Ayşən faciəsi - AKTUAL Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda sosial platforma acınacaqlı bir xəbərlə bir-birinə dəydi; "Ayşən faciəsi".

Rəhm, mərhəmət, vicdan duyğularının yoxa çıxdığını bilirdim, amma bu  səviyyədə üst mərtəbəyə çatdığına məhz bu hadisə ilə şahid oldum. 

Məni kədərləndirən və bəlkə də çoxlarınızın xəbəri belə olmayan əsas fakt budur ki, o qız mənim patok yoldaşım idi. Əgər etdiyi seçimlər ona məzar olmasa idi, bu il beşinci kursu birlikdə bitirərək məzun olurduq. Amma yenə deyirəm, etdiyi seçimlər ilə öz məzarını  özü qazmamış olsa idi... 

Həyatdır, bu gün varıq, sabah yox. Əgər səhər dura bilməsəm, ən azından bir şeyə görə xoşbəxtəm ki, əcəlim ən pis və ən yaxşı halda yenə də Allahın əlindədir. Baxın və agah olun, ən son yazdığım cümlənin elə özü həm vahiməli, həm də bir o qədər çaşdırıcıdır. Allah hər birimizin alnına sonu, sabahı və bir addım sonrası bəlli olmayan bir ömür yolu yazır və deyir ki, səni mən yaratmışam və səni bu həyatdan qoparmaq da mənim əlimdədir. Sonra bəzilərimizin payına sakit bir xırıltı, bəzilərimizə isə dəhşətli bir faciə düşür. Biz isə hər zaman sakit bir xırıltı arzusundayıq. 

Ayşəni ən son səhv etmirəmsə, üçüncü kursda görmüşdüm. Aramızda keçən kiçik bir dialoqdan çox az şeylər xatırlayıram. Səhv etmirəmsə, dərsdə iştirakı zəif olduğu üçün qaib sayları üçün məqbul hesab edilən limiti keçmişdi. Bu qədər dərsdə iştirak etməməsinin əsas səbəbini soruşanda isə mənə söyləmişdi ki, bir ara xəstələndiyi üçün bir çox dərsə gələ bilməyib. Həmişə uzaqdan sakit, amma beynində və ruhunda fırtınalı bir qız idi. Həm hər şeyə gecikən, həm də sanki harasa tələsirmiş kimi bir havası var idi. Sanki kimdənsə qaçırdı. Üzü gülürdü, lakin hafizəmə həkk olan o son baxışında qorxunu da elə indi bariz görə bilirəm. Universitetin həyətindən qara donu və hündür dabanlı ayaqqabısı ilə sevgilisi ilə görüşmək üçün keçib getdi. O gündən sonra onu görmədim, görsəm belə fikir verməmişəm. Məndə bir xüsusiyyət var. Əgər bir insan mənim maraq dairəmdə yoxdursa, deməli onun ilə əlaqəm təmamilə sıfıra enməlidir. Belə biri olduğuma bu hadisə baş verəndən sonra çox yaxşı əmin oldum. Hər kəsin qəribə paylaşımlarına şahid olduqdan sonra xatırladım ki, vay, mənim Ayşən adında tələbə yoldaşım var idi.

Sonra bütün o qanla kirlənən görüntüləri izlədim və düşündüm ki, görəsən bu qızın valideynləri haradadır? İnanın mənə, səhərdən axşama qədər oturub o qızın əri olan biqeyrətə söyə bilərəm, amma çalışaq ki, real situasiyadan da uzaqlaşmayaq. Bu qızı nə vadar edirdi ki, təhsilini, gələcəyini heçə sayaraq bir insana inanmağı seçsin. Əlbəttə gəncik, enerjimiz yüksək səviyyədə olmasa da, hamının dediyinə görə yüksəkdir. Əziz insanlar, sevin, sevilin, lakin bir nəfəri heç vaxt həyatınız üçün qurtuluş olaraq görməyin. Əziz valideynlər, övladlarınıza elə gözəl məhəbbət ilə sahib çıxın ki, könlü- gözü yaşamadığı, hiss edə bilmədiyi nüansların alovunda alışıb-yanmasın. Eybi yoxdur, bir gün ac-susuz yatın, amma övladlarınızı qucaqlamadan yatmayın. Sonra sizin aça bilmədiyiniz o qucaq axtarışı ilə gənclik şüşə kimi sınır. Tapdığı bütün qucaqlar isə viranə qalır. Böyümək çətindir, biz çalışaq ki, zahiri böyüyən, daxili kövrək və uşaq qalanlardan olaq. Çalışaq ki, ölüm bizə hər zaman keçmişdən gələn bir qucağı xatırlatsın. Çalışaq ki, ölüm əslində ölüm deyil, ana bətninə geri qayıdış olsun. Körpələr ölməsin, ağlamasın!

Olmasını istəmədiyim bir digər məqam valideynlərinin üzünü qara edən övladlardır. Bəzən sevgi də kifayət etmir. Bəzən gün elə günəşin doğuşundan bəlli olur. 

İndi hər birimiz Ayşənin bu məqsədsiz, onu bu dəhşətli sona çatdıran seçimin əsas səbəbini axtarır. Və hər kəsin ağlında fərqli bir düşüncə tərzi var. Mən isə dərindən bələd ola bilmədiyim mövzular haqqında bəziləri kimi geniş danışa bilmərəm. Ona görə də, dəhşət kəliməsi həmişə ağlınızda, bütün düşüncələrinizdə olsun. Unutmayın dünyanın özü həyatın, bizlər isə dünyanın ən böyük dəhşətiyik! 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.