Gülyaz Məmmədova: “Ailədə on uşaq olmuşuq, 6 bacı, 4 qardaş” Featured

Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Müsahiblərdən rəhmətə gedəni də var, fəaliyyətini davam etdirəni də.

Növbəti müsahib müğənni Gülyaz Məmmədovadır. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.

 

 

ALTI QIZIN BİRİ GÜLYAZ

 

Müsahibimiz gənc müğənni, Azərbaycan opera və Balet Teatrının solisti Gülyaz Məmmədovadır.

 

-        Gülyaz xanım, bir əsrlik ənənəsi olan Opera teatrının solisti olmağı çox adlı-sanlı müğənnilər arzu etsə də, bu, hamıya nəsib olmur. Hələ çoxlarının tanımadığı gənc Gülyaz buna necə nail oldu?

 

-        Mən hələ Asəf Zeynallı adına musiqi məktəbinmdə oxuyanda opera teatrına dəvət olunmuşdum. Polad Bülbüloğlu konsertlərin birində ifamı bəyənmiş və məsləhət görmüşdü ki, məni Leyli roluna dəvət etsinlər. musiqi məktəbində mənə muğamdan dərs deyən Nəriman Əliyev səhnəyə çıxmağı məsləhət görmədi. Dedi ki, hələ tezdir. Odur ki, təyinatımı operaya verəcəklərini əvvəlcədən bilirdim və elə də oldu.

 

-        “Leyli və Məcnun”dakı ilk çıxışınızı necə xatırlayırsınız?

 

-        Nəriman müəllim deyirdi ki, başın qarışacaq operaya, muğamın sirlərini tam öyrənə bilməyəcəksən. Ona görə operaya bu tezliklə gəlməyimi istəmirdi. Qəndab Quliyeva, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu onu dilə tutub, razı sala bildilər. təyinatımı opera teatrına aldım. Canəli Əkbərov Mənsum İbrahimovu Məcnun, məni isə Leyli roluna hazırladı. Mən onun zəhmətini xüsusi qeyd etmək istəyirəm. premyera 1993-cü ilin iyununda oldu. Bizimlə birlikdə Canəli müəllim də bərk həyəcan keçirirdi. Tamaşa uğurlu oldu. Tamaşadan sonra Polad müəllim dedi: “Mən fəxr edirəm ki, opera üçün yeni Leyli tapmışam”. Sonra Aşıq Qərib”də Sənəmi, “Arşın mal alanda Tellini oynadım.

 

-        Sizin bacınız Gülyanaq xanım da müğənni kimi məşhurdur. Ailənizdə incəsənət mühiti olubmu?

 

-        Şəkinin Böyük Dəhnə kəndində doğulmuşam. Atam dülgər idi, anam evdar qadın. Ailədə on uşaq olmuşuq, 6 bacı, 4 qardaş. Qızların hamısının musiqi səsi var. Atam arada toylara gedər, zurna çalardı. Qardaşlarımdan biri Şəki tərəfdə yaxşı qarmonçu hesab olunur. Böyük bacım Rəhimənin xüsusən güclü səsi var. O, Asəf Zeynallı adına Musiqi məktəbini bitirib. Sonra ailə qurdu, sənətdən uzaqlaşmağa məcbur oldu. İndi hər dəfə məni, Gülyanağı görəndə kövrəlir. Deyir ki, sizi səhnədə görəndə elə bilirəm özüm oxuyuram.

 

-        Gülyanağı nə əcəb Leyli roluna dəvət etmirlər. Məncə, onda Leyliyə lazım olan hər şey var: güclü səs, uca qamət...

 

-        Gülyanaq yəqin ki, gec-tez Leylini oynayacaq. İndi o, Rəşid Behbudov adına Mahnı Teatrında işləyir. Görünür, opera səhnəsinə çıxmağa hələ o qədər də tələsmir.

 

-        Təxminən iki il sizi opera səhnəsində görmədik. Bu nə ilə bağlı idi?

 

-        Ailə qurmağımla. Oğlum Ramazan dünyaya gəldi, səhnədən müvəqqəti uzaqlaşmağa məcbur oldum. Fasilə vermək müğənni üçün pis nəticə verə bilər. Amma xoşbəxtlikdən yenidən səhnəyə qayıdanda elə bir problemim olmadı. Kollektiv də məni çox mehriban qarşıladı.

 

-        Sənətə qədəm qoyan hər bir gənc hansısa məşhur sənətkara vurulur, onu təqlid edir, sonra səhnəyə çıxır.

 

-        Mənim ən çox sevdiyim müğənni Rübabə Muradova olub. Mənə elə gəlir ki, Rübabə xanım oxuyanda necə oxumaq haqqında fikirləşməyib, sadəcə ürəyindən gələn hissləri ifadə edib. Fatma Mehrəliyevanın da sənətini çox sevirəm.

 

-        Fonoqramdan istifadə edirsinizmi?

 

-        Əvvəllər fonoqrama qarşı çıxanlar çox olurdu. Amma elə vəziyyət olur ki, onsuz keçinmək olmur. Buna baxmayaraq, mənim fonoqramdan xoşum gəlmir. Fonoqramla oxuyanda elə bilirəm ki, dinləyici məni qınayır.

 

-        Səhnəmizdə neçə-neçə Leyli olub, bu gün də sizinlə bərabər Opera səhnəsində Leylini oynayan müğənnilər var. Başqa Leyli ifaçılarından öz fərqinizi nədə görürsünüz?

 

-        Bir onu bilirəm ki, heç kimi yamsılamıram. Yaxşıyam-pisəm, hər nəyəm, özüməm. Məncə sənətkar müəyyən yaşa qədər kimisə özünə kumir seçə bilər. Əgər kimsə müəyyən yaşdan sonra da başqasının təsiri altındadırsa, mən onun istedadına şübhə edirəm. Mən Rübabə Muradovanın Leylisini çox sevirəm, amma heç vaxt onu təqlid etmirəm.

 

-        Müxtəlif Məcnunlarınız olub, bir Leyli kimi onlardan kimi daha çox sevirsiniz?

 

-        Zahid Quliyev, Səfa Qəhrəmanov və Mənsum İbrahimovla “Leyli və Məcnun” tamaşasında tərəf müqabili olmuşam. Hər üç sənətkara böyük hörmətim var. Amma Mənsumla səhnəyə çıxanda özümü daha yaxşı hiss edirəm. mənə elə gəlir ki, Allah Mənsumu Məcnun rolu üçün yaradıb.

 

-        Ən  çox hansı bəstəkarların mahnılarını oxuyursunuz?

 

-        Şəfiqə Axundova və Ramiz Mirişlinin. Çünki onların mahnıları milli ladlar və melodiyalar üstündə köklənir. Bu, Şərq deyil, amma Qərb də deyil, sırf Azərbaycandır. Şəfiqə Axundova ilə yaradıcılıq ünsiyyətimizin qurulmasında hər ikimizin də şəkili olmasının rolu olub. Çox mehriban, qayğıkeşş, ideal dərəcədə xeyirxah insandır. Allah can sağlığı versin. Mənə həmişə ana, böyük bacı qayğısı göstərir. Ondan yerdən-göyə qədər razıyam. Ramiz müəllimin ciddiyyəti, səmimiyyəti, sadəliyi və təbiiliyi təkrarsızdı. Nə yaxşı ki, Allah məni belə böyük sənətkarlara rast gətirib, onların məktəbindən keçmişən.

 

-        Muğamlardan hansını daha çox sevirsiniz?

 

-        “Hümayun” mənim ən sevimli muğamımdır.

 

-        Deyəsən, axı, “Hümayun” çox az oxunan muğamdır..

.

-        Bu, onun çətinliyindən irəli gəlir. Elə ona görə də mənə əzizdir. Amma, bu, yeganə səbəb deyil. Bu muğamda hardansa naməlum, əlçatmaz bir məkandan, ilahi başlanğıcdan süzülüb gələn bir enerji, bir kədər var.

 

-        Sənətdə kədərimi çox sevirsiniz?

 

-        Sənət qəmlə yoğrulub, amma insanın qəlbindəki kədəri əritmək məqsədi daşıyır. Müğnninin səsindəki kədər dinləyicinin qəlbində sevincə çevrilir.

 

-        Hazırda nə üzərində işləyirsiniz?

 

-        Baba Mahmudoğlu ilə birlikdə Şəfiqə Axundovanın “Gəlin qaya”sı operasını hazırlayırıq. Burada baş rolu – Gülbaharı oynayacam.

 

-        Özünüzdəki hansı cəhətləri bəyənir, hansıları bəyənmirsiniz?

 

-        Bəyəndiyim cəhətim düzgünlüyümdür, yalanı sevmirəm. Bəyənmədiyim cəhətim ifrat sadəlövhlüyümdür. Heç kəsin xətrinə dəymək istəmirəm. ümumən, insanda incəliyi, zərifliyi, nəzakəti çox sevirəm.

 

-        Deyilənlərə görə, hər toy dəvətini qəbul etmirsiniz...

 

-        Qohum toylarını çox yola vermişəm. Düşəndə, toydan imtina etmirəm. toya getməyə də əskik bir iş kimi baxmıram. Yaşamaq, dolanmaq lazımdır. Aldığımız cüzi maaşla bu mümkün deyil. Camaat qarşısına çıxan adamın xərcləri çox olur. Bir paltarı iki dəfə geyinən müğənniyə tamaşaçı birtəhər baxır. Amma opera müğənnisi üçün toya getmək bir az problem yaradır. Toy müğənnini mikrafona alışdırır. Opera tetrında isə mikrafonsuz oxuyursan. Odur ki, tamaşama iyirmi-otuz gün qalmış toylara getmirəm.

 

-        Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-        Bu, çətin sual oldu (xeyli düşündükdən sonra) səsim onsuz da mənimlə gedəcək, oğlumu götürərdim.

 

-        Arzu edirəm ki, Ramazan sizin sevginizə layiq övlad kimi böyüsün.

 

-        Sağ olun.

 

 “Ədəbiyyat və incəsənət”

(26.12.2023)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.