Ey həyat, sən nə qəribəsən! Featured

 

OQTAY KAZIMİNİN DOĞUM GÜNÜNƏ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

İlk dəfə “Qayıt” mahnısını Flora Kərimova oxuyaraq milyonlara sevdirmişdi. Sonra Aybəniz Haşımova bu mahnıya ikinci həyat bəxş etdi, dillər əzbəri etdi. Ötən gün bu mahnını bəstələyən Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günü idi. Tək bu mahnınımı? Onun onlarca mahnısı var ki, repertuarları bəzəyir. 

Oqtay Kazımi Azərbaycan musiqisinin mahnı janrının ən böyük bəstəkarları sırasındadır, mən bunu mübaliğəsiz deyirəm.

O həm də musiqi tariximizə ilk rok operanın müəllifi kimi düşüb. 

Yoxluğundan 13 il keçib. 

Mahnıları ilə yaddaşlarda, ürəklərdədir. 

 

Anadan olmasının 91-ci ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.

1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. 

1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoyub, musiqi sənətinin müxtəlif janrlarında özünü sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.

 

Onun yaradıcılığında mahnı janrı isə qeyd etdiyimiz kimi, xüsusi yer tutub. 

Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.

O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.

Ruhu şad olsun! 

Bu yazıya isə “Qayıt” deyil,  “Ey həyat, sən nə qəribəsən” başlığını seçdim. Çünki gedənlər qayıtmaz, amma onlara qarşı hansısa haqsızlıq, ədalətsizlik olarsa, həyatın qəribəliyinə təəccüblənə bilərik. 

Bu isə oğlu İlqar Kazımovun xatirələrindəndir: “Atam heç kəsə tabe olmağı sevmirdi. Heç bir işdən ötrü kiməsə ağız açmazdı. Hətta çox ehtiyac içində yaşadığımız dövrdə belə, heç kəsdən nəsə xahiş eləməyib. Həm də, çox sadə adamıydı. Yazdığı mahnılara görə müğənnilərdən pul götürməzdi…”

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.