Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist və siyasi şərhçi Əkbər Qoşalının növbəti məqaləsini təqdim edir. Günümüzün siyasi mənzərəsinə gəlin diqqət yetirək. 

 

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”. – Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri aprelin 16-da Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma törənində çıxış edərkən deyib.

Bəs Şirvan suvarma kanalının, yaxud heyvandarlığın, bitkiçiliyin geniş vüsət almasının bu yazının başlığı ilə yaxud ümumən müharibə ilə nə bağlılığı vardır? – Deyim. –

Birincisi, belə bir məntiqi sual ortaya çıxır: müharibə etmək istəyən dövlət işğaldan azad edilmiş bölgələrdə, o cümlədən şərti dövlət sınırına yaxın ərazilərdə genişmiqyaslı və davamlı abadlıq-quruculuq, məskunlaşma siyasəti apararmı?

İkincisi, “qızğın müharibə hazırlıqları içində olan”, “ha bu gün - ha sabah” müharibə edəcəkmiş kimi təqdim edilən ölkə tamamilə dinc məqsədlərçün, necə deyərlər, qeyri-hərbi təsərrüfat işləri üçün bunca qayğılanar, belə mövzulara bunca üstünlük verərmi?

Üçüncüsü, bizim Müdafiə Nazirliyimiz video, foto materiallar yayaraq, Ermənistan silahlı qüvvələrinin şərti sınır boyunca hərəkətlənmə, tioplanma əyləmi içində olduğunu təkzibedilməz şəkildə ortya qoymuşkən, müharibəyə hazırlaşan Ermənistan deyil, bizmi oluruq? Bəlkə deyələr ki, şərti sınırın o tayında hərəkət edən Azərbaycan Silahlı Qüvvələrinin kolonudur? Yaxud o kolon gəlinciklər, işıldaquşlar daşıyır bəlkə? Yoxsa, xəbərimiz olmayıb, Ermənistan silahlı qüvvələri xeyriyyə aksiyası keçirir, nə bilim, işğal ziyanlarına görə bizdən üzrxahlıq etmək, minatəmizləmək üçünmü cəm olur belə?..

Bir də, müharibə hazırlıqları mövzusunun (ittihamının) içində Rusiya faktorunun qabarıq keçməsi də çox qəribdir. Necə deyərlər, “Adımı sənə qoyum”... Guya ərazisində adı bəlli, sayı təxmini Rusiya hərbi bazası olan, sınırlarını Rusiya qoruyan (arxa planında da Avropa Birliyi nəzarət edən) Ermənistan deyilmi? Rusiya ilə birgə hərbi ittifaqda olan Azərbaycandır yoxsa, Ermənistan?

Əgər Ermənistan bir qucaqdan tam qalxa bilməmiş, başqa qucaq(lar)da oturmaq istəyirsə, biz də, bu qucaqdəyişmə əyləmini görürüksə, heç olmazsa, başını aşağı salmalı, səsini də qısmalı deyilmi?..

 

Azərbaycan müharibə tərəfdarı olsaydı, yaxud məhz hərb yolunu daha üstün tutsaydı, daha 30 il niyə gözləyir, sülh danışıqlarında nə üçün iştirak edirdi?  

Azərbaycan müharibə istəyirdisə, üç onillik boyunca atəşkəsi niyə məhz qarşı tərəfin – Ermənistanın silahlı qüvvələri pozurdu?

Qarşıdurma istəyən Azərbaycandırsa, 44 günlük müharibənin həmən ardından Sülh Anlaşması üçün 5 bəndlik baza prinsipi ilə çıxış edən kim idi bəs? Bəs beynəlxalq hüquq normalarına tam uyğun şəkildə hazırlanmış həmin 5 prinsipə vaxtında cavab verməyən yaxud baza prinsipləri ilə “həm razılaşan həm  razılşamayan”, hoqqa çıxaran  Ermənistan deyildimi? – “Nə hərb, nə sülh” formulunu (formulsuzluğunu!) uzun illər tətbiq edən, “dondurulmuş münaqişə”, “təmas xətti” qondaran, “müharibə nəticəsində yaranmış reallıq”lar arxasında daldalanmaq istəyən Ermənistan, indi də öz revanşizm cəhdlərini “Sülh Anlaşması olmadan işbirliyi” deyimi ilə, “güzgü prinsipi ilə geriçəkilmə” təşəbbüsü ilə pərdələmkmi istəyir? Biz uzun illər “Torpaqlarımızı istənilən yolla azad etmək hüququnu özümüzdə saxlayırıq” deyirdiksə, indi (necə deyərlər) erməni diplomatik aldatmacalarına, siyasi hiylələrinə, söz oyunlarına aldanmamaq hüququmuzdan yararlanırıq...

Yuxarıda “5 prinsipə vaxtında cavab verməyən” yarımcümləsini qurmağımız da təsadüfi deyil, əlbəttə; əlbəttə, sülhə, anlaşmaya, dialoqa ayrılan vaxt vaxtların ən gözəlidir; süründürməçiliklər, məqsədyönlü yayınmalar və s. vaxt öldürməkdir, vaxt itirməkdir. Qarşı tərəf “o gün bu gündür!” deyib, verdiyi sözləri tutmalı, ədalətli Sülhə hazırlıq iradəsini nümayiş etdirməlidir. Səmimi olmalıdır Paşinyan hökuməti; ikiüzlülükdən qəti imtina etməlidir. Ermənistanın havadarlarısa ikili standartlardan qəti şəkildə uzaqlaşmalıdır. Doğrusu, Ermənistanın, havadarlarının belə qəti imtina, uzaqlaşma poetnisalına malik olub-olmadığını qəti deyə bilmirəm. Ancaq onu qəti, dəqiq vurğulaya bilərik ki, Ermənistan ədalətli, əsl Sülh Anlaşmasına nə qədər tez gəlsə bu, ilk növbədə onun özü üçün bir o qədər yaxşıdır; bəli, bizimçün də yaxşıdır. Hər uzatma, yayınma bizə elə ziyan vurmaz ancaq Ermənistanı daha da dalana döndərər. Neynək, can onlarındır, cəhənnəm də onların olmalıdırsa, olsun...  

 

*

Bilirsiniz, indilərdə söhbət daha çox Qazaxın 4 kəndi (Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri), ondan sonra Zəngəzur koridoru ilə bağlı gedir. – Yəni (öz ağıllarınca), Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edənlər məhz bu istiqamətləri nişan verir. Adama deyərlər, əgər biz müharibəyə hazırlaşırıqsa, onu da hər yoldan ötən-ötməyən yönünə-yörəsinədək bilirsə, daha bu nə hazırlıq oldu? Bundan daha əfzəli, əgər Paşinyan başda olmaqla Ermənistan hökuməti bilirsə və etiraf edirsə ki, o dörd kənd Azərbaycana məxsusdur, bəs onda həmin kəndləri niyə kirimişcə boşaltmırlar? Daha nə qədər, nəyi və niyə gözləməliyik? “Sülh tərəfdarları” müharibəmi istəyir, bizi müharibəyəmi sövq edirlər?

Bir də, axı niyə 4 kənd? Bəs digər 4 kənd? – Onları Ermənistanamı verəcəyik? – Bax, Ermənistan başbilənləri belə əlləm-qəlləm danışır. Guya sülhpərvərdirlər ancaq işğal altındakı kəndlərimizin tən yarısından söz açmır, digər 4 kəndisə “həm qaytarır həm qaytarmır”... Sonra da deyirlər, “Azərbaycan müharibəyə hazırlaşır”...  

Hələ öz içimizdən də müharibə ittihamçılarına züy tutanlar tapılır:  bəs deməzsənmi, 4 kənd üçün müharibə etməyə dəyməz-filan... İndi neynəməli - sınırın o tayında cəmlənən hərbi kolonları izləməli, önləməli, yoxsa, öz içimizdəki “beşinci kolon”larımı?.. Dəmir Yumruq möcüzələr yaratdıqca, opponentlərin “arqumentlər”i sıfırlanınca, illər sonra mitinq etməkmi düşdü yadlarına? Nə düşünür, nə hədəfləyir? Dövlətin, xalqın uğuruna sevinib böyütmək lazımkən, yaxın-uzaq coğrafiyada qeyri-müəyyən ortamlar hasilkən, öz siyasi hikkəsini qabardanlara “beşinci kolon” deyilməz, bəs nə deyilər?

  

Azərbaycan müharibə istəməyib, istəmir, istəməyəcək də. Azərbaycan bıçaq kəmiyə dirənəndə cavabını verir, məhz hərb meydanında öz qızıl ləyaqətini göstərir, öz haqqını comərdcəsinə savunur, işğalçını iti qovan kimi qovur. – Bax, bu cümlələr belə bir daha onu ifadə edir ki, bizi müharibəyə vadar etmək lazım deyil... Müharibədə suçlamaqsa heç lazım deyil!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

Çərşənbə, 17 Aprel 2024 11:30

Dilimiz – milli kimliyimiz!

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

 

Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir.

 

Dilimizin varlığı xalqımızın milli varlığının göstəricisidir. Vaxtı ilə M.Ə.Rəsulzadə “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə  rüxnünü (simasını-I.V.) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Çünki dil həmən millət deməkdir”.

 

Milli kimliyimiz olan Azərbaycan dili nənə və babalarımızın bayatıları, nağıl və dastanları, Oğuz elinin müşküllərini həll edən Dədə Qorqudun, dediyindən dönməyən Nəsiminin, dərdli Füzulinin, məğrur Xətainin, gözəllik aşiqi Vaqifin, Aşıq Ələsgərin, filosof-dramaturq M.F.Axundzadənin, böyük demokrat M.Cəlilin, “ağlar-güləyən” M.Ə.Sabirin, Ə.Cavadın, M.Müşviqin, S.Vurğunun, M.Arazın, M.H.Şəhriyarın və  onlarla başqalarının ölməz söz-sənət əsərləri ilə şərbət kimi şirinləşmiş, göz yaşı kimi durulmuş, yad təsirlərdən qorunmuş və kamil bir dilə çevrilmişdir. Ulu öndərimiz H.Əliyev  ana dili haqqında danışarkən, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!” – deyirdi.

 

Respublikamızda dil siyasətinin formalaşdırılması, dilimizin hərtərəfli tərəqqisi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndərin misilsiz xidmətləri olub. H.Əliyev ölkəyə rəhbərlik etdiyi bütün illər ərzində əzəmətli dövlət işləri ilə yanaşı, Azərbaycan dilinin inkişafı, tətbiqi sahələrinin genişləndirilməsi uğrunda mübarizə aparmışdır. Dilimizin həqiqi mənada, praktiki olaraq dövlət dili statusu qazanması da ulu öndərin səyləri nəticəsində mümkün olmuşdur. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə böyük tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Heydər Əliyev dühası ilə ana dilimiz  həm ölkəmizdə, həm də xaricdə diplomatik dil səviyyəsində ən yüksək zirvəyə çatmışdır.

 

Əsası ulu öndər tərəfindən qoyulmuş dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, indi ana dilimiz dinyanın inkişaf etmiş, qədim yazı ənənələri və sabitləşmiş ədəbi normaları olan dövlət dili statusuna malik nüfuzlu dillərdəndir.

 

Azərbaycan dili müxtəlif dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdurƏsrlər boyu dilimiz nəinki azərbaycanlılar, bütün Qafqazda yaşayan xalqlar arasında əsas ünsiyyət vasitəsi olmuşdur. Təsadüfi deyil ki, böyük rus şairi M.Y. Lermontov XIX əsrdə Qafqazda olarkən dostu  S.A. Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək bir o qədər vacibdir.

 

İndi dünyanın 90-a yaxın ölkəsində əlli milyondan çox insan Azərbaycan dilində danışır. Bu dil həm də ölkəmizdə yaşayan azsaylı xalqların ikinci ana dili kimi işlənir. Bu isə o deməkdir ki, Azərbaycan dili dünya azərbaycanlılarının həmrəyliyi və milli birliyinin sarsılmaz təməlinə və simvoluna çevrilmişdir.

 

Bu gün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi olaraq qalmır. Fəxr etməliyik ki, doğma dilimiz indi beynəlxalq statusu almış dünya dilləri ilə bir sırada yüksək diplomatik məclislərdə səslənir, komputer sistemində istifadə edilir, internet səhifələrində oxunur. Dünya ədəbiyyatının inciləri dilimizə uğurla tərcümə edilir, xarici vətəndaşlar Azərbaycan dilini öyrənirlər. Bu arada qeyd etmək istərdik ki, xaricilərin dilimizi öyrənmələrinə kömək məqsədi ilə “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da qeyd olunduğu kimi, Azərbaycan dilində daha çox internet resurslarının  və onlardan daha geniş istifadənin təmin edilməsi üçün yeni internet texnologiyalarının yaradılmasına diqqət daha da artırılmalıdır. Maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişafı müntəzəm xarakter daşımalıdır.

 

Tədqiqatlar göstərir ki, beynəlxalq səviyyəli dillərin nüfuzunun güclənməsi, coğrafiyasının genişlənməsi, funksiyalarının çoxalması; elm, texnologiya, sürətli iqtisadi inkişaf, siyasi üstünlük və qloballaşma yerli dillərin tənəzzülünə, inkişafdan qalmasına səbəb olur, onlar tədricən öz statuslarını  itirirlər. Universal kommunikasiya vasitələrinə və bütün insanlıq üçün ümumi dilə tələbatın artması da bu prosesləri gücləndirir. Bu baxımdan qloballaşmanın dünyanın dil mənzərəsinə təsiri aydın surətdə müşahidə edilməkdədir. UNESCO-nun verdiyi məlumata görə, yuxarıda qeyd etdiyimiz səbəblərdən artıq dünyada mövcud olan dillərin 40 %-i yox olmaq təhlükəsi altındadır.

 

Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin  bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

 

         Bəli, indi əsas məsələ milliliyi saxlamaqla, ana dilinin varlığını qorumaqla dünyaya inteqrasiya etməkdir. Düzdür, dilimiz dövlət səviyyəsində prioritet siyasətin tərkib hissəsi olan dil siyasəti çərçivəsində əhəmiyyətli dərəcədə qorunur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı və dil siyasəti sahəsində qəbul olunmuş digər normativ hüquqi aktları xatırlamaq kifayətdir. Amma Azərbaycan dilinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi dilin qorunmasının bir tərəfidir. Digər tərəfi isə, dil daşıyıcılarının özlərinin dil siyasətinin həyata keçirilməsinə təkan verməsidir. Dilin qorunması dövlətin dil siyasəti ilə başlayır və dil daşıyıcılarının ona riayət etməsi ilə tamamlanır. Dilin qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi bu gün mövqeyindən, peşə və ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin işidir. M.Ə. Rəsulzadə yazırdı: “Bu qədər bir əhəmiyyətə malik olan dilin mühafizəsi bittəb (təbii olaraq-İ.V.) dil sahiblərinə ən çox lazım olan şeylərdən biri, bəlkə də, birincisidir”.

 

Görkəmli şairimiz B.Vahabzadə dil daşıyıcılarının qarşısında duran həmin vəzifəni poetik şəkildə belə ifadə edirdi:

 

 

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

 

 

 

Ü. Hacıbəyov yazırdı ki, "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".

 

Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin  dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik-İ.V.)”.

 

Təəssüf ki, bu gün öz ana dilini bəyənməyən, yersiz olaraq əcnəbi sözlərlə dilimizi zibilləyənlərin sayı artmaqdadır. (Professor Qulu Məhərrəmli son 15-20 ildə təkcə mediada işlənən, çoxu “gözləmə rejimi”ndə olan alınma sözlərlə bağlı yazdığı izahlı lüğətdə ümumilikdə 2200-dən çox xarici leksik vahid qeydə almışdı.) Son illər hətta məişət səviyyəsində yerli-yersiz əcnəbi dillərdən alınmalara yol verilir. Televiziya və radio kanallarında, mətbu nəşrlərdə, reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması adi hala çevrilib, əcnəbi sözlər və ifadələr göz çıxarır. İngilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, bunların içərisində çoxlu “ziyalı”lar da var.

 

Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”. Bizim  “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir!

 

Şair T. Bayram öz ana dilini sevməyən və bilməyənlərə “nankor və naqis deyir". Biz isə onları milli kimliklərindən imtina edib, xarici ölkə vətəndaşlığını qəbul edən, “yad dildən pay umub dilənənlərə” bənzədirik. Rus yazıçısı Paustovski  haqlı olaraq qeyd edirdi ki, öz Vətəninə həqiqi məhəbbət öz doğma dilini sevmədən mümkün deyil.

 

Bu da bir həqiqətdir ki, bu gün bəzi vəzifə sahibləri, imkanlı adamlar ana dilində danışmağı özlərinə və övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini hətta xaricdən dəvət olunan əcnəbilərə etibar edirlər. Uşaqlarının ana dilində yox, ancaq xarici dillərdə (əsasən ingilis dilində) təhsil almasını istəyirlər.

 

Zənn edirəm ki, belələrinə böyük rus pedaqoqu K.D. Uşinskinin aşağıdakı sözlərini xatırlatmaqda yarar var: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”

 

M.Ə. Rəsulzadəyə görə də, yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə gənc nəsil vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlıya çevrilir. Belələri hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq, yad meyillərə uyacaq, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.

 

Dilimizin təəssübkeşlərindən şair B. Vahabzadə isə belələrini nəzərdə tutaraq yazırdı:

 

 

 

Bir vaxt rusca idi bütün reklamlar.

 

İndi ingiliscə dürtülür gözə.

 

İtin də dilinə hörmətimiz var,

 

Təkcə öz dilimiz yaramır bizə.

 

 

 

         Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada  ikidillilik  (çoxdillilik)  zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir. İngilis dilində, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar.  

 

         Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri vardır. Filologiya üzrə fəlsəfə doktoru, dosent E. Əliyeva  özünün “Ana dili və çoxdillilik problemləri” məqaləsində bu barədə yazır: “Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.

 

Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.

 

Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə insan öz həyatını rəngarəng edir. Stressi azalır, onun məhsuldarlığı artır.

 

Psixoloqlar da hesab edirlər ki, uşaq ana bətnində eşitdiyi, duyduğu dili daha tez və asan öyrənmiş olur. Bu səbəbdən də ana dilini öyrəndikdən sonra, yəni dil inkişafının ikinci mərhələsində xarici dilə keçid etmək tövsiyə olunur”.

 

Çoxdilli cəmiyyətdə fikri asan ifadə etmək ünsiyyətdə başlıca şərtdir. Bu zaman əsaskomponent ana dili, ikinci komponentisədigər dil hesab olunur.

 

Hər bir azərbaycanlının orta təhsilini ana dilində almasını məsləhət görən şair B.Vahabzadənin də dediyi kimi, xarici dilləri yaxşı öyrənməyin yolu ana dilini yaxşı bilməkdən keçir.Onun fikrincə, ana dilinə əsaslanan ikidilli təhsil  yerli dillərdə danışan əhali qruplarının dil öyrənməyə çıxışını asanlaşdırır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. Çünki doğma dilini yaxşı bilən kəs öyrənmək istədiyi xarici dili ana dili ilə müqayisəli və qarşılqlı şəkildə öyrənir vəfaktiki olaraq daha yaxşı dərk edir.

 

Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələlgətirmədən, onun coğrafiyasınıməhdudlaşdırmadanöyrənilməli, ölkədaxilindəheç bir sahədəpraktikiolaraq ana dilindən  üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir. 

 

Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdir: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.”  Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Qloballaşma şəraitində ana dilimizdən zamanın tələblərinə uyğun istifadə etməli, ədəbi dilin normalarını ciddi surətdə gözləməli, gənc nəslə milli dil sevgisini təlqin etməliyik. Çunki dilimizin yaşaması xalqımızın, tariximizin, milli varlığımızın və milli kimliyimizin yaşaması deməkdir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.04.2024)

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoyun Milan Kunderanın “Kimlik” romanı barədə yazdığı məqaləsini təqdim edirik.

 

 

Sevi(ş)in və çoxalın

“İnsan (İsa) özünə qulluq edilsin deyə yox, xidmət etməyə və canını bir çoxlarının qurtuluşuna qarşılıq olaraq fəda etməyə gəldi”.

                                                                                         Markos İncili (10:45)

 

Alma

 

...Arzu və ehtiraslarınızı hərəkətə gətirən, sizi təhrik edən səbəbləri sadalayın – desələr, ehtimal ki, hər kəs fərqlilik və nəciblik axtarışına çıxacaq.

Beyinin dərin qatlarından zorla dartıb çıxarılmış xeyirxah əməllər arzularımızın deyil, təsəlliyə möhtaclığın cavabları olacaq.

Yaradılışının, varlığının səbəbi nədir? – sualını isə hamı birmənalı anlayacaq. Yəni bu dünyada niyə yaşayıram mənasında.

Bəziləri: Mən insanlara faydalı olmağa, bəşəriyyətin xilasına çalışıram: Yaşamağımın mənası budur. Budur mənim xoşbəxtliyim, yaşamaq səbəbim.

Başqaları: Yox, mənim xoşbəxtliyim xalqımın xoş güzəran görməyindədir. İllərdir ki, bunun üçün əlləşib-vuruşuram.

Əşşi, nə danışırsız eyyy, hər kəs öz ailəsinə məsuldur. Hə, düz deyirsən, mən ömrümü övladlarıma həsr etmişəm.

Hamısı boş şeydi, bu dünyada adama qalan çəkdiyi keflər, ləzzətlərdir.

Haşa, Allah bizi ona görə yaradıb ki, ona qulluq edək...

Yalan deyirlər. Qətiyyən inanmayın. Çünki Adəmlə Həvva o məlum almanı yeyən gündən bu sual cavabsız qaldı...

Həmin insanları yaxından tanısaq, görəcəyik ki, çəkdiyi keflərdən dəm vuranların əksəri tənha, cinsi həyatı olmayan, həyatı boyunca özünütəminlə əlləşənlərdir.

Allaha qulluq etməyi ən vacib əməl sayanlar isə ruhla cəsədin istəkləri arasında çabalayırlar. İnsan özündə olmayana can atır. Bəs necə olmalıydı?! Bundan artığını gözləyirdiz? Axı bizlər Adəm və Həvvanın nəslindənik.

Əsrlərdir Həvvanın yediyi alma bizi şirin cənnət xülyalarından ayırmayıbmı? Əslində, Həvvanın yediyi alma simvolik məna daşıyır.

Adəm və Həvvanın yediyi alma onlarda cinsi istək yaratdı və... Və hər şey insan təbiətinin axarında baş verdi.

 

Bunu Allahın özü də yaxşı bilirdi ki, insan öz təbiətinin tələbinə əməl edəcək. Onda bu qədər fərqliliklər, yaradılışın əksinə cərəyan edən həyatlar niyə yarandı?!

Babamız Adəm cənnətdən qovulmağı belə gözə alıb, öz arzusunu, ruhi və bioloji ehtiyacını sevdiyi qadın Həvva ilə yaşamağa xərclədi.

Xərclədi ki, bizlər bundan dərs alaq. Xərclədi ki, təbiətimizin gərəyincə yaşayaq. Xərclədi ki, saniyəlik mənalı yaşamağı, məzmunsuz əsrlərlə, hətta əbədiyyətlə belə dəyişməyək.

Tanrının yazdığı irihəcmli və mürəkkəb süjetli romanın epiqraf-metaforuna çevrildi alma əhvalatı.

Milan Kundera “Kimlik” romanı ilə sevgini, seksi və köhnələn insan ömrünü sorğuya çəkir.

Tarix, fəlsəfə, din və həyatın qarışıq atmosferində boğulan dəyərlər ədəbiyyatın estetik müstəvisində nəfəs alır. Kundera həyatın ən mürəkkəb, çıxılmaz düyünlərini ironiya və gülüşün duyum gücü ilə toxuyur.

Elə ilk romanı “Zarafat” da gülüşün içində gizlənmiş ironiya və kədəri Praqadan Parisə köçürdü. Kim bilir, bəlkə də, gülüşün Praqadan Parisə hüznlü hicrəti olmasaydı, bugünkü yazımız ya olmayacaq, ya da “Kimlik”siz qalacaqdı.

Hə, “Zarafat”ın qəhrəmanı Lüdvik sevgilisi Marketaya məktub yazır:

“Optimizm insanlığın tiryəkidir. Sağlam ruh, əbləhlikdən başqa bir şey deyil. Yaşasın, Trotski”.

Sevgilisinin qayğısız davranışından əsəbiləşərək yazdığı məktub Lüdviki işindən və Kommunist partiyasına üzvlükdən məhrum edir. Yumorun incəliyi Kundera qələmində siyasi qarşıdurmalar və eşq dramlarına qapı açır.

Lüdvik bir ziyalı kimi elə düşünsəydi, xalqı üçün fədəkarlıq etmiş olardı. Şüurlu olmayan etiraz onun həyatını alt-üst edir. Ziyalıların biganəliyini ələ salan Kundera adi bir əhvalatı ölkəsinin acı taleyinə çevirir.

Yazıçının başlıca məqsədi çex ziyalıların düşdüyü vəziyyətə gülmək deyil. Əlbəttə, Çexiyanı unudan və Kommunist partiyasında işıqlı gələcək planları quran ziyalılara ironiya var. Daha çox fərdlər, şəxsi talelər ön plandadır.

Şüurlu olmayan instinktlər və davranışların ekzistensial sürprizlər yaratmaq gücü zarafatla metaforlaşır. İnsana düşmən olan hadisələr zənciri və cəmiyyətin fərdə münasibəti rəsm edilir.

Necə ki XIX əsrdə Rusiyada yaşayan, dünyanı gözəlliyin xilas edəcəyinə inanan bir nəfər vardı. Və o fərd cəmiyyət qarşısında aciz idi. Hər kəs onu gicbəsər adlandırırdı.

Deməli, zaman və məkanın fərqi yoxmuş. XX əsrdə Praqada yaşayan Lüdvik də cəmiyyətin amansızlığı qarşısında çaşıb qalır.

 

Kundera “Zarafat”la fərdin azad, müstəqil düşüncəsinə toplumun etirazını qələmə alır. Toplumun fərdi özünə tabe etmək ehtirasının lənətini hüznlü simfoniya notlarına çevirir. Qalanı... qalanı, sadəcə, estetik dekorasiyadır.

 

Tanrının gülüşü

 

“Mənasızlığın təntənəsi” romanı dünya ədəbiyyatşünaslığında Milan Kunderanın bütün əsərlərinin xülasəsi hesab olunur. Bu roman Avropada ədəbi zarafat, lətifə, məzə adlandırılır.

Kundera yaradılışın, mövcudluğumuzun hər anını fəlsəfə və elmin quru nəzəriyyəsindən çıxarıb insanın özündə yaşadır. Bu baxımdan, onun istənilən romanı digərlərinin abstraktıdır.

         “Kimlik” roman sənətinin kəşf etdiyi konkret və mücərrəd nəsnələrin, duyumların kodlaşmış bədii indeksidir.

Umberto Eko “Açıq mətn” kitabında Avropada poetik kəşflərin antik yunan ədəbiyyatından başladığını bildirir. Poetik düşüncənin inkişaf tarixi “Açıq mətn”də idealdan konkretə, konkretdən mücərrədə, oradan da ehtimal estetikasına doğru sadalanır.

Eko bu diaqnozu ilə ədəbiyyatın insana baxış tarixini də aydınlaşdırır. “Kimlik” romanı idealizmdən qidalanan Aristotel poetikasından ehtimallara açıq postmodernizmə qədər hər növ estetik dəyərlərlə şəxsiyyət probleminə ədəbi şərh verir.

"Varlığın dözülməz yüngüllüyü” yaradılışın nüvəsindəki eşqin və cinsəlliyin, “tanrısız və insansız” dünyanın kitabıdır.

         “Kimlik” də Kundera romanlarının intellektual emosiyasıdır. Varlığımızın səbəbinə gülüşdən doğan yaşantılarla yanaşan yazıçı roman sənətinin doğuşuna ən uyğun bənzətmə ilə yanaşır:

         “İnsan düşünür, Tanrı gülür”. Mən Rablenin bu atalar sözündən təsirlənərək bir gün Tanrının gülüşünü duyduğunu və ilk böyük Avropa romanının belə doğulduğunu xəyal etməyi sevirəm. Roman sənətinin dünyaya Tanrının gülüşünün əks-sədası olaraq gəldiyini düşünməkdən xoşum gəlir”.

Gülüş roman sənətinin yaranmasından günümüzəcən Tanrının (insanın) tapdığı ən böyük metaforadır.

Tanrı (insan) özünü və təbiəti xilas etmək üçün roman sənətini yaratdı. Milan Kundera romanlarında həyatın ekzistensial xəfifliyi dünyanın ən ağır yükünə çevrildi və... Və insanın öz təbiətindən və zamanın sürpriz dəyişilmə, yenilənmə çarxında yaşanan sarsıntılarla mübarizəsindən yaxa qurtara bilmədi.

 

İfrazat maşını

 

Kundera insanın qocalmağa məhkumluğunu gülüşün hüznünə qovuşdurur “Kimlik” romanında.

Bu dəfə Tanrı qocalmaqdan yaxa qurtarmaq istəyən Şantala gülür. Özündən yaşca kiçik və avara Jan-Markla yaşadığı eşqin köhnəlməsi Şantalı narahat edir.

Jan-Mark insana “ifrazat maşını” kimi baxır. Eşqin cinsi tərəfi maraqlandırır onu. Jan-Markı Şantala bağlayan tək istək seksdir. Səfərdə olanda belə “yaşlı sevgilisinin” bədənini arzulayır.

Ancaq yavaş-yavaş köhnələn, qırışan dərini təzəsi ilə dəyişməyin ssenarisini də qurur ağlının dərinliklərində.

Jan-Mark gənc və yaraşıqlı Tomaşı (“Varlığın dözülməz yüngüllüyü”) xatırladır. Tomaş əlindəki imkanlardan və imkansızlıqdan qurtula bilmədiyi üçün ehtirasın xəfiflik və ağırlığı arasında qalır. Jan-Markda isə imkanlar azdır, sərhədlidir. Şantaldan asılıdır. Tomaş Terezaya ruhun ağırlığı ilə, Sabina və digər qadınlara isə cismin xəfifliyi ilə bağlıdır.

Jan-Markda cismlə ruh yer dəyişir. Şantalın evində və onun qazancı ilə yaşamaq adi hal alıb. Ona görə ruhən də tabe olmalıdır zəhmətkeş sevgilisinə.

Kundera insan təbiətinin fiziologiyasında da Tanrının gülüşünün yatdığını bildirmək istəyir. Ehtiyacın ən xırda anları belə gülüşün estetik dekorudur Kundera qələmində. Yazıçı demək istəyir ki, əgər bir “kimlik” axtarışındayıqsa, “göz qapağının bağlanıb-açılması” da ədəbiyyatın estetik müzakirə obyekti ola bilər.

Jan-Mark “göz qapağını yumub-açmağa nifrət edir. Çünki ruhun aynası olan gözlər hər dəfə bu fizioloji ritualı təkrarlayır və keçmişi silir. Gözqapama ritualı ruha, xatirələrə bir xəyanətdir Jan-Markın düşüncəsində.

Kundera elə bu an Tanrını qabaqlayır. İnsanın cılız təsəvvürlərlə ömür tükətməsinə şaqqanaq çəkir. Bir yandan da sənətin çoxsəsliliyi öz işini görür.

“Gülməyin və unudulmağın kitabı”ndakı sosial həyatla siyasətin müharibəsinə mesajlar mətnlər arasında virtual dünya yaradır sanki.

“Gülməyin və unudulmağın kitabı” siyasətin deyil, fərdin kitabıdır. “Kimlik” romanında Jan-Markın unutmağa duyduğu nifrət yumorun zirvə nöqtəsidir. Gülünclük Markın Şantalı unutmaq və ondan qaçmaq istəməsindədir.

         “Gülməyin və unudulmağın kitabı”nda insanlar inqilab uğrunda mübarizə aparsalar da, ondan uzaqlaşmışdılar.

"Roman şüuraltını Freyddən, sinfi mübarizəni Marksdan əvvəl kəşf edib". Milan Kundera “Roman sənəti”ndə bu əsərin kəşf etdiyi həqiqətə baxaq:

“Gülməyin və unudulmağın kitabı"nda Praqa baharı siyasi-tarixi, sosial bir hadisə kimi yox, əsas ekzistensial vəziyyətlərdən biri kimi nəql olunub:

Bir fərd (bir insan nəsli) hərəkətə gəlir (inqilab edir), lakin sonradan bu hərəkət (inqilab) onun nəzarətindən çıxır və bir daha ona tabe olmur (inqilab dəhşət verir, qətl və dağıntı törədir).

Bu məqamda o, nəzarətdən çıxan prosesi yaxalamaq və cilovlamaq üçün hər yola əl atır, (bu nəsil müxalif və reformist bir hərəkat yaradır), amma boş yerə. Əldən çıxan inqilabı bir daha əldə etmək müşkül məsələdir”.

         “Gülməyin və unudulmağın kitabı”nın birinci hissəsi olan “İtmiş məktublar” iflic yaddaşın kitabəsidir.

Mirek və Zdenanın sürüşkən eşq macəraları Çexiyadakı siyasi-inqilabi hadisələrin mahiyyəti ilə səsləşir.

Mirek Zdenanın bədəninə sahib olduqdan sonra onu unudur. 1939-cu ildə almanların Bohemia Krallığına daxil olması xalqı sevindirir və keçmiş unudularaq yeni həyat qurulur. Ardınca 1945-ci ildə rusların gəlişində də eyni vəziyyət yaşanır.

Fərqli müdaxilələrə eyni gülünc reaksiya və unutqanlıq yumordan tənqidi gülüş mərtəbəsinə ucalır.

Mirekin Zdenaya olan sevgisi də dəyişkəndir. İnsanların arzu və istəklərinin azdırılması, yön dəyişməsi unutmağın gülməli kitabını yaradır.

Zdenanın göz yaşları romanda obraz səviyyəsində təsir bağışlayır. Göz yaşları “Gülməyin və unudulmağın kitabı”nda ifrazat maşınıdır. Mireklə Zdenanı bir-birinə yaxınlaşdıran da uzaqlaşdıran da göz yaşı təşbehidir. Lap Füzuli qəzəllərində olduğu kimi.

         “Təhrif edilmiş  vəsiyyətlər” kitabında zamanın təbii axarında yenilənən və köhnələn ədəbiyyata baxış estetikası Kunderanın yozumlarında yenidən yazılır.

         “Kimlik” romanı Kunderanın ədəbiyyata baxışı ilə həmin düşüncələri praktiki, əyani şəkildə sərgiləməsi arasında montaj aparatı rolunu oynayır.

Tarixinin ayr-ayrı zamanlarında yaşayan roman qəhrəmanlarını digər əsərlərində bir daha dirildib-öldürdüyü kimi, Jan-Markın xarakterində də eyni estetik cərrahiyyə əməliyyatı aparır.

Jan-Markın ehtirası, yaşantısı səviyyəsində dəyər qazanan “Unutmaq” sözü yazıçının bütün romanları arasında simvolik ünsiyyət yaradır. Unutmağın parodik yumoru “Həyat başqa yerdədir” romanında Yaromilin melanxolik xarakterində də yaşayır... Yaşayır və ölür.

 

Əziz oxucu, tap görək Yaromil haqqında söhbət və onun yaşayarkən ölməsi Kunderanın hansı kitabına göndərmədir. Açar söz: Artur Rembo, Mixayl Lermontov və hətta Vaqif Səmədoğlu ola bilər.

Ey ölüm, qoca kapitan, vaxt yetişdi!

Şantal kişilərin artıq ona baxmadıqlarını hiss etdiyi gündən həyatı dəyişilir. Başqa kişilər baxmırlarsa, deməli, Mark da yavaş-yavaş laqeydləşəcək.

Əvvəllər heç kimə və heç nəyə fikir verməyən qadın daha diqqətcil olur. Yolda, avtobusda, restoranda... Ətrafına boylanır, özü də kişilər tərəfə.

Şantal özündə ikinci dəfə baş qaldıran qızlıq, ərköyünlük hisslərindən baş aça bilmir.

Kundera təkcə bir qadının ikinci bahar yaşamaq arzusunu deyil, həm də insanın özünəpərəstiş duyğusunu romanın ekzistensial probleminə çevirir.

Şantal qocaldığını dərk etdiyi gündən həyatı sorğu-sual edir. O, küçədə “budağında uşaqlar sallanan ağaca bənzəyən” kişini görəndə sarsılır.

Kişi kürəyi və sinəsinə bağladığı uşaqlar yetmirmiş kimi, birinin də əlindən tutub vecsiz və xoşbəxt addımlarla yeriyir. Gördüyü bu mənzərə köhnə ərini və 5 yaşında ölmüş oğlunu yadına salır.

Milan Kundera bu səhnələri təsvir etməklə oxucunun diqqətini insanın çürüyən ömrünə yönləndirir. Həyatını yalnız övladlarına həsr edən insanın özü həyatdan uzaqlaşırmı?! Yaxud da Şantal kimi övladsız, “azad” insanlar. Onlar necə? Gerçək həyat bunlardan hansıdır?!

Şəxsiyyətə polifonik aspektlərdən baxış kimlik axtarışıdır. Roman şəxsiyyəti didik-didik tədqiq edir.

Jan-Mark da öz həyatını və istəklərini sorğuya çəkir. Qadınların bir-birindən çox kəskin fərqlənmədikləri, demək olar ki, eyni olduqları qənaətinə gəlir.

Gəlməyinə gəlir, ancaq Şantaldan ayrılmağın yolunu da tapır. Kunderanın hadisədən çıxardığı sual isə daha fərqli və ağırdır: Bəs yaşlı qadınların gənclərdən fərqi yoxdurmu? Yoxdursa, Jan-Markın qərarına nə deməli...

Adətən Şantalı qayğılarından uzaqlaşdıran iş yeri də onu ovutmur. Şantalın ölən müdiri Lüsien Düvalın cənazə mərasimi üçün reklam kampaniyası başladılır. Bu maraqlı hadisə bir-birindən soyuyan sevgililəri yaxınlaşdırır.

Sevgililər Lüsien Düvalın ölümdən sonra yaşaya bilməsi, reklamı üçün Şarl Bodlerin misralarından istifadə edirlər:

 

Ey ölüm, qoca kapitan, vaxt yetişdi!..

Bu ölkə bizi sıxır artıq, ey Ölüm!

Sonsuzluğa fırladaq çərxi!

 

Jan Mark ölüm haqqında ən gözəl şeiri cənazə reklamının devizinə çevirir:

“Hazırlayacağın kampaniya üçün də o şeirdə kiçik bir dəyişiklik etməyin kifayətdir: Bu ölkə sizi sıxır. Lüsien Düval, qoca kapitan çərxi boşluqlara fırladacaq”.

Bodlerin şeirinin lirik xarakteri Jan-Markdı. Və bir də Şantal. Saniyələri, dəqiqələri və illəri aşaraq günümüzə gəlib çıxan şeir modern həyatın güzgüsü olur. XIX əsr XX yüzilə transformasiya edilir. Markı da, Şantalı da sıxan modernləşən həyatda təbiiliyin və insanın özünə inamının itməsidir.

“Ölkənin insanları sıxması” isə totalitar qurum və “həqiqətlərə” etirazdır. Sevgililər daha sonra A.Dümanın “Üç muşketyor” romanını şərh edirlər.

Üç muşketyorun möhkəm dostluğu onları heyran edir. Bəs niyə dövrümüzdə elə dostluqlar yaşanmır?! Çünki bizlər dostlarımızdan qeyri-səmimi olmağı tələb edirik. Həm də müşketyorlar, sadəcə, roman qəhrəmanlarıdır axı.

Ədəbiyyatla bağlı söhbətlər “Ölümsüzlük” romanının qəhrəmanını – “ilahi təhkiyəçi”ni yadımıza salır. Siz də xatırlayırsızmı?!..

 

“Little boy”

 

“Bunu heç vaxt unutma: Bizim dinimiz həyata tərifdir. “Həyat” kəlməsi sözlərin şahıdır. Digər kəlmələri öz cazibə dairəsinə alan başqa bir şah söz də macəradır. Bir də “Gələcək" və "Ümid" sözləri!

Yeri gəlmişkən, Xirosimaya atılan atom bombasının parolu nəydi, bilirsənmi? "Little boy!" Bu parolu tapan dahi idi. Daha yaxşı adın tapılması mümkünsüzdü.

"Little boy", balaca uşaq, körpə, tifil, bundan daha sevimli, daha təsirli, daha dolğun başqa bir kəlmə düşünmək imkansızdı.

         “Bəli, başa düşürəm” – dedi Jan-Mark təbəssümlə. “Xarabalıqların üstünə ümidin qızılımtıl sidiyini boşaldan “Little boy”un şəxsiyyəti timsalında Xirosimanın səmasında uçan həyatın özü idi. Müharibəsonrası dövr bax belə başladı”.

 

Məsih

 

Şantalla Jan Markın bu dialoqunda Kundera həyatı və insanları təhlil edir. Dünyaya gəlmək insanın öz seçimi deyilsə, niyə həyatla ölümün macərası arasında qalır.

Gələcəyə hər zaman ümidlə baxsa da, zaman ona qarşı ən böyük düşməndir. Çünki hansı vaxtda, nə zaman və necə bir sürprizlə qarşılaşacağını bilmirsən. Din dirilişin, həyatın simvoludursa, niyə insanları ölümdən xilas edə bilmədi?!

Hərəkətdən, fəaliyyətdən ibarət olan həyatın ən böyük mübarizəsi insanladır. Hərəkətin özü də insanın əleyhinə çevrilən, onu istəmədiyi bir yaşayışın içinə sürüyən səbəblər toplusudur.

 

Sirano və mismarlanmış qapılar

 

Bir zamanlar Bakıda yaşanan telefonla bağlı eşq hekayəsini xatırlayırsızmı? Fərqli bir estetik quruluşu olan bu eşq hekayətinin qəhrəmanı Seymur sevdiyi qadınla başqa bir kişinin cildinə girərək danışır. Hadisələr o həddə çatır ki, Seymur özünü – Rüstəmi qısqanır. Hətta Rüstəmin mövcudluğuna belə inanır.

Jan-Mark da Şantaldan ayrılmaq üçün yad bir imza ilə ona sevgi məktubları yazmağa başlayır.

Yad kişilərin ona diqqət bəsləməməsindən narahat olan Şantal bu hadisədən təsirlənir. Artıq Şantalın həyatı yad kişinin arzularından asılı vəziyyətə düşür. Yad kişinin istəklərinə şərtsiz əməl edir. Xoşlamadığı qırmızı rəngli paltarlar Şantalın həyatını bəzəyir: Qırmızı alt paltarları, büstqalterlər, paltolar və zinət əşyaları.

Kundera şəxsiyyət ikiləşməsini, başqalarının arzusuna çevrilən həyatları, öz varlığının səbəblərini itirmək və düşüncənin iflici kimi modern problemləri şüuraltı mesajlarla tədqiq edir.

Jan-Mark Şantalda baş verən dəyişikliklərə heyrətlənir. Məhz bu heyrət onda öz avtoportretinə qarşı həsəd hissi yaradır. Jan-Mark özü olduğu anlarda kəskin şəkildə Şantalın sevdiyi yad kişi olmağın həsrətini çəkir.

İnsanın öz ruhundan və bədənindən azad olmaq ehtirası Kunderanın yozumunda obrazlaşır.

Jan-Mark Şantala yazdığı məktublarda SBD imzasından istifadə edir. Yalnız birinci hərf simvolik məna ifadə edir. Sirano: başqa kişinin cildinə girmək. SBD-lə Kundera qəhrəmanlarının anonim, kimliyi bəlli olmayan şəxslər olduğunu demək istəyir.

Kafkanın anti-qəhrəmanı K.-nın da konkret adı yox idi. K. qeyri-müəyyən, məchul dünyanın kimliksiz şəxsi idi. K.-nın əsərdə olub-olmaması arasında o qədər fərq yoxdur.

Kimlik axtarışında olan Kundera cəmi iki səhnədə canlandırdığı Jan-Markın dostu F. ilə Franz Kafkaya göndərmə edir. F. görünür və yoxa çıxır. Daha doğrusu, ölür. F.-nin ölümünün zahiri səbəbi yataq xəstəsi olmasıdır.

Mətnin estetik qatında isə modern həyatın və yalqızlığın həyəcan təbilini çalan K.-nin həyatda və ədəbiyyatda öldüyünə işarədir. Axı K.-nın dövründə dünya böyük savaşlardan xəbərsiz idi...

Şantal Jan-Markın məktubu yazan şəxs olduğunu biləndə həyatda sığınacağı kimsə qalmır. Markı evdən qovandan sonra Parisdən Londona gedir.

Bir vaxtlar qoca ingilisdən seks ziyafətinə dəvət alan Şantal cinsi həzlərlə çəkdiyi dərdlərdən xilas olacağını sanır... Qoca ilə mismarlanmış qapılar arxasında söhbət dərin illüziyalar aləmində baş verir.

Mismarlanmış qapılar insanın ömrüboyu ruh və cismə həbs olunmasına eyhamdır. Şantalın söhbət etdiyi qoca 5 yaşında dünyasını dəyişən oğludur.

 

         (Əziz oxucu, əsərin ən maraqlı hissəsinə daha çox izah vermək istəmirəm. “Kimlik” romanını özün oxu ki, Şantalın ölən oğlu ilə necə görüşdüyünü biləsən. Əmin ol ki, bu yuxu və yaxud xəyal deyil. Gerçək dünyada baş verən bir görüşdür.) Kundera ana ilə ölən oğulu görüşdürür. İnsanın həyatın müxtəlif anlarında itən, yox olan duyğularını heç olmasa ədəbiyyatda bərpa etmək istəyir...

 

Mikrofon

 

Kundera, Ceyms Coysun “Uliss” romanını insan şüuraltını, kodlaşmış gizli düşüncələri yenidən kəşf edən mətn səviyyəsində görür:

         “Coys Blamın başının içinə bir mikrofon yerləşdirib. Daxili monoloqdan başqa bir şey olmayan bu fantastik casusluq sayəsində biz nə olduğumuz haqda məlumat aldıq. Amma mən bu mikrofondan istifadə edə bilməzdim”.

Kundera bu məqamda təvazökarlıq edir. Coysdan əvvəl və sonra roman sənətində işlənən insan yaradılışı, şüuraltı diktələr “Kimlik”də yekun nəticə verir.

Kundera Coysdan fərqli olaraq, mikrofonu çölə çıxardır. Səsgücləndirici ilə bəşəriyyətə hayqırır. Ancaq o hayqırışın özündə dərin pıçıltı anları yaşayır:

Şantal ətraf aləmlə ünsiyyətə girir. Yeri gələndə ağaclar, çiçəklər, cansız əşyalar belə, insanın yalqızlığından məsuldur. Axı dünyanın təbiiliyi pozulub. O zaman insan da mənəvi deformasiyaya məruz qalıb.

Şantalın şəxsiyyət problemi varlığı heçliyə doğru gedərək yüngülləşən Tomaşı yada salır. Şantalın Tomaşdan fərqi qadın hiss və həyəcanından qurtula bilməməsidir. O, Floberin Madam Bovari, Tolstoyun Anna Karenina xarakterlərinə göndərmədir. Madam Bovarini də, Anna Kareninanı da qayğısızlıq öldürmədimi?!..

Şantalı da ruhi çöküşə hazırlayan səbəblər Jan-Mark və digər kişilərin ona qarşı laqeydliyidir. Kundera sənayesonrası dövrdə yaratdığı insan kimliyinin estetik xarakteristikasını verir:

İnsan şəxsiyyəti kəşf edilməsi mümkünsüz bir dəfinədir. Bir insanın bilgisi, duyğuları və ehtirası nə qədər güclüdürsə, bir o qədər kimlik problemi var...

 

Yazıq Jan-Mark

 

Gənclik illərində Jan-Markı qəribə bir hiss bürüyür. Bir gün avara, heç kimə və heç bir işə yaramayan səfil varlığa çevriləcəyini düşünür.

Məhkəmədə dostu F. həqiqəti demədiyi üçün düşündükləri başına gəlir. O gündən F.-ə qarşı dərin bir kin, nifrət hissi bəsləyir. Halbuki, F. üçün həqiqət susmaq idi. Çünki susmasa, öləcəkdi.

Jan-Mark səfil vəziyyətini gizləmək üçün Şantalın evində sığınacaq tapır. Ancaq zamanla onun heç bir işə yaramadığı, hətta sevgisində vəfasızlığı üzə çıxır.

Kundera dövrümüzün Alonso Kixanosunu Jan-Markın timsalında yaradır. Kəndli Alonso da öz səfil həyatından qurtulmaq üçün Lamançlı Don Kixot olduğuna özünü inandırmırmı?

         “Yoxsul bir kənd əsilzadəsi olan Alonso Kixano roman tarixini yaradılışla bağlı soruşduğu 3 sualla başlatdı. Bir fərdin kimliyi nədir? Həqiqət nədir? Eşq nədir?”

         “Kimlik” romanı da məhz bu suallara cavab axtarır. Bir fərdin kimliyi Şantalın dəyişkən hiss və həyəcanlarında, Jan-Markın isə avara xülyalarında gizlənib. Həqiqətin hansında gizləndiyini demək olduqca çətindir.

Eşq nədir sualına cavab isə hər iki xarakterin ayrıldığı andan etibarən dəyişən arzularıdır. Şantal ayrılandan sonra daxili bir hüzur əldə edir.

Jan-Mark isə sevdiyi qadını itirdiyi andan etibarən sevdiyi qənaətinə gəlir. Deməli, “Kimlik” eşqin, həqiqətin və şəxsiyyətin nisbi qavramlar olduğunu yenidən kəşf edir.

Yeri gəlmişkən, “Nisbilik nəzəriyyəsi”ni də roman sənəti Eynşteyndən öncə kəşf edib. Don Kixotun melanxolik davranışları buna ən böyük misaldır.

Gözlərimi qırpmaq məni qorxudur

 

“Şantal! Şantal! Şantal!”

Jan-Mark Şantalın bu səslə sarsılan bədənini qolları arasına sıxmışdı.

         “Oyan, bütün bunlar gerçək deyil.”

Şantal, onun qolları arasında titrəyirdi...

 

Ana bətnində təcavüz

 

Və mən (Kundera) indi özüm özümdən soruşuram: "Xəyal edən kimdir? Bu hekayəti xəyal edən hansıdır? Şantalmı? Jan-Markmı? İkisi birdənmi? Yoxsa, biri digərinin yerinə xəyal edir? Və gerçək həyat hansı andan başlayaraq bu xəyanət fantaziyasına çevrildi?..”

Kundera oxucu ilə oyun oynayır. Və beləcə, ehtimallar pərdəsi aralanır. Əsər Şantal, Jan-Mark, Kundera və oxucunun mətni və həyatı ola bilər.

Ya da bu ehtimalların heç biri baş verməz. Kunderanın “Kimlik” romanından 19 il sonra küləklər şəhərində yaşayan bir yazıçı 123 səhifəlik romanının sonuna gələndə danışdığı əhvalatın baş vermədiyini bildirir. Sən demə, həqiqət feysbukda baş tutan qısa dialoqda gizlənib. Milan Kundera da, küləklər şəhərində yaşayan romançı da 3 zaman prinsipini irəli sürür. Yazıçının özünün mətni yazdığı vaxt ərzində baş verən pərdəarxası hadisələr.

İkincisi, qəhrəmanların yaşadığı zaman və məkan qrafiki. Bir də şəxsiyyətlərin, obrazların bir-birinə qarışdığı gerçək həyatla xəyal dünyasının sərhədlərinin pozulduğu zaman.

         “Kimlik” Avropaya roman yazmağı öyrədən şərqli bir yazıçının istifadə etdiyi texnikadan bəhrələnib. Şəxsiyyətin çoxsəsliliyi prinsipi həm də romanın necə və nə şəkildə yazıldığını fərqləndirə bilməyən müəllif obrazının düşüncəsində gizlənib. Romançının oxucu ilə əylənməsində. Danışılan həyatın qurmaca bir oyun olduğu estetik düşüncə yaradır...

Şantal romanın sonunda Jan-Marka deyir:

“Gözlərimi səndən çəkmək istəmirəm. Heç dayanmadan sənə baxmaq istəyirəm". Və kiçik bir fasilədən sonra: “Gözümü qırpmaq məni qorxudur. Baxışımın söndüyü o anda sənin yerini bir ilanın, bir siçovulun, başqa bir kişinin tutmağından qorxuram”.

Kafkanın Qreqor Zamzası bir səhər ayılıb həşərata çevrildiyini görməmişdimi? Biz də həyatımız boyu yatsaq, öz kimliyimizi sorğu-sual etməsək, qarabasmalara, kabuslara çevrilən ömür yaşamış olarıq.

         “Kimlik” romanı insana təbiətinin tələb etdiyi şəkildə yaşamağın yolunu göstərir. İnsan təbiətinə əməl edərsə, azaddır. Ancaq bu dünyada mütləq azadlıq yoxdur.

Şantal gözünü yumarsa ruhunun bir çox istəklərinə, təcavüzlərinə bulaşcağı həqiqətini dərk etmişdir artıq. İnsanın ruh və cəsədə həbs olunması bir daha simvolik mənalandırma qazanır.

         “Qəsr” romanında K.-nın başının üstünü kəsdirən gözətçilər ona sevgilisi ilə intim həyat yaşmağa macal vermirdilər.

         “Kafka yalqızlığı deyil, yalqızlığa edilən təcavüzün lənətini” qınayırdı. Milan Kundera isə “K.”nı daha geriyə – ana bətninə apararaq, o müqəddəs, təhlükəsiz hesab olunan məkandakı təcavüzün daha şiddətli lənətini mənalandırır.

         “Kimlik” romanının yumoristik sonluğu isə oxucunu optimist əhvala kökləyir. Roman sənətinin həm də estetik oyundan, zövqdən yaranması məntiqi aşılanır.

 

Törəmə qanunu

 

Şantalla oğlunun görüş səhnəsi ədəbiyyat və həyatın estetik epiqrafıdır:

“Adam ona tərəf əyilir, əllərini əlləri arasında oxşayır və təlaşsız, inam dolu bir səslə bunları deyir: “Ana, körpənizi unudun, ölülərinizi unudun, həyatı düşünün!”.

Şantala gülümsəyir. Sonra əliylə, çox böyük, çox uca bir şeyi tərif edərcəsinə geniş bir hərəkət edir: “Həyat! Həyat, ana, həyat!”.

O gülüş və o əl hərəkəti Şantalın ruhuna qorxu kimi dolur.

Ayağa qalxır, bədəni titrəyir, səsi titrəyir: “Hansı həyat? Həyat dediyimiz şey nədir?”

Düşünmədən soruşduğu bu sualın ardınca başqa bir sual gəlir: Yaxşı, bu ölümdürsə? Ölüm deyilən şey elə budursa?!”

O halda həyatımızı ölümə çevirməyək, heç bir düşüncə və rejimin qurbanına çevrilməyək.

         “Nəsihət vermək insana çox cazibədar gələ bilər, lakin ədəbiyyat üçün ölümcüldür. Yalnız insan varlığının bilinməyən bir tərəfini ortaya çıxaran ədəbiyyatın bir dəyəri vardır. Yazar olmaq, bir həqiqət haqqında nəsihət vermək deyil, yazar olmaq bir həqiqəti kəşfdir”.

Kundera ilk romanı “Zarafat”dan sonuncu kitabı “Mənasızlığın təntənəsi”nə kimi həyatın hansısa bir yönünü kəşf edib.

         “Zarafat” romanının qəhrəmanı Lüdviq, Kunderanın öz prototipidir. Kundera zarafatın həyatımızda yaratdığı, yarada biləcəyi faciəni göstərir. Eyni zamanda həyatın bizlə olan zarafatlarından küsüb kənara çəkilməməyi öyrədir. Pessimist düşüncələrdən uzaqlaşıb sürpriz zarafatlarla sülh içində yaşamağı tövsiyə edir.

Necə ki, özü də Parislə Praqa arasında yaşanan zarafatlarla barışdı. Və dünyanın ən fərqli romançısı olaraq, həyatın içinə daxil oldu. Dünyadakı bütün despot rejim və düşüncələrin çirkinliyini sənətin gözəlliyinə çevirdi.

         “Mənasızlığıntəntənəsi” romanında qardaşların anaları ilə xəyali görüşü Şantalla qoca oğlunun görüşünə parodiyadır. “Kimlik” romanında Jan-Markın laqeyd davranışları kəşf olunan ən böyük təbiilikdir. Laqeydlik sənin təbiətində varsa onunla yola getməyi bacarmalısan.Fərdin hadisələrə laqeyd, mənasız yanaşması və yaxud öz mənfəəti üçün həqiqətə göz yumması laqeydliyin qorxunc şənliyidir. Dünyada baş verən müharibələr, anti-demokratik rejimlər də həmin laqeydlikdən törəyir.

         “Kimlik” romanı dul və kimsəsiz Şantaldan “Bilməmək” əsərinin qəhrəmanı İrenaya göndərmədir.

         “Gülünc eşqlər”, “Ayrılıq valsı” və “Astagəllik” romanaları eşq, erotizm və unutmaq bucaqlarında “Kimlik”in bədii-estetik bünövrəsini təşkil edirlər.“Kimlik” Kunderanın bütün romanlarına polifonik məktubdur. Bəs Kunderanın roman sənətində kəsirlər, qüsurlar yoxdurmu? Əlbəttə ki, var. Milan Kunderanın romanları ciddi ekzistensila suallar, problemlər qoyur və onun bədii, bəşəri həllini verməyə çalışır. Lakin yazıçı bir ekzistensialist kimi qəhrəmanların həyatına fəlsəfi şərhlər verir. Və bu şərhlər bəzən mətnlərin enerjisindən, hadisələrdən xaricdə baş verir. Bu baxımdan Kunderanın daha təbii əsəri “Həyat başqa yerdədir” romanıdır. “Həyat başqa yerdədir” romanında Yaromilin timsalında bütün şair olmağın çıxılmazlığını, mahiyyətini ortaya qoymağa çalışır.  Şeir yazmaqla şair olmaq üçün, sadəcə, bir addım atıldığını əyaniləşdirir. Şair olmağın həyatla, zamanla barışmazlıq, etiraz, özü də estetik etiraz olduğunu Yaromilin həyatında, davranışlarında görürük. Bir sözlə, Kundera böyük fikir, düşüncə adamıdır. Ancaq düşüncə və fikirləri miqyasında təbii, natural yazıçı deyil. Bəs Milan Kuderanın ədəbi missiyası nədən, nələrdən ibarətdir? O, “Zarafat”, “Varlığın dözülməz yüngüllüyü”, “Həyat başqa yerdədir” və “Ölümsüzlük” romanları ilə dünya ədəbiyyatının fikir estetikasını zənginləşdirmişdir. “Pərdə”, “Bir görüş” və “Təhrif edilmiş vəsiyətlər” esselər kitabları ilə daha böyük ədəbiyyat adamıdır.

         Nəhayətdə, “Kimlik” romanının ən böyük kəşfi budur: "Varlığımızla bağlı mürəkkəb suallara cavab axtara-axtara ömrümüzü puç etməyək. Sevişək və çoxalaq...".

 

Sevişək və çoxalaq!..

 

Sev! Həyatı sev! Unutma, həyatı sevməyin ən gözəl yolu isə sözdən keçir. Axı əvvəl söz varıydı. Həmin söz insanı, insan da ədəbiyyatı yaratdı. Ədəbiyyat da həyata sonsuz ehtirasla bağlılığı. Sevməyi!

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.

 

“Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax.

Bütün ulduzlar çiçəkləyəcək...”

***

“Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır”

 

XX FƏSİL

Balaca şahzadə getdikcə getdi, yorulma dan, usanmadan, daşların, qumların, dağ-daşın arasından keçərək... və nəhayət, qar şısına bir yol çıxdı. Bu yol insanların ya- şadıqları yerə aparırdı.

Salam, – dedi.

Bu, qızılgüllərin aşıb-daşdığı bri bağça idi.

Salam, – qızılgüllər dərhal cavab verdilər.

Balaca şahzadə çevrilib onlara baxdı. Onların hamısı onun gülünə oxşayırdı.

Siz kimsiniz? – Balaca şahzadə təəccüblə soruşdu.

Biz qızılgüllərik, – onlar cavab verdilər.

Balaca şahzadə ah çəkdi.

Özünü birdən çox üzülmüş və bədbəxt hiss elədi. Onun gülü bir gün belə bir əh- valat danışmışdı ki, o, bu planetdə yeganə nüsxədir, başqası heç harda yoxdur. İndi burda, bu bağçada o birdən-birə beş min gül görürdü, hamısı da bir-birinə bənzəyirdi.

“Bunu görsəydi o, şübhəsiz ki, həyə canlanardı, – Balaca şahzadənin başından bu fikir ildırım sürətiylə keçdi. Görsəydi, birdən boğazı qısılar, möhkəm, özü də dayanmadan öskürərdi, elə görkəm alardı ki, sanki indicə canını tapşıracaq, ölsün, amma gülməli görünməsin. Mənsə iş-gücümü atıb onun dalınca sürünməliydim, yalvarmalıydım, xəstə kimi qayğısına qalmalıydım, əks təq dirdə o, doğrudan da, ölərdi...”

Daha sonra isə ağlına görün nələr gəldi:

“Bircə gülüm vardı və özümü çox zəngin biri hesab edirdim, çünki dünyada yeganə gülün sahibi idim, sən demə, bu, çox adi bir qızılgül imiş. Bu gül və hündürlüyü dizimdən olan üç vulkanla, – onlardan biri də, heç şübhəsiz ki, əbədilik sönmüşdü, – mən haranın şahzadəsi ola bilərdim ki... ”. Otların üstünə sərələnib ağlamağa başladı.

(Sevimli uşaqlar üçün sabah növbəti fəsli təqdim edəcəyik)

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Dəmirçiyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TURAL RƏFAİL OĞLU DƏMİRÇİYEV

(01.10.1992.-05.10.2020.)

 

Bakının Ramana qəsəbəsində anadan olmuş, əslən Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndindən olan, ADPU-nun məzunu,  SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

TURAL

 

Sonuncu ad gününü nəm səngərdə keçirən,

Minüzlü kafirlərə zəhər, ağı içirən,

Yağıları məhv edib cəhənnəmə köçürən,

İgidi  görən kimi düşmən üzü saraldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Vətəni bütöv görmək arzusu, istəyiydi,

"Torpaqlar azad olsun"- duası, diləyiydi,

Onu xalqa sevdirən saf, təmiz ürəyiydi,

Məqam gəldi, düşməndən  intiqam, qisas aldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Əslən Qursalıdandır, Ramanada doğuldu,

Lənət səbəbkarlara, neçə oba dağıldı,

Bu Vətənın balası  bu diyara oğuldu,

Düşmənlərin gündüzün  bir gör necə qaraldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Mehrini, ülfətini kitablara salmışdı,

Həvəs ilə oxuyub, ali təhsil almışdı,

Əsgərlikdə sevilmiş, seçilib - sayılmışdı,

İnsanı insan edən saf əqidə, amaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Eşidib Həşımovun ölməz rəşadətini,

Generalın ana yurda sonsuz məhəbbətini,

Dedi, görəcək düşmən  mərdlərin cürətini,

Doğrudan, belə oldu, yağı qorxdu, saraldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Tural konüllü kimi ordumuza yazıldı,

Kafirlərə həmin gün, kədər oldu, yas oldu,

Şir-tülkü döyüşündə  budur,  tülkü basıldı,

Məlum oldu  erməni, özü mifdir, xəyaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Allah ona vermişdi, qorxmaz, cəsur bir ürək,

İnanırdı, az qalıb, zəfər günü gələcək,

Döyüşdü Füzulidə son damla qanınatək,

Göstərdiyi şücaət, kim deyir ki, nağıldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

İşləmişdi SOCAR-ın  "Təhlükəsizliyində"

Hamı xoş söz söyləyir Turalın barəsində,

Qəhrəmanlar diyarı, aslanlar ölkəsində,

Hər kəsi öz əməli, əqidəsi ucaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Qeyd: Təhlükəsizliyində-Təhlükəsizlik İdarəsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 23-cü sessiyasında iştirak etmək, eləcə də BMT və Dünya Bankının yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN Xidmət”dən məlumat verilib. 

 

Vaşinqtona səfər zamanı  Dövlət Agentliyinin sədri ilə Dünya Bankının vitse prezidenti Akihiko Nişio arasında görüş keçirilib. Görüş zamanı qarşı tərəfə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı təqdimat edilib.

 

Eyni zamanda “ASAN xidmət” modelinin BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyü, eləcə də ötən ilin fevral ayında “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçildiyi diqqətə çatdırılıb.

 

Bundan əlavə,  hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.

 

Qarşı tərəf “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik etmək arzusunda olan ölkələr üçün Azərbaycanın qabaqcıl təcrübəsinin nümunə olacağını bildirib.

 

Görüş zamanı “ASAN xidmət” modelinin üçüncü ölkələrdə tətbiqi ilə bağlı birgə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.

 

Bundan əlavə Dövlət Agentliyinin sədri ilə Dünya Bankının icraçı direktoru Dominik Favre arasında görüş baş tutub. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.  

 

Dövlət Agentliyinin nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 15:33

Komitə sədri Xalq artistini təbrik edib

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Xalq artisti Qabil Quliyevi 75 illik yubileyi ilə bağlı təbrik edib.

Komitə sədrinin Xalq artistinə ünvanladığl məktubu “Ədəbiyyat və incəsənət” portalı sizin diqqətinizə çatdırır:

 

“Hörmətli Qabil müəllim,

Sizi – Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan tanınmış teatr və kino aktyorunu 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

Siz M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU-nun) “Dram və kino aktyorluğu” fakültəsində - görkəmli sənətkar-pedaqoqlar Əliheydər Ələkbərov və Rza Təhmasibin sinfində təhsil almısınız (1968-1972). Hələ tələbəlik illərində Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) çalışmısınız. Siz öz sənət taleyinizi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağlamısınız. – 1973-cü ildən bu teatrda aktyor vəzifəsində çalışırsınız. Yüzdən çox tamaşada rol almısınız. Siz həmçinin bir neçə bədii filmə çəkilmisiniz. Siz pedaqoji fəaliyyətlə də məşğul olaraq Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs demisiniz.

 

Siz 1979-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adına, 2012, 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərdə Prezident mükafatına layiq görülmüş, habelə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatı (2009) və “Sənətkar” medalı (2019) ilə təltif edilmisiniz. 2020-ci ildənsə Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüsünüz.

 

Sənətşünaslar Sizin teatr səhnəsindəki rollarınızı qədirbilənliklə vurğulayır:

Oqtay (C.Cabbarlı, “Oqtay Eloğlu”), Mirzə (Ü.Hacıbəyli, “Olanlardan-keçənlərdən”), İsgəndər (C.Məmmədquluzadə, “Ölülər”), Qacar (S.Vurğun, “Vaqif”), Xosrov (S.Vurğun, “Fərhad və Şirin”), Fərhad (Ş.Qurbanov, “Sənsiz”), Yanar (N.Xəzri, “Sən yanmasan”), Şahsuvarov (İ.Əfəndiyev, “Atayevlər ailəsi”), Saleh (R.İbrahimbəyov, “Yaşıl qapı arxasında qadın”), Aslan (B.Vahabzadə, “Yağışdan sonra”), Şamxal (ANAR, “Şəhərin yay günləri”),

Firuz (N.Hikmət, “Bayramın birinci günü”), Pavel (M.Xubai, “Neron”), Poliksen (U.Şekspir, “Qış nağılı”), Fon Moor (F.Şiller, “Qaçaqlar”), Zemlyanika (N.Qoqol, “Müfəttiş”), Ninkoviç (B.Nuşiç, “Nazirin xanımı”), Edip (Sofokl, “Şah Edip”), Kapitan Kartaşov (M.Musiyenko, “Nəsillər eşidin”), Valter (N.Miroşniçenko, “Üçüncü nəsil”), Kapitan (V.Vişnevski, “Nikbin faciə”), Ağıllı (S.Stratiyev, “Avtobus”), Antonio (Y.Edlis, “Kölgələrin oyunu”), Ksanf (Q.Fiqeyredo, “Ezop”) və b.

 

“Gürzə”, “Cavad xan”, “Köhnə dəyirman”, “Yol” və b. Sizin filmoqrafiyanıza daxildir.

 

Sizi yaradıcılıq uğurlarınız və 75 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 14:15

“Şuşanın romanı- "CIĞIR" - Azər Turan yazır

 

Tarixi romanlar müəllifi Yunus Oğuzun “Cığır” romanı siyasi-hərbi romanlar içində xüsisi çəkiyə malikdir. Axı o, 44 günlük müharibədəki zəfərimizdən, Şuşamızdan bəhs edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Azər Turanın roman barədə qeydlərini diqqətinizə çatdırır. 

Yunus Oğuz Şuşanın romanını yazdı. Daha doğrusu, Şuşanın işğaldan azad edilməsinin ikinci ili ərəfəsində Şuşanın qurulmasının 270 illiyinə ithaf etdiyi "Cığır" romanını... 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını qələmə alan Yunus Oğuz indi də Böyük zəfərimizə həsr olunmuş ilk romanı yaratdı...

"Cığır" həqiqətlərin şüuraltı mətnidir. Azərbaycan əsgərinin bu romandakı obrazı ədəbiyyatımızda yenidir...

Müharibə, təbii ki, təkcə xaos və dağıntıdan ibarət deyil. Ədəbiyyat müharibənin estetikasını da yarada bilir... 1943-cü ildə yazdığı "Müharibə və ədəbiyyat" məqaləsində tənqidçi Cəfər Cəfərov: "Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz", - deyirdi. Haqlıydı.. Hətta indi də haqlıdır... Müharibə ədəbiyyata yeni tiplər və obrazlar gətirir. "Bunlar isə özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirir".

"Cığır" romanında yazıçı təxəyyülünün yaratdığı üç obraz var. Biri Nəsrəddin Murad, digəri Şuşaya aparan sirli cığır və bir də Azərbaycan əsgərinin fövqəlqəhrəmanlığını simvolizə edən kölgə əsgərlər...

Şuşadan Xudafərinə qədər uzanan tarixi "Nəsrəddin yolu"nu ədəbiyyatda Yunus Oğuz simvollaşdırır. Yunus Oğuz romanda politoloji və bədii təfəkkürün uğurlu sintezini yaradıb. Bir zamanlar Pənahəli xana gizli cığırın yerini göstərən Nəsrəddin indi də generala həmin cığırı nişan verir. Nəsrəddinin təqdim etdiyi Şuşanın sirli xəritəsi romana mistik bir ruh aşılayır və o sirli xəritə Şuşa uğrunda savaşa atılan 400 əsgərə də metafizik bir səciyyə verir... Nəsrəddin Muradın mistika ilə reallığın sintezindən yaradılmış obrazı İsmayıl bəy Qaspıralının "Darürrahat müsəlmanları" romanındakı Seydi Musanı xatırladır. Seydi Musa da millətin nicat yolu yazılmış vəsiyyətnaməni qövmünün 40 dərvişinə vermişdi. Və 40 dərviş bu vəsiyyətnaməni 2075-ci ildə açıb oxumalıydı... 270 il əvvəl, Şuşanın inşa olunduğu günlərdə Nəsrəddin tərəfindən Pənahəli xana söylənmiş sirr isə 2020-ci ilin noyabrında, eyni adın, eyni nəslin və qanın daşıyıcısı tərəfindən Azərbaycan hərbçilərinə strateji təlimat kimi ötürülür. Şuşanın sirrini yalnız biz bilirik, yaxud Şuşanın sirri Azərbaycanın sirridir. Bu mənada, Yunus Oğuzun romanını sirlərin yeni oxunuşu kimi də dəyərləndirmək mümkündür. Başqası bu sirri bilməz. Elə ona görə də bir vaxt Nəsrəddin cığırın sirrini Pənahəli xana təklikdə söyləmişdi və Nəsrəddin Murad Şuşanın qurtuluş yolunu - Cığırın sirrini Pənahəli xandan üzü bu yana 270 il qoruyub saxlamışdı. İndi isə o xilas yolunu 400 əsgər gedirdi...

Ordunu çətin yollarla irəli aparan təkcə düşünülmüş hərbi taktika deyil, həm də Şuşanın fitri cazibəsidir: "Elə bil Şuşanın sehri, tilsimi onların belinə kəmənd salıb yuxarı dartırdı. Onlar özlərindən asılı olmayaraq qayalara dırmaşır, heç kimin edə bilmədiklərini edirdilər. Hərdən adama elə gəlirdi ki, onlar dağlardan, göylərdən asılı vəziyyətdə qalıblar... Bəs onları belə çəkib aparan nə idi? Bəlkə də Şuşanın tək bir adı bəs idi ki, belə şövqlə yuxarı qalxsınlar".

"Cığır" romanında Azərbaycan əsgəri Şuşaya kölgə kimi daxil olur və bu kölgələr ədəbiyyatdakı ənənəvi kölgələrdən fərqlənir. Bizim romantik ədəbiyyatımızda "Olurmu kölgəsi nurun?" sualı yüz il bundan qabaq Hüseyn Cavid tərəfindən cavablandırılıb: əvət, nurun kölgəsi olur. Ana nurdursa, övlad da o nurun yer üzündəki kölgəsidir.

Digər tərəfdən, Azərbaycan əsgərinin kölgəsi yüz ildir ki, təsəvvürümüzdə kök salıb dərinlərə işləmiş erməni mifini darmadağın edir.

Nəsrəddin Murad da, Kölgə ordu da Yunus Oğuzun yazıçı kəşfidir.

"Cığır"ın ilk hissəsini yanvarın sonunda "Ədəbiyyat qəzeti"ndə dərc etmişdik. İndi isə roman bitib və biz onun son səhifələrini təqdim edirik. "Şuşanın işğaldan azad edilməsi" 270 illik bir zamanı ehtiva edən tarixin bir parçası olduğu kimi, eyni zamanda Şuşa tarixinin başlanğıcdan bu günə qədərki bədii salnaməsi olan "Cığır" romanının da bir hissəsidir...

Yuxarıda xatırlatdım. Şuşa zəfərimizə həsr olunmuş ilk romanı Yunus Oğuz yazdığı kimi, 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını da o, qələmə almışdı. Söhbət Şuşa barədə deyil, böyük zəfərdən sonra Şuşada yazılmış ilk publisistik yazıdan - Yunus Oğuzun "Mən Şuşada yazıram" məqaləsindən gedir. 2021-ci ilin 28 avqustunda Şuşada "Xarıbülbül" otelində gecədən keçmiş o mənə cığırdan danışırdı: "Roman yazacam və romanımın baş qəhrəmanı cığır olacaq" - deyirdi. Yunus o gün Şuşada olan hər birimiz kimi, Şuşa cazibəsinin eyforiyasındaydı. Amma ertəsi gün ən səmimi şəkildə və hamıdan fərqli olaraq, sevincini Ali Baş Komandanla da bölüşdü. Vaqifin məqbərəsinin yanında Prezidentə üz tutub, "Cənab Prezident, mən Şuşada yazıram" - dedi.

Yunus bu romanı Şuşada yazdı...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Çərşənbə axşamı, 16 Aprel 2024 13:15

Sevimli kitabxanamızda bu dəfə Ramiz Mirişli sərgisi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın musiqi tarixində adlı-sanlı bəstəkarlar az olmaylbdır. Onlardan biri - mahnı janrında olduqca populyar bəstələrə malik olan Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR Əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin bu gün yubileyidir, anadan olmasının 90 illiyi tamam olur.

 

Təbii ki, ölkənin mədəni həyatının hər bir əlamətdar hadisəsinə reaksiya verən bir ocaq - gənclərin, kitabsevərlərin sevimli guşəsi olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu yubiley gününə də biganə qala bilməzdi.

Kitabxanadan aldığımız məlumata görə, burada bəstəkarın həyat və yaradıcılığına həsr edilən virtual kitab sərgisi hazırlanıb.

Materialda R.Mirişlinin simli kvartet, xalq çalğı alətləri, tar və simfonik orkestr üçün bəstələdiyi musiqi əsərləri, müxtəlif illərdə qələmə aldığı nəğmələr haqqında məlumat verilib.

Eyni zamanda, virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Fikrət Qocanın bəstəkarın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər, onun bəstələri ilə şöhrət qazanmış ifaçılar haqqında məlumatlar da yer alıb. Kitabxana əməkdaşlarının hazırladığı materialda görkəmli bəstəkarın layiq görüldüyü mükafatlardan, fotolarından ibarət qalereya da təqdim edilib.

Sərgidə “Azərbaycan və xarici ölkə bəstəkarlarının kamança ilə fortopiano üçün işlənmiş əsərləri”, “Vətən düşüncələri”, “Kamança məktəbi”, “Analar və laylalar”, “Oxu tar”, “Azərbaycan dünyam mənim” kimi bir çox not əsərlərinin biblioqrafik təsviri göstərilib.

Bir sözlə, çox maraqlıdır, mütləq ziyarət edin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK! layihəsində bu gün biz doğma dilimiz barədə danışacağıq. Axı ədəbiyyatın da mayasında dil dayanır. 

Söz Hicran Hüseynovanındır.

 

Rusların tez-tez işlətdiyi bir frazeoloji birləşmə var: "belka v kolese". Müasir dünyamızın tempi elədi ki, doğrudan da, hamı elə təkərin içindəki dələ kimi o tempin arxasınca düşüb fırlanır. Və nə qədər fırlansa da, bir tərəfə çıxa bilmir. Ətrafımızda baş verənlər o qədər sürətlə bir-birini əvəz edir ki, gördüklərimizin mənasını, mahiyyətini anlamağa belə vaxt qalmır. Və bəzən "daha əhəmiyyətli" sahələrin fonunda başqa sahələrə, məsələn, təhsilə diqqət arxa plana keçir.

Elə bu haqda danışacam, dostlar, təhsil haqqında, konkret olaraq 9-ların imtahanından. Nədən bu imtahandan bir danışan olmadı? Özgə vaxt küləyin istiqaməti belə dəyişəndə sosial şəbəkələr bir-birinə dəyir: "Külək hayandan əsdi?"

Bu boyda kardinal dəyişikliklər heç kimin diqqətini çəkmədiyindən özüm imtahan suallarını saf-çürük etməyi qərara aldım. Onu da deyim ki, 9-ların imtahanı deyəndə yalnız bir fənndən - mənə yaxın, doğma olan Azərbaycan dilindən bəhs edəcəm. Mənim Azərbaycan dili sevgimi ətrafımda olan hər kəs bilir, indi oxucularımız da biləcək. Bu sevgimin və şagirdlərə, abituriyentlərə olan dostyana münasibətimin təzahürü kimi illərdi tanış gənclərə imtahana hazırlaşmaqda kömək edirəm (repetitor yox, dost və köməkçi kimi). Ana dilimiz o qədər zəngindir ki, dilimizin gözəlliklərini, bənzərsizliyini, şəhd-şirəsini uşaqlara anlatmaq özü böyük bir zövq verir mənə. Və dilimiz məhz dilçilik elminin qaydaları, qanunları fonunda mükəmməldir!

Bəs hanı o qaydalar?

Gəldim mətləb üstünə. Məsələ ondadır ki, 9-ların budəfəki imtahanında qrammatikadan bir sual belə yox idi (!). Məntiqi sual çıxır ortaya: bəs niyə uşaqlara 2-ci, 3-cü sinifdən bu yana qrammatik qaydalar öyrədilir? İl ərzində getdikləri sınaq imtahanlarında da şagirdlərə morfologiyadan, sintaksisdən müxtəlif suallar düşmüşdü. Bəs sabah imtahana düşməyən mövzuları şagird özü də öyrənməkdə maraqlı olacaqmı? Bu yerdə fəlsəfədəki səbəb-nəticə rabitəsi düşür yada. Onu da deyim ki, dilçilikdə də səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr var (daha "var idi" deyəcəyik).

Bəli! Həyatda da hər hansı bir səbəb hansısa nəticəni doğurur. Və əksinə. Bəs qrammatikanın çıxdaş edilməsinin səbəbi nədir, görən? Maraqlıdı. Və bu, səbəb olaraq hansı nəticəni doğuracaq? Bax, budur məsələ, Hamlet demiş... O nəticəni elə indidən görürəm, dostlar, heç əlimi qaşımın üstünə qoyub uzaqlara baxmağa da ehtiyac yoxdu. "Da", "də" bağlayıcılarını, ədatlarını bitişik yazanlar, "istəyirəm"i "isdiyirəm" yazan ali təhsillilər gəlir göz önünə. Bugünkü şagirdlər sabah necə yazacaq, görən?..

Yazımın əvvəlinə qayıdım. Nə əcəb heç kim bu dəyişiklikdən narazı qalmadı, düşünürəm. İmtahan suallarındakı bu boyda yeniliyin nə əcəb heç kim fərqinə varmadı? Bu hamıya sərf edir - səbəb budur!

Dostlar, yazını buracan oxuyub yorulmamısınızsa, fikirlərimi nümunələrlə əsaslandırım:

"Mətn əsasında hansı sualların cavabını müəyyən etmək olar?"

"Mətnin məzmununa uyğun olan fikri müəyyən edin".

"Mətnin yalnız giriş hissəsinə aid olan bəndləri müəyyən edin".

"Mətnin sonuncu abzasına əsasən, belə nəticəyə gəlmək olar:".

"Mətnə əsasən, Bülbülün doğulub böyüdüyü Şuşa mühiti ilə bağlı yanlış fikri müəyyən edin".

"Mətndə nöqtələrin yerinə yazıla bilər:"

"Bülbülün xarakterik cəhətləri əsasında cədvəli doldurun".

"Mətndə tünd-qara hərflərlə verilmiş söz hansı nümunədə eyni mənada işlənib?"

"Mətnin plan bəndlərinin düzgün ardıcıllığını müəyyən edin".

Uzunçuluq etmədən xatırlatmaq istəyirəm ki, imtahan tapşırıqları 2 mətndən ibarətdir. Düzdü, mətnlərin tərbiyəvi əhəmiyyəti, didaktik təsir gücü danılmazdır. Amma yazının əvvəlində qeyd etdiyim kimi, bu imtahanda dilçilik elmiylə bağlı şagirdin bilikləri soruşulmur, tək-tük test suallarında hansısa sözün yerində işlənib-işlənməməsindən, ilkin, yaxud məcazi məna daşımasından söz açılır ki, bu da yalnız leksika ilə bağlıdır. Uşaqlar, yəqin ki, çox sevinib bu sualları görəndə, çünki necə deyərlər, elə uşaq-uşaq suallar verilib ki, dərindən düşünməyə ehtiyac yoxdu. Bəzən elə göz yaddaşı da kifayət edər ki, mətni yadda saxlayıb verilən sualı cavablandırasan. Məsələn:

Mətnə əsasən, yanlış fikirləri müəyyən edin.

1. Əlişir susuz torpaqda bağ salmaq fikrindədir.

2. Sultan Əlişirin şairliklə məşğul olmadığını eşidib onun evinə yollanır.

3. Sultan Hüseyn səxavətlidir.

4. Hökmdar Əlişirin bağ salmasını heç vaxt təqdir etmir.

5. Hökmdarın sarayda ünsiyyət quracağı heç kim yox idi.

Çox düşündüm, görəsən, belə suallar şagirdlərin intellekt əmsalının, başqa sözlə, İQ səviyyəsinin artmasına necə təsir göstərir? - Məncə, əks təsir.

Hələ bunları bir yana qoyub, ikinci sualdakı ifadəyə diqqət edək: "şairliklə məşğul olmadığını eşidib". Şairliklə məşğul olmurlar, əziz test tərtibçiləri, şairlik ruh məsələsidi, təb məsələsidi, duyğu, hiss məsələsidi, könül işidi, qısası.

Amma dilçiliklə, beynəlxalq dildə desək, linqvistikayla məşğul olmaq lazımdı, çünki bu, bir intellekt məsələsidi.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.