Super User
“Nəsiminin heykəlindən 20 şaq v levo” - HƏLƏ DƏ AKTUALDIR
Xalidə Xalid, “Ədəbiyyat və incəsənət” üçün
İllər öncə bu yazı diqqətimi çəkmişdi. O vaxtlar "İnform.az" saytının rəhbəri olaraq fəaliyyət göstərirdim.
İstədim yarı zarafat, yarı gerçək olan bu yazıya hamı nəzər salsın.
"168 saat" qəzeti, səni heç unutmadım!
“Xəqaninin heykəlindən 20 şaq v levo”
Həmin ünvanda “Russkoyazıçnı” işbazlar jurnalistika kursu açıb gəncləri “maarifləndirmək” istəyirlər.
Təsadüfən əlimə düşmüş bir elan məni və həmkarlarımı olduqca maraqlandırdı. Rus dilində yazılmış elanın məzmunu belə idi: “Jurnalistlik” haqqında arzulayanlara. Bütün sutrka boyu. Azər”. Elanın sonunda telefon nömrəsi də vardı. Bir qədər düşünüb göstərilən nömrəni yığdım:-Alo, salam!
Dəstəyin o başından bir qadın cavab verdi.
-Xanım, mən elanla bağlı zəng edirəm. Zəhmət olmasa, Azəri çağırın.
Bir qədər sonra başqa bir qadın dəstəyi götürdü. O rusca danışırdı.
-Alo, vi povodu kokoqo obyavleniya?
-Xanım, mənə Azər lazımdir. Sizi jurnalistika ilə bağlı elana görə narahat edirəm. Əgər imkan varsa azərbaycanca danışın.
Sonra alaqarışıq bir dildə dedi: “Azera netu. Siz jurnalistika ilə bağlı soruşursunuzsa, kursu mən aparıram-Seva. Sizi nə maraqlandırır?”
-Mən bilmək istərdim ki, kurslar pulludurmu? Qrup şəklində, yoxsa tək-tək hazırlaşdırırsınız?
Zərif səslə: “Biz telefonla informasiya vermirik. əgər maraqlıdırsa, bizim yanımıza gəlin”, -söylədi.
Sonra o, ünvanı mənə dedi: “Vı Torqoviy znayete? Tam yest “Şəkil pasaji”. Nəsiminin heykəlindən 20 şaq v levo. Ulitsa Rəsul Rzı 14. Sizi gözləyirik”.
O, spasibo” deyib dəstəyi açdı.
Bəli, səhərisi göstərilən ünvana gəldim. Nişan verilmiş bloku tapıb, ağ dəmir qapını döydüm. Qapı açıldı:
-Po povodu obyavleniya?
Başımla “hə” işarəsi verdim.
Məni içəri dəvət etdilər: “Zaydite!”
Eni təqribən 3 metr, uzunluğu isə 5 metr olan yarıqaranlıq otağa daxil oldum. Qapının ağzında kiçik stol qoyulmuş, 3 qız, 1 gənc oğlan əyləşmişdi. Qapını açan xanım və bir başqası ayaqüstə durmuş, 2 nəfər gənc oğlan da düz döşəmənin üzərində yerlərini möhkəmlətmişdilər. Yavaş-yavaş məni süzməyə başladılar. Mən “Azəri olarmı?”-sualı ilə onlara müraciət etdim.
Cavan bir oğlan: “Azər mənəm”,-dedi. Sonra isə “Yəqin ki, jurnalistika ilə bağlı gəlmisiniz? O kursları Seva xanım aparır”,-deyib ayaqüstə duran gənc qadını göstərdi.
-Seva mənəm.
Onlara özümü təqdim etdim... “168 saatın” müxbiri olduğumu bilib çaşqınlıqla mənə baxdılar.
-Bəs sizə nə lazımdır?
-Mən sizin fəıaliyyətinizdən bəhs edəın material hazırlamaq istəyirəm. Təbii ki, etirazınız yoxdursa...
Onlar sanki birağızdan :”Yox, yox! Heç bir yazıdan söhbət gedə bilməz!”-deyə narazılıq etdilər.
Mən əvvəlcədən hazırladığım suallarımı tələsik onlara təqdim etdim:
-Kursu hansı təcrübi və nəzəri biliyə malik adamlar keçir? Hansı metodlar və ədəbiyyatdan istifadə olunur? Kurs neçə aylıqdır?
Təəssüf ki, onlar qəti şəkildə suallarıma etirz edib, otaqdan çıxmağımı tələb etdilər.
Artıq mən lazımı informasiyanı əldə etmişdim. Səmimiyyət naminə kimliyimi də açıqladım. Uzunçuluq olsa da nahaq yerə gördüyüm mənzərəni sizə təsvir etmədim...
Əgər həqiqətən də bu kurslar xüsusi əhəmiyyətə malik olsaydı, təbii ki, onlar özləri haqda ətrfalı məlumat verməkdən çəkinməzdi.
Bir də bu kurslar gerçəkdən xüsusi əhəmiyyətə malikdirsə, ali təhsil ocaqlarında jurnalist kadrların bilavasitə hazırlığı ilə məşğul olan jurnalistika fakültələrinə ehtiyac varmı?
Mövzuya münasibətini öyrənmək üçün M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadəyə müraciət etdim. Yalçın müəllim bunları bildirdi:
-Son onilliyin demokratik ab-havası fikir plüralizminin təşəkkülü, azad fikir və azad sözə geniş meydan verilməsi ölkəmizdə geniş qəzet alımı yaratmışdır.
Bu qəzetlər sirasında ciddi jurnalistikaya söykənən, obyektivliyi özü üçün meyar seçən, hər cür qərəzdən uzaq mətbu orqanlarımız da var, yaranmış şəraitdən sui-istifadə edərək 125 illik tarixi olan milli jurnalistika dəyərləri üzərinə ləkələr salan “qəzet”lər də. Ağır olsa da, etiraf etməliyik ki, bu gün ikincilər daha çoxdur. Naşıların, dəllalların jurnaılistika qədər təcavüz etdiyi ikinci bir sənət sahəsi yoxdur. Faktdır ki, tarixən jurnalistika sənətlər arasında ən seçilən, hörmətəlayiqlərindən olub.
Ancaq bu gün həmin adamlar jurnalistikanı əvvəlki hörmət və nüfuzundan salırlar. Belə jurnalistika daha çox ayrı-ayrı şəxsələrin mənafeyinə xidmət edir.
Hər partiya özü üçün bir qəzet açıb ondan istifadə etdiyi şəxsə sillə, şapalaq kimi istifadə edir. İstədikləri adama böhtan atır, şərləyir, ləkələyirlər. Çox vaxt sonradan təkziblər verilsə də, ilkin variantlar əldə olunmuş effekt və təsirini itirmir. Xüsusən də sensasiyaya meylli oxucu bu tip materiallara daha çox üstünlük verir. Bu gün yüngül informasiyaya meyl qabarıq şəkildə müşahidə olunur. Jurnalistika anlayışının real mahiyyətindən bixəbər “jurnalistlər” hələ də KİV-də geniş yer tutur.
Jurnalistikanı təcrübi cəhətdən “mənimsəyənlər” bir yana, indi sırf elmi, nəzəri səpgidən “fəaliyyətə” geniş yer verməyə başlayıblar. Jurnalistika nadir ixtisasdır. Hər il jurnalistika fakültəmizə qəbul olunan 20-25 nəfərdən təhsilini başa vurarkən 5-6 püxtələşmiş sənətini sevən, yüksək səviyyəli, professionallığa meylli jurnalistin formalaşdırılmasını uğurumuz hesab edirəm
Jurnalistika üçün ən vacib amil istedadın olmasıdır. Yəni təhsil sistemimiz konveyer deyil ki, I kursda fakültəyə daxil olub oranı bitirəndə, jurnalist ola biləsən.
Fakültəmzdəki təhsilin başlıca vəzifələrindən biri tələbədə aşkarlanmış istedadın cilalanmasıdır.
Təbii ki, belə şəxs əməli faəliyyət sahəsində peşəkar kimi özünü büruzə verə bilir.
Qısamüddətli kurslara gəldikdə onu deyim ki, bu qeyri-ciddi məsələdir. Bu şəxsi gəlir, qazanc əldə edilməsi məqsədi güdür.
Əgər həmin kursları təşkil edən şəxslər istedad sahibidirlərsə, dekan kimi məmnuniyyətlə onları fakültəmizlə əməkdaşlığa dəvət edirəm.
Bir müddət əvvəl mədəniyyət işçiləri klubunda da eynitipli 6 aylıq kurslar təşkil olunmuşdu. Axı jurnalistika kursu tikiş, sürücülük kursu deyil, sənət kursudur.
Bu sahəyə istedadı olan adamlar getməlidir. Fəhmlə deyə bilərəm ki, sözügedən kurslar şəxsi qazanc naminə təşkil olunur. Yəqin ki, kursların dinləyiciləri bunu dərk edə biləcəklər. Əgər doğrudan da bu dərnəklərin səmərəsi olsaydı, jurnalist ictimaiyyəti arasında çoxdan özünü göstərmişdi.
Bir daha deyirəm; Bu ancaq jurnalistikanın ad və imicindən istifadə edib qazanc əldə etmək məqsədi daşıyır.
NƏMƏND
P.S. Sonda maraqlananlarü üçün kursun dəqiq ünvanını təqdim edirəm:
“Fəvvarələr meydanı, Xəqani heykəlindən 20 metr sola, ağ dəmir qapı, AZƏR, SEVA”.
İstəsəniz siz də baş çəkə bilərsiniz.
“168 saat” qəzeti. 13 yanvar 2000-ci il.
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)
Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb
Salyan regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 18 aprel 2023-cü ildə baş tutub.
19 aprel 2023-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan mərkəz fəaliyyətə başlayıb.
2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN Xidmət” ə istinadən xəbər verir ki, fəaliyyət göstərdiyi 1 il ərzində Salyan regional “ASAN xidmət” mərkəzində 178 500-dən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edilir
İçərişəhərdə yerləşən “QGallery” (“Qız qalası”) rəsm qalereyasında Elşən Qaracanın “Cəsur ürək” adlı fərdi sərgisinin açılışı olub.
AzərTAC xəbər verir ki, gənc azərbaycanlı rəssam Elşən Qaracanın yeni əsərlər silsiləsi sərbəst müəllif təfsiridir və burada anında tutulan pozalar motosiklet yarışçılarının obrazlarını, onların dönmə həndəsəsini, sürəti və qafqazlı igidlərin üzünə vuran küləyin axını fonunda əzmkarlığını dəqiq əks etdirir. Bu gün atları motosikletlər əvəz edib - qalereyanın girişində qonaqları azadlıq, macəra, sədaqət, dostluq simvolları qarşılayır, sərgi dərhal selfi çəkmək və fotoşəkillər üçün özəl məkana çevrilir.
“Motosiklet” kəlməsi fransız dilindən hərfi tərcümədə sadə bir məna daşıyır və “nəqliyyat vasitəsi” deməkdir, lakin o, bu tərifi çoxdan üstələyib. Əsərlərində motosikletlərə müraciət edən bir çox müasir rəssamlar, həyatında heç olmasa bir dəfə iki təkərli “dəmir at”da oturan hər kəsin hiss etdiyi sərhədsiz azadlıq hissini və yolun çağırışını öz kətanlarında əks etdirməyə çalışırdılar. Elşən Qaracanın müasir qorxmaz “süvariləri” çoxdan at sürməyən, ancaq “dəmir atları” ilə əcdadlarının kəhər atlarının belində etmədiyi şəkildə dar dağ cığırlarında “uçmağı” bacaran gənclərdir.
Beləliklə, “Cəsur ürək” sərgisi kişi tamaşaçıların marağına səbəb olur. Hansı insan özünə motosiklet alıb onun üzərindəki boş yerləri kəsməyi xəyal etmir? Qonaqların təqdim olunan sərgiyə maraqla baxması və bəyəndikləri rəsmlərin fonunda fotoşəkillər çəkdirmələri açıq şəkildə göstərirdi ki, cinsi mənsubiyyətin də bununla heç bir əlaqəsi yoxdur. Çünki rəssamı təbrik etməyə gələnlərin qadın hissəsi açıq-aşkar maraq göstərərək, kətanlara diqqətlə baxırdı.
Elşən Qaraca aydın şəkildə müəyyən edilmiş hər hansı janr və istiqamətlərdən kənar bir sənətkardır. O, özünü məhdud çərçivəyə salmır. Qarışıq təsviri sənətin tərəfdarı olmaqla, nə istədiyini bilir və bəyəndiyini kətana köçürür. Rəssam axtarışlarında və yaradıcılığında həmişə öz prioritetlərinə diqqət yetirir. “Cəsur ürək” güc, ehtiras və azadlıq uğrunda mübarizənin zəngin və təfərrüatlı dastanıdır.
“Cəsur ürək” fərdi sərgisi aprelin 19-dək davam edəcək. Giriş pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
“Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı"
“Ədəbiyyat və incəsənət” portalı Dövlət mükafatına namizədliyi irəli sürülən “Cığır” romanı barədə rəylərin dərcini davam etdirir. Bu dəfə müstəvidə siyasi ekspert Aydın Quliyevdir.
"Yunus Oğuzun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb. Müasir Azərbaycan əsgərinin peşəkar hazırlığını, mənəvi-əxlaqi aləmini daha yaxından tanımaq üçün Yunus Oğuzun "Cığır" romanında yaratdığı obrazlardan daha tutarlı obrazlar, məncə, hələlik düşünmək çətindir. Ona görə, "Cığır" romanının Dövlət mükafatına təqdim olunması, düşünürəm ki, ona ən layiqli qiymətdir və yəqin ki, lazımi qərar qəbul olunacaq. Həm də "Cığır" romanı müstəqil Azərbaycan tarixinin böyük zəfər mərhələsinin ilk bədii ədəbi salnaməsidir. Çünki Qarabağ müharibəsi, Qarabağ problemi başlayandan indiyə qədər bu hadisələrin ədəbi-bədii kontekstdə işıqlandırılması barədə çoxlu əsərlər yazılsa da, amma, yəqin bu dediklərim heç kimin xətrinə dəyməz, Yunus Oğuzun "Cığır" romanı qədər klassik, nümunə yaradan ikinci bir əsər yoxdur. Bu cəhətdən də "Cığır" romanının Dövlət mükafatına təqdim olunması təqdirəlayiq hadisədir. Ümumiyyətlə, Yunus Oğuzun özü Azərbaycanda çoxsaylı tarixi romanların müəllifi kimi tanınır və tarixi roman yazarları içərisində deyərdim ki, ən məhsuldarlarından biridir. Həm də Yunus Oğuzun tarixi romanlar yaradıcılığı Azərbaycan ədəbiyyat tarixində bir hadisə kimi düşünülməlidir. Ona görə ki, Yunus Oğuz digər tarixi roman, tarixi əsər müəllifləri kimi sadəcə dəbə uymaq, modaya qoşulmaq xatirinə yox, tarixi hadisələri və tarixi romançılığa yeni baxış nümayiş etdirmək nöqteyi -nəzərdən təqdirəlayiq nümunələr yaradıb. Onun tarixi romanlarının hamısında bizim tarixə yeni, cəsarətli, həm də maraqlı baxış var. Mübahisəli məqamlar ola bilər, amma Yunus Oğuzun tarixi romançılığının parlaq xüsusiyyəti odur ki, əvvəla, o, milli -mənəvi dəyərlərə və tariximizə söykənir. İkincisi, cəsarətli yanaşmaları ilə seçilir. Ənənəvi yanaşmalardan fərqli, cəsarətli yanaşmalar var.
Yunus Oğuzun "Cığır" romanı da ədəbiyyat tariximizdə tarixi hadisədir, buna görə də onun Dövlət mükafatına layiq görülməsi, düşünürəm ki, onun layiqli qiymətidir".
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı çərçivəsində aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qalasında tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən məlumat verir.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ramana qalası ilə tanış olublar.
Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifinə əsasən, 1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. “Ölkəmizdə də hər il qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil edilir. Eyni zamanda, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsində ziyarətlər təşkili olunub.
Səadət Yusifova diqqətə çatdırıb ki, Ermənistanın işğalı nəticəsində çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən müharibəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda hazırda abidələrin bərpası işləri aparılır.
O, həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin qorunmasını hər zaman diqqətdə saxlayıb. İndi bu strategiya Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Gənc Tamaşaçılar Teatrının may repertuarı açıqlanıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb. Teatr may ayında da tamaşalara bir-birindən maraqlı tamaşalar təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” repertuarı təqdim edir:
1 may - “Buratinonun macəraları”
2 may - “Qızıl balıq”
3 may - “Bremen musiqiçiləri”, “35 ildən sonra”
4 may - “Çipollino”
5 may - “Mauqli”, “Don Rafaello-trombonçu”
10 may - “İnanıram”
11 may - “Dəcəl keçi”, “Dəli yığıncağı”
12 may - “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”
17 may - “Cəza”
18 may - “Tıq-tıq xanım”, “Mənim ağ göyərçinim”
19 may - “Şirinlər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”
25 may - “Kod adı V.X.A”
26 may - “Şən Elf və Cadugər”.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Bir elin, bir obanın ağsaqqalı İLHAM PİRMƏMMƏDOV
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Ən dəyərli sözlər, ən dəyərli təbrik Onun halal haqqıdır!
Bu gün Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verən, çiyinlərində bir mahalın gerçəyini, ürəyində bir mahalın arzularını, ruhunda Şəhidlərin, Ziyalıların xatirəsini yaşadan, Qazilərin yaralarına məlhəm olan ləyaqətli alim, Azərbaycan Texniki Universitetinin prorektoru, ləyaqətli El Ağsaqqalı, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun dünyaya gəldiyi gündür.
Bu gün oyanananda gözəl bir səhər qarşıladı bizi. Günəş al şəfəqlərini Yer üzərinə sərib. Bu gündə dünyaya göz açan İlham Pirməmmədov da səxavətini, sədaqətini, xeyirxahlığını Yer üzərinə ərmağan edib. Təkcə Yerlərəmi? Əlbəttə ki, yox. O həm də Göy Adamıdır. Tanrının şeçdiyi bəndədir. Onun yaxşılığının işığı qaranlıqlara işıq saçır. O, yolumuzun üstünə çıxan Xızır Peyğəmbərdir.
Daha çox yazmaq, daha çox təhlil etmək olar onun səxavətini, sədaqətini, ləyaqətini. Yazmaqla, danışmaqla bitib-tükənməz. Tütyədir, təbərrikdir İlham Pirməmmədov. Onunla çalışdığım bu illərdə Şahidi olduğum yaxşılıqlarının sayı-hesabı yoxdur. "Qazax" Xeyriyyə İctimai Birliyinə olan müraciətləri birər-birər İlham müəllimə çatdırıram. Hamısını diqqətlə dinləyir. Hər kəsə kömək əlini uzadır. Əməlləri özünə yaxşılıqdan bir heykəl ucaldıb - insanlığın, aliliyin, təmənnasızlığın heykəli.
“Şairlər Vətəni bizim tərəflər” deyiləndə ilk göz önünə gətirdiyimiz Səməd Vurğun, mahalımızın səxavət, ləyaqət simvolu deyiləndə isə ilk ağlımıza gələn insan İlham Pirməmmədovdur. Biz onlara baxıb fəxrlə deyirik, nə yaxşı ki, biz Qazaxda dünyaya göz açmışıq. Ləyaqətli, səxavətli, sədaqətli, hünərli, ürəkli insanların doğulduğu torpaqdan boy atmaq səadətdir.
Əməlləri ilə bu dünyaya səadət bəxş edən dəyərli, hörmətli, qədirbilən İlham müəllimi Şəhid ailələrinin, Qazilərin, Qəhrəmanların, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvlərinin, Qazax mahalının ziyalılarının, müəllimlərin, əli qabarlı zəhmətkeş insanların, körpələrin, gənclərin, tələbələrin - hər kəsin adından təbrik edirik. Çünki O, hər kəsin dostudur. Doğum günü mübarək olsun, yüz yaşasın!
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək
Aprelin 17-də İtaliyada keçirilən beynəlxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında “Teatro Carlo Felice” Teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasını milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu barədə sözügedən konfransda iştirak edən dünyaşöhrətli opera ifaçısı, Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.
Mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərir. "Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrlarının səhnəyə qoyduğu Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Səhnə əsərində Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də iştirak edəcək. Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başlayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona şəhərlərində milli balet əsərləri ilə yanaşı, dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq", - deyə o əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)
POETİK QİRAƏTdə İbrahim İlyaslının “Səni” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə mənzilcə sumqayıtlı, yurdca qazaxlı İbrahim İlyaslı “Səni” şeiri ilə görüşəcək. Ənənəvi sevgi şeiridir.
Amma siz bir həsrətin gücünə baxın:
“Qismətim dövrəndə qovrulmaq oldu,
Bağrıbadaş sandım od ilən səni.”
Xoş mütaliələr!
Səni
Həsrətin ruhumu elə göynədər,
Hər gün çağıraram dad ilən səni.
Gözlərim ovulub düşər ovcuma,
Birdən görər olsa yad ilən səni.
Mən sənə enincə dərə dağ oldu,
Çinar arzularım qol-budaq oldu.
Qismətim dövrəndə qovrulmaq oldu,
Bağrıbadaş sandım od ilən səni.
İbrahim İlyaslı - qəm bəylərbəyi,
Tanrıya aşkarın pünhandı nəyi?!
Dünya ha dağılmaz, sevgilim deyib,
Bir gün də çağırsam ad ilən səni.
Ədəbiyyat və incəsənət”
(18.04.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Səməd Vurğun - “Azərbaycan”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Səməd Vurğun və onun “Azərbaycan” şeiri. Poeziyamızda şairliyin və şeirin iki kulminasiyası. Bu şeiri bütün xalq əzbər bilir, demək ki, poeziya tariximizin əsl şah əsəridir.
Elə təkcə Ümummilli liderimiz Heydər Əliyevin bu şeiri necə hiss və həyəcan burulğanında söyləməsi şeiriyyətin təntənəsi deyilmi?
Biz orta məktəbdə bu şeiri ixtisarla oxumuşuq, bu isə bütöv versiyadır.
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə,
Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Alagözlü gündüzlərə,
Qara xallı ağ üzlərə
Könül istər şer yaza;
Gəncləşirəm yaza-yaza...
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolaşar gəzər
Gah Muğanı, gah Eldarı.
Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar...
Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan
Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı tök ver görək
Anamın dilbər gəlini!
Yadlara açma əlini.
Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək.
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!
Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xallı xalçalardan
Sər çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Gözəl vətən! Mənan dərin,
Beşiyisən gözəllərin!
Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan,
Şer, sənət ocağısan.
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə!
Nazlandıqca sərin külək,
Sahillərə sinə gərək.
Bizim Bakı — bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.
Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın... yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!
“Ədəbiyyat və incəsənət”
(18.04.2024)