Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazıçı, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin yeni hekayəsini təqdim edir. Yazıçı özü hekayəsinə oxucu münasibətini bilməkdə maraqlıdır və oxucularına səslənərək deyir: “Əziz dostlar! Təzə hekayəm təqdim edilir. Təsadüf olunan həyat hadisəsidir.  Qısa olduğundan oxunmağına cəmi dörd-beş dəqiqə vaxtınız gedər. Fikirləriniz mənim üçün çox dəyərlidir. Öncədən təşəkkürlər”

                                                                        

 

ƏN BÖYÜK ARZUDAN DAHA BÖYÜK                                                        (hekayə)

 

Musa müəllim gündən qorunmaq üçün indi həm asta yerişlə, həm də ağacların yola saldığı kölgə ilə getməyə çalışırdı. Günün bu cür qızmar istisi onun səhhətinə çox pis təsir edirdi. Bunu özü də yaxşı bilirdi, amma  çarəsi yox idi. Səhhəti ilə bağlı xahiş edib məktəbin səhər növbəsində cəmi bir neçə saat dərs götürmüşdü. Günortaya yaxın dərslərini qurtarıb evə qayıdırdı və bu vaxt    da günün isti çağına düşürdü. 

Musa müəllim əlli ilə yaxın idi ki, vaxtilə özünün də təhsil aldığı məktəbdə müəllim işləyirdi. Riyaziyyatdan dərs deyirdi. Zahirən çox zəhmli görünsə də çox tələbkar idi, vəssəlam. Əslində daxilən çox sadə, həlim, bir az da kövrək adam idi. Əlbəttə, şagirdlər onun yalnız zəhmli və tələbkar sifətləri ilə tanış idilər. Musa müəllimdən “əla” qiymət almaq müşkül məsələ idi. Onun yüksək qiymət verməkdə xəsis olduğunu hər kəs, hətta özü belə yaxşı bilirdi və bunu şagirdlərin xeyrinə etdiyinə də daxilən əmin idi. Amma bu qiyməti alanlar da vardı və onlar riyaziyyat fənninin bilicisi olduqlarına əmin idilər.

Musa müəllim indi gün istisində addımladıqca istidən daha çox bu ildən dərs deməyə başladığı sinifdə çox bəyəndiyi şagirdi Fatehlə aralarında olan söhbətin təsiri altında idi. Uzun illərin təcrübəsindən və bələd olduğu şagird psixologiyasından bilirdi ki, şagirdlər adətən hər cür yolla müəllimdən yüksək qiymət almağa çalışırlar. Fatehlə bağlı məsələ isə təcrübəsində  ilk dəfə idi. 

Əvvəl onun hərəkətini təvazökarlıq kimi qəbul elədi, sonra bunu özündən razılıqla, daha sonra isə xarakterindəki tərslik və inadkarlıqla bağladı. 

Bu gün bir neçə dəqiqə davam edən söhbətdə Fatehin yalvararaq xahiş etməsi onu düşünməyə vadar edirdi. ”Niyə bu qədər inad etsin? Niyə halal haqqını almaqdan ciddi-cəhdlə imtina eləsin? Bu inadının səbəbini niyə açmaq istəməsin?” Cavabsız suallar Musa müəllimi daxilən narahat etməyə başlamışdı. Artıq Fatehin bu hərəkətinin əhəmiyyətli bir söhbət və ya hadisə ilə bağlı olduğuna əmin olmağa başlayırdı. Qərarı isə qəti idi: uşağın valideynləri ilə görüşüb söhbət etməli idi.

Əslində Musa müəllim Fatehin ailəsini yaxşı tanıyırdı. Babası Səfərlə gənclik dostu olmuşdular. Səfər Milli Ordunun ilk zabitlərindən olmaqla birinci Qarabağ müharibəsində də iştirak etmişdi. Ancaq amansız xəstəlik ucbatından dünyasını tez dəyişmişdi. Oğlu İlham isə onun şagirdi olmuşdu. Xatirində zəif şagird kimi qalmışdı. Yadındadır ki, İlham ondan ilk dəfə “dörd” qiymət alanda  uşaq sevinci ilə ağlamışdı. İlham təhsil almadı, elə fəhləliklə başını qatdı. Sonralar usta kimi həyət-bacalarda işləməklə ailəsini dolandırırdı. Fateh isə tam fərqli bir uşaq idi. Ondakı savad, düşüncə, təhlil etmək qabiliyyəti diqqəti cəlb edirdi.  Xaraktercə də yaşından böyük təəssürat  doğururdu. Bütün hallarda Fatehin hərəkətlərinə aydınlıq gətirmək istəyi Musa müəllimin düşüncəsinə tam hakim kəsilmişdi. Bu istidə onlara hökmən baş çəkməli, bir riyaziyatçı olaraq bu məsələnin cavabını tapmalı idi! 

 ...Musa müəllimin səsinə qapıya Fatehin anası Həlimə çıxdı. Həlimə gözlərinə inanmayıbmış kimi çaşıb qaldı. Birtəhər özünü ələ alıb “dağdan ağır kişi”ni, vaxtilə ona da dərs demiş Musa müəllimi həyətdə qarşıladı. Salam-kalamdan sonra sevimli müəllimini evə dəvət elədi. Musa müəllim salamlaşıb həyətdəki talvara tərəf yeridi.

- Ev isti olar, qızım. Elə həyətdə oturaq, üç-beş dəqiqəlik söhbətim var, - dedi.

Həlimə qaçaraq evə girdi, sonra əlində bir neçə nimdar ilə eşiyə çıxıb, talvara sarı   yüyürdü. Musa müəllim oturmağa macal tapmamış o, nimdarın birini stulun üstünə qoydu. Musa müəllim yaşına xas bir ağırlıqla stula oturdu. Həlimə nə edəcəyini bilmir, çaşqınlıq içində Musa müəllimə baxırdı. Birdən ayılmış kimi dilləndi:

 - Musa müəllim, bir-iki dəqiqəyə Sizə çay gətirirəm.

Belə deyib getmək istəyəndə Musa müəllim əlinin işarəsi ilə onu yanındakı stulda oturmağa dəvət elədi.

 - Qızım, heç nə lazım deyil. Beş-altı kəlməlik söhbətim var. –Susdu və tez də,- Bəs İlham evdə yoxdur?- deyə soruşdu.

 - Xeyr, işdədir, Musa müəllim.

 - Eybi yox, bu söhbəti elə səninlə də edə bilərəm. İlham gələndə dediyimi ona çatdırarsan.

Həlimə sual dolu baxışlarla Musa müəllimə baxırdı. Musa müəllim həyətdəki meyvə ağaclarını, çəpər boyu  göz oxşayan rənbərəng gülləri xoş bir təbəssümlə  nəzərdən keşirəndən sonra diqqətini Həliməyə yönəltdi və sözə başladı.

 - Həlimə, qızım, indiyə kimi təcrübəmdə rast gəlmədiyim bir məsələ ilə bağlı gəlmişəm. Demək, oğlunuz Fatehə artıq  üç aya yaxındır ki, dərs deyirəm. Bu uşaqdakı riyaziyyata olan həvəsi, istedadı görmək məni valah edir. İndiyə kimi bəlkə də tək-tük şagirdlərimdəndir ki, mən  ona “əla” qiyməti həvəslə  yazıram. Amma hər dəfə Fateh məni son dərəcə təccübləndirir. Səbəbini desəm sən də inanmazsan.

Həlimənin yanaqları qızardı. Gözlərinə gələn parıltı anındaca nəmləndi. Utancaq baxışlarla başını aşağı dikdi. Onun bu halını Musa müəllim tutsa da bunu Həlimənin onun dedklərinə bir ana sevgisi ilə yanaşmasında gördü. Musa müəllim sözünə davam etdi:

- Bilirsiniz, Fateh hər dəfə məndən xahiş edir ki, ona “əla” yox, “yaxşı” qiymət yazım. 

 Həlimə artıq əməlli-başlı doluxsunmuşdu. Bir neçə saniyə sonra yanaqlarına süzülən göz yaşlarını əlinin arxası ilə silməyə başladı. Anasının bu hərəkəti Fatehin hərəkətindən daha qəribə görünürdü. Musa müəllim mat-mətəl qaldı. Sonra daha nə deyəcəyini, nə edəcəyini sanki unutdu. Yaxşı ki, Həlimə özünü ələ aldı və qüssəli bir səslə Musa müəllimin narahatçılığına son qoydu.

 - Musa müəllim, səbəbini mən bilirəm.- deyə o sinə dolusu ah çəkdi. Sanki  boğazını qubar tutdu. Udqunub, sözünə davam etdi. - Hər dəfə dərsdən sonra  Fateh sizinlə olan söhbəti mənə danışırdı.

 Musa müəllim səbrini basa bilmədi:

 - Bəs səbəbi nə imiş?

 Həlimə artıq toxtamışdı. O, üzündəki kədər hiss olunsa da, bunu sezdirməyəcək bir səslə :

 - Atası Fatehə deyib ki, əgər sən Musa müəllimdən “əla” qiymət ala bilsən, mən sənə çoxdan arzusunda olduğun velosipedi alaram. Velosied Fatehin böyük arzusudur. Fateh artıq sizdən bir neçə dəfə “əla” qiymət alıb, amma  o, atasına “yaxşı” qiymət aldığını deyib. O bilir ki, atasının o velosipedi almağa pulu yoxdur. Amma velosipedi çox istəsə də atasının əzab çəkməsini heç istəmir.

- Necə yəni...–Musa müəllim heyrətləndi.

- Hə, hə, müəllim... O, atasını çox sevir...çox!    

Musa müəllim qalxdı, oturdu, sonra bir də qalxdı və nə deyəcəyini bilmədən çiyinlərini çəkdi. Daha sonra isə onun  gözlərinin kənarındakı qırışları yığıldı, üzündəki təəccüb ifadəsi xoş bir təbəssümlə əvəz olmağa başladı. Hətta qürur hissi ilə köks ötürdü.

 - Amma mən hər dəfə jurnala Fatehin halal qiymətini yazmışam,- dedi. 

Həlimə xanıma ehtiram əlaməti olaraq başını tərpətdi və başqa bir söz demədən  həyət qapısına tərəf getdi.

Günün istisi indi Musa  müəllimə heç təsir eləmirdi.   

                                                                                                                                                            (Lənkəran.                                                                                                              14 aprel 2024-cü il)

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı... Gəncə. Mart. 1918-ci il.

Nuru paşa at belində Qafqaz İslam Ordusu zabitləri ilə birgə Gəncəyə daxil olur...

Yol boyu onu salamlayan gəncəlilər...

Aşıqlar yol kənarlarında saz çalırlar.

Gənclər yallı gedirlər...

Xan bağının qarşısı qələbəlikdir...

Xan Xoyski, Xudadat bəy Rəfibəyli və digər Gəncə zi­ya­lıları Nuru paşanı salamlamaq üçün at belində dayanıb­lar....

Nuru paşanı qarşılayan Gəncə müsəlmanlarının üzlərin­də sevinc var...

Qəfil erməni məhləsindən top səsi eşidilir.

Sazlar susur...

İnsanların sevinci qorxu ilə əvəzlənir...

Top səsinə Nuru paşa da dayanır. Top atışlarının davamlı olub-olmamasını öyrənmək istəyir...

Topun susduğunu görüb onunla yanaşı atını çapan Nazim bəyə gülə-gülə:

– Nazim bəy, ermənilər də məni salamlayırlar, – deyir.

Nazim bəy də gülümsəyir...

Bircə anda insanların üzlərinin ifadəsi dəyişir...

Nuru paşanın gülüşü onları toxtadır...

Şəhər Azərbaycan və Osmanlı bayraqları ilə süslənib...

İnsanların üzündə gülüş və göz yaşları eyni vaxtda görünür...

Küçələrdə əsgər marşları ifa olunur...

Qafqaz İslam Ordusunun azsaylı əsgəri hərbi marşla küçələrdən keçir...

Rusların işğal etdiyi Türkiyənin şərq vilayətlə­rin­dən gəti­rilmiş yetim uşaqlar da türk əsgərlərini qarşılayanlar arasın­dadır. Onların osmanlı çocuqları ol­maları geyimlərindən bəlli olur. Qəfil o yetim uşaqlardan biri atasını görüb tanıyır və bərkdən qışqırır.

Uşaq: – Baba... Baba... Benim, Mehmetcan... Seni çok özledim! Baba, her gece seni düşünerek uyuyorum.

Türk əsgəri də kütlə içindən onu səsləyən uşağını tanıyıb ona doğru qaçır...

Türk əsgəri ilə uşağı qucaqlaşırlar...

Türk əsgəri: – Yavrum... Mehmetcanım... Sen bura nasıl geldin? Annen nerededi?

Uşaq: – Annemi kayb etdik, baba... Gencede... öksüzler evindeyim.

Bir gəncəli qadın bu səhnəyə ağlayır...

Ağlayan kim, gülən kim, sevincindən Qafqaz İslam Ordusunun zabitlərini qucaqlayan kim...

Atından düşüb qarşısı qırmızı xalılarla döşənmiş binaya daxil olan Nuru paşanı foyedə Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Məmmədbağır bəy Şeyxzamanlı qarşılayır. Nuru paşa onu qarşılayanlarla görüşüb hərbi təzim edir. Nuru paşaya əlində qılınc tutmuş Nəsib bəy Yusifbəyli yaxınlaşır...

Nəsib bəy Yusifbəyli: – Qafqaz İslam Ordusu Azər­baycan türklərinin dövlət qurmasında, türk kimi mövcud olmasında əvəzsiz qüvvə olacaq. Bizləri döyüşkən orduya çevirəcək. Dövlət hüdudlarını yaradacaq. Coğrafi ərazimizi vətən edəcək. Siz bura gəlməsəydiniz, bizi ermənilərlə bolşeviklər yer üzün­dən siləcəkdilər, paşam. Bunun üçün onlara silah və səlahiyyət də verilmişdi. Oyunu siz pozdunuz. Sizə və Ənvər paşamıza can borcumuz var.

Nuru paşa: – Əsgərsiz paşa olmaz, Nəsib bəy. Əs­gərlərim sizlərsiniz. İrəlidə yüzlərlə savaşımız var. Ba­kını işğaldan azad edəcəyik. Uzun illər dövləti olmayan xalqa sizlər və dil uğrun­da savaş edən ziyalılar dövlət olub. İnşallah, dövlətimiz olacaq. Dövlətin təməli milli ordudur. Mən milli ordunu yaradacam. Eşitmişəm səriştəli generallarınız da var.

Nəsib bəy Yusifbəyli: – İcazə verin bu qılıncı xalqım adın­dan sizə təqdim edim. Vuran əliniz həmişə var olsun, paşam.

Nuru paşa ona hədiyyə edilən qılıncı alıb yavərinə verir.

Nuru paşa: – Sizin könüllülər haqqında çox eşit­mişəm. Mənə bir az zaman verin, ordumuzla fəxr edəcəyik, – deyir.

Nuru paşa və ətrafındakılar binaya daxil olurlar.

Nuru paşa və ətrafındakılar onlara göstərilən yerlərdə əyləşirlər.

Kiçik zalın pərdələri açılır.

Şərti səhnədə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça ifa olunur. Məcnun ənə­nəvi şərqli qəmi ilə yanıqlı-yanıqlı muğam oxuyur. Qəfil səhnəyə hərbi şinelli bir adam daxil olur. O, Məcnun rolunun ifaçısından susmasını xahiş edir.

Hərbi şinelli adam: – Bu gündən kədər yetər, bəylər... Bu hava bizi yazıq edir. Mən Üzeyir bəyin qardaşı Zülfüqar bəy Hacıbəyliyəm. Bu gündən Gəncə­basardan üzü o yana savaşla azad edəcəyimiz torpaqla­rımızda şəhid düşəcək və ya qazi olacaq ərlərimizi hərbi marşlarla ağırlamalıyıq. Qəm yetər. Savaş zamanıdır, bəylər. Qalib millətin nəğmələri heyratı üstə olmalıdır.

Zala toplaşanların hamısı ayağa qalxıb hərbi marş ifa edir...

İri planda Məcnun rolunun ifaçısı da hərbi marş oxuyur...

Xorla oxunan hərbi marş:

 

Şu qarşıdakı duman çıxan bacadan

Sən gəlmədən iniltilər çıxırdı...

Geciksəydin, məzlumların fəryadı

Yeri, göyü, kainatı yıxardı...

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə...

 

Səs keçidi...

 

 “Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

 

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. 

Bir müddət susdum, sonra durub bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq, ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanında mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. 

Hə... harada qalmışdıq?! 

Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də, axı iyirmi ilin təmiridir. 

Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. 

Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik, həkimə də getməliyəm. Nəysə... Bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum.

Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim…

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Aprel ayının 21-də Beynəlxalq Muğam Mərkəzində tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

 

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilən kitabda  Orxan Fikrətoğlunun həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələri və novellaları yer alıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab olduqca maraqlıdır. Bunu bir müddətdir ki, portalımızda dərc edilən “Kinocizgilər”dən hissələrin yüksək oxunma sayı da sübut etməkdədir.

Təqdimat mərasimində yazarın qələm dostları, kino və ədəbiyyat xadimləri,  ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Tədbir saat 16.00-da başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

 

 

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.

 

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.

Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş lirik şeirinin dərcini davam edir. 11 gündə sizlərə Azad Yaşarın təqdimatında 65 şeir təqdim ediləcək.


“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

7

 

Bürüyüb dörd yanımı

nəfəsin xoş halətək.

Hara baxsa gözlərim,

gül hüsnünü görəcək.

 

Qəm dəryamda hər gecə

sənsən batan, qərq olan.

Sənsən – sübh günəşitək

orda doğan, doğulan.

 

 

8

 

Bizim yaylaqlara bahar gələndə

günəşin nəfəsi əridər qarı.

Çəmənlər xalıtək çiçəkləyəndə

ağaclar göstərər tumurcuqların.

 

Əriyən qar suyu basar yamacı,

yağış da səngiməz ilk bahar çağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

Yerin buz örtüyü sel olub axar,

dağda bulaqların gözü açılar.

Hər tərəf yamyaşıl don geyinəndə

meşəni rayihə başına alar.

 

Yaşıl dərələrə dolar qoxular,

açılar göyün də qaşı-qabağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

Yadıma sahildə qoşa gedərkən,

sevgindən bülbültək dil-dil ötərkən 

səni uzun-uzun öpdüyüm düşür.

Soyuq günlərdə də isidib, yəqin,

ruhunu alovu həmin öpüşün.

 

Zirvədən tökülən gur şəlalələr

sanki qovuşdurar göylə torpağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

 

9

 

Mənəmsə cahanın ən bəxtəvəri,

nə fərqi – bu dünya dönür, ya dönmür?!

Məqsədə gedərkən hər bəndə fərqli

yol seçir... və onu gedir bir ömür.

 

Bir can hayındadır zahid özü də,

sanır, onu Tanrı belə yaradıb.

Əlüstü paylarkən nemətlərini

və diktə edərkən xislətlərini

yaxşıya-yamana məhəl qoymayıb,

hər bəndənin ömrün-günün qaraldıb.

 

Mənsə baş qoymuşam yarın kuyinə

bu şirin nəğməmi yazdığım dəmdə.

Gözlərim doymazkən onun hüsnündən

mey qədəhi peyda olur əlimdə.

 

Şərabı daddıqca mən udum-udum,

ağlım da üstümə, geri qayıdır.

Etiraf edirəm:

“Hər şey bir yana,

dünyada mey və eşq – cənnət payıdır”.

 

 

10

 

Kəsilmir bağçada ahı-naləsi

başını çiyninə qısan bülbülün:

“Nə olsun, nəğməmin min bir rəngi var?!

Nə olsun, gözəldir, xoş ahəngi var?!

Əgər qurtulmasam bu dar qəfəsdən,

mən necə görərəm hüsnünü gülün?!”

 

Qızılgül gülşəndə yırtır sinəsin:

“Ömrüm necə şadman keçsin belədə?!

Nə olsun ki, hüsnüm zərifdir, xoşdur?!

Nə olsun, ətrimdən aləm sərxoşdur?!

Niyə qulağıma çatmır bülbülün

nəğməsi, naləsi axı hələ də?!”

 

Buna Mirzə Şəfi qoyur nöqtəni,  

deyir: “Hər ikiniz bir hovur susun,

Gül! Sənin ətrinlə qoy dolsun hər yan.

Bülbül! Sən də onu mədh et durmadan.

İkinizin şövqün mənim ilhamım

özünə hopdursun, yaysın, qorusun”.

 

 

11

 

Geyib əlvan donun yenə əyninə,

gəldi bahar bizim obaya-elə.

Hər il pişvazına çıxardım onun –

o gözəl dostumun piyalə ilə.

 

İndi gizlənirəm...

Züleyxam yoxdur,

gülləri süzürəm çarəsiz kimi.

Çünki sevgilimdə tapırdım yalnız

mən öz vüsalımı, səadətimi.

 

 

12

 

Avam olma, inanma ki, dərd-bəla

adəm oğlun nəcib, mömin eyləyər.

Heç inanma xəncərə düşən paslar

bir gün onu iti qılar, teyləyər.

 

Kim görüb ki, lildən su bərrak olar?!

Kir-pasdan qurtulan… yalnız pak olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim yazıçı, naşir Arslan Bayırdır.

 

-Salam Arslan Bayır bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

-Antalyadanam. 1958-ci ildə Antalya vilayətinin Alanya rayonunun Bayır kəndində anadan olmuşam. İbtidai məktəbi kənddə, orta məktəb və liseyi isə Alanyada bitirmişəm. Ali təhsilimi Pamukkale Universiteti Təhsil İnstitutunda, bakalavr təhsilimi Əskişəhər Anadolu Universitetinin türk bölməsində bitirmişəm. Türkiyənin müxtəlif şəhərlərində sinif müəllimi və türkcə müəllimi işləmişəm. İndi təqaüdə çıxmışam. Kitab yazarıyam. “Baygenç Yayıncılık” ilə “Güncel Sanat” jurnalının idarə edirəm.

 

-Ədəbiyyata marağınız nə zaman başladı?

 

-Ədəbiyyata marağım ibtidai sinifdən başlayıb. Bu arzum orta məktəb və lisey təhsilimdə də davam etdi. Universitetdə bir az daha inkişaf etdi. Müəllim işləyərkən diqqətimi cəmlədim və kitablarım çap olunmağa başladı. Bu, təqaüdə çıxdıqdan sonra da davam etdi və sağlamlığımız imkan verdikcə belə də davam edəcək.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-Hekayələr, şeirlər, araşdırmalar, uşaq ədəbiyyatı və səyahət sahələrində 36 kitabım nəşr olunub. Tezliklə buna roman da əlavə olunacaq. Bu il daha 3 kitab nəşr etməyi planlaşdırmışam.

 

-Yayınçılık işləriniz və dərginiz haqqında bilmək istərdik əgər mümkünsə.

 

-“Güncel Sanat” jurnalımız nəşr həyatına 2008-ci ilin ikinci yarısında başlayıb və avqust ayında 16 il olacaqdır.

Nəşriyyatımız “Baygenç Yayıncılık” 2013-cü ildə ortaqlıq ilə fəaliyyətə başlayıb. Sonradan nəşriyyatı öz üzərimə keçirərək 2015-ci ildən bu işi davam etdirirəm. Türkiyədən və dünyanın müxtəlif ölkələrindən ədəbi əsərlər çap etdirirəm. Hekayələr, şeir məqalələri, araşdırmalar və elmi kitablar kimi. Özbəkistan, Qazaxıstan, Azərbaycan, Bolqarıstan, Serbiya, Almaniya, İraq, Hollandiya, Fransa, Danimarka, Rumıniya və Rusiya indiyə qədər əsərlər çap etdirdiyimiz ölkələrdir, lakin tezliklə onlara yeni ölkələr də əlavə olunacaqdır.

“Güncel Sanat” jurnalımız, yuxarıda qeyd etdiyim kimi, nəşr həyatına 2008-ci ildə başlayıb. Hazırda 51 ölkədən əsərlər nəşr olunur. 46 ölkədə nümayəndəmiz var. Başda öz dilimiz Türkcə olmaq üzrə başqa ölkələrdən gələn əsərləri müəllifin, şairin öz dilindən çap edə bilərik. Təbii ki, başqa ölkələrin dillərindən əsərlər türk dilinə tərcümə edilərsə, Türkiyədəki oxucularımız onları daha asan başa düşərlər. Bundan əlavə, hər bir şairin, yazıçının əsərlərini öz dilində çap edə bilərik. Onlar da bundan razı qalırlar.

 

-Türkiyədə mütaliə (okuma) sizi qane edir mi?

 

-Təəssüf ki, indiki mütaliə dərəcəsi məni çox da sevindirmir. Çünki dünyanın hər yerində olduğu kimi, elektron media çoxaldıqca oxucu sayımız da bir az azalmağa başladı, amma yenə də deyə bilərəm ki, kitab baxımından mütaliə üçün yaxşı mühitdəyik, amma jurnal baxımından elə deyilik. Jurnal oxucuları çox xüsusi olduğu üçün hər kəs onu oxumur və getdikcə azalır. Bu bizi kədərləndirir.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi? 

 

-Azərbaycan ədəbiyyatını kifayət qədər izləmisinizmi deyə soruşsanız, bəli deyə bilmərəm. Bunun bir çox səbəbləri var. Biz bu qədər yaxın iki qardaş ölkəyik, baxmayaraq ki, çox ölkələrdə olmuşam, amma sizin ölkəyə gedə bilməmişəm. Bir dəfə dəvət vəd olundu, sonra pandemiya başladı və gedə bilmədim. Mən bütün ölkələrə Mədəniyyət səfiri kimi dəvətlə getdim. Bundan sonra da belə olacaq. Mən bir çox azərbaycanlı yazıçıları dəvət etsəm də, onlar məni əvət etmədikləri üçün gedə bilmədim. Halbuki mən Azərbaycan yazıçılarının türk dilinə tərcümə edilmiş çoxlu əsərlərini oxumuşam. Bəzi şair və yazıçıları tanıyıram. Onların bəziləri ilə xüsusilə Türkiyədə və başqa ölkələrdə simpozium və konfranslarda bir yerdə olmuşuq. Əhməd Cavad, Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə... kimi klassikləri də qeyd etmək olar.

 

-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir və əlaqələriniz necədir?

 

-Bir yazıçı və naşir kimi həm Türkiyədə, həm də digər ölkələrdəki yazıçılarla çox yaxşı ünsiyyətim var. Məsələn, Azərbaycandan Anarla bir neçə dəfə görüşüb söhbət etmək imkanım olub. Qırğız yazıçısı Cingiz Aytmatovla tanış olmuşam. Bu kimi müxtəlif ölkələrdən çoxlu insanlarla əlaqə saxlayıram. Bəzilərini şəxsən tanıyıram, onlarla danışmışam, indi də danışıram, yazışıram; bəziləri ilə internet vasitəsilə tanış olub danışıram, bəziləri ilə isə yazışaraq əlaqə saxlayıram.

Onların böyük əksəriyyəti ilə həmrəyəm. İstər Türkiyədə, istərsə də başqa bir şəhərə, ölkəyə gedəndə otellərdə deyil, yazıçıların evlərində qalıram. Səbəbini soruşsanız, daha isti münasibət saxlayırıq. Ona görə də yazıçılarla yaxşı ünsiyyətim var.

Təbii ki, başqa ölkələrə və ya Türkiyənin şəhərlərinə birlikdə getsək, otellər prioritet olub. Çox istiqanlı insanam, mühitə tez uyğunlaşır, yazıçılarla anlaşıram.

Məni Azərbaycandan belə bir müsahibəyə daxil etdiyiniz üçün sizə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Biz ki unutmuşduq ilk məhəbbəti

Ah, bu qəfil görüş kaş olmayaydı. 

Mənim gözlərimdə eşqin həsrəti, 

Sənin gözlərində yaş olmayaydı. 

 

Mən də bəxtiyaram, sən də bəxtiyar, 

Bəs bu həsrət nədir, bu məlal nədir? 

Saxlama, qoy gedim, 

                                     gözləyənim var, 

                                                Gedimmi? 

Bir hə de, o sual nədir? 

 

Dayanma qarşımda günahkar kimi, 

Mən ki, günahını bağışlamışam. 

Hələ qəlbi geniş adamlar kimi, 

Sənin toyunu da alqışlamışam. 

 

Niyə zilləmisən gözlərini sən? 

Mənə əvvəlki tək baxma, amandır. 

Mən ki əl çəkmişəm məhəbbətimdən 

Qəlbimi odlara yaxma, amandır. 

 

Peşiman olmağın nədir əlacı? 

Yüz fikir bir borcu ödəməz indi. 

Mən sənə qardaşam, sən mənə bacı, 

İlk eşqə tapmısan bir əvəz indi. 

 

Yanmasın, ulduzum tez yanıb sönsə, 

Vədəsiz şadlığı istəmirəm mən. 

Özgənin eşqinə göz dikməkdənsə, 

Həsrətin qoynunda can verərəm mən. 

 

Sevin, əzizləyin bir-birinizi, 

Ayrılıq diləsəm dilim lal olsun. 

Qolboyun, mehriban görəndə sizi, 

Mənim şair könlüm qoy xoşhal olsun. 

 

Şirin söz eşitsəm dodağınızdan, 

Bilin ki, sədası ürəyimdədir. 

Gəlsə körpə səsi otağınızdan, 

Hər xeyir-duası ürəyimdədir. 

 

Pozmaram bir evin birliyini mən, 

Görsəm ev yıxılır, gedib quraram. 

Əl əldən soyusa, ürək-ürəkdən, 

Sizi eşqinizə qovuşduraram. 

 

Nə peşiman ol, nə qəlbbini sıx, 

Çətindir, o günə qayıtmaq, çətin. 

Əvvəli sevincdir, sonu ayrılıq, 

Taleyi gətirmir ilk məhəbbətin. 

 

Qoy bu ürək sözüm getməsin hədər:

Məni sevirsənsə, ismətini sev.

Mən səni bir vaxtlar sevdiyim qədər,

Sən də öz ərini qismətini sev. 

 

Biz ki unutmuşduq ilk məhəbbəti

Ah, bu qəfil görüş kaş olmayaydı. 

Mənim gözlərimdə eşqin həsrəti, 

Sənin gözlərində yaş olmayaydı. 

 

Bu gün şair, tərcüməçi, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anım günüdür. 

Tofiq Bayram 1934-cü il dekabr ayının 16-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayan Tofiq Bayram sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir. 

O, Aleksandr Tvardovskinin “Üfüqlərdən-üfüqlərə”, dünya xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə” toplusu, Rasul Həmzətovun “Durnalar” və “Dostları qoruyun” adlı şeir kitablarını, A.Puşkinin “Mosart və Salyeri”, A.Tvardovskinin “Yaddaşın hökmü”, A.Axmatovanın “Rekviyem” poemalarını, habelə İspan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini, həmçinin Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının ən gözəl sənət əsərlərini seçərək, onları dilimizə tərcümə etmişdir. 

Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir. 

Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının  Əmircan  kəndində  dəfn olunmuşdur. 

Gəlin şairin ən ölməz, ən unudulmaz misralarına kiçik bir səfər edək. 

 

Ay gecikən məhəbbətim! 

 

İllər boyu səni gəzdim,

Ay gecikən məhəbbətim!

Sən yubandın, mən tələsdim,

Getdi gənclik təravətim,

Ay gecikən məhəbbətim! 

 

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim! 

 

Saç ağartdım bu yollarda,

Harda idin, söylə harda?!

Bir yarpağam son baharda,

Saralıram yetim-yetim,

Ay gecikən məhəbbətim! 

 

Sən əzabsan, göz yaşısan,

Bəxtimin son naxışısan,

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim! 

 

Gəl ki, sənsiz ürək bir daş.

Poz qanunu, sədləri aş.

Sevə-sevə öləydim kaş,

Sən olaydın vəsiyyətim,

Ay gecikən məhəbbətim! 

 

Bir könül var, əmanətdir,

Acısı da şirin dərddir.

Bir qadına xəyanətdir,

Bir gözələ sədaqətim,

Ay gecikən məhəbbətim! 

 

Cəzan varsa, verən gəlsin,

Könlü hicran görən gəlsin.

Məcnun gəlsin, Kərəm gəlsin,

Desin, nədir qəbahətim,

Ay gecikən məhəbbətim! 

 

Bir xəstəyəm, əlacım sən,

Bir koram, əl ağacım sən,

Görüşünə əl açım sən –

Gəl ol mənim son qismətim,

Ay gecikən məhəbbətim!

 

 

Azərbaycan deyəndə 

 

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə. 

 

“Hər ölkəyə, hər elə,

Olsun hörmət”, deyirəm.

“Vətənindir, vətənin,

İlk məhəbbət”, deyirəm.

“Onun şöhrət tacıdır,

Şe’r-sənət” deyirəm.

Mən vətənə, “Füzuli,

Abbas Səhhət” deyirəm!

Mən vətənə, “Sabiri

Doğan qeyrət”, deyirəm!

Mən vətənə, “Üzeyir,

Müşfiq, Səməd”, deyirəm!

“Günəş kimi müqəddəs

Bir həqiqət”, deyirəm,

Azərbaycan deyəndə.

“Dünya məni dinləsin,

– Diqqət, diqqət!”,

deyirəm.

Azərbaycan deyəndə! 

 

Azərbaycan deyəndə,

Ləpələr şairləşir.

Anaların bətnində,

Qara gözlü körpələr

Pələngləşir şirləşir.

Azərbaycan deyəndə,

Müdrik qocalar kimi

Dağlar da fikirləşir.

Azərbaycan deyəndə

“Haralısan?” sualı,

Verənlərə ar olur.

Qeyrətlilər birləşir,

Qeyrətsizlər xar olur

Azərbaycan deyəndə! 

 

Dostdan sovqat, muştuluq,

Düşməndən bac alaram,

Azərbaycan deyəndə!

İşıq sütunu kimi

Sabaha ucalaram,

Azərbaycan deyəndə!

Körpüləri, səddləri

Sinəmlə parçalaram.

Sərhəd məftillərində,

Bu kobud əllərimlə

Bir muğamat çalaram,

Azərbaycan deyəndə! 

 

Azərbaycan! – Bu nida

Qayaları silkələr.

Sal daşların köksündə

Çiçək bitər, gül bitər.

Azərbaycan deyəndə,

Təbim coşar, sel gələr,

Sanma şöhrət pərdəsi,

Ürəyimi kölgələr,

Azərbaycan deyəndə.

Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr,

Azərbaycan deyəndə! 

 

 

Qadın ürəyi 

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi. 

 

 Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi. 

 

 Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi. 

 

 Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi. 

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi. 

 

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdənE

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi. 

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində

Nalədir, fəğandır qadın ürəyi. 

 

Ömrə zinət verən, səadət quran,

Kişi ürəyini nurla dolduran.

İsməti bir nəsli göyə qaldıran,

Eşqə hökmrandır qadın ürəyi. 

 

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!

 

 

Qarabağı vermərəm! 

 

Bütün aləm danışır

mənim səxavətimdən,

Dostlara pay verəndə

bahasını verərəm.

Qonağa süfrə açıb

öz halal nemətimdən,

Evimin ipəyini,

xarasını verərəm.

Lazım gəlsə yolunda

keçib, can sərvətimdən

Çıxarıb ürəyimin

parasını verərəm.

Kimlər ki, şəfqət tapır

öz ana təbiətimdən

Dərman kimi dağların

havasını verərəm.

Fəqət dağı vermərəm,

Mən heç zaman dönmərəm.

Fikrimdən, niyyətimdən,

lazım gəlsə, gözümün

Qarasını verərəm,

Qarabağı vermərəm!

Əgər yer-göy dağılıb,

dönsə baharım qışa

Parça-parça doğranıb,

yem olsam da qurd-quşa

Allah da göydən enib,

başlasa yalvarışa

Qara keşiş yumşalıb,

Kərəm ilə barışa

Göyçə gölü birləşib,

Göy-gölümlə qarışa

Yüz-yüz çaya Turşsutək

bir bulağı vermərəm

Mən canımı verərəm

Qarabağı vermərəm!

Bu necə qonşuluqdu,

üzük mənim qaş onun?

Mən öz başımdan keçim

çiynimdəki baş onun?

Torpağımdan pay verim

olsun könlü xoş onun?

Bu Qarabağ nə vaxtdan

məskəni olmuş onun?

Əli sınsın tarixi

belə düzüb, qoşanın.

Gözüm yoxdur üstündə

bircə qara daşının

Ağ dumanlar gəlinlik

duvağıdır Şuşanın.

Mən gəlinin üzündən

o duvağı vermərəm.

Namusum, ismətimdir

Qarabağı vermərəm!

Bu nə oyundu? - deyib

Vaqif qalxar məzardan,

Məqbərəsi od tutub

əriyər intizardan.

Lənət daşı yağdırar

Xan qızı daş hasardan.

Görən Üzeyir bəyə

çatıbdır bu səs hardan,

Qarabağın çənidir

tunc heykəli bozardan.

Nərə çəkir Koroğlu

cəngi çalır saz hardan.

Qıratdımı şığıyan

göyə qalxır toz hardan?

Çıxıb cıdır düzünə Nigar,

Xan Eyvaz hardan.

Kür burdan hay qoparır

kükrəyir Araz ordan.

Vətən satlıq mal deyil

əl çəkin bu bazardan.

Millətçilik deyilən

ən dəhşətli azardan.

Millət xilas olmasa

qurtarmaz ahu-zardan

Torpağıma girişən

Qarabağa gor eşən

Hər növ mərdi-məzardan,

cana doyub deyirəm

Əlin qopmasa ordan

köynəyim bayraq olub,

Seçilməz laləzardan,

mən əsgərəm əlimdən

O bayrağı vermərəm,

öz canımı verərəm,

Qarabağı vermərəm!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Həsənovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

TURAL RAUF OĞLU HƏSƏNOV

(15.06.1997.-31.12.2020.)

 

Əslən Laçın rayonunun Mişni kəndindən olan, Qaradağ rayonunun Sahil qəsəbəsində doğullmuş, Lənkəran Dövlət Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi  

 


                    MƏQAMI UCA TURAL

 

Şəhidlərin məqamı  ucadır  ucadan da,

Şəhidlərə tükənməz sevgi  var yaradanda.

Hər adam şəhid olmaz, şəhidlik də qismətdir,

Vətən üçün yaşamaq, ölmək də səadətdir.

 

Tural da şəhid olub bu Vətən torpağında,

Canını qurban edib ömrünün gənc  çağında.

Döyünüb sinəsində vətənpərvər bir ürək,

Qarabağ savaşında vuruşub qəhrəmantək.

 

Qırx dörd günün  hər birin hünərlə yola salıb,

Rəşadət göstərərək, Tural üç medal alıb.

Zəfər Günü  sevincin  yaşayıb  o, qalibtək,

Deyirdi, gedəcəyik  biz  Laçına sahibtək.     

 

Kafir   hiyləgərlərin  fitnəsi  saya gəlməz,

Xisləti   şeytan olan  insanlığa yüksəlməz.

Otuz dekabr günü  gəldi,  bir acı xəbər,

-Tural minaya düşüb… hamını boğdu qəhər.

 

Ümid qəsəbəsindən getmişdi igid kimi,

Dekabrın son günü qayıtdı şəhid kimi.

Bükülmüşdü sevdiyi  o  üçrəngli bayrağa,

Mələklər qucağında tapşırıldı torpağa.

 

Salam, Tural! Salamı ürəklə göndərirəm,

Şuşamızdan dərilmiş çiçəklə göndərirəm.

Heç  zaman  unudulmaz, yaşayan-saf amalla,

Xalqımız fəxr eyləyir  igid oğlu Turalla.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün də sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.

 

XXII FƏSİL

Salam, – Balaca şahzadə dedi.

Salam, – yolayıran dedi.

Sən burda neynirsən? – Balaca şahzadə soruşdu.

Mən sərnişinləri çeşidləməklə, min-min ayırıb qatarlara mindirməklə məşğulam, –yolayıran cavab verdi, – qatarların biri sola, o biri sağa yollanır.

Pəncərələrində işıq sayrışan sürət qatarları ildırım sürətiylə ötüb keçəndə yolayıranın kabinəsi silkələnir.

Onlar necə də tələsirlər, – Balaca şahzadə təəccübünü saxlaya bilmədi. Onlar belə nə axtarırlar?

Bunu heç maşinistin özü belə bilmir, – yolayıran cavab verdi.

O biri yoldan yenə də sürət qatarı ötüb keçdi.

– Onlar artıq qayıdırlar? – Balaca şahzadə soruşdu.

– Yox, bu, başqasıdır, qarşıdan gələn qatardır.

– Əvvəl olduğu yerlər belə pis idi ki?

– Bizim olmadığımız yerlərin hamısı yaxşıdır, – yolayıran cavab verdi.

İndi isə birdən üçüncü sürət qatarı hay-küy sala-sala ötüb keçdi.

Bunlar birincini ötüb keçmək istəyirlər?

– Balaca şahzadə soruşdu.

Onlar heç nəyi təqib etmirlər, – yolayıran cavab verdi. – Onlar vaqonlarda yatırlar və ya sadəcə, oturduqları yerdə əsnəyirlər. Tək- cə uşaqlar burunlarını pəncərə şüşəsinə dayayıb çölə tamaşa edirlər.

Yalnız uşaqlar nə axtardıqlarını bilirlər, –Balaca şahzadə dilləndi, – onlar adi parçadan tikilmiş gəlinciyə bütün qəlblərini verirlər, belə olduğuna görə bu əşya onlar üçün dəyərli bir şeyə çevrilir, bunu uşaqların əlindən alsan, zülüm-zülüm ağlayarlar...

Bu dünyada yalnız onlar xoşbəxtdirlər...

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.