“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
23-cü hissə
Yeni həyata başlamaq
Gülgün Rəşid müəllimin ayırdığı maşınla Ülkərin dalınca gəldi, Bayıla getdilər. Orada Rəşid müəllim onları gözləyirdi. Axunddar küçədə yerləşən öz həyət evində onların kəbinini kəsdi. Məscidə getməyi Rəşid müəllim istəməmişdi, kiminsə görə biləcəyindən narahat olmuşdu.
Elə həmin gün gecə Rəşid müəllimin Namiq adlı sürücüsü Ülkərin dalınca gəldi ki, onu hotel otağına – Rəşid müəllimlə ilk zifaf gecəsi yaşamağa aparsın.
Ülkər arxada əyləşmişdi, salon güzgüsündən ona odlu-odlu baxan sürücünün baxışlarından narahat olurdu.
Hotel otağında Rəşid müəllim əla süfrə açdırmışdı, şampan partladıb badə-badəyə toqquşdurdular, birgə həyatlarının sağlığına içdilər.
-- Sən, həqiqətən, mənim qadın idealımsan. Xoşbəxtəm ki, səni tapmışam.
-- ...
-- Bu gözəlliyi Tanrı necə yaradıb? Sizin rayonu mən gözəllər diyarı elan edirəm.
-- ...
-- Sən ən gözəl qadınsan. Xasiyyətin də ipək kimi mülayimdir. Kül o ərin olmuş kişinin başına ki, sənin kimi mələkdən vaz keçib.
-- ...
Rəşid müəllim Ülkərin ata-anasının, tanışlıqlarına bais olmuş Gülgünün, bir qədər sərxoş olduqdan sonra (şampanı araqla qarışdırmışdı) növbəti badəni hətta Madarın sağlığına içdi, dedi, o köpəyoğlu səni boşamasaydı, biz indi əsla qovuşa bilməzdik.
Sonra iri, enli, pərqu yatağa saldı Ülkəri. Həyatında iki kişi olmuşdu, birinci ilə yataq münasibətləri tamamilə zövqsüz olmuşdu, gah sərxoş, gah nəşəli, gah yorğun gələn, robot kimi tezbazar “işini görüb dərhal da xoruldayan” Madarla yataq bölüşmək ona əsl işgəncə olmuşdu. İkincidə bu münasibətlər həzzvericiydi, Rasimə simpatiyası vardı, bir-birinin bədənlərindən ləzzət duya-duya sevişirdilər. Bax, indi isə Ülkər özünü bu yaşlı adamla xeyli narahat hiss edir, aralarında baş verən prosesin tez bitməsini arzulayırdı.
Rəşid müəllim elə həmin o Bayıl ərazisində yeni tikilmiş çoxmərtəbənin altıncı mərtəbəsində Ülkəri ikiotaqlı mənzilə köçürtdü. Ülkərin anası ilə vidalaşıb yeni mənzilə köçməsi mənzərəsi çox toxundurucu oldu.
Zöhrə qızının yaşlı kişiylə yaşamasını həzm edə bilmirdi, kişinin bağışladığı evdə yaşamaqdan da qəti imtina etdi.
-- Sən bir çirkabdan çıxıb birinə batmağının fərqindəsənmi? Atan yaşda kişi səni xoşbəxtmi edəcək? Onun varına, puluna niyə aldanırsan axı? Evində yavan çörək ye, amma başını uca tut.
-- Ana, niyə məni başa düşmək istəmirsən? Mənim nə yaşım var ki, ömrümün sonuna kimi tək yaşamağa qərar verim? Mənim də sevgiyə, tumara, nəvazişə ehtiyacım var. Üstəlik də dəstəyə, maddi təminata ehtiyacım var. Hələ ömrümün az hissəsini yaşamışam, indidən məğlubiyyətlə barışıb niyə özümü puç eləyim ki? Bəs mənim gül balamın axırı nə olar onda? Rasim uşaq idi, razıyam səninlə, uşaq əqli ilə anasından yox, məndən vaz keçdi. Amma Rəşid müəllim ki yetkin bir şəxsdir, böyük vəzifə sahibidir, nüfuzlu birisidir. Onun da ana sözü ilə məndən vaz keçəcəyi məsələsi gündəmdə deyil axı.
Beləcə, Ülkər qızı Aylini yeni mənzilə gətirdi. Zoğalı rəngli çamadanını komodun üzərinə qoyanda kövrəldi, dedi, mənim vəfalı dostum, sən bu ünvanda mütləq xoşbəxt olacaqsan, bu qədər bədbəxtlik yetər!
Aylin bu gen mənzildə ayrıca otaq yiyəsi oldu, ona çəhrayı mebel gətirilib quraşdırıldı, ayrıca yazı masası, hətta lövhəsi də var idi. Otağından eyvana adlayır, maşınlar şütüyən prospektə baxır, skaypla rəfiqələri ilə danışır, təzə mənzillərini onlara nümayiş etdirir, fərəhlə anasının boynuna atılırdı.
Rəşid müəllim Ülkərin üç yüz əlli manat maaşa görə həftənin beş günü səhərdən-axşamadək işləməsinə dərhal son qoydu, onu işdən çıxartdırdı. Ülkərə arzusuna görə bir qadın salonu açdı. Həmin qışda sevgili cananını Dubaya apardı, yayda Bodruma.
Dubay möcüzə idi, Ülkər bu gözəllikləri ağzıaçıq seyr edirdi, o vaxt Dubaya ilk gəlişində kimsə ona desəydi ki, illər sonra sən gəlib burada fahişəlik edəcəksən, inanardımı? Dilindən vurmazdımı?
Dubaya Aylini aparmamışdılar, məktəb vardı, məşğələlər vardı, uşağı təhsildən ayırmaq qəti olmazdı. Amma yayda Bodruma üçlükdə getmişdilər. Egey dənizinin maviliyində Ülkər sanırdı ki, keçmişinin bütün ağrı-acılarını yuyub tökür. Ona elə gəlirdi ki, Aylini çiyninə alıb gəzdirən, onlar üçün hər cür əyləncə təşkil edən bu kişi onun xoşbəxtlik açarıdır.Gah hava şarında uçur, gah gəmi kruizinə çıxır, gah diskotekaya, konsertlərə gedirdilər. O yay Bodrumda Səda Sayanın konsertinə gedib xeyli məmnun olmuşdular.
Səda Sayan da Səda Sayandır. Bu meqaulduzun canlı-canlı konsertində olmaq az iş deyil. Məşhur “Gecələr” mahnısının ifası bütün zalı coşdurmuşdu, hamı ayaqda idi.
Sensizligi yaşarken,
Nerelere gideyim,
Her kes gülüp oynarken
Ben senin derdindeyim.
Ah geceler, sensiz geceler,
Kabus kibi çöker geceler.
Ayrılıklar vurur beni,
Sabahları dar geceler...
Rəşid müəllim iri bir gül buketi bağlatdırmışdı, onu da Aylin aparıb Səda Sayana vermiş, şəkil çəkdirmişdilər.
Salon işlətmək isə Ülkər üçün bir ayrı xoşbəxtlik idi. Ülkər salondan ayda nə qədər pul götürürdü, üstəlik, hər ay Rəşid müəllim ona iki min dollar xərclik verirdi. Ülkərə maşın almaq istəyirdi, amma Ülkər maşın sürməyə həvəsli olmadığına görə onu ora-bura Namiq aparıb gətirirdi.
Allah mərdimazara lənət eləsin, onlar hər addımda adamın qarşısına çıxırlar, onu kölgə kimi izləyirlər. Allah, görəsən, bu pisləri, bu murdarları niyə xəlq edir? Bu qədər yaramazlıqları niyə axı bir adamda cəmləyir, görən?
Bu Namiqi hansı ana doğmuşdu? İlk baxışda adi adam təsiri bağışlayan bu kəs nə qədər üfunətli birisi imiş? İdmançı olmuşdu əvvəllər, bədənindən əzələli olduğu dərhal duyulurdu. Çox kor-kobud, nataraz birisi idi. Ədəb-ərkanın nə olduğunu bilmirdi. Sanki bu insanın beyni, düşüncəsi yox idi.
Bir dəfə Namiq Ülkərə kompliment dedi, Ülkər bunu cavabsız buraxdı. Növbəti dəfə Namiq “Atan yaşda kişidə nə tapmısan axı? Mənim kimi simpatyaqa ilə yəni seks yaşamağın gözəlliyini dadmaq istəmirsən? Seksin hər çalarını eləyək, elə ləzzət yaşadım ki sənə” kəlmələrindən qeyzə gəldi, Namiqin üstünə çəmkirdi.
-- Utanmırsan? Sənin anan-bacın yoxdur ki, qarşındakı hər qadına yataq təklif edirsən?
Namiq də qəzəbini boğa bilmədi:
-- Anam-bacımın adını dilinə gətirmə. Sən yönlü qadın olsaydın, vara-dövlətə görə atan yaşda kişinin altına yıxılmazdın.
Ülkər həmin gün Rəşid müəllimdən xahiş etdi ki, bir də Namiqi sürücü qismində onu aparmağa yollamasın. Səbəbini “çox deyingəndir” deyə izah etdi. Kaş ki, o vaxt deyəydi əsl səbəbi.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)