“GİZLƏNQAÇ” - Jalə İslamın hekayəsi Featured

“Ədibin Evi” tərəfindən təşkil edilən Mir Cəlal adına III Hekayə Müsabiqəsinin nəticələrinə əsasən əməkdaşımız Jalə İslamın “Gizlənqaç” hekayəsi Teas Press Nəşriyyat Evində hazırlanan antologiyaya daxil edilmişdir. Kitab yaxın zamanda çap olunacaq. Həmin hekayəni sizlərə təqdim edirik.

Əkdim noxud,  

Çıxdı söyüd 

Yarpağıdır 

Şa-ba-lıd.                        

 

   

Anamın mən hələ uşaq ikən tez-tez dediyi bir cümlə var idi; “Xoşbəxtliyi mənə şaxtalı bir qış günü qaranquşlar öz qanadları arasında ərmağan gətirmişdilər”. Bu cümləni söyləyərkən gözlərindəki mülayim ifadə də elə bil soyuqdan qorunan adamın qat-qat yorğana bürünməsi kimi min cür təlatümə bürünür, ən sonda isə ruhunun istiliyi sırsıra bağlamış göz bəbəklərini nəmləndirirdi. Həmin vaxtlar yazıq qadını dinləmək və susmaq necə də asan idi, indi onu anlamağa çalışarkən sərf etdiyim bütün zaman özümü özümə yad edir.

-Vüqar, oğlum, aşağı enmək üçün məni gözlə. Keçən dəfəki kimi yıxıla bilərsən.

Kasıblığın üzü qara olsun, bizim evin damından birinci mərtəbəsinə enərkən istifadə etdiyimiz nərdivan üstdən aşağı baxanda adamın gözünü qaraldır, bu da azmış kimi taxtası artıq çürümüşdü. Əslində, həddi-büluğa çatmış biri üçün bu nərdivanla enmək su içmək qədər asan idi, lakin mənim kimi iki qolu olmayan biri üçün eyni fikirləri söyləmək çox çətindir. Bu halım ilə evin damında qalmağım biraz qəribə səslənə bilər, fəqət öz evimdə gözlərdən uzaq bir həyat yaşamaq üçün daha mükəmməl bir seçim şansım yox idi.

-Bu dəfə alındı, ana. Özüm enməyi bacardım.

-Ay bala, vallah sənə söz başa salmaq mümkünsüzdür. Nə qədər dil tökürəm, xeyri yoxdur. Özünü düşünmürsən, heç olmasa barı məni düşün. Yıxılsaydın, nə olardı?!

-Narahat olmayın, Nazilə sultan, yıxılsam belə bu ilk dəfə olmayacaqdı. Həm mən doqquz canlıyam, pisə bir şey olmaz. Uzaq başı geriyə dörd canım qalacaqdı.

- Əsəbləşdirmə məni! Sən yıxılmağınla deyil, bu sözlərinlə mənim axırıma çıxacaqsan.

Bu evdə yalnız anam ilə bütün şıltaqlığımla danışarkən özümü sonsuz bir sevginin bəhrəsi kimi hiss edir, içimə kök salan dərin kədərin yerini sevincə kirayə verdiyinin şahidi olurdum. Amma kirayə....Allah ona iki qolu olmayan bir körpə nəsib etsə belə, ruhunda qopan səssiz çırpınışlar bir cümləni dillərinə əzbər etmişdilər; “Eybi yox, onun qolları mən olaram ”.

 

Kiçik otağımın tavanında yerləşən pəncərədən buludları müşahidə edərkən özümü heç vaxt reallaşmayacaq xəyal dünyamın içində tapırdım. Gah lay-lay, gah da topa-topa hərəkət edən buludlar beş mövsümlük teleserialdan, hətta atamın gözlərini bir an belə olsun ayırmadan baxdığı iqtisadiyyat, siyasət, ölkə gündəmi xəbərlərindən qat-qat həyəcanlı və maraqlı idi. Əlbəttə, buludlar nə ölkənin bir yerlərində uğur qazanan gənc nəslin sərgüzəştlərindən, nə də bir-birini qətlə yetirən ailə faciələrindən bəhs edirdi, amma bütün bunlara baxmayaraq məni özünə valeh edirdi. Nazim kişi yenə televizorun səsini sonuna qədər qaldırmışdı. Xeyr, xeyr atamın qulaqları yaxşı eşidir. Sadəcə bu hərəkətləri diqqət çəkmək üçün etdiyini hamımız bilirdik. Elə bu anda qonşuda Fərman dayının nəvələri arasında  çizgi filminə baxmaq üstündə dava idi. Yazıq Fərman dayı nəvələrinin əlindən heç xəbərlərə baxmağa fürsət tapa bilmirdi. Bəzən atam ilə qürur duyurdum. Deyirdim ki, kişi əcəb edir. Camaat arvadlarının seriallarının, nəvələrinin çizgi filmlərinin əlindən heç gündəmimizi izləməyə fürsət tapmır. Bəs bu məlumatları biri izləyib hər kəsi xəbərdar etməlidir, ya yox?!

Özüm də bilirdim ki, sərf etdiyim bütün bu kinayəli ifadələr əsassızdır. Artıq bir nöqtədə dayanıb atama haqq verməyi bacarmalıyam. Axı onun da etinasız surətinin altında yaşamaq istəyib, yaşaya bilmədiyi xəyallarının yükü yatır. Əlbəttə, o da istəyərdi ki, sinif yoldaşı, qonşusu Fərrux dayı kimi nəvələrinin əhatəsində öz həyatını başa vursun. Təqaüdə çıxaraq, işləyən, zəhmət çəkən oğluna baxıb hər an fəxr etsin. Lakin bütün bunların qarşılığında arzu etdiklərini ona verəcək dağ kimi oğlu yox idi. Onun oğlu öz atasından nəzakətli baxışlarını ovuc açmadan dilənirdi…. Onun oğlu atasını əli-qolu olmayan televizordan qısqanacaq qədər aciz biri idi…, maraqlı baxışların bir gün ona doğru tuşlanacağı ümidi ilə yaşayan bir aciz…

Biz atamla həmişə gizlən qaç oynayardıq, amma o gözlərini yummazdı, sadəcə mən gizlənərdim…

Həmin gün anamın həddindən artıq gərgin olduğunun fərqində idim. Sanki atama nəsə söyləmək istəyirdi. Nəhayət, gücünü topladı və vəziyyəti danışmağa başladı:

-Nazim kişi, xalam rəhmətə gedib. Özün də bilirsən ki, bizə çox köməyi dəyib, əl uzadıb. Əgər bu gün çox önəmli bir işin yoxdursa, birlikdə getməyimiz yaxşı olardı. Yol bir az uzaq olduğu üçün orada gecələməliyik.

Atam həmişəki kimi gözlərini televizordan ayırmırdı. Anamın söylədiklərinə qarşılıq heç nə deməmişdi. O sanki gizlənqaç oyununda gözlərini yuman mətə kimi içindən sayaraq mənim gizlənməyimi gözləyirdi. Onun məndən əks istiqamətə nəzər salan gözləri isə mənə bir cümləni pıçıldayırdı: “Mən sayıram, sən gizlən”. Mən isə oyun yoldaşımdan bu cümləni eşidərək özümü oyun meydançasının ən qaranlıq qucağına atırdım. Bizim oyunun qaydası təmamilə fərqli idi, çünki onun sayıb qurtarmağa niyyəti yox idi. Eyni zamanda məni axtarmaq üçün bir addım belə atmırdı.

Məsələnin rahat bir şəkildə həll olunmasını istədiyim üçün otaqdan çıxmalı oldum. Mənim otaqdan çıxmağıma çox az qalmış atam dilləndi:

-Get Fərmana de, bu gün oğlunun yanında qalsın!

-Baş üstə, Nazim kişi.

O gün iyirmi beş illik həyatımda ikinci dəfə idi ki, tək qalırdım. Əslində, birincini saymıram, çünki uşaq idim. Həmin gün sadəcə düşünməklə məşğul idim. Beynimdə bir sual məni dayanmadan narahat edirdi: Görəsən, valideyn dəstəyini öz həyatımda sonuna qədər hiss etsə idim, həyata indi olduğu kimi bağlı qapılar arxasındanmı baxacaqdım, yoxsa öz gücümü toplayaraq bütün çətinliklərin öhtəsindən gəlib mübarizəmi aparacaqdım? 

-Necəsən, yaraşıqlı oğlan? Kefindən, əhvalından danış görək.

-Şükür, Fərman dayı, həmişəki kimiyəm. Sənin kefin-əhvalın necədir?

- Yaxşı olasan, ay bala. Təki övladlarımız, sizlər yaxşı olun. 

-Var ol, Fərman dayı!

-Mənə bax, qadan alım, mənə görə narahat olma. Əgər yatmaq istəsən yat, mən başımı bir təhər qataram.

-Hələ tezdir, Fərman dayı. Birazdan yataram. Məni çox vaxt atamla birlikdə televizora baxarkən divanda yuxu tutur. Onun xəbər izahları çox möhtəşəmdir, adama lay-lay kimi təsir bağışlayır.

-Səni çox yaşa, oğlum. Bəs niyə bayaqdan demirsən televizoru açaq, ölkə gündəmindən xəbər tutaq?!

-Buyur, Fərman dayı. O nə sözdür deyirsən?!Öz evin kimi, istədiyini edə bilərsən.

-Bilirsən, oğul, məni qınama. Bizimkilərin əlindən macal tapa bilmirəm, ona görə də bu gün şansımdan sona qədər istifadə edəcəyəm.

-Kef elə, Fərman dayı!

Mən sanki yağışdan çıxıb, yağmura düşmüşdüm. Deyəsən, problem atamda deyil, əsas problem televizorda imiş. Artıq əmin idim, bu televizorda nəsə şeytan tükü var idi. Fərman dayı atamdan betər idi. Kişi hər xəbərə ayrı cür coşurdu:

- Xəbərlər adamın qanını qaraldır. Yağış da vaxt tapmayıb, deyib ki, sabah yağım. Bilmir ki, Fərman kişi kərəntəsini biçin yerində qoyub gəlib. Hələ sən bir bu xəbərə fikir ver.  Heç adam da qonşusunun evini qarət edər?! Eh, təmiz əsəbləşdim.

-Əsəbləşmə, Fərman dayı. Belə düşün: “Bütün bunlar olmalı imiş ki, olub”.

-Uzun ömrün olsun, mənim balam. Sən bütün bunlar haqqında düşünmə. Yorulmamısan ki?

-Bir az yorulmuşam, Fərman dayı. Əgər sən də yorulmusansa, yatsaq heç pis olmaz.

-Əlbəttə, mənim balam. Mən də biçindən gəlmişəm, çox yorğunam. Gəl elə hazırlaşıb yataq.

İndi atam məndən uzaqda olsa da, mənim qulaqlarım onun qəlbinin tərəddüd dolu titrəyişlərini eşidirdi. Əmin idim ki, o hər nə qədər saymağa davam etsə də, hər saydan sonra ruhunda dərin bir susqunluq yaranırdı. Əmin idim ki, o bir gün mənim gizləndiyim yeri tapmadığı zaman qorxaraq, həyəcanlı bir şəkildə məni səsləyəcək:

-Alma desəm, gəl, armud desəm, gəlmə.

Günün yorğunluğuna əsasən rahat yatacağımı düşünsəm də, gecə mənim üçün elə də rahat keçmədi. Qəribə yuxular, bədənimə hökm edən qorxu hissi həmin gecə bir an belə olsun məni tərk etmədi. Elə bil daxili bir qüvvə məni oyanmağa sövq edirdi. Təbii ki, bu qüvvə çox keçmədən məqsədinə nail olmuşdu. İlk öncə düşündüm ki, hər halda öz yerimdə yatmadığım üçün canım rahatlıq tapmır. Lakin hissləri qüvvətli biri olduğumu haradan bilə bilərdim ki?! 

Deyəsən, o gecəni narahat keçirən sadəcə mən deyildim, Fərman dayı da yata bilməmişdi. Dolanıb dururdu. Evin içində hər yeri bir-bir qarışdıraraq böyük təşvişlə itmiş əşyasını axtarırdı. Hələ mənim oyanmağımın fərqində belə deyildi. Baxmayaraq ki, bu vəziyyət getdikcə çox qəribə bir hal alırdı, amma mən hələ də onun haqqında bacardığım qədər yaxşı düşünməyə çalışırdım. Bu adam mətbəxin bütün siyirmələrini, anamın səliqə ilə topladığı yorğan-döşəyin arasını, xülasə, qonaq olan birinin əl atmayacağı hər yerə əl atırdı. Həmin an anladım ki, düşüncələrim yanılmaqda haqqlıdır. Bu adam göründüyü qədər səmimi deyil, ikiüzlüdür. Bütün bu axtarışlar nəticəsində əldə etdiyi qənimət anamın iki qızıl bilərziyi idi.

-Eh Nazim kişi, nə bədxərc kişi imişsən. Qazandığın bütün pulları, görəsən, hara,  hara xərcləyirsən? Nəvən yoxdur şirniquş alasan, oğlun isə evlərdən iraq..., amma bu xarabada kor qəpiyin də yoxdur. Bir bu iki bilərzikdir, o da sənin deyil, arvadınındır. Baxmayaraq ki, mən belə xəyal etməmişdim, lakin Allah bərəkət versin deməkdən başqa bir çarəm yoxdur. Ən azından bu iki bilərziyi satsam, oğlumun dükana olan borcunu bağlaya biləcəyəm. Qalır bir Dəli Kamandara olan borcumuz, onu da həll etmək üçün bir çarə taparam.

-Kamandara olan borcunu ödəmək üçün bizim televizor bəs edər, Fərman dayı?

Fərman dayı öz nəfsi ilə söhbətindən mənim ona yaxınlaşmağımı belə hiss etməmişdi.

-Nə?!

-Deyirəm ki, bizim televizoru satsan, borcunu təmiz bağlaya bilirsən?

-Sən nələr söyləyirsən, oğlum? Mənim heç kimə borcum yoxdur. Ayrıca olsa belə, niyə sizin malınızla ödəyim?

-Mənə də elə o maraqlıdır, çox doğru mövqeyə toxundun. Məsələn, elə indi o bilərziklər niyə sənin əlindədir?

-Oğlum, bunları yerdən tapdım, hətta...

-Fərman dayı, xahiş edirəm, artıq yalan danışma. Çox güman, son çırpınışlarının faydasız olduğunun sən də fərqindəsən. Amma çox ağıllı biri olduğunu söyləmək istəyirəm. Həqiqətən də qarət üçün çox gözəl bir vaxt seçmisən.

-Məcbur qaldım, vallah məcbur qaldım!

-Özünü çox sıxma, olmalı imiş ki, oldu! Qəbul edirəm bu saat evimi talan etsələr, onlara mane olacaq taqətim yoxdur, lakin çox yaxşı bilirəm ki, sənin nəfsinə mane olacaq qədər mənəviyyatın var.

Fərman dayının gözlərindəki peşimançılığı bariz görə bilirdim. Doğru fikirləşmişdim, əlindəki qənimətləri özü ilə aparacaq qədər mənəviyyatsız deyildi. Və...mənimlə qalmağa da artıq üzü yox idi.

-Səndən son bir xahiş edə bilərəm, Fərman dayı?

-......

-Gedərkən bizim televizoru da özün ilə apara bilərsən?

-Necə?

- Bu mənim sənə hədiyyəmdir. Ev əhlinin əlindən rahat televizora baxa bilmədiyini söyləmişdin. Əgər səndən nəsə soruşsalar, Nazim kişi özünə yeni televizor aldı, köhnəni isə məni hədiyyə etdi deyərsən.

 

Alma!

Səhər saat 11:00.

 Anamla, atam evə  yenicə çatmışdı. Anam təbii ki, bir gün ayrı qaldığı oğluna doğru həsrətlə qaçarkən, atam bir vaxtlar televizor olan həmin istiqamətdən gözlərini çəkmirdi. Lakin atam bir az sonra susqun oğlunun ona həyatının ilk zarafatını edəcəyini haradan bilə bilərdi ki?!

Səssizcə otağın bir zamanlar televizorumuz yerləşən həmin istiqamətinə doğru addımlayaraq atam üçün günün ən son xəbərini səsləndirdim:

-SON XƏBƏR!

Hörmətli tamaşaçılar, gecə saatlarında  Nazim kişinin evi qarət olunub. Naməlum şəxs və ya şəxslər evə daxil olaraq ev sahibinə məxsus televizoru oğurlayıblar. Zərərçəkənin həmin gecə evdə olmadığı və evdə sadəcə  şikəst oğlunun olduğu qeydə alınmışdır. Təqsirkarın gəncə xəsarət yetirmədiyi müəyyən olunmuşdur. Hadisə ilə bağlı araşdırma aparılır!

 

Elə məhz həmin an atamla göz-gözə gəldik. Onun gözləri mənə səssizcə pıçıldayırdı, -“ALMA”.

-Nazilə, get Fərmana de, gəlsin televizorun pultunu da götürsün. Artıq bizim ehtiyacımız yoxdur!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.