“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
AĞLAYIR
Bu adam Allah çağırır,
Bu adam Xuda ağlayır.
Gözündən təklik tökülür,
Canında qada ağlayır.
Düşübdü kəmə, kəsirə,
Möhtacdı pirə, nəzirə,
Qalıb kəsilə-kəsilə,
Səsində nida ağlayır.
Vaxtına-vaxtına döyür,
Baxtına-baxtına döyür,
Taxtına-taxtına döyür,
Əlində balta, ağlayır.
Küsübdü sözə, varağa,
Qeybətə, qala, qınağa,
Bələnib toza, torpağa
Çəmənə, ota ağlayır.
Başına döyür bu adam,
Daşına döyür bu adam,
Qışına döyür bu adam,
Dilində səda ağlayır.
Bu adam Allah çağırır,
Bu adam Xuda ağlayır.
Gözündən təklik tökülür,
Canında qada ağlayır.
TUTUR
Buludlar göy üzündən,
Ağaclar yerdən tutur.
Dalğalar dənizindən,
Zirvələr yeldən tutur.
Günəş səhərə aşiq,
Ulduzlar gecələrə.
Arzular xəyallara,
Xəyallar küçələrə.
Quşlar çöp yuvasına,
Arı pətəyə qaçır.
Göz yaşı kirpiklərə,
Sevgi ürəyə qaçır.
Payız xəzana vurğun,
Bahar çiçəyə möhtac.
Səhralar buludlara,
Çöllər küləyə möhtac.
Ləpələr qayalardan,
Dənizlər dağdan tutur.
Şairlər qələmindən,
Qələm varaqdan tutur.
ETÜD
Günəş gülümsəyirdi
Otlar, çiçəklər, ağaclar
gərnəşib oyanırdı yuxudan.
Buludlar qaçıb gizlənmişdi
dağın dalında,
Səhər yaş paltarını
qurudurdu günəşin baxışlarında.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)