POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Kimnən soruşum...” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. 

 

Kimnən soruşum...


Ya dağılıb, ya da itib –

Yerini kimnən soruşum?

Bu yol salan niyə edib

Əyrini – kimnən soruşum?

 

Bu dünya bir qərəvəlli –

aşırıbdı çox heykəli,

ölənlərin yeri bəlli,

dirini kimnən soruşum?

 

Bu həyət niyə dadsızdı?

Alim niyə savadsızdı?

Bir sualım cavabsızdı,

birini kimnən soruşum?

 

Yarımcan oldu Qarabağ,

vaxt verdiyi Qərara bax!

O, Savalan, bu – Dəlidağ...

sirrini kimnən soruşum?!

 

həsrət çəkib hönkürürəm,

cığırlardan yol hörürəm,

dayazı özüm görürəm,

dərini kimnən soruşum?

 

Üfüqlərdə od qalandı,

qaranlığa nur calandı,

xırda sorğum cavablandı:

irini kimnən soruşum...

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2013)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.