Super User
Komando Briqadasının gizirinin şeiri
“Ədəbiyyat və incəsənət” portalı DÖYÜŞƏN ŞAİRLƏR silsiləsindən bu gün sizləri Komando Briqadasının giziri, Qarabağ müharibəsi şəhidi Hüseyn Əli oğlu Mustafayevin bir şeiri ilə tanış edəcək.
"GƏLDİM QARABAĞA BAHAR ÇAĞINDA…"
Gizir Mustafayev Hüseyn Əli oğlu1989-cu ildə Ucar şəhərində anadan olmuşdur. 2023-cü il sentyabr ayının 20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Poeziyaya böyük marağını nəzərə alaraq, şəhidimizin öz ifasında səsləndirdiyi bir şeirini oxuculara təqdim edirik. Ruhu şad olsun!
***
Adaşım Aynalı Hüseynin şərəfinə…
Gəldm Qarabağa bahar çağında,
Öpdüm, əzizlədim torpağı burda.
Hayana baxdımsa – nəğməli gördüm
Hər otu, ağacı, yarpağı burda.
Hansı obasına düşdüsə yönüm –
Çiçək sərgisiylə bəzəndi önüm.
Nənələr deyəndə “başına dönüm” –
Alışdı ömrümün çırağı burda.
Yüz dərdə dərmandı bir çiçək ətri,
Duydum hər qarışda düz-çörək ətri.
Ağsaqqal nəfəsi, ağbirçək ətri
Şairə döndərdi qonağı burda.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
“Turan” (14-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Bakı. 1 avqust. 1918-ci il.
Sentrokaspi idarəçiliyinin baş idarəsi.
Zalda qapalı iclas keçirilir.
Bakını işğal etməkdə maraqlı olan qüvvələrin hamısı iclasa dəvət olunub...
Dəvətlilər arasında İran konsulu, Biçeraxov və bolşeviklər də var.
Pəncərədən dəniz sahili görünür...
Sahildə gəmilərə minib Bakıdan qaçan bolşeviklər görünür..
Pəncərədən bu səhnəni izləyən komissar İvan Fioletov: – Biz Bakını tərk etməli olduq. Hakimiyyət sizin əlinizə keçdi. Amma onu da unutmayın ki, biz Bakıya mütləq qayıdacağıq. Bolşeviklərə gəmi verməyinizi Leninə çatdırmışam. O da müvəqqəti Sentrokaspi idarəçiliyini özünə yad görmədi. Hər halda siz türk deyilsiniz.
Erməni emissar: – İran konsulu da burdadır. Onlar da türklərin Bakıya gələcəyindən bərk narahatdırlar.
Başqa bir erməni emissar: – İran deyəndə sən, yəqin, ingilisləri nəzərdə tutursan?
Erməni emissar: – Elə hər ikisini nəzərdə tuturam, cənab Qalustyan.
Kommunar İvan Fioletov: – İngilislərin müvəqqəti olaraq Bakıya girməsinə göz yummalıyıq.
Erməni emissar: – Sonra onları Bakıdan çıxara biləcəyikmi?
S.Şaumyan: – Cənablar, biz istefa verməli olduq. Osmanlı qoşunları avqustun beşində bütün cəbhələrdən Bakıya hücum etməyi düşünür. Görünür, Göyçay uğuru onları həvəsləndirib. Sizin Sentrokaspiniz İranda məskunlaşmış ingilis qoşunlarından yardım istəməlidir. Mən bunu edə bilmədim. Lenin məni düz anlamadı. Bakını nəyin bahasına olur-olsun əlinizdə saxlamalısınız. İkinci türk imperiyasının yaranmasına dözmək olmaz. Sizin türklərə gücünüz çatmayacaq. Xəlil paşa Tiflisdən yardım üçün Nuru paşaya iki diviziya əsgər göndərib. Elə edin ki, avqustun dördündə ingilislər artıq Bakıda olsunlar.
Sentrokaspinin nümayəndəsi Jqenti: – Cənab Şaumyan, qüvvələrimizi birləşdirməliyik. Müsəlman sosialistlər də bizimlədir, bəzi müsəlman deputatlar da...
Şaumyan: – Onlara çox bel bağlamayın, cənab Jgenti. Hamısı bir bezin qırağıdır. Zamanı gələndə sizi türklərə satacaqlar. Unutmayın: müsəlman-türk dünyasının bu coğrafiyada sipəri ermənilərdir. Bizi bu vəhşilərdən ancaq onlar qoruyur. Ən çox zərbə altında qalan da onlardır.
İran konsulu: – Siz nədən danışırsınız? Bakı artıq bölünüb. Neft yataqlarından ingilislərə pay ayırmaq təklifi bu günlərdə nəzərdən keçiriləcək. Biz Bakıya silahlı dəstə salmayacağıq. Erməni neftxudaların pulu ilə formalaşdırılmış vəhşi dəstələrin Bakıda törətdiyi müsəlman qırğınları artıq effektli deyil. Bu amil türkləri çox qıcıqlandırır. Cənab Biçeraxov, sizin bu dəstələrə təsiriniz varmı?
Biçeraxov: – Əlbəttə var. Təki qırılan Bakı müsəlmanları olsun.
İran konsulu: – Bu muzdlu dəstələrin sabah almanların və ya türklərin tərəfinə keçməyəcəyinə zəmanət verə bilərsinizmi?
Biçeraxov: – Verərəm. Onlar erməni fədailəridir. Erməni Qriqorian kilsəsi tərəfindən idarə olunurlar. Siz müsəlmanlar kimi bir-birlərinə də nifrət etmirlər. Bir də, ermənilərin türklərlə öz davaları var...
İran konsulu: – Məqsədimiz birdir: Bakını türklərdən qorumaq. Bunun üçün gücümüzü birləşdirməliyik.
İclasa toplaşanların hamısı ayağa qalxıb əl çalır...
***
“Agit teatr” əsgər zastavasında sovet sərhədçiləri üçün tamaşa göstərir.
Zastava Gürcüstanla Türkiyə sərhədinin ən son nöqtəsində tikilib. Türkiyə əraziləri gözlə görünür. Doğma dağlarını görəndən at yerində dura bilmir; kişnəyib boyunduruqdan qurtulmaq istəyir. Dırnaqları ilə yeri eşir. Belinin üstünə atılmış üstü şüarlarla yazılı qırmızı mahud parçaları, köhnə dekor xalçaları yerə atıb şahə qalxmaq istəyir. Sovet sərhədçilərinə də atın davranışı qəribə görünür.
“Agit teatr”ın aktyorları taxta tabutun ağzını əsgərlərin gözləri qabağında kiçik mismarlarla mismarlayırlar. Onbaşı İzzət tabutun içindədir. Gözünü belə qırpmır. Ravi-aşıq tabutun üst tərəfində onbaşı İzzət rahat nəfəs alsın deyə bıçaqla kiçik dəlik açır...
Əsgərlər səbirsizliklə tamaşanın başlanmasını gözləyirlər.
Əsgərlərdən biri: – O tabutdakı aktyor boğulmur? – deyə soruşur.
Ravi-aşıq: – Əksinə, bu aktyor orda daha yaxşı nəfəs alır, – deyir.
Əsgərlər gülüşürlər...
Başqa bir əsgər: – Gərək mən də tabutda nəfəs almağı sınaqdan keçirəm, – deyir...
Kosa söhbətə qoşulub tənzifli qoluna işarə edərək: – Allah heç kəsə oranı qismət eləməsin, – deyir.
Aktyorlar Qafqaz İslam Ordusunun hərbi şinellərindədir.
Sovet əsgərləri bu şinellərdən narahat olurlar...
Əsgərlərdən biri: – Bu şinelləri niyə geyindiniz? – soruşur.
Ravi-aşıq: – Qorxmayın, tamaşa üçündür, – deyir...
Nəhayət, hazırlıqlar bitir.
Ravi-aşıq şərti səhnəyə çıxıb üzünü zastavanın zabit heyətinə tutur.
Ravi-aşıq: – Türkiyə sərhədində olduğumuza görə əvvəlcə sizə Turan ideolojisini tənqid edən tamaşa göstərəcəyik. Sonra isə məzəli səhnəciklərə, reprizlərə baxacaqsız. Beləliklə... başladıq... Qafqaz İslam Ordusunun iki əsgəri gördüyünüz araba içində öldürülmüş paşalarını Osmanlı sərhədində basdırmaq istəyirmişlər...
Səhnəyə ata qoşulu “Agit araba” çıxır...
Arabanın dörd bir yanına mismarlanmış qırmızı parça üstə Şura hökumətini təbliğ edən şüarlar yazılıb.
Atın üstü sovet rəmzilikləri və teatr detalları ilə bəzədilib.
At ağırlıq altında olmasına baxmayaraq, həyəcanlıdır...
Arabanı Qafqaz İslam Ordusu şinelini geyinmiş aktyorlar müşayiət edir.
Kosa irəlidə atın yüyənindən tutub axsaya-axsaya gedir...
Ravi-aşıq: – Artıq döyüşlərdən bezmişdilər. Məsləklərinin rəmzi sayılan ölü paşalarını hara basdıracaqlarını bilmirdilər. Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. Türkiyə üzlərinə bağlıydı. Onlar məğlub olmuşdular. Paşalarını dəfn etmək üçün bircə qarış olsun belə torpaqları yox idi. Bəs nə oldu Turan? Turan bir nağıl imiş, dastan imiş, gerçək deyilmiş, bəylər. Bəs onda siz niyə öldünüz? Siz nahaq yerə öldünüz, bəylər.. ərənlər... Ey Turan... Turan... Turan...
Turan sözünü eşidən at qəfil şahə qalxıb arabaqarışıq zastava komandanlığının üstünə şığıyır...
Arabanın təkərləri altında qalmış Kosanın bağırtısı ilə zastava əsgərlərinin güllələri bir açılır.
At kətillərdə oturmuş zastava komandanlığının üstündən hoppanıb Türkiyə sərhədlərinə doğru qaçır...
Arabanın içindən onbaşı İzzətin səsi eşidilir: “Haydı, Turan, haydı, Vətənə doğru... Nuru paşaya doğru çap, Turanım”.
At artıq sovet sərhədinin son həddi olan dəmir darvazaları da sinəsi ilə qırıb neytral əraziyə keçir...
Bunu görən sovet əsgərləri arabanı makinalı silahlardan atəşə tutub atdan ayırırlar. Onlarla əsgərin atdığı güllələr arabanı deşik-deşik edir. Atılan güllələr onbaşı İzzətin içində olduğu tabuta da dəyir. Tabut dəlik-dəlikdir.
Güllələrdən biri onbaşı İzzətə dəyib onu öldürür. Onbaşı İzzət son dəfə nəfəsini alıb: “Paşam, əmanətini qəbul elə”, – deyir. Və gözlərini yumur.
Atı Türkiyə tərəfdə sərhəd keşiyi çəkən mehmetciklər də görür.
Dövlət sərhədlərinə doğru çapan at mehmetciklərə şübhəli görünür.
Mehmetciklər atın Türkiyənin rəmzi sərhəd qapılarını qıracağını görüb ona tərəf ürküdücü güllələr atırlar...
At Türkiyə tərəfdən atılan güllələrdən yayınır...
Artıq hər iki tərəfdən ata güllələr atılır...
At neytral ərazi ilə üzü günəşə doğru güllələrdən yayına-yayına qaçır...
Hər iki tərəfin sərhədçiləri onu öz ərazilərinə buraxmamaq üçün tüfənglərdən atəş açırlar...
At neytral zolaqla qaçmaqdadır...
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
AKTUAL - Sosial şəbəkələrin zərərli tərəfləri
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc sosial şəbəkələrin ziyanları barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Çıxışçımız psixoloq, refleksoloq Fazilə Camalovadır.
Bir yanda isti evinizdən ayrılmadan çox şeylər edən köməkçi bir vasitə, digər tərəfdən isə "təhlükəli silah" olan sosial şəbəkələr haqqında kiçik bir xatırlatma.
Həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələrin "İnternetin" bizə verdiyi fayda və ziyanlarından bir az söhbət açaq.
İnternet texnologiyalarının inkişafı insanların bir-biri ilə ünsiyyətini asanlaşdırır. İnternet ünsiyyətdən məlumat mübadiləsinə, jurnalistikadan mediaya, tanıtım və reklamdan səyahət və tətilə, ictimai xidmətlərdən bankçılıq və ticarətə, əyləncədən sosial əlaqələrə və mədəniyyətlərarası qarşılıqlı əlaqəyə, ətraf mühit və sağlamlıqdan təhsilə və gündəlik həyatın bir çox sahələrinə müsbət faydalar və yeniliklər gətirdi.
İnternet çoxlu məlumatlara asanlıqla daxil olmaq, insanların hiss və düşüncələrini asanlıqla ifadə etmək, rəqəmsal platformada yaradılmış sosial dostluqlarla ünsiyyət qurmaq imkanı verir. İnternetin dünyada ən böyük təsiri ondan ibarətdir ki, o, məlumat və xəbərlərə dərhal çıxışı təmin edir. İnternet sayəsində dünyanın ən ucqar yerində belə baş verən hadisələrdən dərhal xəbərdar olmaq mümkündür.
Bununla belə, valideynlər övladlarının internetdə olduqları müddətdə qorunmalarını təmin etmək üçün bəzi tədbirlər görməlidirlər. Valideyinlər azyaşlı övladlarının internetdən istifadə etdikləri zaman, dəstəkləyici ünsiyyətin dəyərini öyrətmək və onların kobud, ayrı-seçkilik, zorakılıq və ya uyğun olmayan davranışın qəbuledilməz olduğunu izah etməli və bu cür hallara yol vermədiklərinə əmin olmalıdırlar.
Valideynlər sosial şəbəkələrdən istifadə edərkən nələrə diqqət etməlidir?
Mövzunun bir çox tərəfi olsa da, ilk növbədə internetdən asılılıq yaranmamasına nəzarət edilməlidir. İnternetdən nizamsız və həddindən artıq istifadə istək davranışı və təbii ki, uşağın funksiyasını pozan əhəmiyyətli psixi problemlər yarada bilər. Ancaq məsələyə yalnız texnologiya asılılığı əsasında yanaşmaq hadisənin əhəmiyyətini azaldır. Uzun müddət ekrana məruz qalma; depressiya, yuxu problemləri, diqqət çatışmazlığı hiperaktivliyi pozuntusu, sosial ünsiyyət pozuntusu, davranış pozuntuları, travma sonrası stress pozğunluğu cinsi və fiziki zorakılıq və maddə asılılığı kimi ciddi psixi problemlərə səbəb ola bilər. İnternet asılılığının ən əhəmiyyətli zərərlərindən birinin insanların sosial həyatlarında məsuliyyətlərini əngəlləmələri olduğunu ifadə edilir. İşdə pozuntular mənfi təəssürat, özünü inkişafın aşağı düşməsi, qeyri-adekvatlıq hissindən tutmuş iş itkisinə qədər bir çox nəticələrə səbəb ola bilər. Sosial mühitdən uzaq olmaq insanlarda tənhalıq hissinə və zamanla sosial bacarıqların azalmasına səbəb ola bilər. Sosial mediadan uzun müddət istifadə bir çox fiziki çətinliklərə səbəb ola bilər. İnsanların məşğuliyyətlərinin azalması, hətta heç nə üçün vaxt ayıra bilməməsi nəticəsində həzzin əvvəlki kimi olmadığı müşahidə olunur. İnsanları məntiqi təfəkkürünü bu baxımından zəiflədə bilər, ictimai əlaqələri korlaya bilər, depressiya kimi meyllərə səbəb ola bilər, iş həyatındakı performansı təsir edə bilər, insanlar arasında rəqabətə mənfi təsir göstərə bilər, asosyal həyata başlaya bilər.
Sosial şəbəkələrdən və internetdən uzağlaşmağa başlamağa qərar verdiyiniz halda yalnız zəruri, vaxtında və mənalı yazıları paylaşmağa çalışın. Gecə yatmazdan əvvəl və səhər oyanan kimi sosial mediadan uzaq durmağa çalışın. İctimai tədbirə çıxdığınız zaman telefonunuzu mümkün qədər susdurmağa çalışın. Yemək yeyərkən sosial şəbəkələrə baxmamağa çalışın. "Yeni vərdişlər yarataratmaq köhnələri pozmaq deməkdir". Ekran vaxtını azaltmaqla internetdə boş vaxt keçirmək əvəzinə kitab oxumaq, musiqi dinləmək, söhbət etmək və ya gəzintiyə çıxmaq kimi asanlıqla əldə edilə bilən fəaliyyətlərin siyahısını hazırlayın.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Poetik Qiraətdə Elxan Yurdoğlunun “Aprel gəldi, sevgili” şeiri
“Ədəbiyyat və incəsənət” portalı Poertik Qiraət rubrikasında bu dəfə sizlərə Elxan Yurdoğlunun növbəti şeirini təqdim edir. Şeir “Aprel gəldi, sevgili” adlanır.
Aprel gəldi,
Sən də gəl, sevgili.
Aprel gedəndə gedərsən,
Özünlə apararsan sevgimi.
Şair belə deyir. Aprel getdi. Artıq mayın ilk günləridir. Ümidvarıq ki, sevənlər apreldə getməyiblər və sevgini də özləriylə aparmayıblar.
Xoş mütaliələr!
APREL GƏLDİ, SEVGİLİ...
Aprel gəldi, sevgili...
Sevgi kimi gəldi.
Yasəmənlər açacaq,
Gilənarlar çiçəkləyəcək...
Uçacaq kəpənəklər,
Qızlar daha da gözəlləşəcək...
Gözüm görməyəcək heç nəyi, heç kimi,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Sən gəldin elə bil...
Nə xoş qoxular doldu içimə,
Nə gözəl gülümsədi günəş,
Nə gözəl oxuyur sərçələr,
Yaşıl-yaşıl yarpaqlayır göycələr.
Amma nə vecimə, kim nə düşünür, nə bilir,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Bir bahar da gəncləşər ölüm,
Bir boy da böyüyər ömür.
Üstümdən
Üç yüz altmış beş gün keçər,
Yanımdan şeirə vurğun qadınlar
Alnımdakı qırışlar kimi düzgün keçər.
Torlanan gözlərimdən yayınarlar deyə,
Məyus keçər, üzgün keçər,
Baxışları süzgün keçər.
Tutular şeirimin ərköyün dili,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi,
Sən də gəl, sevgili.
Aprel gedəndə gedərsən,
Özünlə apararsan sevgimi.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
QARPIZ ƏHVALATI, yaxud, akademik Mehdi Mehdizadə Oğuzda
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR Xalq Maarif naziri (1952–1954; 1960–1980) Mehdi Mehdizadənin anım günü idi.
Mehdi Mehdizadə öz xalqına və dövlətinə ömür boyu sədaqətlə xidmət edən nəhəng elm xadimi idi. Mehdi müəllim əsl “ziyalılıq etolonu” idi. O, nadir şəxsiyyətlərdən idi ki, həm sağlığında, həm də vəfat edəndən sonra haqqında “Əsl xalq adamı idi. Çox halal adam idi” deyirlər.
Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili və tərbiyəsi idi. Tez-tez rayonlarda olur, problemlərlə yerində tanış olar, onların aradan qaldırılmasında şəxsən iştirak edərdi.
O vaxtkı Vartaşen (indiki Oğuz) Rayon Maarif Şöbəsinin müdiri Əbülfət Aslanov söyləyirdi ki, “1977-ci ildə Mehdi müəllim Oğuz rayonuna gəlmişdi. Mehmanxanada qalırdı. Keçmiş Rayon Partiya Komitəsinin I katibi ilə görüşən M.Mehdizadə bizim də iştirakımızla rayonda maarifin vəziyyəti barədə söhbət etdi. Mövcud çətinlikləri öyrəndi, öz təklif və tövsiyələrini verdi.
Axşam naziri şam yeməyinə dəvət etsək də, razılaşmadı. Mehmanxananın bufetində yemək yediyini bildirdi. Bir azdan Qəbələyə gedəcəyini söylədi”.
Bu səfərin şahidi olmuş pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Ə.Əfəndiyev bir xatirəsində hadisələrin sonrakı gedişini belə təsvir edirdi: “Halallıqla yaşamaq onun həyat devizi idi. Heç vaxt heç yerdə ona təmtəraqlı hörmət göstərilməsinə yol verməzdi. Xatirimdədir ki, bir dəfə Vartaşenə (Oğuz) ezamiyytə getmişdim.(1977) Mehmanxanaya düşəndə dedilər ki, Mehdi müəllim də buradadır, bir azdan Qutqaşenə (Qəbələyə) gedəcək. Yerini öyrənib binanın həyətinə çıxdım. Gördüm ki. Mehdi müəllim skamyada əyləşib kimlərləsə söhbət edir. Qarşısındakı balaca stolun üstündə kəsilmiş qarpız dilimləri vardı. Görüşdüm, yer göstərdi, əyləşdim, gəlişimin məqsədini soruşdu. Konfransda iştirak etməyə gəldiyimi bildirdim. Bəzi məsləhətlər verdi, sonra o biri yoldaşlarla söhbətini davam etdirməyə başladı.
Bu arada RXMŞ-nin müdiri Əbülfət Aslanov qulağıma pıçıldadı: “Mehdi müəllimi heç cür şama qonaq olmağa razı sala bilməmişik. Mehmanxananın bufetində özü şam yeməyini yeyib. Bir təhər icazəsini almışıq ki, heç olmazsa, bir qarpız kəsməyimizə razılıq versin. Sağ olsun ki, xahişimizi yerə salmayıb”. Əbülfət müəllimin mənə nə dediyini hiss edən Mehdi müəllim qarpız dilimlərindən birini qabağıma çəkib yeməyimi təklif etdi. Razılığımı bildirib ayağa durdum və yanındakılarla rəsmi söhbətinə mane olmamaq üçün üzr istəyib ayrıldım”. (“Akademik M.Mehdizadə ömrünün işığı”, Nərgiz, Bakı-2012, səh:266)
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Necə oldu ki, bir inciklik sonda xəstəliyə çevrildi
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, neçə gündür ki, dünyaca ünlü «Öz xəstəliyini sev» kitabının müəllifi Sinelnikovdan danışırıq. Onun sözügedən kitabında müalicə metodundan gətirilən bir nümunəni də diqqətinizə çatdırmaq istəyirəm:
Demək, onun qəbuluna bir ortayaşlı kişi gəlir. Ağciyər soyuqlamasının şiddətlənməsi diaqnozu ilə. Artıq orqanizm antibiotik qəbul edə bilmir. Vəziyyət ümidsizdir. Ondan həyatının son dönəmini öyrənirlər. Məlum olur ki, xəstəliyin şiddətlənməsindən bir qədər əvvəl kişinin işdə rəhbərliklə ciddi konflikti olub. Nəticədə onun qəlbində rəisə qarşı bərk inciklik yaranıb, sonra da bu inciklik bütün kollektivə, bütün dünyaya qarşı olub.
Həkim ona deyir:
- İnciklik bir insana, onun bütün nəslinə sənin şüuraltı gizli ölüm arzundur. Bu məhvedici proqram sonradan onun müəllifinə, yəni sənə xəstəlik kimi qayıdıb.
Və başa salır ki, xəstəlik – insanın fikir və emosiyalarının fiziki səviyyədə xarici əksi, nəticəsidir. Fikir – xüsusi enerji, kodlaşdırılmış informasiyadır. Və ona müvafiq olaraq fiziki planda insan orqanizmində nəsə dəyişiklik olmalıdır. Əgər fikir dağıdıcıdırsa, məsələn, inciklik, ittiham, nifrət həddindədirsə, onda fiziki planda ona müvafiq xəstəlik də peyda olur.
Kişinin: «Bəs indi mən nə edim?», - sualının qarşılığında «Bu proqramı neytrallaşdırmağın yeganə yolu rəisi bağışlamaq, hətta ona minnətdarlıq bildirməkdir», - cavabı verilir. Həkim onun təəccübünə rəğmən bildirir ki, sənin incikliyinin mənbəyi rəisində deyil, sənin özündədir (Kişi vəzifəsinin yüksəldilməsini, əməkhaqqının artırılmasını istəyirmiş, halbuki özü də etiraf edir ki, buna, əslində haqqı çatmırmış).
Kişi vəziyyətinin ümidsiz olduğunu görüb dərhal həkimlə razılaşır. Elə ki həmin andan etibarən o, əvvəlki həyatına tövbə edir, növbəti günlərdə üzrxahlıq və minnətdarlıqla öz neqativ şüuraltı proqramını neytrallaşdırır, özünə, işinə, rəhbərliyə münasibətini tam dəyişir, təbii ki, pəhrizin, müalicəvi otların da köməyi ilə xəstəlik də tədricən yox olur.
Kainatın qanunları səmavi kitablarda yer alıb, hər bir kəsdən, sadəcə, bunları anlamaq tələb olunur. Əvvəllər insanlar daha çox dinə inanır, müqəddəs kitabların tövsiyələrinə əməl etməyə çalışırdılar. Əfsus ki, hazırkı «sivilizasiya» dünyasında əsas güc maddiyyata verilir, dini inkişafa elə də diqqət yetirilmir.
Hazırda insanın energetik imkanları xeyli artıb, halbuki onun sevgini, xeyir işləri, ilahi bilgiləri qavramaq səviyyəsi əvvəlki təki qalıb. Bu da bəşəriyyəti qəza təhlükəsi ilə üzbəüz qoymaqdadır. Vanqalar və Vanqa kimi digər öncəgörənlər də məhz buna görə həyəcan təbili çalmaqdadırlar.
Demək, əziz oxucularım, əgər siz xəstələnmisinizsə, bu o deməkdir ki, sizin şüuraltı əqliniz sizə şüuraltınızda kainat qanunları ilə konfliktə girən hansısa bir davranış, fikirlər barədə məlumat ötürür. Birincisi, müalicə üçün ilk öncə müəyyənləşdirməlisiniz ki, bu hansı davranış, hansı fikirlərdir. İkincisi, özünüz kainat qanunlarını dərk etməli, həqiqəti tanıyıb ona tapınmalısınız.
Və sonda onu da deyim ki, mən şəxsən həmişə xəstələnəndə ənənəvi tibb üsullarını qeyri-ənənəvi üsullarla əvəzləyərək sağalıram. Və buna şüurumdakı qorxu, inamsızlıq, ümidsizlikdən ibarət neqativ fikir tüğyanını büsbütün inam, iradə güc və dözüm kimi pozitivliklərə dəyişməklə nail ola bilirəm.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr - HÜSEYN CAVİD, “Qız məktəbində”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Hüseyn Cavidin “Qız məktəbində” əsəri təqdim ediləcək.
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə...
– Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma...
– Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
– Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoxmu?
– Var...
– Kimdir onlar?
-Anam, babam, müəlliməm, bir də bütün insanlar...
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
“Səhərə gedən yol” - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ
Aprel ayı olmasına baxmayaraq, havadan zəhrimar yağırdı. Üz-gözünü elə bozartmışdı ki, adamın lap zəhləsi gedirdi. Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı. Hamının əynində pencək, gödəkçə, jaket vardı. Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.
İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi. Maşınlar da ki tıxac yaratmışdı. Siqnal səslərindən, çığır-bağırdan qulaq batırdı. Havadan benzin, tütün, mazutqarışıq qəribə iy gəlirdi. Daha doğrusu havada hava yox idi.
Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu. Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın. Çantasını çiynindən aşırıb (adətiydi, çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi. Nə yaxşı ki, evi yaxınlıqdaydı. Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə? Nə maaşı vardı ki? 450 manat. Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.
Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki, axı əvvəllər Bakıda bu qədər adam yox idi. Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü. Avtobusda da bu boyda basa-bas nə gəzirdi. Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi. Bax onda bir az tünlük olurdu. Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi. Vəssalam. O da tələbələrin dərsdən çıxdığı vaxtlarda. Başqa saatlarda əminlik idi.
Sonra ağlından keçirdi ki, əksər rayonlarda, bölgələrdə işsizlikdi axı. İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən, eşiyindən, gəlib Baklya. Sıxlıq, tıxac da bu üzdən yaranmışdı şəhərdə.
Tikintidə fəhlə işləyən kim, küçə süpürən, maşın yuyan, evlərdə qulluqçuluq edən kim. Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.
Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi. Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi. Evsiz, eşiksiz, küçələrdə, vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi. Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də. Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki. İşsiz adama mağazalar nisyə mal da vermirlər. Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu.
-Salam, qonşu. Necəsən?
-Salam, Rizvan müəllim. Şükür. Dığırlana-dığırlana yaşayırıq. Siz necəsiz?
Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya:
-Şükür, bu günkü günümüzə, qonşu, - deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı. Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün.
Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra: -Qonşu, yaz dəftərə. İnşallah ayın axırında hamısını birdən ödəyəcəm, -deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı.
Ürəyində fikirləşdi ki, görəsən qonşusu söyüb söylənmədi ardınca? Axı niyə söylənsin? Mən ki maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm?
Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı. Qapını oğlu açdı.
Adəti idi. İşdən gələndə həmişə öpüşüb görüşürdülər. İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi.
Təngnəfəs olmuşdu. Töyşüyürdü. Üzünə su vurdu. Gözü güzgüyə sataşdı. Boğulmuşdu sanki. Qapqaraydı.
Ordan çıxıb yataq otağına keçdi.
Yoldaşı ütü ütüləyirdi. Salam vermək də yadından çıxdı.
-Gəldin? Əynini dəyiş, keç mətbəxə. Yemək hazırdı.
-Yox. Nəsə özümü pis hiss edirəm. Bir az uzanacam. Bir-iki şey almışam. Sən onları yerbəyer et -deyib yerinə uzandı.
Fikirləşdi ki, yəqin işdə çox yorulub. Uzansa keçər. Baxdı ki, gödəkçəsi də əynindədi. Halsız-halsız düymələrini açdı. Əynindən çıxarmağa heyi olmadı. Sinəsi göynəyirdi. Otaqda hava yox idi sanki.
Durub pəncərəni açmaq istədi. Qalxa bilmədi. Tumbanın gözündəki dərmanını tapıb atdı. İstədi Nazlını (həyat yoldaşını) çağırsın. Sonra fikirləşdi ki, bir az da gözləsin. Niyə təlaş yaratsın? Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.
Ölümdən qorxan adam deyildi. Bircə oğlunun, yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə. Vəssalam. Oğlu sonuncu kursda oxuyurdu. Universiteti bitirib əsgər gedəcəkdi. Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi. Yoldaşı isə tibb bacısı idi. Amma işləmirdi. Arada qonşuların iynəsini vururdu. Azdan çoxdan pulu olurdu. Allah bərəkət versin.
Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi. Yuxuda kəndlərini, anasını, bacılarını gördü. Hər yer çiçək açmışdı. Anası səhənglə su daşıyırdı Axmazdan. Bacıları da tullana-tullana, gülə-gülə onun ardınca gəlirdilər. Bir yanda toyuq cücə küllükdə eşələnirdi, bir yanda da qoyun quzu mələşirdi. Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın. Görünür o ki var, qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı. Təzə motal pendiri, nehrə yağı, qaymaq, təndir çörəyi adama gəl-gəl deyirdi. Nə gözəl mənzərəydi, İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən:
-Süfrəni sən yığışdırarsan, oğlum- deyib tələsik evdən çıxdı.
Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı:
-Yox, oğlum. Mən getdiyim yerə uşaqları aparmırlar. Gələn dəfə mütləq səni də özümlə aparacam. İndi olmaz.
Sonra anası gözdən itdi.
Rizvan diksinib yuxudan oyandı. Qanın-tərin içindəydi. Bir müddət yuxunun təsirindən qurtara bilmədi. Əl atıb sinəsini ovuşdurdu. Bir az ağrısı azalmışdı.
Otaq qapqaranlıq idi. Görünür axşam düşmüşdü. Yavaş-yavaş ayağa qalxdı. Hiss etdi ki, acıb. Paltarını dəyişib təzədən vanna otağına keçdi, əl üzünə su vurdu ki yuxusu qaçsın. Həm də bir növ adət etmişdi. Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu. Günün hansı hissəsində olur, olsun.
Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı. Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi. Sakitcə qapını çəkdi ki, fikri dağılmasın. Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı:
-Birinci çay verim, yoxsa..
-Yox yemək yeyəcəm. Acmışam.
Stolun üstündə göy-göyərti, duzlu xiyar, duz, istiot, bir də çörək vardı.
“Allahın evi avadan"
Adəti idi. İlahinin verdiyi hər nemətə görə şükr edərdi.
Sonra yoldaşının çəkdiyi bir qab mərci şorbasını qaşıqlamağa başladı.
Yuxu heç yadından çıxmırdı. Mütləq anasının qəbrini ziyarət edəcəkdi. “Görünür arvad darıxıb. Haçandı ziyarət etmirəm"
Bir də maaşı alan kimi həkimə gedəcəkdi. Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu. Canını pula satmayacaqdı. Hələ işləri vardı. O işləri görmədən ölməyə haqqı yox idi.
Yeməyi bitirəndən sonra sakitcə yoldaşına "Şağ ol. Dadlı idi. Əlinə sağlıq" deyib süfrədən durdu. Halsız idi bir az. Həm də yorğun. İstədi götürüb bir kitab oxusun. Sonra fikrindən vaz keçdi. Dincələcəkdi bu gün. Yataq otağının pəncərəsindən çölə baxdı. Yağış yağırdı. Həyətdə heç kim görünmürdü. Heç itlər, pişiklər də gözə dəymirdi.
"Hamı yuvasına çəkilib. Görəsən yuvası olmayanlar neynir, İlahi?"
Ağlından keçirdiyi bu fikirdən üşüdü. Yerinə uzandı, yorğanı başına çəkdi. Nəsə narahat idi. Bədəni uçunurdu.
"Bircə səhər açılsaydı".
Ömründə səhərin açılmasını bu qədər istəməmişdi. Qaranlıq bu qədər qorxutmamışdı onu. Bircə onu bilirdi ki, yatmayacaqdı. Yuxusu da yadından çıxmırdı.
O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü. Yenə götürüb bir dərman atdı. Mətbəxdən səslər gəlirdi. Yoldaşı idi yəqin. Gecə keçənəcən sil süpürlə məşğul olurdu.
“Zalımın qızı bir dəfə kitab oxumur. Həyatı, evliliyi ancaq yır-yığışda, biş-düşdə görür. Zərrəcən romantikası yoxdu. Heç mənim hansı rəngi, hansı musiqini, hansı fəsli sevdiyimi belə bilmir"
Ömründə ilk dəfə özünə yazığı gəldi. Tələbəlik illəri, eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü. Sevgisinə yiyə dura bilmədi. Anası qoymadı.
“Nə tanıyırıq xalxın qızın "deyib sevdiyi qızı ona almadı. O da susdu. Anasından keçmədi, sevdiyindən keçdi. Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.
Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi. Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu. Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu. Allah tərəfi pis qız deyildi. Hər şeyə qane olan, başını aşağı salıb öz işini görən qız idi.
Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki, 50-ni haqlayıb. Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına. Başı işinə, problemlərinə elə qarışmışdı ki, vaxtın necə keçməsindən xəbəri olmamışdı. Ara-sıra keçmişi, gəncliyi, tələbəlik illəri, Nüşabə yadına düşsə də işin, qayğıların çoxluğu onu göz açmağa qoymamışdı. Hissizləşmişdi sanki. Elə bil o duyğulu, sevgisindən ötrü ölümə getməyə hazır olan, kitablarla yatıb duran, özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi.
...."Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən. Hələ gecə saat birdi. Zamandan daş asılıb elə bil. Ürəyim də ki, rahatlana bilmir. Görəsən bu gün nə olub bu çər dəymişə?"
Gecə keçdikcə hiss edirdi ki, gözləri qapanır. Kirpiklərindən daş asılıb sanki. Öz- özünə bağlanır. Artıq yuxuya gücü çatmırdı. Almışdı gözlərini cənginə.
....Yenə anası əlində səhəng su gətirməyə gedirdi:
-Ana qurban, gəl gedək su gətirək. Yorulmuşam. Bir az mənə kömək elə.
İstədi etiraz edə. Səsi çıxmadı. Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü. Hər yer qaranlıq idi. Göz -gözü görmürdü. Kol-kosu yara-yara gedirdilər. Heç yer tanış gəlmirdi Rizvana. Bu yol hara aparıb çıxaracaqdı onları? Bilmirdi. Eləcə diqqətlə baxırdı ki, anasını itirməsin. Geriyə qayltmaq gözünə durdu. Bu yolu necə qayıdacaqdılar, İlahi?
"Bircə səhər açılsaydı…”
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
İntizar ədəbiyyatı - Balaş Azəroğlu, "Saqi, xumar-xumar baxırsan"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Saqi, xumar-xumar baxırsan yenə
Canıma od düşür bu nazdan mənim.
Nədən qırmızıdır camdaki badən
Bildin xoşum gəlmir bəyazdan mənim?
Mən onsuz da məstəm, dəryadır qəmim,
Bir an ayrılmamış qəmdən aləmim,
Doldur piyaləmi, qərq olmuş gəmim
Qoy çıxsın dərindən, dayazdan mənim.
Yəqin bu halımı duymusan sən də,
Mən heç içməyirdim dostlar içəndə.
Amandır sərhədi qatar keçəndə
Doldur piyaləmi Arazdan mənim.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
“Üzür ruhun gəmisi…” - Təranə Arifqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Təranə Arifqızının şeirləri təqdim edilir.
İçimdəki səs
Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...
Ruhumu bu sahildən
o sahilə aparır...
gah da ki, göyə çəkib
yer üzündən qoparır...
Dalğaların telindən
tutub sürünürəm mən...
suyun əlini sıxıb
sakit görünürəm mən...
Kimsəsiz adaların
qovulmuş sakiniyəm...
üç nöqtədə yaşayan...
nidanın hakimiyəm...
İçimdəki yad səslər
əllərimə toxunur...
gülür, gülür... sonra da...
tellərimə toxunur...
Deyir...yat...yat... oyanma…
məzardasan, ölüsən...
nə fərqi? Ölməsən də...
Diksinib ayılıram...
səs qırılır, tökülür...
sonra... sonra... anidən
səsin beli bükülür...
Ölür yad səslər məndə,
için-için qocalır...
məndən uzaq zamanda
doğma bir səs ucalır...
Etiraf
Etirafın ən gözəli
bu dünyanı unutmaqdı.
Gündüzləri göydə olan
gecə sübhədək oyaqdı.
Etirafın ən gözəli -
göy adamıyla dost olmaq.
Allahın son tikəsinə
ikiəlli baxıb, susmaq.
Etirafın ən gözəli -
yadların yadı olmaqdı.
Səndə səni tapmayana
həsrətin dadı olmaqdı.
Etirafın ən gözəli
içimizdə oturubdu.
Dili yoxdu, amma səsi
bu dünyanı götürübdü.
Etirafın ən gözəli -
sevdiyini sevməyindi.
"Sevirəm" sözün ucadan
üzünəcə deməyindi.
Etirafın ən gözəli -
səni başa düşməyəndi.
Sanki başa düşər kimi
söz yolundan keçməyəndi.
Etirafın ən gözəli -
güvən verən inadkardı.
Azadlıq əllərimdədi,
eşitmir, qulağı kardı.
Etirafın ən gözəli -
bu dünyada olmağındı,
dil ucunda sevənlərin
dillərində qalmağındı.
Etirafın ən gözəli -
özün olmayan özündü,
ürəklərə qıymadığın
səni incidən sözündü.
Etirafın ən gözəli -
əlli ikinci gündəsən.
Ayrılır canın canından,
Allah bilir, nə gündəsən.
*
Dənizəm, dalğa-dalğa
Dolub-boşalar ömrüm.
Ağacı quru-quru
Ölüb, daş olar ömrüm.
Unudar ovuc-ovuc
Sevinməyi əllərim.
Kiminsə sığalına
Yubanar ağ tellərim.
Bapbalaca uşaqlar
İçimdə qocaldılar.
Məni taxtı-rəvandan
Yarıyolda saldılar.
Qarışqa ömrü tapdı
Məni bu labirintdə.
Ha çalışdım, olmadı,
Pambıq canım çiyiddə…
Aldı bir həsrət məni
Yolun yarıyolunda.
Düşünmədən yaşarıq
Dünyanın sol qolunda.
Qdsan, bütsən, ya heyvan,
Məndə olan cansanmı?
Sual verdim Tanrıma -
Məni tanıyırsanmı?
Unuduram hər şeyi
Tanış gəlir bu üzlər,
Vardı əyrilər, düzlər,
Uzaq gəlir gündüzlər,
Unuduram hər şeyi.
Keçib gedir hər anım,
Tanış-yaddır hər yanım,
Harda qalıb sağ canım...
Unuduram hər şeyi.
Ocağımda közümü,
Uzaq baxan gözümü,
Bəzən özüm özümü...
Unuduram hər şeyi.
Odda bişən yeməyi,
Yadda olsun, deməyi,
Etdiyim hər köməyi...
Unuduram hər şeyi.
Yaddaşımı qurutma,
Sözdən aralı tutma,
Tanrı, məni unutma,
Unuduram hər şeyi..
*
Ay buludda batdı, batdı,
Ayrılıq doğmadı, yaddı,
deyən, ruhun qəmdi, şaddı,
Şəhriyar?..
Araz aşdı, daşdımı,
Torpaq gözün yaşdımı,
Hər gecən obaşdımı,
Şəhriyar?..
Ağlaram, gözüm dolmaz,
Su içər sözüm, dolmaz,
Bu dünya belə qalmaz,
Şəhriyar...
Yalan dünya dağılmadı,
Ovcumuzdan yığılmadı,
Kimsələrə sığınmadı
Şəhriyar...
Bayram yeli yaman əsdi,
Namərdin kələyin kəsdi,
Eyni dildi, eyni səsdi
Şəhriyar...
Sən həsrətin ocağısan,
Vətənin qəm bucağısan,
Arazım üstə bayraqsan,
Şəhriyar...
Ad günün - Şəhadətin
Oktyabrın 1-i qəhrəman şəhidimiz Elvin Məmmədovun həm doğum,
həm də şəhadət günüdür.
Evimin sonbeşiyi,
Minarə boylu oğlum.
Nişanı gözü yolda,
Yarımçıq toylu oğlum.
Əsgər, hərbçi olmaq
Uşaqlıq arzun idi.
Ömrün qış görməmişdi,
Baharın, yazın idi.
Döyüşə gülə-gülə
Girib kama çatanım.
Dəmir yumruqlarıyla
Düşməni ağladanım.
Vətəni yarı bilən,
"Və" yi "tən"ə çatdıran.
Torpağa həsrətlini
Sən,vətənə çatdıran.
Səndən deyib-danışır,
Döyüş, can yoldaşların.
Bir gündə şəhid olub,
Sənlə qan yoldaşların.
Bu dünyada eviniz
Ayrı-ayrı olsa da.
Cənnətdə qovuşdunuz
Bir məkanı, bir ada.
Sən vətənin övladı,
Ananın Elvin oğlu.
Ad gününə hədiyyən
Mərd şəhid adı oldu
Eyni gündə doğulub,
şəhadətə yetənim.
Xarıbülbülə dönüb
Qarabağda bitənim.
Gülüşü gözəl anam
Şəhid Raqib Hüseynovun adından anasına ad günü təbriki
Salam, ana, necəsən?
Sevimli bacım necə?
Ürəyində tutduğun
Həsrətin, acın necə?
Mən vətəndən yazıram,
Şuşadayam, Laçında.
Xarıbülbül əllərim
Gəzir bəyaz saçında.
Gözlərinə dolan yaş
Hər gün yuyur yolumu.
Dolamışam boynuna
Vətən qucan qolumu.
Sən mənim məğrur anam,
Mən sənin qürur yerin.
Anaların and yeri -
Məzarı şəhidlərin.
Bu gün doğum günündür,
Gəlişi gözəl anam.
Raqibin təbrik edir,
Gülüşü gözəl anam.
Asmısan sinən üstə
Bayraq öpən şəklimi.
Gecə-gündüz sənləyəm,
Qəbul et təbrikimi.
Darıxır
Günü bitməyən günlərim,
Gəlməyən yaşım darıxır.
Arxamca kimlər atacaq?
Köksümdə daşım darıxır.
Dağlar tutur dağlığını,
Gedənlər üz ağlığını.
Atır əlim sağlığını,
Bişməyən aşım darıxır.
Nur tökülür gilə-gilə,
Yağış yağır gilə-gilə,
Keçir üzümdən bir gilə,
Gözdə göz yaşım darıxır.
Addımımda tozun ətri,
Kül altında sözün ətri,
Ürəyimdə yazın ətri,
Çölümdə qışım darıxır.
Gözləyirəm, gün gələcək,
Hansı günümdür gələcək?
Deyirlər, bir söz gələcək,
Almağa başım darıxır.
Sən darıxma, ömrüm-günüm,
Darıxmağa çoxdu günün.
Göylərdə görüşmək üçün
Yerdə başdaşım darıxır.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)