Super User
POETİK QİRAƏTdə Əyyub Türkaydan “Yalnızların qatarı”
Poetik Qiraətdə bu gün sizlərlə Lənkəranda yaşayıb yaradan Əyyub Türkay görüşəcək, “Yalnızların qatarı”ndan danışacaq.
Şikayətnamə motivlidir. Sadəcə yazara demək qalır ki, kədər elə poeziyada qalsın, həyatda rastına çıxmasın.
Xoş mütaliələr!
YALNIZLARIN QATARI
Bilirsənmi, mən də tənha biriyəm,
Yalnızların qatarına minəndən.
Qara bəxtim qaranlığa yol alıb,
Qismətimin üzü məndən dönəndən.
Bu qatarın qəm qoxuyur şüşəsi,
Xatırladır qazamatı, qəfəsi.
Burda qalmır yaşamağın həvəsi,
Ümidlərim öləziyib sönəndən.
Burda çoxdur mən çəkəni çəkənlər,
Ağ gününü göy əskiyə bükənlər.
Ürəyinə qəm toxumun əkənlər,
Bilirsənmi, yaşamırlar dünəndən?
Bundan sonra kim qəlbimi ovudar,
Kim olacaq, dərd əhlinə havadar?
"Gedər-gəlməz" yolundadır bu qatar,
Fələk məndən üz döndərib gedəndən...
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
“Ney” – ORXAN FİKRƏTOĞLU
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
N E Y
Avanqard qısametrajlı film ssenarisi
Boş şəhər küçəsi...
Alatoranlıq...
Qara kəlağayılı qarı zivədən qara rəngli paltarlar asır.
Qarı əyilib dəmir ləyəndən qara köynəklə bərabər günəşi də götürür...
Qarı zivədəki paltarları əliylə bir kənara çəkib günəşi əvvəlcə zivədən asır. Sonra nə düşünürsə, paltar tutacaqlarından asılmış günəşi zivədən açıb göydən asır...
Göydən paltar tutacaqlarıyla asılmış günəş...
Titr... “Günəş”...
Ağ-qara kadrlar...
Günəşli bir gündür... İri şüşəli vitrin önündə dayanıb ney çalan oğlan... O, neyi şüşə arxasından görünən maneken qız üçün çalır. Maneken qızın üzündə heç bir ifadə yoxdur. Adi vitrin manekenidir. Yol ilə keçənlər neyin yanıqlı naləsinə ayaq saxlayırlar. Bəziləri neyçalan oğlanın asfalt örtük üstündəki papağına pul da atırlar. Bəziləri də qulaqlarını tutub vitrinin önündən sürətlə keçirlər. Neyin səsinə uşaqlar da toplaşıb. Onlar üçün daha çox daldada durub uzaqdan neyçalanı izləyən polisin işə qarışacağı an maraqlıdır. Hələ ki neyin mehri polisi də susdurub...
Qəfil neyçalan oğlan çalğısını saxlayıb maraqla göyə boylanır. Sanki oğlan orada kiminsə olduğunu bilir. Göydən aşağı bir dəstə gül atılır. Sonra kimsə aramla ney səsinə əl çalır...
Neyçalan oğlan dodaqlarını neydən ayırıb...
Oğlan: “Gün üçün iyirmi dörd saat çox azdır. Gözünü yumub-açırsan, gecə düşür”.
Titr. “Günəş tez batır”.
Gecə. Boş, kimsəsiz şəhər küçələri ilə qaçan neyçalan...
O, vitrinin önünə çatıb dayanır.
Maneken qız ifadəsiz baxışlarla bir nöqtəyə baxır.
Neyçalan oğlan nədənsə əsəbidir...
Neyçalan oğlan: “Kim deyib sənə? Yalandı... Səndən savayı heç kəsim yoxdur. Sadəcə, səhər yuxudan pis oyanmışdım. Ürəyim əsirdi. Bura necə gələydim? Üzünə necə baxaydım? Halım yox idi. Bura bax... sən heç biçənək görmüsən? Bax, içim elə uralanmışdı... Boş idim... Başa düşmürəm e sənə nə olub? Yaxşı, bağışla məni... Vallah, içimdən səs gəlmirdi. Gəlsəydim, sənin də qanını qaraldacaqdım. Yaxşı, sənin üçün səhəri geri qaytarıram”.
Neyçalan oğlan kürkünün cibindən neyi çıxarıb çalmağa başlayır...
Boş, kimsəsiz küçənin işıqları bir-bir yanır...
Yaxınlıqdakı evlərin də işıqları get-gedə yanmağa başlayır...
Get-gedə küçədəki adamların sayı da artır... Və gecənin içində qəfil səhər açılır.
Titr yazı... “Səs günəş kimidir”.
Dizi üstünə qoyduğu taxtaya mıx çalan neyçalan... O, çəkici əlinə vura-vura çərpələng düzəldir.
Neyçalanın əlləri qanayıb...
Neyçalan çərpələngin ipini manekenin qoluna bağlayır...
Oğlan çərpələng əlində dükanın içindən eşiyə çıxır.
Oğlan çərpələngi əlindən göyə buraxır.
Göydə süzən çərpələngi görən maneken qızın üzündə gülüş var...
Oğlan dükana girib maneken qızın əyninə qırmızı paltar geyindirir...
Maneken qız utanıb başını aşağı salır...
***
Gecə... Boş küçə ilə velosipedlə şütüyən neyçalan. O, üç-dörd dəfə vitrinin önündən keçib gedir. Sonra yenə geri qayıdır. Maneken qızın üzündə bir təlaş var. Nəhayət, neyçalan oğlan velosipedini vitrinin önündə əyləyir.
Neyçalan oğlan: “Mən də təkəm. Tök bu daşı ətəyindən. Onsuz da hamımız oyuncağıq... İnanmırsan mənə? Düz sözümdür, vallah. Ancaq səndən ötrü yaşayıram... Sənə köklənmişəm... Gedək sənə günəşi göstərim... Gəl gedək də... Burda nə qədər yaşayacaqsan? Gördüklərin yalandır axı... Mən səni başqa bir günəşin altında yaşadacam. İnanmırsan mənə?..”
Polis maşınının həyəcanlı səsi eşidilir.
Titr... “Başqa bir günəş varmı?”
Qaranlıq... İzdihamlı meydanda insanların arasıyla harasa qaçan neyçalan...
Titr... “Vərdişi az bilmə... Babaların ləpirlərini basa-basa təkrar bir ömür yaşamadıqmı?”
Gecə. Neyçalan əlindəki iri daşla vitrin şüşələrini sındırır. O, qırılmış şüşə qırıntılarının arasından dükana girir. Maneken qızı qucağına götürüb eşiyə çıxır. Neyçalan maneken qızı velosipedinin arxa oturacağına oturdur. Onlar şəhərdən çıxırlar...
Titr... “Sevgi xilasdırmı?”
Boş səhnə... Neyçalan oğlan maneken qızla rəqs edir... Maneken qızın boynundan və əllərindən qırılmış kəndirlər sallanır. Oğlan bu kəsilmiş kəndirlərdən birini dartır... Qəfil səhnənin işıqları yanır...
Kadrda neyçalan oğlanla maneken qız şüşəsi qırıq vitrində dayanıblar. Artıq neyçalan oğlanın da üzündə heç bir ifadə yoxdur... Şüşə qırıqları arasında qırılmış ney də görünür.
Titr... “Haqq gedilən yoldadır...”
Polislər vitrinin önündə dayanıblar... Polis maşınlarının həyəcanlı sirenaları eşidilir. Şüşə kəsikləri arasından işıq gah neyçalan oğlanın, gah da maneken qızın üzünə düşür. Onların üzündə heç bir ifadə yoxdur; ikisi də donuq üzlüdür. Polislərin dəvət etdiyi süpürgəçi şüşə kəsikləri ilə birlikdə ney qırıqlarını da süpürüb zibil qutusuna atır...
Titr... “Başqa günəş yoxdur”
Vitrinin qırıq şüşələri arxasından neyçalan oğlanla maneken qız görünür. Onlar iri şar kimi üflənmiş saxta günəşi əllərində tutublar. Hər ikisi boynundan vitrinin kənarlarına bərkidlimiş qalın kəndirlərlə asılıb. Qəfil üflənmiş günəş göyə doğru uçmaq istəyir. Neyçalan oğlanla maneken qız günəşi yuxarı qalxmağa qoymurlar. Onların ağırlığı və vitrinə bağlı olmaları saxta günəşi aşağı endirir. Göydən aşağı minlərlə ip, kəndir asılıb. Kəndirlərlə yuxarı dırmanmağa çalışan minlərlə insana doğru göydən aşağı bircə əl uzanıb... Və o əldə “ney” görünür...
Titr... “Növbə kimindir?”
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Dünyanın ən sağlam qidalarından: GÖYƏRTİ VƏ TƏRƏVƏZLƏR
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm.
Buyurun, faydalanın. Öncə göyərti və tərəvəzlərdən bəhs edəcəyəm.
A. göyərti və tərəvəzlər.
1. Qulançar (az kalorilidir, asan həzm olunur, vitaminlərlə (K, B1, B2, B9, C, E, A, PP), mikro və makroelementlərlə (sink, kalsium, maqniy, dəmir) zəngindir).
2. Şirin bibər (Antioksidantların və C vitamininin mənbəyidir).
3. Brokkolli kələmi (K və C vitaminlərinin və sellülozun çoxluğuna görə təkrarsızdır, xərçəngin bütün növlərinə tutulma riskini azaldır, bədəni toksiki maddələrdən təmizləyir).
4. Kök (karotinin əsas mənbəyidir, insanın hüceyrələrinin inkişafı, dərinin, selikli qişanın və gözün sağlamlığı üçün çox vacibdir).
5. Rəngli kələm (tərkibindəki A, B, PP vitamini, kalium, fosfor, dəmir və sellüloz, eləcə də protein adi kələmdəkindən dəfələrlə çoxdur, bu tərkib bağırsağın mikroflorasına müsbət təsir göstərir).
6. Xiyar (95% sudan ibarət olan və ən az kalorili bu tərəvəzdə yağ, zülal çox azdır, amma kalium və digər vitaminlər çoxdur).
7. Sarımsaq (ən güclü antioksidantlardan hesab olunur, güclü bakterisid təsiri var, soyuqdəymə ilə mubarizədə güclü silahdır, ürək xəstəlikləri riskini, yemək borusu xərçəngi riskini azaldır).
8. Zəncəfil (immungücləndirici, həzmə kömək edən bu bitkinin kökündə efir yağları, vitamin və minerallar boldur).
9. Soğan (bakterisid xassəsinə, dəmir və kalsium bolluğuna, B və C vitamini bolluğuna görə seçilir).
10.Pomidor (xərçəng əleyhinə likolin kimi güclü antioksidanta, ən müxtəlif mikroelement və vitaminlərə malikdir).
11.Cəfəri (tərkibində limondan 4 dəfə çox vitamin olduğundan soyuqdəymədə, habelə avitaminozda çox faydalıdır, bitki proteininə malik olduğundan isə pəhriz saxlayanlar, xüsusən ət yeməyənlər üçün əvəzsizdir).
Növbəti dəfə sizlərə meyvə və giləmeyvələri təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
EV HƏKİMİ - Öskürək qorxulu xəstəliklərdən xəbər verə bilər
“Ədəbiyyat və incəsənət” portalı “Ev həkimi” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Öskürəyin xəbərçisi olduğu qorxulu xəstəliklər barədədir.
"Öskürək heç də həmişə yoluxucu xəstəliyin əlaməti deyil". Bu barədə Rusiyanın əməkdar həkimi, pulmonoloq Aleksandr Karabinenko xəbərdarlıq edib. Onun sözlərinə görə, öskürək müxtəlif amillərlə əlaqələndirilə bilər, bu, bədənin xüsusi reseptorların qıcıqlanmasına qarşı qoruyucu reaksiyasıdır.
"Qıcıqlanmanın ən çox yayılmış səbəbi yuxarı və ya aşağı tənəffüs yollarının infeksiyasıdır. Xəstələr boğaz ağrısından, səsin xırıltısından şikayət edirlər. Öskürək nəfəs darlığı, çətin nəfəs almaqla müşayiət olunursa, bu, traxeya və bronxlar boyunca şişkinliyin göstəricisi ola bilər".
Həkimin sözlərinə görə, öskürəyin başqa bir səbəbi siqaret çəkməkdir.
"Siqaret çəkənlər təxminən 5 ildən sonra öskürməyə başlayırlar. Onlar, adətən səhər oyanıb boğazlarını təmizləyirlər. İnsan siqaret çəkəndə öskürək azalır, lakin bu, aldadıcı bir haldır. Siqaret çəkmək sonda xroniki bronxitə gətirib çıxarır. Ən əsası isə siqaret çəkənlərin əksəriyyətində xroniki obstruktiv ağciyər xəstəliyinə tutulma riski yaranır", - deyə Karabinenko izah edib.
O əlavə edib ki, bəzi dərmanlar da öskürəyə səbəb ola bilər.
"Bu öskürək adətən gecələr başlayır, bir neçə dəqiqə davam edir və dayandırmaq olmur. Simptomdan xilas olmaq üçün dərmanı ləğv etmək lazımdır", - deyə Aleksandr Karabinenko izah edib.
Həkimin sözlərinə görə, bəzən öskürək ürək-damar xəstəlikləri ilə əlaqəli olur.
"Xroniki ürək çatışmazlığı zamanı öskürək baş verir. Belə xəstələrdə öskürək daha ağır fəsadların - ağciyər ödemi və ürək astmasının xəbərçisi ola bilər. Perikardit də öskürəklə müşayiət oluna bilər", - deyə o xəbərdarlıq edib.
Karabinenkonun fikirlərinə portalımızın tibbi eksperti Ruslan Quliyevsə belə şərh verib: “Heç zaman həkimə müraciət etmədən öskürək dərmanı qəbul etmək olmaz. Əvvəlcə müayinədən keçmək, simptomun səbəbini təyin etmək və onu aradan qaldırmaq lazımdır".
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Gəlməz”i
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Nurvəş “Güney Azərbaycan poeziyası antologiyası”nda sizlərə şair Dərviş Təbrizlinin şeirlərindən seçmələr təqdim edəcək.
Dərviş Təbrizli
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
GƏLMƏZ
Getmək zamanı gəldi, gedək, durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
“Cığır" yeni dövrün "Qarabağnamə"sidir
Tanınmış tarixi romanlar müəllifi Yunus Oğuzun yazdığı “Cığır” romanı Atatürk Mərkəzi tərəfindən Dövlət Mükafatına namizəd göstərilib.
“Ədəbiyyat və incəsənət” portalı roman barədə siyasi şərhçi Cəmaləddin N. Quliyevdən rəy alib.
Rəyi diqqətinizə çatdırırıq:
Bəzən müxtəlif sahələrdəki uğur və uğursuzluqlar, qazanılan bilik və təcrübələr şəxsin məhz bir sahədəki böyük işləri üçün vəsilə olur. Yazıçı Yunus Oğuz Azərbaycanın müasir ədəbiyyatının xüsusi təqdimata ehtiyacı olmayan imzasıdır. Amma yalnız ədəbiyyatının deyil; ədəbiyyata gəlməzdən əvvəl o, alim, milli azadlıq hərəkatının fəal iştiakçısı, məmur, ilk siyasi partiyalardan birinin qurucusu, nəhayət yeni dövr mediamızın yaradıcılarından biri kimi yetərincə tanınırdı.
Ədəbiyyat sahəsindəki ilk işləri ilə tanışlıqdan sonra nədənsə məndə Yunus Oğuz haqda belə qənaət yaranmışdı- bütün qazandığı təcrübələr ədəbiyyata doğru yol gəlmək üçünmüş. Nadir şah haqda romanını oxuduqdan sonra isə bir sual məni düşündürürdü- ədəbi təcrübələri, tarixi bilgiləri onu nəhayət müasir dövrə gətirəcəkmi? Fərqli üslubu-tarixi dokumentalsitikaya meyilliyi nədənsə məndə bu suala cavabın müsbət olacağına əminlik yaradırdı. Nəhayət ki, son romanlarında- "Uçurum" və "Cığır"da bu keçidin şahidi olduq.
"Cığır"- püxtə, kamil, müqtədir bir qələmin məhsuludur. "Cığır" -Qarabağ Azərbaycandır!" nidasının reallaşmasını əks etdirən yeni dövrün "Qarabağnamə"sidir, böyük Zəfərimizin tarixi kökləri haqda bədii üslubda araşdırmadır.
"Cığır"- Qarabağın naci-qaziləri, Baş Qazi haqda yazılmış salnamədir. O qazilər ki, Azərbaycanın son 200 illik tarixinin ən mühüm zəfərinə imza atıb, xalqımızın tarixi taleyini dəyişiblər.
"Cığır"- bir cığırı tarixin yeni mərhələsinə aparacaq şah yola çevirmiş qəhrəmanlıqları əbədiləşdirmiş əsərdir .
"Cığır" - türk xalqlarının cığırdaşlığının, nəhayət ki, gerçək arxadaşlığa və qardaşlığa çevrilmə tarixinin tərənnümüdür.
Sonda Yunus Oğuzun "Uçurum" romanı haqda qeydimi xatırlatmaq istəyirəm:"Azərbaycanda millət quruculuğu naminə ədəbiyyatın gücündən istifadə təşəbbüsləri daha çox fərdi təşəbbüslərdir. Bu təşəbbüslərin ən ciddi nümunələri içində Yunus Oğuzun qələmə aldıqları da var. Qələmə alınmış uğurlu bir əsərin ciddi dəyərləndirilməsinə, kino həllinin tapılmasına da ehtiyac var.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – ABBAS SƏHƏT, “İki uşaq”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Abbas Səhhətin “İki uşaq” əsəri təqdim ediləcək.
Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər.
Gedək görək uşaqlar
Bağda nə cür oynaqlar.
Yoldaş dedi: – Qardaşım,
Dinmə, ağrıyır başım.
Açılsa gül, olsa yaz,
Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,
Oynamağı neylərəm.
Bunu dedi o birisi:
– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,
Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,
Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:
– Danışma bəd-bihesab,
Sübhə bugünkü işi
Qoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,
Sonra gedib oynaram.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Şəhidlər barədə şeirlər – Cavid Həsənov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Cavid Həsənova həsr edilmiş şeirlə tanış olacaqsınız.
CAVİD MİKAYIL OĞLU HƏSƏNOV
(06.03.1993.-20.10.2020.)
Bakı şəhərində doğulmuş, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi.
Şəhid olduğu yer: Xocavənd
Dəfn yeri: Bakı şəhəri, İkinci Fəxri Xiyaban
CAVİD
Qarabağ savaşında şanlı zəfər çalmışıq,
Göydən düşən pay deyil, yüz yol istə, qələbə.
Müqəddəs torpaqları yağılardan almışıq,
Asan başa gəlməyib düşmən üstə qələbə.
Şirin canından keçdi, saysız qəhrəman igid,
Vətənə qurban olmaq, bu da bir səadətdi.
Küləklər şəhərində açmışdı gözün Cavid,
Hələ balacalıqdan şirin dil, xoş ülfətdi .
Qarabağ döyüşçüsü Mikayılın oğluydu,
Halal, dürüst ailənin balası, övladıydı.
Hələ balacalıqdan yurda qəlbən bağlıydı,
Adı da ölməzlərin, ucaların adıydı.
Anası Mirvarinin təkcə oğlu deyildi,
Yamanı kim xoşlayar, xeirxahı sevərlər.
Gözlərinin işığı, bəli, hər şeyi idi,
Məktəbə getdi Cavid, gətirdi şad xəbərlər.
“Əla”larla qurtardı təmayüllü məktəbi,
Neftçi-mühəndis olmaq, məqsədi, niyyətiydi.
Fizika, riyaziyyat həm həvəsi, həm təbi,
ADNSU-da təhsil almaq onun qətiyyətiydi.
Şanlı ali məktəbə qəbul oldu, sevindi...
Oxudu, imtahanları verdi yüksək qiymətlə,
Anasına deyirmiş, “Ora da öz evimdi”,
Vaxt gəldi, bu ünvanla vidalaşdı hörmətlə.
Hərbi xidmətə getdi, afərin, əsgər oldu,
Bakıtək doğmalaşdı ona Gəncə şəhəri.
Əsgər yoldaşlarının dilində əzbər oldu,
Başa vurub xidmətin döndü Bakıya geri.
Qazma mühəndisitək göstərdi fəaliyyət,
Hamı sevirdi onu, halal idi, düz idi.
İşə can yandıranlar qazanır nailiyyət.
Zəkalı, biliklərə sahib mühəndis idi.
Vətən torpaqlarının xilasının məqamı,
Cavid də sevinc ilə ordumuza yazıldı.
Vaxtdır dayanmaq olmaz, alağın intiqamı...
Həmin o payız günü sanki bahar-yaz oldu.
Sevimli anasının üz-gözündən öpərək:
-Məndən nigaran olma, nurlu səhər bizimdir.
Düşməndən Qarabağı azad eyləyək gərək,
Zülmət xain düşmənin, şanlı zəfər bizimdir.
Cavid hərb meydanında qorxu nədi bilmədi,
Vuruşdu qəhrəmantək, düşmənə uddurdu qan.
Gündüz-gecə bilmədi, yuxu nədi bilmədi,
Xocavənd döyüşündə Vətənçin keçdi candan.
Həmişə qəlblərdədir, unudulmaz heç zaman,
Müqəddəs ucalıqda canlı, yaşayır Cavid.
Üzündən, çöhrəsindən gülüş yağan qəhrəman,
Bu gündən gələcəyə müjdə daşıyır Cavid.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində İrəvan küftəsi (daş küftəsi)
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə İrəvan küftəsinin (daş küftəsi) hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Ət – 117 qr
§ Düyü – 55 qr
§ Soğan – 20 qr
§ Noxud – 42 qr
§ Çiy yumurta – 7 qr
§ Bişmiş yumurta – 40 qr
§ Kartof – 45 qr
§ Pomidor – 50 qr
§ Tərxun – 11 qr
§ Reyhan – 11 qr
§ Mərzə – 11 qr
§ Zəfəran – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Mən balaca olanda yadımdadır ki, anam Fatma xanım daş küftəsini bişirən- də həyəti süpürüb sulayardı, balaca xalça sərərdi, xalçanın üstünə süfrə salıb üstünə ət daşını (çaydan gətirilmiş iri, yastı, qalın daş) qoyardı.
Ət yuyulur, ət dəsmalında qurudulur, doğranır. Ayrıca bir qabda düyü, noxud və bir orta boy kartof bişirilir. Soğan təmizlənib doğranır, mərzə, reyhan, tərxun (qışda qurusu), duz və istiot təmiz yuyulmuş ət daşının üstündə ətlə bir- likdə döyülür. Soğan, bişirilmiş düyü, noxud və kartofla hamısı birlikdə döyülür, duzlanıb istiotlanır. Taxta toxmaqla yaxşı döyüldükdən sonra içinə bir çiy yumurta qatıb, bir tabaqda ət kütləsi çırpılır. Ayrıca bişmiş yumurta qabıqdan təmizlənib, bir qaba yığılır. Sümüklə bişmiş işgənə süzülür. Soğan yağda qızar- dılır və üzərinə işgənə əlavə olunur. Ətdən küftələr hazırlanır, əldə yuvacıq açılıb, içərisinə bişmiş qabıqdan təmizlənmiş yumurta qoyulur. Sonra əllər duzlu suda isladılır və küftələr yumrulanır. Hazır küftələr qaynar işgənəyə atılır, kəfi alınır və içərisinə zəfəran əlavə olunur. Quru və ya adi lavaş, sirkəyə doğranmış qırmızı baş soğan, tərxun, nar suyu, soğan ilə, qış aylarında isə turşu ilə yeyilir.
Yaz aylarında isə küftənin suyuna alça da əlavə etmək olar. Yumurta quru və ya təzə alça ilə əvəz edilə bilər.
Taxta toxmaq və ət daşı ət döyüldükdən sonra yuyulub qurudulur və onun üçün nəzərdə tutulmuş xüsusi torbada mətbəxdə saxlanılır. Zəfəran pomidor rubu və sarıköklə də əvəz oluna bilər. Bu cür küftə yumurtasız da bişirilir. Yumurtanın əvəzinə ətin içərisinə alça və ya albuxara qoyula bilər.
Mal əti yapışqan xassəsi alana kimi daş toxmaqla döyülür. Əvvəlcədən düyü və noxud islağa qoyulub ləpələnir. Orta ölçüdə soğan və mərzə də əlavə edilib döyülür. Duz, istiot və yumurta vurulub qarışdırılır. Qarışıq küftələr şəklinə salınır. Soğan yağda qızardılır, üzərinə ətin zəfəranlı işgənəsi və hazırlanmış küftələr, son olaraq isə bibər əlavə olunur. Istəkdən asılı olaraq, küftəyə kartof da əlavə etmək olar Irəvan küftəsi quru lavaşla yeyilir. Bu küftənin dadı bam- başqa olur.
Gülsüm Hüseynova (Makinskaya) (İrəvan şəhəri) eyni nüsxədə kartof və pomidor əvəzinə bibərdən istifadə etmişdi. Küftəyə reyhan, tərxun, zəfəran əlavə etməyib.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)
Ürək yaralarının dezinfeksiyası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Oğul bala, ananala mən qərara gəldik ki, sən həkim olasan.
-Ata, nə danışırsan? Mən heç milçəyi belə öldürə bilmərəm.
2.
Dənizçi üçün yaxşıdır. Qız onu limanda gözləyir.
Qatar bələdçisi üçün yaxşıdır. Qız onu vağzalda gözləyir.
Tır sürən üçün yaxşıdır. Qız onu dayanacaqda gözləyir.
Təkcə qız üçün pisdir. Gah limana qaçır, gah vağzala, gah dayanacağa.
XƏYANƏTİN APOGEYİ.
3.
-Baləmi, az iç bu zəhrimarı.
-Doxtur, mən içmirəm, mən ürək yaralarımı dezinfeksiya edirəm.
4.
Birisi üçün xoşbəxtlik xatırlamaqdır, digəri üçünsə unutmaq.
5.
Qadınla mübahisə etmək etikadan kənardır. Ən əsası isə mənasızdır.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)