Super User
Ey həyat, sən nə qəribəsən!
OQTAY KAZIMİNİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
İlk dəfə “Qayıt” mahnısını Flora Kərimova oxuyaraq milyonlara sevdirmişdi. Sonra Aybəniz Haşımova bu mahnıya ikinci həyat bəxş etdi, dillər əzbəri etdi. Ötən gün bu mahnını bəstələyən Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günü idi. Tək bu mahnınımı? Onun onlarca mahnısı var ki, repertuarları bəzəyir.
Oqtay Kazımi Azərbaycan musiqisinin mahnı janrının ən böyük bəstəkarları sırasındadır, mən bunu mübaliğəsiz deyirəm.
O həm də musiqi tariximizə ilk rok operanın müəllifi kimi düşüb.
Yoxluğundan 13 il keçib.
Mahnıları ilə yaddaşlarda, ürəklərdədir.
Anadan olmasının 91-ci ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.
1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub.
1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoyub, musiqi sənətinin müxtəlif janrlarında özünü sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Onun yaradıcılığında mahnı janrı isə qeyd etdiyimiz kimi, xüsusi yer tutub.
Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Ruhu şad olsun!
Bu yazıya isə “Qayıt” deyil, “Ey həyat, sən nə qəribəsən” başlığını seçdim. Çünki gedənlər qayıtmaz, amma onlara qarşı hansısa haqsızlıq, ədalətsizlik olarsa, həyatın qəribəliyinə təəccüblənə bilərik.
Bu isə oğlu İlqar Kazımovun xatirələrindəndir: “Atam heç kəsə tabe olmağı sevmirdi. Heç bir işdən ötrü kiməsə ağız açmazdı. Hətta çox ehtiyac içində yaşadığımız dövrdə belə, heç kəsdən nəsə xahiş eləməyib. Həm də, çox sadə adamıydı. Yazdığı mahnılara görə müğənnilərdən pul götürməzdi…”
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Gözdağın mənimdir, gözün özgənin....
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bu gün tanınmış şair, publisist, pedaqoq, jurnalist Şahmar Əkbərzadənin doğum günüdür.
Özün özgənin
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.
Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Səni
Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan…
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni
Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.
Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub.
Şuşa Pedaqoji texnikumunu və M.F.Axundov adına Dillər İnstitutunu bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, daha sonra Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
2001-ci ildə Vektor Beynəlxalq Elmlər Akademiyası Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib.
2014-cü ildə isə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunmuşdur.
Göy buludsuz, çay bulaqsız çağlamaz,
Yalqız arı pətəkdə şan bağlamaz.
Hicran dağı hansı qəlbi dağlamaz,
Kök üzülsə budaq vaxtsız solar heyyy!
Budağlara o dövranlar qayıtmaz,
O qartallar, o tərlanlar qayıtmaz.
O elatlar, o karvanlar qayıtmaz
Binələrin gözü yolda qalar heyyy!
Şahmar, bəsdir, zildə durma, keç bəmə,
Dağ üstündən dağı çəkmə sinəmə.
Məhəbbətin kökü varsa, qəm yemə -
Qoca dünya boşalar hey, dolar heyyy!
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Bu gün tanınmış müğənni Zeynəb Xanlarovanın doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Biz balaca olanda hər yeni ilin gəlişini, Yeni il proqramını həm də ona görə izləyirdik ki, saatlar 24.00-ü vuranda ilk olaraq ekrana Zeynəb Xanlarova çıxardı və o, dalbadal 3-4 yeni mahnısını ifa edərdi. Zeynəb xanım o qədər məşhur, o qədər populyar idi ki, populyarlıqda ona heç kəs çata bilmirdi.
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktəbində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Uzun müddət Leylinin Məcnunu Xalq artisti Arif Babayev idi, yaşlı nəsil yəqin yaxşı xatırlayar. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 87 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Bu gün Beynəlxalq kino günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kim kinonu sevmir ki?
Uşaqdan böyüyə hamını maraqlandıran bir mədəniyyət sahəsidir kino. Bir vaxtlar cəmi 2 telekanal vardı, gündə 1-2 film nümayiş etdirilərdi, o da əsasən Sovet filmləri. Odur ki, insanlar xarici kino eşqiylə kinoteatrlara gedərdilər. İndi yüzlərlə telekanal, ən son texnologiyalı kinoteatrlar var, amma indi kinoya 90 faiz insan YouTube platformasından baxır. Və bu gün onların hamısı üçün özəl bir gündür.
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.
Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Elə bu yerdə onu da qeyd edək ki, hazırda kino Azərbaycanda mədəniyyətin prioritet sahəsi elan edilib, ölkəmizdə Kino forumları, yerli və beynəlxalq səviyyəli kinofestivallar, ssenari müsabiqələri keçirilir, ölkəmizə ustad dərsi keçmək üçün dünyaşöhrətli rejissorlar dəvət olunur.
“Bu kino ki var, çox qəliz şeydir” deyirdi “Bəyin oğurlanması” filminin qəhrəmanı.
Həqiqətən də beləymiş.
“Ədəbiyyat və incəsənət”
(28.12. 2023)
Drayzerin, Yeseninin ölümü və Beynəlxalq Saqqız Günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq. Təbii ki, bir mədəniyyət portalı olaraq ilk qeyd edəcəyimiz bayram Kino günüdür, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür, bunlar barədə bu yazıda yox, ayrıca bəhs edəcəyik.
İndisə keçək digər mətləblərə.
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. (Bu il bu dahi ifaçı Bakı konqress Mərkəzində möhtəşəm konsert verdi, kim şanslı olub onu canlı izləyə bildi?)
Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Mərhum alimin və mərhum şairin doğum günləri
1926-cı ilin bu günündə anadan olmuş akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Ölkəmizdə qadın təşkilatları koalisiyası yaradılıb
Qadınlar həmişə cəmiyyətimizdə fəallıqları ilə seçiliblər, dövlət idarəçiliyində məxsusi yer tutublar, iqtisadiyyat, təhsil və elm, mədəniyyət sahələrində uğurlara imza atıblar.
Azərbaycan qadını adı həm də ona görə şərəflidir ki, o, Vətənimizin xilaskarı olan oğullar dünyaya gətirib, yetişdirib.
Bu günsə qadınlarımız barədə sizlərə “Ədəbiyyat və incəsənət” portalı olaraq yeni xəbərimiz var. “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatı birləşərək Koalisiya təşkil edib, koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib.
Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.
İndi isə daha geniş:
Dekabrın 26-da “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya tərəfindən 500-ədək müxtəlif sahələri təmsil edən – ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınların iştirakı ilə Azərbaycan Qadınlarının Forumu keçirilib.
Sözügedən koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi Abbasbəyli, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri Rəna Mirzəzadə, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.
Forumda Koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplqarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkəmizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.
Çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkərək əlavə ediblər ki, qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkilərində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının yeganə namizədini dəstəklədiklərini ifadə ediblər.
Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.
Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.
Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
2023-cü ildə onları itirdik...
Bir neçə gün sonra 2023-cü ili yola salıb, 2024-cü ilə daxil olacağıq. Bu il Azərbaycan ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıb. Lakin itirdiyimiz məşhurlar da oldu.
Modern.az bu il itirdiyimiz məşhurlarla bağlı araşdırma aparıb.
“Ədəbiyyat və incəsənət” portalı həmin araşdırmanı təqdim edir.
Tünzalə Əliyeva
“Toppuş bacı” kimi tanınan aktrisa, Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun çəkən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişib. Aktrisa "Kişiləri qoruyun", "Yoxlama", "Qocalar" və sairə bədii filmlərdə, həmçinin məşhur "3 bacı", "Qız atası", "Qardaşlar" kimi seriallarda sevilən obrazlar yaradıb.
Müğənni Zeynəb Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.
Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev
“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev də fevralda dünyasını dəyişib. O, fevralın 19-da Moskvada ürəktutmadan dünyasını dəyişib.
Ramiz Novruz.
Xalq artisti, teatr və kino aktyoru Ramiz Novruz uzun çəkən xəstəlikdən sonra 2023-cü ilin fevral ayının 20-də vəfat edib. Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim", "Qorxma, mən səninləyəm", "Topal Teymur", "Nizami", "Cavid ömrü", "Cavad xan" və sairə bədii filmlərdə, "Pərvanələrin rəqsi", "Vicdan haqqı" teleseriallarında unudulmaz obrazlar yaradıb. Qeyd edək ki, o, 2018-ci ildən Prezident təqaüdçüsü idi.
Jurnalist Ellada Mustafayeva
Ellada Mustafayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.
İlahiyyatçı Hacı Şahin Həsənli
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsinin ölüm səbəbi infarkt olub. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.
Oqtay Əliyev
Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.
Xalq artisti İranə Tağızadə
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 9 aprel tarixində 65 yaşında ürəktutmasından vəfat edib.
Xalq artisti Azərpaşa Nemətov
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru AzərPaşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.
Aftandil İsrafilov
Məhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada vəfat edib. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.
Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov
May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib."Əhməd Haradadır" filmindəki rolu ilə yaddaşlara həkk olub.
Zülfüqar Hüseynzadə
Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə də bu il qəfil dünyasını dəyişmiş tanınmışlardan biridir. Qeyd edək ki, 52 yaşlı jurnalist iyunun 17-də doğma yurdu, Kəlbəcərin Başlıbel kəndinə gedib, gecəni orada keçirib. Səhərə yaxın onun səhhəti qəfil pisləşib və ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar Hüseynzadə də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. Onun qəfil vəfatı ölkə mediasını dərin sarsıtmışdı. 00:20
Deputat Madər Musayev
İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.
Natəvan Babayeva
Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.
Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov
Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.
Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi, yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına yüz minlərlə adam yığışdı. Həmin gecə bölgələrdən paytaxta minik avtomobilləri ilə, avtobuslarla insanlar Prezidentlə bir yerdə olmağa gəldi. Prezident sarayı qarşısında isə Bakı zəhmətkeşlərinin mitinqi gedirdi, hərbçilər, ziyalılar, əmək adamları bir-birinin ardınca tribunaya qalxıb olayı törədənlərə nifrət yağdırır, Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi də oldu.
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Jurnalist Mübariz Əhmədov
1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan “Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.
Aktrisa, rəssam Alagöz Salahova
Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Alagöz Salahova “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.
Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Noyabrın 12-də tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) 72 yaşında vəfat edib. Hüseyn Bakılı məşhur muğam ustası, xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur.
Tanınmış diktor Ramiz Qafarov
İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən məşhur diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.
Ramiz Məlik
14 dekabrda Azərbaycan mədəniyyətinə daha bir ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rolları oynayıb.
Onun milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. Sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Kamil Vəli Nərimanoğlu
Son olaraq, dekabrın 16-da tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Daşkənddə Türk Dünyası Kinematoqrafçılar Assosiasiyası yaradılıb
TÜRKSOY Beynəlxalq təşkilatının təşəbbüsü ilə Daşkənddə Türk Dünyası Kinematoqrafçılar İttifaqı (Assosiasiyası) yaradılıb. Təsis yığıncağında türkdilli ölkələrin kino sənayesinin rəhbərləri iştirak ediblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan məlumat verilib.
Tədbirdə Azərbaycan kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, "Qazaxfilm" Birliyinin prezidenti Azamat Satıbalı, Özbəkistan kinematoqrafiya Agentliyinin rəhbəri Firdos Abduhalikov, Türkiyə kinematoqrafiya İdarəsinin baş direktoru Yerkin Yılmazot, Qırğızıstan kinematoqrafiya Departamentinin direktoru Akjol Bekbolotov, eləcə də TÜRKSOY-un kinematoqrafiya üzrə nümayəndəsi Səlim Ezer iştirak ediblər.
Assosiasiya türk dünyasının kino sənətinin dirçəldilməsi, birgə film layihələrinin yaradılması, yeni filmlərin birgə istehsalı, eləcə də ən yaxşı filmlərin beynəlxalq arenaya çıxarılması, Türkdilli Dövlətlərin filmləri üçün vahid film paylama sisteminin yaradılması üçün yaradılıb.
Prioritetlərdən biri Daşkənd Beynəlxalq Kinofestivalının və "Korkut-Ata" beynəlxalq kinofestivalının səviyyəsinin dünya standartlarına yüksəldilməsidir.
Gələcəkdə türk xalqlarının birgə film layihələri üçün platforma olacaq Türk Dünyası Kino Akademiyasının yaradılması da planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Mədəniyyət Nazirliyinin müvafiq informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na miqrasiya edilib
Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində müvafiq resursların (sistem, ehtiyat və reyestrlər) birgə auditi aparılıb, audit nəticələrinə uyğun olaraq “Hökumət buludu” tələblərinə inteqrasiya təmin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, virtual mühit hazırlanaraq müvafiq resursların “Hökumət buludu” (“G-Cloud”) infrastrukturuna miqrasiyası təmin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” çərçivəsində ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğun hesab edilib.
Bu xüsusda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilib.
Mədəniyyət Nazirliyi tərəfindən cari ildə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (Ifrastructure-as-a-Service) bulud infrastrukturu xidməti əldə edilib.
Sonda onu da qeyd edək ki, Hökümət buludu infrastrukturu ruscadan götürülmüş “oblako”nun birbaşa tərcüməsidir. Bizcə, daha kreativ yanaşıb öz versiyamızda bir ad fikirləşsək daha yaxşı olardı deyə fikirləşirik.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)
Belarusla mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Dekabrın 26-da Mədəniyyət Nazirliyində Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovla görüş olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, səfiri salamlayan mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bildirilib ki, ölkəmiz müxtəlif vaxtlarda paytaxt Minskdə keçirilən kitab sərgilərində təmsil olunub. Eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərləri təşkil edilib. Mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər daha da artırılmalıdır.
Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Belarus-Azərbaycan əlaqələrinin geniş spektri əhatə etdiyini deyib. Vurğulayıb ki, iki ölkənin xalqlarının yaxınlaşması üçün mədəniyyət amili böyük əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.
Diplomat gələn il Bakıda Belarus mədəniyyəti günlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib, bununla bağlı fikir mübadiləsi aparılıb.
Nazir “Bakı prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini deyib, Belarusun bu tədbirdə iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparılıb.
Görüşün sonunda səfirə “Şuşa” kitabı hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)