Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə ilk dəfədir ki, Rəbiqə Nazimqızıdır, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)