Super User
SEKSENDÖRT mayın 8-i Bakıya gəlir!
“Ölürüm Hasretinle, Anlayamazsın, Kendime Yalan Söyledim” kimi mahnıları ilə musiqi dünyasına damğa vuran Türkiyənin məşhur SEKSENDÖRT qrupu Event Office-in təşkilatçılığı ilə ilk dəfə Bakıda sevənləri ilə görüşür.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Event Office-dən məlumat verilib.
8 May 2024-cü il tarixində Bakı İdman Sarayında baş tutacaq konsertdə Ankara ünvanlı məşhur pop-rok qrupu öz hitlərini və yeni mahnılarını səsləndirəcək.
Növbəti günlərdə Event Office-nin təşkilatçılığı ilə daha 4 möhtəşəm konsert keçiriləcək: SEMİCENK, GÖKHAN ÖZEN, CEM ADRIAN və ATHENA bakılı musiqisevərlərə xoş anlar bəxş edəcəklər.
İstəkli musiqi həvəskarları, bu möhtəşəm konsertləri əsla qaçırtmayın!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
SÖZ - Şeyx Sahibzadə Sultan Əhməd Əlinin qəlbini fəth edən axşam
Könül, “Ədəbiyyat və incəsənət”
Dövlət İncəsənət Muzeyində həm proqramın fəxri qonağı olan Şeyx Sahibzadə Sultan Əhməd Əlinin - Sultan Bahunun 10-cu nəslindən olan müqtədir şəxs, Müsəlman İnstitutunun sədrinin, həm də qonaqların qəlblərini fəth edən, Azərbaycan-Pakistan dostluğunu simvolizə edən "SÖZ" layihəsi gecəsi keçirildi.
"SÖZ" layihəsinin şairi və qurucusu Nigar Həsənzadədən fəxri qonaq barədə məlumatlar əldə etdik. Öyrəndik ki, Şeyx Sahibzadə Sultan Əhməd Əli Qədriyyə ordenindən olan məşhur sufi Müqəddəs Sultan əl-Arifin - Sultan Bahunun kral evinin onuncu nəslinin nümayəndəsidir, milyonlarla izləyicisi olan şəxsdir. İslamabad və Londonda ofisləri olan Müsəlman İnstitutunun tədqiqat Mərkəzinin sədridir. O, həmçinin Islahi camaat və Almi Tanzim-ul-Arifin baş katibi, “Müsəlman perspektivləri” jurnalının Məşvərət Şurasının sədri, ən böyük aylıq “Urdu jurnalı - Mirrat ul-Arifina International”ın baş redaktoru, Al-Arifeen nəşriyyat və Al-Arifeen rəqəmsal istehsal qrupunun sədri və bir çox təhsil, sosial və akademik təşkilatlar Şurasının üzvüdür.
Şeyx Sahibzadə Sultan Əhməd Əli həm də bir alimdir, ingilis və urdu dillərində bir çox kitabın, beynəlxalq jurnallarda və konfranslarda nəşr olunan bir çox tədqiqat məqaləsinin müəllifi və redaktorudur.
Milli və beynəlxalq forumlarda saysız-hesabsız mühazirələr veribdir. Xeyriyyəçi olaraq sosial rifah, yoxsulluqla mübarizə və təhsilin təbliği sahələrində də əhəmiyyətli xidmətlər göstəribdir. Ləyaqətinin tanınmasında Şeyx Sahibzadə Sultan Əhməd Əli INSPAD-ın seçiminə görə 2020-ci ilin ən nüfuzlu Müsəlmanları onluğuna daxil edilibdir.
Axşamın mədəni proqramı iki ölkə arasında qardaşlıq - tarixi münasibətlərə, eləcə də fəxri qonağın fəaliyyətinə və yaradıcılığına həsr olunmuşdu. Axşamı Dövlət İncəsənət Muzeyinin direktoru, incəsənət tarixi professoru, Şirin Məlikova açdı.
Sonra şairə Nigar Həsənzadə qonaqları salamlayaraq şeyxi dialoqa dəvət etdi və o, verilən suallara məmnuniyyətlə cavab verdi.
Nigar Həsənzadə Şeyxin Azərbaycanın maraqlarının dəstəklənməsinə yönəlmiş mühüm fəaliyyətindən danışdı və ikinci Qarabağ müharibəsi zamanı Şeyxin Azərbaycan ordusuna və xalqına dəstək məqsədilə təşkil etdiyi çoxsaylı aksiyalara xüsusi diqqət yetirdi.
Sahibzadə Sultan Əhməd Əli Pakistandakı təsəvvüfün rolu və təsiri, habelə Pakistanın müasir şairlərinin yaradıcılığında Sufi poeziyasının əhəmiyyəti barədə danışdı. Axşamın musiqi və bədii proqramı Beynəlxalq Muğam Mərkəzinin solistləri Rəşad İbrahimov, Təbriz Yusubov, Sayar Teymurov, Vasif Yusibli, xanəndə İlkin Əhmədov, eləcə də "Sənət" uşaq musiqi və İncəsənət Mərkəzinin (xoreoqraf Günay Muradi) çıxışlarından ibarət idi.
Bu heyrətamiz axşamın sonunda Sahibzadə Sultan Əhməd Əli bir neçə şeirini urdu dilində oxudu. Dinləyicilər və qonaqlar üçün Şeyxin şeirləri paralel olaraq Azərbaycan dilində də təqdim olundu. Şeyx daha sonra əsərlərini əvvəllər tamaşaçılar qarşısında oxumadığını etiraf etdi. "Bu axşamı heç vaxt unutmayacağam, biz qardaşıq, həmişə də belə olacaq!"
Şeyx vidalaşaraq bunları dedi.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Güllələrdən və mərmilərdən qorxmayan hərbi jurnalist - RAHİB QƏRİBİN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Sovet dönəmində, 8-ci sinifdən başlayaraq "Смена" fotoaparatı ilə şəkillər çəkib aşılayardım. İndi “aşılamaq” ifadəsini də, fotoda önəmli olan “проявитель”, “закрепитель” kimyəvi maddələrini də, "baçonka", "lent", "uveliçitel" ifadələrini də necə izah edim, bilmirəm. Elə ki, yeni texnologiyalar çıxdı, "Lomo", "Fed", "Zenit" fotoaparatlarımı da, "uveliçitelimi" də, bütün "dəfə-darağı" da aparıb verdim mərkəzi univermağın həndəvərində dostumuzun açdıği "Old city" kafesinə...”
Bəli, haqqında söhbət açmaq istədiyim Rahib Qərib yaradıcılığa məhz həvəskar fotoqraf kimi başlayıb və çox keçməyib ki, çəkdiyi şəkillər müxtəlif qəzetlərin səhifələrində öz əksini tapıb, geniş oxucu kütləsinə təqdim olunub…
1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olan bu çılğın, necə deyərlər, dəli-dolu, comərd qəhrəmanım orta məktəbi başa vurduqdan sonra Bakıya üz tutub, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. Jurnalist fəaliyyətinə isə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. Elə o vaxtdan da mətbuat sahəsində çalışır. Bir müddət Azərbaycan Dövlət Televiziyasında “Səhər proqramı”nın aparıcısı, redaktoru olub. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan, AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı işləyib.
Birinci Qarabağ savaşından, əsgərlərimizin döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Ölkədə hərbi jurnalistlərdən biri kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra əvvəlcə ANS-də "Marş" hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olub, daha sonra isə “Real” televiziyasında çalışıb...
“Elə günlər görmüşəm ki, göydən od-alov yağarkən güllə yanağımı yalayıb keçib. Gəncliyimin ən parlaq çağında sönən bir ulduz kimi axıb boşluğa, həyatın dibinə enmişəm. Xəyalımdan ancaq qələbə istəyi keçib. Atılan güllələrin viyiltisından, partlayan mərmilərin hənirtisindən qorxmamışam, əksinə qəlbim isinib.”- söyləyir.
Deyir ki,- “Universitet müəllimim Nəsir Əhmədli hərdən məni bəzi toplantılara dəvət edirdi ki, gənc jurnalistlərə məsləhət verim. Onlara demək istəyirəm ki, bilib-bilmədiyinizi, ağzınıza gələni yazmayın. Jurnalist adıyla ortalığa atılıb, camaatın beynini boş-boş şeylərlə doldurmayın. Dünən şoudan yazan, bu gün hərbidən yaza bilməz. Təəssüf edirəm ki, 1-2 saytı çıxmaq şərtiylə, kim nə istəyir, onu yazır. Məncə hərə öz bildiyi işin qulpundan yapışsa daha yaxşı olar. İndi işini bilən təcrübəli jurnalistlərimizi barmaqla saymaq olar. Ağlı başında olan, millətini, xalqını düşünən adam heç bir zaman yalan məlumat yaymamalıdır...”
Qırx ilə yaxın jurnalist işləyib. İndiyədək müxtəlif yerlərdə çalışsa da, hazırda müstəqil jurnalist kimi fəaliyyətini davam etdirir...
Rahib Qəribin növbəti ad gününü qeyd etdi. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Şəhidlər barədə şeirlər – Asəf Nəsibov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Asəf Nəsibova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ASƏF SƏFƏRALI OĞLU NƏSİBOV
(25.02.1994.-29.10.2020.)
Qazax rayonunun Qaymaqlı kəndində doğulmuş, Qaymaqlı kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
Şəhid olduğu yer: Laçın.
Dəfn yeri: Qazax rayonu Qaymaqlı kəndi.
ASƏF:
Vətənimdə qala bilməz yağılar,
Qurtardı qondarma yalan nağıllar,
Az qalıb düşmənin səfi dağılar,
Döyüşə gedirəm, salamat qalın.
Doğuldum, böyüdüm Qazax elində,
Dil açdım anamın şirin dilində,
Canımdan keçərəm Vətən yolunda,
Döyüşə gedirəm, salamat qalın.
Sevmişəm yurdumun dərəsin, dağın,
Qaymaqlı kəndinin bağçasın, bağın,
Xilas vaxtı çatıb can Qarabağın,
Döyüşə gedirəm, salamat qalın.
Gənc ömrüm keçməyib boş-boş, mənasız,
Heç vaxt olmamışam yurda faydasız,
Yaşamaq olarmı elsiz-obasız?
Döyüşə gedirəm, salamat qalın.
Kimyaçı olmaqçın oldum tələbə,
Asan başa gəlmir heç vaxt qələbə,
Mühəndis olmuşam – çatdım mətləbə,
Döyüşə gedirəm, salamat qalın.
XƏDİCƏ ANA
Ana qucaqladı Asəf balasın,
Gizlədə bilmədi axan göz yaşın:
-Bala, uca olsun hər zaman başın,
Düşməni məhv elə, salamat qayıt.
Sən, mənim oğlumsan, böyüdün halal,
Qurmuşdum nə qədər şirin, bal xəyal,
Allah sənə verib boy-buxun, kamal,
Düşməni məhv elə, salamat qayıt.
HÜCUMDADIR ORDUMUZ
Budur hücumdadır yenə ordumuz,
Tezliklə çin olar şirin arzumuz,
Azad olacaqdır doğma yurdumuz.
O müqəddəs günə lap az qalıbdır.
Artıq məqam çatıb, sünbül dəndədir,
Asəf döyüşdədir, yenə öndədir,
Düşmən ittək qaçır, bax nə gündədir,
O müqəddəs günə lap az qalıbdır.
Torpaq azad olmur qansız-qadasız,
Qovulub məhv olur düşmən-həyasız,
Yaşamaq olarmı yurda sevdasız?
O müqəddəs günə lap az qalıbdır.
Haqq yolun tutanı Allah ucaldar,
Xalqım arzusuna yetişər, çatar,
Millət otuz illik nisgili atar,
O müqəddəs günə lap az qalıbdır.
DÜŞMƏNİN ÇIRAĞI SÖNDÜ
Düşmənin çırağı biryolluq söndü,
Asəfin hünəri nəğməyə döndü,
Bizə əziz olub doğmaya döndü,
Qarabağ uğrunda canından keçdi,
Bir yolluq əbədi cənnətə köçdü.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
“Mütəqəlqəl”, yaxud Mark Libbinin demarşı - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, siyasi icmalçı Əkbər Qoşalının son siyasi proseslərə münasibətini bildirən yazısını təqdim edir.
Deyirəm, vaxt gəlir-vədə yetişir Ukrayna Krıma, Moldova Dnestryanına, Gürcüstan Abxaziyaya nəzarəti bərpa edir (inşallah) və… ABŞ-ın həmin ölkələrdəki səfirləri azad olunan ərazilərə getmək təklifini geri çevirir - nəymiş, əfəndim, məgər “MƏN HARASA KİMİNSƏ ŞOUSUNUN İŞTİRAKÇISI OLMAQ ÜÇÜN GETMƏK İSTƏMİRƏM”miş… - Bir ritorik sual verək: təsəvvür edirsizmi, belə olsun? - Əlbəttə, yox! - ABŞ səfirləri ən öndə gedəcək o yerlərə, ən öndə.
Hələ-hələ Ermənistan Azərbaycanın ərazisini deyil, Azərbaycan Ermənistanın (şərti) ərazisini illər boyu işğalda saxlamış olsaydı və sonra o işğal bir şəkildə başa çatmış olsaydı, ABŞ necə davranardı?.. - Öncəsi, işğala görə bizə sanksiya sanksiya üstünə gələrdi və işğalsonrası Ermənistana “ll Marşall planı” tətbiq edib, onu bu coğrafiyanın “bir numarası” yapardılar…
Bax, ABŞ belənçik ABŞ-dır. İndi neynək, durub dinimizimi dəyişək?..
Bəli, okeanın o tayında ikilistandartlar bitmək bilmir ki, bilmir… 32 il öncə işğalçı Ermənistan dura-dura, işğala məruz qalmış Azərbaycana sanksiya tətbiq edən (yenə də sanksiyalardan dəm vuran) ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya getməkdən imtinasını şou-mou “əsas”nda “izah edib”… - “…Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”...
Səfirə deyən lazım: “Vaxtı” çoxdan gəlib keçib, özü də laaap çoxdan…
Və ABŞ səfirinin Şuşaya getməsi bizimçün nəinki şou üçün, ümumiyyətlə, vacib deyil. Gedir-getsin, getmir-getməsin… Amma yadında saxlasın. - Həyatdır, örkən gəlib doğanaqdan keçər bir gün.
Bir gün o, özü “haqq incələr, üzülməz”miş deyər…
ƏvəlAllah!
Ermənistanda qeyri-adi dərəcədə böyük səfirlik qurmuş ABŞ-ın ordakı səfiri o “kadstrsız dövlət”in hər yerinə gedə, burdakı səfiri Şuşaya getməyə bilər; lakin hamı ABŞ kimi düşünmür; həmin o Ermənistanın KTMT ortağı olan ölkələrin - Qazaxıstanın, Qırğızıstanın, habelə Özbəkistanın, NATO-nun qüdrətli üzvü Türkiyənin nəinki səfirləri, Prezidentləri (çox sağ olsunlar!) Şuşaya gedib. Azərbaycan və Türkiyə Prezidentləri hələ 2021-ci ildə unikal “Şuşa Bəyannaməsi”ni imzalayıb!
Şuşaya gedən səfirlərin, digər xarici rəsmi şəxslərin, ictimai-siyasi, dövlət xadimlərinin, mədəniyyət, sənət, elm xadimlərinin sayı-hesabı yoxdur… Bir səfir, lap Fransa da böyründə - olsun iki səfir - bundan sonra heç Bakıdan və iqamətgahlarından qırağa çıxmasın - dünyamı dağılacaq?.. O ikisi (Rusiya ilə birgə) illər uzunu ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olaraq, erməniləri işğalı davam etdirməyə (möhkəmləndirməyə), bizi isə tormozlamağa çalışdı da, biz bununla barışdıqmı? Əlbəttə, barışmadıq. “Qarabağ - Ermənistandır və nöqtə” deyən, Şuşada şərab içib, “Yallı” “gedən” Paşinyan artıq etiraf edib: “Qarabağ - Azərbaycandır”. Böyük bacısından (böyük bacı-qardaş olmaq istəyən və ya “böyüklüy”ü inersiya ilə davam etdirənlərdən) fərqli olaraq, o, Barış Anlaşmasına indi daha yaxındır - uzaqların bədniyyətli etkisini dəf edə bilsə, yaxınların qədrini, dəyərini tam idrak edər, bəlkə… Qazax səmtdəki 35 sərhəd dirəyi, uzaqdakı 3-5 arapozandan daha çox lazımdır Paşinyana… Özü bilər…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Fazil Mustafa diaspor sədrini təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri Tərlan Qasımovu 50 illik yubileyi ilə bağlı təbrik edib.
Komitə sədrinin diaspor rəhbərinə ünvanladığı təbrik məktubunda onun fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib.
Ədəbiyyat və incəsənət” portalı təbrik mətnini təqdim edir:
“Hörmətli Tərlan müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar diləyirəm!
"Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri olaraq siz, Azərbaycan mədəniyyətini Arxangelskdə, o cümlədən elm-təhsil, mədəniyyət ocaqlarında peşəkar şəkildə təbliğ və tərənnüm edirsiniz. Təsadüfi deyil ki, sizin haqqınızda “böyük torpaqların qurtarıb, böyük suların başladığı” soyuq yerlərdə Azərbaycan istiqanlılığını nümayiş etdirən aydınımız kimi danışılır. Siz Azərbaycanın aran bölgəsində - Ucarda doğulmusunuz və Aranın, Azərbaycanın energetikasını, xeyirxahlığını uzaq Arxangelskdə öz çalışma həyatınızda əməli şəkildə təqdim edir, tanıdırsınız.
Sizin rəhbərliyinizlə Arxangelskdə Azərbaycan Mədəniyyəti Günləri uğurla keçirilib; habelə Dünya Gənc Türk Yazarlar Birliyi ilə əməkdaşlığınız sayəsində Bakıda yayınlanmış Arxangelsk şairlərinin nəfis antologiyasının Arxangelsk və Sumqayıtda geniş təqdimat törənləri keçirilib.
N.A.Dobrolyubov adına Arxangelsk Regional Kitabxanasında, Quzey Arktika Federal Universitetinin Elmi Kitabxanasında Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə aid elmi, bədii kitablar, dərsliklər və b. nəşrlərdən ibarət guşələr sizin təşkilatçılığınızla açılıb.
Xalqımızın bütün əlamətdar günləri diasporumuzun təşkilatçılığı ilə Arxangelskdə qeyd olunur.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Arxangelsk icra hakimiyyəti orqanları və bir sıra yaradıcı birliklər sizi müxtəlif ödüllərlə təltif edib.
Mədəniyyət Komitəsi adından sizi bir daha təbrik edir, möhkəm cansağlığı, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Ötən gün Xalçaçı Gününü qeyd etdik
5 may Xalçaçı Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşlmda deyilir:
“Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı əsasında hər il may ayının 5-i respublikamızda Xalçaçı Günü - xalçaçıların peşə bayramı günü olaraq keçirilir.
Ulusumuzun fitrətdən gələn istedadını, dünyagörüşünü, estetikasını, xeyirxahlığını, yaratmaq-yaşatmaq eşqini, gözəllik duyumunu, bir sözlə, iç dünyasını rəmzlərdə, naxışlarda, rənglərdə yaşadan Azərbaycan xalça sənətinin yaşı çox qədimlərə dayanır. Bu tarix, ən azı, Pazırık xalçasından başlayır (b.e.ö. IV-V- yüzilliklər, Bərdə). Nəzərə alsaq ki, Pazırık xalçası kimi bir kamil əsərin meydana çıxması birdən-birə, təsadüfən olmur, o zaman, Pazırıköncəsi zəngin sənət dünyamız olduğunu tərəddüdsüz deyə bilərik.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsisi, ayrı-ayrı şəhər və rayonlarımızda çağdaş tələblərə cavab verən xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi xalçaçılığa, bu sənəti yaşadanlara göstərilən yüksək dövlət qayğısının, parlaq diqqətin təcallasıdır.
Azərbaycan Milli Xalça Muzeyinin binası nadir memarlıq abidələrindən biridir, bununla yanaşı, onun çoxfunksiyalı çağdaş fəaliyyəti də yerli və xarici sənətşünaslar, mədəniyyət bilicələri, sənətsevərlər tərəfindən yüksək təqdirlə qarşılanır.
Bəlli olduğu kimi, Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs örnəkləri siyahısına daxil edilib. - Bu önəmli hadisənin təşəbbüskarı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalçaçılığın yaşadılmasına, inkişafına dəyərli töhfələrini minnətdarlıqla vurğulayırıq. Xalçaçıların fəaliyyət imkanlarının genişləndirilməsində, onların uğurlarının beynəlxalq miqyasda təbliğində,
ümumiyyətlə, milli mədəniyyətimizin inkişafında
Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır.
Beləliklə, artıq 6 ildir mayın 5-i - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün Azərbaycanda “Xalçaçı Günü” kimi bayram edilir.
Biz də, bu anlamlı gündə bütün xalçaçılarımızı təbrik edir, onlara əl əməyi, göz nuru və ruh gücü ilə yaratdıqları gözəl əsərlərə görə təşəkkür edir, haqq dünyasında olan xalçaçılarımıza rəhmət diləyirik”!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Ağdam konfransının təfsilatı
Xəbər verdiyimiz kimi, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 3-də Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən sessiyanın təfərrüatımı təqdim edir:
Əvvəlcə qonaqlar 30 illik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar.
Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı 30 il öncə öz doğma yurdundan didərgin düşüb: “İşğaldan azad edilmiş ərazilərimizə daxil olanda bunu hər kəs görür. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etməkdədir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə sakinlərin köçü başlayacaq. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdamda 12 kənd və Ağdam şəhərində 5 yaşayış kompleksi inşa olunacaq".
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Ağdam Azərbaycanın ən çox əhalisi olan şəhərlərindən biri olub: "Ağdam yüzlərlə mədəni abidəyə ev sahiblik edib. Təəssüflər olsun ki, hazırda həmin abidələri görə bilmirik. Otuzillik işğal ərzində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb. Əminəm ki, yaxın gələcəkdə Ağdam çiçəklənəcək, öz əzəmətini yenidən bərpa edəcək".
İşğal müddətində düşmən tərəfindən torpaqlarımıza yerləşdirilən minalardan danışan nazir müavini bildirib ki, Ağdam dünyanın ən çox minalanmış ərazilərindən biridir: "2020-ci ilin Vətən müharibəsindən sonra 60-dan çox insan mina partlayışı nəticəsində həlak olub, 300-dən çox şəxs yaralanıb. Hazırda minaların təmizlənməsi ilə bağlı işlər davam edir. Bu prosesdə ANAMA təşkilatının gördüyü işlər təqdirəlayiqdir".
ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin minaların təmizlənməsi sahəsində təcrübələrini bölüşüb.
UNESCO üzrə Malta Milli Komissiyasının sədri, mədəni irs üzrə ekspert Raymond Bondin minaların qeyri-maddi mədəni irs nümunələrinə vurduğu ziyandan danışıb.
BMT-nin İnkişaf Proqramının (BMTİP) mütəxəssisi Qadeem Tariq sessiyanın əhəmiyyətini qeyd edib. Söyləyib ki, bu günə qədər Azərbaycan mina təhlükəsi, onun təsirləri ilə bağlı bir çox konfrans keçirib: “Biz ümid edirik ki, bu gün təşkil edilən sessiya beynəlxalq ictimaiyyətin maariflənməsinə müsbət təsir göstərəcək”.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov düşmənin Qarabağa yerləşdirdiyi minalar haqqında məlumat verib: “Biz mədəni irsin dağıdılması zaman vandalizm terminindən istifadə edirik. Sizin Ağdama gələrək bu olanları öz gözlərinizlə görməniz çox vacibdir. Araşdırmalara görə, təkcə Ağdamda 1,5 milyondan çox minanın quraşdırıldığı təxmin edilir. Onlarla tarixi irs nümunəmiz minalanıb. Düşmən hətta qəbiristanlıqlara belə minalar yerləşdirib. Öz yaxınlarının məzarlarını ziyarət edən insanlar həmin minalara düşüblər".
Sessiyadan sonra qonaqlar üçün Ağdam şəhərinə ekskursiya təşkil edilib. Onlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Ağdamda aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar.
Ekskursiya zamanı qonaqlar Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxıblar. Daha sonra İmarət kompleksində görülən işlərlə tanışlıq olub, Ağdam Cümə məscidi ziyarət edilib.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb
Türk Animasiya Assosiasiyası (ATA) Türk Dövlətlərinin Animasiyası-2024 (Animation of Turkic Countries 2024) kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəniyyətin İnkişafı Beynəlxalq Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, kataloq iyunun 9-dan 15-dək Ansi şəhərində (Fransa) keçiriləcək Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq. Festivalda Türk dövlətlərinin animasiya məhsullarını tanıtmaq məqsədilə ATA və TÜRKSOY-un müştərək stendi açılacaq.
Şərtlərə görə işlərin müəllifləri və ya müəllif hüququ olan şəxslər TÜRKSOY-a üzv olan ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə) vətəndaşları və ya rezidentləri olmalıdırlar. Əsərlərin qəbulu mayın 10-dək aparılacaq.
Türk Animasiya Assosiasiyasının əsas məqsədi türk xalqlarının ənənələrinin və çoxəsrlik mədəniyyətinin tanıdılması üçün animasiyanın yaradılmasıdır. ATA türkdilli ölkələr arasında mədəni dəyərlərin mübadiləsinə, animasiya sənayesinin inkişafına və milli animasiya assosiasiyalarının dəstəklənməsinə səy göstərir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir.
Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Forumda iştiraklarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır.
Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib.
Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar.
Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)