Super User
Dünən Fikrət Qocanın Allahın dərgahına köç etdiyi gün idi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
ABŞ-ın İndianapolis şəhərində əyləşib nahar edirdik. Növbəti dəfə ona "MÜƏLLİM"- deyib müraciət edəndə, qayıtdı ki, bundan sonra mənə "ƏMİ" deyə müraciət elə. Elə o vaxtdan da son görüşümüzədək ona "Fikrət ƏMİ" deyirdim...
Vəfatından üç il ötür, o, haqqın dərgahında, mən isə yalanın, xəbisliyin, namərdliyin ayaq tutub yeridiyi, necə deyərlər, nankorların adamın başına bağırdığı dünyadayam...
Dədə-babalarımızla müqaisədə çox şeyləri əldən vermişik, heç olmazsa vəfa borcumuzu unutmayaq...
Bəli, mənim Fikrət Qocaya vəfa borcum var. Bu gün əlim çatmasa, ünüm yetməsə də xatirəsini əziz tutduğum adamlardan biri də odur...
Mayın 5-i Xalq şairi Fikrət Qocanın bütün qazandıqlarını bu dünyada qoyub Allahın dərgahına köç etdiyi gün idi...
Hörmətlə, ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Komitə sədri xalçaçı-rəssamı təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Xalça Muzeyinin baş rəssamı Taryer Bəşirova təbrik məktubu ünvanlayıb.
Xalça rəssamı, çətən ustası olaraq ün qazanmış sənətkarın 65 illik yubileyi ilə bağlı təbrik məktubunda onun yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Taryer müəllim,
Sizi 65 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Sizin bir xalçaçı-rəssam olaraq yetişməyinizdə, əldə etdiyiniz uğurlarda 1983-1988-ci illərdə Rəssamlıq fakültəsində təhsil aldığınız Azərbaycan Dövlət İncəsənət İnstitutununda (indiki ADMİU-da) öyrəndiklərinizlə yanaşı, özünüzün işgüzarlığınız, sənətə ürəkdən bağlılığınız da önəmli faktorlardır.
1983-cü ildən başlayaraq davamlı olaraq respublikamızda və xarici ölkələrdə təşkil olunan nüfuzlu sərgilərdə (xalça və çətən örnəkləri ilə) uğurla iştirak edirsiniz.
Ornamental və portret xalçalar sizin yaradıcılığınızın əsas yönünü təşkil edir. Çağdaş çətən texnikası ilə toxunan xalçalara bir çox yenilikləri siz qazandırmısınız.
Siz, dünyaşöhrətli sənətkar – Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında toxunan “Üzeyir bəy Hacıbəyli” xalçasının texniki layihəsinin rəhbəri, eləcə də, bir sıra digər maraqlı əsərlərin müəllifisiniz. – “Kitabi Dədə Qorqud” dastanına həsr olunmuş “Beşiyim – əbədiyyətim” adlı süjetli çətən, Lətif Kərimovun 80 illik yubileyinə həsr olunmuş portret çətən, Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş süjetli portret çətən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında nümayiş olunan səhnə pərdəsi kimi toxunan 150 m² sahəsi olan “Azərbaycan ulduzları” adlı xalça, M.Rastropoviçə həsr olunmuş süjetli portret xalça və b. - sizin yaratdığınız çoxsaylı xalça və çətən örnəklərinə aiddir.
Bir sözlə, ölkəmizin tanınmış xalça rəssamı, çətən ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Milli Xalça Muzeyinin baş rəssamı olaraq siz öz uzunmüddətli, səmərəli xidmətlərinizlə seçilirsiniz.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Sirkə küftəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Sirkə küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Ət – 130 qr
§ Soğan – 25 q
§ Yağ – 20 qr
§ Noxud – 10 qr
§ Badam – 10 qr
§ Albuxara – 10 qr
§ Zəfəran – 0,1 qr
§ Sarıkök – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ alma sirkəsi (3%-li) – 15 qr
HAZIRLANMASI:
Yağlı qoyun əti ət maşınından keçirilir. Qiymənin içərisinə badam qoyularaq xırda küftələr hazırlanır. Hazırlanmış küftələr noxud ununa bulanır və yağda tovlanır. Soğan xırda doğranır, yağda qızardılır, üzərinə işgənə əlavə olunur. Sarıkök, badam, albuxara, sonda isə zəfəran qatılır. Həmçinin təzə kartof da əlavə etmək olar. Süfrəyə veriləndə yanında alma sirkəsi qoyulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
DÜNYA QƏFİL DURANDA... - anama deyə bilmədiklərim…
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Həyatda ömrünü başa vurmuş, hazırda ömür sürən və bu fani dünyaya hələ gəlməmiş insanların öz kiçik dünyaları olub, var və olacaq. Hər kəs öz dünyasının sakinidir, qurucusudur. İnsan yaşadıqca onun dünyası da öz-özünə fırlanır, illərini tamamlayır, fəsillərini ötüşdürür. Bəs birdən dünyanız qəfildən fırlanmağı dayandırsa, nə baş verər? Mən bu hadisəni bu gecə yaşadım.
Bu gün kiçik bir hadisənin üstündə özümdən asılı olmadan anamı ağlatdım. İlk dəfə idi ki, bu 19 illik həyatımda anamın qəlbini qırırdım. Fəsadlarını, o prosesin necə olduğunu bilmirdim və şahidi olandan sonra heç bir övlada bu hadisəni yaşamağı arzulamıram. İlk dəfə idi ki, özümdən bu qədər utanmışdım. Özümü bu dünyanın ən pis övladı hiss edirdim, halbuki Allah şahiddir ki, ömür boyu atama da, anama da pis övlad olmamış, hər zaman ailəmi bütün məsələlərdən daha öndə tutmuşam.
Anamla mübahisəmizdən sonra yatağıma uzanıb yarım saatdan daha çox durmadan ağlayıb özümü tənbeh etdim. Bir müddət sonra başımı balışdan qaldırıb yatağımda oturdum. Hissizləşmişdim. Dünyamın dayandığını anlamışdım. O an hiss etdiyim ilk şey nifrət oldu. Özümə və bu dünyadakı hər kəsə nifrət edirdim. Kainatda olan bütün varlıqların özünü necə hiss etdiyi vecimə belə deyildi.
Donub qalmışdım, nə yenidən yata bilir, nə də başqa şey etmək istəyirdim. Daha sonra hiss etdiyim işığımın sönməsi oldu. 19 ildir ki, Yer adlanan nəhəng planetin sakiniyəm, bu illər ərzində ən birinci amalım valideynlərimi incitməmək olub. Hər zaman onlara bacı və qardaşlarım arasında ən yaxşı övlad olmaq ümidi ilə yaşamışam. Amma deyəsən anamın qəlbini qırdıqdan, dünyamın qəfil durmasından sonra bu ümid işığım da sönmüşdü.
Milyon-milyon sual arasında itib batmışam, görəsən mən həqiqətən də pis övladammı?
Bu yazımı oxuyan bütün övladlardan tək bir istəyim var: valideynlərinizi incitməyin. Unutmayın ki, onlar da sizin kimi bu həyatı ilk dəfədir yaşayırlar. Valideynləriniz də bütün hissləri ilk dəfədir keçirir, onlara da sizin kimi cəmi bircə dəfə yaşamaq imkanı verilib. Onları incidib övladları ilə bağlı ümidlərini suya salmayın. Əks halda, əgər yaxşı övladsınızsa, siz də dünyanızın durduğunu hiss edəcəksiniz.
Bütün bu olanlardan sonra bir daha anladım ki, mənim dünyam elə anamdır. Onun gözlərindəki işıq sönəndə mənim də dünyam sönür. Onun ümidləri qırılanda mənim illərdir güclə inşa etdiyim şəhərlərim dağılır, qəlbim parça-parça olur.
Məni bağışla ana! İcazə ver, sənin qəlbini, öz dünyamı bir daha yenidən dirçəldim! Bütün bu olanlara və səni istəməyərək incitdiyimə görə məni bağışla ana!
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. (C.Cabbarlı)
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
İNİŞİL BU GÜN: Xalq artisti Ramiz Quliyevin 75 illiyi
Könül, “Ədəbiyyat və incəsənət”
İnişilin – 2022-ci ilin bu 6 may günü hansı mədəniyyət hadisəsi ilə əlamətdar olub? Araşdırdım və gördüm ki, ən diqqətşəkən hadisə haqqında bəs edəcəyim bu hadisədir.
Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunmuşdu.
Gecədə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi baş tutdu. Eyni zamanda, professor Ramiz Quliyevin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da baş tutdu.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
“Bizi ayıran yollar bir gün qovuşduracaq…” - HEKAYƏ
Jalə İslam, "Ədəbiyyat və incəsənət"
Həyat yuxuda da öz sonuna doğru gedir.
A.Bule
2003-cü il Bakı
Bu gün Arazın Bakıda son günü idi. İndi o bu günə qədər böyüdüyü evinin hər küncünə içində qopan dərin fırtınalarla birlikdə baxmaqda idi. Anası evin içində cəld addımlarla o tərəf-bu tərəfə irəliləyir, son qalan əşyaları toparlayırdı.
Araz anasını atasının ölümündən bu yana ilk dəfə idi ki, bu qədər xoşbəxt görürdü. Həm də onun üzündə qəribə bir həyəcan da var idi. Nə də olsa bu gün onun həyatında artıq yeni bir başlanğıc idi.
Amma evdə əgər bir nəfər xoşbəxtdirsə, bu o demək deyildir ki, hər kəs xoşbəxt və bəxtiyar olmalıdır. Belə bir qanununun olduğunu düşünmürəm. Digər otaqda uzunmüddətdir ki, yataq xəstəsi olan nənəsinin onların gedişindən xəbərdar olduğu gündən etibarən göz yaşları dinmirdi. Oğlunun ölümündən sonra ona tək dayaq olan ailə üzvləri də bu yaşlı qadını tərk edib gedirdi...
İnsanlar həyatda bəzən seçim etmək məcburiyyətində qalırlar. Araz anlamışdı ki, nənəsi də bu seçimin qurbanıdır. Anasının düşüncəsiz seçimi onun içinə dərin duyğuların kök salmasına səbəb olmuşdu. Yaşanmış bəzi hadisələr bizi düşünməyə sövq edir. Əgər mən onun yerində olsa idim, nə edərdim? Ya da qarşımdakının seçim şansından biri də mən olsa idim, mən də qurban olardımmı?
Onu bütün bu suallar deyil, anasının növbəti seçimi qorxudurdu...
Biraz sonra maşın artıq qapıda dayanmışdı. Arazın isə anası ilə bərabər getməkdən başqa çarəsi yox idi. Buna seçim demək doğru deyil, çünki bu məcburiyyətdir.
Bütün vücudu daş kəsilmiş Arazın gözü divarda asılı olan, illər əvvəl çəkdirdikləri ailə şəklində qalmışdı. İndi nələri itirdiyini, nələrin yarım qaldığını çox yaxşı anlayırdı. Ruhu sakitlik nədir bilmirdi.
Mətbəxə tərəf yönəldi, masanın üzərində olan çörək və su qabını götürdü və nənəsinin çarpayısının yanında olan kiçik masanın üzərinə qoydu, nənəsinin üzərini örtdü, sel kimi axan və bəlkə də heç dayanmayacaq olan göz yaşlarını əlləri ilə son dəfə sildi. Anasının belə acımadığı bu qadına Arazın yazığı gəlirdi.
Hər zaman olduğu kimi yenə heç bir söz demədi. Susqunluq onun üçün tək çıxış yolu idi. Həzin addımlarla qapıya tərəf yönəldi, hər addım atdıqca onun içindəki hüzün daha da böyüyür, nənəsinin fəryadı daha da şiddətlənirdi. Artıq arxasına baxmamağa qərar verdi, çünki bu, əzabı özünə pulsuz satın almaq demək idi.
İnsanı uzaq səfərə çıxarkən doğma evindən uzaqlaşmaq düşüncəsi deyil, qayıdanda hər şeyi olduğu kimi tapmamaq düşüncəsi üzürdü.
*
Arazın içindəki narahatlıq onu kölgəsi kimi təqib edirdi. Əlini uzatsa tuta bilməyəcəyi buludların üzərindəki ilk səyahət belə ona uşaq ağlının yaşada biləcəyi illuziyaları yaşatmırdı. Səmanı və dənizi onsuz da sevmirdi. İki il əvvəl atasını qurban verdiyi dənizi, ya da bütün bunları etinasızca seyr edən səmanı necə bağışlaya bilərdi ki?! Sağ tərəfində əyləşən anası ilə göz təmasından qaçırdı. Qəbul edə bilmirdi ki, artıq anası da onun içində çoxdan ölüb. Axı necə ola bilərdi ki, iki il əvvəl səni heç kimə dəyişməyəcəm dediyi həyat yoldaşını indi başqa bir adama dəyişirdi?!
Murad anasına böyük vədlər vermişdi. Elə Araz da anası ilə birlikdə bu vədlərin arxasınca yad bir elə üz tuturdu. Lakin anası - Leyla bir şeyi unudurdu ki, yad elin yad qanunları var və bütün qanunlar ədalətə tabe deyil!
*
Təyyarədən endikləri zaman Murad onlara gülümsəyərək dedi:
-Sizə söz verirəm ki, hər şey çox yaxşı olacaq. Siz sadəcə mənə güvənin.
Amma Araz çoxdan bilirdi ki, bu şəhər onu udacaq!
Sankt-Peterburq,2003-cü il
Böyük şəhərlər dərin insanlar üçün bir cəhənnəm, dərin insanlar isə kiçik şəhərlər üçün bir tabutdur!
Fikirlərin əsirində keçən bu səyahət artıq sonlanmışdı. Onu bu əsirlikdən maşının ani dayanması oyatdı. Deyəsən, indi, həqiqətən də hər şey üçün çox gec idi.
Qapıda onları Muradın anası Pakizə qarşıladı.
-Baxın bu mənim oğlumdur. O çox sakit, mülayim və tərbiyəli uşaqdır. Bəzi problemlərə görə danışmır. Amma mən inanıram ki, o mənə yenə əvvəlki kimi ana deyəcək.
Araz anasının bu qədər həvəsli davranışları ilə ilk dəfə idi ki, qarşı-qarşıya qalırdı. Hər şey bir-birinə qarışmışdı. Bütün bunlara yalnız Pakizə və Araz sanki yadplanetli imiş kimi baxırdılar. Elə məhz buna görə də Araz bu hisslərin təlatümündə ilk dəfə tək olmadığını anlamışdı.
…Hər kəs yatmağa hazırlaşırdı. Murad və anası çoxdan getmişdilər. Yaşlı qadının harada olduğu isə məlum deyildi. Araz isə divanın bir küncündə daş kəsilmişdi. Öz evini düşünür və kədərlənirdi. İndi anlayırdı ki, əgər öz evlərində olsa idi, divanın bir küncünə qısılıb qalacaq qədər çarəsiz olmazdı.
Bu dəmdə Pakizə əlində bir balınc və ədyal ilə içəri daxil oldu. Əlini salon ilə qarşı-qarşıya olan otağı işarə etdi. Otaqda iki çarpayı var idi və sol tərəfdəki çarpayıda bir nəfər üzü divara doğru uzanıb yatırdı. Divarlar rəsmlərlə dolu idi. Bu rəsmlər eynilə melanxolik düşüncəli insanların çəkə biləcəyi rəsmlərə bənzəyirdi. Nə qədər gözəl görünsələr də, bir o qədər də vahiməli idilər.
*
Səhər oyananda qarşısındakı mənzərə onu qorxutmuş, evin sakinləri Arazın qışqırığına oyanmışdı. Bu qorxu sonradan ona utandırıcı gəlsə də, həmin anı xatırlayanda yenə də dizləri əsirdi.
Muradın oğlu ilə bu cür tanış olmaq istəməzdi, lakin qarşısında bu günə qədər görmədiyi görünüşdə bir adam dayanmışdı. Bir insanın xarici görünüşü ilə alçaldılması ona həmişə pis təsir etsə də, o özü də heç istəmədən bu xətaya düşmüşdü. Hər şey bir yana, illər sonra övladının dilindən ilk dəfə “Ana” sözünü eşidən Leyla buna dediyi kimi heyrətamiz deyil, etinasızca yanaşmışdı. Deyəsən, ikinci seçim şansı artıq qarşıda idi. Bəs bu dəfə qurban kim olacaqdı?
Zamanla hər şeyə alışarsan və buna qorxuların da daxildir.
Araz bu vahiməli simaya hər baxanda utanırdı, onun baxışlarının altında əzilirdi. Amma nə qədər təəccüblü olsa da, bu evdəki ümid işığı yalnız onun gözlərində parıldayırdı.
-Hey cavan oğlan, niyə heç danışmırsan? Nə vaxta qədər belə susacaqsan? Ən sonunda danışmalı olacaqsan və gördüyüm qədərilə səninlə danışmağa heç kim yoxdur.
-Mənə səssizlik yaraşır!
Qapı bir anda şiddətlə açıldı. Evin səssizliyi Muradın gəlişi ilə pozmuşdu. O içkili idi. Araz sağına baxdı. Bu vahiməli, həm də şad sima,bir anda yerini qorxu ilə əvəzlədi. Evin qapısı açılanda artıq onun da içinə qurd düşmüşdü. İçəri girər-girməz oğlunun üzərinə şığıdı. Gözü dönmüşdü, üst-üstə zərbələr endirirdi. Və hər kəs sadəcə tamaşa edirdi.
Arazın gözü anasına sataşdı. O ayırmağa deyil, Muradı sakitləşdirməyə çalışırdı. Artıq zamanı idi, bu dəfə ola bilməzdi, on dörd illik həyatı ona bu qədər riyakarlıq qatmamışdı.
Muradın biləyindən yapışaraq onu var gücü ilə geri itələdi:
-Bəsdir artıq, dayan. Bütün bunlar sənə ağır gəlmir? Qarşındakı sənin oğlundur. Ona bu cür davrana bilməzsən. Heç ürəyin ağrımır?!
-Sən kimsən? Əsas sən mənim qarşıma keçib bu sualları verməyə utanmırsan?!
Dünənə qədər ağzına su alıb oturmuşdun. İndi filosof oldun başıma?
-Mən Tanrının bir bəndəsiyəm. Bəllidir ki, sən də şeytanın bir bənzətməsi. Mən sizin bu nə olduğu bilinməyən məhəbbət adı verdiyiniz illuziyyaya artıq dayana bilmirəm. Bizə əzəldən öyrədilib ki, özümüzdən zəif olanları qorumaqla hökmlüyük.
Bu sözləri eşitmək Muradın qürurunu incitmişdi. İrəli gələrək onu vurmağa cəsarət etdi. Buna Leyla icazə vermədi. Araz ilk dəfə anasının onun yanında olduğunu düşünmüşdü, bu düşüncəsindən onu anasının üzündə deyil, ürəyində yara açan şilləsi oyatdı. Bəli, o da artıq qurban idi.
Hər kəs öz otağına çəkilmişdi, o isə yenə öz yerində daş kəsilmişdi. Arxadan bir səs eşitdi:
-Təşəkkür edirəm və üzr istəyirəm!
Araz arxasına dönərək dedi:
-O, məni heç sevmədi...
Səssizlik ən gözəl melodiyadır, lakin bu dünyaya şamil deyil.
-Mənim adım Vladimirdi, Araz. Üzüm isə illər öncə evin arxa tərəfindəki kömürlükdə yanıb. Yandırılıb...
Uzun bir sükutdan sonra:
-Mənim adım Arazdır. “Kim yandırıb?”-deyə soruşmayacam. “Niyə yandırıb?”-deyə soruşacam.
Vladimir həfif gülümsədi və üzünü pəncərəyə tərəf döndərədək:
-O,məni heç sevmədi..., -dedi. Və davam etdi:
-Bilirsən, Araz, bura ev deyil, cəhənnəmdir. Bu evin pəncərəsindən heç ulduzları da görə bilmirəm. Tanrı bunu belə mənə rəva bilmir.
-Anan haradadır?
-O, öldü... Məni bu dünyada çarəsiz qoyaraq getdi... Hərdən üsyan edirəm. “Tanrı ruhu əbədiyyətə qovuşan hər kəsə bir ulduz bəxş edir”- deyirlər. Görəsən,mənim anamın da ulduzu varmı?
-Bəs sənin atan niyə belə edir?
-Bilmirəm. İnanırsan, heç nəyi bilmirəm.
-Bəs o yaşlı qadın, o necə birisidir?
-O var, amma həm də yoxdur. Bəs sənin atan haradadır?
-Mənim atam gəmi kapitanı idi. Onu çox sevdiyi mavi dənizi aldı məndən. Onun üçün çox darıxıram. Əgər yaşasaydı, indi belə bir həyatım çox güman olmayacaqdı...
-Bizi onların yoxluğu deyil, geriyə dilimizə bir imza kimi miras qoyduqları “əgər” və “kaş” sözləri tükədir.
-Nənəm isə xəstədir. O çox gözəl qadındır. Onu çox sevirəm, amma sevgimi bir yana qoyaq, həyata qarşı olan nifrətim belə onu xilas etməyə yetmədi. Bilirsən, biz nə etdik? Biz yeriməyə belə taqəti olmayan o qadını evində təkbaşına qoyub bura gəldik. Səbəbi isə sənin səfeh, ağlı başında olmayan atandır.
-Zamanında belə bir cümlə oxumuşdum: Həyatımızın yarısını valideynlərimiz,digər yarısını isə uşaqlarımız dağıdır. Bu həyat belədir, Araz. Adamlar səni yıxmaq üçün ən çətin zamanını gözləyirlər. Bilirsən, bir gün buradan qurtulmağa çalışdım, hətta demək olar ki, tam qurtulurdum.
-Necə?
-Qazı açdım və evdən çıxıb getdim. Mən gedirəmsə, məni tapa biləcəkləri ehtimalını düşünərək geridə heç bir iz qoymaq istəmədim. Amma heç gedəcəyim ünvana yetişməmiş atam məni tutdu.
-Ən azından cəsur imişsən.
*
Növbəti səhər Vladimir otağında yenə o qəribə və vahiməli şəkillərindən birini çəkirdi.
-Araz, bax bizi çəkirəm.
-Biz bu qədər çirkin deyilik, Vladimir.
-Kim deyir ki, çirkinik?! İnsan kimliyi ilə,ya da zahiri görünüşü ilə deyil, əməlləri ilə tanınmalıdır, Araz.
-....
-“Bəs bu həyatda əməllərini həyata keçirməyə taqəti olmayan insanlar necə gün üzünə çıxır?”-deyə içdən-içə soruşduğuna əminəm. Onların baxışlarına, səssiz çırpınışlarına və ürəyinə bax deyərdim. Amma bunu deməklə heç nəyi həll edə bilmədiyimi özüm də bilirəm. Kim bu dünyada ipi, ya da göz oxşayan kəpənəyi sevdiyi qədər baramaqurdunu sevir ki?
*
Araz artıq çox sarsılmışdı. Neçə gün idi ki, anası ilə də danışmırdı. Bu burulğanın onu udacağını hiss edirdi. Deyəsən bunu Vladimir də anlamışdı:
-Get bu evdən, Araz.
-Gedəcəyəm, Vladimir.
Vladimir əli ilə ona paltarlar olan şkafı göstərdi:
-Orda biraz pul və mənim paltarım var, gedəndə o paltarı geyinib get. Amma səndən xahiş edirəm ki, geridə heç bir iz qoyma!
Araz Vladimirin nə demək istədiyini də və artıq nə etməli olduğunu da bilirdi.
*
Gecə saat iki idi. Bu gün artıq Arazın bu evdə son günü idi. Bunu özünə qəbul etdirmişdi. Vladimir çoxdan yatmışdı. Eynilə onun dediyi kimi etdi. Şkafta olan paltarlardan geyindi və pulu götürdü. Son dəfə anası ilə Muradın qaldığı otağın qapısından onları izlədi. Anası çox xoşbəxt bir sima ilə yuxuya getmişdi. Ona baxaraq içində bir yerlərdə qeyb olan ana sevgisini yenidən tapmaq istəsə də, o duyğuları artıq anasının gözündəki nifrəti gördüyü zaman itirdiyinin özü də fərqində idi.
Mətbəxə doğru yönəldi və heç düşünmədən qazı açdı. Vladimirlə eynilə nənəsi ilə vidalaşdığı kimi vidalaşmaq istəyirdi.
Onun da üzərini örtdü və son sözlərini qulağına pıçıldadı.
-Bağışla məni!
Arxaya dönüb qapıdan çıxarkən Vladimirin sözlərini eşitdi :
-BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ, AMMA SƏNİ ÖZ ÜNVANINA QOVUŞDURDUQDAN SONRA!
Arazın gözündən yaşlar bir-biri ardınca süzülməyə başladı:
-Anan ilə qovuşduqda ulduzlarınız ilk mənə parlasın, Vladimir!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Yunus Əmrə İnstitutunda “Turan Yolu – Zəngəzurum” təqdim olundu
Həftəsonu Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə İnstitutun iqamətgahında "Turan Yolu-Zəngəzurum" adlı əsərin təqdimatı oldu. Artıq unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi olan bu əsərlə yanaşı Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın digər əsərləri də sərgiləndi.
“Ədəbiyyat və incəsənət” portal Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinə istinadən xəbər verir ki, Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlının bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.
Tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrimin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.
Tədbirdə çıxış edən, Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Azərbaycanın əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev, Türkiyə Böyük Millət Məclisinin vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışaraq Sərdarlı ailəsinin yaradıcılığına xüsusi dəyər verdilər.
Öz növbəsində Sərdarlı ailəsi adından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı Türkiyə səfirliyinə, bu tədbirə evsahibliyi edən Bakı Yunus Əmrə İnstitutuna, eləcə də bütün qonaqlara dərin minnətdarlığını bildirdi.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – MİRZƏ ƏLƏKBƏR SABİR, “Məktəbə tərgib”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Mirzə Ələkbər Sabirin “Məktəbə tərgib” şeiri təqdim ediləcək.
Mənim bağım, baharım!
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq – şeytandan,
Tez durmaq – Allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası
Müşkül olur, həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur məktəbə get, oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrin bil elmü-fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
“Bülbülün qonaqları”nda Qara Qarayev
Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikası çərçivəsində növbəti dəfə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Qara Qarayev yad edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına muzeydən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Qara Qarayevin sıx dostluq əlaqələrindən söhbət açıb. O, Bülbülün xatirələrində qeyd olunan görkəmli bəstəkarla bağlı olan fikirlərini bölüşüb.
Konsertdə AMK nəzdində İncəsənət Gimnaziyasının şagirdləri və Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən "Yeddi gözəl" baletindən Adajio, "Don Kixot" qravürlərindən səyahət, "Eskiz", prelüdlər səsləndirilib.
Həmçinin tədbir zamanı "Yeddi gözəl" baletindən videolar nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)
Yüz ildir ki, heç nə dəyişmir - “MOLLA NƏSRƏDDİN”İN İŞIĞINDA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Birmənalı şəkildə demək olar ki, həm özünəqədərki, həm də özündən sonrakı mətbuat orqanları arasında qadın azadlığı uğrunda “Molla Nəsrəddin” qədər geniş və fəal mübarizə aparan ikinci bir Azərbaycan jurnalı və qəzeti olmamışdır. Fanatizmin hökm sürdüyü bir dövrdə qadınların hüququ lehinə ən ucadan səs qaldıran “Molla Nəsrəddin” məcmuəsidir. Jurnalda qadın azadlığı qırmızı bir xətt kimi keçir.
Təsadüfi deyildir ki, “Molla Nəsrəddin”in naşiri və redaktoru C.Məmmədquluzadə 1924-cü ildə “Köhnə dərdim” məqaləsində yazırdı: “...bütün ömrümdə vurduğum qələmin şox hissəsi Şərq qadını məsələsi üstündə vurulub.”
Onun məslək dostu, jurnalda “sahibi-ixtiyar” olan Ö.F.Nümanzadə isə öz xatirələrində deyirdi: “...Qadın hüquqsuzluğunu içtimai nöqsanlarımızın ən böyüyü hesab edərək istər “Şərqi-Rus”da, istərsə də bundan üç il sonra nəşr olunan “Molla Nəsrəddin”də bu barədə uzun-uzadı bəhs etməyi bir vəzifə bildim.”
Ümumiyyətlə, molla nəsrəddinçilər içərisində qadın azadlığı barədə düşünməyən, bu sahədə “qələm çalmayan” olmamışdır. Bu da səbəbsiz deyildi. “Molla Nəsrəddin”nin fkrincə, xalqın gələcək nəslini yetirən, uşaqlara tərbiyə verən qadın əsarətdə qala bilməz, hüquqsuz ola bilməz, elmsiz və nadan qalmamalıdır.
Jurnal qadın azadlığı məsələsində öz mövqeyini heç vaxt dəyişməmişdir. Nə redaktor, nə də müxbirlər jurnalın qapanmaq təhlükəsindən, məhkəmə cəzalarından, hədə-qorxu, təzyiq və təqiblərdən çəkinməmiş, öz mövqelərini sona kimi müdafiə etmişlər.
İlk nömrəsindən başlayaraq “Molla Nəsrəddin” qadın mövzusunu satirik publisistikaya yeni gətirilən üsul və vasitələrdən, sual-cavab, atalar sözü, lüğət, tapmaca və s.-dən istifadə etməklə səsləndirdi. “Molla Nəsrəddin” Azərbaycan qadınlarının ağır maddi-mənəvi vəziyyəti, zülm və cəhalət içərisində yaşaması, elm və təhsildən uzaq düşməsi, bütün insani hüquqlardan məhrum olması və s. barədə ardıcıl yazılar verirdi. Jurnal “çarşabını başına salıb lal kimi” dolanan qadınların halına acıyırdı. Qadınların ah-nalə ilə dolu, faciəli həyat tərzi ruhi çırpıntılarla təsvir olunurdu. C.Məmmədquluzadə jurnalın 1907-ci il 19 saylı nömrəsində yazırdı: “...Bu sözləri yaza-yaza akoşkadan baxıram qara buludlara. Gah elə xəyalıma gəlir ki, bu buludlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada ondan yağış əmələ gəlsin. Gah xəyalıma gəlir ki, xeyr, bu buludlar müsəlman övrətlərinin ahü fəqanlarının buludlarıdır və bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır.”
“Arvad öldürənlər”, yaxud “Qeyrət”, “Nişanlı bir qız”, “Doqquz yaşında”, “Bədbəxtlik”, “Qız götürüb qaçma”, “Göz yaşları” və başqa felyetonlarda isə qadın hüquqsuzluğu, qadının söz sahibi olmaması, onlarla satlıq əşya kimi rəftar edilməsi, çadra örtməyə məcbur edilmələri, azyaşlı qızların zorla ərə verilməsi və qaçırılması ürək ağrısı ilə lənətlənirdi. “Yaşı doqquza çatmayan qızları beş quruşa qoca kişilərə satan” valideynlər ifşa olunurdu. Bu cür insaniyyətdən, mərifətdən, namus, qeyrət, din və şəriətdən kənar işlərə rəvac verən “din xadimləri” qamçılanırdı.
“Molla Nəsrəddin” öz səhifələrində yazırdı ki, azyaşlı qızların bu faciələrinə “...daşlar ağlayır, quşlar yas tutur, çöllər qara geyir, dünyəvü aləm yas qurur.” Amma müsəlman aləmi buna reaksiya vermir ki, vermir. C.Məmmədquluzadə “bu bədbəxlikdən, bu biabırçılıqdan” qurtulmaq üçün bir qanun qoyulmasını tələb edərək yazırdı: “...Lazımdır elə bir qanun qoymaq ki, qızlarımız yetişmiş yaşlarına çatmamış onların ərə getmək ixtiyarı olmasın. Əlbəttə, belə qala bilməz: bu bədbəxlikdən, bu biabırçılıqdan bir yolluq qurtarmaq lazım.”
“Molla Nəsrəddin”in hicab və çadra məsələsinə də münasibəti çox kəskin idi. “Məktəbdə çarşab”, “Çadra və papaq”, “Nicab məsələsi və cavabımız”, “Arvada gücləri çatır” və “Qız uşağı” adlı yazılarda çarşab namus qoruyucusu yox, qadın üçün həbsxana hesab olunurdu.
Jurnal “Erməni və müsəlman övrətləri” felyetonu ilə Azərbaycan mühitində ilk dəfə belə bir mühüm məsələyə toxunmuşdu: görəsən, şəriət müsəlman qadınına çadrasız gəzməyə və təhsil almağa icazə verirmi ?
Yazının müəllifi – Ö.F.Nemanzadə dini mənbələrə istinad edərək sübut etmişdi ki, Quranda üz açmağı qadağa və haram edən bir ayə və işarə yoxdur. Bu, dindarlar arasında çox böyük hay-küyə səbəb olmuşdu. Hətta həmin qaraguruhçuların təkidi ilə 1907-ci ildə jurnal müvəqqəti bağlanmışdı. Tiflisdəki Şah Abbas məsçidində “Molla Nəsrəddin” şərti məhkəməyə də çəkilmişdi. Məhkəmədə iştirak edən Ö.F.Nemanzadə felyetonda söylənilənləri bir daha isbat etmişdi. Qarşılıqlı fikir ixtilafları düz dörd il davam etmişdi. Nəhayət, 1911-ci ildə Zaqafqaziya müftisi H.Qayıbov “Molla Nəsrəddin”in qadın azadlığı barədə çıxışını müdafiə edərək göstərmişdir ki, şəriət qadınların əl və üzlərinin açılmasını və maariflənməsini qadağan etmir.
“Molla Nəsrəddin” qadınları çadra altından, dörd divar arasından çıxıb elmə, maarifə qovuşmağa, içtimai həyatda insanlıq mövqeyi tutmağa səsləyirdi. Jurnal maariflənmənin “ölüm-dirim” məsələsi olduğunu bildirərkən xalqı cinslərə bölüb, kişilər üçün imtiyaz yaratmır, əksinə belə bir fikri ardıcıl təbliğ edirdi ki, qadınlar da kişilər kimi təhsil almalıdırlar. Çünki oxumuş kişilərlə savadsız və avam qadınların birgə həyatı baş tutmaz. “Şərq qadını” məqaləsində oxuyuruq: “Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun ! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini biləcəksiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasaz, qaranlıqda qalacaqsınız; oxumasaz, bədbəxt olacaqsınız və öz bədbəxt olmanızdan başqa uşaqlarınızı da bədbəxt edəcəksiniz.”
Molla nəsrədddinçilər qadının təhsildən uzaq tutulmasını pisləyir, onların təhsil almasına mane olanları tənqid edirdi.
Jurnalda qadınların içtimai və siyasi hüququ məsələsi bütün kəskinliyi ilə qoyulurdu. Qadın azadlığı məsələsinə milli azadlıq hərəkatının ayrılmaz hissəsi kimi baxılırdı. Qadınların hər cəhətdən kişilərlə bərabər hüquqa malik olması tələb edilirdi. M.Cəlil yazırdı: “...qadın da bir insandır, kişi də insandır, qadına da ixtiyar lazım, kişiyə də, qadın da nəfəs almaq istəyir, kişi də. Nə kişi qadına sahib ağadı, nə də qadın kişiyə: ancaq bunlar yoldaşdırlar.”
Jurnal qadınları öz azadlıqları uğrunda mübarizə aparmağa səsləyirdi: “Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir.”
“Mola Nəsrəddin” müsəlman qadınlarını Avropa qadınlarından nümunə götürməyə çağırırdı. M.Cəlil yazırdı: “ Lazımdır təqdir etmək o millətləri ki, maarif və mədəniyyətcə bizdən qabağa keçiblər. Lazımdır onların əxz etdikləri maarif və mədəniyyət yollarını tutub getmək... Tərəqqi və təməddünün yolu birdir. Əgər özgə yolları tutub getsək, həmi nahaq zülmlərə düşəcəyik, həmi bir şeyin sahibi olmayacağıq.”
“Molla Nəsrəddin”də qadın azadlığı məsələləri ancaq felyeton və məqalələrin yox, həm də şeir, hekayə və karikaturaların dili ilə verilirdi. Bunun üçün M.Ə.Sabirin, Ə.Qəmküsarın, Ə.Nəzminin və başqalarının çap olunmuş satiralarını, jurnalın səhifələrində verilmiş çoxsaylı karikaturaları xatırlamaq, bizcə, kifayətdir.
Jurnalın qadın məsələsinə həsr etdiyi satira və karikaturaların əsas leytmotivini qadınların savadsızlığı, elmdən, təhsildən uzaq düşmələri, erkən yaşda nikahlanması kimi mənfi amillər təşkil edirdi. Bu satiralar və rəngli karikaturalarda dərin məna, güclü satira atəşi hakim idi.
Məsələn, jurnalın 1910-cı ildə çıxan 18-ci sayında “Naxçıvanda küküli molla Fərəc” adlı karikaturanın ardınca verilmiş Ə.R.Şamçızadənin “Məsləhət” adlı satirik şeiri də bu mənada diqqətəlayiqdir:
Bir qızım var altı-yeddi yaşında,
Əqli, huşu kaldır hələ başında.
İstəyir bir kaftar yetmiş yaşında,
Molla dayı verimmi, ya verməyimmi?
Və yaxud jurnalın 1909-cu il 10-cu nömrəsində verilmiş karikaturanın mövzusu məcburi nikahdır. Oradakı birinci şəkildə kişi bir qızın saçından tutub çəkir və deyir: “Öz xoşunla gəlməzsən, zorla apararam”. İkinci şəkildə isə əlində xəncər tutmuş kişi çadralı qızı qazının yanına gətirir və cibindən pul çıxarıb qazıya verir. Pulu görən qazı deyir: “A qız səsin ki, çıxmır, görünür, razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim”.
Onu da qeyd etməyi vacib sayırıq ki, “Molla Nəsrəddin” jurnalının qadın azadlığı ilə bağlı irəli sürdüyü məsələlər, döyəclədiyi mənfiliklər ancaq Azərbaycana məxsus deyil, bütün Yaxın Şərqə, bütün islam aləminə xas idi.
Qətiyyətlə demək mümkündür ki, “Molla Nəsrəddin”in qadın azadlığı ilə bağlı əhatə etdiyi problemlər və onun bu istiqamətdəki mübarizəsi bu gün də müasir və gərəklidir. “Ümumiyyətlə, mollanəsrəddinçilərin vaxtilə yazdıqları ona görə aktualdır ki, millətimizin içində köklü dəyişmə baş verməyib: yüz il qabaq necə idisə, indi də elədir. Yüz il öncə olduğu kimi, indi də ağıllı söz eşitməyib…min cür mənasız və axmaq iş dalınca gedənlərin sayı aqillərin, millət üçün gərəkli adamların sayından çoxdur.
Bu günü görən Mirzə Cəlil deyirdi: «Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün haradansa «Molla Nəsrəddin»in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə”.
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)