“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin şeirlərini təqdim edir.
Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.
Yumurtanın ağ divarın
Ana eşqiylə dəldiniz.
Sizlər də ananız kimi,
Yetim dünyaya gəldiniz.
Ananızı qınamayın,
Sanmayın sizi atdılar.
Onları da atanız tək,
Buğda ilə aldatdılar.
Atanızın ayaqların,
Qarmaqlara bağladılar.
Yerə baxan başlarını,
Biçaq ilə dağladılar.
Onun səhər avazıyla,
Narın-narın süzmədiniz.
Mahnımızın kölgəsində,
Məğrur-məğrur gəzmədiniz.
Saxta ana qucağında,
Uyumadan, oyandınız.
Boyaqçının qarşısında,
Öksüz-öksüz dayandınız.
Əlvan-əlvan boyalarla,
Kimliyizi dəyişdilər.
Boyaqçılıq sənətilə,
Səadətə yetişdilər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)