Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz balaca olanda hər yeni ilin gəlişini, Yeni il proqramını həm də ona görə izləyirdik ki, saatlar 24.00-ü vuranda ilk olaraq ekrana Zeynəb Xanlarova çıxardı və o, dalbadal 3-4 yeni mahnısını ifa edərdi. Zeynəb xanım o qədər məşhur, o qədər populyar idi ki, populyarlıqda ona heç kəs çata bilmirdi.

 

Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktə­bində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azər­baycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Uzun müddət Leylinin Məcnunu Xalq artisti Arif Babayev idi, yaşlı nəsil yəqin yaxşı xatırlayar. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.

Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 87 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

 

Cümə axşamı, 28 Dekabr 2023 11:00

Bu gün Beynəlxalq kino günüdür

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kim kinonu sevmir ki?

Uşaqdan böyüyə hamını maraqlandıran bir mədəniyyət sahəsidir kino. Bir vaxtlar cəmi 2 telekanal vardı, gündə 1-2 film nümayiş etdirilərdi, o da əsasən Sovet filmləri. Odur ki, insanlar xarici kino eşqiylə kinoteatrlara gedərdilər. İndi yüzlərlə telekanal, ən son texnologiyalı kinoteatrlar var, amma indi kinoya 90 faiz insan YouTube platformasından baxır. Və bu gün onların hamısı üçün özəl bir gündür.

Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.

Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.

Elə bu yerdə onu da qeyd edək ki, hazırda kino Azərbaycanda mədəniyyətin prioritet sahəsi elan edilib, ölkəmizdə Kino forumları, yerli və beynəlxalq səviyyəli kinofestivallar, ssenari müsabiqələri keçirilir, ölkəmizə ustad dərsi keçmək üçün dünyaşöhrətli rejissorlar dəvət olunur.

“Bu kino ki var, çox qəliz şeydir” deyirdi “Bəyin oğurlanması” filminin qəhrəmanı.

Həqiqətən də beləymiş.

 

“Ədəbiyyat və incəsənət”

(28.12. 2023)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq. Təbii ki, bir mədəniyyət portalı olaraq ilk qeyd edəcəyimiz bayram Kino günüdür, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür, bunlar barədə bu yazıda yox, ayrıca bəhs edəcəyik.

İndisə keçək digər mətləblərə.

 

Kart oyunu günü

İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.

 

Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi

Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.

1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.

1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. (Bu il bu dahi ifaçı Bakı konqress Mərkəzində möhtəşəm konsert verdi, kim şanslı olub onu canlı izləyə bildi?)

Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.

1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.

1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.

Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.

 

Mərhum alimin və mərhum şairin doğum günləri

1926-cı ilin bu günündə anadan olmuş akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!

1941-ci ilin dekabrının bu günündə anadan olmuş şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

 

 

 

Qadınlar həmişə cəmiyyətimizdə fəallıqları ilə seçiliblər, dövlət idarəçiliyində məxsusi yer tutublar, iqtisadiyyat, təhsil və elm, mədəniyyət sahələrində uğurlara imza atıblar. 

Azərbaycan qadını adı həm də ona görə şərəflidir ki, o, Vətənimizin xilaskarı olan oğullar dünyaya gətirib, yetişdirib. 

 

Bu günsə qadınlarımız barədə sizlərə “Ədəbiyyat və incəsənət” portalı olaraq yeni xəbərimiz var. “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatı birləşərək Koalisiya təşkil edib, koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib. 

Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.

 

İndi isə daha geniş: 

Dekabrın 26-da “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya tərəfindən 500-ədək müxtəlif sahələri təmsil edən – ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınların iştirakı ilə Azərbaycan Qadınlarının Forumu keçirilib.

Sözügedən koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi Abbasbəyli, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri Rəna Mirzəzadə, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.

Forumda Koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplqarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkəmizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.

Çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkərək əlavə ediblər ki, qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkilərində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının yeganə namizədini dəstəklədiklərini ifadə ediblər.

Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.

Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Çərşənbə, 27 Dekabr 2023 16:30

2023-cü ildə onları itirdik...

Bir neçə gün sonra 2023-cü ili yola salıb, 2024-cü ilə daxil olacağıq. Bu il Azərbaycan ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıb. Lakin itirdiyimiz məşhurlar da oldu.

 

Modern.az bu il itirdiyimiz məşhurlarla bağlı araşdırma aparıb.

 “Ədəbiyyat və incəsənət” portalı həmin araşdırmanı təqdim edir.

 

Tünzalə Əliyeva

 

“Toppuş bacı” kimi tanınan aktrisa, Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun çəkən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişib. Aktrisa "Kişiləri qoruyun", "Yoxlama", "Qocalar" və sairə bədii filmlərdə, həmçinin məşhur "3 bacı", "Qız atası", "Qardaşlar" kimi seriallarda sevilən obrazlar yaradıb.

 

 

Müğənni Zeynəb Dostəliyeva

 

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

 

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev

 

“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev də fevralda dünyasını dəyişib. O, fevralın 19-da Moskvada ürəktutmadan dünyasını dəyişib.

Ramiz Novruz.

 

Xalq artisti, teatr və kino aktyoru Ramiz Novruz uzun çəkən xəstəlikdən sonra 2023-cü ilin fevral ayının 20-də vəfat edib. Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim", "Qorxma, mən səninləyəm", "Topal Teymur", "Nizami", "Cavid ömrü", "Cavad xan" və sairə bədii filmlərdə, "Pərvanələrin rəqsi", "Vicdan haqqı" teleseriallarında unudulmaz obrazlar yaradıb. Qeyd edək ki, o, 2018-ci ildən Prezident təqaüdçüsü idi.

 

Jurnalist Ellada Mustafayeva

 

Ellada Mustafayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

İlahiyyatçı Hacı Şahin Həsənli

 

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsinin ölüm səbəbi infarkt olub. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Oqtay Əliyev

 

Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. 

 

Xalq artisti İranə Tağızadə

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 9 aprel tarixində 65 yaşında ürəktutmasından vəfat edib.

Xalq artisti Azərpaşa Nemətov

 

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru AzərPaşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.

Aftandil İsrafilov

 

Məhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada vəfat edib. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov

 

May ayınını 29-da Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib."Əhməd Haradadır" filmindəki rolu ilə yaddaşlara həkk olub.

Zülfüqar Hüseynzadə

 

Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə də bu il qəfil dünyasını dəyişmiş tanınmışlardan biridir. Qeyd edək ki, 52 yaşlı jurnalist iyunun 17-də doğma yurdu, Kəlbəcərin Başlıbel kəndinə gedib, gecəni orada keçirib. Səhərə yaxın onun səhhəti qəfil pisləşib və ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar Hüseynzadə də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb.  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. Onun qəfil vəfatı ölkə mediasını dərin sarsıtmışdı. 00:20

 

 

Deputat Madər Musayev

 

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.

Natəvan Babayeva

 

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov

 

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

 

Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi, yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına yüz minlərlə adam yığışdı. Həmin gecə bölgələrdən paytaxta minik avtomobilləri ilə, avtobuslarla insanlar Prezidentlə bir yerdə olmağa gəldi. Prezident sarayı qarşısında isə Bakı zəhmətkeşlərinin mitinqi gedirdi, hərbçilər, ziyalılar, əmək adamları bir-birinin ardınca tribunaya qalxıb olayı törədənlərə nifrət yağdırır, Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi də oldu. 

 

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

 

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Jurnalist Mübariz Əhmədov

 

1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan “Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.

Aktrisa, rəssam Alagöz Salahova

 

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Alagöz Salahova “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.

 

 

 

Qənirə Paşayeva

 

Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

 

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Noyabrın 12-də tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) 72 yaşında vəfat edib. Hüseyn Bakılı məşhur muğam ustası, xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur.

 

 

Tanınmış diktor Ramiz Qafarov

 

İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən məşhur diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.

 

Ramiz Məlik

 

14 dekabrda  Azərbaycan mədəniyyətinə daha bir ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor “O qızı tapın”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii filmlərində, “Günahsız Abdulla” (M.Cavaxaşvili), “Kimin sualı var?” (N.Həsənzadə) “İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rolları oynayıb.



Onun milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. Sənətkar 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına (“İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

 

Kamil Vəli Nərimanoğlu

 

Son olaraq, dekabrın 16-da tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

TÜRKSOY Beynəlxalq təşkilatının təşəbbüsü ilə Daşkənddə Türk Dünyası Kinematoqrafçılar İttifaqı (Assosiasiyası) yaradılıb. Təsis yığıncağında türkdilli ölkələrin kino sənayesinin rəhbərləri iştirak ediblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan məlumat verilib. 

 

Tədbirdə Azərbaycan kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, "Qazaxfilm" Birliyinin prezidenti Azamat Satıbalı, Özbəkistan kinematoqrafiya Agentliyinin rəhbəri Firdos Abduhalikov, Türkiyə kinematoqrafiya İdarəsinin baş direktoru Yerkin Yılmazot, Qırğızıstan kinematoqrafiya Departamentinin direktoru Akjol Bekbolotov, eləcə də TÜRKSOY-un kinematoqrafiya üzrə nümayəndəsi Səlim Ezer iştirak ediblər.

 

Assosiasiya türk dünyasının kino sənətinin dirçəldilməsi, birgə film layihələrinin yaradılması, yeni filmlərin birgə istehsalı, eləcə də ən yaxşı filmlərin beynəlxalq arenaya çıxarılması, Türkdilli Dövlətlərin filmləri üçün vahid film paylama sisteminin yaradılması üçün yaradılıb.

Prioritetlərdən biri Daşkənd Beynəlxalq Kinofestivalının və "Korkut-Ata" beynəlxalq kinofestivalının səviyyəsinin dünya standartlarına yüksəldilməsidir.

Gələcəkdə türk xalqlarının birgə film layihələri üçün platforma olacaq Türk Dünyası Kino Akademiyasının yaradılması da planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində müvafiq resursların (sistem, ehtiyat və reyestrlər) birgə auditi aparılıb, audit nəticələrinə uyğun olaraq “Hökumət buludu” tələblərinə inteqrasiya təmin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumata görə, virtual mühit hazırlanaraq müvafiq resursların “Hökumət buludu” (“G-Cloud”) infrastrukturuna miqrasiyası təmin olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” çərçivəsində ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğun hesab edilib.

 

Bu xüsusda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilib.

 

Mədəniyyət Nazirliyi tərəfindən cari ildə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (Ifrastructure-as-a-Service) bulud infrastrukturu xidməti əldə edilib.

Sonda onu da qeyd edək ki, Hökümət buludu infrastrukturu ruscadan götürülmüş “oblako”nun birbaşa tərcüməsidir. Bizcə, daha kreativ yanaşıb öz versiyamızda bir ad fikirləşsək daha yaxşı olardı deyə fikirləşirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Dekabrın 26-da Mədəniyyət Nazirliyində Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovla görüş olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumatda deyilir ki, səfiri salamlayan mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bildirilib ki, ölkəmiz müxtəlif vaxtlarda paytaxt Minskdə keçirilən kitab sərgilərində təmsil olunub. Eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərləri təşkil edilib. Mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər daha da artırılmalıdır.

 

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Belarus-Azərbaycan əlaqələrinin geniş spektri əhatə etdiyini deyib. Vurğulayıb ki, iki ölkənin xalqlarının yaxınlaşması üçün mədəniyyət amili böyük əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

 

Diplomat gələn il Bakıda Belarus mədəniyyəti günlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib, bununla bağlı fikir mübadiləsi aparılıb.

 

Nazir “Bakı prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini deyib, Belarusun bu tədbirdə iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparılıb.

 

Görüşün sonunda səfirə “Şuşa” kitabı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli 2024-cü il yanvarın 12-də saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşlarla görüşəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Məlumatda bildirilir ki, vətəndaşlar 2024-cü il yanvarın 9-dək Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Görkəmli nümayəndələri ilə xalq arasında məşhur olan soyadlardan biri də, Bədəlbəylilər şəcərəsinə məxsusdur. Yazılı tarixdə bu şəcərəni araşdırarkən, yaxın keçmişdən ötürülən ilk məlumat Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyliylidən başlayır. O, 1875-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında alsa da, sonradan şəhər real məktəbində davam etdirib. Daha sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib.

 

Bədəlbəyli soyadının bu qocaman nümayəndəsi xalq maarifçisi idi. Seminariyanı başa vurduqdan sonra o, bir müddət Şuşada müəllimlik edib. Sonra paytaxta üz tutub və XX əsrin əvvəlindən pedaqoji fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Ömrünün 35 ilini fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy bütün bunlarla yanaşı, mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin də ən fəal üzvlərindən biri olub. O, özünü səhnədə dəfələrlə aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə yarada bilib. Özündən sonra yadigar qalan övladlarından biri- Əfrasiyab bəy Azərbaycan klassik bəstəkarı, drijoru, liberettoçusu və xalq artisti olub. Digər yadigarı Şəmsi bəy isə aktyor, rejissor, xalq artisti kimi Azərbaycanın mədəniyyət tarixində yer alıb...

 

Bu gün sizə mərhum Şəmsi Bədəlbəylinin oğlu, damarlarında zadəgan qanı daşıyan, bəy oğlu bəy, xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidən söhbət açamaq istəyirəm. Axı dekabrın 27-si onun 76 yaşı tamam olur...

“Uzun sürən ayrılıqdan sonra Şuşaya getmişdim. Sanki möcüzə baş vermişdi, gözlərimə inanmırdım. O şəhərdə elə bil nə isə bir sirr var. Hətta utanıb çəkinmədən rəqs də etdim, özü də möhkəmdən beş-altı dəqiqə oynadım. Arada əlimlə qoluma toxunurdum, çimdikləyirdim ki, yaşadığım yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl tez-tez yuxuda qarlı Şuşanı görürdüm. Qarlı Şuşa mənim üçün bir nağıl idi. Bəlkə də sonuncu dəfə Polad Bülbüloğlu ilə Şuşaya gedəndə Şuşanı qarlı gördüyümdən idi. Hardasa iyirmi santimetr qar yağmışdı. Çox gözəl görünürdü. Fikrim vardı, Şuşaya gedəndə ondan üzr istəyim. Çünki biz onu düşmənə vermişdik. Dizlərimi yerə atıb, üzr istədim, dedim ki, Şuşa, bağışla bizi, səni nə vaxtsa, yadlara verdik. Hönkür-hönkür ağlayırdım. “Gəncə qapısı”nda bir əsgər dayanmışdı, məni o halda görüb yanıma qaçdı. Dedi, ağsaqqal, nə olub, özünüzü pis hiss edirsiz? Dedim, yox, bala, bu, mənim nəzirimdir, etməliyəm...”- söyləyir.

 

Uşaq yaşlarında çox qaynar və dinamik olub. Futbola həm azarkeşlik edib, həm də idmanın bu növü ilə həvəskar kimi məşğul olub. Tay-tuşları arasında rəqib komandanın qapısına ən çox qol vuran oyunçu kimi də tanınıb. Bu oyunlarada cığallıq, dəcəllik olanda, həmişə çalışıb ki, ədalətli oyun keçirilsin, qaydalar pozulmasın. Bu oyunların çoxu da “Qala qapısı”ndan aşağıdakı meydanda baş verib. Futbola o qədər aludə olmuşdu ki, Maestro Niyazi deyirdi,- “Ay Fərhad, iki saat futbol oyna, sonra mənim xətrimə 4 saat royal arxasında otur…”

Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər emosiya ilə ifa edib ki, bir də görüb, eynəyi gözündən çıxıb yuxarı atıldı. Yaxşı futbolçu oduğuna görə cəld tərpənərək, eynəyini göydəcə tutub və arada imkan tapıb, onu gözünə taxıb...

Polad Bülbüloğlu ilə bağlı xatirələri çoxdur. Onunla 5 yaşından dostluq edirlər. Söylədiyinə görə, valideynləri onları dənizə buraxmırdı. Bir dəfə bağda olarkən xəlvətcə dənizə gediblər. Poladın da qolunda atasının bağışladığı çox bahalı bir saat olub. Dənizə girməmişdən öncə, onu qumun altında basdırıblar ki, çimib çıxandan sonra götürsünlər. Basdırdıqları yeri də işarələyiblər, amma dənizdən çıxıb, bütün günü sahildə nə qədər axtarsalar da saatı tapa bilməyiblər. Polad hönkür-hönkür ağlayırmış ki,- “Atam məni öldürəcək. Mən necə saatsız evə qayıda bilərəm?”

Nəhayət, axşama yaxın saatı tapıb evə qayıdıblar. Və həmin günü bu iki dost möhkəm danlanıblar da...

Deyir ki,- “Gəncliyim çox maraqlı keçib. Çünki böyük insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi və gecə saat 3-ə kimi söhbət edirdilər. Biz də onlara mühazirə kimi qulaq asırdıq. Bəli, böyük insanların həyatı böyük bir dərsdir. Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr etmişdi. Napoleona azadlıq gətirən insan kimi baxırdı. Amma o, özünü imperator elan edəndə Bethoven bu rəyini dəyişdi. Halbuki, Napoleon onu öldürə və ya həbs etdirə bilərdi. Amma Bethoven qorxmadı. Prinsip məsələsində belə insanlar çox gözəl bir nümunədir. Əqidəsini hər gün dəyişən insanları sevmirəm. Mən 30 il bundan qabaq dediyimi indi də təkrar etməyə hazıram...”

Sadə, səbirli və təmkinlidir. Əsəbi olanda özünü ələ almağı bacarır. Kiminsə üstünə qışqırmaq və ya təhqir etmək ona yaddır. Otuz bir ildir ki, Bakı Musiqi Akademiyasına rəhbərlik edir, fəqət indiyədək heç kimin xətrinə dəyməyib. Ana babası, milyonçu Tağı bəy Səfərəliyevdən misal çəkib,- “Uşaqlar, birinci növbədə faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir hörmət bəsləyin. Salam verəndə çox böyük hörmət ilə alın. Çünki onlar kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və ürəklərində nisgil ola bilər”- söyləyir. Bu böyük məktəbin varisi olduğundan qürur duyur...

Evdə- ailədə çox mülayim və qayğıkeşdir, elə də kaprizli adam deyil. Necə deyərlər, nə verirlər yeyir və hesab edir ki, kişi onu yemirəm, bunu yemirəm deyib, xırda şeylərə fikir verməməlidir. Amma etiraf edir ki, evə bazarlıq etməyi xoşlamır...

O ki qaldı onun rəsmi tərcümeyi hallna, eləcə də xalq və dövlətimiz qarşısında xidmətlərinə, bu haqda bilə-bilə söhbət açmadım ki, söhbətimiz uzun çəkməsin. Çünki layiq görüldüyü mükafatlar bu barədə çox söz deyir:- “Xalq artisti” fəxri adı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Fransanın “İncəsənət və Ədəbiyyat” ordeni və s. ödüllər bəs eləmirmi?

Bəli, bu gün - dekabrın 27-si bəy oğlu bəyin, Fərhad Bədəlbəylinin 76 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.