Səni unutmadıq!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün onun vəfat etməsinin növbəti ildönümüdür. Onu şərəflə anırıq! 

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.

Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.

 

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı:

Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

“Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı".

Onun boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkirdi. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu. Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. 1992-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. Ondan müsahibə götürəcəkdi. O, evdən hərbi forma geyinib çıxmışdı. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi, ön cəbhədə oldular, əsgərlərlə təmas qurdular. 

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30–14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir. 

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir. Bax belə bir acı sonluq. 

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.