Super User
“Sən heç pəncərələrin ağlamağını görmüsənmi?” - 10 SUAL KAMRAN YUNUSLA
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının sevimli qonağı dəyərli sənətkarımız Kamran M. Yunisdir.
Kamran Yunis 5 dekabr 1974-cü ildə Bakıda anadan olub, əslən Balakəndəndir.
1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlunun, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarında iştirak edib. “Odlar Yurdu Azərbaycan” filmi "ARRİ" mükafatına layiq görülüb.
2015-ci ildə Türkiyədə “Xəlvətdə qalmış müdrik” filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi “Rami” filmi 2007-ci ildə Hindistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. “Rami” filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
2012-ci ildə Azərbaycanda ilk olaraq Redyard Kiplinqin "Mauqli" (8 saat) audio kitabını ərsəyə gətirib, bu da gözdən əlil və fiziki imkanları məhdud olan uşağlar üçün nəzərdə tutulmuşdur.
2019-cu ildə isə Vaqif Səmədoğlunun şeirlərindən ibarət " Xatirəni… gəl özün apar" audio kitabının müəllifi də məhz Kamran M. Yunisdir.
Sənətçi Kamran M. Yunis 2006-cı ildən (AzTV) dublyaj sahəsində çalışır və 5000-ə yaxın filmin ana dilimizdə səslənməsində zəhməti var. Onun Azərbaycan poeziyasından səsləndirdiyi 2500 dən çox şeir, poema, nağıl dinləyicilərin ruhunu oxşayır.
-Əziz Kamran bəy, L. Tolstoy çox gözəl söyləyib ki: " Güclü insanlar həmişə sadədir." Sizi tanıyanlar güclü olduğunuzu anında qəbul edirlər. Bu gün xalqın sevimli obrazı Kamran M. Yunis qonağımız olduğu üçün biz də sevinirik, elə səbirsiz, ərköyün suallarımız da. Bu dəqiqə sıradakı o biri suallar 1- ci suala paxıllıq edirlər, axı sırada birinci olduğu üçün Sizinlə ilk o görüşəcək. Elə isə o sualları bir az da hövsələdən çıxarmayım. Əziz Kamran bəy, 1- ci sualımız ürək döyüntüləri ilə Sizə yaxınlaşır.
-Salam, xoş gördüķ, rubrikaya dəvətiniz üçün minnətdaram, keçək suallara.
1)
-Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)
Dəyərli sənətkarımız, bu ifadə ilə bağlı nə söyləmək istərdiniz?
-Mən axır vaxtlar tez- tez bir söz söyləyirəm. "Nə yaxşı ki aktyor olmadım."
Təbii ki, burada bildiyimiz Azərbaycan aktyorundan söhbət gedir, çünki başqa yerlərin aktyorlarını az- az görmüşəm. Mən bizim məmləkətin aktyorlarına oxşamaqdan qorxuram. Hamısını söyləməyəcəyəm, çox cüzi sayda istisinalar var ki, onları çıxmaq şərtilə..
“Mən aktyor ola bilmədim." Mən səhnədə yaxşı oynadım, amma həyatda aktyor ola bilmədim. Amma bir sənətçi kimi heç vaxt tərif ummadım, lakin dəyər umdum, dəyərləndirilmək istədim. Haqq elədiyim dəyəri almaq istədim, duymaq istədim. Ustadlarımdan bu dəyəri aldım. Bundan sonra elə bir insan yoxdur ki, bəlkə də, mənə dəyər verəcək və bundan xoşbəxt olacağam. Lakin tərif ummamışam. Əsl insan olmaq arzusundayam. Əsl insan bir ömür yaşayıb son nəfəsində də əsl insan kimi bu dünyadan köçən insana deyilir. Hər dünyaya gəlib bu gün bir yaxşılıq elədi, sabah bir yaxşılıq etdi, bu əsl insan demək deyil. Əsl insan sözün əsl mənasında insandır. Hər anı gözəlliklərlə dolu hər saniyəsi yaxşılıqla, sevgi, sevinclə dolu, təkcə öz sevdiyinə yox, bütün dəyərli insanlara dəyər verməklə bəzənmiş insan əsl insandır.
İnsan sevgisizlikdən məhv olar. Dünyamız bu gün sevgisizlikdən məhv olur, başqa şeydən yox, mümkün deyil.
2)
Sən heç pəncərələrin ağlamağını görmüsənmi?
Səssiz-səssiz, için-için...
Görmüsən bilirəm.
Bilirsən niyə danışdım bu boyda saçmalamanı?
Çünki mən də hərdən-hərdən, eləcə
səssiz-səssiz, için-için...
ağlayıram... eynən pəncərələr kimi.
Dərdimi, kədərimi kimsəyə danışa bilmədən.
Sadəcə və sadəcə ağlayıram.
Ağlayıram damla-damla,
pəncərələr kimi.
(Kamran Yunis)
Əziz Kamran bəy, " qaynar ürək" "buz tutmuş" hisslərdən uzaq ürəyə bağlanırsa, o pəncərə kimi ağlamağa məhkummu, səssizlik içində fəryadı hər ürək duya bilirmi?
- Bəzən sevdiyimiz insanlar- bizə ən dəyərli olanlar belə, o ürəyin fəryadını, hisslərini incəliyinə kimi, zərifliyinə kimi duya bilmirlər. Elə, bəlkə də, insanı qocaldan, insanı öldürən budur. Duya bilsəydi, anlaya bilsəydi, hiss edə bilsəydi, bəlkə də, insan 100- 150 il yaşayardı. Xoşbəxt o insandır ki, bir- birini duya bilir, bir- birini hiss edir, hətta bir nəfəsdən, bir baxışdan, bir toxunuşdan belə anlayır. Bu xoşbəxtlikdir, amma xoşbəxtlik də nisbi anlayışdır. Ümumiyyətlə, dünyamız, nisbi dünyadır, hər şey nisbidir bu dünyada. Təəssüf ki, çox təəssüf ki, haqqında danışdığımız o sevgilər belə, nisbidir.
3)
Sadəlöv könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim.
Mənsiz də dünyanın işi keçərdi,
Əcəba, nə üçün cahana gəldim?!
(Ömər Xəyyam)
Kamran Yunis özü- özünə, çox güman ki, bu sualı verib və indi biz də o cavabı eşitmək istəyərdik. “Əcəba, nə üçün cahana gəldim?!”
- Ömər Xəyyam, demək olar, ən çox dəyər verdiyim, dünyanın ən çox hiss edib dəyər verdiyi, məmləkətimizin cahillikdən dolayı dəyər vermədiyi, bədbəxtlik ucbatından
"alkaş" kimi qələmə verdiyi Ömər Xəyyamdır.
Əcəba, nə üçün cahana gəldim?! Ona görə ki, Allah Tala atamın qarşısına anam kimi bir dəyərli insan çıxardı, anamın qarşısına da atam kimi dəyərli insan çıxardı. O sevgidən, sevgisizlikdən yox, o sevgidən dünyaya gəldik. Nə xoş ki, sevgidən dünyaya gəldik. Xoşbəxt o insandır ki, sevgidən dünyaya gəlir. Bax bugünkü dünyamızda böyük problemlər, bilirsinizmi, niyə var? Çünki insanların çoxu sevgisizlikdən dünyaya gəlir.
Mən nə üçün cahana gəldim?
Mənə elə gəlir ki, Allah Tala mənə bir missiya verib ki, Azərbaycan mədəniyyəti, Azərbaycan sözü, Azərbaycan şeiri, Azərbaycan nəfəsi, Azərbaycan hərfi, bax bütün bunların fonunda bir missiya verib ki, bu gün o missiyanı yerinə yetirirəm, bəlkə də, ondan ali nöqtədə Azərbaycan mənəviyyatı, Azərbaycan əxlaqı gəlir.
Bəli, dünyaya xeyli peyğəmbərlər gəlib. Onlar dünyanı düzəldə bilmədilər, mən də dünyanı düzəldə bilmərəm, amma nə isə edə bilərəm. Əgər 10 milyonluq Azərbaycanda 1 insanı pis yolundan döndərib 1 insanın mənəviyyatında 1 işıq yandırıb, ruhunda 1 şam, içində 1 ocaq qalaya bilmişəmsə, bilirəmsə və qalaya biləcəyəmsə, nə xoş mənə. Bax o zaman deyəcəyəm ki: " Cahana buna görə gəldim."
4)
Hara gedirsən get...
getdiyin yol sənin yolundur,
gəldiyin yol da sənin yolundur -
biri səndən gedir,
biri də sənə gedir...
əsas odur YOL olsun, hərdən gedib gəlməyə...
fərqi nədir?,
(Kamran M. Yunis)
Sevimli sənətkarımız, bəs yolumuza tikanlı kollar çıxırsa, o kollardan necə “qurtulaq" ki, canımız acımasın? Mümkündürmü?
-Xeyr, əgər insansansa, mənəviyyatın varsa, mümkün deyil. Çünki aliliyə gedən yol tikanlardan keçir. Aliliyə gedən yol hər zaman əzablardan, ağrılardan keçir. Bir uşaq dünyaya gəlirsə, ananın ağrılarından gəlir, Sağlam ağaca qulağımızı qoysaq, o ağacın içərisində qəribə səslər eşidiləcək sanki yer yarılırmış kimi, yer aralanırmış kimi. Bu da ağacın ağrılarıdır. O ağrılar ağacın inkişafına şərait yaradır. Mümkün deyil, ağrısız- acısız, kolsuz- kossuz aliliyə gedib çıxa bilmərik. Bugünkü Kamranı var eləyən, bugünkü Kamranı Kamran kimi cüzi də olsa, mənəvi dəyərlərlə bir insan kimi var eləyən yalnız yaşadığı ağrı və acılarıdır. Allaha şükrlər olsun ki, məni bu ağrı- acılardan keçirib gətirib. Bir nöqtəyə gətirib çıxarıb, hansı nöqtədə olduğunu bilmirəm. Ağrı- acısız heç nə mümkün deyil. Çörəyi bişirmək üçün xəmir yoğurursan, bir uşağı tərbiyə etmək üçün qulağını dartırsan, arada acı söz də söyləyirsən. Hər bir şey o "ağrılı kol- kosdan" keçir.
5)
“Vicdan haqqı"nın Yusifi ilə Kamran Yunisin oxşarlıqları və fərqliliklərinə misal gətirsəydiniz, necə müqayisə edərdiniz?
- Hamısı elə Kamrandır, oynadığım rolların hamısı mənəm, pisi də mənəm, yaxşısı da mənəm. Pisi Kamranın pis tərəfləridir, yaxşısı Kamranın yaxşı tərəfləridir. Sadəcə, Kamran insan olaraq nəfsini cilovlayıb, əxlaqının mənfi tərəfini cilovlayıb və mənfi xüsusiyyətləri atın yüyənini dartıb saxlayan kimi saxlayırıq ki, mənfi tərəflər ortaya çıxmasın. Amma bəzi insanlar o mənfi xüsusiyyətləri dartıb cilovlaya bilmirlər. Onlar nəfsini saxlaya bilməyəndə nəfsinin köləsinə çevrilir və öz nəfsinin əlində itə, rama gəlməyən ata dönüb nəfsinin qulu olur. Ali insan özündə mənfiləri yığışdırıb müsbətləri saxlayır. O ki qaldı Yusifə, Yusif hələ mənim özüməm, mənim özümdə olan dəyərli xüsusiyyətlərim Yusifdə daha çox görünür.
6)
Dəyərli Kamran bəy, uşaqlığınızdan bu saniyəyə qədər haqqınızda film çəkilsəydi, bu filmin adı nə olardı?
- Bu sual mənə çətin və eyni zamanda maraqlı gəldi. Bilmirəm.. Heç vaxt bu barədə düşünməmişəm. Yəqin ki, "3 nöqtə" qoyardım. Və ya " K" - dən başlayıb " S"- da dayanan bir ömür- Kamran Yunis. Xəyallarımda, həyatımda, ömrümdə var olan o SƏN, o böyük SƏN hansı ki, bu gün yaşamağımda, ömrümə- günümə o işıq salan SƏN də 3 nöqtədir, 3 hərfdir. Onu yalnız mən bilirəm, o mənim dünyamdır. Mən o dünyamda var oluram. Bəlkə, o 3 nöqtə Allahdır, atamdır, anamdır. Amma 3nöqtə olardı, çünki sevdiyimiz insanlar bizi var edir. Allah bizi xəlq etdi, amma bizi var eləyən dünyada olsalar, olmasalar da, ata- anamızın ruhu və sevdiyimiz insandır.
7)
Dünyaya zinyətdir təmiz insanlar,
Dünyaya bir dərddir xəbis adamlar.
Heyif ki, qalıbdır hələ cahanda
İnsan qiyafəli iblis adamlar.
(Xəlil Rza Ulutürk)
Kamran Yunis bu iblislərin donunu necə çıxarıb çılpaqlığı ilə təsvir edir?
- İblislərin donunu çıxarmaq mümkün deyil ki, İblislər bu dəqiqə elə gözəldirlər ki.. Yol gedirik rastmıza gözəl- gözəl gözəldən də gözəl xanımlar çıxır. İçində İblis yatır. Onu necə oradan çıxarmaq olar ki?!
O özü onu istəməsə?
Yol gedirik, rastmza enlikürəkli, yaraşıqlı oğlan çıxır, xanım çıxır, xatun çıxır və həyat onu silkələyir. Görürsən ki, içində bir İblis yatır, içində bir şeytan yatır. Onları ifşa etmək mümkün deyil, onları haqq dünyasında da Allah Tala ifşa etmir. Sadəcə, bu dünyadan götürüb o dünyanın "Qaynar qazanına" atır ki, gedin orada yanın. Onları ifşa etmək mümkün deyil, çünki simasızdılar. 1simasını çıxarırsan ikincisi gəlir, ikincisini çıxarırsan üçüncüsü gəlir.
8)
Əziz Kamran bəy, Sizi özünüzdən çıxaran 3 səbəb nədir?
- Bəlkə də, nankorluq, insanların çörəyi dizinin üstündə olması, sevgisizlik, dəyərsizlik, qiymətsizlik. Məni özümdən çıxara bilməz amma. Çünki onlara öyrəşmişəm.
Artıq məni heç nə özümdən çıxarmır. Yaxşı mənada məni özümdən çıxaran səbəb - sevdiyim insanı 1, 2, 3 saat eşitməyəndə, duymayanda, hiss etməyəndə özümdən çıxıram. 3, 4, 100 səbəbim o ola bilər, ayrı heç nə.. O qədər şərəfsizliklər, nankorluqlar, ləyaqətsiz insanlar görmüşəm ki, artıq öyrəşdiyim üçün onlar məni özümdən çıxarmır. Yəqin ki, bu da kamilliyə gedən yolun növbəti pillələrindən biridir. Ona görə də yalnız sevdiyim insanları duymayanda özümdən çıxa bilərəm. İnsanları deyəndə sevdiyim "yek"-dir, mənəm, mənimdir. Qardaşlarım, dünyanın ən gözəl varlığı olan qızım - sevdiklərimdir.
9)
Dəmiri aynatək parladan insan,
Pası silməlidir öz vicdanından. ( Nizami Gəncəvi)
Bəs Kamran Yunis “vicdanları pas tutmuşlara" nə söyləyərdi?
- Nə söyləyərdim onlara?
Deyərdim, "yazıq adamsız", çox bədbəxt adamsınız, yeri gəlmişkən, bundan hardasa yarım saat qabaq özüm bir "cızma- qara", şeir yazdım. Bir hissəsini oxuyacağam.
Bir gün də çıxasan ucadan da uca qaya üstünə,
Sanki dənizə baş vururmuş kimi
baş vurasan içinə.
Dalğıclar kimi uzun- uzadı üzəsən,
özün adlı dəryada..
Yaralarına məlhəm qoyasan, dərdlərinə ağlayasan, üzüləsən.
Kibirini süpürüb atasan, nifrətini söküb atasan.
Bax, yalnız ali insan özü- özünün içinə varıb xəyali də olsa, murdarlıqdan özünü təmizləyir. Pis, paslı insan nə bilsin ki, o paslıdır. Özü bilsə, bəlkə də, dəli olar. Əxlaqsız bilsə ki, əxlaqsızdır… Əxlaqsız üçün, bəlkə də, biz əxlaqsızıq. Vicdanı paslıların o pasdan xəbəri olmadığı üçün heç vaxt o pası silə bilməyəcək.
10)
Hə, bir də...
Bu gözlərin dərinliyində,
Taaam ürəyə yaxın yerdə,
Bir təbəssüm yatır, gülüm...
O təbəssümü də sevməyə dəyər...
Yalnız Səninçün doğulur, Hərdən-hərdən... gözlərimdə, dodaqlarımda.
(Kamran Yunis)
Dəyərli Kamran bəy, gözlərin və qəlbin təbbəssümü sevgidirmi, ruhuna yaxın ruhla qovuşmağın, xəyallarındakı obraza sarılmağın sevgidirmi, nədir sevgi Kamran bəy?
- Nəyahət 10- cu suala gəlib çatdıq.
Bu sual 2 "qola" ayrılıb.
Gözlərin və qəlbin təbbəssümü... Gözlər və qəlb çox şeydən xoş hal olub sevinə bilər. Gözəl təbiətdən, gözəllik dolu bir dənizdən də gözlərə təbbəssüm dola bilər. Amma sevgi o qədər incə, o qədər zərif, o qədər xırda bir nöqtədir ki, o nöqtə özü boyda bir dünyadır. Bir insanın gözlərindəki, sevdiyi insanın o təbbəssümüdür. Sevdiyim insanın gözlərindəki o gülümsəyişdir sevgi. Sevdiyim insanın qolları arasındadır o sevgi. Sevdiyim insanın nəfəsidir sevgi. Bir insandır sevgi ki, o insan özü boyda bir dünyadır. O insanla ikimiz bir yerdə bir dünyayıq. Ayrı nə varsa, bir illüziyadır, ilğımdır. Sevgi 1nəfərdir. Bir insanla xoşbəxtsənsə, o sevgi varsa, o zaman sevirsən. Bir insanı sevib başqasında nəsə axtarırsansa, bu əxlaqsızlıqdır. Mənə elə gəlir ki, hər kəsin ömründə bir dünya boyda sevgisi var olur. Nə xoş o insanın halına ki, o insanı, o dəyəri, o dünyanı, o neməti, o xəzinəni, o ocağı, o istiliyi, o KAİNATI, o CAHANI qoruya bilir. İnsan buna deyilir. Yoxsa...
-Əziz Kamran bəy, baxmayaraq ki, ömür saatlarınız çox məşğuldur- iş rejiminiz çox gərgindir, amma Əbülfəzqızının " 10 sualına" vaxt ayırdınız. Bunun üçün Sizə minnətdarıq. Bəs hansı sualımızı daha çox bəyəndiniz?
- Mən Sizə təşəkkür edirəm. Əllərimdə 10 barmaq var, ayıra bilərəmmi!? "10 sual" - ın hamısı gözəl idi, barmaqlarımı ayıra bilmərəm. Suallar sistemli olaraq maraqlı söhbətə səbəb oldu, bunun üçün sizə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Cəfər Cabbarlının 125 illik yubileyi Film Fondunda qeyd edilib
Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə görkəmli dramaturq Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirilib. Bəli, biz 1899-cu ildə Xızıda dünyaya göz açmış dahi sənətkarı yalnız bir tərəfdən - ölməz pyeslərin müəllifi kimi tanıyırıq. Amma o, həm də görkəmli kinorejissor, kinoşünas olub.
“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq milli kinematoqrafiyamızın inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən, “Sevil” filminin çəkilişi zamanı məhz onun səyi ilə azərbaycanlı aktrisanın ekrana gətirilməsindən danışıb. Sonra Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Cahangir Zeynallı, professor Asif Rüstəmli, Əməkdar müəllim Nəcməddin Mürvətov görkəmli ədəbiyyat və kino xadimini xoş sözlərlə xatırlayıblar. Sənətkarın ailə üzvləri adından nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək tədbirin təşkilinə, C.Cabbarlının 80 illiyi münasibətilə çəkilmiş sənədli filmin bərpasına görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Tədbirin sonunda kinorejissor Cahangir Zeynallının C.Cabbarlıya həsr etdiyi “Solmaz bir bahar kimi” filmi tamaşaçılara təqdim olunub. Xatırladaq ki, 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bu film Dövlət Film Fondu tərəfindən bərpa edilib.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Azərbaycanın mədəniyyət naziri bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı. Forum çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimli bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabrında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi “Bakı Prosesi”: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsi yekdilliklə qəbul olunub. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə edilib.
Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya barədə məlumat verib.
Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi “Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə”yə həsr olunub.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Aİ səfirinin iqamətgahında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirinin iqamətgahında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunan “Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə” adlı sərginin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan rəssamları perspektivlərin müxtəlifliyini təqdim edərək, incəsənət əsərləri vasitəsilə Avropa mədəniyyətinə baxışlarını ifadə ediblər. Hər bir əsər virtual səyahət, Avropa ölkələri, onların mədəniyyəti, ənənələri, tarixi və memarlıq abidələri ilə tanışlıq olub.
Tədbirdə diplomatik missiyaların nümayəndələri və unikal yaradıcılıq mühiti yaradan rəssamlar Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Ehtiram Rüstəmov, Samirə Muxtarova, Təranə Əliyeva, Nigar Əliyeva, Elşən Rzazadə, Gündüz Xunlar, Afaq Əkbər, Nailə Məhərrəmova, Aynurə Mustafayeva, Aytən Abdullayeva, Aliyə Əsədullayeva və Mələk Abbaszadə iştirak ediblər.
Açılışda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bu mühüm mədəni hadisənin uğurlu keçirilməsinə və Avropa ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə köməklik edən mədəni üfüqlərin genişləndirilməsinə verdiyi töhfəyə görə bütün iştirakçılara minnətdarlığını bildirib.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov yaradılan imkana görə səfirə təşəkkürünü bildirib və qonaqlara təqdim olunmuş ekspozisiya haqqında məlumat verib. Daha sonra sərginin iştirakçılarına diplomlar təqdim olunub.
“Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi Azərbaycanda Avropa mədəni irsinin təşviqi üzrə təşəbbüsün bir hissəsi olub.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
Adil Kərimli: “Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır”
“Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil və texnologiya, din, miqrasiya, gənclərin cəlb olunması və turizmin mədəniyyətlərarası dialoqa təsirini misal göstərə bilərik”.
“Ədəbiyyat və incəsənət” portalının AzərTAC-a istinadən yaydığı bu sözləri mədəniyyət naziri Adil Kərimli “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Forumda Bakıda keçiriləcək COP29 ilə bağlı önəmli fikirlər səsləndirildiyini bildirən nazir qeyd edib: “Bu gün Bakı Forumu yekunlaşır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin dərin məzmunlu çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyinə görə minnətdarıq.
Bizim əsas məqsədimiz mədəniyyətin bəşəriyyətin qarşıdan gələn iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik”.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)
“YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən şəhidimizin atası Vətənə qayıdıb
“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Şəhidimiz Asəf Ağayevin atası Abid Ağayev İsrəfil oğlu müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Bu barədə “Ədəbiyyat və incəsənət portalına Fonddan məlumat verilib.
Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.
Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Onların müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Bir rektorun manifesti - HAFİZ PAŞAYEVİN 83 İLLİYİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
1941-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uzun illər AMEA-nın Fizika İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Fizika elmləri doktorudur.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Amerikada ölkəmizin ilk elçisi olub. Daha doğrusu, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da, o cümlədən Meksika və Kanadada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. 2006-cı ildə Xarici işlər nazirinin müavini və nazirliyin Diplomatik Akademiyasının rektoru vəzifələrinə təyin olunub. Ötən il Xarici işlər nazirinin müavini postundan istefa versə də, hazırda "ADA" Universitetinin rektoru vəzifəsində çalışır...
Deyir ki,- “İlk dəfə 1975-ci ildə elmi araşdırmalarla bağlı Amerikaya yolum düşəndə 34 yaşım vardı, gənc idim. Təsəvvür edin, qapalı Sovet İttifaqından Amerika kimi demokratik, rəngarəng bir ölkəyə düşürsən və burada bir il yaşamaq şansın olur. Adam heyrətlənməyə bilmir. Axı yeniyetmə çağlarımdan Amerikaya musiqi mədəniyyətinin, daha doğrusu CAZın beşiyi kimi rəğbətim vardı”...
Məktəb illərindən caza böyük həvəsi olub. Xüsusi zövqlə radiodan izləyər, musiqinin bu janrı ilə bağlı müxtəlif mənbələrdən məlumatlar toplayardı. İlk dəfə ABŞ-da yaşadığı müddətdə isə caz musiqisini əks etdirən xeyli qrammofon valları alıb vətənə gətirmişdi...
Aradan on altı il ötəndən sonra, 1992-ci ildə yenidən Amerikaya dönür. Bu dəfə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir kimi. Onun üçün Amerika artıq yaxından tanıdığı bir ölkə idi. Necə deyərlər, Amerikanı çoxdan kəşf etmişdi...
İlk səfirimiz ABŞ-a gedənədə nəinki sadə amerikalılar, heç dövlət məmurları da Azərbaycanın mövcudluğundan xəbərsiz idilər. Bu ölkənin xəritədə harada əks olunduğunu belə bilmirdilər. Söylədiyi kimi, köhnə təcrübə yeni şəkildə özünü büruzə verdi. Uğur ardınca uğurlar gətirdi. Düz on dörd il bu vəzifədə çalışdı. Azərbaycanı okeanın o tayında şərəflə, ləyaqətlə təmsil etdi. Ölkəmiz ABŞ-ın dövlət strukturlarında tanınmağa başladı. Konqresmenlər, senatorlar, dövlət adamları, müxtəlif böyük şirkətlər Azərbaycana ayaq açdılar...
...ABŞ-da olarkən Miçiqan ştatında yaşayan, Amerikanın ilk ürək cərrahlarından biri, İran Azərbaycanından olan həkim Şapur Ənsari ilə ailəvi dostluq edirdik. Evində elə bir məclis olmazdı ki, məni dəvət etməsin. Çox zəngin və imkanlı azərbaycanlılardan biridir. Bakıdan olduğum üçün, səksən bir yaşlı bu soydaşımız hər məni görəndə köhnə dostu barəsində xoş xatirələrini bölüşürdü. Onu bir şəxsiyyət kimi elə xarakterizə edirdi ki, heyran qalırdım. Deyirdi ki, çox alicənab, kübar, yüksək intellektli, uzaqgörən, müdrik, təvazökar, ağayanə insandır...
Atası, görkəmli ədibimiz Mir Cəlal Paşayevin gözəl bir deyimi var:- "Mənim ən böyük əsərim ailəmdir. "Bəli, bu əsərin qəhrəmanlarından biri də Hafiz Paşayevdir...
Deyir ki,- “Orta məktəbdə oxuyanda dəqiq elmlərdən qiymətlərim yüksək idi. Amma ədəbiyyatdan, tarixdən elə də yaxşı deyildi. Məktəbi bitirəndə atam mənə humanitar sahəni seçməyimi tövsiyə etdi. O vaxt əksər ədib və yazıçıların övladları humanitar elmlərə meyilli idilər. Mən isə qəti şəkildə bildirdim ki, fizik olmaq istəyirəm. Atam qərarıma hörmətlə yanaşıb, bir söz söyləmədi”...
Fəqət, genlə ötürülən istedad gec-tez özünü büruzə verir. İki kitab müəllifidir. İlk əsəri, “Bir səfirin manifesti” kitabı Amerikada yaşayıb çalışdığı illərdə şahidi olduğu hadisələrin, diplomatik gedişlərin, qazanılan uğurların təcəssümüdür. Bu kitabda Onun ömrünün müəyyən bir hissəsi öz əksini tapıb...
Uzun illərdir ki, rəsm və dostluq şarjları çəkir. Amma nədənsə, buna xobbi kimi baxır, üzə çıxarmır...
Bu gün - mayın 2-si Hafiz Paşayevin ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, xoş müjdəli günlər arzulayırıq.
83 yaşınız mübarək, Hafiz müəllim!
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Ovcunda sağ üzüm, sol əlim qalır…” - VAHİD ƏZİZİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq şairi Vahid Əzizin seçmə şeirləri təqdim ediləcək.
Xınasız daş idim - qonmadı kəklik
Gənclik illərimdə Qaraçı bir qız
yolumun üstünə çıxdı və - baxdı,
(bəlkə də, şairəm, inanmazsınız)
qəlbimi ovcunda sıxdı və baxdı.
(Sonralar - o cürə baxış görmədim,
Tutmuşdu - o sayaq naxış görmədim,
yağmur olmasaydı - yana bilərdim!)
İndi də arabir yuxuma gəlir,
uzaqdan boylanır, yaxına gəlir,
dediyi - düz çıxıb - baxtıma gəlir;
siz Allah, bir görün - hələ nə vaxtdı!
Yadımda hələ də "o selim" qalır,
ovcunda sağ üzüm, sol əlim qalır,
Qaraçı deyənə - "Beş ilim" qalır!
Bu vaxt - həyatımın bitdiyi vaxtdı.
Bir daha görmədim o cür gözəllik,
xınasız daş idim, qonmadı kəklik,
insanın Dünyaya gəlməyi - şənlik,
getməyi - murada yetdiyi vaxtdı...
10.04.2024
Bərəkət...
Yaşa, firavan ol, vüqarlı Vətən,
hər ömür anında vardı Bərəkət,
payız bağlarında Fironluq edən
qışdakı çiskindi, qardı Bərəkət.
Sən, deyib-güləyən, düşmən vasvası,
qanla da yuyulmaz qəlbinin pası,
abırlı insanda - Şahlıq libası,
ismətsiz əyninə dardı Bərəkət,
İsmini duymuşdum Haqq aşığından,
hər an söz salardı yaraşığından,
başlayıb, adicə şam işığından
ocaqda alovdu, qordu Bərəkət,
O, elə varlıq ki, aşıb-daşandı,
sevincdi, qürurdu, şöhrətdi-şandı,
nur gəzən insana gözlər açandı,
qəlbiqaralara kordu Bərəkət,
Yurdum, illər boyu davalı oldun,
qaçqın-didərginli yuvalı oldun,
çox bağban sevincdən havalı oldu -
çünki budaqları qırdı Bərəkət,
Qürurlu millətim - çağlayan dəniz,
çoşan bir dalğası mən -
Vahid Əziz,
savaş meydanında - Vətən sevgimiz,
şənlikdə kamandı-tardı Bərəkət...
26.12.2023
Yaylaqda bir gün...
Ağzı qırılaydı kərəntilərin,
gül məni səsləyir, onu səsləmir,
yoluna daş yağsın düşmən gələnin,
çiçək yar gözləyir, onu gözləmir.
Nəfəsim qarışdı bəyaz buluda,
görən, yar tanıyıb, bilərmi sağam?
alaçıq üstündə yanan quruda
gözüm qamaşmaya - doyunca baxam.
Bir çoban tütəyi nə cür çalırsa,
nə göylə səmayam, nə yerlə yerəm,
yaylaqlar ağlımı necə alırsa,
qışadək özümə gələ bilmərəm.
Köynəyim şehlərə elə batıb ki,
hələ indiyədək nəm, əynimdədi!
Bir duman qayada elə yatıb ki,
boynu elə bil ki, yar çiynindədi.
Hər kəs bir cür tapır həyatın çəmin,
mən isə gəzəcəm ölənə kimi,
ağzı qırıq qalsın kərəntilərin
gələn yaz mən bura gələnə kimi...
12.05.2019
Öz aramızdı...
Səndən də gəlib-gündə
Süleymana deyirlər.
Süleyman Rüstəm
Gülüm, özbaşına sınmır havalar,
Onu biz soyutduq - (öz aramızdı).
Arada nə düşmən, nə yabançı var,
arada olan da - öz aramızdı!
Sevgimiz olubsa bu qədər cılız,
Könül dəftərindən lap adımı cız!
İki bədbəxt ürək yanır cızhacız,
tüstüsüz, dumansız köz - aramızdı.
Daha tuta bilmir ürəyi sinə,
düşdü dəli kimi eşq həvəsinə,
səndən mənə deyir, məndən də sənə;
arada dolaşan söz - aramızdı.
Tale eşqi verdi bizə əmanət,
ocağa əmanət, közə əmanət,
dedilər -"Göz dəyib, nəzərdi həlbət?"
Vallah, nəzərləyən göz - aramızdı!
Könlün, inanmıram, düşmür həvəsə,
Gecələr qəlbimlə verə səs-səsə,
Od tutar, yanarlar üz-üzə gəlsə?
Həyadan keçməyən üz aramızdı.
Səninlə olsaq da bir eşqə şərik,
düşüb, bir araya gələ bilmirik,
bir azı sənlikdir, bir azı mənlik;
azaldaq; ara ki - öz aramızdı...
06.03.2021
Mənə gül gətirmə şad günlərimdə...
Bir insan ömrünü girov qoymuşam,
bir şair ömrünü yaşatmaq üçün...
Nəriman Həsənzadə
Mənə gül gətirmə şad günlərimdə,
bu sayaq eləmə göyçək ömrümü.
əzəli çəmənlik, sonluğu güldan -
yarımçıq bitirmə çiçək ömrünü.
Təkcə günahkarlar olmur müttəhim;
kim var ki, ömründə xəta etməsin?
İşdir, çiçək olsam, o yerdə bitim -
insan əl-ayağı ora yetməsin.
Mənə gül gətirmə xoşbəxt günümdə -
görkəmi solanda pisimə gəlir,
qucağı gül dolu insan görəndə
çaşıram - elə bil, yasıma gəlir!
Görürəm - oxuyub bu yazdığımı,
niyə dodaq büzür, niyə əsirsən?
Məyus eləyərək arı yazığı,
pətəyi boş qoyur, balı kəsirsən.
Hələ kəpənəkdən danışmıram mən -
birgünlük ömrünə qənim kəsilmə.
çiçəklər məkanı - yamaclar, çəmən,
ömürlər qırmağa buraya gəlmə.
Doğum günlərimdə gül gətirməyin,
yetər - açıq ürək, nurlu təbəssüm,
qıymaram, bir anlıq bəxtəvərliyim
başqa ömürlərə qənim kəsilsin...
08.01.2021
Böyük hünər...
Aranı-dağlara, dağı-arana
çəkmək ricasını mənə gül yazır.
əzmim can atdıqca baş çıxartmağa,
qısqanan zəmanəm başımdan basır.
Məkri qəribəymiş yana bilənin;
candan əl götürməz külə dönmədən.
nahaq ayağına qaçdım gələnin,
gəlməyin məğzini bilə-bilmədən!
Ayıran, bir yerə yığan da çomaq -
yatanı oyatmaq - böyük hünərdi!
Asan iş olsaydı bina ucaltmaq,
zəhmətkeş qarışqa Saray hörərdi.
Özüm də arabir dağda-aranda
istədim qoyunlu-quzulu olam,
cızılıb Qobustan qayalarında,
tarixə müəmma yazılı qalam.
İçimin qaranlıq "sandıqçası"ndan
bu gün oxunanlar boyun vurdurar,
Dünyaya qayıtsam başqa bir zaman -
duyan Yeni nəsil farağat durar...
13.04.2024
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
“Nyu-York trilogiyası”nın müəllifi Pol Osterə rekviyem
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kitabserlər nəyə görəsə əcnəbi müəlliflərə daha çox etimad göstərir, onları daha çox oxuyurlar. Çağdaş Amerikada yapon İsiqura, Britaniyada cənubiafrikalı Kutzee, Rusiyada braziliyalı Koelyo, Türkiyədə amerikalı Den Braun, Azərbaycanda əfqan Xalid Hüseyni son statistikada ən çox oxunan müəlliflərdir.
Amma bir ad da var ki, o, bütün ölkələrin reytinqlərində ilk beşlikdə mütləq yer alır. O, Pol Osterdir.
Çox təəssüf ki…
Amerikalı yazıçı və tərcüməçi Pol Oster aprelin 30-da 77 yaşında vəfat etdi. Bu barədə Nyu-York Times qəzeti onun bir dostuna istinadən xəbər verməklə milyonlarla ostersevənləri kədərə qərq etdi.
Bu xəbəri ötən gün dünya mediası, o cümlədən biz də paylaşdıq.
Amma mən, hər halda, bu ölüm faktına biganə qala bilmədim, əllərim klaviaturaya doğru uzandı ki, nəsə yazım.
Yazıçı Bruklindəki evində vəfat edib. Ölümünün səbəbinin ağciyər xərçəngindən sonrakı ağırlaşmalar olduğu qeyd edilib. Bəli, o, uzun illər xərçəngdən əziyyət çəkirdi.
77 yaş əslində elə də çox yaş deyil. Planları çox idi, yeni romanlar yazacaq, oxucularını sevindirəcəkdi.
Pol Oster postmodernizm, absurdizm və ekzistensializm janrlarında çalışırdı. Onun yazdığı təxminən iyirmi əsər var. "Şüşə şəhər", "Xəyallar" və "Kilidli otaq" romanlarını özündə cəmləşdirən "Nyu-York Trilogiyası" (1987) sayəsində dünyaca şöhrət qazanan Oster “Leviafan" (1992) romanına görə Fransanın Medici ədəbi mükafatına layiq görülmüşdü.
Əgər kimsə kitab oxumağa tənbəllik edirsə şiddətlə tövsiyə edirəm, YouTube-dan dahi rus kinorejissoru Andrey Zvyagintsevin çəkdiyi “Leviafan” filmini tapıb izləyin. Dəhşət qarışıq təəccüb! Şərin xeyir üzərində qələbəsinin təntənəsindən doğan məyusluq, amma insanı əsərlə yaşamağa, həyəcan və emosiyalara sürükləmənin ən yüksək nümunəsi.
Pol Oster tərcümə sahəsində də kifayət qədər uğurlu idi, fransızcanı səlist bilməsi
Jean-Paul Sartre və Andre Bretonun əsərləri də daxil olmaqla onlarca kitabı Fransız dilindən tərcümə etməsinə zəmin olmuşdu. O, həm də nüfuzlu Berlin Film Festivalının "Gümüş ayı" mükafatını alan "Tüstü" (1994) filminin ssenaristlərindən biriydi.
Pol Oster çağdaş Amerika nəsrinin ən kütləvi oxunan və sevilən yazarı idi. Xərçəngdən əziyyət çəksə belə media önündə həmişə optimist görünər, ölüm yox, olum barədə düşünərdi. Amma təəssüf ki, alın yazısını yazmaq insanın öz əlində deyil.
Nə deyək, həqiqətən də ağır itkidir.
Şəkildə: Pol Oster 2017-ci ildə.
Foto müəllifi: Vincent West / Reuters
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)
Bakı Forumu çərçivəsində müasir yaradıcılıq sənayesinə aid panel sessiya keçirilib
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib.
AzərTAC xəbər verir ki, “ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ın “Stirling Fondu”nun prezidenti və İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dünyada millətçilik və qəbiləçiliyin olması münaqişələrin yaranmasına səbəb olan ən təhlükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar və təşkilatlar bəşəriyyəti qütblərə bölür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ və Avropada da göstərir.
“Bu gün Azərbaycanda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər və dinlərin birgə müzakirələr aparmasına şərait yaradır. Bu cür tədbirlər dünya mədəniyyətlərini bir araya gətirir”, - deyə M.Hansen bildirib.
Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British Councıl” Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nəticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda və dünyada tanıdılıb.
“Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın reallaşdırdığı ekoloji və sosial layihələri dünyaya təqdim etməklə yanaşı, gənclərin geniş təcrübə qazanmasına da səbəb olacaq”, - dəyə N.Hacıyeva vurğulayıb.
“Alove Animasiya” studiyasının həmtəsisçisi və “Plastilin-medianın” həmtəsisçisi və rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu və digər ölkələrdə nümayiş etdirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların və ölkələrin mədəniyyətini tanıyacaqlar.
Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssüratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyini deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya və film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır.
Daha sonra UNESCO-nun Banqladeşdəki daimi nümayəndəsi səfir Xondkar Muhammad Talha, “Bazelevs” film şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlumat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş və rəhbəri Martina Nadal və Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regional müşaviri Sərtac Əray Ərsayın məruzələrlə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)