Super User
2024-cü ilin ədəbiyyat adamları mükafatlandırıldı - RAMİZ RÖVŞƏN, HƏMİD HERİSÇİ, VARİS, AYDIN TALIBZADƏ, AQŞİN YENİSEY…
Bu gün Azərbaycan Yaradıcılıq Fondunun təşkilatçılığı ilə 2024-cü ilin “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dillər Universitetində təşkil edilən mərasimdə çıxış edən Xalq yazıçısı, akademik, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib.
Kamal Abdulla söyləyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında 5 nəfərə təqdim edək. Artıq beşinci ildir təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”.
Daha sonra qaliblər Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aydın Talıbzadə, Azər Turan, Varis, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid təltif olunublar.
Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.
Tədbir çərçivəsində yaradıcılıq fakültəsinin məzunlarına diplomlar da təqdim edilib.
Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Qazaxda 6-7-ci əsrlərə aid Didivan qülləsinə müdaxilə - BAKU TV İŞƏ QARIŞDI
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qədim tariximizin sübutu olan hər bir abidə göz bəbəyi kimi qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır. Bu işə tək dövlət orqanları deyil, hər bir şəxs səfərbər olunmalıdır. Çox təəssüf ki, əksər halda bizlər bunun əksinə gedirik, şəxsi mənafeni ümumxalq mənafesindən üstün tuturuq.
Qazaxda tarixi abidənin üzərində restoran tikilməsi xəbəri yerli sakinlər tərəfindən mediaya sızdırılanda, doğrusu, abidənin tarixi əhəmiyyəti müqabilində ona olan bu barbar münasibət hər bir kəsi sarsıtdı.
Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işindən söhbət gedir.
Məlum oldu ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar - Kənan Qasımov adlı şəxs əllərində maddi sübutların olduğunu, tarixi abidəni 2002-ci ildə özəlləşdirdiklərini bildirdi. Və qədimi daşların üstündən - qiymətli xəzinə üzərindən müasir mişar daşlarını üst-üstə yığaraq restoran ucaltmağına haqq qazandırdı. Xalqın maddi-mənəvi sərvətini, qürur yerini kabab tüstüsünə və araq qoxusuna dəyişmək istəyinə bəraət qazandırdı. Hətta burda restoranı, guya bura gələn tutistlərə qala barədə məlumat verməkçün tikdiklərini, abidəyə, xalqa fayda vermək istədiklərini də söylədi.
Və bu yerdə deyən gərəkdir, abidəyə ürəyin yanırsa o restorana xərclədiyinin yüzdə birini ayırıb bir ştat yarat, bir nəfər cüzi məvacib alıb gəlib-gedənlərə bələdçilik etsin də.
Süjeti çəkib yayımlayan Baku TV məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət etdi, qurumun mətbuat katibi Fariz Hüseynli bildirdi ki, sözügedən abidənin xüsusi mülkiyyətə verilməsi ilə bağlı müraciətə razılıq verilməyib, ərazidə qanunsuz aparılan işlərin dərhal dayandırılması tələb olunur.
Məsələ ictimailəşdi. Yəqin ki, yoluna qoyulacaq.
Qaldı vicdan məsələsi.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Ataların 9 inanılmaz sözü
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Rasim Qaracanın təqdimatında 9 atalar sözünü diqqətinizə çatdırır. Yazıçı bunları inanılmaz, yəni yanlış məna verən fikirlər hesab edir.
1.Erməniyə dayı de, çayı keçənəcən
2.Malım xarab olunca qarnım xarab olsun
3.Gördün basa-basdı, sən də bas
4. Palaza bürün, elnən sürün
5.Ağa deyir sür dərəyə sür dərəyə
6.Elçün yanan şam tez sönər
7.Çox namus adamı ölümə verər
8.Qaçmaq igidlikdəndir
9.Eli hürküt, axsağından yapış.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
İntiqam ya təsadüf? - İLANLAR BARƏDƏ DANIŞACAĞIQ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Ağına da lənət, qarasına da dediyimiz ilanlar haqqında heç oxumusunuz? Bəzi yerlərdə deyirlər ki, ilana toxunmasan sənə toxunmaz. Lakin dünya əhli olaraq ən böyük qorxularımızdan biridir bu sürünən heyvanlar.
Bir rəvayətə görə ilanlar 7qardaş olur. Onlardan birini öldürsən, onun qardaşları da sənin və ailənin sonunu gətirərmiş. Hətta gəlin sizə bir yaşanmış hadisədən bəhs edim. Əhvalatı nağıla çevirək.
Biri var imiş, biri yox imiş. Qədim kəndlərin birində sevimli bir ailə varmış. 2oğlu, mehriban yoldaşıyla birgə ömür sürən Hüseyn kişi bağ-bostanla məşğul olarmış. Günlərin bir günü o yenə bağda olarkən bir ilanla rastlaşır. Təlaşa qapılır və əlindəki kürəklə onu vurur. Lakin öldümü, yaralandımı əmin ola bilmir. Elə oradaca buraxıb gedir. Lakin içinə bir qorxu gəlir səbəbsiz yerinə. Vaxt-vədə keçir. Hüseyn kişinin balaca oğlunu həyətdə oynayarkən, böyük oğlunu evdə yatarkən ilan vurur. Yoldaşı iki oğlunun ölümünə dözə bilmir. Hüseyn kişini günahkar bilir. Onu tərk edib gəlir şəhərə. Bir müddət sonra xəbər tutur ki, Hüseyn kişini bağda ilan vurub. Son vəfa borcunu ödəmək üçün yenidən kəndinə, doğma yurduna qayıtmaq qərarı alır. Gəlir və doğma kəndində yasdan sonra gəzməyə başlayır. Gəncliyinin keçdiyi bulaq başına gəlib oradan su içmək istəyəndə elə oradaca bulaqdan ilan çıxır və ailənin son fərdi olan qadın da oradaca can verir.
Kindar deyə tanıdığımız dəvələr var, bir də intiqam hissinin sahibi ilanlar. Bəs həqiqətən heyvanlardır bu duyğuların kökləri?
Düzdür, mən şəxsən ilanların məsum canlılar olduğuna inanmıram. Onları bir növ iblisin vücud bulmuş halı adlandıranlar da az deyil. Lakin gəlin qəbul edək ki, heyvanlarla insanların münasibətləri əksər hallarda məhz elə bizim qəddar cinsimizin əlindədir. Həm ilanlardan, həm ilan cildindəki insanlardan uzaq, hüzurlu həyat diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Hansı kitab ən yaxşı kitabdır?
“Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver”
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Ziyalı fikri" rubrikasında bu gün sizlərə dahilərin kitablar haqqındakı fikirlərini təqdim edirik.
"Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır."
(Əbu Turxan)
"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.."
(Cemil Meriç)
"Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"
(M. Qorki)
"Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver."
(Konfutsi)
"Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır."
(Qasım bəy Zakir)
"Oxumaq yaxşıdır! Məncə həm oxuyun, həm də oxumağı sevdirməyə çalışın. Hirslənmədən, qırmadan. Bəlkə də sadəcə əlinizə bir kitab alıb oxuyaraq.."
(Fazilet Seyitoğlu)
"Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir."
( V.L.Dal)
"İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir."
(E. Hant)
"Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir."
( Frensis Bekon )
"Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."
(Smayls)
"Kitab heç aldatmayan bir yoldaşdır."
(Guilbert De Pixrecourt )
"Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.."
(Əbu Turxan)
"Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır."
( A.M.Upit)
"Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım."
(Nizami Gəncəvi)
"Yaxşı kitab çox qiymətli xəzinədir. "
(Həsən bəy Zərdabi)
"Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!"
(Tur Xander)
"Ordu torpaqları, kitab könülləri fəth edir."
(Əbu Turxan)
"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."
(Hikmet Anıl Öztekin)
"Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır."
(Seneka)
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Mən heç nəyə bənzəmədim...
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə- göyə sığmağım yox,
Bənzətdilər, biri gözə, biri yaşa,
ağlatdılar, demədilər yaşa! Yaşa!
Bənzərimi axtarmağa döndüm başa.
(İqbal Nəhmət)
İqbal bəy, biz öz bənzərimizi tapmaq üçün çoxmu əziyyət çəkməliyik, ümumiyyətlə, bənzərimiz varmı, yoxsa, hər vücuddakı ruhun heç kəsdə olmayan özünəməxsusluğu var?
CAVAB:
-Bilirsiniz, bədən ruha geyindirilmiş bir paltara bənzəyir. Yəni bizim cismimiz sadəcə, bir göstəridir. Bu göstərinin rəngi oxşar ola bilər. Ancaq içimizdəki gözəgörünməzliyin oxşarı varsa da onu tapmaq, göstərmək - bu mümkünsüzdür.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Fil və siçan
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
“Qadın kölgə kimidir. Dalınca düşürsən, səndən qaçır. Ondan qaçırsan, dalınca düşür” - dedi kişi filosof.
2.
Biriləri üçün darıxır, birilərini sevir, biriləri ilə yaşayırıq - dedi başqa bir kişi filosof.
3.
İşdə yalnız işləyəsən, sevmək, nifrət etmək, əylənmək isə şəxsi həyatında olsun, bilirsiniz, necə gözəl olar?
4.
-Anaxanım, nə əcəb üç gündür ki, ərinlə dava-qırğına çıxmırsız? Aranız dəyib ki?
5.
Tənhalıq odur ki, sizə yalnız “budilnik” zəng edir.
6.
Fil və siçan səhra ilə gedirlər. Fil solda gedir, gün təpəsini deşir, siçansa sağda gedir, filin kölgəsi altında.
Xeyli gedəndən sonra fil deyir:
-Gün təpəmi deşdi. İndi də gəl yerimizi dəyişək, mən sənin kölgəndə gedim.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mərəçüyüd qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mərəçüyüd qovurmasının hazırlanma qaydasını təqdim edəcəyik
DÜSTUR (nüsxə):
§ Mərəçüyüd – 130 qr
§ Soğan – 26 qr
§ Yumurta – 40 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Mərəçüyüd yuyulur, doğranır, pörtlədilir və süzülür. Mərəçüyüdün sünbüllü hissəsi təmizlənməlidir. Soğan bol yağda qovrulur. Üzərinə mərəçüyüd əlavə edilib vam odda bi- şirilir. Tam yağa düşdükdə üzərinə yumurta vurulur. Süfrəyə sarımsaqlı qatıqla verilir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Rəsm qalereyası: Cəmi 28 il yaşamış rəssamın möcüzəsi
Rəsm qalereyası: Cəmi 28 il yaşamış rəssamın möcüzəsi
Katrin Lyuzurye / Catherine Lusurier
(1752-1781), Paris, Fransa
“Balaca çoban”
*kətan, yağlı boya, 1778-ci il.
Cəmi 28 il yaşamış Katrinin bu rəsmi Sotheby's auksionunda 2020-ci ildə 150000 USD-yə satılmışdır.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Şəhidlər barədə şeirlər – Asif Kərimov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Asif Kərimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.
ASİF MƏMMƏD OĞLU KƏRİMOV
(25.03.1989.-03.11.2020.)
Cəlilabad rayonunun Lazran kəndində doğulmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Şuşa rayonu
Dəfn yeri: Cəlilabad rayonu
CƏSUR ASİF
Yurdun igid balasıydı,
Topdağıtmaz qalasıydı,
Düşmənlərin bəlasıydı,
İgid zabit, cəsur Asif.
Lazran kəndində doğuldu,
Həmişə üzüağ oldu,
Yağını lərzəyə saldı,
İgid zabit, cəsur Asif.
Kitabları varaq-varaq,
Öyrənməyə vardı maraq,
Arzusu- torpağı alaq,
İgid zabit, cəsur Asif.
Qiyməti var hər anın da
Hərbi xidmət zamanında,
Oldu Poladın1 yanında
İgid zabit, cəsur Asif.
Gələndə savaş zamanı,
Tanıdıq yaxşı-yamanı,
Həqiqət etdi guümanı,
İgid zabit, cəsur Asif.
Şuşa uğrunda savaşda,
Gedirdi hamıdan başda,
İzi vardır, dağda, daşda,
İgid zabit, cəsur Asif.
Qardaş oldu əsgərlərə,
Arxalanaraq ərlərə,
Meydan oxudu şərlərə,
İgid zabit, cəsur Asif.
Mərd komandir, zabit oldu,
Hamı buna şahid oldu,
Göz qırpmadan şəhid oldu,
İgid zabit, cəsur Asif.
Bir örnəkdir ləyaqəti,
Bu Vətənə sədaqəti,
Gülay, Yusif əmanəti,
İgid zabit, cəsur Asif.
Vətən keşiyində durdu,
Azad etdi doğma yurdu,
Ürəklərdə məskən qurdu,
İgid zabit, cəsur Asif.
Qeyd: (1-Poladın- Polad Həşimovun)
“Ədəbiyyat və incəsənət”
(03.05. 2024)