Molla əmi - SATİRA Featured

“Ədəbiyyat və incəsənət” Ayaz Arabaçının satirik şeirini diqqətinizə çatdırır. 

 

Gözləyirik sabah gecdi,

Bu gün tezdi molla əmi.

Bu dünyanı ha fırlasan,

Sonu bezdi, molla əmi.

 

Dağ uçurur küləyimiz,

Qançır olub kürəyimiz, 

Ürək demə, ürəyimiz, 

Protezdi, molla əmi.

 

Yazdım Cona, yazdım Semə,

Ac qurdlarçün döndüm yemə, 

Daha mənə ümid demə,

Ümid çezdi, molla əmi. 

 

Necə deyim, boğur qəhər,

Çörəyimiz-zəqqum, zəhər,

Yediyimiz axşam-səhər, 

Patatestdi, molla əmi. 

 

Kimdi dostu, yadı bunun, 

Zəhirmardı dadı bunun, 

Ömür deyil adı bunun,

Otur, "döz" dü, molla əmi.

 

Can qalmayıb büstümüzdə, 

Nə dərdlər var tüstümüzdə, 

Axşam-sabah üstümüzdə,

Hamı gözdü, molla əmi.

 

Qiymət yoxdu mərd olana, 

Eşşəyini sür dalana, 

Bəsdi məni qurdalama,

Dilim közdü, molla əmi.

 

Xoş gəlməsin, xoş saatım, 

Mən nə alım, mən nə satım,

Olub-qalan ehtiyatım, 

Təkcə, sözdü, molla əmi.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.