“Öz içindən yanan bir ocağam mən…” - MİRVARİD DİLBAZİNİN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Buludlar ağladı mən ağlayanda:

Sel selə qarışdı, ay mehribanım!

Axtardım, tapmadım səni heç yanda

Yolun hara düşdü, şahım, sultanım?!

 

Bilmədin gözləri yolda qalan var,

Səndən könlü küsən, incik olan var.

Məhəbbət mülkündə yenə talan var,

Əksilmir başımdan çənim, dumanım!

 

Vaxtsız xəzan olan bir güldəstəyəm,

Səfər yaxınlaşır, mən yol üstəyəm.

Sənsiz elə qərib, elə xəstəyəm,

Daha sağalmağa gəlmir gümanım.

 

Bu gün xalq şairi, tərcüməçi, şərəf nişanlı əməkdar mədəniyyət işçisi Mirvarid Dilbazinin  doğum günüdür.

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan olub. 

Atasnı erkən itirən Mirvarid Dilbazi  1921-ci ildə ana və bacısı ilə Bakıya köçüb qızlar seminariyasında təhsil alıb. Seminariyasını bitirəndən sonra Bir müddət Biləcəridəki onillik dəmiryol məktəbində çalışıb,  1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki rus məktəbinə dəyişilib.

1929-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində daxil olaraq təhsilini davam etdirib.

1932-ci ildə İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur.

İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım

 “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

Mirvarid Dilbazinin "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib.

Bizim səsimiz” adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. 

Şairin müxtəlif vaxtlarda  “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.  Əsərləri xarici dillərə tərcümə olunub. sözlərinə “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri”  kimi mahnılar bəstələnib.

Tərcüməçiliklədə məşğul olan xanım şair Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. 

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid xanım Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.

O,  2001-ci il iyulun 12-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.