“Fəhm”- Nəriman Fərmanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəriman Fərmanın hekayəsi təqdim edilir. 

 

Həyətində durduğum, hər cür şəraiti və yaraşıqlı görkəmi olan bu binanın 10 il bundan qabaq bizim idarənin sərəcamına verildiyini xatırladım. Bina artıq tikilməyə başlayanda idarəmiz üçün nəzərdə tutulduğunu bilirdik. Ona görə də biz işçilər də tikinti ilə maraqlanır və tez-tez bura baş çəkirdik. İdarə binası hazır olandan sonra, binanın fasadı aqlay lövhələrə sadə həndəsi fiqurlar verməklə üzləndi.

Nəhayət, səbrsizliklə gözlədiyimiz gün gəlib çatdı. Hər bir şəraitə malik olan ikimərtəbəli bina bizim idarənin sərəncamına verildi. Ancaq bina boş bir ərazidə inşa edildiyindən darıxdırıcı görünürdü. Demək olar ki, yaşıllığı yox idi. Bu işləri isə işçilərimiz öz üzərinə götürdü. Hasar boyu şam ağacları əkdik. İdarənin arxa tərəfində isə çox da böyük olmayan bir bağ salıb alma, ərik, əncir, nar, üzüm, zeytun ağacları əkdik.

Ötən bu on il ərzində ağaclar xeyli böyüyüb qol-budaq atmış, bar da gətirmişdilər.

Həyətdə bir neçə dövrə vurduqdan sonra dayanıb, orada saldığımız bağa tamaşa etməyə başladım. Birdən diqqətimi hasarın yanında balasını ağzında saxlamış bir pişik cəlb etdi. Pişik divarın o biri tərəfinə aşmaq istəyirdi. Amma aşa bilmirdi. Buna baxmayaraq, o, dayanıb durmaq da bilmirdi.

Əvvəl buna elə bir əhəmiyyət vermədim. Ancaq pişiyin sonrakı hərəkətləri - davamlı olaraq hasarın o biri tərəfinə aşmaq cəhdləri məni maraqlandırıb düşündürməyə vadar etdi. Baxdım ki, bu pişik elə bizim idarənin bağında təzəlikcə yaşamağa başlayan pişikdir. İşçilərimiz idarənin bağında, hasarın iki divarının kəsişməsində ona bir dam da düzəltmişdilər. Hündür və işıqlı olsun deyə, damın üçüncü divarı da hasar hündürlükdə hörülüb, şiferlə örtülmüşdü. Etibarlı olsun deyə, şiferin üzərinə ağır dəmir parçası da qoyulmuşdu.

Pişiyə tikilən bu dam onu məmnun etməyə bilməzdi. İşçilər danışırdılar ki, təzə damda pişiyin iki balası da olub. Belə qayğının müqabilində pişiyin balasını da götürüb burdan getməsi mənim üçün müəmmalı görünürdü.

Pişik hey hasarı aşmaq üçün cəhdlər edirdi. Hər tullananda ağzında balasını tutduğundan ya o hündürlüyə çata bilmirdi, ya da o hündürlüyə çatanda balası ağzından düşmüş olurdu.

Amma pişik inadından dönmürdü. Təkrar-təkrar hasarı aşmaq cəhdini davam etdirirdi. Görünür, pişik balalarına qarşı nəsə bir təhlükənin gəldiyini duyub. Ona görə də balalarını bu təhlükəli ərazidən çıxartmağa çalışır. Ancaq bunun dəqiqini onun özündən başqa bilən yox idi. Pişiyin balası da körpə olduğundan bu təhlükədən xəbərsiz idi. Pişik balasının gözləri körpə olduğu üçün təzə-təzə açılırdı. Hələ heç tam miyoldaya da bilmirdi. Hər anasının ağzından düşəndə yerdə yumalanıb, zığıltılı-iniltili qarışıq zəif bir səs çıxarırdı. Ayaqları əsə-əsə ayaq üstə güclə dururdu. Pişik balası lap aciz idi. Çox miskin görünürdü. Ona yazığım gəldi. Halına acıdım. Pişiyin özünün isə hünərinə, fədakarlığına, balasına qarşı qayğı və məhəbbətinə mat qalmışdım.

Arada istədim pişiyə necəsə bir köməklik göstərim ki, o hündürlüyə qalxsın. Ancaq ehtiyat etdim: birdən o mənim köməyimi düz başa düşməz, məndən qorxar. Ozüm də çəkinirdim ki, əgər müdaxilə etsəm, pişiyin bu müqəddəs mübarizəsini yarımçıq qoyaram. Məcbur olub onun hasarı aşmaq cəhdinə sadəcə bir tamaşaçı kimi baxmağa başladım. Ancaq bekar da qalmadım. Başladım pişiyin hasarı aşmaq cəhdlərini saymağa.

Pişik mən baxandan əvvəl neçə dəfə hasarı aşmağa cəhd etdiyini bilmədim. Ancaq mən yenidən saymağa başladım. Bir, iki, üç... pişik heç cürə hasarı aşa bilmirdi. Hər dəfə sayanda ürəyimdə pişiyin hasardan aşa bilməsini arzulayırdım. Pişiyin hasardan aşmaq cəhdlərinin uğursuzluğu məni narahat etməyə başlamışdı. Hər dəfə onun balası ağzından düşəndə istəyirdim ki, pişiyə köməklik edim: yaxınlaşıb bala pişiyi götürüb, hasarın o biri üzünə qoyum. Ancaq mən bu fikrimi beynimdə qətiləşdirməmiş pişik ya hasarın üstündən, ya da elə havadaca geriyə fırlanıb balası ağzından düşən yerə tullanırdı. Pişik hər dəfə də ağzından düşüb toz-torpağa batmış balasının üz-gözünü yalayıb təmizləyirdi. Pişiklə bərabər mənim də həyəcanım artmışdı. Pişiyə yuxarıda dediyim səbəbdən kömək etməkdə aciz idim. Hələlik isə pişiyə ancaq uğurlar diləyirdim.

Artıq pişiyin çılğınlığı pik həddə çatmışdı: tüklərini qabardır, dodaqlarını sağa-sola tərpədib bığlarını oynadır, dişlərini qıcayır, cürbəcür həyəcanlı səslər çıxarırdı. Sanki ağlayırdı, dayanıb durmadan fəryad edirdi. Elə bil ki, havalanmışdı. Yazıq, deyəsən, yavaş-yavaş taqətdən də düşürdü. Divarı aşmaq cəhdlərində ləngimələr olurdu. Mən də pişiyin hərəkətlərinə uyğun rəqəmləri aramla sayıb uzadırdım: beeeşş... aaaltıı... Sanki bununla pişiyə kömək edir, özümə isə təskinlik verirdim.

Ancaq pişiyin sonuncu cəhdində sanki möcüzə baş verdi. Mən yeddi deyib qurtarmamış pişiyin cəhdi uğurlu oldu. O, balası ağzında hasarın üstünə qalxdı. Artıq onun əzab-əziyyəti arxada qalmışdı. Pişik bir anlığa hasarın üstündə dayandı. Qələbə qazanmış qəhrəman kimi bayrağını - balasını ağzında yuxarı qaldırıb bir anlıq saxladı. Bəlkə də o artıq ürəyində öz qələbə nəğməsini oxuyurdu...

Təbii ki, pişiyin bu qələbəsinə yeganə tamaşaçı kimi məndən çox sevinən olmadı. Xeyli rahatlaşdım. Sonra pişik ağzında balası hasarın o biri üzünə - bayır tərəfinə düşüb, xeyli aralıda görünən seyrək ağaclığa girib gözdən itdi.

Bildim ki, pişik mütləq burda qalan balasından ötrü geri qayıdacaq. Tez gedib onun damına baxdım. Dam boş idi. Dedim, yəqin pişik o biri balasını aparanda, bu biri balası anasının dalınca çıxıb. Ancaq ola da bilərdi ki, pişik baş verəcək təhlükəni nəzərə alıb digər balasını artıq aparıb bağın başqa yerində gizlədib. Ətrafı axtarsam da, pişiyin o biri balasını tapmadım. Qayıdıb pişik gözdən itən səmtə bir də baxdım. Güman etdim ki, pişik az vaxta qayıdar. Xeyli vaxt ötdü. Pişik görünmədi...

Bir az da gözlədim. Ancaq pişik geri qayıtmadı... Özlüyümdə yəqin etdim ki, o qayıtmayacaq. Çünki onun fədakarlığını, balalarına sonsuz qayğısını, məhəbbətini ki, mən görmüşdüm, o bu səbrin yiyəsi ola bilməzdi. Qayıtsaydı, çoxdan qayıtmışdı. Başa düşdüm ki, mənim axtardığım o biri pişik balasını anası əvvəl aparıb. Buna görə də xeyli rahatlaşdım. Amma düşündüm ki, görəsən, pişik balalarını aparanda onlara fərq qoyub, yoxsa yox? Yəni, pişik əvvəl hansı balasını aparıb? Bəlkə əvvəlinci apardığı balası axırıncıya nisbətən zəif imiş? Ona görə də onu qabağa salıb və yaxud əksinə, ona daha çox güvənib?.. Bunu onun özündən başqa bilən olardımı?

Elə bu fikirlərlə də idarəyə daxil olub, iş otağımıza keçdim. Çox vaxt bir yerdə nahar etdiyim dostum məni belə pəjmürdə görüb soruşdu:

- Yeməkxanada səni soruşdum. Dedilər ki, tez çıxmısan. Nolub, gözümə birtəhər dəyirsən?

Fikrim hələ pişiyin yanında olduğundan dostumun sualına susmaqla cavab verdim.

Elə bu an, idarəmizin gülərüz, mehriban xanımının - müdirin katibəsinin dəhlizdə ayaq səsləri eşidildi. Onun yerişində həmişəki kimi bir ahəngdarlıq vardı. Elə bil addımlarını atanda dabanlarını döşəməyə ürəyinin ritminə uyğun vururdu. Ayaq səsləri bizim otağın yanında dayandı. O, qapını açıb təbəssümlə dedi:

- Xahiş edirəm, hamınız iclas zalına buyurasınız.

Bir azdan hamı iclas zalında idi. Amma hamıda bir narahatlıq da hiss olunurdu. -Görəsən, bu fövqəladə iclas nə üçündür? -Nə məsələdir? -Xeyirdimi? -Adətən, müdir iclası səhərlər edir - deyənlər də oldu.

Müdir zala daxil oldu. Həmişə gülərüz görünən müdir, bu gün fərqli görünürdü: halı pərişan, hərəkətlərində isə bir narahatlıq hiss olunurdu. Baxışlarını zalda gəzdirib gah susur, gah da vacib nəsə demək istəyən bir görkəm alırdı. Amma yenə heç bir şey demirdi. Müdir hamının üzünə diqqətlə baxır, elə bil nəsə bir bəd xəbəri bizə demək istəmirdi. Ancaq demək məcburiyyətində idi. Sanki deyəcəyi sözün zala necə təsir edəcəyindən ehtiyatlanırdı.

Müdir bir neçə dəqiqəlik bu davranışının zalda darıxdırıcı sükut yaratdığını görüb, nəhayət, çıxışa başladı. Çıxışı çox qısa oldu:

- Bizim bu idarənin binası plana düşüb. Buradan magistral yol çəkiləcək, bu bina söküləcək. Təcili idarəni boşaltmalıyıq. Ola bilər elə bu gün axşam idarənin hasarını sökməyə başlasınlar. Ona görə elə indidən şəxsi əşyalarınızı özünüzlə götürün, idarəyə aid sənədləri və başqa şeyləri qablaşdırın. Hələlik biz müvəqqəti olaraq idarəmizin terminaldakı binasında yerləşəcəyik. Bizə cəmi bir gün vaxt veriblər. Xahiş edirəm, təcili işə başlayın.

İclas qurtarandan sonra müdir kürsüdən düşüb gedə-gedə işçilərə təskinlik də verirdi. Yəqin mənim daha fikirli, dalğın olduğumu sezib bir anlıq mənim yanımda dayandı. Mənə üzünü tutub, amma sanki hamıya müraciət edirmiş kimi dedi:

- Bilirəm, bu idarədə hamınızın zəhməti çox olub. Bir az səbr edin, tezliklə daha gözəl binamız olacaq. Mənim isə fikrim müdirin "bu bina plana düşüb, söküləcək"- deyən andan hələ də pişiyin yanında idi. İdarənin işçilərindən pişik və balalarından ötrü narahat olanlar da oldu. Nahar vaxtı pişik balalarını da bağdan götürüb, buranı tərk etdiyini təfsilatı ilə onlara danışdım. İşçilərdən pişiyin bu hərəkətinə təəssüflənən də oldu, təəccüblənən də.

Müdirin tapşırdığı bütün işləri tam yerinə yetirdiyimizdən idarədən çox gec çıxdıq. Artıq söküntüyə hazır olan texnikalar idarə hasarının bayır tərəfində hazır vəziyyətə gətirilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.