Ümid həyat işığıdır, xəyalsa o işığa doğru aparan yoldur - ESSE Featured

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

 

Günümüzdə çox dartışılan mövzulardan sayılan süni intellektin fəsadlarının xofu dünyamızı bürüdüyü bir zamanda, bir qisim insanlar bu səbəbdən narahatlıq ağuşundaykən, bununla bağlı ağlıma ilk gələnləri qələmə almaq fikrinə düşdüm:

 

Allah deyə-deyə min il, milyon il

Dikildi insanın gözü göylərə.

Əvvəlcə xəyalı gəzdi səmanı,

Hələ getməsə də özü göylərə.

(B. Vahabzadə)

 

Bu şeir parçasında deyildiyi kimi illər uzunu gözləri fəzaya dikilən, xəyalı bir işığın həsrətinə qovuşmağa doğru yol gedən, qalın-qalın kitablara sığışmayan neçə-neçə ömrün arzuları xəyalın bircə anına sığışandı, o ani zaman içində kainatı, ənginlikləri dolanıb gələndi.

Ta qədimdən, Tanrı dünyanı bizə bəxş edən gündən, bəşər arzuları tanıyan andan insanın ən yaxın könül dostu, sirdaşı və sözdaşı, kimsəyə açmadığı dərdinə şərik onun xəyalları olmuşdur. Arzular ilk öncə, narahat gündüzlərin, uzun gecələrin həmdəmi olan xəyalların bətnində döl tutub cana gələrək böyümüş, vaxt ötdükcə nağıllar və əfsanələrdə, ya da ki bəzək-düzək vurulmuş rəvayətlərdə sığallana-sığallana tumarlanıb cilalanmış, heykəlləşərək rəvac tapmaqla dünyaya gəlmişdir. Hər bir arzunun gerçəkləşmədən əvvəl ayaq açıb yeridiyi, reallığa can atdığı yer xəyal dünyasıdır. Mütləq azadlığın qələbə çaldığı, hamıdan gizli, namümkünü mümkünə döndərən məkandı xəyallar dünyası. Künc-bucağı görünməyən cəzirə, fəqət xəyalın gözüylə görülə biləcək fantastikalar səhrasıdı, əlyetməzlərin dil açıb ayaq tutana qədər memarıdı, bənnasıdı xəyallar.

Daha çox gəncliyin təsəlli və təskinlik tapdığı məkan, bütün istək və sevgililərin həsrətinin vüsala çatdığı, məhəbbətlərin ayaq tutub yerimək cəhdi, aşiqlə məşuqun ən təhlükəsiz görüş yeri, sevgilərin qanad açıb pərvazlandığı ən etibarlı guşə hər aşiq-məşuqun öz xəyalıdır. İnsan şüurunun bu qatı sahibindən özgə heç bir kəsə tabe olmayan, özünün hökmüran olduğu, əyanları təfəkkür və təxəyyülün doğa biləcəyi fikir və düşüncələr olan, gerçək arzuların dadından da çox şirin dadan, həddi-hüdudu bilinməyən bir səltənətdir. Məhəbbət dünyasının Adəm və Həvvası sayılan Leylinin Məcnuna, Məcnunun Leyliyə qovuşduğu yerdi xəyallar aləmi. Xəyal insanın ömür-gün yoldaşı, ayrılmaz sevgilisidir. İnsan aşiq, xəyal isə onun məşuqudur. Fərq ondadır ki, burada aşiq məşuquna asanlıqla qovuşa bilir. Müdriklərimizdən birinin dediyi kimi: “Xəyalım xəyalının xəyalını xəyalımda xəyal edər”. 

Oxunaqlı kitablar müəllifi, dəyərli yazarımız Varis “Sonuncu ölən ümidlərdir” əsərində yazır ki: “Ümidlər... Sonuncu ölən ümidlərdir. Bəlkə, ümidlər ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar? Ruhu da ölməyə  qoymayan bəlkə haçansa cismə dönmək ümididir?.” 

Hörmətli yazarın qənaətinə qoşularaq maddi aləmdə heç nəyin itmədiyini, yalnız şəklini dəyişdiyini nəzərə alsaq, xəyal da ümid kimidir, bəlkə də o da ölmür. İnam işığında ümid də xəyalda canlanır, bəslənir, onunla canbir, qəlbbirdir. Xəyalla ümid bir bədəndir. O bədənin yarısı olan ümid içimizdəki inamdan asılıdır. Bizə görə,  yuxudan fərqli olaraq xəyal və ümid olsa-olsa müəyyən bir nöqtəyə qədər idarə oluna biləndi, o məqamdan sonra isə sonsuz olaraq da qalır. Nəzərə alsaq ki, ümid və xəyal həm də enerji mənbəyidir. 

Ümid həyat işığıdır, xəyalsa o işığa doğru aparan yoldur. Yolların sonu olduğu halda xəyalın arzulartək nə üfüqü, nə sonu olur. Bu libasda, yuxarıda deyildiyi kimi, bütün kainatı dolaşmaq olar.

Bu deyilənlərə söykənərək belə bir qənaətə gəlmək olur ki, dünyanın ən yüksək inkişaf etmiş, çevik və sürətli texnologiyası xəyaldır. Günümüzədək onun sübutu elmə məlum deyil. Elm və texnika ona çatmaqda hələ də acizdir. Bizə görə, yəqin ki, insan şüurunun qüdrəti olan süni intellekt də dünyamız durduqca Tanrının bəşərə bəxş etdiyi bu möcüzənin ruhlar aləmində kənardan müdaxilə edilməklə idarə olunması qarşısında aciz olaraq da qalacaqdır. Bəşər hər an bir yeniliklə üzbəüz dursa da, onun zəkasının nəticəsi olaraq dünyamızın süni intellekt tərəfindən idarə olunması ərəfəsindəykən düşünürsən, Tanrının yaratdğı insan təfəkkürünün bir elementi olan xəyal çətin ki insan elmi sayəsində kənardan müdaxiləylə ipə-sapa yatsın.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.