İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi
O, 1980-ci illərin sonlarından yüksəlməkdə olan azadlıq hərəkatının ən fəal üzvlərindən olub. Hərəkatda aktiv iştirakına görə, dövlət və partiya orqanlarının Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinə biganə münasibətinə kəskin etiraz etdiyi üçün əri ilə birlikdə KQB-nin zindanına atılması da müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdi. Söhbətlərinin birində deyirdi ki, o dövrdə mən də Şuşanın axırıncı müdafiəçilərindən olan qardaşım, şəhid Tofiq Oğuz kimi heç düşünmədən həyatımı Vətənimin müstəqilliyi, xalqımın azadlığı yolunda qurban verməyə hazır idim.
2004-cü ildən Almaniyada yaşayır. Söhbət Nigar və Həcər qeyrətli Azərbaycan xanımlarının birindən - Əntiqə Rzayevadan gedir.
Ona zəng vurdum, “salam, nə var, nə yox”dan sonra, mənə öz fəaliyyətindən, orda gördüyü işlərdən xeyli danışdı. Haqqında yazı hazırlamaq istədiyimi söylədim. Bir anlıq fikrə gedib, “Əşi, mən nə etmişəm ki?” dedi. Həm də bu sözləri pafossuz-filansız, havadan-sudan danışırmış kimi dedi. Yadıma müdriklərdən birinin söylədikləri düşdü: “İçtimai həyatda hər kəsin gördüyü və göründüyü, mərtəbə adlanan bir pəncərə var. Boyu qısa olanlar o pəncərədən görünə bilmək üçün təkəbbürlə yuxarı can atdıqları halda, böyüklər təvazökarlıqla aşağı əyilirlər”. O da belə “təvazökarlıqla əyilənlər”dəndir.
Eyni məktəbdə və eyni sinifdə oxuduğumuza, ümumiyyətlə, onu yaxşı tanıdığıma, məmləkətimiz üçün vacib və əhəmiyyətli işlə məşğul olduğuna görə Yaradandan zehin açıqlığı diləyərək yazını hazırlamaq qərarına gəldim.
Əntiqə 1958-ci ildə düz 106 il bundan öncə Qərbi Azərbaycandan deportasiya olunmuş və Oğuz rayonunun Yaqublu kəndində məskunlaşmış Qafar kişi ilə Əsmayə xanımın ailəsində dünyaya göz açmışdır. 1975-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş, bir neçə il kolxoz təsərrüfatında çalışmışdır. 1978-ci ildə keçmiş AzərbaycanDövlət İncəsənət İnstitutunun xalq teatrı rejissorluğu fakültəsinə qəbul olmuşdur. 1982-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, qısa bir müddət öz kəndindəki mədəniyyət evində işləmişdir.
1984-cü ildə İncəsənət İnstitutunda müəllim işləyən İsak Dəvəli Ozanoğlu ilə ailə qurmuş və Bakı şəhərinə köçmüşdür. Biləcəri Xalq Teatrında rejissor, Muğam teatrında rejissor köməkçisi işləmişdir. Son iş yeri Mərkəzi Zabitlər Evi olmuşdur. Mübarizə əzmini qırmaq üçün edilən təzyiqlərə cavab olaraq 1990-cı illərin sonlarında həmin vəzifədən istefa etmişdir.
Artqıq 20 ildən çoxdur ki, Almaniyanın Nürnberq şəhərində yaşayır. Lakin Vətəninə və xalqına qırılmaz tellərlə bağlı olan Əntiqə xanımın ürəyi daim Azərbaycanla döyünür. O, bir Vətən sevdalısıdır. Özünü Vətəni ilə yaşadığı ölkə arasında körpü rolu oynayanlardan hesab edir. Ölkəmizin siyasi, iqtisadi və mədəni uğurlarının, Azərbaycan həqiqətlərinin alman içtimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa edilməsində gərgin fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı aparılan dövrlərdə onun və ailə üzvlərinin də təşkilatçılığı və fəal iştirakı ilə Nürnberq, Berlin və digər şəhərlərdə “Ordumuza dəstək”, “Qarabağ Azərbaycandır”, “Xocalı harayı” və “Erməni terroruna son” adı ilə keçirilən yürüş, mitinq və aksiyalar nəinki Almaniyada, bütün Avropada geniş əks-səda doğurmuşdu. Bu tədbirlərdə minlərlə insan iştirak etmişdi. Onların arasında almanlarla yanaşı, digər xalqların (türk, italyan, yunan, polyak, çex, isveç, ingilis, ispan və s.)nümayəndələri də vardı. Əntiqə söyləyir ki, tədbirlərdə xarici ölkə vətəndaşlarının ölkəmizə dəstək nümayiş etdirmələri ürəyimizi qürü hissi ilə doldururdu. Qərbi Azərbaycan İçtimai Birliyinin ideologiya şöbəsinin rəhbəri də olan Əntiqə xanım belə tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etməyi bir azərbaycanlı kimi özünün borcu hesab edir.
Ə.Rzayevanın fəaliyyətinin əsasını əcnəbi ölkədəAzərbaycan mədəniyyətinin təbliği təşkil edir. O, Almaniyada mədəniyyətimizin yorulmaz təbliğatçılarından biridir. Oradamədəniyyət vasitəsi ilə mənsub olduğu xalqı ləyaqətlə təmsil edir. Onun fikrincə, mədəniyyət milləti, dövləti hər şeydən daha yaxşı təbliğ edir.
Həyat yoldaşı Qərbi Azərbaycan İçtimai Birliyinin Mədəniyyət məsələləri üzrə sədr müavini İ.Dəvəlinin qurduğu “Buta” mədəniyyət cəmiyyətinin həyata keçirdiyi tədbirlərin əsas təşkilatçılarından biridir. (Onu da qeyd edək ki, bu cəmiyyət uzun illərdir fəaliyyət göstərir. Onun fəaliyyət coğrafiyası təkcə Nurnberq şəhərini yox, Berlin başda olmaqla Almaniyanın bütün iri şəhərlərini əhatə edir.)
Əntiqə xanımın fəaliyyətində ana dilinin təbliği vəqorunması xüsusi yer tutur. O bu işə azərbaycançılığın təbliği kimi yanaşır. Orada yaşayan soydaşlarımızın övladlarının öz fikilərini ana dilində tam ifadə edə bilməmələri, evdə olduqları vaxtda da bir-birləri ilə ancaq alman dilində danışmaları, bu uşaqların bir müddətdən sonra Azərbaycan dilindən malik olduqları ibtidai bilikləri də unudacaqları onu bərk narahat edir. Ona görə də soydaşlarımızla keçirilən bütün görüşlərdəonlara doğma dilimizi yaddan çıxarmamağı və onu yaxşı-yaxşı öyrənməyi, öz aralarında və ailə daxilində müntəzəm istifadə etməyi məsləhət görür. Onlara tez-tez M.Ə.Rəsulzadənin “Milliyyətin ümdə rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir … Çünki dil həmən millət deməkdir” və H.Əliyevin “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.” fikirlərini xatırladır. Onun fikrincə, öz ana dilini bilməyən və sevməyən adam öz doğma Vətənini, xalqını da sevməz.
Nürnberq şəhərindəki ali məktəblərdə təhsil alanazərbaycanlı gənclərlə, məktəblilərlə keçirilən tədbirlərdə və söhbətlərdə xarici dilləri yaxşı öyrənməklə yanaşı, ana dilini də unutmamaq tövsiyə olunur. Özünün təşkilatçılığı altında soydaşlarımızla keçirilən (əcnəbilərin iştirak etmədiyi) mədəni-kütləvi tədbirlərdə yeganə tələbi hamının ana dilində danışmasıdır. “Buta” mədəniyyət cəmiyyətinin nəzdindəki rəsm, rəqs, xor, musiqi, şahmat və digər dərnək və qruplardaməktəbəqədər və məktəb yaşlı uşaqların iştirakı üçün də bircə şərt irəli sürülür: məşğələlərdə mümkün qədər ana dilində danışmaq! Bu, həmin dərnək və qruplarda iştirak edən, lakin ana dilini bilməyən uşaqların Azərbaycan dilini öyrənmələrinə dəvəsilə olur. O, azərbaycanlı uşaqlara ana dilini öyrətmək üçün onlayn məşğələlərin təşkilini, səsli Azərbaycan nağıllarının kollektiv dinlənilməsini də planlaşdırır.
Ə.Rzayevanın fəaliyyətində adət-ənənələrimizin, zəngin tariximizin, ədəbiyyat və incəsənətimizin, milli bayramlarımızın, geyimlərimizin, mətbəximizin təbliği xüsusi yer tutur. Onun təşəbbüsü və təşkilatçılığı ilə hər il azərbaycançılıq ideyalarının söykəndiyi, yüksək mənəvi və əxlaqi dəyərlərlə zəngin olan“Novruz” bayramı şənlikləri keçirilir. Bu şənliklərdə kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunur və məzhəkəçilərin çıxışları təşkil olunur. Novruz adətləri (çərşənbələr, səməni qoymaq, Novruz xonçası, “Kosa-kosa” oyunu, qulaq falı, papaqatma və s.) barədə məlumatlar verilir. Bu tədbirlərdə soydaşlarımızla yanaşı, xarici vətəndaşlar da həvəsləiştirak edirlər. Ənənəvi olaraq şənliklərdən sonra əcnəbi qonaqlar Novruz süfrəsinə dəvət edilir, onlara bayram sovqatları - noğul, nabat, xurma, qoz, fındıq ləpəsi, şəkərbura, paxlava və s. təklif edilir. Həmçinin Novruz bişintilərinin hazırlanması qaydaları nümayiş etdirilir. Beləliklə, əcnəbilər dünyanın ən qədim və ən zəngin mətbəxlərindən olan milli mətbəxtimizlə də tanış olurlar.
Əntiqə xanım digər bayram və tarixi günlərlə əlaqədar keçirilən tədbirlərin də ən fəal iştirakçılarındandır. Müntəzəm olaraq Müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə onuntəşəbbüsü ilə almanlara və Almaniyada yaşayan digər millətlərin nümayəndələrinə bülletenlər paylanır. Bu bülletenlərdə Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlar təqdim olunur. Cümhuriyyətin Şərqdə ilk demokratik respublika olduğubildirilir. Onun əsas qurucularından olan M.Ə.Rəsulzadənin bir müddət Almaniyada mühacir həyatı yaşadığı göstərilir. Hazırkı müstəqil Azərbaycan Respublikasının həmin Cümhuriyyətinvarisi olduğu qeyd edilir. Məlumatlar böyük maraqla qarşılanır. Əntiqə xanımın dediyinə görə, aldıqları informasiyalarlaəcnəbilərin sifətlərində ölkəmizə diqqət, maraq və rəğbət hissinin oyandığı açıq-aydın hiss edilir.
Və yaxud hər il onun fəal iştirakı ilə Bayraq Günü münasibəti ilə keçirilən yürüşdə əllərində üç rəngli bayrağımız olan yüzlərlə insan iştirak edir. Yaratdığı xüsusi qrupların üzvləri tərəfindən yürüşü izləyən və müxtəlif millətlərdən olan insanlara bayrağımızın tarixi, onun rəngləri və üzərindəki simvolların mənaları haqqında izahatlar verilir. Bu məlumatlar da insanlarda dövlət rəmzlərimizə xüsusi maraq oyadır.
Ə.Rzayevanın ədəbiyyatımızın, onun görkəmli nümayəndələrinin və onların əsərlərinin Almaniyada tanıdılması istiqmətində də az əməyi olmamışdır. Məhz onun təşəbbüsü ilə təşkil olunan tədbirlərdə alman içtimaiyyətinə və soydaşlarımızın məktəbli övladlarına ədəbiyyatımızın görkəmli şəxsləri haqqında müntəzəm informasiyalar təqdim olunur. Folklorumuzun möhtəşəm nümunələri barədə məlumatlar verilir. Xalqımızın “düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixi” olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumat verilərkən onun bir nüsxəsinin də Drezdendə saxlanıldığını, alman alimi, türkoloq F.Dits tərəfindən ilk dəfə alman dilinə tərcümə edilərək (“Basatın Təpəgözü öldürdüyü boy”) çap olunduğunu, beləliklə, dünya elm aləminə tanıdıldığını eşidən almanlar çox təəccüblənir, bu onlarda dastanın oxunmasına xüsusi maraq oyadır. Keçirilən tədbirlərdə, əcnəbilərlə fərdi görüş və söhbətlərində N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, Ş.İ.Xətai, H.Cavid, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.Vurğun, X.Rza, B.Vahabzadə, M.İbrahimov, Anar, Ç.Abdullayev, Q,Səid və onun “Əli və Nino” romanı, digər folklar nümunələri haqqında verdiyi məlumatlar da böyük marağa səbəb olur. Əntiqə xanım deyir ki, təəssüf ki, almandilli məkanda ədəbiyyatımızı ancaq söz və şəkillərlə təbliğ edə bilirik. Şair və yazıcılarımızın alman dilinə tərcümə olunmuş əsərləri çox azdır. Ona görə də oxumaq üçün almanlara tərcümə olunmuş bədii ədəbiyyat nümunələrimizi təqdim etməkdə şətinlik çəkirik. Bu sözləri filmlərimizin və teatr tamaşalarının tərcüməsinə də aid edə bilərik. Bu işdə dövlətimizin və səfirliyin köməkliyinə ciddi ehtiyac var.
Onun Azərbaycan musiqi mədəniyyətinin təbliği sahəsindəki xidmətləri də diqqətəlayiqdir. Musiqi xalqlar arasında tərcüməyə ehtiyacı olmayan bir dildir. Əntiqə xanım milli musiqimizi -muğamlarımızı, aşıq sənətini, xalq mahnı və nəğmələrini, klassik və müasir bəstəkarlarımızı, onların əsərlərini tanıtmağa və sevdirməyə böyük əmək sərf edir. İxtisasca rejissor olan Ə.Rzayeva “Buta” cəmiyyətinin xətti ilə keçirilən konsertlərin və tamaşaların əsas təşkilatçılarındandır. Onun hazırladığı və quruluş verdiyi konsert və tamaşalar, “Birlik, bərabərlik, dostluq və dayanışma” proqramları və s. maraqla qarşılanır. Konsert və tamaşalar bütün Almaniyada əks-səda verir, bu barədə qəzetlərdə və sosial şəbəkələrdə məlumatlar yayılır.
O, müxtəlif tədbirlərin bədii hissəsində milli musiqimizin, musiqi alətlərimizin və rəqslərimizin nümayiş etdirilməsinə xüsusi önəm verir. Həmin tədbirləri müxtəlif müllətlərdən olan tamaşaçılarla yanaşı, vaxtaşırı olaraq Nurnberq şəhərinin meri və digər rəsmi şəxsləri də izləyirlər. Protokola görə, mer adətən tədbirlərin sonunda çıxış edib, təəssüratlarını söyləyir, təşkilatçılara öz minnətdarlığını bildirir. Əntiqə xanım söyləyir ki, merin də iştirak etdiyi tədbirlərin birində bir qızımızın çıxışına vaxt qalmırdı. Protokola görə, merin çıxışının vaxtı çatmışdı. Mer hadisədən xəbər tutan kimi, qızımızın çıxış etməsini israr etdi. Milli geyimdə olan qızımız kamanca alətində çox gözəl ifa etdi. İfadan təsirlənən mer öz çıxışında ona xüsusi təşəkkür edib, qızımızla xatirə şəkli də çəkdirdi.
O, Azərbaycanın tanınmış sənətçilərinin fərdi görüşlərinin dəəsas təşkilatçılarındandır. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq RəssamlarFederasiyasının üzvü, Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı, əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlı olan Ə.Heybətovla keçirilmiş görüş və onun əsərlərinin satış sərgisi də belə tədbirlərdən sayıla bilər. Tədbirdə məhşur rəssamın həyat və yaradıcılığı barədə geniş məlumat verilmişdir. Rəssamın özünün çıxışı isə coşqu ilə qarşılanmışdı. Təşkil olunmuş sərgiyə yüzlərlə əcnəbi vətəndaş tamaşa etmişdi.
Əntiqə xanım şanlı tariximizin, tarixi şəxsiyyətlərimizin, qədim tarixi abidələrimizin tanıdılması istiqamətində də bir sıra işlər görə bilmişdir. O, soydaşlarımızla birlikdə ölkəmizdəki tarixi abidələrlə bağlı ardıcıl təbliğat və təşviqat işləri aparır. Əcnəbilərə UNESCO-nun siyahısına salınmış tarixi abidələr, o cümlədən Azıx mağarası, Qobustan, İçəri şəhər, Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Qəbələ və Şuşa şəhərinin abidələri və s. barədə informasiyalar verir. Həmçinin ölkəmizin turizm məhsulları, sağlamlıq turizmi, qış turizmi və dağ-xizək mərkəzləri, ekoturizm imkanları haqqında ətraflı məlumatlar da təqdim edir. Bu məlumatlar isə xarici vətəndaşları ölkəmizə turist səfərlərinə təşviq etmək baxımından çox faydalıdır.
Ə.Rzayeva hazırda da öz fəaliyyətini uğurla davam etdirməkdədir. Ona Almaniyada yaşayan çoxsaylı soydaşlarımız, türk dilli xalqların nümayəndələri yaxından dəstək verir. Lakin ən böyük mənəvi dəstəyi və köməkliyi bütün işlərində onunla birlikdə olan ömür-gün yoldaşı İ.D.Ozanoğlundan, övladları Duyğu, Ozan və Qorquddan alır.
Biz də Əntiqə xanıma səmərəli fəaliyyətində uğurlar arzulayır və Vətəndə görüşmək ümidi ilə yazımıza nöqtə qoyuruq.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)