Super User

Super User

Çərşənbə axşamı, 20 Avqust 2024 16:00

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

 

Onun suallarının bitdiyi aydın idi. Qısaca dedim:

- Məlumun olsun ki, ilk dəqiqələrdən bu cinayəti açmağın çətin olmayacağını bilirdim. Təkcə sonda, cinayətkarları yaxalayandan sonra onlarla nə edəcəyimə qərar verməmişdim. Amma hadisələrin gedişatı özü hər şeyi yerinə qoydu. Bəlkə də ən yaxşı sonluq elə bu idi.

Layiqə başını yelləyib razılaşdığını bildirdi. Sonra cızıldayan çaydana baxıb soruşdu:

- Yenə çay süzüm, şef?

Gülümsəyib dedim:

- Deyəsən bunun adına paltar qaynatmaq deyirlər.

Köməkçim bərkdən güldü:

- Hə, elə deyirlər.

- Elə isə onda çaydanın altını söndür. İndi ən düzgün olan şey evə gedib yaxşı bir duş qəbul etmək, sonra da möhkəm yuxuya getməkdir.

Birlikdə ayağa qalxdıq. Gülanənin gözü yolda qaldığını bilirdim. Ancaq Novxanıdan qayıdarkən çox tez idi deyə zəng vurub onu oyatmaq istəməmişdim. İndi ora gedəcəkdim.

- Sən ofisi bağlayarsan. Maşını qaytar, get dincəl. İki gün sonra gələrsən. Mən çıxıram, - deyib Layiqə ilə sağollaşdım.

-Sağ olun, şef, - yorğun görünən Layiqə qısa cavab verdi.

O hələ maşını kirayə götürdüyü ofisin açılmasını gözləməliydi. Qarşıdakı iki gündə bir işimiz yox idi. Mən də bu iki gündə dincələcəkdim.

* * *

Adətim üzrə səhər tezdən oyanmış, ofisə gəlmişdim. Layiqə hələ yox idi. Çay dəmləyib yolda aldığım «Yubiley» peçenyesi ilə içdikdən sonra kresloma keçib cib telefonumu çıxardım. Dünən səhər Nadirdən gəlmiş mesajları bir də gözdən keçirdim. Keçirdiyim əməliyyat barədə nəsə deyib dostumu yükləmək istəməmişdim. Bəlkə də nə vaxtsa orada baş verənləri olduğu kimi ona danışacaqdım. Amma indi bunu etmək fikrim yox idi. Hər halda şəhərdə baş vermiş bütün hadisələr barədə məlumatların cəmləşdiyi bir qurumda işləyirdi. Onun özünün çox şeyi mənsiz də başa düşəcəyinə şübhəm yox idi. Belə də olmuşdu. Mesajlar çox qısa idi. Birinci mesajda orada hər şeyin qaydasında olduğunu bildirirdi. Bundan bir qədər sonra gəlmiş ikinci mesaj daha maraqlı idi. Hadisə yerində tapılmış iki odlu silahın ballistik ekspertiza rəylərinin hazır olduğunu xəbər vermişdi Nadir. Vaxtilə qətlə yetirilmiş ana və iki körpəsinin Cahandarın əlində tapılmış silahla öldürüldüklərini müəyyən etmişdi ekspertlər. Bu həmin cinayət işində «Molla» ləqəbli qatı cinayətkara qarşı toplanmış əvvəlki sübutların doğru olduğunu təsdiqləyən ən güclü arqument olmuşdu. Beləcə, illər əvvəl bağlı qalmış bir cinayət də açılmışdı.

Mesajlardan sonra günorta saatlarında telefonuma zəng gəlmişdi. Zəng edən Fərman Gəraybəyli idi. Reanimasiya şöbəsindən palataya köçürüldüyünü, məni görmək istədiyini demişdi. Etiraz etməmiş, onu görməyə getmişdim. Hal - əhvaldan sonra oğlunu xilas etdiyim üçün təşəkkürünü bildirib kövrəlmişdi. Sonra palatanın pəncərəsinin qarşısında qoyulmuş bağlamaya işarə edib mənə çatacağını demiş, sual dolu baxışlarla mənə baxmışdı. «Müqəddəs yalan» deyilən bir termin var. Qırx yaşımda mən ilk dəfə «müqəddəs yalan»dan istifadə etmişdim. Fərman Gəraybəyliyə uşağın bu yaxınlarda həbsxanadan çıxmış iki nəfər tərəfindən qaçırıldığını, onlar da sözləri çəp gəldiyi üçün bir-birilərini öldürdüklərindən başqa nəsə öyrənə bilmədyimi demişdim. Bundan sonra bağlamanı götürüb açmış, oradan yüz min manat ayırıb Fərmana qaytarmışdım. Təəccüblə mənə baxmışdı. Bu qədəri bəsdir demişdim. Nə qədər təkid etsə də, qaytardığım pulu geri götürməmişdim. Fərman üçün bu elə də böyük pul deyildi. Sadəcə mən öz vicdanım qarşısında belə etməyi düzgün hesab etmişdim. Onun qoyduğu şərtlərdən ikincisini yerinə yetirməmişdim. Deməli, bu pulu götürməyə də haqqım  çatmırdı. Sağollaşmazdan əvvəl balaca Ağanın vəziyyəti ilə maraqlanmış, xeyli yaxşılaşdığını öyrənmişdim. Daha həyatı üçün heç bir təhlükə yox idi. Fərmandan ayrılıb yölüstü tanış banka baş çəkmiş, sonra evə, Gülünün yanına getmişdim. Çoxdan ona gözəl bir şam yeməyi söz vermişdim. Axşamı şəhərin ən məşhur restoranlarından birində keçirmişdik. Sonra Gülünü düşürüb evə gəlmişdim. Beləcə, sakit keçən son iki gün dünən axşam bu baş verənlərlə bitmişdi.

Ofisin qapısı açıldı, Layiqə özünü içəri atdı. İçəri girən kimi salamlaşmadan dedi:

- Şef, deyəsən çay dəmləmisiz. Yaman yerinə düşdü. Yolda elə donmuşam ki.

Bu gün hava doğrudan da çox soyuq idi. Möhkəm Xəzri əsirdi. Köməkçim soyuqdan əməlli - başlı büzüşmüşdü. Onun halına baxıb güldüm.

- Elə isə, əynini çıxar, ikimizə də çay süz. Birini də səninlə içərəm.

Bir azdan çayları gətirən Layiqə üzbəüzdə oturdu. Ovuclarını stəkanına söykəyib qızdırmağa başladı. Donu hələ də açılmamışdı. Çayını içib qurtarmasını gözləyib cibimdən bir zərf və bir bank kartı çıxarıb masanın üstünə qoydum. Sonra dedim:

- Bu gün işdən tez çıxarsan. Bu zərfi üstündə yazılmış ünvanda yaşayan Talıb Musayevə verərsən. Özü evdə olmasa, həyat yoldaşına ver.

- Bəs soruşsalar nə deyim?

- Heç nə demə. Eləcə de bu zərf sizə çatacaq, başqa heç nə bilmirsən. İndisə, keçək əsas məsələyə.

- Əsas məsələyə?

- Hə, əsas məsələyə. Qulaq as, deyim. Dəfələrlə olub ki, mənə müraciət edən insanların vəziyyətini nəzərə alıb onlara təmənnasız kömək etmişəm. Sən bu əməliyyatların hamısında yanımda olmusan. Bir dəfə də kənara çəkilməmisən. Gecələr yuxusuz qalmısan, riskə getmisən. Sonradan bu işlərə görə sənə öz vəsaitimdən ayırdığım qonorarlardan imtina etmisən. Uzun müddətdir köməkçimsən. Bu müddətdə sadəliyinlə, çalışqanlığınla hörmətimi qazanmısan. İndi səndən bir xahiş edəcəm. Biləsən ki, etiraz qəbul olunmur.

Heç vaxt məndən belə sözlər eşitməyən Layiqə susub mat-mat üzümə baxırdı.

Davam etdim:

- Hər gün Buzovnadan avtobusla gəlib - gedirsən. Yolun uzaqdır. Bu kartda sənin adına otuz min manat var. Münasib bildiyin vaxtda salonların birinə gedib özünə yaxşı bir maşın seç.

Layiqə yenə də susub heç nə demirdi. Beləcə xeyli qarşısındakı karta baxdıqdan sonra dilləndi:

- Bir əməliyyat üçün otuz min manat həddən çox deyilmi?

Gülümsədim.

- Bəlkə də bir əməliyyat üçün çoxdur. Ancaq on beş yaşlı bir oğlanı ölümdən, onun bədbəxt anasını isə iztirablardan qurtarmağa görə çox azdır.

Yenə araya süküt çökdü. Hələ də karta əlini vurmamışdı. Oturub sakitcə ona baxırdım. Birdən oturduğu yerdən əyilib yanağımdan öpdü, sonra kartı götürüb sürətlə mətbəxə keçdi. Arxasınca baxıb gülümsədim. Onun çoxdan maşın almaq arzusunda olduğunu bilirdim…

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

Çərşənbə axşamı, 20 Avqust 2024 12:39

LİDERLİYİN 21 QANUNU - 19. Qurban qanunu

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər

 

19.Qurban qanunu

«Lider sonradan irəli getmək üçün yeri gələndə yolundan çəkilməyi bacarmalıdır».

Qurbanvermə – liderliyin daimi əlamətidir. İstənilən inkişaf, istənilən nəticə bol itkilərin heçabına başa gəlir. Burada həm maddiyyatla, həm karyerayla, həm  ailəylə, həm imiclə, sosial vəziyyətlə bağlı qurbanlardan, itkilərlən söhbət gedir. Effektiv liderlər öz işlərini vacib saydıqları şeyə həsr etməkçün çox qurbanlar verirlər. Liderlik işində uğur qazanmaq daim dəyişikliklər, təkmilləşmələr tələb etdiyi kimi qurbanlar da tələb edir.

Lider nə qədər böyükdürsə, o, bir o qədər böyük qurbanlar verməlidir. Hətta bəşər tarixində öz ideyaları yolunda öz həyatlarını belə qurban verən liderlər də az deyil.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

 

Çərşənbə axşamı, 20 Avqust 2024 10:44

Şəhidlər barədə şeirlər - Təbriz Cumuzadə

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Təbriz Cumuzadə

 

Təbriz Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə Mingəçevir şəhərində İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Təbriz Cumuzadə 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cumuzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cumuzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Adın vətən, özün vətən,

Cəbrayılda, Füzulidə,

Xocavənddə izin vətən.

Sən Şuşanı azad edən

Təbrizsən!

 

Sən torpağa pak nəfəssən,

Sən dağlardan uca səssən!

İgid kimi, Şəhid kimi,

Bu vətənçün müqəddəssən,

əzizsən!

Təbrizsən!

 

Bu torpağın hər yerində,

Hər dağında,

Hər daşında,

Bu millətin yaddaşında,

Əbədisən!

Ölməzsən!

Təbrizsən!

 

 “Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

 

 

Behruz Sədiq

Muğan

 

 

İNSAN

 

İnsan!

Yaşmaqlı gəlinin

Yaylığı ağlıq

Muçura tələskən

Körpəcik ağac

Günəşə boylanan

Gilənar gəlin;

Qızlığı qanlanmış qudurğan bahar

Qaranlıq qolunu qaharan qavram

Həm də ki,

Sızlayan yaram

İnsan!

O uca dağlıq

Tam Qarabağlıq...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”,  Şəki-Zaqatala bölməsi

 

 

           

Dünya quru bir səs,

            Qəm çəkməyə dəyməz...

            Yüz-yüz itən olsun,

            Min bir də bitən var.

            Şükür eyləyəlim ki,

            Bizlərdən həm əvvəl,

            Həm sonra Vətən var! -

-deyirdi Bəxtiyar Vahabzadə... Azərbaycan xalqının dünənindən miras aldığı düşüncə bulağının qaynarlığı ilə hər yaşda oxucusunun ruhuna toxuna bilən Xalq şairi.  Yaradıcılıq günəşinin işığı nəinki mənsubu olduğu xalqın nümayəndələrinin, ümumbəşər təfəkkürü aydınlatmağa qadir sənətkarın doğulmasından 99 il ötür. 

            Şəkinin Yuxarıbaş məhəlləsindəki zəhmətkeş ailədə dünyaya göz açmışdı Bəxtiyar Vahabzadə. Doğulduğu evin pəncərəsindən Şəkini əhatələyən dağlar görünürdü, həyətlərinin aşağısından  sularını təbiətin şeiri kimi insanlara ərməğan edən Qurucana çayı axırdı. Bu gözəlliyə, bu qışı sərt, yazı-yayı ruh coşduran, payızı düşüncə döngələrinə rəng qatan bir məkanda doğulan insanın payına, əlbət ki, Tanrının xoş vaxtında yazdığı ömür düşməliydi!

            “İgid ömrü” ölçüsüzdür,  el olaraq bilirik... Əsrin yaşıdı olmaqsa, ömür ölçüsü deyil, əbədiyyətin yarıaçıq qapısından görünən bir əlçim nurdur. Bəxtiyar Vahabzadənin əsrin yaşıdı olmasına bircə il qalır...

            Şairin 99 illiyi onun Şəkinin Yuxarıbaş məhəlləsində yerləşən ev-muzeyində şeirli, musiqili şəkildə qeyd olundu. 16 avqust 2024-cü ildə baş tutan “Ölümsüz ömür” adlı tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, AYB Şəki bölməsinin sədri Vaqif Aslan başda olmaqla,  şəkili qələm sahibləri, İ.S.Nakam adına Şəki şəhər Mərkəzi Kitabxanasının əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin nümayəndələri,  ziyalılar və ağsaqqallar iştirak etdi. 

            Əvvəlcə, Xalq şairinin şəhərin mərkəzi parkında ucaldılan abidəsinin önünə gül dəstələri qoyuldu.  Sonra tədbir iştirakçıları xalqımızın  qədim-qayım alqışlarının  birindən-“şen olsun” alqışından payını almış ev-muzeyinə sarı yol aldı.   Şairin  dillər əzbəri olan şeirləri söyləndi, Şəki şəhər 3 nömrəli musiqi məktəbinin şagirdləri tərəfindən sözlərinə yazılmış musiqilər səsləndirildi.

            Gülnar adlı gənc rəssamın müəllifi olduğu portretləri muzeyə hədiyyə etməsi  Bəxtiyar Vahabzadənin özündən sonra bu xalqa qoyduğu mədəni irsin nəsildən-nəslə əmanət kimi ötürüldüyünün bariz nümunəsi idi.  

 

            Yaman darıxmışam...

            Hər axşamçağı

            Arzumu günəşin telinə sardım.

            Mənimlə olsaydı, mən darıxmağı

            Zamana ən uzun ölçü sanardım...-

            -deyən şairin adını tutub ev-muzeyinə gələnlər də darıxdı; şairin  lentə yazılmış səsini eşitmək, kitablarını bir daha vərəqləmək, ev-muzeyindəki yazı masasına sığal çəkmək, yarımçıq əlyazmasına bir “ah” çəkərək göz atmaq üçün...  Ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli  “Şair ocağı” adlandırdığı ev-muzeyini, sözün həqiqi mənasında, xalqın sərvəti kimi qorumaqda və qapısını Bəxtiyar Vahabzadənin xatirəsinin işığına  gələnlərin üzünə gülərüzlə açmaqdadır. Qeyd etdiyinə görə, şairin 100 illiyi ilə bağlı təkliflər planı da hazırdır:

            -Ocağında daim işıq olsun!” deyirdi ulularımız. Bu yurd, bu ocaq da bizə əmanətdir. İşığını qorumaq könül borcumuzdur. 99 il bundan əvvəl bu evdən, bu güllü-çiçəkli, dağların qənşərində nazlanan həyətdən  kainata Azərbaycan, eləcə də, dünya ədəbiyyatına öz qələmilə  zənginlik qatan şair ruhu havalandı. Şairin 100 illiyi üçün  yeni fikirlərimiz, təkliflərimiz var. “Bəxtiyar Vahabzadə və müasirləri”   adlı bir layihə həyata keçirmək istəyirik.  Şairin həmçağları olan şair və yazıçılarla yaradıcılıq münasibətlərinə aid yazılar, videoçarxlar hazırlamaq niyyətindəyik. Muzeyin cari təmiri, eksponatların zənginləşdirilməsi, tərtibatın dəyişdirilməsi məqsədilə  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət Nazirliyinə təklif vermək də 2025-ci il üçün nəzərdə tutulan planlara daxildir.  Bəxtiyar Vahabzadənin “İstiqlal” kitabının təkrar nəşr edilməsini arzulayırıq. TÜRKSOY-un Bəxtiyar Vahabzadə haqqındakı qərarlarını nəzərə alaraq Türk dünyası şairlərini, o cümlədən, Cənubi Azərbaycan şairlərini, Türk dövlətlərinin ölkəmizdəki səfirlərini muzeyə dəvət etmək də gözəl olardı.

 

            Bəzən soruşuram özüm-özümdən:

            “Neçə il yaşamaq istəyirəm mən?”

            Yüz il, yox, beş yüz il, min il,

            On min il, yüz min il, milyon il...

            Yox, yox, bəs deyil!

            Sonu olan ömür istəmirəm mən!

            Çıxaraydım zamanı çərçivəsindən! –

            -deyən şair zamanı çərçivəsindən çıxarmağı bacardı! El dilində desək, hacatı qələmi, höcətliyi zamanı aşan düşüncəsi, təbi oldu!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

 

 

Çərşənbə axşamı, 20 Avqust 2024 14:04

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Aristofana görə : 

" Qısa ağlın uzun dili var."

Siz qısa ağılla dastan söyləyənlərə 1 cümlə ilə nə söyləyərdiniz?

 

 CAVAB

 

Atalardan qiymətli bir məsəl var,

Boş qab kimi cingildəmə, ağır ol.

Boş-boş danışmaqdan söylə, nə çıxar?

Çalış, düzlük zirvəsinə cığır ol.

 

"Çox danışanın yalanı çox olar" deyiblər.

Əsas odur ki, sözü SÖZ qanana deyib,

yaxşılığı da yaxşılığı anlayana edəsən.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Çərşənbə axşamı, 20 Avqust 2024 11:05

Tələbə adını qazanmamısınızsa…

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bu gün hər kəs nə isə qazanmaq üçün sanki bir-biri ilə yarışa girib. Biri yaxşı bir işə, biri kollecə, digər biri isə ali məktəbə girmək üçün yarışıb durur. Bir-birindən xəbərsiz yarışa girən bu insanların mücadiləsi olduqca çətin, həssas və önyarğılı olur bəzən. 

 

Bu günlərdə çoxluğun xüsusi diqqət göstərərək yarışdığı sahələrdən biri də təhsildir. Təhsil bizim mənəvi qazancımız, əqli mülkiyyət potensialımızdır. Bəzən düşünürük ki, tələbə adını qazana bilmiriksə bizdən heç nə çıxmaz və yaxud heç bir işdə nailiyyət əldə edə bilmərik. “Dell Computer Corporation” şirkətinin qurucusu Maykl Dell, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq və Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibi Valeri Koqanın ali təhsili olmasa da, öz bacarıqları sayəsində nüfuz sahibiidilər. Bu məşhurların arasında elələri də vardır ki,orta məktəbə belə getməyiblər. İlk elektrik lampasının ixtiraçısı Tomas Edison, “Böyük ümidlər”, “İki şəhərin hekayəsi” kimi dünyaca oxunaqlı kitabın müəllifi Çarlz Dikkens, uşaqlıqda “Tom Soyerin macəraları” ilə könlümüzü fəth edən yazıçı Mark Tven, “Həyat eşqi”ni bizə aşılayan Cek London və ABŞ prezidentləri Qrover Klivlend, Avraam Linkoln, Corc Vaşinqton məktəbə getməyənlər və yaxud bitirməyənlər sırasında yer alıblar. 

 

Belə olan halda nə etməliyik?

Respondentlərin 87 faizi təcrübəyə üstünlük versə də, işə qəbul zamanı diplomun olub-olmamasına nəzər yetirilir, operativ yaddaşa, zəngin biliyə və təcrübəyə əsaslanan diplomlu əməkdaş bu vəziyyətdə “qazanılmış immunitet” rolunu oynayır. Bu cəhətdən də diplom tək bilik göstəricisi yox, onu qazanan şəxsin məqsədyönlülüyünün, stabilliyinin reputasiyasına çevrilir.

 Ali təhsil insanlara bilik və bacarıq verməklə yanaşı, sistemli düşünməyə və məsuliyyətli olmağa təşviq edir. Bu o demək deyil ki, ali təhsili olmayan şəxs məsuliyyətsiz və bacarıqsızdır. Bunun üçün o, müstəqil şəkildə mütaliə etməli, özü üçün zəngin kitabxana formalaşdırmalı və dünyagörüşünü artırmalıdır. Bilik və təcrübə hər zaman insanın karyerasında həlledici amildir. Orta məktəbi aşağı qiymətlə bitirib, dəfələrlə cəhd edib sonda uğurlu nəticə əldə edərək ali təhsil alan insanlarla yanaşı, 2 ali təhsil alıb özünü heç zaman sübut edə bilməyən insanlar da var. Ekspertlərin fikrincə, ali məktəblərdə əldə edilmiş biliklərlə iş yerlərində qazanılan bacarıqlar birləşdirilə bilsə, tələb olunan mütəxəssislərin hazırlamasına böyük stimul yaranar.Artıq dünyanın əmək bazarında “frilanser” dövrünün dominantlığı başlayır. Frilanser ştatdankənar işçi və yaxud sərbəst işçidir. Adətən, tövsiyə olunur ki, kim özünü hansı ixtisas və yaxud peşədə görürsə, işləyə-işləyə oxusun və yaxud da oxuya-oxuya işləyib təcrübə qazansın. 

 Bu gün əksəriyyət gəncin ali təhsil almaq məqsədi yüksək eşalonlarda iş yeri əldə etmək arzusudur. “Oxu ki, yaxşı işin olsun!” devizi hər bir ailənin prioritet göstəricisidir. Lakin giqonomika(qısamüddətli müqavilələr iqtisadiyyatı) şəraitində bu deviz özünü doğrultmur. Artıq həm şirkət əməkdaşları, həm də işlək əhali qısamüddətli müqaviləli işlərə yönəlir ki, bu da daha az zaman sərf etməklə daha çox məvacib qazanmağa səbəb olur.

 

Bilik, yoxsa təcrübə?

Bilik və təcrübə harmonik şəkildə bir-birinitamamlasa da, bəzi hallarda mütənasiblik pozulur,gah bu, gah da digər tərəfə meyil edir. Düşünək ki, ali məktəbi yenicə bitirmiş bir tələbənin savadlılığı maksimum, təcrübəsi və praktikası isə sıfır səviyyədədir. Digər tərəfdə isə təcrübəsi kifayət qədər zəngin uğurlu əməkdaş dayanıb, lakin onun da diplomu yoxdur. Bu vəziyyətdə təcrübə tərəfdarları olan ekspertlər hesab edir ki, iş arsenalında 75 faiz təcrübə, 25 faiz savad hədəf götürülür. Kadr nə qədər savadlı olsa da, təyinat aldığı sektorda bu biliklərə yenidən nəzər salınır, modernləşdirilir və yeni təcrübə tətbiq edilir ki, fərqli məsələlərin öhdəsindən gələ bilsin. “Headhunter”in hesablamalarına görə, bir çox hallarda təcrübə amili savadı üstələyir. Çünki savadı təsdiqləyən sənədin əhəmiyyəti bir çox hallarda süni surətdə şişirdilir. Və çox zaman şahidi oluruq ki, diplom evlərdə istifadəsiz kağız parçası kimi heç bir işə yaramır və yaxud diplomda ixtisası Hüquqşünaslıq olsa da, özü marketinqlə məşğul olur. 

 

Bu vəziyyətdə nə təklif olunur?

Sadaladığımız bütün bu nailiyyətlərin başında oxumaq durur. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərində sivilizasiya yolu ilə ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, təhsilinin inkişafından, bütün sahələrdə uğur qazanmağın yollarından bəhs edir. Böyük türk lideri Mustafa Kamal Atatürk bu kitabı oxuduqdan sonra həddən ziyadə bəyənir və göstəriş verir ki, bütün hərbi məktəblərdə bu kitab tədris olunsun və stolüstü kitaba çevrilsin. İllər əvvəl oxuduğum “Sol ayağım” adlı kitabda müəllif Kristi Braunun bütün bədəni iflic olmuş, lakin anasının inam və əzminin verdiyi cəsarətlə bir tək sol ayağının barmaqlarını tərpədə bilmiş və sol ayaq barmaqları ilə dünyaya meydan oxuyacaq əzmkarlıq nümayiş etdirmişdir. O, zehnini doyurmağı qarnını doyurmaqdan üstün tutmuşdur. Avstraliyalı motivator, yazıçı, vaiz Nik Vuyçiç də Kristi Braundan fərqli həyat yaşamayıb. Anadangəlmə əl və ayağa sahib olmayan Nik bu gün dünyanın 100-dən çox ölkəsində təlim keçir, insanları mütaliəyə və həyatı sevməyə, özünü daim həyatda sınamağa cəhd etməyi təbliğ edir. O, təlimlərin birində deyirdi: “Heç vaxt inamını və inanclarını əməllərinlə sübut etmək fürsətini əldən verməməlisən. Çünki sən kiməsə təsir göstərə biləcək son insan ola bilərsən”. 

Zaman ötdükcə nəsillər dəyişir yeni cəmiyyət özü ilə yeni istəklər gətirir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir. Texnologiyalar bir-birini göz qırpımında əvəzləsə də, mütaliəyə olan tələb bütün zamanlarda aktual qalır. Elə müqəddəs kitabımız olan “Qurani-Kərim” də bizə olan ilk “Oxu!” əmri ilə başlayır. Vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca sanki rayihəsini duyduğumuz kitablar bizim gələcək təminatçımız, bilik mənbəyimiz deyilmi? Kitab oxumaq da bir bacarıqdır. Bu bacarıqlarımızı inkişaf etdirsək, bütün qapılar üzümüzə açılacaq, yolumuz daim aydınlanacaq. Qarşımızdakı insana nəyi necə çatdıra biləcəyimizi bizə oxumaq vərdişləri aşılayır. Məşhur alim Albert Eynşteyn deyirdi ki, əgər sənə restoranda xidmət göstərən ofisianta “nisbilik” nəzəriyyəsini izah edə bilmirsənsə, demək problem səndədir.

 

Övladlarımızla dost olmağı bacaraq

İlk növbədə, valideyn olaraq öz övladlarımızı qınamamağa çalışaq. Qəbahəti onlarda yox, özümüzdə axtaraq. Biz onları necə tərbiyə ediriksə, onlar da elə yetişir. Övladlarımızla dost olmağı bacaraq, nəinki valideyn. Onların ruhdan düşməsinə imkan verməyək. Əzmini artıraq və onlara əminliklə deyək: “Biz sizə inanırıq, siz bacararsınız”. Yunan mütəfəkkiri Sokrat ömrünün sonuna kimi meydanlarda həyatın gözəllik və gerçəkliklərini gənclərə aşıladı. Niyə hərəmiz bir Sokrat olub onlara səmərəli məsləhətlər verməyək. Məhz elə ilk məsləhətimizdə bu olsun: Tələbə adını qazanmamısınızsa bacarıqlarınızı inkişaf etdirin və heç zaman ruhdan düşməyin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Bir dəfə bir yazımda bəıli insanların bizim həyatımızın bəlli periodlarında bizə yoldaşlıq edən şəxslər olduğunu vurğulamışdım. Bu cümlə dostluq kəliməsini inkar edəcək qədər güclüdür, lakin bir o qədər də acıdır. 

Yalançı və sönük bağlar hər zaman insanı yaralayır. Həyatım boyunca bu sönük bağların yarası ilə vuruşub əziyyət çəkmişəm. Hələ də əziyyət çəkirəm və bu gedişlə çəkməyə də davam edəcəyəm. 

Real həyat və qəlbin ritmi arasında dilim hər zaman sükutu, ruhum isə əzabı seçib. Amma təbii ki bunu seçəcək qədər axmaq olan özüdür. Ən uğurlu, ən gərəkli və ən mücərrəd olan həmişə bizi cəzb etdiyi üçün bir dəfə tutulduqsa, tilsimindən xilas ola bilmirik. Məsələn, üç mənim ən uğurlu rəqəmim olub. Üç saat, üç ay, üç gün, üçüncü gün, üç insan... Bu sonuncu olan isə işin duzu-bibəri olan tərəfdir. Və bu sonuncudan sonra əvvəlkilərin uğuru yetərsiz qalır. Bu günə qədər  bütün ömrüm ikini üçə uduzmaqla keçib. İnsan hiss edir, insan büdrəyir, insan axmaq deyil, insan tabu deyil, insan bir hiss mexanikasıdır. Bunun üçün də hər bir inkar yolverilməzdir. Bu gündə, sabahda, illər keçsə belə, bu hissi iliklərimə qədər hiss edəcəyəm və yaralanacağam(yaralanacağıq). 

Üç bir üçün ən böyük peşmanlıq olacaq. İki isə üç üçün ən böyük yara... Sonra yenə qələmi götürüb yazmağa başlayacağam ki, hər bir bəlli insan bizim həyatımızda bəlli periodlarla... 

Di salamat qalın...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Çərşənbə axşamı, 20 Avqust 2024 10:36

TARİXİ POEZİYAMIZIN ŞAHİNİ - Şahin Fazili itirdik

“Ədəbiyyat və incəsənət” portalı Asif Rüstəmlinin Şahin Fazilin vəfatı ilə bağlı yazısını təqdim edir. 

 

Can cəzaya dözəcək,

Qəlb bəlaya dözəcək,

Ruh cəfaya dözəcək

Bəlkə bədən dözmədi!

 

Çox təəssüf ki, Şahin Fazilin “Bəlkə”si doğru çıxdı. Ötən gün səhər sosial şəbəkələrdə yayılan acı ruzigardan bəlli oldu ki, şairin bədəni cəfalara, bəlalara dözməyib. İnsanda ən dözümlü olanı ruhdur. Ruhu şad olsun!

Şahin Fazil tarixlə ədəbiyyatın qovşağında yaşayıb, yazıb-yaradırdı. Tarixi əsərlərində poeziyanın şirinliyi, rəvanlığı, cazibədarlığı yurd-yuva salmış, şeirlərinə isə tarixin dərin qatlarından gələn sirli-sehirli səslər hopmuşdur. 

Şairlə hər görüşəndə onu bir bənd şeiri ilə salamlayırdım:

 

Bağışlasın oxucu,

Sındı qələm, yox ucu.

“Çaldıran”ı yazmağa, 

Mənə gərək ox ucu...

 

Fikrimcə bu bənddə şair qələmin kövrəkliyindən (keyfiyyətsizliyindən) daha çox mövzunun ağırlığından, bəlanın, cəfanın dözülməzliyindən şikayətlənirdi. O, “ox ucu” ilə elə bir əsər yazmaq istəyirdi ki, bir də eyni soydan, kökdən, əqrəbadan olan iki dövlət bir-biri ilə “Çaldıran” rəzalətini yaşamasın.

Onunla 1999-cu ildə İraqın Bəsrə şəhərində Mərbud poeziya festivalında bərabər olmuşduq. Səmimiyyəti, səliqəsi, poetik duyumu, təmkini, fəzilətləri ilə həmişə diqqət mərkəzində olurdu. Maraqlı müşahidələri, bənzərsiz qənaətləri ilə həmkarını heyrətə salardı. Bu ilin mayında sürət qatarı ilə Gəncəyə getmişdik. Mehmanxanada otaqlarımız üz-üzə idi. Mərbud sərgüzəştləri ilə bağlı xatirələr, ərəb şairlərinin bədahətən söylədiyi şeirlər, rastlaşdığımız hadisələr yada düşdükcə xəyalın qanadlarında 25 il əvvəlin Bəsrəsinə səyahət etdik... 

Gəncədə yeni yaradılmış müasir, modern Dünya məktəbi ilə tanış olduq. Qəzənfər Paşayev kitablarını məktəbə hədiyyə etdi. ...Şahin müəllim də “Dördüncü Divan”ını mənə bağışladı. Onunla tezliklə görüşməyi vədələşmişdik. Təəssüf ki, qismət olmadı... 

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Darıxan gecə üçün nəğmə...” söyləyir. 

Xoş mütaliələr.

 

Darıxan gecə üçün nəğmə

 

Bir ağ bulud boylanır,

Göy üzünün damından.

Yenə də yağış damır

Gecənin yanağından...

 

Bir gəmiyə minmişik,

Sahilə çatmaq olmur.

Boğulduğun dəryada

Bəs niyə batmaq olmur?!

 

İlahi, daş dünyada

Niyə yumşaq olmuşam?

...Uşaqlıq şəklim də yox-

Bilim uşaq olmuşam.

 

Qoy, qucum bu baharı,

Təzə girib- körpədi.

Gələn bahar bəlkə də

Gəlib məni görmədi.

 

...Yer üzünü çağırdım,

Çıxmadı səsə- yoxmuş.

Sən demə, bu dünyada

Allahdan kimsə yoxmuş...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.