Super User
EKSPRESS-SORĞU - Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək istəyərdim
Kubra Quliyeva, “Ədəbiyyat və İncəsənət"
Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir.
Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz?
Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?
Ondan hansı sualınıza cavab almaq istəyərdiniz?
MƏNİM CAVABIM:
Mən əslən Novxanılıyam və düzünü desəm, gözümü açandan bəri başda babam olmaqla bütün ailə böyüklərimdən, ata-anamdan daim həmyerlim olan Məhəmməd Əmin Rəsulzadə haqqında ağız dolusu söhbətlər eşitmiş və yaşım artdıqca eşitidiklərimlə yetinməyib ulu öndəri özüm araşdırmağa başlamışam. Rəsulzadənin həm ictimai, həm siyasi fəailyyəti məni çox təsirləndirsə belə mənim üçün onu özəl edən fəaliyyətlərindən daha çox fədakarlıqları, əlinin əməyi, gözünün nuru ilə əsrəyə gətirdikləridir, bunlara xüsusi heyranlıq duyduğum üçün mənə keçmişdən biri ilə görüşmə imkanı verilsə bu fürsəti ulu öndər ilə dəyərləndirmək istəyərdim.
Düşünülə bilər ki, həm dövlətimiz, həm də xalqımız üçün minlərlə dahi şəxsiyyət canla başla çalışmış və fədakarlıqlar etmişdir, bəs niyə məhz Məhəmməd Əmin Rəsulzadə?Həmyerlim olduğu üçünmü? Təbii ki, xeyr. Əlbəttə həmyerlim olması onu daha yaxından tanımağıma vəsilə olsa belə onunla görüşüb tanış olmaq istəyimin əsas səbəbi ilk istiqlaliyyət kəliməsinin təməlinin məhz özü tərəfindən atılması olmuşdur.
Uıu öndərin məni ən çox təsirləndirən əməli məhz bayrağımız üçün sərf etdiyi əməyi, həyat yoldaşı və anası (istinad etdiyim mənbələr tam ad vermir) ilə birgə gecə-gündüz ay-ulduzlu üçrəngli bayrağı ilmək-ilmək toxuması olmuşdur.
O, öz gündəliyində bayraq haqqında yazırdı ki, öz milliyyətini və dinini bilməyən xalq ayaqda qala bilməz, şəhidini unudanın torpağı Vətən olmaz.
Tarix boyu hələ Göytürk dövlətindən bu yana mavi rəng türkçülüyü simvolizə etmişdir. Mavi rəngin ardından gələn qırmızı şəhid qanına işarə olmuş və ən sondakı yaşıl rəng islamı dayaq tutan ölkə olmağımızı simvolizə etmişdir. Hətta, o zaman yaxınlarından bir kəsin (adı qeyd olunmur) yaşıl rəngin ən sonda gəlməsinin səbəbini soruşmasına Rəsulzadə öz qeydlərində yazır ki:
"Qoy, bizim türkçülüyümüz və türk qanından olan şəhadətimiz islamı özünə dayaq bilsin. Lakin, biz dini yox dünyəvi dövlətik".
Rəsulzadə bayraqdan əlavə ilk dəfə türkçülük, istiqlaliyyət, müstəqillik şüarlarını irəli çəkən, vahid dili türk dili edən, sosial sahədə islahat keçirib kəndlilərə pay torpağı paylayan, vahid ordu yaradan şəxsiyyət olmuşdur, lakin onun bayrağımız üzərindəki əməyi hər zaman mənim zənnimdə daha üstün təqdir olunub və olunmağa da davam edəcəkdir
Düzü, düşünəndə ki, mənim onunla görüşə biləcək və hətta sual ünvanlaya biləcək bir fürsətim olar, hər nə qədər mümkün olmasa belə xəyalı adəta qəlbimu titrədir və beynimdə saysız-hesabsız suallar canlanır. Ancaq belə bir fürsət olsaydı mən Rəsulzadə ilə məhz 21-ci əsrdə bəşəriyyətin sivilizasiyalaşmasının ən zirvəsində qarşılaşmaq istəyərdim və ona hal hazırdakı mövcud rejimlə bağlı bir neçə sualım olardı. Verəcəyim suallar saysız-hesabsız olsa belə ən çox Rəsulzadəni indiki dövrdə görüb onun özünü necə hiss etdiyini, cəmiyyətimizdən məmnun olub-olmadığını soruşardım, soruşardım ki, yaşadığı repressiyalara, müqavimətlərə, hətta və hətta ailəsini, doğmalarını itirməsinə belə dözüb qurmağa çalışdığı cəmiyyəti belə təsəvvür etmişdimi?
Dəydimi istiqlaliyyət uğrunda hər şeyi gözə almağa?
Xəyalı ilə sinəsində ilğımlar çağlayan müstəqillik eşqi bu idimi?
Yoxsa indiki cəmiyyətə baxıb güllələnən oğlunuz və sürgündəki qızınıza görə məyusluq hissimi keçiririsiz?
Yaraşdımı bizim göylərdə dalğalanan 3rəngli al yazmalı bayrağımız şəhid tabutlarına?
Biz sizin yanınızda ola bilmədiyimiz insanlardan utanmalıyıqmı?
Mən susum vicdanlar danışsın.
Qələm yazsa belə hiss edilənlər sadəcə qəlbimizi yaralayar.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
GÜNEYDƏN GƏLƏN SƏSLƏR: Əbasət Purhəsən, “Biz beş yoldaşıydıq”
“Ədəbiyyat və incəsənət” portalı Güney şairlərinin şeirlərindən seçmələri dərc etməkdədir. Bu dəfə Əbasət Purhəsənin yaratdığı lövhələrlə sizləri tanış edirik. Rubrikanın aparıcısı “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağladır.
Əbasət Purhəsən
Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət şəhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.
BİZ BEŞ YOLDAŞIYDIQ
Biz beş yoldaşıydıq məhəlləmizdə,
İtlər ulayırdı küçələrində.
Biz beş yoldaşıydıq, biz beş beyni qan,
Əhərin dumanlı gecələrində.
Gündüzlər, gecəyə fikirləşirdik,
Gecələr, gündüzə fikirləşirdik.
Bizi aldadırdı matikli qızlar,
Yenə aldanmağa hazırlaşırdıq.
On beş yaşındaydıq həyatımızda,
Həyat bizdən qoca, arzumuz təbriz.
Hələ fikirimiz böyüməmişdən,
Günlər sovuşurdu, böyüyürdük biz.
Fəsillər sovuşdu, illər sovuşdu,
Nə oynaya bildik, nə gülə bildik!
Beş oğlan əhərdən dünyadan köçüb,
Dörd oğlan təbrizdə dünyaya gəldik!
Bizlər yerimizi dəyişə bildik,
Nədən fikrimizi dəyişənmədik?
Görən bu dünyanın dalında nə var?
Qaranlıqlarınan güləşənmədik!
Qəfələr bucağı yerimiz idi,
Ürəyi doluyduq, beyni boşuyduq.
Aldadırdı bizi bəzəkli təbriz,
Biz beş yoldaşıydıq, biz beş daşıydıq.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Gənc Tamaşaçılar Teatrının may repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənət ocağı bu günkü Buratinonun macəraları” tamaşası ilə may repertuarını açacaq.
Teatr may ayı ərzində aşağıdakı tamaşalarla teatrsevərlərin görüşünə gələcək:
1 may - “Buratinonun macəraları”
2 may - “Qızıl balıq”
3 may - “Bremen musiqiçiləri”, “35 ildən sonra”
4 may - “Çipollino”
5 may - “Mauqli”, “Don Rafaello-trombonçu”
10 may - “İnanıram”
11 may - “Dəcəl keçi”, “Dəli yığıncağı”
12 may - “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”
17 may - “Cəza”
18 may - “Tıq-tıq xanım”, “Mənim ağ göyərçinim”
19 may - “Şirinlər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”
25 may - “Kod adı V.X.A”
26 may - “Şən Elf və Cadugər”.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Barmaqlarına borclu olan adam
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sadıqov soyadlı mahir ifaçılar çox olub:- pianoçu Çingiz Sadıqov, opera sənətçisi Rəsmiyyə Sadıqova, qarmonçalan Abutalıb Sadıqov, milli nəfəs və simli alətlər ifaçıları Həsənağa Sadıqov, Çoşqun Sadıqov, tarzən Elman Sadıqov, cazmen Vaqif Sadıqov və s..
Bu gün sizə onlardan biri- virtuoz qarmon ifaçısı Ənvər Sadıqov barədə söhbət açmaq istəyirəm...
Deyir ki,- “Valideynlərimin söylədiyinə görə uşaqlıqda musiqiyə çox diqqətli olmuşam. Baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm, amma ritmi tutmağı bacarırdım. Böyük bacılarım musiqi məktəbinə gedirdilər, onlar məşğul olanda mən harada səhv etdiklərini hiss edirdim, pianoya yaxınlaşıb lazımi notu basırdım. Bir qədər böyüdükdən sonra mağazada qarmon gördüm və özümü saxlaya bilməyib valideynlərimdən tələb etdim ki, mənə qarmon alsınlar, vəssəlam! Valideynlərim bunun qəti əleyhinə idilər, gəl bir olmasınlar- hər ikisi riyaziyyatçıdır, atam MDU-da oxuyub, təbii ki, öz yeganə oğlunun da taleyini başqa cür görmək istəyərdi. Ümumiyyətlə məni ciddi nizam-intizamla böyüdürdülər, indi belə tərbiyənin bütün müsbət cəhətlərini aydın görürəm, yeri gəlmişkən, öz övladlarıma da tətbiq edirəm, əlbəttə ki, başqa nəsil olduğuna görə bir qədər fərqli.”
Məktəbdə pis oxumayıb. Yaddaşı yaxşı olduğundan dərslərə elə tənəffüslərdə hazırlaşıb girirdi. Amma musiqiyə olan həvəsi onu rahat buraxmırdı. Bir tərəfdən valideynlərinin verdiyi tərbiyə, digər tərəfdən musiqiyə aludə olmağı onu küçənin mənfi təsirindən mümkün qədər təcrid edirdi. Baxmayaraq ki, uşaqlarla futbol da, bilyard da oynayıb, lakin ziyanlı şeylərdən uzaq olub. Onu yalnız musiqi maraqlandırırdı...
“Həmyaşıdlarım məndən fərqli olaraq çox dəcəl idilər və mən özümü məhlə uşaqlarının yanında rahat hiss etmirdim. Tədricən onlardan uzaqlaşıb həyat baxışlarımız oxşar olan insanlarla dostluq etməyə başladım. Yeri gəlmişkən, onların da çoxuna yolunu azmağa imkan vermədim. Məsələn, yaşıdlarımın saatlarla blokun qarşısında çöməlib oturduğunu görürdüm, yaxınlaşıb klubda mənimlə birgə məşq etməyi təklif edirdim. Beləliklə, tədricən öz əhatə dairəm yaranırdı və musiqini onlara aşılaya bildim. Musiqi narkotik kimidir, amma xeyirli narkotik. Aludə oldunsa geriyə yol yoxdur.”- söyləyir...
Xalq musiqisi ifaçı sənətinin əsasıdır, onu mənimsəmədən uğurlu musiqiçi olmaq mümkün deyil. Prinsipcə, incəsənətdə qəbul olunmuş standartlar var, qalan hər şey törəmədir. Buna görə də, ifaçıdan ilk növbədə xalq musiqisinə əsaslanan xətti və orijinallığı qoruyub saxlamaq tələb olunur...
Deyir ki,- Ümumiyyətlə, hesab edirəm ki, istənilən ailədə ən azı bir xalq aləti olmalıdır ki, uşaq onu görsün, daha yaxşısı isə eşitsin. Qarmon muğam ahəngi ilə həm diapazonuna, həm də səslənməsinə görə yaxşı uzlaşır. Və konkret olaraq bu, mənim üçün az oldu, nə isə daha çox şey istəyirdim, daim axtarışda idim. Paralel olaraq "Eagles", "ABBA", "Imagination", "Shakatak", Vaqif Mustafazadənin musiqisini dinləyirdim. Sonuncu məni valeh edirdi, həmişə düşünürdüm ki, onun erkən ölümü təbiidir, çünki o, mümkün olan hər şeyi edib. İmprovizasiya- ayrıca bir incəsənətdir, uzaqlara aparan, düşünməyə vadar edən bir incəsənət.
Baxmayaraq ki, “qarmon” “harmoniya” sözündən əmələ gəlib, mənə elə gəlir ki, harmoniyanı bu alətdə ilk olaraq məhz mən tətbiq etmişəm, nə qədər təvazökarlıqdan uzaq olsa da. Harmoniya mənim nail ola bildiyim bir şeydir, musiqiyə mənim öz yanaşmamdır. Gündüz başqa musiqini dinləyirdim, axşam toylarda çalırdım, hər dəfə hiss edirdim ki, mənim çalğım ümumi fonda fərqlənir. Mənə qulaq asmağa başladılar…
Valeri Koftunu dinləyirdim və ciddi-cəhdlə akkordeon ifasını qarmona keçirməyi bacarırdım, bu isə kifayət qədər çətindir. Nəticədə o, təsadüfən mənim ifamı dinlədi və 2001-ci ildə “Exo Moskvı” radiosunda bir saatlıq verilişi mənim yaradıcılığıma həsr etdi...”
Burada yadıma ABŞ-da yaşadığım illər düşdü. Və mən Ənvərlə bağlı o hadisəni belə xatırlayıram...
Bəli, do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır. Yeməkxanada əyləşib nahar etməyə hazırlaşırdım. Telefonumu əlimə götürüb, "YouTube"də Ənvər Sadıqovun "Təəssürat" adlı konsertinin videosunu seçdim. Düyməni basıb videonu hərəkətə gətirdim. Qulaqcıqdan istifadə etməyi xoşlamadığımdan ecazkar musiqi sədası altında qarşımda olan təamlardan dadmağa başladım. Yaxınlıqdakı masada 7-8 gənc amerikalı əyləşmişdi. Gənclər deyib gülə-gülə nahar edirdilər. Birdən həmin masaya qəribə bir sükut çökdü. Hiss etdim ki, onlar musiqiyə diqqət kəsiliblər. Bir qədər sonra gənclərdən biri mənə yaxınlaşıb xahiş etdi ki, telefonun səsini ucaldım. Səsin zəif olduğunu görüb, başqa birisi bel çantasından çox da böyük olmayan səsgücləndiricini çıxarıb, telefonu "Bluetooth" vasitəsi ilə ona qoşmağı xahiş etdi. Və musiqi sədaları yeməkxananın salonuna yayıldı. Hamı Ənvərin barmaqlarının yaratdığı səsin sehrinə düşmüşdü. Arada məndən soruşdular ki, bu hansı ölkənin musiqisidir, ifaçı kimdir?
Birtəhər anlatdım ki, Azərbaycan adlı keçmiş sovet ölkələrindən birinin musiqisidir, ifaçı da Ənvər Sadıqovdur. Sən demə, həmin gənclər Miçiqan Dövlət Universitetinin musiqi fakultəsinin tələbələri imiş. 1 saat 45 dəqiqəlik konserti böyük həvəslə dinləyib, sonda hamısı, yəni yeməkxananın həmin hissəsində olan 20-30 adam ayağa qalxaraq, ölkəmizin adını yarıdüz, yarısəhv- "Long live Azerbaijan!"- deyə, alqışlamağa başladılar. Kaş o mənzərəni siz də görəydiz, qürur hissi qəhərə dönüb necə boğazımda ilişib qalmışdı. Sevincdən gözlərim yaşarmışdı. Amerkalıların Azərbaycan musiqisinə verdikləri bu dəyər və yaşadığım bu hadisə iki gün idi ki, məni rahat buraxmırdı. Ənvərə təşəkkürümü bildirmək, ona- var ol, qardaş, barmaqların var olsun!- deməyə tələsirdim. Nə yaxşı ki, belə sənətkarlarımız var, onlar öz ifaları ilə möcüzə yaradıb Azərbaycan musiqisinin nə qədər gözəl olduğunu dünyaya çatdıra bilirlər. Musiqisi gözəl olan xalqın mənəviyyatı da gözəldir. Bəli, yaşasın, var olsun, Azərbaycan!..
Azərbaycan Respublikasının xalq artisti, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri, ustad musiqiçi Ənvər Sadıqov dünən növbəti ad gününü qeyd etdi. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Çox yaşa, Ənvər!
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Şəhidlər barədə şeirlər – Ziyadxan Əliyev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ziyadxan Əliyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.
ZİYADXAN İBRAHİM OĞLU ƏLİYEV
(12.01.1997.-30.09.2020.)
Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan, Kürdəmir rayonunun Carlı kəndində dünyaya gələn, AzTU-nun məzunu, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
ZİYADXAN
Qarabağ savaşında artıq qalib gəlmişik,
Millət kimi, xalq kimi zirvəyə yüksəlmişik.
Qələbəni qazanmaq asan gəlməyib başa,
Qətiyyətlə xalqımız atılıbdır savaşa.
Kim deyir ki, şəhidlər gözəl həyatdan doydu,
Qələbə yollarında igidlər canın qoydu.
İgidlərdən biridir cəsur, qorxmaz Ziyadaxan,
Qəhrəman ola bilməz qandan, ölümdən qorxan.
Bu həyat bir möcüzə, bu həyat bir nağıldı,
Əslən Cəbrayıldandı, Kürdəmirdə doğuldu.
Carlı kəndinin o, saf havasın udaraq,
Böyüdü, anladı ki, nədir yurd, nədir topaq.
Ailədə üç uşaqdan biri idi, Ziyadaxan,
Su kimi təmiz idi, duru idi, Ziyadxan.
Evlərində çox zaman söhbət Soltanlıdandı,
Cəbrayıldan, Şuşadan, ya da Mərcanlıdandı.
Doğmaların didərgin salmışsa da rüzgar,
Anası söyləyirdi gələcək nurlu bahar.
Biz yenə də qayıdıb gedəcəyik o yurda,
Düşməndən qisas alıb, dönəcəyik o yurda.
Ziydxan böyüyürdü, sevərək millətini,
İnanırdı xalqımız göstərər qüdrətini.
Çalışırdı inamla, çatmaq üçün məqsədə,
Vaxt gəldi, yüksək balla, girdi ali məktəbə.
Yaşamaq necə xoşdur, şərəf ilə qürurla,
İllər keçdi, məktəbi o, bitirdi uğurla.
Dedi ki, olmalıyam xalqıma layiq əsgər,
Oğullar vətən üçün doğulmamışlar məgər?
Ziyadaxan əsgərliyi az qalmış qurtarmağa,
Hücum əmri verildi - Torpağı qaytarmağa.
Necə də sevinirdi, nəhayət, çatdı məqam,
Vaxt yetişdi, düşməndən alınacaq intiqam.
Ziyadaxan cəsurluğun göstərdi savaşanda,
Kafirləri məhv etdi, öldüdü Suqovuşanda.
Talış döyüşlərində göstərdi o, rəşadət,
Qismətində var imiş o ucalıq, şəhadət.
Uyuyur Kürdəmirin “Şəhid Xiyabanı”nda,
Sevilir yurdumuzun Ziyadaxan hər yanında
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr - NİZAMİ GƏNCƏVİ, "OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT"
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından dahi Nizaminin oğluna nəsihətləri təqdim ediləcək.
Nizami GƏNCƏVİ
"OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT"
(“Leyli və Məcnun”poemasından, ixtisarla)
Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun o zaman ki sən,
Açıldın gül kimi güləndə çəmən.
İndi ki çatmışdır yaşın on dördə,
Başın sərv kimi durur göylərdə.
Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
Uşaqkən əslini sorsalar bir az,
Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən!
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa,
Öz adına layiq işlər gör ki, sən,
Axırda utanma xəcalətindən.
Oğul, sözlərimə yaxşı qulaq as!
Ata nəsihəti faydasız olmaz.
Hərçəndi sənətin çox rütbəsi var,
Həyata faydalı bir elmi axtar.
Bu əyri cizgilər cədvəlində sən
Özünü şərh edib, özünü öyrən!
Ol öz vicdanının sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar.
Hiylədən, riyadan daim kənar ol.
İsa mərifətli həkim ol, amma
İnsanı öldürən bir həkim olma.
Həm həkim, həm fəqih olsan sən əgər,
Hamının yanında adın yüksələr,
Həyat da, ölüm də qul olar sana,
Səadət və şöhrət düşər payına.
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
İntizar ədəbiyyatı - Balaş Azəroğlu, "Təbrizim mənim"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
I
Başı Səhənd çalmalı,
Ətəyi Acıçaylı,
Quzeyi qar ətirli,
Güneyi çoban haraylı,
Yayı firuzə köynəkli,
Qışı bulud örpəkli,
Yazı neysan yağışlı,
Payızı ay yanaqlı,
Ulduz baxışlı,
Sinəsi ayna göllü,
Bulaq zümzüməli,
Dupduru kəhrizim mənim,
Təbrizim mənim.
II
Bir zaman qala divarı tək
kərpic-kərpic hörülən,
Sonra küçə küçə,
Məhəllə-məhəllə bölünən,
Bağmeşə hüsnlü,
Qarağac təravətli,
Əmrəxiz vüqarlı,
Sirxab sənətli,
Ərk əzəmətli,
Şəmsülimarə saraylı,
Gecələri sakit,
Gündüzləri harayı,
Ay selim, ümmanım,
Dənizim mənim,
Təbrizim mənim.
III
Neçə ölkə, neçə şəhər dolaşan,
Bir ucu hicrətdən o taya aşan,
Tarixə qovuşan,
tozlu, daşlı yolların
görüşdüyü şəhər.
Karvan-karvan qumrov səsilə oyamb hər səhər,
Axşamlar aypara işığında yatan.
Sinəsini güllə qabağına verib tarix yaradan.
Məşrutə niyyətli,
Azadlıq soraqlım,
günəşim, gündüzüm mənim,
Təbrizim mənim,
IV
Babamın babasının yadigarı,
Qara gözlü,
şirin sözlü
gözəllərin,
Qəhrəman oğulların diyarı.
Keçmişi əzəmətli,
bu günü həsrətli,
gələcəyi ümid dolu,
Bir əli yaraqda,
Bir əli torpaqda,
döyüşə-döyüşə yaşayan,
həyatını, nemətini qoruyan,
Şərəfini, şöhrətini qoruyan,
iki gözüm mənim,
Təbrizim mənim..
V
Nə vaxtdır,
Gülüstan bağında olmamışam,.
Ərkin tamaşasına dalmamışam,
Gözlərimin önündədir
Əmirbazarı,
Şişəgər meydanı,
Kəcil qapısı.
Yadımdadır gördüklərimin hamısı.
Gecələr xəyalımda,
gündüzlər fikrimdəsən,
hər dəqiqə, hər an.
Yəqin sən də məni unutmamısan.
Neçə xiyabanında,
neçə meydanında
Hələ də qalır izim mənim,
Təbrizim mənim.
VI
Nağıllar nağılı,
Həqiqətlər həqiqəti,
Ömrümün acısı, şirini,
kədəri, sevinci,
şadlığı, möhnəti.
Göz yaşıma şərik.
gülüşümə ortaq,
Gəncliyimi.
dincliyimi
əmanət qoyduğum,
Hər zaman nəfəsini duyduğum,
arxam, köməyim, dayağım,
dünənim, bu günüm, sabahım,
hamıdan doğmam,
Hamıdan yaxınım,
əzizim mənim,
Təbrizim mənim.
VII
Dünən döyüşdüm səninçin,
cəbhə cəbhə, səngər-səngər.
Sabah da döyüşərəm,
əmr etsən əgər.
Dözmərəm ürəyi nisgilli,
alnıkölgəli olasan.
Axı sən arxamda bir qalasan.
Sənsiz mən kiməm?
Mən nəyəm?
Nə adım var, nə sanım var.
"Üzüyü qaşıyla tanıyırlar",
Sənsən dünyaya tanıdan məni.
Elimin, dilimin vətəni.
Harayım, səsim, sözüm mənim,
Təbrizim mənim,
Təbrizim mənim.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Komitə sədri şairi təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tanınmış şair-publisist Ağacəfər Həsənlini 70 illik yubileyi ilə bağlı təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:
“Hörmətli Ağacəfər müəllim!
Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz uzun müddətli, səmərəli ədəbi-ictimai fəaliyyət göstərmiş, onlarla gənc yazara mənəvi dəstək göstərmiş aydınlarımızdansınız.
Yaradıcılığınız, müraciət etdiyiniz mövzular poeziyanın, ədəbiyyatın əzəli-əbədi mövzularını əhatə etməklə yanaşı, ən müxtəlif əməli fəaliyyət sahələrini, habelə örnək ömürləri, unudulmaz ünvanları ehtiva etməkdədir.
Siz uzun illər populyar KİV-lərdə məsul vəzifələrdə çalışmış, poeziyada olduğu kimi, publisistikada da öz yaradıcılıq kredonuza sadiq qalmısınız.
Sizin yaradıcılığınız haqqında çoxsaylı məqalələr yazılıb. Azərbaycan Dövlət Dillər Universitetinin dosenti Oqtay Abbasın bu günlərdə işıq üzü görmüş “Sözün sirdaşı” adlı kitabı da sizin yaradıcılığınıza ayna tutur. “Sözün sirdaşı”ında həyat yolunuzdan yaddaqalan məqamlara işıq salınır, şeirlərinizin, poemalarınızın, çoxsaylı publisistik yazılarınızın özünəxas səciyyəsi ustalıqla yorumlanır. Siz özünüz də ədəbi nəsildaşlarınız öndə olmaqla onlarla yazarın ömrünə, yaradıcılığına dair maraqlı portret oçerklərlə çıxış etmisiniz.
Haqqınızda deyilən “Adı kimi...” yaraşdırması, sizi yaxından tanımayan amma yaradıcılığınıza bələd olan oxucularınızın da yəqinliyi kimi qəbul edilə bilər. Haqqınızda yazanlar doğma Lerikin təbiət gözəlliklərini – dağların qarını, ətəklərin barını öz qələminizlə kağıza köçürdüyünüzü məhəbbətlə vurğulayır. Haqlı olaraq, onu da vurğulayırlar ki, siz o gözəllikləri sadəcə təsvir və tərənnüm etmirsiniz, onlardan aldığınız zövqə məna qatırsınız. Lerikin uca dağlarının təmiz havası, suların səsi, dar dərələrin, yaşıl ormanların sirli nəfəsi sizin poeziyanızda, yazılarınızda, söhbətlərinizdə bütöv Azərbaycana məhəbbət, insanlığa sevgi, yaradılışın mahiyyətinin idrakı şəklində təzahür və təcalla edir.
Nə xoş təvafüqlükdür ki, 70 illik yubileyiniz “Yaşıl dünya naminə Həmrəylik ili”nə düşüb. – Siz KİV-lərdə bizi əhatə edən ətraf mühitin qayğısına qalınması, təbiətin qorunması və s. haqqında çıxışlar etmiş, yeri gəlincə “həyəcan təbili” çalmısınız. Belə qayğılanmalar sizi mənəvi ekologiya məsələlərinə gətirib çıxarmışdır.
İndiyədək 50-dən çox kitabınız gün üzü görüb, eləcə də, yüzlərlə kitabın redaktoru olmusunuz. Əsərləriniz müxtəlif xarici dillərə çevrilib.
Siz bir sıra beynəlxalq tədbirdə uğurla iştirak etmiş, o cümlədən Qaracaoğlan Poeziya Şöləninin baş ödülünə, TÜRKSOY-un və b. qurumların təltifinə layiq görülümüsünüz.
Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Az sonra VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayacaq
Bu gün Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil açılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.
Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.
Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər.
Forum çərçivəsində həmçinin bir sıra ölkələrdən 100-dən artıq dini liderin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılır.
Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)
Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb
Aprelin 25-dən 30-dək Özbəkistanın Xivə şəhərində II “Lazgi” Beynəlxalq Festivalı keçirilib. Builki festivalda Azərbaycan, Fransa, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus, Rusiya, Türkiyə, Qırğızıstan, Serbiya, Braziliya, Pakistan, Cənubi Koreya, İndoneziya, Misir və İrandan kollektivlər iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq festivalda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Rəqs Ansamblı yüksək səhnə performansı ilə birinci yerə layiq görülüb.
Azərbaycan kollektivinə festivalın xatirə hədiyyəsi və 2500 dollar pul mükafatı verilib.
Qeyd edək ki, "Lazgi” rəqs festivalı ilk dəfə 2022-ci ildə 10 ölkədən rəqs sənəti ustalarının iştirakı ilə təşkil edilib. UNESCO-nun himayəsi altında keçirilən festival “Lazgi” rəqsinin qorunması və tanıdılması, ölkəyə turist axınının artırılması, Xarəzmin turizm potensialının nümayişi məqsədilə keçirilir. Festivalın qaydalarına görə, iştirakçılar öz xalq rəqslərini, həmçinin “Lazgi”nin bir nümunəsini ifa etməlidirlər.
Onu da əlavə edək ki, bu qədim rəqs UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)