Super User
Heyvanlar, quşlar və həşaratlar nə qədər yaşayır? - MARAQLI
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Heyvanların, quşların və həşaratların nə qədər yaşaması çox maraqlıdır. Bir neçə mənbəni axtardıqdan sonra ən dəqiq hesablamanı Böyük Sovet Ensiklopediyasından əldə etdim.
Ev pişiyi: 36 il
Ev iti: 27 il
Qonur ayı: 47 il
Ağ ayı: 33 il
Çaqqal: 13 il
Qırmızı tülkü: 13 il
Yaquar: 22 il
Leopard: 23 il
Pələng: 22 il
Canavar: 16 il
Amerika porsuğu: 13 il
Əqrəb: 5-6 il
Qarğa: 13 il
Bayquş: 5-6 il
Ceyran: 30 il
Kenquru: 15-18 il
Delfin: 30-40 il
Dovşan: 8-12 il
Birə: 1-2 il
At: 20-30 il
Şir: 25-30 il
Eşşək: 20-30 il
İnək: 25-35 il
Balina (cinsinə görə): 100-90-60
Fil: 60-70 il
Qartal: 40-55 il
Meymun: 20-25 il
Ağ qutan: 51 il
Sərçə: 23 il
Arı (erkək): 6 ay
Arı (İşçi): 6 həftə
Arı (Ana): 5 il
Dəvəquşu: 50-60 il
Qoyun: 10-12 il
Göyərçin: 10-18 il
Nəhayət gəlib çatdıq ən qısa və ən uzunömürlüyə:
Kəpənək: 2-4 həftə
Tısbağa: 150 il
Desəm ki, sizə tısbağa ömrü arzulayıramv acığınız tutmaz mənə?
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
“80 deyib səksəndim” - Nəsib Məlhəmin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı sizlərə istedadlı şair Nəsib Məlhəmin 3 şeirini təqdim edir. Klassik şeirin ən gözəl və zərif xüsusiyyətlərini özündə cəmləşdirir bu şeirlər. Onun rəqəmlərə gətirdiyi cinas qafiyə isə sadəcə mükəmməldir.
Göz oxşayan çəmənlər
Yarı tikan, yarı gül.
Tüstülənən ocağın
Yarı közdü, yarı kül.
Qarışıq hisslərimiz
Yarı sevinc, yarı dərd.
Dostların, düşmənlərin
Yarı namərd, yarı mərd.
Ömrümüzün hər günü
Yarı qara, yarı ağ.
Həyatın çətin yolu
Yarı dərə, yarı dağ.
Dünyamızın havası
Yarı od, yarı şaxta.
Yaşayırıq beləcə
Yarı düz, yarı saxta.
.* * *
Elə qırdın ürəyimi,
Qalmadı bir güman yeri.
Yerə vurdun kürəyimi,
Qıymadın bir aman yeri
Kədər etdin sirdaşımı,
Dərdə saldın çal başımı,
Al boyadın göz yaşımı,
Ovcum oldu ümman yeri.
Yola dikdin baxışımı,
Ömürlük etdin qışımı,
Kim açacaq qırışımı?
Yox könlümün uman yeri.
Boğub eşqin nəfəsini,
Qəhərlədin zil səsini,
Eşqimin dağ zirvəsini
Niyə etdin duman yeri?
* * *
Xoşbəxtlik qərinəsi
Keçdi, ömür oldu 40,
Əlvida, qara saçım,
Deyib çal başını qırx.
Minnətsiz yaşa 10 il
Həm ayaqlı, həm əlli,
Yuxu kimi ötəcək
Ömür olacaq 50.
Əcəl möhlət verərsə
Ömrünü elə 60,
Görərsən qüssə-qaymaq,
Kef-damaq isə altmış.
Günü günə calayıb
Yaş ötür olsun 70,
Hamı sənə deyəcək
Ahıl yaşına yetmiş.
Gah diksinib ölümdən,
Gah da əcəldən səksən,
Onca il iməkləsən
Yaşın olacaq 80.
Cinas qafiyə yoxdur
Görən niyə 90-a?
80 deyib səksəndim
Bəlkə ölüm yox sana.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Belarus və alman pivəsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Naməlum meşədə sussan yaxşıdır
2.
ERMƏNİ LƏTİFƏSİ
Qaynana cins şalvarı yudu, yumamışdan da öncə onun cibindəkiləri masanın üstünə tökdü. Bir-iki pul əskinası və prezervativ.
Dərhal yan otağa - kürəkəninə səsləndi:
-Ayıb olsun, heç səndən gözləməzdim.
Bu dəm qızı da meydana atıldı, kükrədi, coşdu:
-Bu dəqiqə boşanıram səndən. Əxlaqsız. Gözüm görməsin səni!
Hönkürdü-hönkürdü, birdən anasının yuduğu cins şalvara diqqət edəndə gördü ki, şalvar ərininki yox, onunkudur.
3.
Necə olursa qədim zamanlarda bir alimə çox küt şagirdlər düşürlər. O nə qədər deyir, şagirdlər başa düşmürlər. Nəticədə alim məcbur olub yazını kəşf edir.
4.
Rus lətifəsi:
Bizlərdə büdcəmizdəki bütün kasıbçılığa və dilənçiliyə baxmayaraq arağa, müharibəyə və kosmosa uçmağa pul həmişə tapılır.
5.
Belarus lətifəsi
Orta statistik alman bir il ərzində 200 litr pivə içir. Belə çıxır ki, bizdə orta statistik almanlar orta məktəbin 8-9-cu siniflərində oxuyurlar.
6.
Baba nəvəsinə deyir:
-Bax mən nə içirəm, nə çəkirəm, nə də bazlıq edirəm. Sapsağlamam və sabah da səksən yaşımı qeyd edəcəm.
Nəvəsi təəccüblənir:
-Baba, sən içmirsənsə, çəkmirsənsə, bazlıq etmirsənsə, onda səksən yaşını necə qeyd edəcəksən?
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
İnteqral alqoritm – ABİTURİYENTİN UĞUR FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.
Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.
Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.
Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
“YUXU” – Aydın Tağıyevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin yaradıcılığı ilə tanışlıq çərçivəsində bu dəfə onun “Yuxu” hekayəsini təqdim edir.
AYDIN TAĞIYEV
YUXU
...Neçə il bundan qabaq kişi ona gecə gördüyü yuxusunu dil boğaza qoymadan xüsusi bir şadyanalıqla danışmışdı. Hərçənd ki, gördüyü yuxular çox vaxt kişinin yadında qalmırdı.
– Hə, yuxuda görürdüm ki... – O vaxt əri qulağı ağzında qalan xanımını çox intizarda saxlamamışdı. – Heç bilmədim, məni hardan, necə tutub elə bir saraya gətiriblər ki, kinolarda gördüyümüz şah saraylarından qat-qat təmtəraqlı, dəbdəbəli... Döşəmələr fərşlə döşənib, divarlar da başdan-başa xalça, gəbə... Tavanlardan yeddi rəngdə işıq salan çılçıraqlar asılıb.
Kişi hələ də gördüyü yuxunun ləzzəti ilə səsini uzada-uzada:
– Hə... Hə... Hə...
Məni hələ uzaqdan görən kimi qarşıma yüyürüb qarşılayan saray əhli də bir nəfər kimi ədəb-ərkənla əlbəəl pişvazıma çıxıb, “buyur-buyurla” yer göstərirlər. Heç ac-tox olmağımı soruşmadan qarşımda əlüstü süfrə açırlar. O süfrədəsə nələr yoxdu? Kişi iştahla dodaqlarını yaladı. Quş südünə kimi hər cür naz-nemət. Mən də uzanmışam xalının üstündə, dirsəklənmişəm qu quşunun tüklərindən hazırlanmış yumşaq mütəkkələrə. Qulluğuma biri gəlir, biri gedir... Bir tərəfdən də bülbüllərin cəh-cəhi, güllərin də ətri məni məst edib. Elə bil birdən-birə ayılıram, ağlıma nə gəlirsə, üzümü tuturam mənə cani-dildən qulluq edənlərə, soruşuram ki, bəs bura haradır, mən hardayam? Onlar da gülümsəyə-gülümsəyə, mehriban-mehriban cavab verirlər ki, əlbəttə, öz evində! Əlbəəl evimiz gəlib durur gözlərimin qabağında. Amma evimiz hara, bura hara? İncik-incik dillənirəm ki, niyə mənimlə məzələnirsiniz, axı bura mənim evim deyil? Onlarsa and-aman edirlər ki, elə şey yoxdu. Birdən ağlıma yenə də nə gəlirsə, qayıdıb xəbər alıram ki, əgər bura mənim evimdisə, onda bəs elə bu gündən köçüb gəlib qalıram burda. Daha köhnə evə döndü yoxdur. Bu dəfə onlar nədənsə qayğılanıb ciddiləşirlər: – Yox, yox, – deyə tez-tələsik səs-səsə verirlər, – tələsmə, deyirlər, vaxtı çatanda bu evinə birdəfəlik köçəcəksən...
Onların bu sözləri elə bil ağlıma batır, sonra daha mən də susub danışmıram, fikrə gedirəm. Kişi köks ötürüb ah çəkmiş, sonra da yanıqlı-yanıqlı yuxusınun ardını danışmışdı. Çənə-boğaz etməyin yeri deyildi, abrıma qısılıb oturduğum yerdən ayağa qalxdım. Ayağa qalxmaqla da yuxudan ayıldım...
Bir vaxt gördüyü bu yuxunu kişi bu günəcən yaxşı-yaman ömür-gün sürə-sürə, işləri gah düz, gah əyri gətirə-gətirə bir daha görmədi. Burasını da bilirdi ki, elə özü də gah düz, gah əyri olub.
Əyri olan vaxtların birində yuxusunu yadına salıb: – Yox, çətin ki, o yuxunu bir də görəm, – deyə yanıb-yaxılmışdı. – Kaş o vaxt o yuxudan heç ayılıb oyanmayaydım. Bilirdi ki, elə yatan yerindəcə gördüyü yuxunun içində nə qədər dünyasını dəyişənlər olub... Əmin idi ki, o vaxt öz yuxusunun içindən ayılıb oyanmasaydı, bəlkə də, qalıb elə o sarayda da yaşayardı...
***
Qadın çarpayıda yatan xəstə ərinin başının üstünü kəsdirmişdi. Çarpayının həndəvərində dörd dolanır, gah çarpayının baş, gah da ayaq tərəfinə keçə-keçə həm də için-için ağlayırdı. Hönkürtü vurub ağlamağa qorxurdu, xəstəni oyatmaqdan çəkinirdi. Qadın başa düşürdü ki, əri yuxu görür. Xəstənin başı üstündə özündən başqa birisinin də durduğundan isə xəbəri yox idi...
Axı otağın qapısı da, pəncərələr də bağlı idi. Bir kimsə içəri daha haradan keçə bilərdi ki?
Yuxu görən xəstə arabir əl-qol atmağa cəhd edirdi. Bir müddət ondan səs-səmir çıxmadı, heç bir tərpənişi də yox idi. Qadının gözü ərinin yuxulu üzündə qalmışdı. Və yuxulu adamın meyit rəngi almış qırışıq sifətinin haldan-hala düşməsindən, sifət cizgilərinin tez-tez dəyişməsindən başa düşdü ki, xəstə hələ də yuxu görür. Yuxu görən adamdan əvvəlcə çağa çığırtısına bənzər bir səs çıxdı. Sonra elə bil bir körpə iç vurub ağladı.
Bir ara yenə ortaya sükut çökdü. Sonra yenə səslər gəldi. Amma budəfəki səslər qarışıq idi. Gah həzin, həlim, sakit, gah qəzəbli. İndi yuxu görən adam elə bil kimə isə gah yalvarır, bəlkə də, onu yola gətirə bilmədiyinə görə hərdən də coşub özündən çıxırdı.
Və ən nəhayət, yuxu görənin xırıltısı eşidildi. Bu xırıltıya həm də bir ağrı-acı, inilti də qarışmışdı. Elə bil xəstə yuxuda onu dartıb harasa aparmaq istəyənin əlindən xilas olub qurtulmaq istəyirdi. Ancaq indi buna gücü çatmadığından, yalvar-yaxarın da bir xeyri-faydası olmadığını başa düşdüyündən yuxusunda köməyə anasını haraylayırdı...
...Sonra yuxu görən xəstə toxtayıb səssiz-səmirsiz, kirimişcə, şirin-şirin mışıldadı. Bir ara ondan heç bir səs-səda gəlmədi. Sanki aradan illər keçdi. Yuxulu xəstə birdən yerində, yorğan-döşəkdə qımıldanıb vurnuxmağa, taqətsiz olsa da əl-qol atmağa başladı. Məlum idi ki, bütün bunlar gördüyü yuxunun içində baş verən hadisələrin təzahürüdür, hələ də yuxu görür. Sonra kişidən pıçıltılı bir səs çıxdı. Bu pıçıltını yalnız yuxu görən adamla üzbəüz qarşısındakı eşidə bilərdi.
***
Neçə vaxtdan bəri yorğan-döşəkdə yerinin içində gecəni səhərəcən inildəyə-inildəyə, ah-vayla keçirən xəstə bu gecə yataqda daş kimi düşüb qalmışdı. Bəlkə də nə vaxtdan bəri oyaq qaldığı gecələrin yuxusuzluğu ona güc gəlmişdi. Xəstə yuxuya getmişdi. Səs-səmiri gəlməyən xəstənin birdən-birə ayılıb qatma-qarışıq səslər çıxarmasından qadın ilk əvvəl diksindi, sonra da başa düşdü ki, əri yuxu görür. Əlbəttə, yuxu görən ərinin indi yuxuda nələr gördüyündən o agah ola bilməzdi, ta ki, yuxu görən ayılıb gördüyü yuxusunu elə özü ona danışmasaydı. Amma... Yuxu görənin qırıq-qırıq, bir növ ardıcıl səslərindən elə bil o kişinin yuxuda nələr gördüyünü özlüyündə təxmin edə bilərdi. Çarpayıya bir az da yaxın oturub səsə dinşək kəsildi.
...Elə bil səslər lap qulağının dibindən gəlirdi. Əvvəlcə çağa çığırtısına bənzər bir səs idi. – İnqə... İnqə... İnqə...
Bir müddət çarpayıdakı yuxulu xəstədən heç bir səs-hənir çıxmadı. Sonra elə bil südəmər bir körpə acından iç vurub ağlamağa başladı, bir müddət keçdi, elə bil ac körpəni əmizdirib doydurmuşdular. Səs kəsildi, körpə şirin bir yuxuya getmişdi.
Çarpayıya daş kimi düşmüş yuxulu xəstə bir müddət inildədi, ancaq yuxudan ayılmadı.
Qadın xəstə ərinin başının üstünü kəsdirmişdi.
Qəfildən yenə yuxulu xəstə qarışıq səslər çıxartmağa başladı. Elə bil nadinc, qabağından yeməyən bir dəliqanlı kiminləsə dalaşırdı.
Sonra pıçıltı ilə qırıq-qırıq deyilən sözlər... Qırıq-qırıq deyilən bu sözlər indiyəcən qadının yadındaydı. Və qadın aradan neçə il keçsə də, birdən-birə ilk dəfə o sözləri eşitdiyində necə həyalanıb həyəcanlanmışdısa, yenə də eləcə haldan-hala düşdü...
Xəstə yuxu görürdü.
Kişi yatağa düşəndən bəri hər gün gəlib ona baş çəkən tanış həkim bir neçə gün bundan qabaq sonuncu dəfə xəstəni müayinə edib onu yola salan qadına pıçıltıyla: – Xəstəni dəva-dərmanla, vurulan iynələrlə incitmək daha günahdı, – demişdi.
Həkimin bu sözlərindən sonra qadın hıçqırmış və o gündən bəri də dediklərinə əməl edib ərinin dəlmə-deşik olmuş qollarına daha iynə vurdurmur, acı dərmanları içirdib sonra da öyüməyə məcbur etmirdi.
Çağa çığırtısı isə başlanan bir yuxu beləcə qarışıq səslərlə hələ ki davam edirdi. Gecədən isə keçirdi... Yuxu görən adamın xeyli sükutdan sonra birdən yenidən səsi gəldi bu bu səsi xanımından savayı yanında hər kim olsaydı da, eşidib ayırd edə bilərdi. Xəstə açıq-aşkar inildəyir, elə hey “Ana, ana” deyib zarıyırdı, körpə kimi anasından kömək istəyirdi.
Qadın başını qaldırıb divardan asılan saata baxdı. Əqrəblərin hər ikisi 12-nin üstündə idi...
Qadın birdən-birə hövllənib gücü çatan qədər çarpayını bərk-bərk silkələdi, xəstəni oyatmaq istədi. Xəstə qımıldanmadı. Və şivən qoparan qadın başa düşdü ki, ərini indi yatdığı bu yuxudan oyanmağı bir də İsrafilin öz Surunu çalan günə qaldı...
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
“Turan” (4-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. 1921-ci il. Qarabağ.
Onbaşı İzzət tamaşa göstərilən yerdə atdan enir...
Aktyorlarla çarşablı qadınlar şərti səhnədədirlər...
Yallı gedirmişlər təki qol-qola dayanıb ağı deyirlər...
Tamaşa dekorları yığılmayıb...
Aktyorlar səf tutub çiyin-çiyinə dayanıblar.
Ravi-aşıq təkərləmə üstə tələsik yanıltmac deyir:
– Nə idik, gör nə olduq? İllərdən iyirmi bir. Əsrlərdən iyirmi. Yerin də qulağı var. Mən deyim, sən barmağını qatla: dövlətim vardı, indi yoxdur. Hürr idik, heç olduq. Bizə yalan gətirdilər, doğru bildik. Yalana doğru dedik. Allahı dandıq. Daşnak gəldi, bolşevik oldu. Bolşevik gəldi, daşnak oldu. Nuru paşa getdi. Txelis öldürüldü. Topçubaşov Parisdədir; bizi Avropaya tanıdır. Nəriman burdadır. Əlindən heç nə gəlmir. Aldanan aldandı. Öldürülən öldürüldü. Bizi də satın aldılar. “Yaşamaq istəyirsənsə, – dedilər, – biz deyəni de”. İndi onlar deyəni deyirəm. Onlar yalan deyir. Yalan deməsən, öldürürlər. Yalandan yaşayıram. Bir daş nədir ki, qaldırıb yalana atmadınız? Axı mən sizə yalan dediyim kimi, siz də mənə yalandan daş ata bilərdiniz. Bunu etmədiniz. At ağızlı igidlərim. Laylay dedim yatasız, qızılgülə batasız. Qızılgüllər içində şirin yuxu tapasız... Lay.. lay.. lay...
Ravi-aşığa yaxınlaşan onbaşı İzzətin gördüklərini biz onun gözü ilə görürük.
Ravi-aşıq bolşeviklərin öldürdüyü kəndlilərə yanıltmac deyirmiş...
O, dirilərə deyə bilmədiyi həqiqəti ölülərə deyirmiş. Ölülər eşitmir axı. Danışmırlar da. Onu satmayacaqlar.
Ravi-aşıq onbaşı İzzəti görən kimi qorxa-qorxa ayağa qalxır.
Ravi-aşıq: – Sən kimsən? Bura adamına oxşamırsan, – soruşur.
Onbaşı İzzət: – Onları basdırmaq lazımdır, – deyir.
Ravi-aşıq: – Sizi on birinci qızıl ordu buralardan qovmamışdı?
Onbaşı İzzət: – Ölüləri basdırmaq lazımdır, aşıq, diriləri yaşatmaq.
Ravi-aşıq: – Atın səni satacaq.
Onbaşı İzzət: – Dua edə bilirsən?
Ravi-aşıq: – Bircə nəfər olsun belə din adamı qalmayıb. Hamısını güllələyiblər. Bilən də “bilmirəm” deyir.
Onbaşı İzzət: – Mən oxuyaram onların duasını.
Onbaşı İzzət öldürülmüş kəndlilərin son duasını oxuyur...
Aktyorlar kəndliləri bir-bir basdırırlar...
Ağlaşan qadınlar...
Səhər yenicə açılır...
Onbaşı İzzət səhərin açıldığını görüb atını haylayır...
Güllələnən kəndlilər artıq basdırılıb...
Aktyorlar dekorları yığışdırırlar...
“Agit teatr”ın köçü toparlanıb meşəyə yönəlir...
Onbaşı İzzət də onlara qoşulub kənddən çıxır...
“Agit teatr”ın aktyorları meşənin içində tonqal qalayırlar...
Ravi-aşıqla onbaşı İzzət tonqal kənarında oturub söhbət edirlər...
Ravi-aşıq: – Necə sağ qaldın?..
Onbaşı İzzət: – Atın Allahı var. Məni də O qoruyur.
Ravi-aşıq: – Mən tanıdımsa səni, ruslar da tanıyacaq. Atının quyruğu da kəsilməyib. Bolşeviklərin quyruğu kəsilməmiş atı və yiyəsini sorğusuz güllələmək əmrləri var. Osmanlı türkü olduğun da üzündən bəllidir. Bilirsən də bu gün burda türk olmaq nə deməkdir? Nə qədər gizlənəcəksən? Birinci əsgər patrulu tutub səni ən yaxşı halda dama basacaq. Atın da gedəcək, özün də. Qoşul mənə. Bolşeviklər mənə səlahiyyət veriblər ki, türklərin əleyhinə təbliğat aparım. Köçümü yoxlamırlar. Sərhədlərini də sənədsiz keçirəm. Səni “Agit teatr”ımda axtarmaq onların ağıllarına belə gəlməz.
Onbaşı İzzət: – İncimə, aşıq, mənim bir üzüm var.
Ravi-aşıq: – Bolşeviklər bir ildən artıqdır ki, Bakıda hökumət qurublar. Türkiyənin başı özünə qarışıb. Bütün sərhədlər, sınırlar bağlıdır. Cümhuriyyət adamlarını tutub damlayıblar. Məmməd Əmin İrana qaçdı. Məmmədbağır bəyi, Murad Txelisi bolşeviklər öldürdü. Şıxlinskinin ordusundakı bütün türkləri Narginə sürgün etdilər. Sizi hamı qurban verdi... Başa düşmürsən?
Onbaşı İzzət: – Nuru paşa ilə Dağıstandaydıq. Biçeraxovun kazakları ilə vuruşurduq. Heç kəsimiz olmasa da, savaşımız var, aşıq. Qarabağı da geri almışıq.
Ravi-aşıq sevinə-sevinə: – Nuru paşa sağdır? – soruşur.
Ravi-aşığın son sözlərini “Agit teatr”ın Mələk qanadlı aktrisası da eşidir.
Mələk qanadlı aktrisa onbaşı İzzətə yaxınlaşır.
Mələk geyimli aktrisa: – Mən Beşinci Firqədən gəncəli Osman ağanın qızıyam. Babamı gözümün qabağında öldürdülər... Məni paşamın hüzuruna apar; döyüşmək istəyirəm...
Onbaşı İzzət bilmir qıza nə desin.
Bir xeyli susandan sonra onbaşı İzzət: – Arxanca gələrəm, – deyir...
Onbaşı İzzət ayağa qalxıb fit çalır.
Fit səsini eşidən təki Nuru paşanın atı qaranlığın içindən çıxıb onbaşı İzzətə yaxınlaşır.
Onbaşı İzzət: – Vaxtdır, aşıq. Getməliyəm. Danışıq qoyunu qurda verər.
Ravi-aşıq da ayağa qalxıb onbaşı İzzətə yaxınlaşır.
Ravi-aşıq rəngli aktyor çuxasını çıxarıb İzzətin çiyninə salır.
Ravi-aşıq: – Bilmirəm hara gedirsən. Adın nədir? Yolun haradır? Bu təlxək çuxasını əyninə geyin. Hərbi şinelini çıxart. Atının da quyruğunu hör. Dindirsələr, dinmə. Özünü lallığa vur. Bəlkə bu yol ilə sağ qaldın. Bu gün buralar yalan üstədir. Düz danışsan, səni öldürəcəklər. Çalış buna öyrəşəsən. Məni yaşadan yalandır.
Onbaşı İzzət atın belinə qalxır.
Mələk qanadlı qız ona yemək bağlaması uzadır.
Onbaşı bağlamanı alıb heybəsinə qoyur.
Və bircə anda qaranlığın içində itir...
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Hazırda əksər kişilər evlənmək istəmirlər. Niyə?
ƏHMƏD QƏŞƏMOĞLU: “ƏSAS SƏBƏB EVLƏRİNİN OLMAMASIDIR”
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Elə o özü də ailə həyatı qurmağa tələsməyənlərdəndir.
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bunu rusiyalı psixoloq Yelizaveta Filonenko deyir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir. "Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bir qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Öz təcrübəmdə bunun süzgün, yoxsa qeyri-düzgün olduğunu söyləməyəcəyəm. Amma əksəriyyət bu fikri təsdiqləyər. Ümumən, mütəxəssislər son zamanlar populyarlaşan dəbdəbəli toy dəbini də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biri adlandırır. Onlar elçilik, toy, üzük və pay-pereş alınması, bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayırlar.
Bəs görəsən, bizim mütəxəssislərimiz bu haqda nə düşünürlər? Kişilərin gec evlənməsinin səbəblərini aydınlaşdırmaq üçün ekspertlərin açıqlamalarına nəzər yetirək.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları deyir: "İndi oğlanlar həqiqətən də gec evlənirlər. Amma əvvəl belə şey yox idi. Xüsusən kənd yerlərində belə hal olmazdı. Əgər oğlan ali təhsil alıbsa və ya hərbi xidmətdən qayıdıbsa, ailəsi onu evləndirmək haqda düşünürdü. Orta hesabla oğlanlar 25, qızlar isə 20 yaşına çatanda ailə qurması üçün problem qalmırdı. Hətta əgər oğlanın evi yox idisə, yeni qurulan ailənin oğlanın valideynləri və digər ailə üzvləri ilə birgə yaşaması da problem sayılmırdı. Üstəlik, o dövrdə hamının qəbul etdiyi müəyyən qaydalar da var idi. Məsələn, ailə kasıbsdırsa, yeni ailə quran xanım bunu adi hal kimi qəbul edib ona uyğunlaşır və ən əsası ümumi vəziyyətin qənaətbəxş olması üçün ailənin digər üzvləri ilə birgə çalışırdı. İndi siə vəziyyət tam fərqlidir. İndi hamsı düşünür ki, oğlan evlənirsə, mütləq ayrıca evi olmalıdır. Hansı ki, müasir dövrdə də ev almaq üçün 100-150 min pul olmalıdır. Bu məbləğ isə hamıda yoxdur. Deməli, birinci faktor evin olmamasıdır. İkinci faktor işin olmamsıdır. Təəssüf ki, iş yerləri o qədər də çox deyil. Üçüncü məsələ ölkəmizdə boşanmaların sürətlə artmasıdır ki, bu da evlənmək istəyən oğlanları qorxudur. Başqa bir məsələ qızların bəzi davranışlarının - mənəvi-əxlaqi cəhətlərinin oğlanları qane etməməsidir. Sosial şəbəkələr qızların davranışına o qədər təsir edib ki, oğlanlar belə həyat yoldaşlarının olmasını istəmirlər. Müasir dövrdə qızların üstünlük verdiyi dəyərlər başqadır. İndi daha çox maddi məsələlər, karyera qurmaq, gəzmək kimi məsələlər ön plandadır. Hansı ki, əvvəlki dövrdə qızlarımızın nə əxlaqında problem olardı, nə də onları bu kimi sadaladığımız şeylər maraqlandırardı. O vaxt düşünürdülər ki, gözəl bir ailəm olsun, ona xidmət edim, ancaq indi hamı üçün olmasa da, bir çoxları üçün başqa dəyərlər hakimdir ki, bütün bunlar da oğlanları evlilikdən çəkindirir."
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bu fikirləri isə Medical House Reabilitasiya mərkəzinin təsisçisi, Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaab bildirir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.
"Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Gəlin düşünək ki, elə bir uyğun zaman gələcək, gənc oğlanlar, içi mən qarışıq, bütün problemlərindən qopacaqlar, başlarında evlənmək sevdası cövlan edəcək, ailə quracaqlar, xoşbəxtliyə imza atacaqlar.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
ÖTƏN İL BU GÜN: Yüz min avroluq skripka, yaxud bir tapıntının tarixçəsi
“Ədəbiyyat və incəsənət” portalı ÖTƏN İL BU GÜN baş vermiş hadisələrdən birini xatırladır. Hadisə Fransada vaqeə olub. Özü də zibilxanada.
Fransada inanılmaz bir hadisə baş verib. Zibilxanadan olduqca unikal, əntiq mal hesab edilən yüz min avroluq skripka tapılıb və nə tapdığını təsəvvür edə bilməyən şəxs “hansısa musiqiçiyə aid adi bir çalğı aləti” tapdığını zənn edib qəzetdə elan verib.
Təfsilatı “Ədəbiyyat və incəsənət” portalının PİO Novosti agentliyinə istinadən yaydığı xəbərdə.
İki gün öncə Parisin 18-ci dairəsində, Port de Klinyankur rayonu ərazisində yoldan keçən bir qadın zibil yeşiyinin yanında salamat bir skripka görüb, skripkanın hansısa musiqişiyə aid olan adi çalğı aləti olmasını zənn edərək qəzetdə elan verib.
Parisien-in yazdığına görə, bu elanın ardınca maraqlı hadsələr cərəyan edib, nəticədə mütəxəssislər məsələyə qarışıblar, məlum olub ki, söhbət adi yox, çox unikal bir skripkadan gedir, qiyməti 100 min avro olan skripka “Yelisey çölləri” orkestrinin musiqiçisi Enriko Teddeyə məxsusdur. 2021-ci ilin noyabrında skripkanı Enriko Teddidən oğurlayıblar. Hadisə Patye - Paris qatarında baş verib. Həmin hadisədən çox sarsılan musiqiçi əsl depressiyaya düşüb.
İş ondadır ki, dəyəri 100 min avro olan bu skripka 19-cu əsrin sonlarında istehsal olunub, Enriko Teddi onu 15 il əvvəl məşhur venesiyalı usta, özünü Stradivarının davamçısı adlandıran Julio Deqanidən alıb. Bir müddət hətta muzey eksponatı olan unikal skripkanın oğurlandıqdan sonrakı taleyi qaranlıq qalıb. Və oğruların qatarda ələ keçirdikləri qənimətin 5 aydan sonra Paris ətrafında zibilxanadan tapılması səbəbi əsla bəlli deyil.
Bəlli olan isə odur ki, skripkanı tapan qadına 100 avro şirinlik verərək skripkasına yenidən sahib olan Enriko Teddi hazırda çox xoşbəxtdir. Necə bir xəzinə tapdığını bilmədən onu 100 avro şirinliyin müqabilində əlindən buraxan qadın isə çox pəjmürdədir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Qeyrətli, qeyrətsiz adamlar kimi,
Sözün də kişisi, şərəflisi var.
Əyilməz özünü pula satmayan,
Doğuşdan qəbrədək kişi olanlar..
(Təranə Dəmir)
Təranə xanım, “sözün kişisi" ifadəsini necə təhlil edirsiniz?
CAVAB
Yazar sözü azad buraxmasa, kölgədə saxlasa, fikirlərini ifadə etməyə qorxsa, onun ərsəyə gətirdiyi əsər də qorxaq olacaq. Oxunacaq, bir müddət sonrasa unudulacaq. Sözü azad buraxmaq lazımdı. Dünyanı hansı rəngdə görmək istəyirsənsə, necə təsvir edirsənsə, elə də sözə çevirənlər əsl yazarlardır, məncə. Sözün də kişisi, əri deyəndə bunu nəzərdə tuturam. Ruhu azad olanların sözü həmişə qalib gəlib, tarixin bütün dönəmlərində.
Ədəbiyyat və incəsənət”
(18.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Küftə bozbaş
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Küftə bozbaşın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Qoyun əti – 117 qr
§ Quyruq – 25 qr
§ Soğan – 25 qr
§ Pomidor – 42 qr
§ Kartof – 113 qr
§ Yumru düyü – 10 qr
§ Noxud və ya müxəşşər – 25 qr
§ Quru alça – 10 qr
§ Quru və ya təzə nanə – 8 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ quru reyhan – 10 qr, sumaq – 10 qr,
qırmızı baş soğan – 50 qr
QEYD 1: Hər bir xörək 3-5 dəqiqə yer dəmi almalıdır. Hazır olduqda kasalara çəkilir, üzərinə reyhan qurusu səpilir, yanında əzilmiş qırmızı soğan, sumaq, reyhan qurusu verilir.
QEYD 2: Xörəyin suyu qaynayıb çəkilməlidir. Hər paya 250-300 qr su düşsə,
kifayətdir.
HAZIRLANMASI:
Qoyun əti doğranır, quyruq, duz, istiot, soğan vurulur. Ət maşınından keçirilir və qiymə hazırlanır. Qiyməyə yuyulub-təmizlənmiş yumru düyü, nanə qurusu əlavə olunur. Qiymə yaxşıca qarışdırılır və döyülür. Içərisinə quru alça qoyularaq, 160-170 qramlıq küftələr hazırlanır. Soyuq yerdə saxlanılır. Əvvəlcədən təmizlənmiş, isladılmış noxud yarı bişirilir. Əgər müxəşşərdirsə, küftə ilə birgə bişi- rilir. Kartof təmizlənir, pomidorun qabığı soyulur, xırda doğranır. Saxsı küpə (bardaq, qazan və ya çölmək) işgənə əlavə olunur. Qaynayanda hazır- ladığımız küftələr suya atılır və ara- bir kəfi alınır (bu zaman soğanlar da kəf ilə birgə çıxa bilər). Bu isə normal hal olub, ətin iy və dadını yaxşılaşdı- rır. Sonra noxud əlavə olunur. Bu ərzaqlar yarıbişmiş vəziyyətdə olduqda kartof, alça və pomidor vurulur. Bişməyə 10 dəqiqə qalmış duz, istiot, sarıçiçək şirəsi əlavə olunur və ocaqdan götürülür.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)