ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının inanılmaz uğuru - BAFTA Festivallar siyahısında! Featured

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında BAFTA Festivallar siyahısına daxil edilib. 

 

Azərbaycan Animasiya Assosiasiyasından AzərTAC-a bildirilib ki, Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) əməkdaşlıq etdiyi festivalların siyahısını ciddi seçim proseduruna uyğun tərtib edir, bu isə ANİMAFİLM-in BAFTA tərəfindən müəyyən edilmiş yüksək standartlara cavab verdiyinin göstəricisidir. 

“Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyası ən yaxşı Britaniya qısametrajlı animasiya filmini təşviq etmək və dəstəkləmək üçün yaradılıb, məqsədi əməkdaşlıq etdiyi festivalların, öz növbəsində, bu adı müəyyənləşdirməkdə BAFTA-ya kömək etməsidir.

ANİMAFİLM BAFTA ilə əməkdaşlıq çərçivəsində animasiya filmlərini BAFTA Film Mükafatlarında “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında yarışmaq üçün təklif etmək imkanı qazanacaq. BAFTA seçim hüququ, sadəcə, Böyük Britaniya istehsalı və ya Böyük Britaniya ilə birgə istehsal olunmuş animasiya filmlərinə şamil olunur.

BAFTA “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyası üçün müraciətlər açıqdır və oktyabrın 18-də, saat 12:00-da bağlanacaq. Mükafatlar 2025-ci il fevralın 16-da BAFTA Mükafatlarının təqdimat mərasimində sahiblərinə çatacaq. 

BAFTA Festivallar siyahısına daxil edilmiş digər animasiya festivalları Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı, Kaboom Animasiya Festivalı, Animafest Zaqreb, Fantoche – Beynəlxalq Animasiya Filmləri Festivalı, Linoleum Müasir Animasiya və Media İncəsənəti Festivalıdır.

ANİMAFİLM-in bu siyahıya daxil edilməsi bir daha göstərir ki, festival animatorlar üçün ədalətli və yüksək səviyyəli platforma təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.