Super User

Super User

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Saqi, xumar-xumar baxırsan yenə 

Canıma od düşür bu nazdan mənim. 

Nədən qırmızıdır camdaki badən 

Bildin xoşum gəlmir bəyazdan mənim? 

Mən onsuz da məstəm, dəryadır qəmim, 

Bir an ayrılmamış qəmdən aləmim, 

Doldur piyaləmi, qərq olmuş gəmim 

Qoy çıxsın dərindən, dayazdan mənim.

Yəqin bu halımı duymusan sən də, 

Mən heç içməyirdim dostlar içəndə. 

Amandır sərhədi qatar keçəndə 

Doldur piyaləmi Arazdan mənim.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Siyəzən rayon İcra hakimiyyətinin başçısı, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü  Novruz Novruzovu 70 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli Novruz müəllim,

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı və yaradıcılıq uğurları diləyirəm!

Siz hələ gənc yaşlarından dövlət qulluğunda – müxtəlif məsul vəzifələrdə çalışmaqla yanaşı, ədəbiyyata olan marağınızı da davam və inkişaf etdirmiş, öz şeir, hekayə və publisistik yazılarınızla çıxış etmisiniz.

 

Siz Novruz Nəcəfoğlu imzası ilə nüfuzlu ədəbi nəşrlərdə, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Qobustan” dərgilərində, “525-ci qəzet”də və b. mətbuat orqanlarında öz yaradıcılıq örnəklərinizlə çıxış edirsiniz. Son illər daha çox hekayə və povestlər yazırsınız.

 

Sizin “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Keçən cavan çağım ola…” “Atüstü bir nağıl”, “Bir mən oyaqdım”, “Nağıl adam”, “Yuxuya gedib gecə” kitablarınız oxucularınızın marağına səbəb olub. “İçimdə bir ocaq var” kitabınızda şeirləriniz, “Unudulmazlıq haqqı”nda isə oçerkləriniz toplanıb. “Yurd yaddaşı” isə sizin ədəbi yaradıcılığınıza həsr olunub.

 

Xarici ölkələrə səfər təəssüratlarınızın toplandığı “Dünya duracaq yer deyil”, “Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə”, “Gördüyüm və eşitdiyim Yaponiya” kitabları publisistikamızın diqqətçəkən örnəkləri kimi qarşılanıb.

 

 “Nəcəflə üz-üzə”, “Ən böyük adam”, “Tufan” və ingiliscə “Tural, Humay and Nijat” kitablarınız uşaqlar üçün nəzərdə tutulub.

 

“Umutsuz yolçu”, “Beyaz Geçitte” əsərləriniz Türkiyə türkcəsində, “Oтнаянная пътница” kitabınız rusca yayınlanıb.

 

Bir sıra şeirlərinizə musiqi bəstələnib.

 

Sizi 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Cümə axşamı, 02 May 2024 09:12

Komitə sədri folklorşünas alimi təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, “Xudafərin” qəzetinin baş redaktoru Dos.Dr. Şakir Albalıyevə təbrik məktubu ünvanlayıb. 

Milli ideoloji araşdırmaları ilə ün qazanmış alimin 55 illik yubileyi ilə bağlı yazılan təbrik məktubunda onun həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. 

“Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunun mətnini təqdim edir: 

 

“Hörmətli Şakir müəllim,

Sizi 55 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, elmi, ictimai və mətbu fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi işğaldan qurtulmuş doğma Cəbrayılda mədəni quruculuq, abadlıq işlərinin yüksək vüsətlə davam və inkişaf etməsinin sevinci, qüruru içində keçirirsiniz.

Siz 1989-1995-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almısınız. Tələbəykən – 1992-ci ildə I Qarabağ müharibəsinə qatılaraq, Cəbrayıl, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmisiniz. 

2006-ci ildə “Azərbaycan məişət nağıllarında Şah obrazı” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2011-ci ildə dosent elmi adına layiq görülmüsünüz.

Məqalələriniz bir sıra yerli və xarici elmi jurnallarda dərc olunur.

“Azərbaycan məişət nağıllarında şah obrazı” (Bakı, 2008), “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” (Gəncə, 2011), “Sona Xəyal yaradıcılığına bir baxış (Bakı, 2011), “Özüm, Taleyim, Tanrım” (Bakı,  2012), “Cəbrayıl rayonunun toponimləri” (Ensiklopedik bilgi kitabı; ortaq; Bakı,  2014), “Cəbrayıllı Milli Qəhrəmanlar” (Bakı, 2019), “Azərbaycanda doğum mərasimi: funksiyası və semantikası” (Bakı, 2020), “Xalq bayramları probleminin nəzəri əsasları və Novruz” (Bakı, 2020) və b. kitablarınız gün üzü görüb.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi olaraq öz əsərlərinizdə Azərbaycan xalqının tarixi yaddaşında önəmli yer tutan folklor örnəklərinin ritual-mifoloji semantikası, yaradılış simvolikasının vahid etnokulturoloji sistemdə yeri, bayramların etnososial birgəliyin qorunmasında rolu və s. problemlərin araşdırılmasına geniş yer vermiş, bir sıra elmi yeniliklərlə çıxış etmisiniz.

2009-cu ilin yanvar ayından “Xudafərin” qəzetinin baş redaktorusunuz.

Azərbaycan Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı əsasında respublikamızda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinizə görə “Tərəqqi” medalı ilə təltif edilmisiniz.

Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq”

 

COP29-da iqlim dəyişikliyi məsələsinin həlli üçün qətiyyətə yaxınlaşmağımız zəruridir.

 

AzərTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə görüşündə TÜRKSOY-un Baş katibi Sultan Raev deyib.

Onun sözlərinə görə, yaşıl iqtisadiyyata keçid üçün cəsur liderlik, yeni həllər, cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin edən səmərəli əməkdaşlıq vacibdir.

“Mədəni diplomatiyanın gücündən istifadə edən əməkdaşlığa əsaslanan fəaliyyətlər yolu ilə gələcək nəsillər üçün davamlı inkişafa nail ola bilərik. İqlim dəyişikliyi təkcə bioloji müxtəlifliyi, təbii mühiti deyil, mədəni irsi də təhdid edir. Odur ki, sərhədləri aşan mədəni fəaliyyətlər yaratmaq bizim borcumuzdur.

TÜRKSOY olaraq mədəni diplomatiya və ətraf mühit idarəsinin bir-biri ilə bağlı olduğunun fərqindəyik. Mədəni gücü ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə üçün katalizator olaraq istifadə etməyə çalışırıq”, - deyə o bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)

 

Heç bir vasitəçi olmadan Ermənistan- Azərbaycan arasında əldə olunmuş ilkin razılaşma kollektiv Qərbin narahatlığına səbəb olub. Qərb və ABŞ  bütün vasitələrdən istifadə edərək açıq şəkildə iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına maneə olmağa çalışır. Bu və digər məsələlərlə bağlı “Ədəbiyyat və incəsənət” portalı siyasi şərhçi, yazıçl Yunus Oğuzun fikirlərini diqqətinizə çatdlrır.

 

Qərb Cənubi Qafqazda nəyi bölüşdürə bilmir? 

 

Hazırda dünyada baş verən hadisələr Cənubi Qafqazdan da yan keçməyib. Çoxları fikirləşir ki, Qərb və Amerika Ukraynadan əl çəkib, amma reallıq başqadır. Ola bilsin ki, Zelenskini  dəyişmək istəyirdilər, ancaq bunu bacarmadılar. Əvəzində Ukraynaya kifayət qədər yardımlar ayrıldı, Niderland 4,6,  digər Avropa ölkələri  hərbi  yardım, Amerika isə 61 milyard ianə etdi. Bu o deməkdir ki, hələ  Rusiya ilə müharibə uzun müddət davam edəcək. Proseslər deməyə əsas verir ki, Rusiya bu müharibədən qalib çıxa bilməz, nəzərə almaq lazımdır ki, faktiki dünya müharibəsi gedir. Yaxın Şərqdə də  çox ciddi məsələlər cərəyan edir, İran isə səsini içinə alıb. Beləliklə, dünyada baş verən hadisələr bizə də təsir edir. Əsas məsələ odur ki, geosiyasətdə  daşlar yerinə  oturur, artıq bu proses başa çatmaq üzrədir. Təsəvvür edin ki, bir neçə gün öncə Çin də Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşuldu. Bu prosesi əvvəldən görərək demişdim ki, Rusiyanı sıxıb Şərqə doğru aparırlar. Məlum olduğu kimi geosiyasətin  əsasını geoiqtisadiyyat və geostrateji mövqelər təşkil edir. Azərbaycan həm geoiqtisadi yerdə yerləşir, həm də geostrateji məkanın bağı, düyünüdür. Şərqə və Qərbə Azərbaycansız ən yaxın məsafədən getmək mümkün deyil, bu yol iqtisadi baxımdan ən ucuz başa gəlir. Bu baxımdan demək olar ki, Azərbaycan geosiyasi bir məkandadır. Eyni zamanda, Şərqlə Qərbi bağlaya bilir. Ona görə də bunun uğrunda mübarizə gedir.  


Qərbin fəal olduğu bir dönəmdə Rusiya və İranın mövqesizliyi nəyə hesablanıb?  


Mən demişdim ki, yeni geosiyasətdə İranın yeri yoxdur. Ermənistanı isə zorla geosiyasi məkana salmaq istəyirlər. Paşinyanın bir fikrini təkrar etmək istəyirəm: "Biz mifik Ermənistan deyil, real Ermənistan uğrunda mübarizə aparmalıyıq". Paşinyan görür ki, Ermənistan bütün sahələrdə itirə-itirə gedir, Azərbaycan isə zərif, yumşaq siyasi hücum taktikası aparır. Bu yumşaq siyasətin içərisində çox sərt tələblər var. Qazaxın 4 kəndi əldə olunan razılaşma ilə qaytarılmasa, revanşist qüvvələr dronun səsini eşidən kimi qaçıb gedəcəklər. Beləliklə, dünyada çox ciddi proseslər gedir və Azərbaycan ondan kənarda qala bilməz. Bu arada Azərbaycan prezidenti Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini təsadüfən qəbul etməyib. Bu bir mesajdır ki, İranın bölgədə əhatə dairəsi qısalır. Başqa sözlə, İranla Ermənistanın strateji hərbi müqavilə bağlaması ideyası iflasa uğrayır. Demişəm, bir də deyirəm ki, bu gün Ermənistan  Amerika, Avropa İttifaqı və Rusiya kimi üç təsir dairəsinə bölünüb. Hələlik isə Rusiyanın bu təsir dairəsindəki çəkisi çoxdur. Çünki, hələ məlum deyil ki, Ukrayna ilə cəbhədə hansı hadisələr baş verəcək. Əsas odur ki, Azərbaycan yaranmış vəziyyətdən məharətlə istifadə edir. Hazırda diplomatiyamız güclüdür, bütün beynəlxalq tədbirlərə qoşuluruq. 

 

“Azərbaycan yumşaq siyasətin içərisində sərt tələblər irləi sürür" dedikdə nə nəzərdə tutulur?

 

Sərt tələblər odur  ki, Azərbaycan sonda gəlib dayanacaq Qars müqaviləsinin şərtlərində. Ermənistana deyiləcək ki, hansı ərazilər sizin deyil. Hələ ola bilər ki, sözügedən 4 kənd geri qaytarıldıqdan, delimitasiya və demarkasiya işi  tamamlanmadan Zəngəzur dəhlizi açılsın. Buna baxmayaraq, yenə də Qars müqaviləsinin tələbləri yerində duracaq. Çünki Qars müqaviləsinin mövcudluğuna Türkiyə və Rusiya zəmanət verib, keçmiş Zaqafqaziyanın üç respublikası da buna imza atıb. Müqavilənin şərtlərinə görə, o ərazilər Naxçıvana məxsusdur, Naxçıvan da Azərbaycan ərazisidir. Artıq ermənilər bunu başa düşürlər. Odur ki, ermənilərin indiki davası 29 min kvadrat kilometr ərazini saxlamaqdır. Lakin onu kim hesablayacaq ki, bu  29 min kvadrat  kilometr haradan başlayır, harada qurtarır? Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan tələblərini ortaya qoyur. Əgər BMT-nin məlum 4 qətnaməsi olmasaydı,  Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra güclü sanksiyalara məruz qalacaqdı.  Azərbaycan isə həmin sənədləri əsas gətirərək bəyan etdi ki, BMT-nin qətnamələrinin icrasını təmin edib. Antiterror tədbirləri  zamanı da eynilə dünyaya göstərdi ki, ermənilər ərazilərimizdə 2021-ci ilin istehsalı olan minalar basdırırlar. 

 

Azərbaycan Ermənistana qarşı daha hansı şərtləri irəli sürə bilər?

 

Bu gün dünyada çox ciddi proseslər gedir. Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Çinin sığorta fondları ölkəmizə səfərlər edir. "Bir kəmər - bir yol" layihəsi təsadüfi deyil. Fakt odur ki, Çin ölkəmizi tamamilə dəstəkləyir. Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Lazımdır ki, mövcud vəziyyətdən məharətlə istifadə edib özümüzü daha da gücləndirək. Artıq  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  da deyir ki, Ermənistandan gedən qaçqınların geri qayıtmaq vaxtı gəlib, amma bu nə qədər  çəkəcək, hələ bilinmir. Əslində isə bunun da vaxtı çatacaq. BMT-nin qərarı ilə Axıska türkləri haqqında qərar çıxarıldı, müəyyən hissəsini geri qaytardılar, Stalinin vaxtında sürgün olunan çeçenləri qaytardılar, kabardin-baykalları qaytardılar. 1948-1953-cü illərdə Stalinin vaxtında biz də sürgün olunmuşduq. Hələ torpaqlarımızın zəbt olunmasını demirəm. Təəssüf ki, Gürcüstanda yaşayan 500 min azərbaycanlıdan İran bizdən daha yaxşı istifadə edir. Gürcüstanın əhalisi beş milyondur, Batumidə və digər ərazilərdə müsəlmanlar yaşayır. Bununla Gürcüstanın da siyasətinə təsir etmək olar. Nəzərə almaq lazımdır ki, bir neçə nəsildən sonra oradakı azərbaycanlıların sayı 600-700 min olacaq. Ermənistanda isə heç iki milyon erməni yoxdur. 
Əsas məsələ hücum taktikasıdır. Azərbaycanın heç bir künc-bucaq yadından çıxmır, 4 kənddən sonra o biri 4 kəndi də alacağıq. Ardınca Qars müqaviləsinin şərtləri ortaya qoyulacaq. Bu isə o deməkdir ki, İrəvana köç qayıtmalıdır. Çünki, bizim əlimizdə beynəlxalq hüquqla təsdiqini tapmış kifayət qədər sənədimiz var. Nəzərə almaq lazımdır ki, 300 min azərbaycanlı geri qaytarılanda onların əmlakı qaytarılmalı, dəymiş ziyan ödənilməlidir. Bu baxımdan Ermənistanın vəziyyəti olduqca ağırdır. Yeri gəlmişkən, Azərbaycan  Ermənistanı Beynəlxalq Məhkəməyə verib, hələ ki, məhkəmə davam edir, Ermənistanın  nə qədər təzminat ödəyəcəyi hələ bilinmir. Məsələ orasındadır ki, təzminatın ödənilməsi üçün Ermənistanın pulu yoxdur. Ermənistanın pulu olmadığına görə, gərək Zəngəzur dəhlizini verə. Qars müqaviləsinə görə isə sənəddə adıçəkilən kəndləri də. Odur ki, Ermənistanı qanun çərçivəsində həm iqtisadi, həm də siyasi alətlər vasitəsilə sıxmalıyıq. Bunu dərk edən Paşinyan Ermənistan dövlətini məhv olmaq təhlükəsindən qurtarmaq istəyir. Buna imkan verməyən revanşistlər isə haray-həşir qoparırlar. Bu günlərdə Köçəryanın 25 əmlakına həbs qoyuldu, Sərkisyan və digərlərinin də əmlaklarına həbs qoyulacaq. Çox güman ki, Paşinyan ilk olaraq Sərkisyanı zərərsizləşdirəcək. Çünki, Sərkisyan Avropa tribunasından bəyan etdi ki, Xocalıda qırğın törədib. Keçən həftə Sərkisyana qarşı sui-qəsd edildi, iki cangüdəni öldü, özü yaralandı. Artıq dövr dəyişir. Paşinyan mayın 7-də Putinin andiçmə mərasiminə getmir, 8-də Avrasiya İqtisadi Forumuna qatılır,  9-da isə Moskvada  keçiriləcək  Paradda  iştirak  etmir.  Bu fakt bir daha göstərir ki, Ermənistan artıq üç təsir dairəsinə bölünüb. Rusiya hələlik buna dözsə də  öz içində zəncir çeynəyir. 


Qərb və ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maneə ola bilərmi? 


Amerika artıq Gürcüstanı ələ keçirib, Ermənistanı isə ələ keçirmək ərəfəsindədir. Amerikanın Ermənistanda iki mindən artıq diplomatik işçisi var. Azərbaycanla isə imperialist kimi danışmasa, normal siyasi və iqtisadi əməkdaşlıqda bulunsa ölkəmiz buna gedəcək. Əgər zor gücü ilə danışacaqsa, Azərbaycanın da müttəfiqləri var. Gördünüz ki, balaca Azərbaycan Fransanı nə günə saldı. Avropanın mərkəzində, Vyana şəhərində Azərbaycanın təşəbbüsü ilə neokolonistlərin nümayəndələri Fransaya etiraz etdilər. Bu,  Azərbaycanın beynəlxalq gücüdür. Başqa sözlə, Azərbaycan artıq regional siyasətdən çıxıb qlobal siyasətə girişib. Çünki, Azərbaycana inanırlar, Azərbaycanı təhlükəsiz məkan kimi qəbul edirlər. Ölkəyə gələn turistlərin sayının artması məhz bu səbəblə bağlıdır. Üç həftədir Gürcüstanda aləm qarışıb bir-birinə, Ermənistanda turizmlə bağlı danışmağa dəyməz,  Azərbaycana isə real turistlər gəlir. Düzdür, Amerika buranı da qarışdırmaq istəyir, lakin  Azərbaycan xalqı buna getmir. Xalq artıq hədəfini görür, xaricdən maliyyələşən beşinci kolon olan müxalifətin ardınca getmir. Odur ki, Azərbaycan kifayət qədər divident əldə edib. O dividentləri bəlkə də yüz il xərcləsə qurtarmayacaq. 


Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması real görünürmü? 


Ola bilsin ki, ilkin mərhələdə çərçivə sazişi imzalansın. Sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyası dəyişməlidir. Ermənistanın normativ aktlarında Türkiyəyə, Ağrıdağa, hətta Azərbaycana qarşı iddiaları var. Ermənistanın verdiyi bəyənata görə, Qarabağ Ermənistanın ərazisi hesab olunur, hansı ki, həmin bəyənat konstitusiyanın tərkib hissəsidir. Bu baxımdan demək olar ki, sülh sazişi hələ bir az gecikəçək. Baxın, hələ delimitasiya və demarkasiya prosesi başa çatmayıb, ancaq artıq sərhəddə 38 dirək basdırılıb. Ola bilər ki, delimitasiya 30-40 il çəksin. Rusiyanın 2 anklavı var idi,  bu yaxınlarda verildi Azərbaycana. Gürcüstanla bu məsələ hələ 70 faiz həll olunub. Əsas odur ki, Azərbaycan rahat şəkildə öz işini görür. Əvvəllər gürcü əsgəri bizim sərhəd qoşununun əsgərinin silahını alırdı ki, bu ərazi bizimdir. İndi bunu edə bilməz. Çünki, Azərbaycan qlobal səviyyədə yüksələn xətlə güc yığır. Həmçinin, Azərbaycan diplomatiyası da çox güclüdür.    

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq İsi Məlikzadənin anadan olmasının 90 illiyi tamam olur. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.

 

Kitabxanadan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, virtual sərgidə yazıçının geniş oxucu rəğbəti qazanmış hekayələri, povestləri, tamaşaya qoyulmuş pyesləri haqqında geniş məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalq yazıçıları Anar, Elçin, Xalq şairi Ramiz Rövşənin İsi Məlikzadə haqqında söylədikləri dəyərli fikirlər, dramaturqun əsərlərinin motivləri əsasında lentə alınmış “Qatarda”, “Gümüşgöl əfsanəsi” kimi filmlərdən fraqmentlər də təqdim edilir. Virtual sərgidə İsi Məlikzadənin “Qırmızı yağış”, “Quyu”, “Günəşli payız”, “Dədə Palıd” kimi əsərlərinin qısa annotasiyası, yazıçı haqqında dövri mətbuat səhifələrində dərc edilən məqalələrdən nümunələr sərgilənir.

 

Dramaturq İsi Məlikzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/isi-melikzade-90 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Dünyada gərginlik və qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bütün inanc ənənələrinin davamçılarının çiyin-çiyinə, hörmət və anlayışla yaşadığı ölkə olaraq qalır. Bu, tariximizin qiymətli mirasıdır.

 

AzərTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

 

Nazir bildirib ki, Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb: "Mədəni və dini fərqlərin bəşəriyyəti bir-birinə zidd tayfalara böldüyü bir vaxtda Azərbaycan təvazökarlıqla dünyada ümid çırağına çevrilir".

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının Poertik Qiraət rubrikasında bu gün yenə də Elxan Yurdoğlunun şeiri təqdim ediləcək.

Xoş mütaliələr!

 

 

ŞAİR, YAĞIŞ, QUŞ BALALARI

 

Yağış pəncərəmdə quş balasıdır,

Hələ alışmayıb qanad çırpmağa.

Açıram ovcumda atılıb-düşür

Sevincdən ürəyim dönür bir dağa.

 

Yağış dimdikləyir ovuclarımı,

Uşaqtək sevinib çölə qaçıram.

Quş balalarına uçmaq öyrədir,

Qoşulub onlara mən də uçuram.

 

Elə bil çoxdandır bir küncdə küsən

İçimdən uşaqlıq inadım çıxır.

Hər tində, döngədə xatirələrim

Tutur əllərimdən – qanadım çıxır.

 

Sərçələr sevincək uçur yanımca,

Qopur qanadımdan bir lələk qələm.

Göylərə xoşbəxtlik şeiri yazıram,

Enirəm aprelin üzündən öpəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2024)

 

Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə naşirlər forumu keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkikatçılığı ilə baş tutan Azərbaycan Naşirlərinin I Forumu artıq tarixə qovuşdu. 

 

Ölkədə nəhəng kitab festivalları keçirən ANAİB hər tədbirində bir təşkilat üzvünü məsul edir və bu forumun da məsulu XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy idi. 

“Ədəbiyyat və incəsənət” portalı Səbuhi Şahmursoydan forumun gətirəcəyi faydalarla bağlı gözləntilərini öyrənib. Müsahibimiz söyləyib: 

 

-Nəhayət ki, nəşriyyat işinin problemləri akademik tribunadan səslənməyə başladı. AMAİB sədri Şəmil Sadiqin ideyası və şəxsi təşəbbüsü, ANAİB-in əsas təşkilatçılığı ilə keçirilən Azərbaycan Naşirlərinin I Forumu bu mövzuda sistemləşmiş ilk tədbir idi. Forum giriş hissədən və nəşriyyat sahəsi üçün müzakirəsi vacib olan 5 paneldən ibarət idi:

1. Nəşriyyat menecmentliyi və kitab marketinqi;

2. Redaktə və tərcümə problemləri;

3. Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar;

4. Tərtibat, dizayn və qrafika;

5. Uşaq nəşrləri və yeni yanaşmalar.

Türkiyədən dəvət etdiyimiz mütəxəssislərin iştirakı forumu daha da yaddaqalan etdi. Təsəvvür edin, həmin gün, demək olar, yalnız problemlər sadalandı. Bəlkə, bu siyahının da sonuna çıxa bilmədik. Həll yollarını müzakirə etmək üçün bir gün çox qısa olsa da, bir sıra mövzuda bəzi təkliflər səsləndi. Məncə, əl-ələ verib qarşıdakı illərdə bütün sadalanan problemlərin öhdəsindən gələcəyik. İndi ANAİB-in işlərini alçaltmağa çalışan qüvvələr də iyrənc söhbətlərini bir yana atıb işin bir qulpundan yapışsa, bu həll yolları daha da qısalar. 

Azərbaycan Naşirlərinin I Forumuna təşrif buyuran, fəal iştirak edən həm moderator və spikerlərə, həm də dinləyici qismində iştirak edən insanlara təşəkkürümü bildirirəm. Bütün təşkilatçı və sponsorlara bolluca minnətdarlığım var.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün eyd etdik ki, «Qomeopatiya məni fərdi tibb növü kimi cəlb etdi. Onun əsas prinsipi xəstəliyi boğmaq yox, orqanizmin dinamik müvazinətinin bərpasıdır. Qomeopatiyanın həm xəstəliyə, həm də xəstəyə öz individual, unikal yanaşma tərzi var. Burada bütün dərmanlar təbii xammaldandır (otlardan, minerallardan, zəhərlərdən, həşəratlardan, heyvan ifrazatlarından)» yazan Sinelnikov Qomeopatiya üsulu ilə işləyərkən rəsmi tibb elminin müalicə edə bilmədiyi xəstəlikləri belə müalicə etməyə başlayıb.

Sinelnikov «İnsan şüurunun və şüuraltı proqramlaşdırmanın Bibliya modeli»ni yaradıb. Sinelnikovun gətirdiyi qaydalara diqqət edək:

1). Kainatda böyük gücü, enerjisi olan, şüurdan kənar reallıq mövcuddur;

2). İnsan şüuru Kainatın və Metofizik dərketmənin yalnız bir hissəsidir;

3).  Dünya dərkedilməyən və sirlidir, insan dünyaya və özünə tapmaca kimi baxmalıdır;

4). Bizim şüuraltımız bizim şüurumuz mövcud olan dünya modeli yaradır. Başqa sözlə, bizim şüurumuz şüuraltımızın bizə təqdim etdiyi hadisələrin müşahidəçisi və qiymətverənidir;

5). Bizim yaşadığımız reallıq modeli bizim şüuraltı proqramımıza müvafiqdir ki, bu da uşaqlıqdan formalaşır. Beləliklə, xaric daxilimizin inikasıdır;

6). Hər bir insan bu dünyada yaşamaqdan ibarət olan həyatının əsas məqsədini və funksiyasını şüuraltı həyata keçirir;

7). Bizim dünyamız bizim şəxsi fikirlərimizin xarici əksi kimi mövcuddur. Biz həyatda nəyə malikiksə, onları özümüz yaradırıq;

8). Sağlamlıq vəziyyətimizi, işimizi, insanlarla münasibətimizi, maddi vəziyyətimizi və s. dəyişmək üçün mütləq öz daxilimizə müraciət etməli, öz şüuraltı davranış proqramımızı, fikirlərimizi dəyişməliyik, kəsəsi, özümüz dəyişməliyik.

Davamı da olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.