NİYƏ MƏHZ YEDDİ? - Nizaminin “Yeddi Gözəl” poemasına baxış Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Daşı-torpağı qızıl Vətənim, sən Qafqazın zümrüd qaşı, qədim tarixin sirdaşısan. Bu torpaq saysız-hesabsız dahilər, söz ustadları yetişdirib. Sözü sərasər deyən, qələmi qılıncdan kəskin ədibləri çoxdur Yurdumun. 

 

Bunlardan biri əzəmət nişanəsi olan Gəncə şəhərində 1141-ci ildə dünyaya göz açan İlyas Yusif oğludur. Tarixə adını dahi Nizami Gəncəvi kimi yazmış bu sənətkar dini-dünyavi elmləri dərindən mənimsəmiş,ərəb,fars dillərini bilmiş və ömrünün sonuna kimi mütaliəsini davam etdirmişdir. Farsca yazmasına baxmayaraq, türk düşüncəsi, Azərbaycan sevgisi əsərlərində hakim düşüncə olmuşdur.  Nizami böyük ədəbiyyatda öz böyüklərinin arzuladıqlarını gerçəkləşdirmişdi desək yanılmarıq. Nizaminin sözlərində Məhsəti incəliyi, Xaqani üsyankarlığı, Qətran elmiliyi, Əcəmi novatorluğu var idi. Bədii irsindən bizə gəlib çatan dəyərli sənət nümunələri arasında “Xəmsə” xüsusi yerə sahibdir. Nizamini narahat edən problemləri, məsələn, dövlətin ədalətlə idarə olunması, xalq və hökmdar, pisliklərə, şərə qarşı kəskin nifrət kimi bir sıra məsələləri öz əsərlərində əks etdirirdi. Bu mövzular özünü “Yeddi Gözəl” poemasında da öz geniş bədii əksini tapmışdır. Yeddi gözəl (Həft Peykər) Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poemadır. Hicri 593-cü il ramazanın 14-də (miladi 1197-ci il iyulun 31-də) farsca yazılmış bu mənzumə 4.968 beytdəMarağa hökmdarı Ağsunquri padşahı Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır. Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. İslam kosmologiyasına görə Yer kürəsi yeddi planetin mərkəzində dayanır: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturn onun ətrafında dövr edir. Bu planetlərin Tanrının bələdçiləri hesab edilirdilər və onların hərəkətlərinin yerdəki canlılara və hadisələrə təsir etdiyinə inanırdılar. Nizami dünyanın vahidliyinin hesab, həndəsə və musiqi vasitəsiylə dərk edilə bilinəcəyinə inanırdı. Rəqəmlər kainatla ünsiyyətin açarı hesab edilirdi; rəqəmlər vasitəsiylə çoxluq təkliyə, ixtilaflar isə harmoniyaya çevrilir. Nizami Şərqdə həmişə xüsusi mövqeyə malik olmuş, İslamda ilk mükəmməl rəqəm hesab edilən yeddi rəqəmini əsas motiv kimi istifadə etmişdir.Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir. Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər.

Ümumiyyətlə, Yeddi Gözəl poemasında və Nizami Gəncəvinin digər əsərlərində diqqəti cəlb edən yeddi rəqəminin sirrini müəyyən qədər izah etməyə çalışacağam. Belə ki, göyün 7 qatı, yerin 7 qatı, həftənin 7 günü, göy qurşağının 7 rəngi, insanın yeddi bədəni var, “Quran”ın “Əl-Fatihə” (kitabı açan) surəsi yeddi ayədən ibarətdir, Allah-təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir, Peyğəmbər səllallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissəlama göndərildiyi kimi yeddi il – yeddi illik aclıq – göndərməklə ona kömək etsin, Yusif peyğəmbərin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə bundan çox artırılır və s. Yeddi rəqəminin xüsusiləşdirilməsi Allah-təalanın möcüzəsi ilə bağlıdır. Dünya altı günə xəlq olunsa da, Allah-təala insanın yaradılışını yeddi mərhələdə tamamlayır. Yedinci gün hər şey tamamlanır. Həftənin də yeddi günü var.

Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır. Eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası, yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra bu münasibətlə yeddi buğa və yeddi qoyun qurban kəsmişdilər.

Qədim Yunanıstanda yeddi rəqəmi Zevsin oğlu, incəsənət hamisi Apollonun rəmzi sayılır. Apollon ayın yeddinci günü doğulmuşdu, lira çalğı alətinin yeddi simi vardı.

İslam ənənələrində cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi ifadələri məlumdur.

Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına yeddi dəfə dolanırlar. Mərhumun ruhu yeddi gün məzarının yanında olur. Təzə dünyaya gəlmiş körpəyə yeddinci gün ad qoyurlar.

Bağışlanılmaz yeddi günah mövcuddur:

1. Qəzəb, 2. Tamahkarlıq, 3. Paxıllıq, 4. Acgözlük (qarınqululuq),5. Şəhvət, 6. Xudpəsəndlik, 7.Tənbəllik

Ərəb rəvayətlərinə görə yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi. Şərqin iki çox böyük çayının - Qanqın və Nilin hər birinin 7 qolu vardır. Qədim Şərqdə 7 əsas çay - Nil, Fərat, Oks (Amu-Dəryanın qədim adı), Caksartez, Araz və Hind məlumdur. 7 məşhur dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar tərəfindən Günəş günü kimi bayram edilirdi. 

Həmçinin, Sufi poeziyasında Allaha gedən yol 7 məqamdan keçir. Bunlar: 1.Tələb, 2.Sevgi, 3.Mərifət (Aşiq mürşidin yolunu tutur,davamçısı olur), 4.İstiğna (Qane olmaq deməkdir,yəni maddi aləmdən asılı olmamaq.Məsələn,Məcnun ona verilən yeməkləri vəhşi heyvanlara verir, özü isə ot filan yeyir və heç nədə gözü yoxdur), 5. Tövhid (Allahın birliyinə inam), 6. Heyrət( Aşiq Yaradanın qarşısında heyrətə düşür), 7. Pənah (Ölümdən əvvəl ölüm).

Ərəb rəvayətlərinə görə yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi.

Şərqin iki çox böyük çayının - Qanqın və Nilin hər birinin 7 qolu vardır. Qədim Şərqdə 7 əsas çay - Nil, Fərat, Oks (Amu-Dəryanın qədim adı), Caksartez, Araz və Hind məlumdur. 7 məşhur dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar tərəfindən Günəş günü kimi bayramedilirdi.

Nizami Gəncəvi bu əsərində də digərlərində olduğu kimi türkçülük idealogiyasına yer vermişdir.

Şair öz ağlı və cəsarəti ilə bütün gözəllərdən seçilən Fitnənin gözlərini vəsf edib onu «tatar gözlü,qıyıq gözlü» adlandırır. Eyni «qıyıq gözlü»” ifadəsini şair türk gözəli adlandırdığı Türknaza da aid etmişdi. «Bəhramın öz kənizi ilə dastanı» nı xatırlayaq. Ov zamanı Fitnə şahı tərifləmir. Bunu görən şah dözməyib axırda kənizindən niyə onu tərifləmədiyini soruşur:

                              O dedi: “Ey dar tatar  gözlü,

                              Bizim ovu gözünə   almayırsan?”

 Nizaminin tatar gözlü ilə türk gözəlini nəzərdə tutması hekayətin davamında aydınlaşır. Fitnənin  təqdirini qazanmaq üçün o, oxla ovun dırnağı ilə qulağını bir-birinə tikir. Fitnəsə onun bu qabiliyyətini qeyri-adi bir şey hesab etməyib, alışılmış vərdişdən törədiyini söyləyir.  Hökmdarın cəzası ağır olur, Fitnənin ölüm hökmünü verir. Öz ağıl və cəsarəti ilə sağ qalan Fitnə bir müddət sonra Sərhəngin şaha verdiyi qonaqlıqda öküzü boynuna alıb 60 pilləni yüyürərək hökmdarın qarşısında dayanır. Göz-qaşla soruşur ki, mənim gətirdiyim bu öküzü kimin gücü var ki, eyvandan həyətə endirə? Şah ona cavab verir ki, bu sənin gücün yox, əvvəldən aldığın təlimin nəticəsidir. Bəhram şah həmin gözəlin əvvəlcə Fitnə olduğunu bilməsə də bir azdan onun «türk gözəli» olduğunu anlayır. Fitnənin – Ayın, türkün,  tatar gözlünün  qarşısında həsrətini, sevgisini etiraf edən Bəhram şah kahinləri çağırıb kəbin kəsdirir, bu ağıllı, cəsarətli gözəllə ayinə uyğun şəkildə evlənir. Fitnənin tatar gözlü, daha sonra isə türk gözəli adlandırılmasından iki qənaət formalaşa bilər: Nizaminin türk və tatar sözlərini sinonim kimi işlətməsi  və müsbət məna ifadə etməsi; tatar gözlü ifadəsindən təşbeh kimi istifadə olunması. Hər iki halda müəllif tatar sözündən müsbət mənada istifadə edir. O, başqa qövmlərdən olanların gözəlliyini vəsf edəndə belə onu türkə bənzədir, türk gözəli Fitnəni isə tatar gözlü adlandırır. Orta əsrlərə aid qaynaqların bir çoxunda türk və tatar sözləri eyni və ya yaxın qövmləri bildirir.

 «Yeddi gözəl»də  (Birinci iqlim padşahı qızının hekayəsində) Minuda-cənnət diyarında yaşayan,  qeyri-adi gözəl qızın adı  Türknazdır. Onun yaşadığı məkanın cənnət kimi təsvir olunması və «Minu-cənnət» adlandırılması bu gözəli   gerçək dünyadan uzaqlaşdırır və onu pərilərə yaxınlaşdırır. Türknaz aşiqləri ilə davranışında da sehrli pəri təəssüratı oyadır. Onun yanına getmək üçün aşiq quşun caynağındakı səbətdə  çətin və qorxunc yollardan keçməli olur. Vüsala çatmadan geri qayıdan gənc şahzadənin dönüşü də sehrli yolçuluqla gerçəkləşir. Ayrıldığı gözəlin həsrətilə özündən əvvəlki nakam aşiqlər kimi o da qara don geyinir.  Şairin Türknazı başqalarından nurlu başlanğıcla fərqləndirməsi, bu türk gözəlinin nurdan yaranmasını söyləməsi türk mifologiyasının göy oğlu inancına, seçilmiş qəhrəmanların göylə əlaqəsinə işarədir. Şairin türk qadınlarını öz ağlı, cəsarəti və igidliyi ilə kişilərdən fərqləndirməməsi, paralel təşkiletməsi, Göy mənşəli qadınlardan bəhs etməsi təsadüfi deyil. Oğuz Kağanın Göyü, Yeri öz  mövcudluğunda əks etdirən həyat yoldaşını, qəhrəmanların yardımçısı olan quş cildli pəriləri xatırladan Türknaz Göy və nur başlanğıcına görə türk mifoloji dünyagörüşü ilə əlaqəlidir. Türknaz onun arxasınca gələn şahzadəyə özünü belə tanıdır:

                             Dedi: “Bir türkəm ki, mənə tay olmaz,

                             Nazənin bədənəm, adım Türkünaz!”

Nizaminin türkçülük  mövqeyinin müəyyənləşməsində əsas ağırlıq nöqtələrindən olan «türki-pərizad»”  qavrayışının   mükəmməl modelləri kimi Şirin və Fitnə də (baxmayaraq ki, onlarda dünyəvi funksiya güclüdür)  Türknaza yaxındır.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.