“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ceyhun Ötkəmin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Ceyhun ÖTKƏM
***
Mən sənin ömür kitabında
əlfəcini unutduğun səhifəyəm....
alın yazındakı hərf səhviyəm...
elə isə tök alnına yorğun tellərini...
görən olmasın mən hərifi...
gizlət məni hər kəsdən...
gizlət əkizlərdən,
yalqızlardan gizlət...
gizlət dənizlərdən,
ulduzlardan gizlət...
bircə balıqlardan gizlətmə, nolar!..
balıqların qarğışı pis tutur adamı...
bu buludun yağışı pis tutur adamı, bilirəm...
mən bu buludun xətrinə dəymişəm bir dəfə...
var gücümlə adını pıçıldamışam,
bu sükutun xətrinə dəymişəm bir dəfə...
etmə!
çünki
dilimdəki cümlələrin mübtədası sənsən,
ancaq xəbər yoxdu...
sənsizlik adda ölüm var,
ancaq qəbir yoxdu...
***
Dua et cavabı dörd eləməsin,
İkini ikiyə vurdum, bağışla!
Xəyalən səninlə yuva qururdum,
Mən ancaq xəyallar qurdum, bağışla!
Fələk öz oxuna ömür dolayır,
Kimdir göz yaşıyla meydan sulayır?!
Vəslə yetənlərin qurdu ulayır,
Mənim köks ötürür qurdum, bağışla...
Gecə ulduzların kədəri olur,
Bundan dənizlərin xəbəri olur...
Məncə, sevməyin də qədəri olur,
Səni çox sevərək yordum, bağışla...
***
Bilirəm ki, "sənsizlikdi"
deyirəm ki, "ömürdü!"
sənsiz doğan günəşin
doğduğu kömürdü...
bir gün məni soruşsalar,
deyərsən ki,..
deyərsən ki,
sahibini itirmiş eynək kimiydi –
görmürdü...
sənsizliksə çiçəklərin,
böcəklərin,
küləklərin qarşısında üzüm yoxdur...
qollarımın əlindən al məni,
üstümdə bu boyda boşluğa lüzum yoxdur...
kəpənək nə istəyər ki,
təkcə hüzurdan başqa?!
səndən heç nə istəmirəm,
təkcə üzrdən başqa...
***
Yenə qəddar bir noyabr səhəri...
saat altıya qalır...
səhərin bu qərib,
şəhərin bu qərib soyuğu...
vücudum işə gedir,
könlüm sənə...
günlük ritualım-dayanacaqda durmaq,
siqaret çəkmək,
düşünmək...
canımda doğma bir üşümək...
bu üşüməyi hardansa xatırlayıram...
ən son məhz, belə üşümüşdüm...
şütümüş
asfalta yapışmış
pişik cəsədi üzərindən maşınlar...
xəzəl süpürə-süpürə deyinir arıq bir ana:
xəzəl kimi sovrulur aldığımız maaşlar...
əlində kitab, avtobus gözləyən qız
gələcəyə ümidlə baxır
eynəyinin altından...
soyuq isə yeddidən yetmişə
keçir hər kəsin yeddi qatından...
"isti pirajki" satan xala görünmür hələ...
pirojkiləri soyuq olsa da,
yeyəndə adamın canı isinir...
"poz qazan" pozan o dayı bir daha
"Bismillah" deyərək bəxtini "sınayır"...
bu şəhərin bitməz şıltaqlıqları...
bəlkə də, ən gözəl musiqini pıçıldayır
satıcı oğlanın manatlıq qulaqcıqları...
yenə qəddar bir noyabr səhəri...
səhərin bu qərib,
şəhərin bu qərib soyuğu...
canımda doğma bir üşümək...
***
Təkliyimdən tanıyıram bu qışı,
yağışı da taraz yağmır, yağışır...
bayquşu da getmək üçün yığışır,
axx, bu ömür xarabadan betərdi...
öz içimdən qaçammıram, Allahım...
mən piyada, iki zəif ayağım...
öz əlimdə öz yüyənim, şallağım
atlı qarışqa da olsam, yetərdi...
bu boş ömrün bikar canda nə işi?
bu ömür bir hayqırışa bitən şey:
olsaydı lal bir atın kişnəyişi,
şahə qalxıb kişnəyərdi, bitərdi...
***
Küləklər şəhəri olsa da,
Çox da güvənmə buraların küləyinə...
bu dəfə ürəyinin səsini dinləmə,
çıx zirvəsindən boylan, bəlkə, gözlərinlə görəsən...
Bir könüldən min könülə sevənlər
yeri gəldi, bir Könülə unutdular,
bir Günelə dəyişdilər, Balacam...
Hələ nağıllara inanan yaşındı,
bir az da böyü,
sənə "ağ atlı oğlanın nağılı"nı alacam...
məni də yaxşı biri sanma...
qısqanclığım olmasa,
səni qışın oğlan çağında yalqız buraxaram...
suss, dinlə!
hamıdan gizlədiyim sirrimi sənə açıram:
"Mən Allahdan başqa hər kəsdən qorxuram..."
***
Bu zorlu gün ömürdənsə, nə fayda?
göz yaşı da su idisə, nə oldu?
Qarışqa da bacarardı bunları,
Olan elə qafil dəvəyə oldu...
Qəzəbindən yazıq cilov gəmirir,
Baxan deyir gövşəyəndi bu dəvə...
Gövşəyəndi, çeynəyəndi, udandı,
Udmadısa, mən deyəndi bu dəfə...
Oynağandı, tüpürəndi, qızandı,
Bu səbrin də sərhədi var, həddi var.
Səhraysa da, tüpürübsə, oynamaz,
Quraqlığın dəvə boyda dərdi var...
Göz yaşı da su idisə, nə sirdir
Quraqlıqda susuzluqdan ağlamaq?
Ona qalsa, ömür elə yağışdır,
İnanmırsan, özünə gün ağla, bax...
Gün ağlasan, bəlkə, ömür güləndir,
Dedim axı, ömür elə yağışdır.
Bu yağışın tut ucundan, göyə çıx,
Göy üzündə buludları qarışdır...
***
Sən deyəni heç eşidən oldumu?
Cənnətinə sarı gedən oldumu?
Əldə savab, təbrik edən oldumu?
Söylə, günün necə keçdi, İlahi?
Şans dediyin bir atımlıq güllədi,
Boşa çıxdı, kimsə mənə gülmədi...
Ömür nədi? susulmalı kəlmədi,
Söz ki dildən çıxdı, puçdu, İlahi...
Viran tale, sınıq-salxaq bünövrə,
Keçməz daha ömür adlı bu nömrə...
Kəpənək də gül üstə bir gün ömrə
Dözəmmədi, bezib uçdu, İlahi!
Malım-mülküm bir bu uçuq daxmadı,
Nikolaydanqalmadı lap, sovxadı...
Qənşərində gördüm üç-dörd arvadı,
Nəsə yaman pıçapıçdı, İlahi...
Təpəgözün gözü yolda dörd olub,
Kim oyubsa o gözünü, mərd olub...
Düşünmürəm bir göz ona dərd olub,
Çıxan birdi, qalan üçdü, İlahi...
Yüz yaşasın padşahı da, xanı da,
Bu nağılın almaları hanı daa?!
Div canıymış göyərçinin canı da,
Bu nə divdi, bu nə quşdu, İlahi?!
Ömür-divin uydurduğu nağıldı,
Bu nağıla bir alma da çox oldu.
Baş qarışdı, alan qaçdı, dağıldı,
O üç alma kimə düşdü, İlahi?
Sənin dərdin daha çoxdu, dərindi,
İnan, olmaq istəməzdim yerində...
Görüşərik bu günlərin birində,
Gecən xeyrə, daha gecdi, İlahi!
***
Yarısından o tərəfə yır-yığış etməkmiş ömür,
Qara suya ağ sözünü qapqara yazdı bu kömür...
Kimdir səndən soruşan ki, ölənlərin necədir?
Kimdir soran son nəfəsdə-görən, saat neçədir?
Di gəl ki, gör-ağ yalandı aradığın həqiqət,
Mən demişdim, başı qarlı bu dağlara güvənmə...
Adam var, bir ovuc dənə quşu göydən endirir,
Odur, çərpələng uçuran uşaqlara güvənmə...
Gör bu mömin ağacları – budaq açıb səcdəyə,
Azan vaxtı quşların uçuşları duadır...
Güvəndiyin dağların qarı ağ yalandısa,
Yalanın dadı olmur, ən acısı su dadır...
Bir də! Çox da öyünmə ki, həqiqəti bulmusan,
Elə tərs əlli də var ki, iki misli yüz etmir...
Ona görə deyirəm ki, yüz yaşasın ağ yalan,
Bir də! Bir həqiqət var ki, kimsə ondan söz etmir...
Qorxma, quzum, yaxın gətir qulağını, deyirəm,
Baxma sənə quzum dedim, deyiləm mən canavar.
Unutma ki, hər nə qədər sevməsə də yalanı,
Həqiqətə, ümumiyyətlə, nifrət edir adamlar...
***
Dostum Zəhra Əkrəmə...
O ulduzu görürsən?
bax, onu...
barmağını uzat,
sən hansını göstərsən,
mən onu deyirəm...
Göy üzündə ulduzların sayı milyondu,
Biz, sadəcə, bizdən küsən ulduzları görürük...
ikimiz də it ilində doğulmuşuq,
ona görə dərdimizi ulduzlara hürürük...
amma ulduzlar məni bağışlamaz,
bağışlasalar, it olub hürərəm,
at olub kişnərəm...
sən də məni bağışlama, dostum...
sən də məni bağışlama,
səndə nə qədər qaldığımı görüm...
Sən də məni bağışlama,
önəmli kəsləri bağışlamazlar, dostum...
bağışlamaq kişilikdəndirsə,
önəmsəmək qadınlıqdandır...
Eramızdan bir gün qabaq
söndürdük bütün günəşləri,
ümidimiz sonuncu günəşədi...
əslində, bütün insanlığın
sürünənlər sinfinə aid olduğunu bilmək
məşəqqətdi...
eramızdan bir gün qabaq
bağışladıq bütün tanrıları,
amma tanrılar bizi bağışlamazlar,
bağışlasalar, it olub hürərəm,
at olub kişnərəm...
sən də məni bağışlama, dostum...
sən də məni bağışlama,
sənin əllərin heç bir işə yaramır...
Sənin əllərin heç bir işə yaramır dostum,
yarasa belə,
onlar məni bağışlamazlar...
sən də məni bağışlama...
sən ki Tanrı deyilsən,
bağışlamaq sənin nəyinə?
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)