdim, lakin Allah bərəkət versin deməkdən başqa bir çarəm yoxdur. Ən azından bu iki bilərziyi satsam, oğlumun dükana olan borcunu bağlaya biləcəyəm. Qalır bir Dəli Kamandara olan borcumuz, onu da həll etmək üçün bir çarə taparam.

-Kamandara olan borcunu ödəmək üçün bizim televizor bəs edər, Fərman dayı?

Fərman dayı öz nəfsi ilə söhbətindən mənim ona yaxınlaşmağımı belə hiss etməmişdi.

-Nə?!

-Deyirəm ki, bizim televizoru satsan, borcunu təmiz bağlaya bilirsən?

-Sən nələr söyləyirsən, oğlum? Mənim heç kimə borcum yoxdur. Ayrıca olsa belə, niyə sizin malınızla ödəyim?

-Mənə də elə o maraqlıdır, çox doğru mövqeyə toxundun. Məsələn, elə indi o bilərziklər niyə sənin əlindədir?

-Oğlum, bunları yerdən tapdım, hətta...

-Fərman dayı, xahiş edirəm, artıq yalan danışma. Çox güman, son çırpınışlarının faydasız olduğunun sən də fərqindəsən. Amma çox ağıllı biri olduğunu söyləmək istəyirəm. Həqiqətən də qarət üçün çox gözəl bir vaxt seçmisən.

-Məcbur qaldım, vallah məcbur qaldım!

-Özünü çox sıxma, olmalı imiş ki, oldu! Qəbul edirəm bu saat evimi talan etsələr, onlara mane olacaq taqətim yoxdur, lakin çox yaxşı bilirəm ki, sənin nəfsinə mane olacaq qədər mənəviyyatın var.

Fərman dayının gözlərindəki peşimançılığı bariz görə bilirdim. Doğru fikirləşmişdim, əlindəki qənimətləri özü ilə aparacaq qədər mənəviyyatsız deyildi. Və...mənimlə qalmağa da artıq üzü yox idi.

-Səndən son bir xahiş edə bilərəm, Fərman dayı?

-......

-Gedərkən bizim televizoru da özün ilə apara bilərsən?

-Necə?

- Bu mənim sənə hədiyyəmdir. Ev əhlinin əlindən rahat televizora baxa bilmədiyini söyləmişdin. Əgər səndən nəsə soruşsalar, Nazim kişi özünə yeni televizor aldı, köhnəni isə məni hədiyyə etdi deyərsən.

 

Alma!

Səhər saat 11:00.

 Anamla, atam evə  yenicə çatmışdı. Anam təbii ki, bir gün ayrı qaldığı oğluna doğru həsrətlə qaçarkən, atam bir vaxtlar televizor olan həmin istiqamətdən gözlərini çəkmirdi. Lakin atam bir az sonra susqun oğlunun ona həyatının ilk zarafatını edəcəyini haradan bilə bilərdi ki?!

Səssizcə otağın bir zamanlar televizorumuz yerləşən həmin istiqamətinə doğru addımlayaraq atam üçün günün ən son xəbərini səsləndirdim:

-SON XƏBƏR!

Hörmətli tamaşaçılar, gecə saatlarında  Nazim kişinin evi qarət olunub. Naməlum şəxs və ya şəxslər evə daxil olaraq ev sahibinə məxsus televizoru oğurlayıblar. Zərərçəkənin həmin gecə evdə olmadığı və evdə sadəcə  şikəst oğlunun olduğu qeydə alınmışdır. Təqsirkarın gəncə xəsarət yetirmədiyi müəyyən olunmuşdur. Hadisə ilə bağlı araşdırma aparılır!

 

Elə məhz həmin an atamla göz-gözə gəldik. Onun gözləri mənə səssizcə pıçıldayırdı, -“ALMA”.

-Nazilə, get Fərmana de, gəlsin televizorun pultunu da götürsün. Artıq bizim ehtiyacımız yoxdur!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Nailə Əsədullayeva ilə görüşürük. 

 

DİREKTOR

 

Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə  Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.

 

ŞAGİRD

 

Mən, Əsədullayeva Nailə Raci qızı 13 iyul 2008-ci ildə dünyaya göz açmışam. Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Arzum Milli Aviasiya Akademiyasının tələbəsi olmaqdır. Ədəbiyyatı çox sevirəm. Maraqlı mövzular oxuduqdan sonra esselər yazmaq adətim var.

 

ESSE

 

“Dünyanın yeddi möcüzəsi”

Qədim dünyanın yeddi möcüzəsi hər kəs kimi mənim də diqqətimi cəlb edib. Bu "möcüzələrə" baxarkən heyrətlənməmək olmur.. 

Bu tikililərə Zevsin məbədi, İskəndəriyyə mayakı, Semiramidanın asma bağları, Rodos heykəli, Halikarnas mavzoleyi, Misir ehramları, Artemida məbədi daxildir. Bu möcüzələrin hər biri ilə əlaqəli müxtəlif məlum və naməlum məlumatlar var. Bu möcüzələrdən biri olan "Semiramidanın asma bağları" Assuriya şahzadəsi  Semiramidanın əmri ilə yaradılıb. Bu bağların maraqlı ayrı bir hekayəsi də var.

Padşah II Navxudonosor həyat yoldaşı Midiya şahzadəsi Semiramidanın Vətəni Midiyanın həsrətini çəkməsin deyə bu bağları saldırmışdı. Belə bir maraqlı hekayə də var ki, Semiramida öz adına olan bağlarda yaşamayıb..

İskəndəriyyə mayakı e.ə təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında inşa edilmişdir. Onun müəllifi Knidli Sostrat olmuşdur.

Əfsus ki, bu gün bu möcüzələrdən yalnız pramidalar salamat qalmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə müsahibim Qardaş Türkiyənin sayılıb-seçilən yazarlarından biri olan Gamze Barğın Bulmuş xanımdır. 

 

-Salam Gamze  xanım ! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.

 

-Salam Hörmətli Habil bəy. Mən Gab Bargınam. Əsl adım Gamze BARGIN BULMUŞ-dur. Əslən İzmir Bayındırlıyam. Uşak Universiteti Peşə Yüksekokulu Radio və Televiziya Proqramlaşdırma fakültəsini və Ərzurum Atatürk Universiteti Ünsiyyət Fakültəsi Jurnalistika şöbəsini müvəffəqiyyətlə bitirmişəm. Jurnalistika şöbəsini 2-ci dərəcə ilə taclandırdım. Şöbənin qalibi mənim sevimli həyat yoldaşımdır. Bir müddət İzmir “TRT Belgesel Kanalı”nda iştirak edərək bir çox sahədə təcrübə toplamaq imkanı qazandım. Proses zamanı “Buluşma Noktası” adlı televiziya verilişində iştirak etdim. Təhsil aldığım müddətdə öz sahələri üzrə mütəxəssislərdən, tanınmış ziyalılardan dərs almışam. Müxbir olduğum zaman ərzində bir çox tanınmış yazıçılar, rəssamlar, ssenaristlər, rejissorlar, aktyorlar, teatr artistləri ilə müsahibə alaraq xoş söhbətlər yazdım.

Məqalələrim müxtəlif rəqəmsal və çap nəşrlər edən qəzet və jurnallarda dərc olunub. Bir müddət mən də Redaktor və Kopirayter kimi oxucularla görüşdüm. Köşə yazarı olduğum müddətdə oxucularıma “Şah-ı KALEM” və “KaleM-i ŞAH” təxəllüsü ilə müraciət etmişəm. Hekayələrim “10” və “Edebi Alem” jurnallarında dərc olunub. Hal-hazırda “SevMedya” Nəşriyyat Qrupunun tərkibində olan və geniş auditoriyaya yetişməyi bacaran “Türkiyənin ən prestijli jurnalı” “YENİDEN MERHABA”-da yazdığım köşə yazıları və müsahibələri ilə oxucularımın qəlbini oxşayıram. Yazıçı kimi fəaliyyətimi davam etdirməklə yanaşı, müxtəlif jurnal və qəzetlərdə hekayə və esselər yazmağa davam edirəm. Bu yaxınlarda ARDEN  "Doğ Zamanı" adlı əsərimi oxuculara təqdim etdiyim üçün xoşbəxtəm. Yeni əsərim üzərində çalışıram. Mən də “YAZŞADER” (Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi) üzvüyəm. “Beyaz Tüy” adlı möhtəşəm Ədəbiyyat Jurnalının hazırlığı gedir. Jurnalın Redaktoru və Nəşriyyat Məsləhətçisi olmaqla yanaşı, hekayə və məqalələrimlə də məzmunda iştirak edəcəyəm. Bu mənada mənim üçün çox dəyərli çalışmadır. Çünki mənim gözəl yoldaşlarım var. Ümid edirəm ki, çox yaxşı rəy alacağıq. Həyəcanlıyam...

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Düşünürəm ki, ədəbiyyatı sevən bir ailədə doğulmaq ən böyük nemətdir. Rəhmətlik babam Seyfi Bozbay təqaüdçü müəllim olub. İlk müəllimim babam olub. Babamın otağında böyük bir kitab rəfi vardı. İçərisində hər cür kitablar, ensiklopediyalar, jurnallar var idi... Hər dəfə gələndə babam məni əvvəlcə kitab otağına aparardı. Şəffaf şüşəli dəmir kitab rəfindəki kitabları uzun müddət gözdən keçirərdik. Məni kitablarla, onların müəllifləri ilə tanış edir, haqqlarında sonsuz danışardı. Sonra “birini seç” deyərdi. Mən də yaşıma uyğun olmasa da qalın romanları seçərdim. Səhifələrini birlikdə vərəqləyər, qoxusunu duyardıq. Sonra ikimiz də kitablarımızı götürüb oxu guşəmizə keçərdik. Babamı nə vaxt görsəm, yanında bir kitab olardı. Əslində bütün kitabları oxumuşdu, amma onları bir kənara qoyub eyni həyəcanla dönə-dönə oxuyardı. Xəstəliyi ölənə qədər anlamaq mümkün olmasa da, babam heç vaxt təslim olmadı. Yanındakı masasının üstündən kitabı əskik olmadı və oxumağı dayandırmadı.

 Oxumağı öyrəndiyim vaxtdan atamın hər həftə on kitab alması vərdişi mütaliəyə olan sevgimi artırdı. Kitablar və oxumaqla bağlı hər şey mənim həyatıma çevrilib. Gənc yaşlarımda zəlzələ yaşadığımızı xatırlayıram. İlk ağlıma gələn kitablarım oldu. Uşaq ağlımla kitablarım dağıntılar altında qalsa, necə kədərlənəcəyimi düşündüm. Evdən sadəcə romanımı götürüb çıxdım. Həqiqətən də kitablarım və düşüncələrim mənim xəzinəmdir. Kitaba olan sevgim də yazmağa olan sevgimi qidalandırdı. Bu sevgi indi günü-gündən artmaqdadır.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Peşə vicdanım və məsuliyyətimlə bəzənmiş ürəyim “Kadın-Çocuk ve CAN”ların (heyvan dediyimiz) qırmızı xətti üzərində dayanıb, bəşəriyyəti, insanları, cəmiyyəti narahat edən hər cür məsələnin keşiyində durub. Mən hər cür zorakılığın əleyhinəyəm və bu mövqenin pozulmasına heç vaxt icazə verməmişəm. Susmuş və ya susmağa məcbur olmuş hər bir ruhun səsi, nəfəsi, çığırtısı olmağa çalışırdım.

ARDEN “Doğ Zamanı” bu yaxınlarda oxucuları ilə görüşdü. Əsərim bu cür mövzular çərçivəsində formalaşsa da, müxtəlif mövzulu oxuculara da “salam” deyir. Real həyat hekayələri ilə yanaşı, tamamilə uydurma hekayələrimiz və dəyərlərimiz də var. Məsələn, Ulu Öndər Qazi Mustafa Kamal ATATÜRK haqqında əvvəllər eşitmədiyim hekayətlər var. ATAMIZA həsr etdiyim bölmələr də çox təsirlidir. Çünki O, tariximizin, bu günümüzün və gələcəyimizin sonsuzluğudur... Hər kəsin səsi olmağa çalışdım. Əlil dostlarımıza, istismara məruz qalan uşaqlarımıza, zorakılığa boyun əymək məcburiyyətində qalan qadınlarımıza və səssiz xidmətçilərimizə CAN’larımıza. Məqsədim maarifləndirmək və qəlblərə sevgi toxumu əkməkdir. Mən susmasam, başqası da susmayacaq və biz cəsarət zirehimizi geyinəcəyik. Yaşananları yazmaqda çətinlik çəkirdim, emosional olaraq yorulmuşdum. Əslində günlərlə davam edə bilmədim, qələmi yerə qoyub gözlədim. Oxucularım da zaman-zaman nəfəs almaqda çətinlik çəkəcəklər deyə bilərəm. 

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Təbii ki, bu yolun əvvəlində çoxlu işarələr almışam. Bu yolu yürüyərkən  də həmçinin. Burada qırılma nöqtələrim haqqında danışmaq çox yerinə düşərdi.

Məktəb illərində hekayələrin sonunu bitirdiyimiz dərslər olurdu. Ən çox zövq aldığım dərslərdən biri idi. Hətta dostlarım, bacım və onun dostları dərhal oxşar dərslər və ev tapşırıqları ilə mənə gələndə, məni çox həyəcanlandırır və sevindirirlərdi. Yazdıqlarım həmişə dostlarımın, müəllimlərimin diqqətini çəkib. 12 yaşımda şeir yazmağa başladım və bu, orta məktəbdə də davam etdi. Yarışlarda iştirak edirdim. Bu iş dünyasında olmaq çox maraqlı idi.

Əvvələ qayıtsaq, ibtidai məktəbdə teatr dərnəyimiz var idi. Xüsusi günlərdə, bayramlarda tədbirlər edər, səhnəyə çıxardıq. Əzbərləmək, istehsal etmək və bir xəyalın içində yer almaq mənə inanılmaz xoşbəxtlik bəxş edərdi. Düşünürəm ki, bütün dediklərim üst-üstə düşəndə kitaba, oxumağa, yazmağa, araşdırmağa, ədəbiyyata biganə qalmaq mənim üçün ağlasığmaz olardı.  Amma deyə bilərəm ki, ən mühüm qırılma nöqtəsi Ədəbiyyat müəllimimin orta məktəbi bitirmə mərasimində bütün sinif yoldaşlarımı təsvir edən şeirlər yazmağımı xahiş etməsi oldu. Bütün sinif yazdıqlarımı oxuyanda “Mən belə özümü bu qədər yaxşı izah edə bilməzdim” dedilər. Yazdıqlarımı müəllimim və dostlarım çox bəyənmişdilər. Yazdıqlarımda heç bir dəyişiklik belə etməmişdik. İlsonu tədbirində isə yazdığım şeirlər nəhəng ekranda əks  etdirilərək hər kəs səhnəyə dəvət olundu. Yazdıqlarımın ifa edilməsiylə səhnəyə çıxanda xüsusilə qürur duydum. Çox emosional olduğumu və gözlərimdə yaş olduğunu xatırlayıram.

Digər tərəfdən, özümü tanıyandan kitabxanalarda olmuşam. Heç bir şey etməsəm də, sadəcə dayanıb kitablara baxmaq, onların qoxusunu içimə çəkmək və özümü sehrli dünyaya atmaq həmişə mənim üçün çox şey ifadə edirdi. Xüsusilə orta məktəb illərində istisnasız olaraq hər gün kitabxanaya gedirdim. Hər kəs məndən axtardığı kitabın harada olduğunu soruşardı. Kitabxanaya gələnlərə də kömək edərdim. Bəzən kitabxanaçımız kitabxananı mənə həvalə edərdi. Mən isə hər kəsə bir məmur kimi sevgi ilə yanaşardım. Mən bütün kitabların yerini və məzmununu bilirdim. Çünki məktəbdən sonra asudə vaxtımı həmişə kitabxanada keçirirdim.

Universitet illərində qısa müddət əvvəl vəfat edən əziz müəllimim dos. Dr. Mehmet Fatih Doğrucan bir gün verdiyimiz tapşırıqları qiymətləndirərkən bir cümlə dedi. “Bargın, sənin texniki və nəzəri biliklərinə heyranıq. Afərin qızım!” Hörmətli professor Dos. Dr. Müəllimim Ayşegül Doğrucanla bu fikirdə olduğunu bildirdi. Onlar həmişə mənim yolumu işıqlandıran məşəl olublar. Müəllimlərimi hər zaman qəlbimdə sevgi ilə xatırlayıram. Onların mənim bugünkü kimi olmağımda töhfələri o qədər dərindir ki, sözlər yetərli deyil.

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Mənim üçün zaman sonsuzluq, sonsuz imkanlar deməkdir. Adətən az yatıram və vaxtımdan səmərəli istifadə etməyi xoşlayıram. Mənim üçün zaman eyni anda birdən çox şeyi etmək gücümü nümayiş etdirdiyim əbədi varlıqdır. Gecə yazıram. Bütün dünya yavaş-yavaş yuxuya təslim olanda qaranlıq sükutun səssizliyində özümü zehni aləmimdə yaradıram. Mən masamda olmalıyam. Kitabxanamı hər baxış məsafəsindən görməliyəm. Zaman-zaman kitablarıma toxunmalıyam. Yazı formatıma uyğun olaraq əvvəlcədən hazırladığım fon musiqiləriylə qələmimə sarılıram. Məzmunum yazacağım mühitin işıqlandırma və aksesuar seçimini müəyyən edir. Məsələn, hazırda elmi-fantastik-distopik romanım üzərində işləyirəm. İşimi zəif işıqda və bəzən fikirlərimi bölə bilən gərgin musiqinin müşayiəti ilə davam etdirirəm. Beləliklə, rutinim zehnimə uyğun olaraq formalaşır.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitabları sevmək vərdiş qazanmağın ilk addımıdır. Oxumaq vərdişinə sahib olmaq üçün içimizdə yanan bir sevgi atəşi olmalıdır. Kitab sevgisi, oxumaq sevgisi. Çünki bu ehtiyacdır. Çörək kimi, su kimi, nəfəs almaq kimi. Təhsil evdə başlayır. Ona görə də cəmiyyət üçün yetişdirdiyimiz uşaqlardan başlamalıyıq. Evin müəyyən yerlərində kitablar olmalıdır. Gözümüzün toxunduğu hər nöqtədə. Oxumaq hər gün ruh halına uyğun aparılmalıdır.

Çarpaz Oxuma Texnikası tövsiyə edə biləcəyim möhtəşəm oxu texnikasıdır. Bu texnika eyni anda birdən çox kitab oxumaq deməkdir. Beləliklə, oxucu sıxılmayacaq və qısa müddətdə eyni anda bir çox məlumat əldə edə biləcək. Ağıl daim hərəkətdə və enerjidədir. Vərdiş qurma mərhələsində insanların bəyəndiyi bir növdən başlayaraq vərdiş mərhələsini sürətləndirəcək. Birinci səhifəni çevirin əsla onu yerə qoya bilməyəcəksiniz.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyə bu mövzuda inanılmaz irəliləyiş əldə edir. Kitabxanaların dolduğunu görmək, kitab sərgilərinə sıx maraq, insanların kitaba müəyyən büdcə ayırması, müntəzəm kitab alışı kimi hallarını tez-tez müşahidə edirəm. Bu məni son dərəcə sevindirir. Mütaliə vərdişimizə lazım olan inamı göstərsək, fərdi, dolayısıyla sosial və ölkə olaraq çox güclü olacağıq.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Təbii ki, Qardaş Ölkə Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, incəsənətini yaxından izləyirəm. Biz eyni coğrafiyanın insanlarıyıq. Günün sonunda hamımız eyni ulduzlara baxırıq. Azərbaycan ədəbiyyatında mənə ən çox təsir edən yazıçılardan Mirzə Ələkbər Sabir və Anardır.  Onu da deyim ki, Azərbaycan estrada müğənnisi Röyanı böyük maraqla izləyirəm. Həmçinin Nurkanla Laləni də maraqla izləyirəm. Mahnılarını hər zaman evdə və maşınımda dinləyirəm.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? 

 

-Arden “Doğ Zamanı” əsərimdə müraciətimi burada təkrarlamaq çox yerinə düşərdi. “Qaranlıqda işıq saça bilmək mənim mübarizəmin izləridir. Pis sistemə, susmağa məcbur olanlara, işgəncələrə boyun əyməli olan uşaqlara, lalı oynamaq məcburiyyətində qalan aciz CAN-lara “heyvan” deyirik. Cəmiyyəti ayağa qaldıran böyük qadınların qorxulu nəbzinə, şikəstliyinə görə kənara çəkilən və incidilən dostuma, həyatdan heç bir gözləntisi olmayan, ümiddən ruhdan düşmüş hər bir kamil insana; Cana, hətta təbiətimin ən gözəl bəzəyi, vaxtsız kəsilmiş ağacıma da “SƏS!” olmaq üçün buradayam, Qorxma! Sən tək deyilsən. Sinəni sıxan qəfəsdəki bütün o hissləri susqunluğu ilə ürəyimə tökdüm, qələmimlə göylərə ifadə etdim. Mən varam! Və mənim kimi minlərləcəsi. Qorxma! Yenidən ayağa qalx. Bu dəfə daha güclü. Bu dəfə kül közünün qızartısından doğulmuş kimi. Çünki cəsarət ən ağrılı şəkildə yenidən doğulmağı tələb edir...” deyə bilmək, ruhlara toxunmaq məni yaşadan ən böyük arzudur.

 Əsas məqsədim üzərində işlədiyim yeni əsərlərimi oxucularıma tanıtmaqdır. Daha çox ruhlara toxunmaq və daha geniş auditoriyanı əhatə etmək istəyirəm. İnsanlara tək olmadıqlarını və ən zülmət qaranlıqda belə işıq olduğunu göstərmək istəyirəm. Çünki biz nuruq. Bu dünyada əsərlərimlə xatırlanmaq və ölümsüzlük dərəcəsinə çataraq yoluma davam etmək ən böyük arzularımdandır.

Çünki buna nail olmaq insanlara toxuna bilmək deməkdir. Mən müxtəlif layihələrdə iştirak etməyə, özümü yeniləməyə və inkişaf səylərinə diqqət yetirməyə fokuslanmışam. Biz Jurnalist-Yazıçılar olaraq nə qədər təchizatlı və müdrik olsaq, cəmiyyətə bir o qədər çox fayda verəcəyik. Əvvəlcə özümüzə sərmayə qoymalıyıq, sonra bu sərmayəni müsbətə çevirib cəmiyyətə, insanlığa köçürməliyik. Məqsədim və planlarım həmişə inkişaf və innovativ yolların tərəfdarıdır.

Ardenin “Doğ Zamanı” əsərində dediyim kimi, “Bizim onların səsi olmağımızı gözləyən, səsini eşitdirmək istəyən o qədər həyatlar var ki, görməli olduğumuz o qədər reallıq var ki... Daha çox baxmalı və daha çox görməliyik. Onların fəryadlarını eşitməliyik. Biz qələm həvəskarları sözlə təcəssüm etdirməliyik qaranlıqda qalanı”.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz? 

 

-Texnologiya əsrindəyik. Baxmayaraq ki, davam etməliyik, amma bəzi hallarda ənənəçi olmağın tərəfdarıyam. Elektron kitablar istədiyimiz vaxt oxunmağa hazır görünür. Amma kitabı oxumazdan əvvəl ilk addım kitabı hiss etməkdir. Kitabı əlimdə tutub onun həcmini, vərəqlərini hiss etmək, sonra vərəqləmək və kağızın qoxusunu hiss etmək istəyirəm. Elektron oxunuşlar etsəm də, əlimdə olanı heç vaxt əvəz etmirlər. Hiss və toxunma hər şeydən üstündür.

 

– Bir  yazar olaraq digər  yazarlara məsləhətləriniz nədir? 

 

 -Yazıçı dostlarıma “Qələmdaş”, “Karandaşyonan” deyirəm. Çünki biz eyni gəminin insanlarıyıq. Biz cəmiyyətə xidmət edirik, biz sənət adamlarıyıq. Həmişə nəzərə almalıyıq ki, biz ədəbiyyatın nümayəndəsiyik və insanlığa örnək olmaq üçün dildən həmişə gözəl istifadə edək; Biz yenilikçi, inkişaf etdirici və etik çərçivələr daxilində addımların atılmasının tərəfdarı olmalıyıq. Bu səbəbdən biz yazarlar olaraq lazımi qayğı göstərməyə çalışmalıyıq.

Bu mənalı müsahibəyə və mənə ayırdığınız qiymətli vaxta görə sizə ən səmimi sevgimi, hörmətimi və minnətdarlığımı bildirirəm. 

Sizlə bərabər dəyərli qardaş ölkəmiz Azərbaycana və dəyərli Azərbaycanlı Qardaşlarıma ən səmimi sevgimi, salamlarımı və hörmətimi bildirirəm. Yaxşı ki, varsınız! Şadam ki, varıq! Biz birlikdə daha gözəlik!

 

-Biz də sizə dəyərli vaxtınızdan zaman ayırdığınız üçün öz dərin minnətdarlığımızı bildiririk hörmətli Gamze BARGIN BULMUŞ xanım. Qardaş Türkiyəyə Salamlar və Sevgilərlə! TANRI TÜRKÜ QORUSUN!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Çərşənbə, 27 Dekabr 2023 10:15

ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Adəm Əliyev

Həvəskar şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Adəm Əliyevə ithaf olunub. 

 

 

ADƏM İLQAR OĞLU ƏLİYEV

(19.11.2000.-28.09.2020.)

 

Ağdam rayonunun Üçoğlan kəndində doğulmuş, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində Kürdəmirin ilk şəhidi.

 

 

HÜNƏRİ  DASTAN  OLDU

 

Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi,

Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi,

Anasına arxa idi, dayaq idi, kömək idi,

İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

İdmançıydı, yorulmadan məşq edərdi, çalışardı,

Hər zəhmətə qatlaşardı, əziyyətə alışardı,

Dostlarıyla oynayardı, həvəs ilə yarışardı,

Böyüdükcə səy edərək   əsil “pəhləvan” oldu,

O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

 

Müharibə başlayanda  cəsarətlə döyüşlərə atıldı,

Qorxmaz, igid əsgərlərin cərgəsinə qatıldı,

Düşmənləri məhv eyləyən -  alov, şimşək, od oldu,

Doğma elə - Kürdəmirə şöhrət , şərəf, şan oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

Ölümdən qorxmayırdı, söyləyirdi: - erməni,

Gəlirəm, lap az qalıb, məhv edəcəyəm, səni,

Tez ol, tərk eylə, bizim, bu müqəddəs Vətəni,

Döyüşlərdə qorxmaz oldu, cəsur qəhrəman oldu,

O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

 

 

Vətənə məhəbbəti, tükənməzdir canında,

Uyuyur Kürdəmirdə, “Şəhid Xiyabanı”nda,

Əziz dostu, sirdaşı mərd Fuadın yanında,

Ordumuzqalibgəlib, bu da, bir zaman oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizləri Komando Briqadalarının giziri Hüseyn Əli oğlu Mustafayevin bir şeiri ilə tanış edəcəyik.

 

"GƏLDİM QARABAĞA BAHAR ÇAĞINDA…"

Gizir Mustafayev Hüseyn Əli oğlu1989-cu ildə Ucar şəhərində anadan olmuşdur. 2023-cü il  sentyabr ayının 20-də Qarabağda aparılan  antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində  gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Poeziyaya böyük marağını nəzərə alaraq, şəhidimizin  öz ifasında səsləndirdiyi bir şeirini  oxuculara təqdim edirik.  Ruhu şad olsun!  

 

***

 

Adaşım Aynalı Hüseynin şərəfinə

 

Gəldm Qarabağa bahar çağında,

Öpdüm, əzizlədim torpağı burda.

Hayana baxdımsa – nəğməli gördüm

Hər otu, ağacı, yarpağı burda.

 

Hansı obasına düşdüsə yönüm –

Çiçək sərgisiylə bəzəndi önüm.

Nənələr deyəndə “başına dönüm” –

Alışdı ömrümün çırağı burda.

 

Yüz dərdə dərmandı bir çiçək ətri,

 Duydum hər qarışda düz-çörək ətri.

Ağsaqqal nəfəsi, ağbirçək ətri

Şairə döndərdi qonağı burda.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

Qayda 6

Hər şey barədə əvvəlcədən razılaşın

 «İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

  Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

Qayda 1

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

 «Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

Qayda 2

«Yox!» deməyi öyrənin

 «Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

 «Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

 «Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Qayda 5

 Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

 «Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

 

Dekabrın 26-da Bakı Kitab Mərkəzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə şənliyi keçirilib.

 

Bakı Kitab Mərkəzi xəbər verir ki, şənliyə Mərdəkan qəsəbəsi 2 nömrəli internat məktəbinin və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin sakinləri dəvət olunub.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tamaşaçılara “Yeni il möcüzəsi” adlı proqram təqdim edib. Kiçik aktyorların ifasında nümayiş olunan rəngarəng səhnəciklər, yaratdıqları nağıl qəhrəmanları, ölkəmizdə yaşayan müxtəlif xalqların rəqsləri qonaqlarda xoş təəssüratlar yaradıb.

Tədbirdə, həmçinin uşaqların hazırladığı rəsm və əl işləri nümayiş olunub.

Sonda Bakı Kitab Mərkəzi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin adından internat məktəblərinin sakinlərinə hədiyyələr paylanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə Rusiyada “Beş dəqiqə və əbədiyyət” adlı hekayələr toplusu işıq üzü görüb.

 

Dövlət Tərcümə Mərkəzinin yaydığı xəbğrə görə, Mərləzin və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunub.

Görkəmli nasirin “Gül dedi bülbülə”, “Sarı pencək...”, “Qatar. Pikasso. Latur. 1968.”, “Beş qəpiklik motosikl”, “Qırmızı ayı balası”, “On ildən sonra ...”, “Gümüşü, narıncı, məxməri”, “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyadan qatarlar gedər”, “Beş dəqiqə və əbədiyyət” kimi məşhur hekayələri daxil edilmiş kitabın rus dilinə tərcümə müəllifləri Rusiyanın tanınmış tərcüməçiləri İ.Zolotusski, Q.Mitin, A.Ozlov, redaktoru –Y.Fridşteyndir.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2013)

Çərşənbə, 27 Dekabr 2023 09:00

Fazil Mustafa Ramiz Qusarçaylını təbrik etdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış şair - Azərbaycan Yazıçılar Birliyinin (AYB) Quba filialının rəhbəri Ramiz Qusarçaylını ötən gün AYB-nin NATAVAN klubunda keçirilən 65 illik yubiley tədbirində çıxış edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib. 

 

Ramiz Qusarçaylının şair dostları ilə birgə Qubada yaratdığı qaynar ədəbi mühiti təqdirlə vurğulayan Komitə sədri onun həm ədəbiyyat, həm də ictimai xadim məziyyətlərindən söz açıb. Şairin yaradıcılığı haqqında ürək sözlərini bölüşən Fazil Mustafa ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.

Təbrik məktubunda yubilyarın həyat və yaradıcılığının ən ümdə məqamlarına toxunulub, onun Azərbaycanın tanınmış şairi, publisist və ictimai xadim olaraq fəaliyyəti dəyərləndirilib, ona yeni yaradıcılıq uğurları arzulanıb: 

 

“Siz indiyədək Qubada müxtəlif məsul vəzifələrdə çalışmış, o cümlədən bölgə yazarlarının təşkilatlanması, onlar üçün münbit ədəbi-mədəni mühit yaradılması yönündə səmərəli xidmət göstərmisiniz. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmısınız. 1994-cü ildə “Ay işığı” ocağında Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsi qurulub. Siz həmin ildən AYB-nin üzvü, 2002-ci ildən 2015-ci ilə kimi Birliyin Quba bölməsinin başçısı olmuş, 2022-ci ildə yenidən həmin vəzifəyə təyin olunmusunuz. Görkəmli alimlər, şair-yazıçılar, sizin  yaradıcılığınıza həsr edilmiş məqalələrlə dövri mətbuatda çıxış edib. 

“Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, “Almalı kitab”, “Gedəsən dünyanın axırınacan”, “Vətən”, “Göyəm ağacı”  və b. adda şeir, poema, tərcümə kitablarınız, “Quba” foto-albomunuz, “Ay işığı” adlı beş almanaxınız, onlarla elmi, bədii və publisistik məqaləniz oxucuların marağına səbəb olub, sizə şöhrət gətirib. “Azərbaycan bayrağı” şeiriniz müxtəlif dərs vəsaitlərinə, toplulara salınıb və təsadüfi deyil ki, sizi “Bayraq şairi” adlandırırlar.

Şeirləriniz qardaş ölkə və topluluqların türkcəsinə, Ukrayna, rus, ingilis, fars dillərinə və Dağıstan xalqlarının dilinə çevrilib.

Prof.Dr. Vaqif Arzumanlının “Təbiət, qeyrət, həqiqət şairi”, Prof.Dr. Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının”, şair-publisist Zakir Məmmədin “Haqqın cəlalı Qusarçaylı şeirində”, şair-publisist Gülarə Aydının “Məni yaman tutub şeir havası” və şair-rəssam Qərib Aşkarinin “Əlini ver, Qusarçaylı” adlı kitabları sizin həyat və yaradıcılığınıza həsr edilib. Yaradıcılığınız haqqında 700-dən çox məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılıb.

“Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaradıbsınız, bu da, milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarıb. Əldə etdiyiniz ədəbi uğurlara görə dəfələrlə dövlət orqanları və nüfuzlu ictimai birliklərin “Fəxri fərman”, “Diplom” və ödülləri ilə təltif olunmusunuz.

2009-2010-cu il üçün Prezident təqaüdçüsü olmuş, 2019-cu ildə “Azərbaycan bayrağı” şeirinə görə “VEKTOR”un Şahmar Əkbərzadə adına Beynəlxalq ödülünə, 2022-ci ildə “Vətən” poemanıza görə Əhməd Cavad adına ödülə, yenə 2022-ci ildə “Aşıq Ələsgər–200” yubiley medalı ilə təltif olunmusunuz.

Sizi yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Çərşənbə, 27 Dekabr 2023 10:00

Yubiley kimi...

Əkbər Qoşalı yazır

 

24 dekabrda Azərbaycan Prezidentinin adgünüydü. Adgünündən öncədən və sonradan dövlət başçıları, beynəlxalq qurum və quruluşların rəhbərləri, nüfuzlu ictimai-siyasi liderlər, ədəbiyyat, mədəniyyət, sənət, elm xadimləri, dünya azərbaycanlıları... Azərbaycan dövlətinin başçısını təbrik edir, ürək sözlərini bölüşdü. Təbriklər davam edir. Həmin təbrik məktublarını, təbrik zəngləri haqqında oxumaq bir vətəndaş olaraq bizimçün çox xoşdur, qürurvericidir. Bilirik ki, heç də hər dövlət başçısının yubiley gününə belə təbrik yağmuru yaşanmır... Bəli, Azərbaycanın Müzəffər Ali Baş Komandanın hər adgünü yubiley kimi qarşılanır, diqqət görür.    

 

Belə təbriklərdən biri Çin Xalq Respublikasının Sədri Si Cinpindən gəlib:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.

Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.

 

Bəli, dünya nəhəngi – BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə silahına malik, habelə əhalicə ən böyük, ərazicə böyüklərdən biri olan dövlətin başçısı Azərbaycanla münasibətlərin inkişafına verdiyi böyük önəmdən söz açır. O, ölkələrimizin və xalqlarımızın rifahı adına işbirliyinin yeni səviyyəyə yüksəldilməsi üçün birgə çalışmağa hazır olduğunu vurğulayır.

Azərbaycan Prezidentinin timsalında müstəqil dövlətimizin güvəni, sözümüzün imzamız qədər keçərli olması ən böyük dövlətlər tərəfindən də etiraf olunur, idrak edilir və dəyərləndirilir. Bu, adi, sıradan bir hadisə deyil. Belə güvən birdən-birə yaranmır və biz sadə cümlələrlə ifadə etsək də, gərgin əməyin, düşünülmüş addımların və üfüqügeniş yanaşmaların sonucu olaraq qarşımıza çıxmış olur.  Birgə səyləri davam etdirmək istəyi təsadüfən qurulmuş cümlə deyil, əlbəttə. Hər hansı bir dövlət başçısının, hələ-hələ dünya nəhənglərindən birinin liderinin imza atdığı məktub prinsipial mövqeni əks etdirir. Bu həm də onu əks etdirir ki, Çin lideri öz ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın formalaşmasının hansı dönəmdə gerçəkləşdiyini, şəxsən İlham Əliyevin ikitərəfli (çoxtərəli münasibətlərdəki) ləyaqətli rolunu dəqiq bilir və yüksək dəyərləndirir.

Hər dövlət başçısı ən müxtəlif səbəblərdən tez-tez görüşə də bilər, yazışa da bilər, ancaq sirr deyil ki, onların dost olması həmişə mümkün olmur. Azərbaycan Prezidenti Çin sədri ilə şəxsi dostluq münasibətlərinə malikdir. Biz Prezident Əliyevin şəxsi dostluq əlaqələrinin ikitərəfli, çoxtərəfli platformalarda necə təsirli rol oynadığını dəfələrlə görmüşük. Bu anlamda, Çin sədri ilə səmimi dostluq da istisna deyil. Hər hansı dünya nəhəngi ilə yaxşı münasibətlər xüsusi diqqətə, təqdirə layiq hadisədir, kəsinliklə təsadüf əsəri deyildir.  

Bəli, “Bir kəmər bir yol” layihəsi də daxil olmaqla birgə layihələr, nəqliyyat dəhlizləri və Azərbaycanın tranzit imkanları dünya nəhənglərindən olan Çinin diqqətindən qıraqda deyil. Bu, Azərbaycanın yaratdığı yeni gerçəkliklərin də diqqətdənkənar olmadığının təntənəsidir. Aydındır ki, Zəngəzur dəhlizi olmadan “Bir kəmər, bir yol” nəinki dəmir relslər üzərinə keçir, ümumən havada qalır... Havalarda olmağı 30 ilə yaxın sürən Ermənistan və havadarları dərsini 44 gün içində aldıqdan sonra, gözlər açıldı, qulaqlar eşitdi, dillərdən kilid qopdu... Azərbaycanın qüdrəti göründü, “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ümummilli liderin sözü çin oldu. Budur, məhz “Heydər Əliyev İli”ndəyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik; Heydər Əliyev irsinin layiqli davamçısı, Ümummilli liderin yolunu davam və inkişaf etdirən İlham Əliyevin liderliyi ilə Azərbaycan bölgənin, Avrasiyanın cazibə mərkəzinə çevrilib.   

Qoy, Hindistana əydəmlənən keçmiş işğalçı Ermənistan öz papağını, (Ermənistanın böyük bacısı demiş) pardon, yaylığını qabağına qoyub düşünsün... Ya düşünsün, ya da yaylıq açmışkən dilənməyini davam etdirsin...

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.