Səni özümdən də qoruyacağam - HEKAYƏ Featured

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Yenə günlərdən cümə idi. Hava hələ qaralmamışdı, amma artıq axşama doğru gedirdi. Şirkətdə işlərimi bitirməyimə çox az qalmışdı. Həm moto ustası, həm də  sevdiyim qız imkan versəydi bitəcəkdi tezliklə. 

Usta durmadan zəng edirdi, mən isə telefonu məşğula atırdım. Bir həftədir məni gözləyirdi, çünki motomun normal vəziyyətdə olmadığını, əgər təmirə aparmasam tezliklə yolda qalacağımı, hətta ailəmin mənim məzarıma güllər gətirəcəyini deyib hədələyirdi məni. Mənsə, sanki çoxdandı elə bunun arzusundaymışam kimi vecsizliklə yola verib keçirdim. Halbuki deyildim. Arzusunda olduğum başqa bir şey var idi. Başqa biri... Fidan... Sevgilim. 3 il öncə təsadüfən məhv olmuş, uçqunların altinda qalmış həyatıma daxil olmuşdu, həyatımın birdəfəlik özünə çevrilmişdi. İndi isə ondan bir saniyə belə ayrı qalmağı düşünə bilmirəm. Ömrümün uzun bir qismini onsuz keçirtmişdim və mən bu əksikliyin fərqində belə deyilmişəm illərdir.

Yenə bir mesaj, arxasıyca 3 saniyə  keçməmiş bir zəng... 

Ehh, səbirsiz sevgilim mənim. 

Fidana bir azdan geyinib çölə çıxacağımı dedim. İşlərimin necə keçdiyini soruşmaq yerinə ilk sualı “necə gələcəksən” oldu, amma ona istədiyi cavabı yenə vermədim və həmişəki kimi taksi ilə gələcəyimi dedim. Həmişəki kimi yenə deyinməyə başladı. Mənə küsmələrini, uşaqlıqlarını sevirdim, amma bu mövzuya gələndə deyinmələri məni yorurdu. Nə qədər izah etsəm də, qorxduğumu bildirsəm də dediyini deyirdi. 

+Bircə dəfə, nolar bircə dəfə gəl moto ilə gəzək. Çox şey istəmirəm ki səndən. Elə hərəkət edirsən, elə bil canını mənə ver deyirəm... 

- Qorxuram Fidan, niyə başa düşmürsən? Canımı istə verim, amma sənə görə qorxuram, yoxsa çoxdan motoyla qapınızda dayanmışdım.

+ Eeee, başqa vaxt deyirsən elə sürürəm, belə gedirəm, mənə çatanda qorxursan. Nəysə, nə deyirsən elə olsun, ya da yaxşısı, get o sevimli kompüterinlə oyna, gəlmə heç.

- Demişəm oyun deyil o, işdi iş. Programlaşdırma sözünü 19 ildi eşitməmisən? Qaldı ki, motoya, sürə bilirəm,  müsəlman. Nöqtə ilə də mesaj yazma mənə, xanım əsəbləşib, guya indi ciddi nəsə deyirdəə bizə.

+ Yaxşı, yaxşı, nolar başlama yenə dastan danışmağa, susdum, sən deyən olsun. Gələndə xəbər elə düşüm aşağı

- Yaxşı, çıxıram yarım saata.

Öz sürücülüyümə güvənim tamdır, amma sevgilimi təhlükəyə ata bilməzdim. Taleyin  necə gətirəcəyini bilmədiyimdən qorxurdum. Nə qədər yaxşı sürücü olursan ol, təcrübəsiz biri ilə yanaşı zolaqdasansa hərşey onun əlində idi. Çünki təcrübəsiz insanlar qeyri-müəyyən hərəkətlərinə görə toyu yasa çevirə bilirlər. Üstəlik, məndə sadəcə bir ədəd kask var idi. Yəni birimiz yolu əcəllə çiyin çiyinə gedəcəkdik və mənim inadçı sevgilim sürücü mən olduğum yerdə əsla mənim təhlükədə olmağım riskini qəbul edib o kaskı taxmazdı. Yəni əcəlin qucağında yol getməyə razı olardı və mən bunun olmasından çox qorxurdum. 

Fidanın bitməyən narazılıqları birdən-birə bütün məntiqimi alt-üst etdi, bir dəyişiklik edib motonu çalışdırdım. Həmişəki kimi S1000RR-ın səsi yenə bütün məhəlləyə yayılmışdı. Bu səs dünyada sevdiyim ən gözəl səs idi. Fidanın səsindən sonra...

Fidangilin məhəlləsinə çatanda gəldiyimi dedim. Həmişəki kimi ayaqqabılarımı geyinirəm dedi və 25 dəqiqəyə endi aşağı. 100% makyaj edirdi. Yanımda gözəl görünmək istədiyini desə də hər halı ilə gözəl olduğunu izah edə bilmirdim. 3 il əvvəl tanış olduğumuz kimi qumral saçlı, qəhvəyi gözlü mələyim idi. Daha gözəl necə ola bilərdi ki? Mələkdən daha gözəl ola bilərdi?

Aşağı endi, motonun avazı yetdiyi qədər qaz verib səsini bütün məhəlləyə eşitdirdim. Fidanın üzündə həm qalibiyyətin gizli sevinci, həm də təəccüb var idi. Amma tam da təxmin etdiyim kimi, əsla susmadı və sözünü ilişdirərək "deyəsən sürməyi öyrənmisən" deyib arxama keçdi. Üzündəki o uşaqca gülüş məni də güldürdü. Əynimdəki bronijileti çıxarıb ona geyindirdim. Yola çıxdıq. Ən sevdiyi yerə-dağüstü parka gedəcəkdik. Yolumuz aeroportun yanından keçirdi. Sportiv bir motom olsa da yavaş sürməyə çalışırdım. Yeni moto tapa bilərdim. Amma yeni Fidanı əsla...

Fidan elə qucaqlamışdı ki məni, içimdən "ölsəm də elə indi, burada, bu qollarda ölüm" dedim birdən. Bu duamın belə tez qəbul olacağını isə bilməmişdim, hiss etməmişdim.

 Fidan dayanmadan bərk sürməyimi, hava qaralmadan çatmaq istədiyini deyib dururdu. Təbii ki, bunlar bəhanə idi, mənim dəli sevgilim adrenalin və sürəti çox sevir və hiss etmək istəyirdi.

Aeroportda eniş-qalxış zolağı ilə yan-yana olanda təyyarənin birinin sürət yığdığını gördüm. Fidana sürət nədir öyrətmək istədim birdən, içdən bir ah çəkib ən soldaki zolağa keçdum, sürəti qaldırmağa başladım. Sürətölçər saatın saniyə əqrəbindən belə daha sürətlə çevrilməyə başlamışdı. Təyyarəni geridə qoymuşduq. Amma qarşıda bizi təyyarədən daha böyük şeylər gözləyirdi və biz ora son sürətlə gedirdik. Uzaqdan sayrışan işıqlar görürdüm.  Qəza olmuşdu. Yavaşlamaq istədim, amma artıq çox gec idi. Mən vaxtında getmədiyim ustaya içimdən lənət oxumağa başlamışdım artıq. Tormozlar xarab olmuşdu və qəza yerinə yaxınlaşmağa davam edirdik. "Hərşey bitdi" dedim içimdən. İlk dəfə bu qədər çarəsiz hiss etdim özümü. İlk dəfə aciz qalmışdım. Tək olsam əsla üzülməzdin, amma, yanımda can parçam vardı və birazdan hərşey bitəcəkdi. Hər şey...

+Belə sürə bilirsənsə niyə daha əvvəl moto  ilə gəzmirdik? Qorxuram deyib durmaqdan başqa da nəsə edə bilərmişsəndə, demək ki…

-Birazdan daha fərqli şeylər görəcəksən. Amma əvvəlcə kaskı tax, nəfəsimi kəsir- deyib kaskı ona verdim.

Fərqli şeylər görəcəkdi qurban olduğum gözləri. Vuracaqdım onu. “Qadına şiddətə yox” aksiyaları keçirdən sevgilimi qorumaq üçün vuracaqdım. Həm də var gücümlə. Kaskı taxdığından əmin olub gülərək ona son sualımı verdim. Son sual... “Adrenalinə hazırsan?” Onun ciyiltili səsindən qışqıraraq “hə” sözünü duyar duymaz motoya sonuncu dəfə qaz verib motonun ön təkərini qaldırdım. O qədər qaldırdım ki moto raket kimi dimdik yuxarı baxırdı. Həm də Fidanın kürəyi yerə yaxınlaşırdı. Qəza yerinə çatmağımıza 100 metr kimi bir məsafə qalmışdı. Qəzanı rahatca görürdüm. Benzin tankeri aşmışdı. Xoşbəxtlikdən partlayış olmamışdı. Ən azından o ana qədər. "Məni bağışla, səni sevirəm" deyib var gücümlə Fidanı dirsəyimlə vurub asfalta attım. Sürüşməyə başladı, amma hərəkətlərinnən sağ olduğu bəlli idi. Qarşıya baxıb özüm üçün son bir şans axtarırdım. Gördüyüm tək şey amma tankerin çəlləyi oldu. Tanker partladı, mən isə o partlayışın təsiri ilə son nəfəsimi verdim.

 

Gözlərimi açdığım yer nə bir xəstəxana otağı idi, nə məzarlıq. Mən gözlərimi ruh olaraq açmışdım. Gözlərimi Fidanın yatağının başında açmışdım. Və mənə bir vəzifə verilmişdi. Sağkən qoruya bilmədiyim sevgilimin qoruyucu mələyi idim artıq mən. Mənə görə vicdan əzabı çəkən, ölümümdən özünü günahkar tutan qadını qanadlarım altında tutmalıydım artıq. Onu diri-diri öldürdüyüm kimi sağaltmalı, yaşatmalıydım. Mənsizliyə yox, həyata məhkum etməliydim. 

Getdiyi hər yerdə izləyirdi ruhum ruhunu. Mələk olacaq qədər günahsız deyildim. Amma o bir mələk tərəfindən qorunmağa layiq olacaq qədər məsum idi. Və Tanrı mənim sevgimə etibar etmişdi. Onu mənə əmanət etmişdi. 

O elə hey ağlayır, mən elə hey izləyirdim. Mən ona ömürlük bir əzab buraxdım. O artıq heç kimi sevə bilmir, motolara, maşınlara yaxın gedə bilmir, sürəti sevmir, hətta aeroportlardan qorxurdu. O isə mənə bir ömürdən daha böyük bir sevgi vermişdi. Mən sonsuzluğa qovuşmuşdum və sonsuzluğa qədər sevəcəkdi ruhum ruhunu. 

Səni sevirəm, iki gözümün çiçəyi. 

Səni hər zaman qoruyacağam. 

Özümdən də qoruyacağam...

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.