Super User
“Hər bir işdə ən vacib olanı başlamaqdır” – Qay Kavasaki
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində Qay Kavasakinin «Startap» kitabından müdrik kəlamları diqqətinizə çatdırır.
Bu kitabın alt başlığı belədir: “Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass“
«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.
O yazır:
- Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.
- Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.
- Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.
- Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.
- Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
EKSPRESS-SORĞU - Mustafa Kamal Atatürklə görüşmək istəyərdim
Leyla Səfərova, “Ədəbiyyat və İncəsənət"
Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir.
Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz?
Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?
Ondan hansı sualınıza cavab almaq istəyərdiniz?
MƏNİM CAVABIM:
Əgər dünyasını dəyişmiş bir məşhur şəxslə görüşmək istəsəm o kim olardı? Tarixə baxdıqda o qədər çox dahi şəxsiyyətlə rastlaşırıq ki, bu suala cavab vermək olduqca çətindir. Amma deyəsən mən Mustafa Kamal Atatürklə görüşmək istərdim. Niyəsini soruşduqda kəskin bir cavabım yoxdur əslində. Çünki mən çox da dahiləri, tarixi araşdıran biri deyiləm. Mənim üçün incəsənət hər zaman tarixdən daha maraqlı olub. Hansı kitabdan desəniz müzakirə edərəm, ya da ən azı bir fikir sahibi olaram. Amma bəzi oxuduğum kitabların heç yazarlarının adını belə bilmərəm. Hər hansı musiqi dinləyək, saatlarla haqqında danışaram. Amma ifaçısının adı xaric, haqqında məlumatım belə olmaz əksər hallarda. Bir də utanaraq deyirəm ki, tarixlə bağlı araşdırmalar aparmaq heç vaxt könlümdən keçən bir şey olmayıb. Ona görə də Atatürklə bağlı müəyyən qədər məlumatım xaric, dərin bilgi sahibi deyiləm.
İndi isə gələk onu niyə seçdiyimə. Bütün öndərlərlə bağlı həm müsbət, həm mənfi fikirlər duyuruq. Lakin çox az bir qismi üçün bəziləri canını verir, bəzilər nifrət edir. Atatürk bu adlardandır. Sosial şəbəkələrdə tez-tez ona olan sevgi, hörmət dolu videolar, şəkillər, yazılar və s. görürəm. Və bu paylaşımlar o qədər səmimidir ki, hər insan bunu hiss edə bilər. Lakin o postların altında da mütləq "alkaş" ya da "kafir" tipli şərhlər olur.
Mən bu adamı öz dilindən tanımaq istərdim. Ona səbəbini bilmədən içimdə qəribə bir sevgi olub daim. Bu adama sevgimin səbəbini öyrənmək istərdim. Çünki açığı heç mən də bilmirəm səbəbini. Bütün tənqidlərə, təhqirlərə rəğmən haqqında bəlkə məndən qat-qat çox biliyi olan insanlara belə müdafiə etmək gəlir içimdən. Mən daha yaxşı müdafiə edə bilmək üçün məhz Atatürkü tanımaq istərdim.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Rusiyada yaşayan azərbaycanlı yazıçının kitab təqdimatı olacaq
Mayın 4-də saat 16.00-da Park Bulvar Ticarət Mərkəzinin birinci mərtəbəsində Eldar Əhədovun “Mən qayıdacağam...” və “Xarıbülbül. Azərbaycan dastanı” kitablarının müəllif təqdimatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Eldar Əhədov Rusiyada yaşayır, kifayət qədər tanınan şairdir, bir neçə nüfuzlu ədəbi qurumda koordinator vəzifəsini daşıyır.
Portalımıza açıqlama verən yazar təqdim edilən kitablar barədə onu bildirib ki, oxucular üçün kitabları hədsiz maraq kəsb edəcək. Məsələn, o, dünyanın 30 məşhur yazarının Azərbaycan barədə fikirlərini bir yerə toplayıb. Burada Düma, Hamsun, Drayzer, Lermontov, Aytmatov, Süleymenov kimi dahilərin adlarını çəkmək olar.
Hər kəs Eldar Əhədovun kitablarına əldə edib ondan avtoqraf ala biləcək.
İstəkli kitabsevərlər, gəlin, maraqlı olacaq!
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə kim necə baxır?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uzun illər Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü özünə yaxın buraxmayan, Rasim Qaracanın yaratdığı alternativ Azad Yazarlar Ocağına üzv olan Həmid Herisçi nəhayət ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Özü də, Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlunun sayəsində.
Portalımızın yazarı, publisit Elman Eldaroğlu olaya belə şərh verir:
“Həmid Herisçi qeyri-adi adamdır. Onu sıradan adi bir adam kimi qəbul etmək düzgün deyil, onun səviyyəsinə qalxmağı bacarmaq lazımdır...
Həmidin AYB-yə gəlişi məni çox sevindirdi. Burada həm mistika var və həm də hamının anlaya biləcəyi məntiq. Mistik tərəfi odur ki, Həmid təkcə hamı kimi Allaha arzu və istəklərini söyləmir, o cümlədən Allahı eşidə, dinləyə bilir. Məntiqi tərəfinə gəldikdə isə AYB-nin üzvü olmaq Həmid bəyin halal haqqıdır...
Yeri gəlmişkən, iki gün öncə Həmid bəyin ad günüydü. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Necə deyərlər, həm yeni yaşı və həm də AYB-yə üzvülüyü mübarək!”
Bu arada Həmidin AYB-yə keçidinə AYO rəhbəri Rasim Qaracanın reaksiyası belə olub:
“Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın prinsipiallığına heyrət etdim. Mübarizəni sona qədər apardı”.
Səlim Babullaoğlu özü isə hadisəyə belə şərh verib:
“Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.
Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etbar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir.”
Biz Həmid Herisçinin bu addımını alqışlayırıq. Düşünürük ki, tanınmış yazarın bu qurumda təmsilçiliyi qarşılıqlı fayda verəcək.
Sözümüz odur ki, AYB-dən hamı nəsə umur. Sovet dönəmlərindəki kimi mənzil, putyovka, kitabının pulsuz çapı, pul mükafatı və s. Və aşağıdan yuxarıdan, kimin nə incikliyi varsa zəhərini AYB-yə tökür.
Amma gəlin unutmayaq ki, ölkənin yüzlərlə ən dəyərli ziyalıları burada təmsil olunurlar. Və ədəbiyyatın əsas inkişaf xətti burada cızılır.
Tənəzzül sevənlər inkişafa niyə sevinsin ki?
İnkişaf sevənlər isə mütləq bu ocağa gələcəklər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Şair və dost” - ALMANİYADAN ORHAN ARAS YAZIR
70 yaşını qeyd edən gözəl şairimiz Nazim Əhmədli barədə Almaniyada yaşayan soydaşımız Orhan Aras bir yazı yazıb. Yubilyar həmin yazını portalımız vasitəsilə oxucularımıza ünvanlayır:
O güzel “Ay Laçın” türküsünün mekânı olan Laçın’da dünyaya gözlerini açan, yıllar boyu yurt hasreti çeken ve bir Mecnun gibi yurdunun toprağını, çiçeğini, kuşunu özleyen, bunları şiire döken değerli şairimiz Nazım Ahmedli ne yazık ki Türkiye’de az tanınıyor. Oysa, şiirin artık pek okunmadığı Türkiye’de Nazım Ahmedli gibi kelimeleri adeta üfleyerek ruhumuza aktaran bir şaire çok ihtiyaç vardır.
„Bulutları üstüme Ört“, „Unuttuğum Gökyüzü“, „Yine Dönüp geleceğim“ gibi isimleri bile insanı büyüleyen kitapların şairi Nazım Ahmedli, şiirlerini bir Cahit Sıtkı Tarancı, bir Kemalettin Kamu gibi duru, hassas bir dille yazmaktadır. Onun yazdığı ve arada bir bana gönderdiği şiirlerini her dinlediğimde veya okuduğumda şehrin karmaşasından, curcunasından uzaklaşır yeniden tabiatın koynuna dönerim.
Benim iki kitabımı Azerbayacan Türkçesine aktaran dostum Nazım Ahmedli’nin bir şiir kitabı da Almanya’da yayınlandı. “Uzaktaki Sevgilim Deniz” isimli kitapta birbirinden güzel şiirlerle gönlümüzü aydınlatan şairin yaş gününü kutluyor ona eşi Rahile Hanım’la sağlık ve mutluluklar diliyorum.
Burada İnsanlar Uçmaz
Sonbaharın ilk günü
Yüreğimde keder var
Sanki bin yıllar önce
Geçip gitmiş de bahar
Bin yıllar öncesini
Unutmadım bir an da
Tek kanatlarım kaldı
Gökyüzünün yanında
Burda insanlar uçmaz
Kanatlı kuşlar ancak
Kanadı olan insan
Mutlaka taşlanacak!
Gümüş rüyalarımda
Melekler deste deste
Nereye uçuyorlar?
Gümüş suların üste
Sanki yer yüzünde
Çoktan geçmiş de bahar
Hala şu yüreğimde
Sızlayan bir yara var.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Çürüyür ürəyim bu vicdansızlıq havasında” - GÜNEYLİ XOSROV BARIŞANIN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Xosrov Barışanın şeirləri ilə tanış edəcək.
YENİ BİR RİTM
Qaranlığı mən yazmadım gecəyə,
Gözlərin yazdı...
Bax... Həkk olunur ürəyim bu tıxaclarda.
Sol döşümə mayın qoydu səsin.
Səsin ortadoğuda gurultudur
Savaş uçaqları tanrısı.
Toxunduqca sənə çatan yolların nəbzinə
Şeir olub partlayıram.
Dilim məsum,
Anasız bir uşaqdır, itkin olub.
Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.
Susuz quyuların dibində səsləndi kəlmələrim!
Sözlərin gözlərindən su içirdilər.
Yox sən Yusif deyilsən ki...
Səni göstərən barmağımı kəsdilər,
Ah... barmağım kimliyimi qanıtlayardı.
Güzgülərdəki üzlərdə itdi gözlərim.
Əh nə qədər əlləşsəm də
O müqəddəs adını
Şeirlərimdə səsləndirə bilməyirəm
Kəlmələri pozaraq tükənən silgilər şahid.
Hanı, hanı mənim izlərim?
Söz vermişdim
Bu şəhərdəki tabuları birlikdə
Sındıracağıq sevgilim
Ancaq yolumuzun tabloları sındı, nə yazıq!
Bura Təbriz
Min üç yüz doxsan beşin ikinci ayı
Qar yağır, qar...
Şəhərin üzü ağarır, ağarır hey
Qar danaları göyərçinlər
Yuxularımı sənə aparırlar.
Çürüyür ürəyim bu vicdansızlıq havasında
O qədər qışsan ki,
Tüpürsəm üzünə donar arzularım.
Sən bir qar adamı
Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.
Qələmim pomada vurar məni çağıran dodaqlarına.
Qələmim al-qırmızı...
Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.
Sus... Sus...
Danışsan genişlənər ölümün sərhəddi!
Artıq qucağımdasan, qollarımdasan.
Böyüdüm otuz üç yaşındayam.
Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!
Yatağımdasan
Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...
Əmir...
Əmir...
Əmir bazarından sənə sırğa alanmadım.
Pulum yox,
Axı şairəm. Tacir deyilim ki səni satanmadım.
Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.
Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.
Təbim var.
Sən Təbrizim ola bilməzsən.
Əriyəcəksən, itəcəksən.
Yenidən göyərməyəcəksən!
Və bu şeir sonsuzadək
Islaq qalacaq göz yaşlarımda!
Yorğunam. Çox yorğunam, artıq
Gecənin saçlarını daramaqdan.
Hörüklərinə ilişib ayaqlarım.
Kimliksiz bir dəliyəm.
Sən Leylam deyilsən ki...
Məni torpağımın ürəyinə quylayın lütfən.
Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,
Ürəyimə su səpir,
Şeir gələndə toz olmayır.
Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...
Xış... xış... tap... tap...
Yeni bir ritmdir bu
Səni sevirəm musiqisindən.
AYRIC
Səni sevmək
Cəhənnəmdə cənnəti
Yaşamaq kimi bir zad
Məni sevmək,
Həmişə, güclünün
Haqlı olduğunu
Bilə-bilə,
Yenə də,
Məhşər məhkəməsinə inanmaq kimi bir zad!
PƏNCƏRƏM
Göm-göy gözlərini asdım pəncərəmə!
Bir quş çəkdim
Göy üzünə,
Bir qanadı sən..,
Bir qanadı mən;
Uçduqca həyat gerçəkləşir.
Qovuşuruq, ayrılıq.
İndi bütün yollar baxışından keçir.
Umudumuz ölməyəcək.
Uşaqlığım yenə
Kamiyon sürür önümdə;
Sözcüklər daşıyır içimdən dışıma;
Qocalıb şeir yazıram sənə.
“Gəcil”də qurdlu meyvədir ürək;
Satılır alanın gözündən gizli!
Buna görə quşğularım quşların qanadında gəzər.
Qızıl qanınızdır “Əmir”də vitrinlərdən axır!
Hər tükan bir həbs selluludur satana!
Buna görə saat qabağında
Tükan olar yazdıqlarım aldıqlarınıza!
Buna görə insan seçdiyinin toruna düşər!
Buna görə yaxşılıq edincə borclu düşürəm!
Bu şəhərin acları
Zibil qabılardan axtarırlar diləklərini!
Yox karıxdırıldım
Bu şəhərin toxları
Zibil qabılardan axtarırlar diləklərini!
Kitablarda itib-itib özümü tapanmayıram!
Ah bu şəhər əynimə dar gəlir!
Buna görə səni geyirəm sözlərimə.
Xoşbəxtlik doğulmaz ətənədir,
İçimdə çabalar...
Çabalar...
Çabalar...
Bunca çaba
Sifirə çarpılar!
Gizlin bir yalan kimiyəm!
Buna görə təkamül qatarı gedə-gedə şairliyim qatardan düşür!
Sevgi bir qar topu idi, nəmkim atmışdı!
Uşaqlığım
Dığırladıb-dığırladıb böyütdü onu,
Yaşamağın boranında.
Hə sonunda,
Son anda
Anladım
Baxışmamız
Aydınlığın partlaması...
Dünyayı uşaqlara verək, yönətsinlər.
KİBRİT SATAN QARI
Əllərində kibrit,
Ah... kibrit satan qız;
Ahın yaman yandıracaq...
Yanır...
Yandı...
Dingələn bir gecə olacaq...
Olur...
Oldu...
Bəxtin avrupada
“Hans krestian anderson”un
Qələminin cövhərindən də qara.
Və əlbəttə dəlisov bir qar yağacaq...
Yağır...
Yağdı...
Artıq rahat ol, utanma, aç ləçəyivi;
O qədər saçların ağarmış ki
Naməhrəm də görənməz saçlarıvı.
Tanrıların başı nəm-harda qarışıb!!!
Bura Təbriz;
Şair adlı bir pasaj önündə döşən.
Fasilələrdə mi bəzənib qadın oldun sən!?,
Şeir oldun sən!
Dinmə,
Dil tökmə,
Sus...
Sus...
Sayqı duruşundayam mən.
Danışır gözlərində bir sukut!
Oxunur ölkəmin milli marşı...
Bax...
Bax...
Bax...
Çırpınır bir şəhər..,
Çırpınır ürək..,
Titrəyir əl...
Qocalığıvı yazmaq
Mənim payım olur.
Və nəfəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Həvəs...
Həvəs...
Səs...
Səs...
Səs...
Xiyavan!!!
Hə
Hər kəsi ilgiləndirən bir sov:
“Şəkilla məməsini eşiyə qoymuş,
Orasından yapışıb oynayır Maykel cəkson.”
Ehey şu şəhərdə şeirlərivə şişən şeyi şişmiş şair
Sən tükətdir,
Tükətdirsin muxatəbin:
Oh my god...
Yee... yee...
Oh yee...
Yerikləyirəm zirhov...
Post modern doğam!!!
Pəhov
Hələ təxt üstünü götüm görməmiş.
Yox
Yol getməyirsən yuxuda,
Yuxundan yollar geçir!
Bir mən gedir səndən
Bizə həsrət
Kibrit satan qarı;
Sən darvinism təbiəti tək,
Sən kapitalism cəmiyəti tək
Qat-qat
Qat içində uyumlu,
Qat dışında mütəzad!
Ah... əlbəttə bir
Şıdırğı yağış yağacaq,
Yağır,
Yağdı.
Dur gizlət
Gözyaşlarıvı yağmurda
Və sonra son kibritivi çax,
Qızışsın,
Işıqlansın,
Arınsın
Bu son şeirimi yazım.
5.
İynəsinə tikildik dünyanın
Aydınlığımız
Bulanlıq gözlərə batdı.
Qanatmayaq deyə
Ayıran bir çay kimi
Hep qanadıq,
Qanadıq...
Anaydıq, biz ana...
Dərdlərə köynək olub
Ömrümüzü sınırdaki güllərə kəpənəklər toxuduq.
Sınırlar pul-pul pul kimi...
Pullar zaman kimi...
Zaman diktatör kimi
Bu beyti mızıldayır qulağıma:
- Çalxandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Ah açılıb bağrıvı dələr
Bu dumanlı günlər
Güllələr..,
Güllələr...
Güllər, güllər
Ozon üzlüm
Səni görməyincə açılmayırlar.
Nəfəs qıtlığıdır buralarda.
Hər şairin köynəyidir şeir, qəfəs edilib!
Gəl.
Gəl artıq sevgilim.
Gəl bu sınırları sil.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Azərbaycanda ilk – Naşirlərin Forumunun yekunları
Aprelin 26-da Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu keçirilib.
“Ədəbiyyat və insənət” portalı xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən forumunun ideya müəllifi ANAİB idarə heyətinin sədri Şəmil Sadiqdir.
Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verən Azərbaycan Naşirlərinin I Forumunun açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, AMEA prezidenti İsa Həbibbəyli, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin başqanı Mustafa Karagüllüoğlu çıxış edib, ölkə tarixində ilk olan bu mötəbər tədbirin ölkə mədəni-ictimai həyatına, nəşriyyat və kitabçılıq işinə göstərəcəyi təsirdən danışıb, öz təkliflərini irəli sürüblər.
Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunub.
5 paneldə ümumilikdə 15 spikerin çıxış etdiyi, xarici mütəxəssislərin də cəlb olunduğu forum yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
İlk – “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusundakı panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu olub.
İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu olub.
Üçüncü panel isə “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”a həsr edilib. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməd olub.
Dördüncü paneldə “Tərtibat, dizayn və qrafika” mövzusu müzakirəyə çıxarılıb. Panelin moderatoru “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Coders” şirkətinin art-direktoru Rəsul Həsən olub.
Sonuncu – beşinci paneldə “Uşaq nəşrləri və yeni yanaşmalar” mövzusu ətrafında müzakirələr aparılıb. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov olub.
Bundan başqa, XAN, “Parlaq İmzalar”, MİMTA, “Ağıllı bala”, “Libra” nəşriyyatlarının direktorları – Səbuhi Şahmursoy, Nurman Tariq, Əsəd Aslanoğlu, Fatimə Alxaz, Veysəl Məmmədov, D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, həmin nəşriyyatın baş dizayneriAişə Adaş, “Coders” şirkətinin art-direktoru Rəsul Həsən elm, təhsil və mədəniyyət sahəsindəki fəaliyyətlərinə görə “Hədəf-15” döş nişanı ilə təltif olunublar.
Əlavə məlumat üçün qeyd edək ki, forumun dəstəkçiləri “Badamlı”, “Oyal”, “Hədəf Group”, Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan” və “Globalsoft”dur.
Forum 09:00-dan 19:00-dək davam edib.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Şəhidlər barədə şeirlər –Salatın Əsgərova
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Salatın Əsgərovaya həsr edilmiş şeirlə tanış olacaqsınız.
SALATIN ƏZİZ QIZI ƏSGƏROVA
(16.12.1961.-09.01.1991.)
Bakı şəhərində doğulmuş, Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbin və Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) məzunu, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın ilk şəhid qadın jurnalisti
Şəhid olduğu yer: Laçın rayonu, Qaladərəsi kəndi
Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı
SALATIN
I
Ali məktəbdə təhsil alan zaman Salatın
Maraqla öyrənirdi dahilərin həyatın.
Düşünürdü tələbə çox şeyi bilməlidir,
İnsanı kamil edən işidir, əməlidir.
Ara-sıra maraqlı məqalələr yazırdı,
“Za Neftyanıe Kadrı” da dərc etməyə hazırdı.
O, yazıb yaratmağa bir ehtiyac duyurdu,
Yazdığı məqaləyə “ ürəyini qoyurdu”
Ömrü boyu qəlbində yazmaq həvəsi vardı,
Yazdığı hər yazıda xalqın nəfəsi vardı,
Mühəndis olsa da o, jurnalistliyi seçdi,
Həqiqəti yazmağa qəlbində and da içdi.
II
Oxucular qəzetdə axtarırlar soyadın,
İmzasını tanıyın- Əsgərova Salatın.
-Doğrudan, mənalıdır, fikirləri rəvandır,
Gələcəyi öndədir, axı hələ cavandır.
Hamı onu sevirdi, mehriban, nəzakətli,
Azərbaycan qızıdır, ağıllı, ləyaqətli.
Erməni nankorları yollarını azanda,
Duz-çörəyi itirib, etibarı pozanda,
Bircə anda ahəngi pozuldu bu həyatın,
Necə də qəzəbləndi, hiddətləndi Salatın.
Tez-tez o, ön cəbhəyə, lap irəli gedirdi,
Əsgərlərlə ürəklə, qəlbən söhbət edirdi,
Deyirdi, sözünüzü söyləyin, çəkinmədən,
Həqiqət bizimlədir, axı qorxuruq nədən?
Gənc əsgərlər, zabitlər danışdıqca qürurla,
Salatının çöhrəsi sanki dolurdu nurla.
Söylərdi, bizə candan əzizdir torpağımız,
Qarabağsız ölərik, qana dönər bağrımız.
Döyüş meydanlarında, ən qaynar nöqtələrdə,
Soyuq nəmli səngərdə, dağlarda, təpələrdə,
Olmaq sanma asandır, bu hünər, cəsarətdir,
Gənc xanım-ana üçün bir şərəfdir, qeyrətdir.
Salatın çalışdığı qəzetin hər nömrəsi,
Oxunur sevilərək- onun da məqaləsi.
Bütün günü çalışır, üç-dörd saat yatırdı,
Məqam gəzir, özünü səfərlərə atırdı.
III
Rusdilli qəzetdə çıxıbdı reportajı,
Həqiqətləri yazıb faktlar olsa da acı,
“İmperiya qulları, çatacaqdır sonunuz,
İnsan qanı deyildir, it qanıdır qanınız.
Niyə anlamırsınız, pay olammaz torpaqdan,
Bəsdir, rədd olub gedin, müqəddəs Qarabağdan!”
Peşəkar bir jurnalist, əsil vətəndaş idi,
Bütün duyğularından yurd sevgisi baş idi.
Yenə ezamiyyətə yollanacaq Salatın,
Zaman keçir, hökmü var, hər anın, hər saatın.
Azyaşlı körpəsini qoyub getmək asandı?
Vətən pərvanəsiydi, bu sevgiylə də yandı.
Əyninə geyindi o, hərbçi formasını,
Qucaqlayıb sevgiylə Ceyhunu-balasını.
Atasına dedi ki, gedim, son səfərimdir,
Namərdlər at oynadır, bu mənim kədərimdir,
Qayıdaram, inşallah, yazaram gözəl yazı,
Sevinclə qeyd edərik, bu il Novruzu - yazı.
Salatının necə də möhkəmdir iradəsi,
Onun qəhrəmanlığı heyran etdi hər kəsi.
Erkək-dişisi olmur nə şirin, nə aslanın,
Həqiqətdir, namərdi, mərdi olur insanın.
Laçın-Şuşa yolunda, bir Qarabağ kəndində,
Hiyləgər terrorçular gizlənərək bir tində,
Birdən atəş açdılar, neçə-neçə silahdan,
Dinsizlər, şərəfsizlər qorxmayaraq Allahdan.
Vəhşilik törətdilər, Salatın oldu candan,
Fəxrlə danışırıq bu xanım qəhrəmandan.
Vətən məhəbbətini hər şeydən üstün tutdu,
Bu müqəddəs sevdadan özünü də unutdu.
Salatın qələmiylə yazdı haqqın sözünü,
Həqiqət yollarında qurban etdi özünü.
Xalq üçün candan keçib tarixə yazdı adın,
Əbədi yaçayacaq ürəklərdə Salatın.
“Ədəbiyyat və incəsənət”
(02.05. 2024)
“Əlçatmaz bir hədəfə uçan kamıq, arzuyuq...” - MİRZƏ ŞƏFİ VAZEH. Çap olunmamış 65 şeir
“Ədəbiyyat və incəsənət” portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini başa çatdırır. Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.
“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.
Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)
61
Əlçatmaz bir hədəfə uçan kamıq, arzuyuq –
Mən və sən.
Buna görə məhbəsə düşməyə də razıyıq –
Mən və sən.
Səni əsir eyləsəm qəlbimin mehrabında,
bilsəm, adım yazılıb könlünün kitabında,
onda heç fərq qoymarıq nə vəslə, nə hicrana –
Mən və sən.
Mən gözlə, sənsə sözlə ovlandın... Biz – şikarıq,
eşq qarmağına düşən, çırpınan balıqlarıq –
Mən və sən.
Qarmaqdan qurtulunca tez havada süzərik,
məğrur qartallar kimi səmaları bəzərik –
Mən və sən.
62
Mirzə Şəfi deyir:
“Bir ömür boyu
həzz alaq şərabdan, güldən, dilbərdən.
Bizə neyləyəcək qorxu, təhlükə?!
Təki uzaq olaq qəmdən, kədərdən!
Taylı tayın tapsın... Təki birləşsin
lovğalıqla riya, axmaqlıqla kin.
Ruhu vəcdə gələn seçilmiş kəslər
bizim aramıza qatılsın təki.
Özünü qurtuluş əsgəri sanan,
xurafata düşmən neçə insan var.
Həqiqətin gerçək aşiqi onsuz
bir gün el-aləmə olar aşikar.
Dəməşq qılıncından daha kəskindir
bizim qılıncımız...
şübhəm yox buna.
Toxunsa gözünə korun, zəlilin,
o da qovuşacaq Haqqın nuruna.
Hazırıq əlçatmaz göydən endirək
Ayı, ulduzları, odlu günəşi –
təki nəğməmizdən və səcdəgahdan
əsirgəməsinlər onlar atəşi.
Gəl gəzib-dolaşaq biz bundan belə
ən xoş müjdələrlə bütün aləmi.
Razıyıq – bu qalan ömrü yaşayaq
xumar gözlə zülfün dustağı kimi.
63
– Daha bezdim sevgimizlə
oynadığın oyunlardan.
Nəğmələrin də bəhs edir
yalnız meydən, yalnız yardan.
Bunlar səni yormur bəyəm?!
– Onda sən gəl, göstər mənə,
başqa bir yol, “yaxşı” deyə.
Mən öyürəm bu dünyanın
nemətlərindən yaxşısın.
Çünki insana layiqdir
hər nemətin əsli, xası.
64
Allah günəşə “Yan!” dedi
və aləm gözəl göründü.
Açan əlvan gül-çiçəklər
çölü-çəməni bürüdü.
Adəmə görk olsun deyə,
Tanrı dağları yaratdı.
Sonra yelləri əsdirib
varlığa min məna qatdı.
Quşlara O, qanad verdi,
dənizə isə pıçıltı.
Ondan mənə ilham,
sizə
məni dinləyəsiz deyə,
qulaqla səbir pay qaldı.
65
Rüzgarla dalğaların oxuduğu nəğmələr,
günəşin şəfqətiylə ruha, cana gələnlər,
qızılgül kollarında açan zərif qönçələr,
səmadan enən səslər və ora yüksələnlər –
hopar nəğmələrimə hər hansı maneəsiz,
məni bu təbiətin sarı simi sanın siz.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Vətən müharibəsinin zərif qəhrəmanı
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Anam bacım qız gəlin
Əli ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin
Yeddi oğul istəyərdi dədə-babalar həmişə, bircə dənə qız.
Atalar övlad çiynində getmək istəmişdi son mənzilə, övlad ananın qürur yeri olmaq istəmişdi həmişə.
Amma zaman daha hökmlüdür insana nisbətdə. Və o bəzən təsdiq etdi bu istəkləri, bəzən qarşı çıxdı onlara.
Gün gəldi, ata çiynində getmək istədiyi övladını özü öz əlləriylə aparmalı oldu son mənzilə. Və anasının qürur yeri olmaq istəyən övlad özü fəxr etdi anasıyla.
Bəli həyat belədir..
May ayının 4-ü 44 günlük vətən müharibəsinin qadın qəhrəmanı, şəhid Arəstə Baxışovanın doğum günüdür.
Arəstə Kərim qızı Baxışova 1989-cu il may ayının 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə orta ixtisas təhsil alıb.
2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidimizin Mərdan adında oğlu və Zəhra adında qız övladı var.
Arəstə Baxışova ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda" medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən, ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)