
Super User
Fazil Mustafa seçicilərlə dördüncü izdihamlı görüşünü keçirib
26 saylı Sabunçu Seçki Dairəsindən VIl çağırış Milli Məclisin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa seçicilərlə növbəti görüş keçirib. “Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi-28” ünvanında keçirilən görüşdə müxtəlif yaşda və sosial qrupdan olan seçicilər, Fazil Mustafanın seçki qərargahının üzvləri iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Fazil Mustafanın seçki qərargahından verilən məlumata görə, görüşdə Fazil Mustafa seçki platformasını şərh edib, eləcə də, ötən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən danışıb.
Namizəd seçiciləri maraqlandıran müxtəlif sualları cavablandırıb. Seçicilərin toxunduğu - uşaqlı qadınların iş saatının qısaldılması, pensiyaların artırılması, Bakıxanova metro stansiyasının çəkilməsi və s. kimi məsələlərə dair öz mövqeyini bildirən Fazil Mustafa, uyğun dövlət proqramlarından, görülmüş və nəzərdə tutulan irimiqyaslı layihələrdən, o cümlədən infrastruktur layihələrindən söz açıb, habelə mandat qazanacağı təqdirdə bu məsələləri parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.
Görüş qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Gəncədə "Problem Yoxdur" filminin təqimatı baş tutdu
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
2024-cü il 17 avqust tarixində Gəncə şəhəri müasir dövrün qəhrəmanlarını tərənnüm edən yeni bir filmə evsahibliyi etdi - "Problem Yoxdur".
Rejissor Elçin Ağazadənin bu filmi insan ruhunun gücünə və inamın imkanları aşan qabiliyyətinə dair gözəl bir hekayədir. Filmin əsas qəhrəmanı Əli fiziki məhdudiyyətləri olan bir gəncdir. Amma Əlinin fiziki məhdudiyyətlərinin olması onun həyatına, arzularını reallaşdırmasına heç bir maneə yaratmır. Əksinə, əzmi və mübarizəsi ilə bütün çətinliklərə rəğmən ayaqda durmağı bacaran biridir. O, əzmi ilə başqalarına güc və ümid bəxş edir.
Bu film bizə, həyatımızın hansı mərhələsində olmağımızdan asılı olmayaraq, heç bir problemin bizi əzm və iradədən məhrum edə bilməyəcəyini göstərir. Əli ilə tanış olduqca, insanın daxili gücünün sərhədsiz olduğunu fərq edirik. Qısa olmasına baxmayaraq hər bir dəqiqəsi mənəviyyat dolu olan "Problem Yoxdur" filmi, sadəcə bir hekayə deyil, bir həyat dərsidir. Bu təsirli və ilham verən ssenari ilə Əli, öz qətiyyətini və ruh yüksəkliyini bizə bir daha xatırladır.
Gəlin, hamımız bu filmdən dərs alaq və inanmağı, ümid etməyə və heç vaxt təsəllimizi itirməməyi öyrənək. Çünki Əli kimi, biz də hər çətinliyi aşmaq və hər problemi daha böyük bir gücə çevirmək qabiliyyətinə sahibik.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Tolstoy nə deyirdi?!
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Ukrayna Rusiyanın Kursk bölgəsində irəliləyir və bəlli olur ki, ABŞ Prezidenti hər üç saatdan bir bu mövzuda bilgiləndirilir. Ukraynanın təqribən 20 faiz ərazisi Rusiya tərəfindən tutulub; Ukrayna da Rusiyanın bəlkə 0,000020 faizdən də az ərazisini tutmaqdadır.
Biz Ukraynanın cavab tədbirlərinə beynəlxalq ictimaiyyətin anlayışlı yanaşmasını anlayırıq - buna biganə qalmaq mümkün də deyil. Azərbaycan Ukraynanın da, bütün ölkələrin də, ərazi bütövlüyünü, necə deyərlər, qanuni sınırlarını tanıyır, sayğı duyur - bu, öz yerində. Lakin biz öz başımıza gələnləri də unuda bilmərik; axı bizim öz respublikamız işğala uğramışdı və biz üç onillik boyu işğalın ağır ağrı-acılarını yaşamışıq. Biz ATƏT-in keçmiş Minsk Qrupu adlanan soyxanın hər üç həmsədrindən ədalət uma-uma ədalətsizlik görmüşük. Axır, vaxt gəlib-vədə yetişincə, özümüz öz içimizdəki gücə, haqqın incəlsə də üzülməyəcəyinə dərin güvənimizlə əks-hücuma keçib, ərazi bütövlüyümüzü bərpa etmişik. Amma məhz öz ərazilərimiz içində apardığımız qaçınılmaz, ertələnməz əməliyyatlarla bağlı ünvanımıza necə türlü-türlü ittihamlar səsləndirildi və o ittihamlar hələ də tam son bulmayıb… Sanki işğalçının başını sığallamalıymışıq və daha neçə onilliklər boyu işğala dözmək borcumuz varmış… İndi Kurska cavab hücumu etmək zorunda qalan Ukraynaya dəstək nümayiş etdirən ölkələr, qurumlar, liderlər bəs biz Ermənistan Respublikasının bir şəhərini tutmaq zorunda qalsaydıq, nə hoqqalardan çıxardı? - Tanrı eşqinə, bir düşünün: biz Qafanı tutmuşuq, ABŞ, digər önəmli dövlətlər bizim bu zorunlu addımımıza anlayış göstərir - mümkün olardımı? Mümkünsə, Zəngəzurla bağlı Ermənistanın öz öhdəliyini yerinə yetirməsini azca yüksək pərdədən səsləndirərkən, konqresdən, senatdan, ekran-efirdən, telefondan, “yutub”dan, nə bilim, daha haralardan üstümüzə niyə tökülüşürlər?.. Ağevlərin qaranlığı bitməzmi ola?..
Bizi beynəlxalaq hüququ (?!), ermənilərin guya milli, dini hüquqlarını (!?), daha nələri pozmaqda ittihama cəhd edənlər heç öz gözlərindəki tiri gördülərmi bir kərə? Yer üzündə əsərləri ən çox oxunan yazıçı Tolstoy nə deyirdi? - “Hər kəs insanlığın pisliyə doğru getdiyini qəbul edər, amma heç kimsə özünün pisliyə getdiyini qəbul etməz. Hər kəs insanlığı dəyişdirməyi düşünür amma heç kimsə öncə özünü dəyişdirməyi düşünməz”... Bu düşüncələr, Tolstoyun doğma ölkəsi başda olmaqla, Fransa, ABŞ daxil, “ittihamçı modu”nda olan ölkələrin hər birinə şamil oluna bilər. - Eynən, Tolstoyun başqa bir cümləsində deyildiyi kimi: “Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla anılırsan. Və unutma: nə yaşatmısansa əlbət, bir gün onu yaşarsan”! Rusiya indi yaşayır, Fransa yaşamağa çox yaxındır, ABŞ da tarixdən, kainatın ruhundan dərs çıxarmasa, yaşar, əlbət!..
Tolstoyun bu sözü isə daha çox bizim ovqatımızı söylər: “Ən güclü iki savaşçı səbr və zamandır”. - Azərbaycan dövlətinin, dövlət başçımızın səbri və zamanlaması xarüqələr yaratdı, “olmaz!” deyilənlər oldu! Daha da olacaq (inşallah)!
Böyük qonşularımızın başı dərddədir; yaxın-uzaq coğrafiyalarda barışdan çox savaş havası hakim… Keçmiş işğalçı Ermənistansa silah tədarük edir…
Deyirəm, nə yaxşı, biz beynəlxalq durumun bugününə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş gəldik.
Bu, böyük tarixi uğurdur! Biz tarixi uğurlara dik duruşumuzla, əyilməzliyimizlə, liderimizin siyasi iradəsi, şəhidlərimizin, qazilərimizin yenilməzliyi ilə yetişdik. Yenə Tolstoy demiş: “İnsanın gerçək gücü sıçrayışda deyil, sarsılmaz duruşdadır”.
Ey, Tolstoyun vətəni,
ey, ATƏT-in keçmiş Minsk Qrupu həmsədrləri,
ey, Avropa Birliyi,
ey, G7, G20 və başqaları,
eşidin, bilin:
“Kimsə, kimsəyi küçümsəyəcək qədər böyük deyildir, bilməlisən. Küçümsədiyin hər şey üçün gün gələr, önəmsədiyin bir bədəl ödərsən” (L.N.Tolstoy)!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(17.08.2024)
TEATR SƏNƏTİNƏ BÖYÜK TÖHFƏLƏRLƏ - Ankarada Azərbaycanın xalq artisti Cahangir Novruzovun 70 illik yubileyi qeyd edilib.
Avqustun 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Xalq artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə, tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirinin təşkilatçıları qismində TÜRKSOY-la yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış ediblər.
Tədbir iştirakçılarının qarşısında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Cahangir Novruzovun Azərbaycanda və Türk dünyasında teatr yaradıcılığının inkişafına töhfəsini yüksək qiymətləndirib. O, Cahangir Novruzovun rol aldığı tamaşaların bu gün də Azərbaycanın hüdudlarından kənarda böyük maraqla qarşılandığını və onun Türk dünyası teatr sənətinin inkişafına mühüm töhfələr verdiyini bildirib, yubilyarı TÜRKSOY medalı ilə mükafatlandırıb.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.
Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edən diplomat xatırladıb ki, aktyor yaradıcı insanların ailəsində doğulub və adlı-sanlı valideynlərinin işini davam etdirib. O əlavə edib: “Cahangir Novruzov çoxlu dövlət mükafatları ilə təltif olunub, amma onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisi və diqqətidir”.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin sədri Fuad Muradovun yubilyara təbrik məktubunun mətnini oxuyub.
O, 2011-ci ildə C.Novruzovun Azərbaycanın Əməkdar artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti, 2020-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif edildiyini vurğulayıb.
Azərbaycanın TÜRKSOY yanında daimi nümayəndəsi Elçin Qafarlı iştirakçıları Azərbaycan Mədəniyyət Nazirliyi kollektivinin təbrik məktubunun mətni ilə tanış edib.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yubliyar Cahangir Zeynalovun zəngin yaradıcılığı ilə milli mədəniyyətimizə, teatr sahəsinə verdiyi töhfələrdən danışıb, böyük bir nəslin davamçısı olaraq sənətkarın pedaqoji fəaliyyəti, yeni-yeni mütəxəssislərin yetişdirilmısi sahəsində əməyini qeyd edərək, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında xidmətlərini vurğulayıb.
Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyən professor C.Novruzov onun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
TÜRKSOY-un binasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Cahangir Novruzovun fəaliyyətinə həsr olunmuş fotosərgi də təşkil olunub.
Fotosərgidə sənətkarın yaradıcılığı, kino və tetr sahəsində rol aldığı filmlər, tamaşalardan fotoşəkillər yer alıb.
“Ədəbiyyat və incəsənət”
(17.08.2024)
Türk Mədəniyyəti və İrsi Fondu Yakup Öməroğlunun vəfatı ilə bağlı başsağlığı verib
Türk Mədəniyyəti və İrsi Fondu Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Öməroğlunun vəfatı ilə bağlı başsağlığı verib. “Ədəbiyyat və incəsənət” portalı başsağlığı mətnini təqdim edir:
“Türk Dünyasının mədəniyyət və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Avrasiya Yazıçılar Birliyinin sədri, görkəmli ictima xadim Yakup Öməroğlunun vaxtsız vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladıq. Onun Türk Dünyasının mədəniyyəti və ədəbiyyatının tanıdılması istiqamətində gördüyü işlər əbədi olaraq xatırlanacaq və gələcək nəsillərin yaddaşında daim yaşayacaqdır.
Türk Mədəniyyəti və İrsi Fondu adından mərhumun ailəsinə, yaxınlarına və Avrasiya Yazıçılar Birliyinin idarə heyətinə və üzvlərinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Laçın-100 ədəbi antologiya” çapdan çıxıb
Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə “Laçın-100 ədəbi antologiya” kitabı çapdan çıxıb.
AzərTAC xəbər verir ki, əslən laçınlı şair, nasir və aşıqların yaradıcılığından ibarət nümunələrin toplandığı antologiya 400 illik dövrü əhatə edir.
Kitabın toplayanı və tərtibçisi şair İlham Qəhrəmandır. O, indiyədək “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığa həsr olunan “Gül dəftəri” və Aşıq Alının yaradıcılığından bəhs edən “Nə qaldı” kitablarını oxuculara təqdim edib.
Kitabda Sarı Aşıq, Mir Həmzə Nigari kimi tanınmış klassiklərlə yanaşı, indiyə qədər ədəbi aləmə məlum olmayan Əmir Bəy, Şair Məmmədalı, Qara Kərim, Aşıq Alı (Suvatlı), Aşıq Abbas, Aşıq Cəfərqulu kimi el sənətkarlarının yaradıcılığından nümunələr də verilib. 98 müəllifin hər biri haqqında bioqrafik məlumatın yer aldığı antologiyada həm də xeyli tarixi məlumatlar əks olunub. Laçının söz xəritəsi kimi təqdim edilən kitabda laçınlı şəhid və qazilərin də yaradıcılığına ayrıca bölmə ayrılıb.
Bütün vəznlərdə şeir və maraqlı nəsr nümunələrinin yer aldığı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Azərbaycan Dövlət Film Fonduna SSRİ Xalq artisti Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub
Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən SSRİ Xalq artisti, görkəmli teatr və kino xadimi Adil İsgəndərovun nadir fotoşəkilləri daxil olub.
Fonddan AzərTAC-a bildirilib ki, fotoşəkillər A.İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının direktoru kimi “İstintaq davam edir” (1966) filminin çəkilişlərində iştirakını əks etdirir.
Bu fotoşəkillərlə yanaşı, Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə Adil İsgəndərovun anadan olmasının 115 illiyi ərəfəsində onun “Qanun naminə” (1968) filmində Kamilov obrazını canlandırarkən çəkilmiş kadrarxası görüntüləri də ictimaiyyətə təqdim olunur.
Fotoşəkillər kinorejissor Muxtar Dadaşovun Film Fondunda qorunan şəxsi arxiv fonduna daxildir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Dedi ki, xərçəng ilə mübarizədəyəm…” - YAKUB ÖMƏROĞLUNUN VƏFATINA
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Elə bil ki, bir tufan əsdi və köklü-budaqlı, ən şirin meyvəli bir qocaman ağacı kökündən qoparıb harasa apardı...
Bu gün Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakub Öməroğlu hocamızı itirdik.
Ötən 10 gün ərzində xərçəng olduğunu bilmişdim. Ondan “Sahaya” kitabımı nə zaman nəşr edəcəklərini soruşmuşdum. Bir neçə gün sonra yorğun və iniltili bir səslə mənə cavab verəndə demişdi ki, xərçəng ilə mübarizədədir. Sağalan kimi, kitabla məşğul olacaq...
Və həmin yorğun səsli bu dostumu narahat etməyim deyə telefon açmadım, sadəcə üzüntülü bir səslə heyrətimi və sıxıntılarımı sözlə ifadə edib, ona səs göndərdim. Sonda göz yaşlarımı saxlaya bilmədim.
Cavab səsi belə oldu: “Üzülmə. Hər şey iyi olacaq!...”.
Daha sonra mən ona səsli mesajlar göndərdim, fikirləşdim ki, qoy bilsin, onun üçün Azərbaycanda narahat olanlar var.
Çünki o, bütün türk dünyası üçün narahat idi. “Bengü yayınları” yayın evinin kitab seriyaları və “Kardeş kalemler” dərgisi ilə bütün türk xalqlarının ədəbi və mədəni irsini yaşadan bir TÜRK İdi. Ömrünü bu davaya, bu sevgiyə, bu yola həsr etdi...
Bilmirəm ki, hansı medalların, ordenlərin, təltiflərin sahibidir... Təkcə onu bilirəm ki, hər bir söz adamının, özünü türkçülük yolunda mücadilədə bilən hər kəsin qəlbində yeri boş qalan Ömər Yakuboğludur o!
Bircə ondan rahatam ki, Türk dünyasının belə bilgələri, belə müdrikləri və söz sahibləri yaratdıqları işığın dalınca Tanrı dərgahına uçurlar.
Görüşəcəyiniz ruhlara salamımızı çatdırın, əziz qardaşımız! Uçub getdiyiniz yeni mənziliniz, yeni məqamınız kutlu olsun.
Orada sizi gözləyənlər var...
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Azadlıq - yaşamadığımız həyatdır...” - Nərmin Cahangirova
Ayın gecəyə səbr etməsi
onu açıq-aydın bir hala gətirir.
Gülün tikana səbr etməsi də onun
gözəl ətirli olmasına səbəb olur.
Cəlaləddin Rumi
Dənizçiliklə yanaşı, jurnalist fəaliyyətini davam etdirən, şeir və hekayələr müəllifi olan Faiq Balabəylinin "Burda darıxmaq olmaz" kitabı ilk növbədə, səbrin, dözümün bəhrəsidir. Yaşamalı olduğu məhbəs həyatı və bu həyatın qazandırdıqları kitabı ərsəyə gətirib desək, yanılmarıq. Qasım bəy Zakirə "Durnalar"ı, Xəlil Rza Ulutürkə "Lefortovo gündəliyi"ni yazdıran məhbusluq Faiq Balabəyliyə "Burda darıxmaq olmaz", "Bayıldan bayıra" kitablarını yazdırdı. Kitabın adı da maraqlıdır, içindəki şeirlərin ümumi ruhunu, poetik ovqatını ifadə eləyir. O qədər ki, burda doğrudan da, darıxmaq heç yada düşmür.
Faiq Balabəylinin misraları şairin həyat, sevgi, ailə, dostluq, vətənlə bağlı düşüncələrini, həsrətini, nisgilini təcəssüm etdirir. Məhbəs şeirlərinə ad qoymayan şair onların nə vaxtsa ünvanına çatacağına, özünün əsl dəyərini tapacağına inanaraq yazır ki:
Məhbəsdə yazdığım şeirlərə
Ad qoymuram
Hələ ki adsız yaşayırlar.
Yaxşı şeir də yaxşı oğul kimidir
Nə vaxtsa özlərinə ad qazanarlar.
Faiq Balabəyli heç kəsin görmədiyi, hamıdan uzaq olan həyatın acı gerçəklərini, həyat lövhələrini, insan mənzərələrini poetikləşdirir. Azadlıq anlayışı bu şeirlərdə əsas refren kimi mənalanır və bu, təbiidir. Həyatla ölümün, ümidlə ümidsizliyin bir addımlığında olan insanlar üçün ən qiymətli olan azadlığın özüdür:
Axşamkı yağışdan sonra
Azadlığa çıxmaq həvəsim
Birəbeş artdı.
Dünya ürəyimə daha da yatdı,
Oğlumun alnından öpmək istədim
Qızımın saçından,
Anamın ürəyindən...
Ümidsizliyə qapılıb nahaq yerə itirdiyi günlərinə, adına yaxılan böhtanlara heyifsilənən, lakin ailəsinin, yaxınlarının inamı, qayğısı ilə ayaqda durub, bütün çətinliklərə sinə gərməyi bacaran Faiq Balabəyli bütün şeirlərinin qəhrəmanıdır. Dostlarından biri qeyd edir ki, "dünyada yaxşı olmayan hər şeyə Faiq Balabəylinin şeirləri ilə üsyan etmək mümkündür". Həqiqətən də həbsxanada olarkən dünyanın hər üzünü görən, onlarla insan tanıyan, müxtəlif həyat hekayələri dinləyən şair müşahidələrini misralara çevirməklə şahidi olduğu hər hadisəyə münasibət bildirməkdən çəkinməmişdir:
Burda insanlar müxtəlifdi,
Bayırda olduğu kimi.
Bayırda da oğru var,
doğru var,
Yalandan danışanlar,
Yalanadan irişənlər
Yalandan görüşənlər
Və ayrılanlar.
Məhbəsin soyuq divarları arasında fiziki azadlığından məhrum olsa da, daxili azadlığını dərk edən müəllif bu duyğunu özünəməxsus şəkildə mənalandırır... Şeirlərinə sığınır, onların işığına sığınıb sabaha yol, ünvan arayır:
Azadlıq
Yəqin, heç vaxt görə bilməyəcəyim,
Duya bilməyəcəyim bir zatdır.
Azadlıq - azad olmaq
Azad yaşamaq
Azad düşünmək,
Bir sözlə, yaşamadığımız həyatdır.
Söz oyunu üzərində qurulan şeirdə azadlığa müxtəlif aspektlərdən yanaşan və azadlığın həsrətini daşıyan müəllif özünü ədəbiyyata təslim etməklə, sanki mübarizə formatını dəyişmiş olur. Ağır günlər keçirən, həyatın zərbəsindən sarsılan Faiq Balabəylinin məhbəsdəki yaşantılarından bəhs etdiyi şeirlərində dustaqları adi insan kimi yox, xüsusi bir kateqoriya kimi dəyərləndirməsi inciyən, sarsılan şair qəlbinin hayqırtısına çevrilir:
Üzündə zərrəcə sevinc tapılmaz,
Gələr xəyalına nələr dustağın.
Axşamlar gördüyü şirin yuxular
Tərsinə yozular səhər dustağın.
Faiq Balabəylinin məhbəs şeirləri arasında ailəsinə ünvanladığı nümunələr çoxluq təşkil edir. "İçimdə sənsizliyi daşıyıram" deyə səsləndiyi ömür-gün yoldaşına çoxsaylı şeirlər ithaf edən şair sevgisini də, həsrətini də misralara hopdurub "çöl"ə çıxarırdı.
Gəldin ürəyimdən qəmi çıxardın,
Dumanı, çiskini, çəni apardın.
Qış vaxtı ömrümə gələn bahardın
Yaman bənzəyirdin çiçəyə-gülə
Niyə görməmişdim səni mən belə.
Şairin oğluna və qızına həsr etdiyi, onları göz önünə gətirərək yazdığı şeirlərin duyğu yükü olduqca ağırdır. Ata həsrətini, nisgilini ifadə edən şeirlər o qədər səmimi və təsirlidir ki...
Məktubun oxudum
sətirlərin arasında
ürəyinin çırpıntısını
gözlərinin nəmini
gördüm, oğul.
Və ya qızının ad günündə yanında olmadığından kədərə boğulan şair yazır:
Mən dünyanın küskünü,
Yəqin, inciyib məndən.
Saçlarını oxşayıb,
Öpməmişəm üzündən,
Qızım tək qalıb indi,
Gözlərimin içində
Mən düşmüşəm gözümdən.
Bu şeir kitabdakı ən təsirli poetik nümunələrdən biridir. Əlbəttə, buradakı bədbin ovqat, dekadans çalar nəzərdən qaçmır, hətta Faiq Balabəylinin o çətin günlərində Azər Turanın yazdığı belə bir qeydlə də rastlaşırıq ki, "Qızının ad gününə yazdığı şeirdə olduğu kimi, dostumuzun bədbinliyə qapılmasını istəməzdim. Çünki içərisində gəzdirdiyi işığa belə həssas olan, qaranlığa qarşı belə güclü müqavimət hissi bəsləyən insanın bədbin olmasını qəbul etmək olmur". Bununla belə, yaşanılan hissin təzahürü olduğundan və ilk növbədə, duyğuların səmimi ifadəsindən hasilə gəldiyinə görə oxucunu da öz poetik aurasına daxil edir, inandırır.
Klassik ədəbiyyatda olduğu kimi, müasir dövr bədii nümunələrimizdə də şairlərin nəsihət xarakterli şeirləri kifayət qədərdir. Ağır sınaqla üzləşən Faiq Balabəyli də oğluna, qızına ithaf etdiyi çoxsaylı şeirlərində həsrət yanğısının ifadəsinə üstünlük versə də, nəsihətlərindən də qalmır. Daha çox düşüncələrin təcəssümünə köklənən bu şeirlər gənclərə inam aşılayan ənənəvi nəsihətlərdən fərqlidir. Burada müəllif insanlara inanmağı deyil, inanmamağı təlqin edir və bu fikirdə, ümumən ömrün hesabatı sərgilənir: təəssüf, yanğı, peşmanlıq və s.
Sən də
Bu məmləkətdə
Ağaca, daşa inan
Yazdan sonra yaya,
Payıza, qışa inan.
Göydə qanadı qırılan,
Yerdə ayağı sınan
Heyvana, quşa inan
İnsanlara inanma, oğul!
Arzu edək ki, Faiq Balabəyli, eləcə də heç bir söz adamımız çətin, məşəqqətli zindan həyatı ilə sınanmasın. Çünki bu həyatın qazandırdıqları itkiləri ilə müqayisədə çox azdır.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Bu qədər sevməz ki adam adamı…” - GÜNEL BALAKİŞİ
“Ədəbiyyat və incəsənət” portalının TƏBRİKLƏR rubrikasındayıq, sizlərə bildiririk ki, şair Günel Balakişinin doğum günüdür. İstedadlı gənc xanım şairin doğum günündə onun şeirlərini oxuculara ətmağan etməkdən gözəl nə ola bilər ki?
ANAMDAN SONRA…
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
Alacaqları varmış,
Baxdım ki, siyahı yazmış…
1. Corab
2.Ayaqqabı…
”Gülüm”ə dəri
Õzümə adi….
Səndən sonra …
aldım, anam,
Corab da, dəri ayaqqabı da…
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
Həyatımı soruşsan,
Səndən sonra …
mənim həyatım
Sənin ayaqqabın kimidir,
Hər şey adi!..
*
Səni ağladanları ağlada bilmərəm,
Öldürə bilmərəm, döyə bilmərəm,
Mən heç qarışqaya qıya bilmirəm,
Baxma ürəyimin böyüklüyünə,
Əllərim balacadır,
Divə gücüm çatmaz.
Amma öpərəm...
Acı göz yaşından elə, öpərəm,
Çəkərəm qəmini, elə çəkərəm,
Gözlərinin qarasına qurban olaram,
Göz yaşın da gözəldir,
Gülüşünə çatmaz.
Ağardaram saçlarımı, ağardaram,
Ölərəm səninçün, elə ölərəm,
Səni yasa boğan, küsdürən mənəm?
Gedərəm ömründən, elə gedərəm..
Bir də əlin çatmaz.
*
Günah səslərindən qulaq batardı,
Yaxşı ki, kölgələr laldı.
Yaxşı ki, kölgələr danışa bilmir,
Kölgə ayaq altda qalıb uzandı
Yerin qulağı var, adamlar bilmir.
Kimin kölgəsisən, divardan baxan?
De, hansı günahdan bəslənib boyun?
Özünə ev tikib ümidlər yıxan,
Kimin ölüsünə çalınıb toyun?
Sən mənim deyilsən, sən mən deyilsən,
Allah, utanıram mən öz kölgəmdən.
Mən iblis deyildim, mən adam idim,
Bəs o ucalıqdan necə kiçildim?
Allah, bu nə zülmət, bu nə haraydı?
Yerdən də aşağı bir yermi vardı?
Burda dil-dil ötür dilsiz şahidim, kölgəm...
"Cəhənnəm"ə çağırır...gedim!
*
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülm idi, zülm.
İndisə sıradan, adi birisən.
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım.
Yəni sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
Gülüb yan keçəcəm, qarşıma çıxsan,
Ayaq səslərindən tanırdım hətta.
Xatırlayırsanmı? Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
*
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə şəhidlər uçur cənnətə,
Belə gəlir payız fəsli bu yerlərə.
Bahardan doymayan pöhrələr,
Atadan doymayan körpələr...
Xəzan anaların saçından başlayır burda,
Torpaq ataların ürəyindən başlayır çürüməyə.
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri UÇUQ-SÖKÜK damlardan asılmış
TƏZƏ bayraqlardan bəlli olur.
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
*
Bu qədər sevməzki adam adamı,
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də yaxşı var axı.
Saatı soruşur, bayaq bir qadın,
Deyirəm, səkkizdir, oevdən çıxır.
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah, ah...
İkinin yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah, Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim ömrüm-günüm, özüm,
Onunsa...
Yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm.
Adın batsın, unutmuşam adımı,
Sən gedəli yox olmuşam, itmişəm!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)