“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Onun suallarının bitdiyi aydın idi. Qısaca dedim:
- Məlumun olsun ki, ilk dəqiqələrdən bu cinayəti açmağın çətin olmayacağını bilirdim. Təkcə sonda, cinayətkarları yaxalayandan sonra onlarla nə edəcəyimə qərar verməmişdim. Amma hadisələrin gedişatı özü hər şeyi yerinə qoydu. Bəlkə də ən yaxşı sonluq elə bu idi.
Layiqə başını yelləyib razılaşdığını bildirdi. Sonra cızıldayan çaydana baxıb soruşdu:
- Yenə çay süzüm, şef?
Gülümsəyib dedim:
- Deyəsən bunun adına paltar qaynatmaq deyirlər.
Köməkçim bərkdən güldü:
- Hə, elə deyirlər.
- Elə isə onda çaydanın altını söndür. İndi ən düzgün olan şey evə gedib yaxşı bir duş qəbul etmək, sonra da möhkəm yuxuya getməkdir.
Birlikdə ayağa qalxdıq. Gülanənin gözü yolda qaldığını bilirdim. Ancaq Novxanıdan qayıdarkən çox tez idi deyə zəng vurub onu oyatmaq istəməmişdim. İndi ora gedəcəkdim.
- Sən ofisi bağlayarsan. Maşını qaytar, get dincəl. İki gün sonra gələrsən. Mən çıxıram, - deyib Layiqə ilə sağollaşdım.
-Sağ olun, şef, - yorğun görünən Layiqə qısa cavab verdi.
O hələ maşını kirayə götürdüyü ofisin açılmasını gözləməliydi. Qarşıdakı iki gündə bir işimiz yox idi. Mən də bu iki gündə dincələcəkdim.
* * *
Adətim üzrə səhər tezdən oyanmış, ofisə gəlmişdim. Layiqə hələ yox idi. Çay dəmləyib yolda aldığım «Yubiley» peçenyesi ilə içdikdən sonra kresloma keçib cib telefonumu çıxardım. Dünən səhər Nadirdən gəlmiş mesajları bir də gözdən keçirdim. Keçirdiyim əməliyyat barədə nəsə deyib dostumu yükləmək istəməmişdim. Bəlkə də nə vaxtsa orada baş verənləri olduğu kimi ona danışacaqdım. Amma indi bunu etmək fikrim yox idi. Hər halda şəhərdə baş vermiş bütün hadisələr barədə məlumatların cəmləşdiyi bir qurumda işləyirdi. Onun özünün çox şeyi mənsiz də başa düşəcəyinə şübhəm yox idi. Belə də olmuşdu. Mesajlar çox qısa idi. Birinci mesajda orada hər şeyin qaydasında olduğunu bildirirdi. Bundan bir qədər sonra gəlmiş ikinci mesaj daha maraqlı idi. Hadisə yerində tapılmış iki odlu silahın ballistik ekspertiza rəylərinin hazır olduğunu xəbər vermişdi Nadir. Vaxtilə qətlə yetirilmiş ana və iki körpəsinin Cahandarın əlində tapılmış silahla öldürüldüklərini müəyyən etmişdi ekspertlər. Bu həmin cinayət işində «Molla» ləqəbli qatı cinayətkara qarşı toplanmış əvvəlki sübutların doğru olduğunu təsdiqləyən ən güclü arqument olmuşdu. Beləcə, illər əvvəl bağlı qalmış bir cinayət də açılmışdı.
Mesajlardan sonra günorta saatlarında telefonuma zəng gəlmişdi. Zəng edən Fərman Gəraybəyli idi. Reanimasiya şöbəsindən palataya köçürüldüyünü, məni görmək istədiyini demişdi. Etiraz etməmiş, onu görməyə getmişdim. Hal - əhvaldan sonra oğlunu xilas etdiyim üçün təşəkkürünü bildirib kövrəlmişdi. Sonra palatanın pəncərəsinin qarşısında qoyulmuş bağlamaya işarə edib mənə çatacağını demiş, sual dolu baxışlarla mənə baxmışdı. «Müqəddəs yalan» deyilən bir termin var. Qırx yaşımda mən ilk dəfə «müqəddəs yalan»dan istifadə etmişdim. Fərman Gəraybəyliyə uşağın bu yaxınlarda həbsxanadan çıxmış iki nəfər tərəfindən qaçırıldığını, onlar da sözləri çəp gəldiyi üçün bir-birilərini öldürdüklərindən başqa nəsə öyrənə bilmədyimi demişdim. Bundan sonra bağlamanı götürüb açmış, oradan yüz min manat ayırıb Fərmana qaytarmışdım. Təəccüblə mənə baxmışdı. Bu qədəri bəsdir demişdim. Nə qədər təkid etsə də, qaytardığım pulu geri götürməmişdim. Fərman üçün bu elə də böyük pul deyildi. Sadəcə mən öz vicdanım qarşısında belə etməyi düzgün hesab etmişdim. Onun qoyduğu şərtlərdən ikincisini yerinə yetirməmişdim. Deməli, bu pulu götürməyə də haqqım çatmırdı. Sağollaşmazdan əvvəl balaca Ağanın vəziyyəti ilə maraqlanmış, xeyli yaxşılaşdığını öyrənmişdim. Daha həyatı üçün heç bir təhlükə yox idi. Fərmandan ayrılıb yölüstü tanış banka baş çəkmiş, sonra evə, Gülünün yanına getmişdim. Çoxdan ona gözəl bir şam yeməyi söz vermişdim. Axşamı şəhərin ən məşhur restoranlarından birində keçirmişdik. Sonra Gülünü düşürüb evə gəlmişdim. Beləcə, sakit keçən son iki gün dünən axşam bu baş verənlərlə bitmişdi.
Ofisin qapısı açıldı, Layiqə özünü içəri atdı. İçəri girən kimi salamlaşmadan dedi:
- Şef, deyəsən çay dəmləmisiz. Yaman yerinə düşdü. Yolda elə donmuşam ki.
Bu gün hava doğrudan da çox soyuq idi. Möhkəm Xəzri əsirdi. Köməkçim soyuqdan əməlli - başlı büzüşmüşdü. Onun halına baxıb güldüm.
- Elə isə, əynini çıxar, ikimizə də çay süz. Birini də səninlə içərəm.
Bir azdan çayları gətirən Layiqə üzbəüzdə oturdu. Ovuclarını stəkanına söykəyib qızdırmağa başladı. Donu hələ də açılmamışdı. Çayını içib qurtarmasını gözləyib cibimdən bir zərf və bir bank kartı çıxarıb masanın üstünə qoydum. Sonra dedim:
- Bu gün işdən tez çıxarsan. Bu zərfi üstündə yazılmış ünvanda yaşayan Talıb Musayevə verərsən. Özü evdə olmasa, həyat yoldaşına ver.
- Bəs soruşsalar nə deyim?
- Heç nə demə. Eləcə de bu zərf sizə çatacaq, başqa heç nə bilmirsən. İndisə, keçək əsas məsələyə.
- Əsas məsələyə?
- Hə, əsas məsələyə. Qulaq as, deyim. Dəfələrlə olub ki, mənə müraciət edən insanların vəziyyətini nəzərə alıb onlara təmənnasız kömək etmişəm. Sən bu əməliyyatların hamısında yanımda olmusan. Bir dəfə də kənara çəkilməmisən. Gecələr yuxusuz qalmısan, riskə getmisən. Sonradan bu işlərə görə sənə öz vəsaitimdən ayırdığım qonorarlardan imtina etmisən. Uzun müddətdir köməkçimsən. Bu müddətdə sadəliyinlə, çalışqanlığınla hörmətimi qazanmısan. İndi səndən bir xahiş edəcəm. Biləsən ki, etiraz qəbul olunmur.
Heç vaxt məndən belə sözlər eşitməyən Layiqə susub mat-mat üzümə baxırdı.
Davam etdim:
- Hər gün Buzovnadan avtobusla gəlib - gedirsən. Yolun uzaqdır. Bu kartda sənin adına otuz min manat var. Münasib bildiyin vaxtda salonların birinə gedib özünə yaxşı bir maşın seç.
Layiqə yenə də susub heç nə demirdi. Beləcə xeyli qarşısındakı karta baxdıqdan sonra dilləndi:
- Bir əməliyyat üçün otuz min manat həddən çox deyilmi?
Gülümsədim.
- Bəlkə də bir əməliyyat üçün çoxdur. Ancaq on beş yaşlı bir oğlanı ölümdən, onun bədbəxt anasını isə iztirablardan qurtarmağa görə çox azdır.
Yenə araya süküt çökdü. Hələ də karta əlini vurmamışdı. Oturub sakitcə ona baxırdım. Birdən oturduğu yerdən əyilib yanağımdan öpdü, sonra kartı götürüb sürətlə mətbəxə keçdi. Arxasınca baxıb gülümsədim. Onun çoxdan maşın almaq arzusunda olduğunu bilirdim…
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)