Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə III Regional Xor Müsabiqəsi keçirilir.
“Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin final mərhələsi 7 may tarixində Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı final mərhələsi barədə məlumat almaq üçün Mil-Muğan Regional İdarəsinə müraciət edib. Alınan məlumata görə, tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarəsinin rəisi Faiq Xudanlı, Mingəçevir Şəhər İcra Hakimiyyət başıçısının müavini, regional idarələrin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl Regional İdarələrin rəisləri, rəis müavinləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini və münsiflər heyəti Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Final mərhələsində Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə fəaliyyət göstərən 6 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.
İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıb.
Xatırladaq ki, müsabiqədə iştirak edən 16 uşaq musiqi və incəsənət məktəbindən 6-sı final mərhələsində iştirak etmək hüququ qazanmışdı.
Final mərhələsində qalib olmuş xor kollektivləri münsiflər heyəti tərəfindən elan edilib.
Belə ki, məktəblərdən
Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi - Qran priyə
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi - I yerə
Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi - II yerə
Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi - III yerə
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi isə diploma layiq görülüblər.
Bununla da Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə təşkil edilən Xor müsabiqəsinin final mərhələsi yekunlaşıb.
Qeyd edək ki, qaliblərin mükafatlandırılma mərasimi 16 may 2024-cü il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq Qala konsertində həyata keçiriləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)