Super User
Güneyli şair Məhəmmədtağı Tağızadə vəfat edib
Azərbaycanın Güneyində şair Məhəmmədtağı Tağızadə dünyasını dəyişib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Yazıçılar Birliyi sədrinin Güney Azərbaycan üzrə müşaviri Sayman Aruz məlumat verib.
Azərbaycan Türkcəsində yazdığı şeirləri ilə tanınan şair, yazıçı və mədəniyyət xadimi Məhəmmədtağı Tağızadə 1939-cu ildə Qaradağ bölgəsinin Larican kəndində anadan olub.
Məhəmmədtağı Tağızadənin yazdığı şeirlərin bir hissəsini ehtiva edən "Qara bayquş" və "Qərib çinar" adlı iki şeir kitabı nəşr olunub.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və Bütöv Azərbaycana başsağlığı veririk.
Ruhu şad, məkanı cənnət olsun.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
MÜƏYYƏN MƏSƏLƏLƏR - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, siyasi icmalçı Əkbər Qoşalının son siyasi hadisələrlə bağlı şərhini nəzərinizə çatdırır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada səfərdədir. O, Ermənistan – Rusiya münasibətlərində bir çox sərhəddi, bəlkə qırmızı cizgini keçmiş Baş nazirdir. – Özü (özləri) bilər. Ermənistan, sərhəd və qırmızı cizgidən danışırıqsa, vİranın Ermənistan üzərində cızdığı “qırmızı cizgi” dəxi yada düşür. Fransa, bəlkə ABŞ və bəzi başqaları da hansısa “qırmızı cizgi”lərlə çıxış etmiş ola bilər... 29,8 min kv.km ərazi üzərində (üzrə) neçə çeşid qırmızı cizgi olar?.. Bu, başlı-başına uzun bir mövzudur...
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında şərti dövlət sərhəddinin uzunluğu təqribən 1000 km, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası sərhəddin uzunluğu isə toplam 350 km-dir (327,6 km (ondan 55,2 km çay üzrə olmaqla) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir).
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhəddi əsasən 1991-ci ildə dəqiqləşsə də, sərhəd haqqında müqavilə illər sonra – 2010-cu ildə bağlanıb. İki dövlət arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi bölmədən – Samurçay üzərindən, digəri isə aşağıdan – Samurçayın deltası üzərindən keçir. Eyni zamanda, Xəzərdə dəniz gəmiçiliyi mövcuddur və gəmilərin dənizdən çaya, çaydan dənizə keçidi bəlli texnolojilərin tətbiqi ilə həyata keçirilməkdədir.
Bir vaxtlar Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisində iki köksüz eksklavı – Xraxoba və Uryanoba kəndləri vardı.
Adıkeçən hər iki kənd keçmiş SSRİ dönəmində - RSFSR-in Dağıstan MSSR-dəki Axtı rayonundan bizim Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün salınıb. Bu salınma keçmiş SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə idi. İndi siz Kremlin ilk baxışda balaca görünən hoqqasına fikir verin: doğma Dağıstan qalsın bir yana, Rusiya Federasiyasının ucsuz-bucaqsız ərazisində təsərrüfat üçün yer qəhətmiş sanki, gəlib bizim respublikanın ərazisində boş yerə göz dikibmiş... Yoxsa, şükür Tanrıya, bizim ləzgi qardaşlarımızla problemimiz olmayıb, olmayacaq da – lakin tarixən iç-içə yaşamış xalqları nə vaxtsa, üz-üzə qoymaqçün bəlkə... bəlkə bir başqa bədniyyətlə Kreml eksklav, anklav-filan qondarırmış...
Nəysəki Dağıstanın Xrax kəndi çoxdan keçmişdə qalıb – tərk edilmiş kənd rəsmi olaraq ləğv edilib.
Uzun sözün qısası, Xaçmazın Xraxoba və Üryanoba kəndlərinin əraziləri bundan 70 il öncə - 1954-cü ildə keçmiş SSRİ Nazirlər Sovetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə - Axtı rayonunun kolxozuna icarəyə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Bugündən baxanda, “çox nahaq uzadıb” deyə bilərik, ancaq yaxşı ki, heç olmasa, bəlli bir müddətədək uzadıbmış...
Müstəqillik dövründə - icarə müddəti bitəndən sonra belə, çözümə qovuşmayan bu məsələ, nəhayət 6 il sonra – 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdə çözülüb. Beləliklə, Xraxoba və Üryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul edilib.
Sonrakı illərdə (2012-ci ilin aprelindən başlayaraq) Xraxoba və Üryanoba sakinləri qarşılıqlı razılıq əsasında Dağıstana köçürülüb. Köçürülmə Azərbaycan hökuməti, Rusiyanın respublikamızdakı səfirliyi və Dağıstanın hakimiyyət orqanlarının işbirliyi ortamında həyata keçirilib.
Bəli, o kəndlərdə Rusiya Federasiyasının pasportunu daşıyan – bəlli tarixdə ora köçürülmüş əhali yaşasa da, ərazi Azərbaycana məxsus idi, vaxt gəldi-vədə yetişdi bu məxsusluq bilavasitə (yaxud bir daha), rəsmi olaraq və ən yüksək səviyyədə təsbit olundu, mövcud problem də çözümə qovuşdu. Əslində, bu, bir yaxşı örnəkdir.
Onu da vurğulayaq ki, iki dövlətin sərhəd çayı olaraq bilinən Samurçaydan suvarmada istifadə olunur. 90-cı illərdə sərhəd barədə müəyyən problem çıxınca, Samurçaydan istifadə üçün müqavilə imzalanıb. – 28 avqust 2010-cu il tarixli, 1416 saylı müqavilədə Rusiya və Azərbaycan arasında sərhəddin delimitasiyası, həmçinin Samurçayın suyundan istifadə məsələləri aydın göstərilib.
Bu müəyyən məsələləri niyə xatırladıram? –
Sualın cavabı üçün gəlin, Rusiya Federasiyasının paytaxtına səfərdə olan Paşinyanın Baş nazir olduğu dövlətə diqqət yönəldək.
Yuxarıda vurğuladığımız kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında şərti dövlət sərhəddinin uzunluğu təqribən 1000 km-dir. Qazaxın bəlli 4 kəndi səmtində delimitasiya, demarkasiya işləmlərinin gedişində bu uzunluğun az bir hissəsi üzrə razılaşma əldə olunmaqdadır. - Artıq 40 sərhəd dirəyinin quraşdırıldığı bildirilir. Respublika ərazisinin 20 faizinin 30 illik işğalına son verildikdən sonra 5 faiz olsa dəxi, bu razılaşmalar önəmlidir, əlbəttə.
Ermənistan Respublikasının mübaliğəsiz 20 faizi, mübaliğəli olsa dəxi tamı bizim torpaqlardır. Bəs o torpaqlar necə indiki Ermənistan Respublikasına keçib? Necə olacaq? Təqribən Xraxoba, Üryanoba kimi... Otlaq, əkin, biçin, nə bilim nə adlasa verilib “Sosialist Ermənistanı”na... Bəs o boyda Rusiya Federasiyası ilə başa çatan icarə müqavilələri misalı, Ermənistan Respublikasına icarəyə verilmiş ərazilərimizin “ded layn”ı (“deadline”; son möhlət tarixi) olmazmı?..
Diqqət edin: Zəngəzur Ermənistana ona görə peşkəş edilməliymiş ki, onlar sosialist hakimiyyətinə razı olsunlar... Bilmirəm, “sənədləşmə”ni necə ediblər – otlaq, yaylaq yeri icarəsi ya necə?.. Amandı, Tanrı, amandı! Bütün bunlar azmış kimi, Azərbaycanın yerdə qalan ərazisinin içində də “DQMV” yaradılmasına nail olmuşdular. – “Nə gözəl sosializmmiş, bə: - o tərəfdən Zəngəzur, Göyçə, ayrıca, neçə kənd (tarixdəki ilk erməni dövləti sayılan) yeni qurulmuş Ermənistana verilsin, ərazimizin dərinliklərində muxtar vilayət yaradılsın, Naxçıvanla birbaşa əlaqəmiz kəsilsin, bəzi kəndlərimizsə anklav durumuna düşsün... bu da olsun müttəfiqlik, dostluq, qardaşlıq, beynəlmiləlçilik, nə bilim, kirvəlik... Bütün bunlar azmış kimi zaman-zaman Gədəbəydə Başkənd, Xaçmazda Xraxoba, Üryanoba, Qəbələdə məlum RLS ərazisi üzərində bizim yox, qonşu və ya “qonşu” dövlətin hakimiyyəti peydahlansın...
İndi Moskvada səfərdə olan Paşinyan Xraxoba və Üryanobanın Azərbaycanın tam yuridiksiyasına necə qaytarılması təcrübəsini də öyrənsə pis olmaz. Lazım olar...
Hələliksə, kommunikasiyaların açılması mövzusunu demaqogiyadan tamı-tamına həllivacib məsələyə çevirmək lazım: ermənilər və havadarları Qafqazda Ermənistan olmasını istəyirlərsə, Zəngəzur dəhlizi açılmalı, tıxanıqlıqlar aradan qaldırılmalıdır. (Əgər özlərini dövlət bilirlərsə) iki dövlət arasında avtomobil, dəmir və piyada keçidləri açılmalı deyilmi? Bəlkə Araz çayından səmərəli istifadə üzrə də hansısa anlaşmalar ola bilər. Özəlliklə, “Yaşıl dünya naminə Həmrəylik İli” içində olan və COP29-a evsahibliyi edəcək Azərbaycana nə Arazdan, nə digər çaylardan zəhər-zəmbərək axıtmaq Ermənistana xeyir gətirməz! Əldəqayırma partlayıcı qurğu quraşdırılmış gəlinciyi çayla üzü aşağı axıdıb uşaq qatili olmaq dönəmi tam qapanmalıdır. Dəmir Yumruq zarafat sevmir, zarafat etmir yalnız xəbərdarlıq edir!
Ermənistan (və havadarları) eksklav, anklav-filan üzərindən də hər hansı hoqqadan imtina etməli, bizim yerdə qalan 4 kəndimizi də uhulət-suhulətləcə qaytarmalı, bizdən də heç nə istəməməli, tam tərsinə, 30 il boyunca vurduğu ziyanların əvəzlənməsi haqqında dərin-dərin düşünməlidir.
Başqa bir müəyyən məsələ:
Sapı özümüzdən olan azsaylı “baltlar və o baltaları itiləyən xarici güclər bizi müharibə hazırlıqlarında günahlandırır(dı); günahlandırır(dı)lar ki, bəs deməzsənmi, Ermənistan sülhə gəlməyə can atır, məgər Azərbaycan sülh istəmir. “Sülh istəmir” demək, “müharibə istəyir” deməyə bərabərdir. “Nə hərb, nə sülh” dönəmi isə öncəki uzun illər boyu mövcud olduğu üçün (necə deyərlər) gündəlikdən çıxıb. – Doğrudan da, indi ya sülh olmalıdır ya sülh olmalıdır. Əlbəttə, sülhdən sonra müharibə olmamalıdır, amma müharibədən sonra sülh olmalıdır, əlbəttə. Belə bir söz var, deyərlər, “qızılca çıxartmaq hər bədənin borcudur - bu dünyada çıxartmayanlar da o dünyada çıxarar”… - Bənzətmə qüsurlu sayılmasın, Sülh Anlaşması da belədir: ya onu müharibəsiz imzalamalısan ya müharibədən sonra. - Sülhə gəlməyən dövlət bunun bədəlini ödər və “öldükdən” - özünü buraxdıqdan sonra dəxi o öhdəlik onun üzərində qalar. SSRİ ilə Yaponiya Sülh Anlaşması imzalamamışdı; bu gün o tərəflərdən biri (SSRİ) yoxdur, amma Sülh Anlaşması da yoxdur… - SSRİ “yemədi getdi”… Biz nə SSRİ, nə də Yaponiya deyilik, ancaq Ermənistan özünü gah belə gah elə aparmağa meyl göstərmiş ola bilər. Hansı dövlət hansı dönəmdə ədalətsiz olubsa, bu, Ermənistan üçün yaxşı örnəkdir. Ermənistan pis örnəklər topluluğudur - harda nə yaramazlıq var suçəkən kimi canına çəkir.
Sonda:
Bu yazının yazılma tarixi 8 May 2024-cü ildir. Uzun illər 8 May bizimçün qara gün oldu – ta ki Dəmir Yumruq öz kəramətini göstərənədək!.. Elə ki efirə, gündəliyə və milli təqvimimizə 8 Noyabr – Zəfər Günü gəldi, 8 May öz qaramat məzmununu əbədi olaraq itirdi. Bu il isə 8 May Şuşaya ilk köçün gerçəkləşdiyi gün olaraq tarixləşdi! Bəli, şəhidlər ölmədi, Vətən bölünmədi! Bəli, müstəqil Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində xarüqələr yaratmaqda davam edir.
Başqasından asılı olmadan yaşamaq necə də gözəldir! Bu gözəlliyi heç vaxt müstəqil olmamışlara necə anlatmalı, İlahi? Örnəyi, bir dövlət ki, özünü elan edəndən bəri öz hesabına deyil, başqa büdcə(lər), haqsız yardımlar, habelə işğal, vandallıq gəlirləri, oğurluq, qəsbetmə hesabına ayaqda durur... onun başbilənlərinə nəyi necə anlatmalı?.. Ancaq ortada gül kimi yol xəritəsi var: “İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”... – Müzəffər Ali Baş Komandan bu yol xəritəsini 3 il öncə - 2021-ci il noyabrın 20-də cızıb. Və bu, Paşinyanın tez-tez istinad etdiyi 1975-ci il xəritəsi deyil... Dəqiqdir.
Bəli, qonşularla, ətraf aləmlə - insanlar qalsın bir yana, digər canlılarla, təbiətlə insanca davrana bilməyənlər şələ-külələrini, bayraq-mayraqlarını, unitaz-ləyənlərini, bir sözlə, mərətlərini, andırlarını özləri ilə götürüb təyin olunmuş yer(lərə) getmə haqqına sahibdir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
ƏLİ SƏFƏRLİNİN 70 İLİ - Komitə sədri tanınmış rəssamı yubileyi ilə bağlı təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərliyə təbrik məktubu ünvanlayıb. Tanınmış rəssamın 70 illik yubileyi ilə bağlı təbrik məktubunda onun yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Əli müəllim,
Sizi – tanınmış incəsənət xadimini qarşıdan gələn 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinində (indi ADRA nəzdindəki İncəsənət Kollecində) tərtibatçı rəssam ixtisası üzrə təhsil almısınız. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən Naxçıvan Rəssamlar Birliyinin üzvüsünüz. “Şərq qapısı” qəzetində (1972-1974), C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında (indiki Naxçıvan Dövlət Milli Dram Teatrında) quruluşçu rəssam (1983-1987), M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında baş rəssam (1990-2012) və Babək Rayon Xalq Teatrında quruluşçu rəssam (2009-2017) vəzifələrində işləmisiniz. Teatrlarda işlədiyiniz müddətdə 60-a yaxın tamaşanın uğurlu səhnə tərtibatını və geyim eskizlərini hazırlamısınız. Bu tamaşalardan bir çoxu qastrol və festivallarda, həmçinin dostluq görüşlərində Bakı, Gəncə, Şəmkir, Şəki, İsmayıllı, Lənkəran, Masallı və Astarada, doğma Urmiyada, habelə qardaş Türkiyənin Ərzincan, İzmir, İğdır, Trabzon, Van və b. şəhərlərində uğurla göstərilib.
2012, 2014 və 2019-cu illərdə Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda sizin fərdi yaradıcılıq sərginiz keçirilib. 1978-ci ildən bəri müxtəlif sərgilərdə uğurla iştirak edirsiniz. O cümlədən, doğma Urmiya şəhərində (1994), qardaş Türkiyənin İğdır şəhərində (2001, 2003) və Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Naxçıvan rəssamlarının sərgisi”ndə (2001, 2005, 2011, 2012), R.Mustafayev adına Azərbaycan Milli İncəsənəti Muzeyində “Azərbaycan teatr rəssamlarının sərgisi”ndə (2005), Bakıda – Təbriz miniatür məktəbinin ustadı Sultan Məhəmmədin 550 illik yubileyinə həsr olunmuş miniatür sərgisində, habelə “Nar” tematik sərgisində Naxçıvan rəssamlarını uğurla təmsil etmisiniz. Siz həmçinin 2012-ci ildən başlayaraq hər iki ildən bir keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının başarılı iştirakçısısınız. “Naxçıvan-95”, “Yurdum mənim” festivallarında ödülləndirilmisiniz (2019).
Əsərləriniz Naxçıvan və Bakı şəhərlərində (o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, B.Kəngərli Muzeyində, C.Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində, C.Məmmədquluzadənin Ev Muzeyində, Milli Dəyərlər Muzeyində, Xatirə Muzeyində, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində), bir sıra qonşu ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Sabir Rüstəmxanlının 78 illiyinə
İqbal Nəhmət Xalq şairi Sabir Rüstəmxanlının 78 illiyi münasibətilə bu gün yazdığı şeirini “Ədəbiyyat və incəsənət”ə yönəldib. Onu diqqətinizə çatdırırıq.
Varlığı Vətən adam!
Bir üçqar dağ kəndində,
Günəş doğmuşdu o gün.
Dan yeri qaranlığı,
Asıb, boğmuşdu o gün.
Doğulmuşdu bir evdə
Şeir adam, söz adam!
Hələ heç bir baxışın
Görmədiyi göz adam!
Quruyan buludları
Yağdıra bildi Sabir!
Vaxtı ustad ömrünə
Sığdıra bildi Sabir.
Meydan qurdu özünə,
Meydanların içində.
Zamanı qabaqladı,
O tarixin köçündə.
Bir yola çıxdıqları
Hərə bir yöndə azdı.
Ömrünə ömür qatıb
,,Ömür kitabı" yazdı,
Yazdı ki, oxusunlar
ömur deyilən şeyin,
nə demək olduğunu.
Bir gün açan çiçəyin
nə vaxtsa solduğunu,
Yaşasınlar, duysunlar!
Bacardı azadlığın
Özəyində durmağı.
Min illik bir tarixi
bir ömrə sığdırmağı.
Bir az dayaz düşünüb,
,,Dərinə" baş vurdular.
Daşdan ağır bir başın
Başına daş vurdular.
Sarğılarda bərkidi,
Başın baş boyda dərdi.
Tanındı Sabir adlı
Əri, məğruru mərdi.
Yaza- yaza dərdini,
Xalqın şairi oldu.
,,Sənə ucqar" deyərək,
Sözün mahiri oldu.
Parçalanmış Vətənin
Dadına çatdı şair.
Müstəqillik aktına
İlk imza atdı şair.
Danışan ağlı oldu,
Mətbuatın, ,,basın"ın
Sevimli oğlu oldu,
Böyük türk dünyasının.
Yatmış ikən yuxuda
Hərə öz aləmində.
Oyandı ,, Qan yaddaşı "
Sabirin qələmində.
Təbriz dedi, yurd dedi,
Araz boyda selim var.
Göy türkə ,,boz qurd,, dedi,
O tay , bu tay elim var.
Alqış deyirik sizə,
Min bir tikan içində,
gül olub bitən adam!
Türk deyib, oğuz deyib
Böyük Turan yolunda
Bütövlük türküsünü
oxuyan, ötən adam!
Varlığı Vətən adam!
Kimliyi Vətən adam!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
“HAFİZ PAŞAYEV – bir ömrün manifesti”
Varis yazır
“Ədəbiyyat və incəsənət” portalı Ümumdünya Yazıçılar Təşkilatı – WOW platformasında “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsi üçün Varisin hazırladığı təqdimatı nəzərinizə çatdırır.
0.
ÖN SÖZ
İnsan təfəkkürü daima hər hansı bir məfhumu müəyyən bir çərçivə daxilində şərh etməyə can atır. Təbiidir. Yeni fikrin özəyi formalaşmış fikir olur. Məfhumun müəyyən bir hissəsi həmin çərçivədən və ya formalaşmış fikirdən kənara çıxdıqda, ya ictimai təfəkkür tərəfindən rədd olunur, ya da ki, qızğın ehtiraslarla üzləşməli olur. Aqibəti heç vaxt qabaqcadan bəlli olmaz. Mahiyyətini isə yalnız zaman anlada bilər.
Hafiz Paşayev
Mənə Ümumdünya Yazıçılar Təşkilatı – WOW platformasında “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsinin Azərbaycan üzrə kuratorluğu həvalə ediləndə öz ölkəmdən kimi təqdim edəcəyim barədə əsla düşünüb-daşınmadım. Çünki həmin şəxs bu adı çoxdan özünə haqq eləyib.
Tanınmışlığına gəlincə, öz diplomatik və elmi fəaliyyəti ilə dünyada kifayət qədər tanınır.
Ədəbiyyatın dostu olmasına gəlincə isə…
1.
DÜNYA VƏTƏNDAŞLIĞI
Ondan başlayaq ki, o, görkəmli bir yazıçının övladıdır.
Davam edək ki, o özü də kitablar yazıb. Özü də bol oxucusu olan, maraqla qarşılanan kitablar.
Ardını gətirək ki, rəhbərlik etdiyi təhsil müəssisəsində tələbələr yazı mədəniyyətini ən yüksək dərəcədə əxz edə bilirlər, üstəlik, mütəmadi olaraq dünyagörüşlərinin, mütaliə mədəniyyətlərinin yüksəlməsi üçün tanınmış yazarlarla görüşürlər.
Üstəlik, o, gənc yazarları stimullaşdırmaq üçün ölkədə keçirilən ən nüfuzlu ədəbiyyat müsabiqəsinin qurucularından və əsas simalarından biridir.
Və hətta onu da deyək ki, xalqın ədəbi elitasına daxil olan bir çox məşhur adların yetişdirilməsində rol oynayan, amma zamanın hökmü ilə fəaliyyətsiz, baxımsız qalan bir təhsil ocağının tam bərpasının ağırlığı altına da məhz o çiyinlərini qoyaraq oranı müasir, komfortlu bir təhsil kompleksinə çevirib…
Hörmətli xanımlar və cənablar!
Qarşılayın, Hafiz Mir Cəlal oğlu Paşayev.
Böyük hərflərlə azərbaycanlı!
Daha böyük hərflərlə dünya vətəndaşı!
2.
ƏDƏBİYYAT SEVGİSİ
“Ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir” – deyir Hafiz Paşayev.
“Mənim bir üstünlüyüm var idi ki, evdə Mir Cəlal müəllim bizə daim ədəbiyyat barədə danışardı. Xüsusən ədəbiyyat xadimləri haqqında məlumatım var idi. Mir Cəlal müəllim ədəbi məktəblər barəsində doktorluq dissertasiyası yazmışdı. O zamanlar yazıb-yaratmış şəxslər haqqında məlumatı ilk dəfə Mir Cəlal müəllim toplamışdı” – deyir Hafiz müəllim.
“Yazıçılardan kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki, oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan.”
Bu cümlələr isə mənim qəhrəmanımın yazdığı “Bir səfirin manifesti” kitabının önsözüdür.
Bəs niyə “Bir səfirin manifesti”?
Çünki qəhrəmanımızın atasının – Azərbaycanın görkəmli yazarı, Xalq yazıçısı Mir Cəlal Paşayevin ən məşhur əsəri “Bir gəncin manifesti” adlanır. Adların energetikası öz rolunu oynayır.
Bəs niyə səfir?
Axı qəhrəmanımız 1992–2006-cı illərdə səfir olub, Azərbaycanın ABŞ-da, eyni zamanda Meksika və Kanadada ilk Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsini layiqincə yerinə yetirib. Kitab da bax bu diplomatik missiya barədədir.
Bu gün dünyada ən çox oxunan non-fikşn janrında olan kitablardır. Bəhs etdiyimiz bu kitabı da sənədli prozanın ən gözəl nümunələrindən hesab edə bilərik.
3.
83 İİLİK ÖMÜR YOLU
Layihənin tələbi ilə öncə qəhrəmanımın tərcümeyi-halını təqdim edirəm:
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika fakültəsini bitirib, 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975–1976-cı illərdə ABŞ-da - İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.
1992–ci ildə yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ABŞ, Meksika və Kanadada ilk Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilərək tarixə düşüb, 2006-cı ilə kimi bu vəzifədə çalışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin ildən xarici işlər nazirinin müavini –Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Və qeyd etdiyimiz kimi, “Bir səfirin manifesti” ilə kitab xəzinəsini zənginləşdirə bilib. Xarici dillərdən ingilis və rus dillərini mükəmməl bilir. Evlidir, iki övladı, dörd nəvəsi var.
Mükafatları da yetərincədir: ölkənin ən ali "Şöhrət", "Şərəf", "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub...
4.
AİLƏ DƏYƏRLƏRİ
Hər halda, şəxsiyyətin formalaşmasında ailə müstəsna rol oynayır. Skeptiklər məni təkzib etsələr, konservatorlar ənənəvi məktəb və tədris faktorlarını ortaya qoysalar belə mən sözümdən dönmürəm.
Sübut istəyirsiniz?
“Ailə tərbiyəsi hər bir uşağa təvazökar olmağı öyrədir. Gündəlik həyatda müsbət bir xüsusiyyət kimi qəbul olunan təvazökarlığa isə siyasətdə yer yoxdur və əslində olmamalıdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq hər bir işin nəticəsi dərhal kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırılmalı və nəyin bahasına olursa-olsun ictimaiyyətin həmin işə müsbət qiymət verməsinə nail olunmalıdır. Etiraf edim ki, bürokratiyanın bu mühüm xüsusiyyəti həmişə mənim ailə tərbiyəmlə və şəxsi prinsiplərimlə ziddiyyət təşkil etmişdir.”
Bu Hafiz Paşayevin fikridir.
“Etiraf edim ki, hökumət məmuru olmaq əvvəlcə insanda şərəf hissi doğurur. Sonradan məlum olur ki, bu təyinat eyni zamanda insana müəyyən hakimiyyət hüququ da verir. Bu hissiyyat bəzilərində məsuliyyət hissini gücləndirir, bəzilərinin isə başım gicəlləndirir. Başı ayıqlar başı gicəllənmişlərlə bir araya gələndə qəribə bir vəziyyət yaranır. Hakim dairələrdə xüsusi davranışla rastlaşmalı olursan. İnsanlar bir neçə cildə girirlər. Gördüklərin bəzən ikrah hissi doğurur.”
Bu da onun fikridir. Növbəti gətirəcəyim isə onun kredosudur:
“Məslək və məhəbbət güclü hisslərdir. Bu cür hisslərə qapılan insan rahatlıq tapmaz, amalı uğrunda çalışar, əksər hallarda kölgədə qalar, özünü təbliğ etməyə ehtiyac duymaz. Onun ən böyük mükafatı əməllərindən aldığı mənəvi zövq olar.”
Mən heç bir şərh vermirəm. İndi özünüz nəticə çıxarın.
5.
MİR CƏLAL PAŞAYEV
Təbii ki, mənim əcnəbi oxucularım qəhrəmanımızın atası - Mir Cəlal barədə daha dolğun məlumat almağa səbirsizlənirlər.
Bəlkə də çoxunuz heç bilmirsiniz də, Azərbaycan ikiyə bölünübdür. Onun Şimal hissəsində – hansında ki, ində bizlər yaşayırıq, müstəqil Azərbaycan dövləti bərqərar olub. Cənubu isə hazırda İranın ərazisi hesab edilir. Orada – 5 inzibati ərazi bölgüsündə qərarlaşan İran Azərbaycanında 50 milyon civarında azərbaycanlı yaşayır. Bax Mir Cəlal 1908-ci ildə, aprelin 26-da İran Azərbaycanında – Xalxal şəhərinin Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında atası Gəncəyə - Şimali Azərbaycanın ən böyük şəhərlərindən birinə köçdüyündən uşaqlığı orada keçib. İbtidai təhsilini orda alıb, sonra Gəncə Müəllimlər Seminariyasını oxuyub bitirib, Gədəbəy rayonunda müəllimlik edib, 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləyib.
Ədəbiyyata tükənməz sevgisi onunKazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almasına səbəb olub. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olub, tezliklə ilk kitabı olan "Sağlam yollarda”çapdan çıxıb.
Mir Cəlal "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyasını 1940-cı ildə, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyasını isə 1947-ci ildə müdafiə edib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Elmi fəaliyyətində sonrakı dönəmlərdə Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərməsi, 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olması var. Yazıçılıq fəaliyyətində isə irili-xırdalı onlarca əsərlər ortaya qoyub, onların hər biri haqqında danışmağa dəyər, amma mən ona böyük şöhrət gətirən və günü bu gün də oxunduqca oxunan bir əsərinin adını çəkmək istəyirəm: “Bir gəncin manifesti”. 1940-ci ildə işıq üzü görən bu roman niyə bunca sevilib?
Mir Cəlalın yaradıcılığının kulminasiyası, zirvəsi sayılan, XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu romanda müəllif son dərəcə səmimiliyini, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrətini, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisini təcəssüm etdirir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapır. Əsərin qəhrəmanı Mərdan isə qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən, yenilməzliyi ilə fərqlənən bir gənc kimi milyonlarla gənclərə məhz bu xüsusiyyətləri aşılayır.
Razılaşın ki, bu günümüzdə dünyada məhz bu sayaq – insanlıq faktoruna önəm verən əsəsrlərin trenddə olması vacibdir.
Sağlığında Mir Cəlal SSRİ-nin nüfuzlu mükafatlarına (1967-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1968-ci ildə Lenin Komsomolu mükafatı, 1978-ci ildə “Oktyabr inqilabı” ordeni) layiq görülüb. 2 dəfə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı təqdim edilib.
Görkəmli yazıçı 1978-ci ilin 28 sentyabrında vəfat edib, Bakının İkinci Fəxri Xiyabanında dəfn edilib.
Nəhayət, onu deyim ki, Mir Cəlaldan bir dəfə soruşublar ki, sizin şah əsəriniz hansıdır. Cavab verib ki, həyatımda yaratdığım ən böyük əsər ailəmdir.
Və demək, onun şah əsəri, həm də oğlu Hafiz Paşayevdir.
6.
NÜMUNƏVİ İNSAN NECƏ OLMALIDIR?
Hafiz Paşayev üçün bir şəxsiyyət etalonu var. O deyir: “Mir Cəlal ailəsində bir sıra prinsiplər daima ali tutulardı: qürur yaltaqlığa yer verməzdi, sözün qiyməti baha idi, o, boş yerə havaya atılmazdı, işin nəticəsi ona verilən qiymətdən daha önəmli idi və nəhayət, şəxsiyyətin bütövlüyü hər şeydən üstün tutulardı”.
Qəhrəmanımın fikrincə, savadlı olmaq, vətəni sevmək və daxilən zəngin olmaq – bu 3 şərt müasir gəncliyin daşımalı olduğu ən ümdə xüsusiyyətlər olmalıdır: “Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oynayıb. Elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər”
Hafiz Paşayevin tərbiyəedici nəsihətlərinə də tez-tez rast gəlmək olur. Rastıma çıxan növbəti nəsihətinə diqqət edək: “Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiiliyindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır”.
7
ADA UNİVERSİTETİ
Qəhrəmanımız rektoru olduğu ADA Universitetini ən qabaqcıl, reytinqli dünya universitetləri səviyyəsinə qaldırıb və bu gün burada tək azərbaycanlılar deyil, əcnəbilər də təhsil alır. Əsas dəyərləri: 1.Akademik mükəmməllik; 2.Cavabdehlik və birgə idarəetmə; 3.Hörmət, dürüstlük və şəffaflıq; 4.Müxtəliflik, əməkdaşlıq və ünsiyyət; 5.Sosial məsuliyyətdir bu təhsil ocağının.
ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Daim yeniliklər sorağında olan universitetdə ixtisas sayları da artır, 3-cü minilliyin təlabatlı olan sahələri prioritet qazanır. Məsələn, təzəlikcə orada kommunikasiya və rəqəmsal media ixtisası tədris edilir. Mövzumuz “söz və yazının vəhdəti” olduğundan, bu barədə danışmaya bilmərik. Qəhrəmanımız özü bu yeni ixtisas sahəsinin yaranma zərurətini belə şərh edir:
“Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsət aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı.
Mənə elə gəlir ki, jurnalistika sahəsinə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır. Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı - sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var ”
8.
XALQIN TALEYÜKLÜ MƏSƏLƏLƏRİNƏ MÜNASİBƏT
Hafiz Paşayev bütün vəzifələri və ictimai fəaliyyəti ilə yanaşı, hər şeydən əvvəl bir vətənpərvərdir.
Sirr deyil ki, mənim ölkəmdə ən müqəddəs mövzu Qarabağ mövzusu, ən müqəddəs insanlar müharibədə canlarını Vətən yolunda qurban vermiş şəhidlərdir. Bir baxın, gəncliyə tövsiyyəsində Hafiz Paşayev bunu necə vurğulayır: “Hər bir işin əsasında təhsil durur. Hərə öz işində effektiv olmalı, öz işini ləyaqətlə, şəhidlərin öz vəzifələrini yerinə yetirərkən göstərdikləri ehtirasla görməlidir. Biz hər birimiz öz yerimizdə elə işləyək ki, ümumi işə töhfə olsun. Axı biz Azərbaycanın inkişaf tarixinin ən vacib mərhələsindəyik”.
İndisə 1918-ci il qətliamı, 20 yanvar faciəsi barədə düşüncələrinə diqqət edək: “Xalqımızın azadlıq mübarizəsi tarixinə "oyanış” günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır. Tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq”.
Bu isə onun tarixi zəfərimizə - Qarabağ müharibəsindəki qalibiyyətimizə münasibətidir: “Müharibə 44 gün davam edib, çox şərəfli bir Qələbə ilə yekunlaşıb. Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülhün üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə cavanlar bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik”.
9.
QAZAX SEMİNARİYASININ BƏRPASI
Xanımlar və cənablar. İndi mən sizə ədəbiyyat, ümumən mədəniyyət, elm adına çox böyük bir fədakarlıqdan söhbət açacağam.
Azərbaycanın Qazax adlı bir bölgəsi var. Ölkənin qərb sərhədlərində yerləşir. Buranı ədəbiyyat və elm diyarı adlandırırlar. Bura müstəsna əhəmiyyətli Qazax Müəllimlər Seminariyasının vətənidir. Seminariyanın tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Azərbaycan mədəniyyətinin, o cümlədən də ədəbiyyatının Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir bəy Hacıbəyli kimi ən görkəmli simaları Qori Seminariyasını bitirib.
1918-ci ildə Çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini görkəmli ziyalı Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.
Və daha sonrakı illərdə bu məktəb Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn kimi görkəmli şair və yazıçılara təhsil verib. Amma sonradan bütün dünyada olduğu kimi, Azərbaycanda da sivilizasiya iri şəhərlərə qaçma meyillərini artırıb, bölgələr kölgədə qalıb. Nəticədə seminariya fəaliyyətini dayandırıb, gözdən-könüldən iraq düşüb, binası yarıtmaz hala gəlib. Onun haçansa bərpa ediləcəyi artıq bir xülyaya dönüb. Amma Hafiz Paşayev bu xülyanı reallaşdırdı.
Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzinin yaradılması qərarına Hafiz Paşayev 2018-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ərəfəsində gəlib. O, bunu belə xatırlayır: “Düşündük ki, cavanlara o dövr haqqında məlumat verək, imkan olsa bəzi nəşrlər edək. Təəssüf ki, o dövr haqqında bizim o qədər məlumatımız olmayıb. Mən Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” adlı kitabını oxuduqdan sonra gördüm ki, Qori Seminariyasında böyük mütəfəkkirlər oxuyub. Bu adları oxuduqda öz-özümə utanırdım ki, bu mütəfəkkirlər haqqında çox eşitsək də harada oxuduqlarını bilmirdik”.
Seminariyanın bərpa işlərinə 2021-ci ilin oktyabrında ADA Universiteti Fondu və onun tərəfdaşları - Heydər Əliyev Fondu, “NEQSOL Holding”, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “PMD Group” və Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. 2022-ci il yanvarın 26-da isə Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzində artıq Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Oktyabrdan isə orada tədrisə başlanılıb.
Hafiz Paşayev deyir: “Biz qarşımızda təhsil, maarif missiyasını qoymuşuq, amma yeni üslubda, yeni səviyyədə. Qazax Seminariyasının məqsədi ibtidai sinif müəllimləri hazırlamaq idisə, bizim məqsədimiz rayon müəllimlərinin səviyyə və keyfiyyətlərini artırmaqdır. Təhsilin idarə edilməsi, təhsilin metodikası sahəsində mütəxəssislərimiz var. Onlara arxayınlaşaraq dedik ki, rayon müəllimlərinin keyfiyyətini artıran poroqram hazırlayaq. Bilirsiniz ki, mənim manifest sözündən xoşum gəlir, ona görə proqramın da adını “Bir müəllim manifesti” qoyduq. 500 nəfərdən seçilən 40 nəfəri Amerikaya göndərdik. Orada inkişaf etmiş təhsil adamları oldular”.
Və mütləq onu da qeyd edim ki, seminariyanın bərpası tək təhsillə, elmlə məhdudlaşmır, Qazax rayonuna daha böyük dividendlər gətirir. Məsələn, ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.
HafizPaşayev vurğulayır ki, "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına keçməsi ən böyük işlərdən biridir: “Kaş tələbə vaxtı bu qəzeti oxuya bilərdik. Mən təsəvvür etməzdim ki, o dövrdə qəzetdə Azərbaycan xanımı elan verib ki, Holqins küçəsində diş həkimiyəm, gəlin, dişlərinizə baxacağam. Bu, bizim o dövrdə nə qədər inkişaf etdiyimizi göstərir”.
10.
SİTATLAR
Bu gün – İnformasiya Kommunikasiya Texnologiyalarının inqilabi inkişafı dövründə internet və mobil telefon asılılığında olan insanlara qalın kitablardakı bilikləri daha effektiv yollarla, məsələn, aforizmlərlə çatdırmaq labüddür. Əgər bir şəxsin kəlamları aforizm funksiyası daşıyırsa, ondan sitat kimi istifadə edilirsə, bu artıq o şəxsin şəxsiyyət olmasına dəlalət edir. Mənim qəhrəmanımın bu sayaq aforizmləri çoxdur.
-Qırılmaz etimad və inam siyasi xadimin ən böyük kapitalıdır.
-Mürəkkəb bir problemin həllinə başlamazdan əvvəl prioritetləri aydınlaşdırmaq, onların sıra düzülüşünü düzgün müəyyən etmək daha məqsədəuyğundur.
-Geopolitik mənzərə burulğanlı dəniz təəssüratı bağışlayır. Bu mənzərəni təmin edən faktorlarsa coğrafiya və geologiyadır.
-Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək.
-Siyasət eyni zamanda ikrah və istehza toplusudur. Kim deyə bilər ki, siyasətdə prinsiplər maraqlardan üstün tutulur?
-Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür.
-Dünyaya övlad gətirən hər bir şəxsə valideyn demək olmaz. Valideynlik yenicə dünyaya göz açmış körpənin qorunub saxlanması, böyüdülüb-yetişdirilməsi, boya-başa çatdırılması deməkdir.
-İctimaiyyətə çatdırılan mesajın çəkisi şəxsiyyətin bütövlüyü ilə eyni mütənasiblikdə olmalıdır.
-Demokratiya ikitərəfli yoldur. Bu yalnız dövlət başçısına və iqtidara aid ola bilməz, kütlə də demokratiyanı eyni qaydada oynamağı bacarmalıdır.
-Hər bir xalqın özünəməxsus mentaliteti, mədəniyyəti və tarixi inkişaf yolu vardır. Bu cür rəngarəngliyi bir klişe vasitəsilə ifadə etmək qeyri-mümkündür.
-Məmləkətin milli təhlükəsizlik və strateji maraqları formalaşmış fikir çərçivəsində həll oluna bilməz. Bunun üçün uzaqgörənlik, dünyagörüşü, ən başlıcası isə, çərçivələr arxasındakı dünyanı görməyə qadir olan təfəkkür lazımdır.
-Məhz nüfuz, strategiya, iş planı, komandaya malik olan və biznes diasporuna arxalanan bir struktur lobbi mədəniyyətinin tələblərinə cavab verər və effektiv lobbi mexanizminin yaradılmasına gətirib çıxarar.
-Hansı səbəb üzündən doğulduğu məmləkətdən çıxıb getməsinə baxmayaraq, insanlar daima həsrətin bır hissəsini öz qəlblərində saxlayırlar. Yeni həyatın axarı onların hərəsini bir istiqamətə aparır, amma keçdikləri körpü nə qədər uzun olsa da, heç vaxt qırılmır
-Siyasi sistemin çatışmazlığı ədalət və həqiqəti kölgədə qoya bilər.
-Bədbinliyin ən böyük düşməni zamandır. Tarixin səhifələri yazıldıqca, müsbət faktorlar sətirlər arasından daha qabarıq görünməyə başlayır.
-Aysberqin suyun altında qalan hissəsi nə qədər böyük olarsa, onun təsir qüvvəsi də bir o qədər güclü olar. Həmin hissəni təşkil edən iki kütlə vardır: elektorat və beyin.
-Artıq kifayət qədər hüceyrə vardır. Sadəcə olaraq, bu hüceyrələri prioritetlər səviyyəsinə qaldırmaq lazımdır.
11.
P.S.
Qeyd etdiyim kimi, Hafiz Paşayev 2006-cı ildə Vaşinqton həyatına son qoyub Bakıya döndü. ABŞ-da Azərbaycanın səfiri kimi o, ictimaiyyət qarşısında son çıxışını 28 iyun 2006-cı il tarixində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda etdi. Vida nitqinin vida cümlələri belə oldu:
“Mən Vaşinqtona iki uşaq atası kimi gəldim və onu dörd nəvəsi olan baba kimi tərk edirəm. Qayıdan zaman nə edəcəyimi məndən soruşanlara sadəcə olaraq deyirəm: mən əvvəlcə babalıq vəzifəsini yerinə yetirəcəyəm. Sonra isə qarşımdakı digər tapşırıqlara nəzər salacağam.”
Və deyim ki, bu gün tək öz nəvələri yox, bütün tələbələri, müxtəlif illərdəki məzunlar, ümumən, dəstək durduğu, əl uzatdığı gənclər Hafiz Paşayevi özlərinin babası hesab edirlər. Bu isə, razılaşın ki, çox şərəfli bir missiyadır.
Hörmətli xanımlar və cənablar! Siz mənə “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsinin Azərbaycan üzrə təqdimatını həvalə etdiniz, mən də sizlərə Hafiz Paşayev barədə danışdım.
O ki qaldı yazıma qoyduğum ada, atası – görkəmli yazıçı Mir Cəlal Paşayevin milyonlarla oxucu qəlbini riqqətə gətirmiş “Bir gəncin manifesti” romanına sevgisinin təsirindən mənim qəhrəmanım öz əsərini “Bir səfirin manifesti”, həyata keçirdiyi tədris proqramını “Bir müəllim manifesti” adlandırıbdır. Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzinin açılışı zamanı Hafiz müəllim nitqində daha bir manifestdən bəhs etdi, bu möhtəşəm layihənin reallaşmasını maddi cəhətdən təmin edən milli sahibkarlığımızın hünərini alqışlayaraq "Bir sahibkarın manifesti" ifadəsini işlətdi. Yeri gəlmişkən, Hafiz müəllimin oğlu Mir Camal da sahibkardır, "Paşa Holding!"n Direktorlar Şurasının sədr müavinidir, bu layihənin reallaşmasında onun da payı var.
Mən də yazımın adını “Hafiz Paşayev – bir ömrün manifesti” qoyuram. Çünki “manifest” sözü “həmişəyaşar” anlamını daşıdığını sübut edib artıq.
Bu qədər, xanımlar və cənablar!
Mən burda nöqtəni qoyuram. Amma bu, sonu bildirən bir nöqtə yox, davamı bildirən üç nöqtə olacaq…
Hörmətlə: Varis Yolçiyev,
Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Esmira Quliyeva və Kənan Quliyev
“Ədəbiyyat və İncəsənət” portalının media ilə birgə Azərbaycan Ədəbiyyatı Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihənin nümunəvi məktəblərimizi, istedadlı əsərlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda Bakı şəhəri Məktəb Lisey Kompleksidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Quliyeva Esmira Mahmud qızı 15.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Tam orta təhsilini 1982-1992-ci ildə Cəbrayıl rayonu Cəbrayıl rayonu. 1992-1995-ci ildə 2 saylı baza tibb məktəbində tibb bacısı ixtisası üzrə təhsil almışdır. 1998-1994-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə ali təhsil müəssisəsi fəaliyyətə başlamışdır.
2001-2015-ci ilin Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbində riyaziyyat-informasiya fani müəllimi vəzifəsində çalışmışdır.
2004-cü AZMİCROSOFT LRS-də MS Office proqram paketi üzrə kursda alınmışdır, 2005-ci ildə Norveç Qaçqınlar yanında Bakıda Gender və QİÇS tərəfindən seminarda iştirak edilmişdir.
2006-2015-ci ilin 12 saylı Bakı Peşə Məktəbində İKT fənləri üzrə saathesabı müəllim işlədilib. 2012-2013-cü illərdə Demokratik Gənclər İctimai Birliyinə təlimçi, 2013-cü ildə Qafqaz Universiteti və "İnkişaf" təhsil mərkəzində ümumi təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları-informatika fənni üzrə təlimçi, 2013-2014-cü ilin dövlət büdcəsi Edumedya-da “Tədris prosesində Promethean” İnteraktiv Texnologiyalarından istifadə üzrə” təlimçi kimi çalışılıb.
2012-ci il 7-15 fevral tarixlərində Demokratik Gənclər İB və Hollandiyanın Yaşıl İKT-nin idarə edilməsi üzrə “Kompyuter Texnologiyalarının Tədris Prosesində Tətbiq və Kompüter Şəbəkəsinin əsasları” mövzusunda təlimdə iştirak edilib.
2012-ci il aprel-iyun aylarında Demokratik Gənclər Birliyi və Norveç İnsan Hüquqları evinin İnsan Hüquqları üzrə “Region məktəblərində Hüquqlarının Tədrisi” mövzusunda seminarda iştirak etmişdir.
2012 il avqust ayında XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda seminarda 1-ci sinifə layiq görülmüşdür.
2012-ci ilin oktyabr ayında UNİCEF “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikumlarının tətbiqi və fəaliyyət təlimləri” üzrə öyrədənlərin təlim kursunda qəbul edilib.
2012-ci il oktyabrda Kurikulum mərkəzinin təşkili “İnternet Texnologiyalarından Tədris Nəsrində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.
2012-ci il noyabr ayında Demokratik Gənclər birliyinin təşkili “İnternet Texnologiyalarından Tədris Nəsrində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.
2012-ci il dekabr ayında Bilsuvar rayonu ərazisində məcburi köçkün qəsəbəsində Meqasoft LTD və Demokratik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Regionlarda gənclərə Dəstək proqramı yaratmaq üçün kompüter kursunda könüllü təlimçi kimi iştirak edilib.
2013-cü il fevral ayında Demokratik İctimai Gənclər Birliyi və Amerikan Beynəlxalq Təlim Mərkəzinin “Metodik Mərkəzinin İdarə edilməsi üçün işçilərin Peşəkar Səviyyəsinin Artırılması” mövzusunda təlim kursunda iştirak etmişdir.
2013-cü ilin fevral ayında AZFORUM-un təşkil etdiyi “Motivasiya və İnnovasiya”, “Sosial Servislərdən Effektiv istifadə” idarə təlim kurslarında iştirak etmişdir.
2013-cü ilin aprel-may aylarında Multimedia Mərkəzinin “İnternet texnologiyalarının və sosial xidmətlərin tədris prosesində rolu” təlim kursunda fəal iştirak etmişdir.
2013-cü il 29 dekabrda Azərbaycan Respublikasında təhsil almaq üçün yaradılmış Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi kadrların hazırlanması prosesini sürətləndirmək “Elektron vasitələrin hazırlanması və tətbiqi qaydaları” üzrə kursda iştirak edir.
2013-cü il iyun ayında Demokratik Gənclər İctimai Birliyinin təşkili “Müasir qarşısında duran məsələlərin həllində və ictimai ictimai məlumatların qorunmasında Bloqçuluğun təbliği” təlim kursunda təlimçi kimi iştirak edilib.
2013-cü ildən hal-hazıraqədər Ümumtəhsil məktəbləri üçün hazırlanmış riyaziyyat dərslərinin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərir.
2014-2014-cü ilin “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” bankının qalibi, 2014-cü ildə AMİM üçün “Direktorlar strateji planlaşma” modulunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat alındı.
2014-cü ildə “Bugunun və sabahın direktorları” kursunu bitirib.
2015-2020-ci ilin Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən hal-hazıraqədər Bakı şəhəri Məktəb Lisey Kompleksində direktor vəzifəsində çalışır.
2020, 2020, 2023-cü ilin, BŞTİ-nin fəxri fərmana layiq görülmüşdür. 2020-ci il, 2022-ci il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmana layiq görülmüşdür.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV, VI, VII Qrant banklarında qalib olub.
ŞAGİRD:
Mən, Kənan Elçin oğlu Quliyev 2007-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Cəbrayıl rayonundanam. 2013-cü ildə Səbail rayonu 6 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuşam. 2021-ci ildən təhsilimi Məktəb-Lisey Kompleksində davam edirəm. 2024-cü ildə 13-cü “Sabahın Alimləri” bankının “tibb və sağlamlıq” nominasiyasında iştrakçı olmuşam. “Azərbaycanda bitən adi göyrüşdən alınmış bioloji aktiv qarışığın ilkin farmakoloji tədqiqi” adında elmi işimi təqdim edən ikinci yerə layiq görülmüşəm.
MƏLUMAT:
Artıq halını almış Heydər Əliyev və Azərbaycan tarixi mövzulu referat-yazı banksi bu il yenidən dəfə əldə edir. Ulu Öndərin anadan olması
ərəfəsində rayon sürətlə, sonra ilk yekun-şəhər həyata keçirilib. Bakı Şəhəri İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu ilki bankda şəhərimizin 300 – dən artıq məktəbi və 2700-dən çox məktəblisi iştirak edib. Onların arasında daha çox müfəssəl, daha çox işlənmiş, elmi nəticələrə görə yüksək səviyyəli təsir göstərən referatlar seçilərək konfransa təqdim edilib. Konfrasımızda Bakı şəhərinin hər bir bölgəsinin təmsil olunduğu iki elmi iş gənc tədqiqatçılar tərəfindən konfransa təqdim edilib. Məktəb Lisey Kompleksin 11-ci sinif şagirdi Quliyev Kənanın biznesə təqdim etdiyi referat işi də seçilmiş işlər arasındadır. Konfransda Kənan həm də tədbirin aparıcısı kimi çıxış etdi. Uğurların bol və daimi olsun, Kənan!
ESSE:
“Stress: müasir görünməz problemi”
Stress çoxşaxəli səbəbləri, nəticələri və prosesləri olan mürəkkəb bir fenomendir. Özündə stress həm xarici, həm də daxili bir çox amillərdən yaranır. Xarici stress amillərinə iş tələbləri, maliyyə qeyri-sabitliyi və şəxsiyyətlərarası münaqişələr kimi ekoloji təzyiqlər daxildir. Daxili olaraq, fərdlər kimi, qeyri-real gözləntilər və ya öz-özünə danışmaq səbəbiylə stress yaşaya bilər. Müsbət və ya təbii həyat hadisələri də stress reaksiyalarına səbəb ola bilər, çətin fərdlər evlilik, boşanma, yaxınlarının vəfatı kimi hadisələri idarə edir. Üstəlik, genetika, hormonal balanssızlıqlar və əsas məlumatlar kimi bioloji faktorlar insanın stressə təsirinə təsir göstərə bilər.
Stressin psixoloji narahatdan kənara çıxır və çox vaxt dərin fizioloji və emosional təsirlərdə özünü göstərir. Uzun müddət davam edən stress poza bilər, immunitet sistemini zəiflədə bilər və ürək-damar xəstəlikləri, həzm pozğunluqları ilə immunitet sistemi ilə əlaqə də daxil olmaqla zərərin aradan qaldırılması riskini artıra bilər. Bundan əlavə, stress əlavələri olan əlavələri gücləndirə, simptomları gücləndirə və sağalmanı törədə bilər.
Stress fiziki sağlamlığa təsirdən əlavə, zehni və emosional rifaha da təsir göstərir. Davamlı stress, narahatlıq, depressiya və travma sonrası stress pozğunluğu (TSSB) daxil olmaqla sağlamlıq vəziyyətinin inkişafı və ya qurulmasına kömək edə bilər. Koqnitiv funksiyalar da pozula bilər, bu da konsentrasiya, yaddaş və qərar qəbul etməkdə buna səbəb olur. Bundan əlavə, xroniki stress şəxsləri ictimai şəkildə gücləndirə, sosial dəstək şəbəkələrini sarsıda və təcrid və təklik hisslərini gücləndirə bilər.
Stresssiz-hesabsız inkişafa baxmayaraq, fərdlərin onun enerjisinə təsirini yumşaltmaq və davamlılıq inkişaf etdirmək üçün strategiyalar qəbul edilə bilər. Məşq, ibadət və istirahət üsulları kimi stressi azaldan fəaliyyətlərlə məşğul olmaq stress reaksiyasını tənzimləməyə və emosional rifahı söndürməyə kömək edə bilər. Güclü sosial əlaqələr qurmaq və dostlardan, ailədən və ya psixi sağlamlıq mütəxəssislərindən kömək axtarmaqdadır. Bundan əlavə, düzgün qidalanma, adekvat yuxu və vaxtın idarə edilməsi təcrübələri üzrə sağlam həyat tərzini inkişaf etdirmək mümkündür.
Son olaraq, stress kimi güclü təsirdən qaynaqlanan və fiziki, emosional və psixikaya təsirli müasir dövrdə geniş yayılmış aspektdir. Stressin səbəbləri və nəticələrini başa düşmək effektiv mübarizə strategiyalarını tətbiq etmək, fərdlər daha çox güclü olmaq və rifahla həyat fəaliyyətinin öhdəsindən gələcək.
“Ədəbiyyat və İncəsənət”
(08.05.2024)
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
Belçikada fəaliyyət göstərən “FireLand” Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə Brüsselin Volüve-Sen-Pyer və Etterbek bələdiyyələrinin hər il may ayında birgə təşkil etdiyi ənənəvi festivalda iştirak edib.
AzərTAC xəbər verir ki, festivalda milli yeməklərin, içkilərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşürlərin, kəlağayı və aksesuarların yer aldığı Azərbaycan stendi yüzlərlə iştirakçının marağına səbəb olub. Ən çox diqqət cəlb edən stendlərdən olan Azərbaycan stendində qonaqlara müxtəlif dillərdə ölkəmiz haqqında məlumatlar verilib.
Festivalda iştirak edən yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarının dadına baxıb, Azərbaycanla maraqlanıblar.
“FireLand”ın tərkibində yer alan rəqs qruplarının çoxsaylı rəqs nümunələri iştirakçıların marağına səbəb olub, rəqsləri izləyənlər Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmiz barədə məlumat əldə ediblər.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
BİR SUAL, BİR CAVAB Vahid Əzizlə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm, vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim…
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim…
Heç bilməzdim daşım belə ağırdır,
Bəxtim belə bicarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağıdı,
Daha yerdə gəzmək olmur, əzizim…
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə cataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim…
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim…
(Vahid Əziz)
Dəyərli xalq Şairimiz, bu dünya tələdirmi, yoxsa, vicdanını qalxan edib şərlə, nəfslə, heyvani hisslərlə, nadanlıqla mübarizə aparmaqdır, ya da ki, nəfsinə nökər olmaq? Nədir həyatın anlamı?
CAVAB:
Mən hər zaman inqilabi ruhla yaşayan bir adam olmuşam və vicdanıma söynərək, əxlaqıma güvənərək mübarizə aparmışam.
Lap gənc yaşlarımdan Moskvada Azərbaycan üzrə xüsusi müxbir olmuşam, Bakı partiya komitəsində çalışmışam, Ulu Öndər Heydər Əliyev məni Mərkəzi Komitədə işə qəbul edib. Həmişə vicdanımı, ləyaqətimi qorumuşam. Hətta mən Mərkəzi Komitədən çıxandan sonra mənə salam verib, hörmət edənlərin sayı daha da çox olub, çünki özümü ləyaqətlə aparmışam, " dartmamışam" bu mənim xasiyyətimə yaddır.
Haqqsızlığa qarşı mübarizə aparmışam, hətta doğma qardaşımın belə günahkar olduğu bir işdə onun tərəfində yox, onunla mübarizə aparan- haqqın tərəfində olmuşam. Düşünürəm ki, insan vicdanın qulu olmalıdır, vicdan insanın qulu olmalı deyil. İnsan gərək ağlı üstün tuta, ürəyi üstün tuta. Hisslərlə və ağılla birgə yaşaya, hisslər və ağıl birləşəndə insan təmiz, ləyaqətli olur. Yəni, hissə qapanıb kiminsə ziyanına iş görmür və yaxud da çox kövrəlib, primitivləşib haqqsızlığa yol açmır.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
ÜMİD ADAM... - Portret cizgiləri
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Vaqif Baloğlanov əslən Yardımlının Vəlixanlı kəndindəndir. Uzun illər "Semaşko" xəstəxanasının Yoluxucu xəstəliklərin reanimasiya şöbəsində çalışıb. Yüksək peşəkarlığı və şəfalı əlləri ilə böyük hörmət qazanmışdı.
Uğurla müalicə etdiyi, sağlamlığa qovuşdurduğu xəstələrin say-hesabı çoxdan itib. Bu peşəkar həkimin onların həyatında oynadığı rolu unutmayanlar çoxdur. Hər dəfə adı çəkiləndə minnətdarlıqla xatırlayırlar. Onun iş üsulundan, hər bir xəstəyə fərdi yanaşmasından bu gün də danışanlar az deyil...
Çoxdandır ki, onu görmürəm. Deyilənlərə görə, artıq "Semaşko" xəstəxanasında işləmir. Sağlamlığında ciddi problemlər yarandığı üçün müalicə olunur...
Mehriban münasibəti, məzəli söhbətləri ilə yadımda qalıb. Deyirdi ki,- "Bu dünyaya sidq ürəklə bağlananın ağlı yoxdur. Sabahın xatirinə bu günü bada vermək olmaz. Gəlsə əcəl, verməz macal..."
Vaqif həkim, heç bilmirəm indi haradasan? Dünyanın harasında olsan da Sənə can sağlığı arzulayıram. Sənin salamat olmağın neçə-neçə xəstənin şəfa tapacağına bir ümiddir. Çox yaşa, ÜMİD ADAM!
Sənan Həsənov Sənin müalicə etdiyin Raqub Qasımovun dediklərini qələmə alıb: “Vəziyyətim həqiqətən ağır idi. Həm də infeksion xəstəliyə yoluxmaq mənim üçün əlavə çətinlik yaradırdı. Sağ olsun, Vaqif həkim, onun hesabına bu gün də yaşayıram. Kim nə deyir, desin – Azərbaycanda əsil peşəkar həkimlər var... ”
Səltənət Orucova isə: “Vaqif həkim bacımı müalicə edib. Allah ondan razı olsun. Bəlkə də onun fədakarlığı, səyləri olmasaydı indi bacım bu dünyada olmazdı. İnsan adamdır. "YOX"un nə olduğunu yaxşı dərk edir...”
Yeri gəlmişkən, eşitdiyimə görə fevralın 1-də 70 yaşı tamam olub. Gec də olsa, təbrik edirəm!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
REDAKSİYANIN POÇTUNDAN: “Göyün yeddinci qatından salam”
“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktubda Fatimə Sadıqova öz hekayəsini göndərib. Buyurun, tanış olun.
Birinci hissə - Ömrümün günəşi
Yenə saat 07:00 - da mübarək zəngin sədası ilə yuxudan ayıldım. Gözlərimi zülmlə açmağa çalışırdım ki anamı başımın üstündə gördüm.
- Nigaar, balam, dur ...
- Həə, ana, dururam.
- Bax sonra işə qaça-qaça gedirsən.
- Yaxşı durdum, amma 5 dəqiqə də gözümü yumum da nə olar.
- 5 dəqiqə gözünü yumsan, sonra işdəkilərin ağızını yuma bilməyəcəksən, mələyim, dur çayın çörəyin hazırdı.
-Durdum.
Ayağa qalxıb güzgüdə başında elektrik cərəyanı partlamış varlıq görəndən sonra "günaydın, gözəlçə" deyib əl-üzümü yumağa getdim. Elə yemək yeyərkən telefonu əlimə götürüb "qəlbimin hakiminə" zəng elədim
- Sabahın xeyir olsun, əzizim.
- Həəə...
- Yəqin ki durmusan.
- Həəə
- Nə edirsən ?
- Çıxmağa hazırlaşıram da nə edəcəm, özün də tez gəl iclas olacaq bu gün planı hazırlamalısan.
- Yaxşı da, əzizim, gələcəm.
- Oldu, görüşərik....
- Aloo ...
Anam yenə ağzını büzüb qabağımı kəsdirdi. Gözlərindən oxudum ki, sanki uzun müddətdir gözlədiyi qatar gözlərinin qabağından keçib gedir. Anam İlqarın onun kürəkəni olmasını istəmirdi. Amma mən onu düşündüyüm qədər, nəfəs aldığım qədər çox sevirəm. Dəlilər kimi yox, ağıllılar kimi sevirəm. Aşiq olmaq çox gözəldi. Mən də İlqara iş həyatımda, həyatımın monoton xətti ilə gedən dövründə rast gəldim və həyatıma həyacan, dinamika gətirdi. Onun uğurlarını öz nailiyyətim kimi zənn edirəm. Eeeh... o qədər sevinirəm ki sevirəm. O da məni sevir. Hə . .. hə ... Anam da onu sevəcək. Sadəcə zaman lazımdır ...
İkinci hissə - Harada səhv etdim?
- Salam sabahınız xeyr olsun.
- Nigar xanım, yenə gecikmisiz.
- Üzrlü sayın, İlqar bəy, tıxacda ilişib qaldım.
- Səhər səkkizə qədər çox tıxac olmur axı.
- İşə çatanda oldu, ofisə çatmamış körpünün altında, çox üzr istəyirəm.
- Olsun, planı hazır edin, saat 10 -da iclas olacaq.
- Nərmin xanım, siz zəhmət olmasa iclas barədə işçilərə xəbər edin.
- Oldu, İlqar bəy.
Həmişə işə gecikib artıq söz eşidirəm. İlqarım çox məsuliyyətlidi, istəmir mən işə gecikim, mən gecikəndə əsəbləşir, ümumiyyətlə istəmir mən işlərimə məsuliyyətsiz yanaşım. Müştərilərin məmuniyyəti hər şeydi mənim üçün, gülərüz personal ələxsus işində peşakar olmalı, vicdanla işini yerinə yetirməlidir, bu mənim missiyamdı. Banka gələn müştərilər gördüyümüz işdən razı qalmalıdır.
İclas əsnasında İlqarla Nərminin səmimi danışığı, məni yanında uzaq tutub onunla əyləşməyi biraz ürəyimi incitsə də işlə sevgini, özəl həyatı eyniləşdirmək olmaz. Axşama yaxın yorğunluğumu hiss edirdim , bir yastıq olsaydı başımı qoyub yatardım. Başım o qədər şişib ki... Gözüm İlqarı gəzərkən ..
- İlqar...
- (astaca) İlqar müəllim ....
- Oy üzürlü sayın, eee İlqar müəllim, iş sonrası sizinlə işim var.
- Nə sözün var astaca deyə bilərsən, iş sonrasını niyə saxlayırsan?
- Nə bilim harasa gedərdik.
- Mən özüm deyəcəm bu axşam evdəkilərlə toya gedəcəyik, sonra başqa vaxt baxarıq , yaxşı, əzizim ?
- Yaxşı, onda mən evə gedib dincələrəm.
İş saatı bitərkən anama zəng elədim, yeməyi qızdırmağı, çayı dəmə qoymağını xahiş elədim. Deyəsən, yanında adam vardı, anam hər zaman ciddi danışanda bilirəm ki, yanında kimsə var, atam da işdə olur, dəniz kapitanıdı, 15 gün evdə, 15 işdə olur, bu vaxtlar da atam evə gəlməz. Aman ... Anamın ad günüdü! Mən necə vecsiz uşağam, övladam, daş düşməsin mənim başıma ...
İş çıxışı. Anam üçün gül satılan mağazadan gül dəstəsi və bir də ətir satılan mağazadan anamın sevdiyi " Victoria Secret" ətrini aldım. Evə qayıdanda günəşin batdığı yer o qədər rəngarəng idi ki ... Təbiətə bir daha aşiq olub bu mənzərənin xatirəsini əbədiləşdirmək üçün fotosessiya etdim . Liftlə 7 -ci mərtəbəyə qalxıb liftdən düşərkən blokun qarşısının qarışıq əşyalarla dolu olduğunu gördüm. Yəqin yeni qonşu köçmüşdü. Qapını açmaq istəyəndə anam əlində bir fincan çayla məni qarşıladı. Soruşanda dedi ki, təzə qonşu köçüb, ona çay aparıram. Tək çay aparılırsa, deməli tək yaşayır təzə qonşu.
Ayaqqablarımı çıxarıb evə keçdim... Ev paltarlarımı geyib, makiyajımı təmizləyib, saçımı da topa yığıb keçib əl-üzümü yudum. Ohhh ...üzümə həyat dəydi, ayıldım, bayaq" əzilmiş pomidor" kimi özümü hiss edirdimsə indi isə "ölü vücuduna" soyuq su dəyən kimi şah duran göyərti kimi özümü təravətli hiss elədim...
Elə özümə də çaydandan çay süzdüm...
Üçüncü hissə - Sən elə vaxtda rast gəldin mənə
Anam içəri girəndə dedi ki, Əşrəf adında mühəndis olan cavan oğlan bizim binaya köçüb. Anam da görüb təkdir, təzə köçən qonşuya yardım əlini uzadıb.
Çayımı içib qurtardım ki qapı döyüldü. Təzə qonşu Əşrəf. " I "əməliyyatı və Şurikin başqa macəraları" filmindəki Şurikin azərbaycanlı versiyası idi. Filmdəki aktyordan fərqli olaraq qara saçları vardı, ancaq eynəyi, özünü aparması, baxışları - hamısı eyni idi . Gülümsəyərək mənə uzatdığı fincanı əlindən aldım, xoş gəldiniz deyərək qapını üzünə bağladım. Anamın yanına gedib dedim:
- Ay ana, o oğlan necə də Şurikə oxşayır ...
- Hansı oğlan?
- Əşrəfi deyirəm dəə təzə qonşu.
- İşin olmasın onunla çox mədəni, qanacaqlı, mərifətli oğlandı .
- Ehh ay ana, hamı sənin üçün mərifətli oldu, bir İlqar pis oldu.
- Nəysə uzatma ...
- Aaaa sənin doğum günündü, başım o qədər qarışıq oldu ki sənə bax gör nə almışam?
- Çox sağol balam mənim, sən özün elə mənim üçün dünyanın ən gözəl Allahın mənə göndərdiyi ərməğansan. Sənin sevinməyin, xoşbəxtliyin mənim üçün dünyalara dəyər, mənim balam.
- Ay ana, nəsə almalıydım da sənə, birdəki bütün gün evdəsən, nazımı çəkirsən, bunun qarşılığı kiçik nəsə olmalı idi, " sultanım”.
- Çox sağol, mənim canım, payın artıq olsun.
- Bəlkə haradasa qeyd edək? Gedək restorana ?
- Yorğun olarsane gəl evdə qeyd edək, gül kimi yemək bişirmişəm.
- İldə, ayda bir dəfə ad günün olur, onu da heç olmasa restoranda qeyd eləməsək day nə oldu, bəzən düzən, mən də hazırlaşım, çıxaq.
Restorana getmək üçün əvvəlcə evdən çıxmadan rezerv edib asta-asta gedib məkana çatdıq. Seçdiyim yerdə əyləşdik, yemək süfrəyə qoyulduqdan sonra acgöz gözlərimlə yeməkləri süzdükdə anamın mənə işarə verməsi ilə cəmiyyət içində olduğumu yadıma salıb ətrafa nəzər saldım və birdən çox da yaxşı görünməyən mənzərə gözümə sataşdı.
Yox... Yoxx...
Nərmin..
Onun əlindən tutan İlqar, bəlkə başqasıdı? Odur ! Mənə evdəkilərlə toya gedəcəyini demişdi, aldatdı məni! Heç etdi məni. Yox mən səhvə yol verdim, dəyəri bilinməyənə dəyər verib dəyərli etdim. Anam gözlərimi ora zillədiyimi görüb arxaya baxdı, mən görən mənzərəni gördü. Əlimdən tutub məni ordan çıxardı.
Şokda idim, beynim donmuş, ürəyim əsir , başım gicəllənirdi. Az qalırdı ki bu ürəkbulandıran mənzərəyə görə ürəyim ağzımdan çıxıb yerə düşsün. Heç bir zaman bu vəziyyətə düşməmişdim, çünki ilk dəfə idi ki, mən belə səhv edirdim. İlqar mənim həyatımın seçim səhvi idi və bunu restoranda özünü dəyərsiz əşya kimi zənn edəndə başa düşdüm.
Anam bir kəlmə belə demədən orada dayanan taksiyə mindik. Heç nə eşitmirdim. Evə çatıb ayaqqabı ilə birlikdə evə keçib yatağımın üstünə dəli kimi ağlamağa başladım. Nə zaman yuxuya getdiyim yadıma gəlmirdi.
Dördüncü hissə - Sən məndən gedən gündən
Hava açılana yaxın ayılıb gördüm həmişəki kimi yerimin içindəyəm, fərqinə varmadan anam ayaqqablarımı çıxarıb məni yerimdə uzandırmışdı. Sanki dünən belə şey görməmişəm. Qarşılıqsız sevirdim, bilmirəm məni dünən orada gördümü, görmədimi, artıq mənim üçün bir anlamı yox idi. Mən çox saf idim, çox çox ... Hislərimlə oynamağı bacardı. Oyunbaz! Hanı əvvəllər mənə mən sənsiz yaşaya bilmərəm, sənsiz uzaqda qalmaram eyni bankın filiallarında işləyək , məndən başqa sənin yarın ola bilməz, nə oldu bəs ? Fələyin oyununu oynayıb sözlərinin üstündə dayanmayıb uduzdu . Məni də çox yordu . Artıq o məndən getdi . Qəlbimdə elə saxtakarlara yer yoxdu. Ona görə də işimi dəyişməyəcəm, acığına ofisdə qalacam. Kiməsə görə illərlə əziyyətini çəkdiyim işi yarımçıq buraxa bilmərəm. İlqar artıq mənim üçün bir heçdir.. əhəmiyyət verməyib karyeramın arxasınca gedəcəm.
Beşinci hissə - Ağrıkəsici
İlqarla " sevgi "münasibətimi bitirəndən sonra işimə davam edib, daha işimə qarşı məsuliyyətli davranmağa, soyuqqanlı görünməyə çalışsam da daxilimdə yanğınlar məni daha alovlanmadan külə döndərirdi. Qidalanmama fikir verir, valideynlərimə diqqət ayırıb onlarla vaxt keçirirdim. Amma bir boşluğun içində idim. Evə gəlib içəri keçəcəkdim ki qapı döyüldü. "Şurik " gəlmişdi. Anamı soruşdu, dedim ki evdə yoxdu, başını aşağı salıb utancaq uşaqlar kimi evinə keçdi. Qəribədi, bu adamda nə var? Anamla nə işi var?
Axşam gələndə anamdan ağrıkəsici dərman istədiyinə görə gəldiyi biləndə əsəbləşib özümdən çıxdım. Bunu məndən istəyə bilməzdi? Adamyeyənə oxşayıram? Nə var ki burda, dərmandır da, istəsəydi verəcəkdim.
- Ay qızım, mən səhər çıxanda Əşrəfə dedim ki, bu gün evdə olmayacam, qızımın istirahət günüdü, nəsə olsa ona deyərsən, baxma da nəsə olar iş adamıdır təcili nəsə lazım olar.
- Ağrıkəsicini aşağı düşüb aptekdən ala bilməzdi?
- Ay bala, indi insandı da, canı ağrayıb, gəlib, nə var ki burda?
Bəlkə? Ağrıkəsici mən idim? Özü bilirdi ki mən evdəyəm, hökmən gəlib qapını döyüb məni görmək istəyirdi. Məni həmişə görəndə gözümə baxıb tez başını əyər, ya da üzünü çevirirdi. Bəlkə heç əhəmiyyət vermədiyim həyatımın ən əhəmiyyətli insanı ola bilərdi. Üzünə baxanda gülməyim gələn insan bəlkə üzümü güldürə bilərdi?
Altıncı hissə - Razıyam hər yağışa altında təki sənlə islanım
İşdən çıxıb "Gənclik stansiyası"na tərəf gedirdim. Kartımı vurub keçəndən sonra eynəyin altında mənə baxan gözləri gördüm. Əşrəf sanki mənim həmin vaxtı oradan keçdiyimi gözləyirdi. Salamlaşıb yanaşı getməyə başladıq. Yanaşı dayanıb vaqonun gəlməsini gözlədik . Nəhayət "necəsən ?" dedikdən sonra bizim söhbətimiz başladı . Qatar da gəlib çatandan sonra ayaqüstə qalıb söhbətə davam etdik. Danışarkən üzümə baxıb gözlərini aşağı dikər, mən nəsə deyərkən mənə heyranlıqla tamaşa edirdi . Onun baxışlarında anlayışı, sevgini, hörməti görməmək qeyri- mümkün idi. Amma bu vaxta qədər buna əhəmiyyət verməyib əhəmiyyətsiz birinə baş qoşmuşdum . Metrodan çıxıb evə doğru addımlayırdıq ki , birdən yağış başladı . Sanki alovlanıb külə dönmüş ürəyimin üstünə su səpildi və bu alovu söndürdü. Onun yanında özümü qürurlu hiss etməyə başlamışdım . Çoxdandır belə xoşbəxt olmamışdım. Evə çatanacan yağış bizi birtəhər elədi . Sağollaşıb hərəmiz öz mənzilimizə daxil olduq . Yeddinci mərtəbədə olsaqda ikimiz də özümüzü dünyanın yeddinci qatında hiss edirdik. Onun belə hiss etdiyinidə hiss edirdim . Anama Əşrəflə bir gəldiyimizi , islanıb yaş olduğumuzu dedim . Anam da aş dəmləmiş , atamın gəlməyini gözləyirdi. Atam işdən gələndən sonra onunla danışıb gülüb mətbəxə keçib boşqablara zəfəranlı aşı doldurmağa keçdim.Birdən iki kişinin dolaşıq səsini eşitdim . Anam Əşrəfi bizə qonaq çağırmışdı. Onun üçün də aş çəkib otağa apardım . Məni görüb mülayim baxışlarla üzümə baxıb sonradan atamla söhbətinə davam elədi . Atamla anam ona elə davranırdılar ki elə bil ki öz oğullarıdı. ...
Yeddinci hissə - Göyün yeddinci qatında
Toy günü mənim makyajımı edəcək vizajistlə mesajlaşarkən tanımdığım nömrədən mənə zəng gəldi :
- Alo .Salam , Nigar , axşamın xeyir,necəsən ? İlqardı
- Salam , İlqar , buyur
- Narahat etmirəm ki səni ?
- Nəsə olub ?
- Olub
- Nə olub ?
- Bağışla məni, Nigar ! Üzr istəyirəm. Məni səni sevirəm, anladım ki mənim ürəyim sənə aiddir
- .....
- Eşidirsən məni ? Mən vicdan əzabı çəkirəm , sən mənim həyatımın ən düzgün qadınısan. Bilirəm bu bizim imtahanımız idi , başa düşürəm səni çox incitdim , çox peşmanam, həyatımın imtahanında müəllim olub mənə güzəşt elə nə olar ?
- İmtahandan kəsilmisən. Sən sevib sevilə bilərsən , amma əsla güvənilməzsən . Güvən , etibar , hörmət , qayğı olmayan yerdə sevginin dəyəri düşüb 1 qəpik də etməz .
- Bağışla
- 3 gün sonra toyumdu , etibar etdiyim , hörmət edib dəyər gördüyüm insanla yola davam edirəm . Əlvida və həyatında uğurlar
- Nə deyirəm , xoşbəxt ol. Amma mən səni sevəcəm , çox həm də çox
- Sevə bilərsən öz işindi özün bilərsən,dəyər ala bilməzsən. Sağol.
.... Gözlənilən həmin gün. Nigarı ağ gəlinlikdə görən ana fərəhdən göz yaşlarını saxlaya bilməyib ağladı . Axı göz nuru bircə qızı öz ürəyinə yatan əsl ona oğul olacaq insanla ailə həyatı qururdu. Göyün yeddinci qatından yeni həyat evinə qədəm qoyacaq,yenə yanaşı olacaq , qonşu olacaq , qızı bu dəfə qonşu olaraq anasının qapısını döyəcəkdi. Artıq yeddinci mərtəbədən vağzalı səsi gəlir , Nigarı musiqi sədaları altında şadlıq evinə yola salırdılar.Nigarın üzündən xoşbəxtlik saçılır , üzünə baxanda gülməyi gələn insan onun həyat üzünü güldürməyi bacarmışdı...
Etibar olmadan xoşbəxt və davamlı bir sevgi hekayəsi yoxdur. Bir sevgi münasibətləri bir bina olsaydı, şübhəsiz ki, etibar onun üzərində qurulan təməl olardı. Birisini sevmək, əslində, şübhəsiz və şübhəsiz özünə hakimiyyəti götürərək o insana 100% etibar etmək deməkdir.Etibar etmək, sevilməkdən daha böyük bir müvəffəqiyyətdir.Etibar bir sirrdir: güvən haqqında başa düşməyiniz lazım olan ilk şey budur. Buna görə izah edilə bilməz. Sevginin ən yüksək formasıdır, sevginin özüdür. Sevgi özlüyündə onsuz da bir sirrdir, müəyyənləşdirilməyən bir şeydir, amma sevgi bir dövrə bənzəyir və etibar onun mərkəzidir, ruhdur. Sevgi bir məbəddir və güvən Allahın yerləşdiyi çadırdır.İnamsız sevgi, mühərriki olmayan bir avtomobil kimidir. Onu itələməyə cəhd edə bilərsiniz, amma çox uzağa gedə bilməz.
Səadət hər kəsin öz əlindədir,
İşində, gücündə, əməlindədir.
Hamı eyni cür xoşbəxt ola bilməz. Hər kəsin öz açarı var və açmağın sirrini ancaq özü bilir.
Hamıya o qapını açmaq qismət olsun.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)