Super User
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
Bakı Media Mərkəzinin “Ölüm axtaran qadın” tammetrajlı sənədli film layihəsi Polşa Kino İnstitutunun beynəlxalq müştərək istehsal müsabiqəsinin qalibi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsabiqənin nəticəsinə görə, Polşa Kino İnstitutu layihəyə maliyyə dəstəyi göstərəcək. Filmin montajı, səs tərtibatı, rəng korreksiyası və distribusiyası Polşada polyak mütəxəssislər tərəfindən aparılacaq.
Azərbaycanın film layihəsi ilk dəfədir Polşa Kino İnstitutunun maliyyə dəstəyini əldə edir. Bu dəstək üçün yüzlərlə layihə müraciət edib. Qalib gələn 2 layihədən biri də “Ölüm axtaran qadın“dır.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rejissoru Fariz Əhmədov, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, operatorları Mateuş Çuxnovski (Polşa), Daniel Quliyev, redaktorları Rasim İsmayılov və Esmira Əyyub, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyev, ko-prodüseri Vita Zelakeviciute (Polşa) və prodüseri Orman Əliyevdir.
Film qadın minaaxtaranların işğaldan azad olunmuş ərazilərdəki fədakar fəaliyyətindən bəhs edir. Qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir.
“Ölüm axtaran qadın” film layihəsi Azərbaycan Respublikası Kino Agentliyinin 2023-cü ildə keçirdiyi müsabiqənin də qaliblərindən biridir. Filmin çəkilişləri yekunlaşmaq üzrədir. Film Bakı Media Mərkəzi ilə Polşanın “Drygas Film Production” şirkətinin birgə istehsalıdır.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Qələm varaqdan tutur… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
AĞLAYIR
Bu adam Allah çağırır,
Bu adam Xuda ağlayır.
Gözündən təklik tökülür,
Canında qada ağlayır.
Düşübdü kəmə, kəsirə,
Möhtacdı pirə, nəzirə,
Qalıb kəsilə-kəsilə,
Səsində nida ağlayır.
Vaxtına-vaxtına döyür,
Baxtına-baxtına döyür,
Taxtına-taxtına döyür,
Əlində balta, ağlayır.
Küsübdü sözə, varağa,
Qeybətə, qala, qınağa,
Bələnib toza, torpağa
Çəmənə, ota ağlayır.
Başına döyür bu adam,
Daşına döyür bu adam,
Qışına döyür bu adam,
Dilində səda ağlayır.
Bu adam Allah çağırır,
Bu adam Xuda ağlayır.
Gözündən təklik tökülür,
Canında qada ağlayır.
TUTUR
Buludlar göy üzündən,
Ağaclar yerdən tutur.
Dalğalar dənizindən,
Zirvələr yeldən tutur.
Günəş səhərə aşiq,
Ulduzlar gecələrə.
Arzular xəyallara,
Xəyallar küçələrə.
Quşlar çöp yuvasına,
Arı pətəyə qaçır.
Göz yaşı kirpiklərə,
Sevgi ürəyə qaçır.
Payız xəzana vurğun,
Bahar çiçəyə möhtac.
Səhralar buludlara,
Çöllər küləyə möhtac.
Ləpələr qayalardan,
Dənizlər dağdan tutur.
Şairlər qələmindən,
Qələm varaqdan tutur.
ETÜD
Günəş gülümsəyirdi
Otlar, çiçəklər, ağaclar
gərnəşib oyanırdı yuxudan.
Buludlar qaçıb gizlənmişdi
dağın dalında,
Səhər yaş paltarını
qurudurdu günəşin baxışlarında.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Və mən onu yenə də sevirdim...- ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Və mən onu sevirdim.
“Sevmək nədir?"-sualına daxilim bir cavab verəcək qədər cəsarətli deyildi. Ruhlar cəsarətlə qürur arasında nifrət toxumlarını əkərkən, qəlblər öz atış şiddətini iki mislinə çıxararkən, qələm ən son misranı yazmaqdan utanarkən mən onu sevirdim. Sevmək əgər şirniyyatımdan bir parça alıb qaçan qarışqaya zaman tanımaqdırsa, mən onu çoxdan unutmuşdum. Hər gün nəmlənmiş tələbə evinin mətbəxində barmaqlarım arasında onlarla qarışqa öldürürdüm. Və hər gün inanmadığım cəhənnəm vadisindən neçə metr torpaq qazandığım haqqında dırnağarası zarafatlar edirdim.
Və mən onu sevirdim. Sevmək əgər daha da güclü olacağam sözünə əməl etdiyimi fərz etməkdirsə, mən onu çoxdan öldürmüşdüm. Və yenə tələbə evinin nəmli mətbəx stolu üzərində hər iki qolum balıncı əvəzləyir və öz balıncım saçlarımın qoxusuna çoxdan həsrət qalmışdı.
Sevmək əgər böyüyərkən xoşbəxtliyin varlığına inanmaqdırsa, mən onu çoxdan dəfn etmişdim. Və yenə nəmli divarları olan tələbə evinin çirkli pəncərə şüşələri arxasından dəniz mənzərisini əvəzləyən yaşıl yarpaqlı ağac budaqlarına baxırdım. Və mən onu yenə də sevirdim. Amma yenə də özümü sevərkən ona olan sevgim bir az daha azalırdı. Çünki mən nə birini sevəcək qədər könlü boş, nə də özümü unudacaq qədər könlü dolu deyildim.
Amma mən onu yenə də sevirdim.
Fəqət o kim idi...?!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Kaş yarıda qalmayaydı bu yollar"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən istərəm o dağlardan keçməyə,
Kaş yarıda qalmayaydı bu yollar.
Əyilib, buz bulaqlardan içməyə,
Kaş yarıda qalmayaydı bu yollar.
Savalanın zirvəsi qar olar hey,
Zaman-zaman orda duman qalar hey,
Mən getməsəm bənövşələr ağlar hey,
Kaş yarıda qalmayaydı bu yollar.
Biçənəklər əllərimin həsrəti,
Aylarımın, illərimin həsrəti,
Bağım, baxçam yollarımın həsrəti,
Kaş yarıda qalmayaydı bu yollar.
Çalınmamış toylarım var o tayda,
Yaşanmamış aylarım var o tayda,
Deyilməmiş boylarım var o tayda,
Kaş yarıda qalmayaydı bu yollar.
Deyən yoxdu, sinən üstə nə közdü?!
Ayrılığı taleyinə kim yazdı?!
Loğmanım da, dərmanım da Təbrizdi,
Kaş yarıda qalmayaydı bu yollar.
Anam vardı qalıbdı yaddaşımda,
Ayrı düşdüm ondan bahar yaşımda,
Bahar ömrün sevdaları başımda,
Kaş yarıda qalmayaydı bu yollar.
Çaxılmayan şimşəklərdə gücüm var,
Tufanlarda, küləklərdə gücüm var,
Əyilməyən biləklərdə gücüm var,
Kaş yarıda qalmayaydı bu yollar.
Sellər, sular durulmasa nə fayda,
O zəncirlər qırılmasa nə fayda,
Durulası çaylarım var o tayda,
Kaş yarıda qalmayaydı bu yollar.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
“Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin final mərhələsi keçirilib
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə III Regional Xor Müsabiqəsi keçirilir.
“Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin final mərhələsi 7 may tarixində Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı final mərhələsi barədə məlumat almaq üçün Mil-Muğan Regional İdarəsinə müraciət edib. Alınan məlumata görə, tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarəsinin rəisi Faiq Xudanlı, Mingəçevir Şəhər İcra Hakimiyyət başıçısının müavini, regional idarələrin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl Regional İdarələrin rəisləri, rəis müavinləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini və münsiflər heyəti Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Final mərhələsində Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə fəaliyyət göstərən 6 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.
İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıb.
Xatırladaq ki, müsabiqədə iştirak edən 16 uşaq musiqi və incəsənət məktəbindən 6-sı final mərhələsində iştirak etmək hüququ qazanmışdı.
Final mərhələsində qalib olmuş xor kollektivləri münsiflər heyəti tərəfindən elan edilib.
Belə ki, məktəblərdən
Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi - Qran priyə
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi - I yerə
Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi - II yerə
Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi - III yerə
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi isə diploma layiq görülüblər.
Bununla da Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə təşkil edilən Xor müsabiqəsinin final mərhələsi yekunlaşıb.
Qeyd edək ki, qaliblərin mükafatlandırılma mərasimi 16 may 2024-cü il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq Qala konsertində həyata keçiriləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival çərçivəsində xalçaçılıq sənətini əks etdirən tədbirlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevə həsr olunan Rəşad Ələkbərovun “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” və Tahir İmanovun müəllifi olduğu “Heydər Əliyev 100” eksklüziv sərgiləri, həmçinin Rüfət İsmayılın müəllif xalçalarından ibarət sərgisi maraqla qarşılanıb.
Təşkil olunan digər tədbirlərə açıq səma altındakı xalça sərgiləri, on doqquzuncu əsrə aid qədim xalçaların nümayişi, 3D formatında toxunan “Bağçada meyvələr” sərgisi, “Gül xalçası” nümayişi, xalça toxuma sənəti ilə bağlı maarifləndirici seminarlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının da iştirak etdiyi uşaqlar üçün ustad dərsləri daxil olub.
“Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara dəzgah üzərində xalçatoxuma sənəti ilə bağlı dərslər təqdim edib.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xalça Muzeyinin təqdimatı ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün “Sərhədsiz muzey” adlı inklüziv sərgi təşkil olunub. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə məktəblərinin əl işlərinin sərgisi uğurla nümayiş olunub.
Tədbir zamanı İçərişəhərin sakinləri və sahibkarları fəal iştirak edərək, ev və obyektlərin fasadlarını, eyvanlarını xalçalarla bəzəməklə festivala öz töhfələrini veriblər.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
“Sazlı-sözlü kəlağıyı” bu dəfə Gədəbəydə
Xəbər verdiyimiz kimi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə ölləmizdə “Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə həyata keçirilir. Bu dəfə layihə Gədəbəyə üz tutdu, mən də fürsətdən istifadə edib layihəsinin rəhbəri Güllü Eldar Tomarlıdan layihənin Gədəbəy səfəri barədə bilgi aldıq.
“Mayın 6-da Gədəbəy rayonu, Gədəbəy Aşıq Məktəbində Gədəbəy rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə “Sazlı-sözlu Kəlağayı günləri” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsinin rəhbəri olaraq mən açdım, kəlağayı haqqında geniş məlumat verdim. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirdi.
Kəlağayımıza həsr olunmuş tədbir aşıqlarımızın, şairlərimizin ifasında tamaşaçıla xoş ovqat bəxş etdi.
Tədbirdə Gədəbəy Aşıq Məktəbinin direktoru Azər Əkbərov, Gədəbəy Mədəniyyət Mərkəzinin direktoru Elmira Hacıyeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, şairlər- Səringül Sadə, Brilyant Atəş, Sabahinfo.az saytından redaktor müavini Elnarə Həziyeva, aşıqlardan Mübariz Cəfərov, Əlviz Əsgərov, Şahin Əkbərov, Zülfüqar Şamilov, Toğrul Qurbanov, Dilqəm Bağırov, balabaçı Tahir İsgəndərov, kitabxana müdiri Pənah Zeynalov, qiraətçi Şəha Ələsgərova şagirdlərdən Burla Qurbanova çıxışlar etdilər, kəlağayı haqqında şeirlər söylədilər, aşıq mahnıları ifa etdilər, kəlağayıdan bəhs edən maraqlı xatirələr söylədilər.
“Nağara'' qrupunun çıxışı da alqışlarla qarşılandı”
Daha sonra Güllü Eldar Tomarlı bildirdi ki, kəlağayı nənələrimizdən bizə qalan ərmağandı, əsrlərin yadigarıdır. Kəlağının bu sayaq təbliğatı çox vacibdir.
Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və bu da onun beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.
Belə tədbirlərin keçirilməsində məqsədin xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, sevdirmək, təbliğ etmək, kəlağayımızın əzəlki şan-şöhrətini özünə
qaytarmaq olduğunu vurğulayan Güllü Eldar Tomarlı layihəni davam etdirəcəklərini qeyd etdi.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
8-ci Layoune Beynəlxalq Poeziya Festivalı uğurla başa çatdı - TƏƏSSÜRATLAR
Könül, “Ədəbiyyat və incəsənət”
8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu - mövzu cəlbedicidir, xüsusən də ona görə ki, orda Azərbaycan da təmsil olunurdu.
“Ədəbiyyat və incəsənət” adından festivalda ölkəmizi təmsil edən gənc şairə Nigar Arifə müraciət etdik və o bizə aşağıdakı açıqlamanı verdi:
12 gün - aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutdu festival. Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunmuşdu, Azərbaycanı təmsil edən isə mən idim. Olduqca böyük, maraqlı, şən və rəngarəng festival idi və adlarını sadaladığım şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə - həm ana dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. (Ana dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu).
Bir çox tədbirlərdə, konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu…
Layoune şəhərində Poeziya gecəsinin bağlanış mərasimində yerlilər bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək də etdilər… Həqiqətən də özümüzü öz evimizdəki kimi hiss edirdik…
Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri Sahara səhrası, digəri isə Tangier şəhərindəki Mağara idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik…
Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən, şən, zarafatcıl, mehriban, əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “ kafada” olan bütün şairləri özəlliklə seçmişdilər. Bu arada ən cavan şair mən idim, buna görə qalan şairlər hamısı mənə “qızım” deyə müraciət edirdilər, mən də onlara zarafatla “anam, atam” deyitdim… O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və müxtəlif ölkələrdən kifayət qədər uğurlu, gözəl şairləri yaxından tanıdım…
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
Supertənbəl
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
İnsan məntiqini nə ilə izah etmək olar?
-Hər 4 yol qəza hadisəsindən 1-i sükan arxasında telefon istifadəsindən baş verir.
-İnşllah, məndə olmaz.
-Lotoreyada uduş şansı 302575350-də 1-dur.
-Həyatda hər şey ola bilər.
2.
Supertənbəllik nədir?
Odur ki, hətta divanda sərələnməyə də tənbəllik edirsən.
3.
Kişilər hamısı eyni cürdür. Təkcə əməkhaqları müxtəlifdir.
4.
Narkoman hazır vəziyyətdə evinə gəlir. Qapını əlisüpürgəli həyat yoldaşı açanda o, həyat yoldaşı qarşısında diz çökərək deyir:
-Sənubər, sən atoun goru, üçüb getmə, bir də belə iş tutmaram.
5.
-Təbriklər. Sənin vəzifəni böyüdüblər. Buna necə nail oldun?
-Asan. Müdirə sən korrupsioner oğraşsan əvəzinə siz effektiv menecersiz dedim.
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Rizə küftə
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Rizə küftənin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR (nüsxə):
§ Ət – 237 qr
§ Baş soğan – 84 qr
§ Yağ – 40 qr
§ Pomidor rubu – 20 qr
§ Reyhan – 18 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ keşniş – 10 qr
HAZIRLANMASI:
Ət soğanla çəkilir, içərisinə duz, istiot vurulur, balaca küftələr düzəldilir, bol soğanla isti yağda qovrulur, üstünə pomidor rubu əlavə olunur. Daha sonra su və ya işgənə qatılaraq qarışdırılır. Yemək hazır olanda üs- tünə bir az keşniş tökülür.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(07.05.2024)