“Ədəbiyyat və incəsənət” istedadlı gənc yazar, ədəbiyyatşünas Ramil Əhmədin öz yeni “Abşeron yarımadamı” kitabına yazdığı sözönünü, yaxud p.s-i təqdim edir. Bu, həm də kimlik krizi barədə düşüncələrdir.
Tənhalıq insanın həyatında başqa bir adamın olub-olmamasından asılı deyil. İnsan onu dinləyib-anlayacaq adamların az olmasından tənhalaşır. Bu ruhsal tənhalıqdır. Qəribədir ki, çoxlu adamların içində tənhalıq daha da dərinləşir.
“Abşeron yarımadamı” kitabımda vurğulanan məna yaşadığımız çağda insanın tənhalığı və ünsiyyətsizliyidir. Bu gün ünsiyyət üçün sosial şəbəkələr var, amma ünsiyyətin özü yoxdur. Mənə elə gəlir, biz dəyərlərimizi yaxşı mənimsəməmişik. Özümüzü başqalarıyla müqayisə edirik. Məsələn, deyirik, Bakı monoton şəhərdir, ruhsuzdur və s. Halbuki yaradıcı adam üçün rəngsizliyin, ruhsuzluğun özü də yaradıcılığa çevrilməlidir və mən düşünmürəm ki, Bakı rəngsiz şəhərdir. Abşeron həm ədəbiyyat, həm rəssamlıqda böyük mövzudur. Axı bu şəhərdə sevir, darıxırıq, insanı, insanlığı burada tanıyırıq. Bu duyğuları bu coğrafiyada yaşayırıq.
Çağımızın ən ciddi məsələlərindən biri kimlik krizidir. Üstəlik, buna Şərq-Qərb konteksində baxanda önümüzdə başqa bir mənzərə açılır. Məncə, Qərb istəyir ki, bizim milli rənglərimiz solsun və hamı bomboz qloballaşma deyilən şeyin içində əriyib getsin. Qərbin birrəngli modelindən deyil, Şərqin çoxrəngliliyi, çoxsəsliliyindən yanayam. Əslində, kütlə Qərbə yox, Qərbin bizə özünü təqdim etdiyi və həqiqəti əks etdirməyən Qərb modelinə aşiqdir. Bu gün idellaşdırdığımız Qərb illuziyadır. Yüz il bundan qabaq türk aydınları Fransada bunu gördülər və qayıdıb Osmanlı kültürünə sahib çıxdılar. Bizim aydınlarımız - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli və s. da bunun fərqinə vardılar və milli kimliyimizi qorumaq uğrunda mübarizə apardılar. Bu gün isə məlum olur ki, qələm adamlarımız, fikir adamlarımız kütləvi fikrin, çoxluğun diktəsi ilə yaşayırlar və onları forma, bəzəklə aldatmaq asandır. Dərk edənlərimizin səsini eşidən, eşitmək istəyən yoxdur...
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)