“Mənim Qiyaslı kəndim” – POETİK DÜŞÜNCƏLƏR

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Mənim Qiyaslı kəndim,

De, evimiz necədi?

Kim çıxır ağaclara,

Həyətimiz necədi?

 

Xallı, qara, ağ gilas...

Ağacların dururmu?

Söyüdlərin qoynunda

Quşlar yuva qururmu?

 

Həyətlərin xalısı

Bənövşəli, nanəli.

Qoynu güldən naxışlı,

Zəncirotu, laləli.

 

Uzanıb məxmər gülü

Pəncərədən baxırmı?

Bağçamızın içindən

Sular şır-şır axırmı?

 

Qoynu gülüstan kəndim,

Sənin qoxun başqadı.

Sənin göyün, buludun,

Varın-yoxun başqadı.

 

Güllə dəydi köksünə

Ağaclar yaralandı.

Yerdə uşaqlar uçdu,

Göydə quşlar dayandı.

 

Görüşdük hospitalda,

Oğlu çox yaralıydı.

Qonşumuz Gözəl xala,

Görən, indi hardadı?

 

Badam xalanın qızı

Xocalıya köçmüşdü.

Şəhid oldu dünyası,

Dərdi dillərə düşdü.

 

Biz də səndən aralı

Yollar yorğunu olduq.

Çadırda, vaqonlarda,

Sonra yataqxanada

Üzünə həsrət qaldıq.

 

Gün gələcək bitəcək

Bu həsrət, bu qüssə-qəm.

Darıxma, gözəl kəndim,

Hələ ölməmişəm mən!

Hələ ölməmişik biz!

 

İndi mənim kəndimin təməli qoyulub. Təsəvvür edirsiniz, doğulub boya-başa çatdığım, atam bu kənddə şəhid olan, iki qardaşım yarımcan qalan, 30 ilə yaxın yuxuda gördüyüm, həsrətiylə yanıb-töküldüyüm, adına nəğmə qoşduğum kəndimin təməlidir bu... Özü də, bu xəbəri əziz Prezidentimizin doğum günündə - dekabrın 24-də aldım. Həm də, kəndimizin təməlinin doğum günündə Müzəffər Ali Baş Komandanımın özü qoyduğunu eşitdim.

Min yaşa, sevimli, qalib Prezidentim!

Bu günlərdə qədim, doğma Xankəndi şəhərində ilk futbol matçının keçirilməsinin sevinci, sonra da dünyaya gözlərimi açdığım kəndimin təməlinin qoyulması xəbəri, daha bundan gözəl nə ola bilər. Sevinc sevincə qarışıb. Şükür sənə, İlahi!

Düzü, hər kəndin, şəhərin təməli qoyulanda düşünürdüm ki, görəsən bizim kəndimizdən nə vaxt bir xəbər olacaq. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, yenilməz ordumuzla, şəhid verərək, qazi olaraq bütün dünyaya görk kimi qazandığımız bu möhtəşəm Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda necə böyük quruculuq işlərinin aparılmasının hamımız şahidiyik. Sanki illərlə çəkdiyimiz həsrətə, ağrı-acıya məlhəm kimi bir an, gecə-gündüz demədən dövlətin böyük qurub-yaratmaq, qayıdış proqramına uyğun olaraq hərə üzərinə düşən vəzifəni canla-başla yetrinə yetirməyə başladı.

Müharibədə dəmir yumruq kimi birliyimiz bu torpaqlarda qurub-yaratmaq əzmində də öz əksini tapdı. O gündən kənd sakinlərinin düşmənin xarabalığa çevrirdiyi ocaq yerimizdən çəkib göstərdikləri videoya baxa-baxa qalmışdım. Evimizdən, həyətimizin yerindən bir işarə, bir nişan axtarırdım...

Çünki o torpaq bizimdi, biz onu qanımızla suvarmışıq. Canımız-qanımız bahasına geri almışıq. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdu, o ancaq öz torpaqlarının sahibidi. Ermənilər bilirdilər ki, biz bir gün mütləq öz torpaqlarımıza sahib çıxacağıq. Ona görə də, yurdumuzu özlərinə yuva bilib gülüstana çevirmədilər. Əksinə, az qala onun torpağını da daşıyıb İrana, Fransaya aparsınlar. Axı onlara necə insane demək olar ki, Allahın yaratdığı bulaqların ağzını qapamağa çalışdılar, ağacların kökünü yandırdılar, dilsiz-ağızsız heyvanlara əl qaldırdılar, qəbiristanlıqları taladılar. Heyvanı, bitgini yerindən, quşu göyündən eləyəndə Yaradanın qəzəbindən qorxmadımı bu namərdlər? Bax bu da onlara cavab, elə buna görə də müqəddəs torpaqlarımız onların ayağı altında durmadı, zir-zibil kimi beləcə kənara tulladı. Necə deyərlər, özgə atına minən tez düşər. Allahın səbri böyükdür, şükür bu günə...

Torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmancasına ömrünü Vətənə bağışlayan Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allahdan qəhrəman qazilərimizə şəfa diləyirəm. Yaşasın güzlü Azərbaycan Ordusu, var olsun, adını qızıl hərflərlə tariximizə yazdıran Müzəffər Ali Baş Komandanım!

Hamı ona “Can!” dedi,

“Bu müqəddəs an” dedi,

“Can, Azərbaycan!” dedi

Ali Baş Komandanım!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.