
Super User
Həştərxanda növbəti “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı keçirilir
Avqustun 16-da Həştərxanda Rusiyanın “Mədəniyyət” milli layihəsi çərçivəsində ənənəvi “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı açılıb və festival ayın 31-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Xəzəryanı ölkələr Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın mədəniyyətini təbliğ edən festivala bu il Özbəkistan və Belarusdan da qonaqlar qatılıb.
Festivalın açılış konserti avqustun 17-də Həştərxan Kremlinin meydanında olub.
Konsertdə Rusiyanın Əməkdar artisti, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdrazakov, Rusiya və Şimali Osetiyanın Əməkdar artisti Aqunda Kulayeva, Azərbaycanın Xalq artisti Dinarə Əliyeva, Hamburq Dövlət Operasının solisti, Böyük Teatrın dəvətli solisti Dövlət Nurgəldiyev və Türkmənistandan tanınmış müğənni Ayna Seyitkuliyeva, Qazaxıstanın Əməkdar incəsənət xadimi, Astana Opera Dövlət Opera və Balet Teatrının aparıcı səhnə ustası Talqat Musabayev, İrandan viola ifaçısı, beynəlxalq müsabiqələr laureatı Amin Qafari və başqa məşhur ifaçılar çıxış ediblər.
Kabardin-Balkar Respublikasının (RF) Xalq artisti Mixail Qolikovun idarəsi ilə Xəzərətrafı dövlətlərin simfonik orkestrinin ifasında dünya bəstəkarlarının əsərləri səslənib.
Festivalın tədris proqramı çərçivəsində “Vokal akademiyası”, “Orkestr akademiyası” və “Balet akademiyası”nın açıq dərsləri keçiriləcək.
Bundan əlavə, Xəzərətrafı dövlətlərdən olan artistlərin solo konsertləri, “Rusiya – Xəzərətrafı” fotosərgisi də nəzərdə tutulub.
Festival A.S.Darqomıjskinin “Su pərisi” operasının Həştərxan Kremlində premyerası ilə başa çatacaq.
“Xəzər mövsümü” festivalı Rusiya Mədəni-kütləvi Proqramlar üzrə Direktorluğu, Həştərxan Vilayəti Hökuməti və vilayət Mədəniyyət Nazirliyinin dəstəyi, Həştərxan Opera və Balet Teatrı və Həştərxan Filarmoniyasının tərəfdaşlığı ilə təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
NİYƏ MƏHZ YEDDİ? - Nizaminin “Yeddi Gözəl” poemasına baxış
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Daşı-torpağı qızıl Vətənim, sən Qafqazın zümrüd qaşı, qədim tarixin sirdaşısan. Bu torpaq saysız-hesabsız dahilər, söz ustadları yetişdirib. Sözü sərasər deyən, qələmi qılıncdan kəskin ədibləri çoxdur Yurdumun.
Bunlardan biri əzəmət nişanəsi olan Gəncə şəhərində 1141-ci ildə dünyaya göz açan İlyas Yusif oğludur. Tarixə adını dahi Nizami Gəncəvi kimi yazmış bu sənətkar dini-dünyavi elmləri dərindən mənimsəmiş,ərəb,fars dillərini bilmiş və ömrünün sonuna kimi mütaliəsini davam etdirmişdir. Farsca yazmasına baxmayaraq, türk düşüncəsi, Azərbaycan sevgisi əsərlərində hakim düşüncə olmuşdur. Nizami böyük ədəbiyyatda öz böyüklərinin arzuladıqlarını gerçəkləşdirmişdi desək yanılmarıq. Nizaminin sözlərində Məhsəti incəliyi, Xaqani üsyankarlığı, Qətran elmiliyi, Əcəmi novatorluğu var idi. Bədii irsindən bizə gəlib çatan dəyərli sənət nümunələri arasında “Xəmsə” xüsusi yerə sahibdir. Nizamini narahat edən problemləri, məsələn, dövlətin ədalətlə idarə olunması, xalq və hökmdar, pisliklərə, şərə qarşı kəskin nifrət kimi bir sıra məsələləri öz əsərlərində əks etdirirdi. Bu mövzular özünü “Yeddi Gözəl” poemasında da öz geniş bədii əksini tapmışdır. Yeddi gözəl (Həft Peykər) Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poemadır. Hicri 593-cü il ramazanın 14-də (miladi 1197-ci il iyulun 31-də) farsca yazılmış bu mənzumə 4.968 beytdəMarağa hökmdarı Ağsunquri padşahı Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə) adı ilə tanınır. Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. İslam kosmologiyasına görə Yer kürəsi yeddi planetin mərkəzində dayanır: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturn onun ətrafında dövr edir. Bu planetlərin Tanrının bələdçiləri hesab edilirdilər və onların hərəkətlərinin yerdəki canlılara və hadisələrə təsir etdiyinə inanırdılar. Nizami dünyanın vahidliyinin hesab, həndəsə və musiqi vasitəsiylə dərk edilə bilinəcəyinə inanırdı. Rəqəmlər kainatla ünsiyyətin açarı hesab edilirdi; rəqəmlər vasitəsiylə çoxluq təkliyə, ixtilaflar isə harmoniyaya çevrilir. Nizami Şərqdə həmişə xüsusi mövqeyə malik olmuş, İslamda ilk mükəmməl rəqəm hesab edilən yeddi rəqəmini əsas motiv kimi istifadə etmişdir.Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir. Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər.
Ümumiyyətlə, Yeddi Gözəl poemasında və Nizami Gəncəvinin digər əsərlərində diqqəti cəlb edən yeddi rəqəminin sirrini müəyyən qədər izah etməyə çalışacağam. Belə ki, göyün 7 qatı, yerin 7 qatı, həftənin 7 günü, göy qurşağının 7 rəngi, insanın yeddi bədəni var, “Quran”ın “Əl-Fatihə” (kitabı açan) surəsi yeddi ayədən ibarətdir, Allah-təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir, Peyğəmbər səllallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissəlama göndərildiyi kimi yeddi il – yeddi illik aclıq – göndərməklə ona kömək etsin, Yusif peyğəmbərin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə bundan çox artırılır və s. Yeddi rəqəminin xüsusiləşdirilməsi Allah-təalanın möcüzəsi ilə bağlıdır. Dünya altı günə xəlq olunsa da, Allah-təala insanın yaradılışını yeddi mərhələdə tamamlayır. Yedinci gün hər şey tamamlanır. Həftənin də yeddi günü var.
Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır. Eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası, yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra bu münasibətlə yeddi buğa və yeddi qoyun qurban kəsmişdilər.
Qədim Yunanıstanda yeddi rəqəmi Zevsin oğlu, incəsənət hamisi Apollonun rəmzi sayılır. Apollon ayın yeddinci günü doğulmuşdu, lira çalğı alətinin yeddi simi vardı.
İslam ənənələrində cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi ifadələri məlumdur.
Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına yeddi dəfə dolanırlar. Mərhumun ruhu yeddi gün məzarının yanında olur. Təzə dünyaya gəlmiş körpəyə yeddinci gün ad qoyurlar.
Bağışlanılmaz yeddi günah mövcuddur:
1. Qəzəb, 2. Tamahkarlıq, 3. Paxıllıq, 4. Acgözlük (qarınqululuq),5. Şəhvət, 6. Xudpəsəndlik, 7.Tənbəllik
Ərəb rəvayətlərinə görə yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi. Şərqin iki çox böyük çayının - Qanqın və Nilin hər birinin 7 qolu vardır. Qədim Şərqdə 7 əsas çay - Nil, Fərat, Oks (Amu-Dəryanın qədim adı), Caksartez, Araz və Hind məlumdur. 7 məşhur dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar tərəfindən Günəş günü kimi bayram edilirdi.
Həmçinin, Sufi poeziyasında Allaha gedən yol 7 məqamdan keçir. Bunlar: 1.Tələb, 2.Sevgi, 3.Mərifət (Aşiq mürşidin yolunu tutur,davamçısı olur), 4.İstiğna (Qane olmaq deməkdir,yəni maddi aləmdən asılı olmamaq.Məsələn,Məcnun ona verilən yeməkləri vəhşi heyvanlara verir, özü isə ot filan yeyir və heç nədə gözü yoxdur), 5. Tövhid (Allahın birliyinə inam), 6. Heyrət( Aşiq Yaradanın qarşısında heyrətə düşür), 7. Pənah (Ölümdən əvvəl ölüm).
Ərəb rəvayətlərinə görə yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi.
Şərqin iki çox böyük çayının - Qanqın və Nilin hər birinin 7 qolu vardır. Qədim Şərqdə 7 əsas çay - Nil, Fərat, Oks (Amu-Dəryanın qədim adı), Caksartez, Araz və Hind məlumdur. 7 məşhur dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar tərəfindən Günəş günü kimi bayramedilirdi.
Nizami Gəncəvi bu əsərində də digərlərində olduğu kimi türkçülük idealogiyasına yer vermişdir.
Şair öz ağlı və cəsarəti ilə bütün gözəllərdən seçilən Fitnənin gözlərini vəsf edib onu «tatar gözlü,qıyıq gözlü» adlandırır. Eyni «qıyıq gözlü»” ifadəsini şair türk gözəli adlandırdığı Türknaza da aid etmişdi. «Bəhramın öz kənizi ilə dastanı» nı xatırlayaq. Ov zamanı Fitnə şahı tərifləmir. Bunu görən şah dözməyib axırda kənizindən niyə onu tərifləmədiyini soruşur:
O dedi: “Ey dar tatar gözlü,
Bizim ovu gözünə almayırsan?”
Nizaminin tatar gözlü ilə türk gözəlini nəzərdə tutması hekayətin davamında aydınlaşır. Fitnənin təqdirini qazanmaq üçün o, oxla ovun dırnağı ilə qulağını bir-birinə tikir. Fitnəsə onun bu qabiliyyətini qeyri-adi bir şey hesab etməyib, alışılmış vərdişdən törədiyini söyləyir. Hökmdarın cəzası ağır olur, Fitnənin ölüm hökmünü verir. Öz ağıl və cəsarəti ilə sağ qalan Fitnə bir müddət sonra Sərhəngin şaha verdiyi qonaqlıqda öküzü boynuna alıb 60 pilləni yüyürərək hökmdarın qarşısında dayanır. Göz-qaşla soruşur ki, mənim gətirdiyim bu öküzü kimin gücü var ki, eyvandan həyətə endirə? Şah ona cavab verir ki, bu sənin gücün yox, əvvəldən aldığın təlimin nəticəsidir. Bəhram şah həmin gözəlin əvvəlcə Fitnə olduğunu bilməsə də bir azdan onun «türk gözəli» olduğunu anlayır. Fitnənin – Ayın, türkün, tatar gözlünün qarşısında həsrətini, sevgisini etiraf edən Bəhram şah kahinləri çağırıb kəbin kəsdirir, bu ağıllı, cəsarətli gözəllə ayinə uyğun şəkildə evlənir. Fitnənin tatar gözlü, daha sonra isə türk gözəli adlandırılmasından iki qənaət formalaşa bilər: Nizaminin türk və tatar sözlərini sinonim kimi işlətməsi və müsbət məna ifadə etməsi; tatar gözlü ifadəsindən təşbeh kimi istifadə olunması. Hər iki halda müəllif tatar sözündən müsbət mənada istifadə edir. O, başqa qövmlərdən olanların gözəlliyini vəsf edəndə belə onu türkə bənzədir, türk gözəli Fitnəni isə tatar gözlü adlandırır. Orta əsrlərə aid qaynaqların bir çoxunda türk və tatar sözləri eyni və ya yaxın qövmləri bildirir.
«Yeddi gözəl»də (Birinci iqlim padşahı qızının hekayəsində) Minuda-cənnət diyarında yaşayan, qeyri-adi gözəl qızın adı Türknazdır. Onun yaşadığı məkanın cənnət kimi təsvir olunması və «Minu-cənnət» adlandırılması bu gözəli gerçək dünyadan uzaqlaşdırır və onu pərilərə yaxınlaşdırır. Türknaz aşiqləri ilə davranışında da sehrli pəri təəssüratı oyadır. Onun yanına getmək üçün aşiq quşun caynağındakı səbətdə çətin və qorxunc yollardan keçməli olur. Vüsala çatmadan geri qayıdan gənc şahzadənin dönüşü də sehrli yolçuluqla gerçəkləşir. Ayrıldığı gözəlin həsrətilə özündən əvvəlki nakam aşiqlər kimi o da qara don geyinir. Şairin Türknazı başqalarından nurlu başlanğıcla fərqləndirməsi, bu türk gözəlinin nurdan yaranmasını söyləməsi türk mifologiyasının göy oğlu inancına, seçilmiş qəhrəmanların göylə əlaqəsinə işarədir. Şairin türk qadınlarını öz ağlı, cəsarəti və igidliyi ilə kişilərdən fərqləndirməməsi, paralel təşkiletməsi, Göy mənşəli qadınlardan bəhs etməsi təsadüfi deyil. Oğuz Kağanın Göyü, Yeri öz mövcudluğunda əks etdirən həyat yoldaşını, qəhrəmanların yardımçısı olan quş cildli pəriləri xatırladan Türknaz Göy və nur başlanğıcına görə türk mifoloji dünyagörüşü ilə əlaqəlidir. Türknaz onun arxasınca gələn şahzadəyə özünü belə tanıdır:
Dedi: “Bir türkəm ki, mənə tay olmaz,
Nazənin bədənəm, adım Türkünaz!”
Nizaminin türkçülük mövqeyinin müəyyənləşməsində əsas ağırlıq nöqtələrindən olan «türki-pərizad»” qavrayışının mükəmməl modelləri kimi Şirin və Fitnə də (baxmayaraq ki, onlarda dünyəvi funksiya güclüdür) Türknaza yaxındır.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Azərbaycan Sankt-Peterburqda keçiriləcək kinofestivalda təmsil olunacaq
Avqustun 23-dən 27-dək Sankt-Peterburqda Rusiya və MDB ölkələrinin V Beynəlxalq Film Festivalı – “Lendoc Film Festival” (LEFF) keçiriləcək.
AzərTAC tədbirin təşkilatçılarına istinadla xəbər verir ki, festival beş ildir ki, “Lendok” kinostudiyası tərəfindən “Kinokultura” cəmiyyəti ilə birgə keçirilir və bu il də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət Təşəbbüsləri Fondu və Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi ilə təşkil olunur.
Son illərdə LEFF Sankt-Peterburqun mərkəzi tədbirlərindən birinə çevrilib, Rusiya ilə dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və MDB ölkələrinin kino xadimlərinin yaradıcı qüvvələrinin konsolidasiyasına yönəlib. Festivalın qonaqları arasında Azərbaycan, Belarus, Gürcüstan, İraq, Hindistan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tacikistan və Özbəkistan nümayəndələrinin olacağı gözlənilir.
Avqustun 27-də federal kanalların, rəqəmsal platformaların, film yayımı şirkətlərinin rəhbərləri, həmçinin MDB ölkələrinin dövlət kino müəssisələrinin başçılarının daxil olduqları münsiflər heyəti birgə istehsal layihələrinin pitçinqini keçirəcək. Pitçinqin aparıcısı Rəqəmsal Televiziya ASC-nin kino kanallarının direktoru İvan Kudryavtsev olacaq.
Yekun pitchinqdə prodüser dəstəyi alacaq qalib layihələrin birgə istehsalı ilə bağlı müqavilələr imzalanacaq.
“Lendok” kinostudiyası gənc kinorejissorlar və festivalın qonaqları üçün kino sənayesi peşəkarlarının iştirakı ilə bir sıra dəyirmi masalar və ustad dərsləri də hazırlayıb. Onların arasında Əli Xamrayevin ustad dərsi, “Debütə aparan yol” və “Sənədli filmlər yayım dövründə: bu gün hansı filmlərə ehtiyac var?” mövzularında dəyirmi masalar, həmçinin prodüser və operator Aleksandr Rubanovla yaradıcılıq görüşü var.
Festivalın üç müsabiqə proqramında - bədii, qeyri-bədii və “Lendocstart” tələbə filmləri müsabiqəsində münsiflər heyəti və tamaşaçılar bir sıra dünya və Rusiya premyeraları da daxil olmaqla 36 filmi qiymətləndirəcək. Nümayişlər “Lendok” kinostudiyasında, “Aurora”, “Dom Kino” və “Rodina” kinoteatrlarında, “Lenfilm” kino mərkəzində və “Kapella”da baş tutacaq.
2024-cü ildə festival ikinci dəfə beynəlxalq müsabiqə elan edib və təşkilatçılara Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, İspaniya, İtaliya, İsrail, Argentinadan 700-dən çox müraciət daxil olub.
“Lendocstart” tələbə filmləri müsabiqəsi bu il ilk dəfə keçirilir və altı bədii və səkkiz sənədli filmə bölünən iki bloka 14 ekran əsəri daxildir.
Bütün festival nümayişləri tamaşaçılar üçün pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib
Avqustun 17-də dünyada məşhur müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 82-ci ildönümü tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığı barədə danışıb, onun doğma vətəni Azərbaycana çox bağlı bir sənətkar olduğunu vurğulayıblar.
M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğu qeyd edilib.
Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 1-ci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.
M.Maqomayev 1964-cü ildə respublikanın “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə SSRİ-nin “Xalq artisti” fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Yaponiyada Qara Qarayevin piano üçün əsərləri iki dildə nəşr olunub
Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin not kitablarının çapı layihəsi çərçivəsində yeni kitab işıq üzü görüb.
AzərTAC xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bəstəkarın fortepiano üçün əsərləri yerli “Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunub. Kitaba bəstəkarın yaratdığı uşaqlar üçün fortepiano miniatürləri və digər əsərləri daxil edilib. Əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib. İlk dəfədir ki, Azərbaycan musiqiçisinin metodik tövsiyələri Yaponiyada nəşr edilmiş not kitabında verilib.
2025-ci ildə not kitabının təqdimat mərasimi, konsert, Qara Qarayev musiqisi haqqında mühazirə və açıq dərslər kimi tədbirlər nəzərdə tutulub. Həmçinin Qara Qarayevin əsərlərinin Yaponiyanın gənc ifaçılar müsabiqəsinin proqramına daxil edilməsi ilə bağlı iş aparılır.
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasının daxil edildiyi iki not kitabı yapon musiqisevərlərinə təqdim edilib. Kitablara ön sözü yapon və ingilis dillərdə bəstəkarın oğlu Fərəc Qarayev yazıb.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Azərbaycanla Pakistan turizm sahəsində əməkdaşlıq edəcək
2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
AzərTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Fərmana əsasən, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
“Öz içindən yanan bir ocağam mən…” - MİRVARİD DİLBAZİNİN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Buludlar ağladı mən ağlayanda:
Sel selə qarışdı, ay mehribanım!
Axtardım, tapmadım səni heç yanda
Yolun hara düşdü, şahım, sultanım?!
Bilmədin gözləri yolda qalan var,
Səndən könlü küsən, incik olan var.
Məhəbbət mülkündə yenə talan var,
Əksilmir başımdan çənim, dumanım!
Vaxtsız xəzan olan bir güldəstəyəm,
Səfər yaxınlaşır, mən yol üstəyəm.
Sənsiz elə qərib, elə xəstəyəm,
Daha sağalmağa gəlmir gümanım.
Bu gün xalq şairi, tərcüməçi, şərəf nişanlı əməkdar mədəniyyət işçisi Mirvarid Dilbazinin doğum günüdür.
Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan olub.
Atasnı erkən itirən Mirvarid Dilbazi 1921-ci ildə ana və bacısı ilə Bakıya köçüb qızlar seminariyasında təhsil alıb. Seminariyasını bitirəndən sonra Bir müddət Biləcəridəki onillik dəmiryol məktəbində çalışıb, 1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki rus məktəbinə dəyişilib.
1929-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində daxil olaraq təhsilini davam etdirib.
1932-ci ildə İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur.
İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım
“Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Mirvarid Dilbazinin "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib.
Bizim səsimiz” adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib.
Şairin müxtəlif vaxtlarda “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb. Əsərləri xarici dillərə tərcümə olunub. sözlərinə “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” kimi mahnılar bəstələnib.
Tərcüməçiliklədə məşğul olan xanım şair Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid xanım Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.
O, 2001-ci il iyulun 12-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Bir müəllimin manifesti - SƏNƏDLİ HEKAYƏ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi.
Tahir müəllim artıq 12-ci ildir ki cəbhə xəttində, daha doğrusu köhnə cəbhə xəttində yerləşən kənd məktəbində müəllimlik edirdi.
Tənəffüsdür, məktəbin bağındakı skamiyada əyləşib ağaclara baxırdı. Payızın günəşinin son hənirtisini üzündə hiss etdi. Günəşdən istədiyini ala bilməyən yarpaqlar həsrətdən saralır, solur və budaqlardan özlərini ataraq intihar edirdilər sanki...
Sarı xalıya dönmüş yarpaqların soyqırımı baş verirdi...
Tahir müəllim bir anda diksindi. Soyqırım kəlməsi oxa dönüb beyninə və ürəyinə batdı. Yarpaqlar ona Xocalıda yerə sərilmiş uşaqları, qadınları və qocaları xatırlatdı. Ayaqlarının altında kimsə ocaq qaladı. Həmin od yavaş-yavaş yuxarıya doğru qalxdı və bütün ruhunu, cismini sardı. Nəfəsi daraldı. Əllərini skamiyanın oturacağından tutub bir ah çəkdi. İçindəki yanğın tüstüsü ağzından çıxdı. Gözlərindən yaş gəldi. Kədərlənəndə, carəsiz qalanda həmişə belə olurdu.
....Bu 12 ildə cəbhə kəndində nələr yaşamamışdı ki? Hər gün burdan Şahbulaq dağı görünürdü. Öz-özünə deyirdi: “Göz dağı göz qabağında olar. Öz doğma kəndinə bu qədər yaxın olasan, amma gedə bilməyəsən”
Qaçqın uşaqlığı və gəncliyi şəhərdə keçsə də, doğma yurda bağlılıq,
sədaqət, vəfa borcu onu çəkib gətirmişdi bu kəndə. Halbuki imtahanda yığdığı balla şəhərdə və rayon mərkəzində işləmək şansı daha çox idi.
Hərbi xidməti sərhəd qoşunlarında çəkəndə bir neçə dəfə komandirlərinə sərhəddən səngərə getmək istədiyini demişdi.
Ancaq alınmamışdı.
Qismət belə imiş, əsgər kimi yox, müəllim kimi səngərə-cəbhə xəttində yerləşən məktəbə təyinat aldı. Ordumuz səngərdə düşmənlə, Tahir müəllim isə məktəbdə cəhalət və nadanlıqla döyüşdü. Gecə olanda qaranlığa bürünən kəndin ziyasına, işığına çevrildi...
Bu 12 ilin hər günü, hər anı bir dərs idi Tahir müəllim üçün. O, şagirdlərinə elm, təlim-təbiyə öyrədirdi, şagirdlər isə ona qorxmazlıq, dəyanət, zəhmətkeşlik və heç nəyə baxmadan xoşbəxt olmağı öyrətmişdilər.
İlk günlər siniflərə girəndə şagirdlərin,
kəndin arası ilə gedəndə camaatın ona necə sevgi və ümidlə baxdığını görəndə həm sevinir, özü ilə qürur duyur, həm də üzərinə nə qədər məsuliyyət götürdüyünü anlayırdı.
Hər an atəşkəs pozulur. Ermənilər kəndi, kənd sakinlərini atəş tuturdu. Əkin sahəsinə gedən, mal-heyvan otaran insanlar hər an snayperin qurbanı ola bilərdilər. Kəndin qəbiristanlığına doğru tunel çəkilmişdi. Qəribə idi. Elə bil kənd camaatı ölülərini dəfn etmək üçün çiyinlərinə alıb bu tunellə o dünya gedirdilər. Atəşkəs dövründən bu yana onlarla kənd sakini şəhid olmuşdu. Ən pisi isə burda ölüm adiləşmişdi. Sanki insanlar erməni snayperinə Əzrayil kimi baxırdılar. Hamı qəbul etmişdi, kimin vaxtı çatıbsa, onu vuracaqlar. Qorxu hissi yox idi, yerini müxtəlif xətəliklərə vermişdi .Böyüklərədə şəkər,
qan təziqi, xərçəng kimi xəstəliklər yaranmışdı. Ən dəhşəti ilə məktəblilər arasında da epilepsiya, şəkər xəstələri var idi.
Mübarizin qəhrəmanlığından sonra isə ermənilər daha da azğınlaşmışdılar.
Gözlərinə görünən hər şeyə atəş açırdılar.
Sentyabr ayı idi. Dərslər təzə başlamışdı. Qəfildən ermənilər kəndi atəşə tutdular. Bizim ordu da qarşılıq verməyə başladı. Tahir müəllim 6 yaşında məcbur köçkün düşdükləri kəndlərini xatırladı. Yenə kəndə od yağırdı. Tez uşaqları bir cərgə düzüb məktəbin həyətindəki yeraltı sığınacağa apardı. Əyləşib gözləməyə başladılar. Müəllim tez-tez deyirdi ki, “Uşaqlar, qulağınızı tutun, qorxmayın. Hər şey yaxşı olacaq”.
Bir oğlan gülərək qayıtdı ki müəllim, vallah biz qormuruq, narahat olmayın. Əsgərlərimiz onların payını verəcəklər. Amma deyəsən siz qorxursunuz.
Digər uşaqlar da güldülər. Tahir müəllim əllərini qulaqlarından çəkib uşaqlara qoşuldu. Necə güldülərsə, sığınacqdakı digər müəllim və şagirdlər təəccüblə onlara baxdılar. Sanki ermənilər də bu gülüşləri eşitdilər. Təəccübdən atəşi dayandılar.... Bəzən içimizdəki qorxunu qovmaq üçün onun üzünə bu cür gülmək lazımdır ki, yaxamızı buraxsın.
Bir dəfə də Tahir müəllim gördü ki,uşaqların bir neçəsi ev tapşırığını yazmır, dərsi yaxşı oxumur. Şagirdlərə xəbərdarlıq etsə də nəticə olmadı. Məcbur olub valideynləri çağırdı.
Məlum oldu ki, həmin uşaqlar kəndin ayağındakı evlərdə yaşayırlar, dərsdən sonra valideynlərə təsərrüfat işlərində kömək edirlər. Axşam olanda isə evdə nə işıq yandırmaq olar, nə də lampa. Çünki ermənilər işıq gələn nöqtələri atəşə tuturdular. Müəllim həmin evlərdə qonaq oldu. Dəhşət idi. Pəncərələrdə şüşə qalmamışdı. Pəncərəyə qalın palaz tutmuşdular. Axşam yeməyini yemək üçün zəif lampa işığında hamı yerdən oturmuşdu. Min bir zəhmətlə, zümlə qazandığın halal çörəyi öz ocağında rahatlıqla yeyə bilməmək, öz evində oğru kimi işıqsız və səssiz yaşamaq bu insanların taleyinə yazılmışdı. Burada şər meydanda at oynadırdı...
Həmin gündən Tahir müəllim həmin uşaqları dərsdən sonra saxlayıb məktəbdə sabahkı dərslərini oxudur,ev tapşırıqlarını yazdırıb sonra evlərinə göndərirdi.
Bu kəndin məktəbi I Qarabağ müharibəsi zamanı hərbi hissə olmuşdu.
Deyəsən, ermənilərin xəritəsində hələ də hərbi hissə kimi qalırdı. Çünki aprel döyüşləri zamanı birinci məktəbi vurdular. Bu, hər gün olan atəşkəs pozulması deyildi. Yer göylə birləşmidi sanki. Polis və hərbçilər kənd camaatını arxa yollalarla təhlükəsiz yerə aparırdılar. Tahir müəllim də bu axının içində gedirdi. Yaxınlığa minaatan, top, qrad mərmiləri düşürdü. Qadın, uşaq qışqırtısı, ağlaşması. Müəllimə elə gəldi ki, ermənilər Şahbulaqdan baxıb bu vahimədən həzz alırlar. Onlara gülürlər..
Müəllim yenə qayıtmışdı öz uşaqlığına... Onlar da kəndlərindən belə qovulmuşdu.
Bu od-alovun içində öz itkin düşmüş uşaqlığını xatırlamışdı. “Biz yaşamışdıq, gərək bu uşaqlar da bu dəhşəti yaşayaydı? Niyə ay Allah,niyə??? Niyə susursan? Bu körpələrin, bu insanların günahı nədir??”
Birdən piayda gedən bir ailəni gördü. Bu onun şagirdləri və uşaqların anası idi. Onsuz da müəllim maşını saxlayıb onları götürəcəkdi. Uşaqlar maşını görüb tanıdılar. Analarının əlini buraxıb maşına sarı qaçdılar. Müəllim maşını saxlayıb düşdü. Uşaqları qucaqladı.
Uşaqlar da müəllimi qucaqlaladılar: “müəllim, məktəbimizi vurdular”-deyib ağladılar. Tahir müəllim də göz yaşlarını saxlaya bilmədi. Bu uşaqların o məktəbdən başqa birlikdə vaxt keçirəcəyi, oynayacağı, əylənəcəyi, söhbət edəcəyi bir yerləri: parkları,oyun salonları yox idi axı... Başını qaldırıb qadını gördü. O çox pərişan idi. Kürəyində bir uşaq, əlləri də dolu çamadan... Yanında iki uşaq... Qadın: -Müəllim bizi də götürərsiniz maşına?, - deyə soruşdu.
Müəllim: -Ay anam,o nə sözdür? Sizə qurban olum, gəlin..gəlin..., - söylədi.
Bax beləcə 2 aprel gecəsindən keçib yenə səhəri açmışdılar.
Məktəbləri təmir olumuşdu. Yenə uşaqlar dərsə gəlməyə başladılar. Bu qısa müddətli köçkünlük nə qədər qorxulu olsa da, uşaqlar getdikləri yerlərdən xeyli xatirə ilə gəlmişdilər. Dərsdə və tənəffüsdə bir-birlərinə danışırdılar.
Ermənilərin gözünün odu alınmışdı. Atəşkəs əvvəlki kimi tez-tez pozulmurdu. Həm gülməli, həm də ağlamalıdır. Çünki bir necə gün atəşkəs pozulmayanda insanlar təşvişə düşürdülər. Kənd arasında şayiə yayılırdı. “Bu gecəni pis deyiblər”. Telefonla qonşu kəndlərdən xəbər tuturdular. Öz aləmlərində şifrəli danışırdılar: “Biz tərəfdə bu gecə hava buludludur, görəsən, dolu yağmayacaq?”
Tahir müəllim artıq məktəbdə uğurlar qazanmağa başlamışdı. 20 ilə yaxındır ki, bir şagirdi belə kollecə qəbul ola bilməyən məktəbdə canlanma var idi. Müəllim kənd camaatında sübut etmişdi ki, bütün çətinliklərə baxmayaraq, oxuyub nəticə əldə etmək olar. Tahir müəllimi görən digər gənc müəllimlər cəbhə kəndlərinə qorxmadan təyinat alırdılar. Şagirdlər müxtəlif ali məktəblərə, kolleclərə qəbul olurdular. Hətta ilk dəfə bu kənd məktəbindən bir şagird Fənn olimpiadasının qalibi oldu. Şagirdlərin dediyi kimi, Tahir müəllim bir təhsil fədaisinə çevrilirdi. Öz gəncliyini bu kəndin balaları üçün şam kimi əridirdi.
Kənd camaatının hörmətini ehtiramı elə qazanmışdı ki, nəhayət, qızları təhsildən yayındıran, ipə-sapa yatmayan, Nuh deyib, peyğəmbər deməyən mühafizəkar valideynlərin də saqqızını oğurlamağı bacardı. Qızlar ali məktəblərə yollandı. Bu gün onlardan bir neçəsi Tahir müəllimlə çiyin-çiyinə həmin kənddə müəllim işləyir. Bundan böyük uğur və xoşbəxtlik ola bilərmi bir müəllim üçün???
Vətən müharibəsi.Xalqımızın və ordumuzun bir yumruğa döndüyü 44 günlük savaş.
Bu döyüşlərdə ermənilər yenə kənd məktəbini hədəf aldılar. Bu dəfə Tahir müəllimə bir daha aydın oldu ki, ermənilər üçün qarşı tərəfdəki hər şey legitim hədəfdir. Allah hər kəsə düşmənin də şərəflisini qismət etsin. Erməni kimi düşməni olmaq çox çətindir. Bizim bəxtimizə isə bunlarla qonşu olmaq düşübdür.
Bu kənd I Qarabağ savaşında 7 nəfər şəhid verib. İndi isə Tahir müəllimin şagirdlərinin atası şəhid oldu.Çantasını evə qoyub əsgər gedən 18 yaşlı şagirdləri şəhid və qazi oldular. Onları qarşılamaq bir valideyn və müəllim üçün çox ağır idi... Hər şəhid dəfininə getsə də, onların valideynlərinə yaxınlaşıb təsginlik verə bilmirdi. Elə bilirdi ki, valideyn deyəcək ki, ay Tahir müəllim, uşaqlara vətəni sevdirdin. Onlar bu vətən yolunda canından keçdi, şəhid oldu. Amma sən yaşayırsan?
Əslində valideynlər heç nə deməzdi. Amma yaxınlaşıb nə desin? İnsanın övladı şəhid olub, hansı söz onu təsəlli edə bilərdi ki??
Biz 30 illik səbri və nifrəti silaha çevirib düşmənin başına yağdırdıq. 200 ildir ki, topraq itirə-itirə şəhid verən millətimiz qalib gəldi. Biz düşməni torpağımızdan qovduq.
Artıq Tahir müəllimin məktəbi və kəndi cəbhə xəttində yerləşmir... Şagirdləri güllə səsinə oyanmır. Amma bu savaş bitməyib. Su yatar, düşmən yatmaz....
Zəngin səsi Tahir müəllimi fikirdən ayıltdı.. Tahir müəllimin dərsi 7-ci siniflərə idi. Müəllim içəri girib uşaqları salamladı.
Əvvəlki dərsi yekunlaşdırdıqdan sonra yeni mövzuya keçdilər. Mövzu belə idi ki, heyvanlarda da insanlarda olduğu kimi empati duyğusu varmı?
Müəllim şagirdlərə fillər, meymunlar və digər heyvanların bir-birinə qayğı göstərməsi ilə bağlı videoçarx izlətdi. Müzakirə başladı. Qruplar, cütlər və fərdi şəkildə uşaqlar öz fikirlərini söylədilər. Elə Tahir müəllimi şagirdlərə sevdirən də bu metodları idi. Dərs müzakirə və təqdimatlar şəklində qurulurdu.
Nəhayət, Tahir müəllim sual verdi: Uşaqlar, sizə şans verilsə idi, hansı heyvan olmaq istərdiniz?
Camal: -Müəllim,mən şir olmaq istərdim, -dedi.
Uşaqlar gülür..
Müəllim soruşdu: -Maraqlıdır, niyə şir?
-Çünki şir meşələrin şahıdır, kralıdır.
Gülər: -Müəllim, mən qatral olmaq istərdim. istədiyim yerə uçardım. Həm də dağlarda yaşayardım, - dedi.
Müəllim:- Əla, təşəkkür edirəm, - deyib rəğbətini bildirdi.
Uşaqlardan kimisi dəvə olmaq istəyir, kimisi yarasa olmaq istəyir, kimisi vaşaq olmaq istəyir, kimisi buqələmun olmaq istəyir. Hər birinin də çox maraqlı səbəbləri var.
Sonda Nazlı dedi ki, müəllim, mən istəyirəm ki, biz də kərtənkələ kimi olaq.
Uşaqlar gülüşürlər.
Müəllim səbəbini soruşanda Nazlı dedi:—Müəllim, kərtənkələlər hansısa ətrafını itirəndə yenisi çıxır. Mən hər axşam Allah yalvarıram ki, ayağını, qolunu itirən qazilərimizin də ayaqları, qolları yenidən çıxsın.
Bütün sinifdə uşaqların siması dəyişdi. Nəfəs belə almırdılara. Tahir müəllimin deyəcəyi sözlər qəhərə dönüb boğazında düyünləndi.
Uşaqlar göz yaşlarını görməsin deyə pəncərədən çölə badı. Məktəbin həyətində şəhid bulağının üzərindəki üçrəngli bayrağımız qürurla dalğalanırdı.
- Biz artıq qalibiyyəti dadmışıq. Bizi heç kim məğlub edə bilməz!!!
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dərdi övladlığa götürmüşəm mən...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Dərdi övladlığa götürmüşəm mən...” söyləyir.
Xoş mütaliələr.
Dərdi övladlığa götürmüşəm mən...
Salıb son ümidi itirmişəm mən,
Özüm də bilmirəm indi necəyəm.
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm...
Çatıb ağaclara payızın səsi,
Yarpaqlar az qalır yerə düşməyə.
O son budaqdakı sərçə neynəsin
Başqa budaq yoxsa yer dəyişməyə?
Günəş istəyirəm - getmir bu axşam,
Sevinc qatarı da bizi götürmür.
İlahi, deyəsən ağır olmuşam-
Məni bu dünyanın gözü götürmür...
Sən elə bilirsən diriyəm, qızım,
Sənin də bir ümid bəxtinə düşüb.
Yaxşı ki, gələndə ,,qara kağız"ım
Oxuya bilməyən vaxtına düşüb.
...Salıb son ümidi itirmişəm mən
Özüm də bilmirəm indi necəyəm.
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm...
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Qazilərlə görüş yaddaqalan olub
26 saylı Sabunçu Seçki Dairəsindən VIl çağırış Milli Məclisin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa qazilərlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fazil Mustafanın seçki qərargahından verilən məlumata görə, Bakıxanov qəsəbəsində keçirilən görüşdə l və ll Qarabağ müharibəsinin qazisi olan seçicilər iştirak edib.
Fazil Mustafa seçki platformasında qazilərlə, şəhid ailələri ilə bağlı bəndləri şərh edib, eləcə də, ötən dönəmdə Millət vəkili olaraq, bu yöndə gördüyü işlərdən danışıb.
Fazil Mustafa qazilərə, şəhid ailələrinə diqqət-qayğını hər bir məmurun, parlament üzvünün, ictimai-siyasi fəalın, əlaqəsar qurum və quruluşların əsas vəzifələrindən biri kimi zarakterizə edib.
Namizəd qaziləri maraqlandıran müxtəlif sualları cavablandırıb, mandat qazanacağı təqdirdə onların toxunduğu məsələləri, həmişə olduğu kimi, parlamentdə və müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.
Görüş qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)