Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ev ördəyi bozbaşı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ev ördəyi bozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR (nüsxə):
§ Ördək – 190 qr
§ Kərə yağı – 35 qr
§ Noxud – 30 qr
§ Soğan – 30 qr
§ Xırda soğan – 30 qr
§ Kartof – 70 qr
§ Pomidor – 60 qr
§ Təzə alça – 20 qr
(və ya quru alça – 10 qr)
§ Mərzə və ya reyhan qurusu – 3 qr
§ Sarıkök – 1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ göyərti – 20 qr, sumaq – 10 qr, meyvə turşuları – 50 qr
HAZIRLANMASI:
Təmizlənmiş ördək ütülür, doğranır, yuyulur. Ördək bir gün ərzində duzlu suda saxlansa, daha yaxşı olar. Qazana qoyulur, üzərinə su əlavə olunur və bişirilir. Qaynadıqda kəfi alınır. Qazana bir ədəd qabıqlı baş soğan əlavə olunur. Ət bişənə yaxın soğan çıxarılır, ət sudan ayrılır və işgənəsi süzülür. Eyni qazanda yağ qızdırılır, ördək əti tərəvəzlərlə birlikdə tovlanır. Sonra qabığı təmizlənmiş pomidor, alça, duz, sarıkök, quru mərzə əlavə olunur, qarışdırılır, sonra isə ayrıca bişmiş noxud, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda kasaya və ya dərin boşqaba çəkilir, üzərinə reyhan qurusu səpilir və süfrəyə verilir. Yanında tər göyərtilər, əzilmiş qırmızı baş soğan, sumaq, meyvə turşuları (məti) verilir.
Mövsümündə heyva da əlavə oluna bilər
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Somalidən alınan inəklər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qardaş, donuz əti ilə plov hansı mədəniyyətə aiddir, xristian, yoxsa müsəlman?
2.
Kinonun bir problemi də ondadır ki, 60-70 yaşlı rejissorlar gənclər barədə çəkirlər, gənclər isə Sovet dövründən.
3.
Uşaq vaxtı paltar alanda böyüyəcəyini nəzərə alıb böyük ölmü alardılar, yaşlaşanda isə arıqlayacağını nəzərə alaraq kiçik ölçü alırlar.
4.
Mənzillə mehmanxananın fərqi nədədir? Birincidə daimi sakinlərdir, ikincidə saysız-hesabsız insanlar hey girib çıxırlar.
Ürəklərin də mənzilı və mehmanxanası var.
5.
Kənd Təsərrüfatı Nazirliyi Somalidən od qiymətinə “ət-süd” təyinatlı inəklər alıblar. Amma inəklər gəlib çıxanda məlum olub ki, bu inəklərdən bol ət-süd almaq istəyi gerçəkləşməyəcək. Belə ki, bu inəklər ət yeyib, üstündən süd içən inəklərmiş.
6.
Qabaqlar hamı kəşfiyyatçı olmaq istəyirdi. İndi buranın əməkhaqlarını və oranın qonorarını gördükdən sonra hamı casus olmaq istəyir.
7.
Qoca deputatlarımızdan biri Çe Qevaranın anım tədbirində çaşıb onin adını Çe Viaqra söylədi…
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Tanrı əmanətinin göz yaşlarına biganəmi qalaq? - “YARADICILIQ EMALATXANASI”NDA SƏMA MUĞANNA
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə də "Yaradıcılıq emalatxanası”nın qapıları həvəslə və səbirsizliklə qonağımıza açıldı. Həmin qonağımız Azərbaycan Ədəbiyyatında xüsusi çəkisi olan, oxucuların zövqünü formalaşdıran, böyük ədəbi məktəb olan, türkçülük, turançılıq məsələsinə xüsusi yanaşan, "Tütək səsi", " Məhşər", "İdeal" və çox sevilən bir çox əsərlərin müəllifi olan unudulmaz Xalq yazıçısı İsa Muğannanın nəvəsi, gənc yazarımız Səma Muğannadır.
-Xoş gördük, əziz Səma xanım.
Yenicə işıq üzü görən " Qeyb olan uşaqlıq" adlı 4- cü kitabınızın uğurlu olmasını diləyirik.
Səma xanım, Siz kiçik yaşlardan uğurlar qazanmısınız və bu uğurlar davam edir.
İstərdik, yeni kitabınıza daxil olan hekayələrin mövzuları haqqında bizə məlumat verəsiniz.
Səma xanım bu hekayələrdə nələri oxucularına çatdırmaq istəyir?
-Salam, Ülviyyə xanım, təşəkkür edirəm. "Qeyb olan uşaqlıq" kitabında bir roman və hekayələr yer almışdır. Kitabın adı romanın adından götürülüb.
"Qeyb olunan uşaqlıq" Səmanın itirdiyi, yaxud yaşamadığı uşaqlığı deyil, onun yaşamaq istədiyi və suallarına cavab tapmadığı yoludur. Romanın sonunda da bu sualın cavabını oxucuların öhdəsinə buraxır, özü cavablamır. Səmanın xarakterinə görə həmişə oxucu özü qərarı verir. Buna da səbəb odur ki, insan xarakterləri fərqlidir. Səmanın da qələmi həmişə fərqlilikləri sevir. Hekayələrim real həyatdan götürülüb, lakin həyatdan götürülsə də, adı üstündə mistik janrdadır. Bu mistikanın yer almasında da gizli məqamlar yer almışdır. Səma oxucularının, düz yolda deyil, qabarıq yolda səyahət etməsini istəyir. Çətinliklərdən keçib, keçidləri aşıb açarı tapmağını istəyir. Hər bir yazının, hər bir hekayənin daxilində bir açar var və həmin açarı oxucu tapıb həmin hekayənin adı ilə birbaşa bağlayır. Məsələn: “Tanrı əmanətinin göz yaşları" və "Bənövşə və işıq qatarı". Bu iki hekayənin oxşarlıqları var. Belə deyək, "Bənövşə və işıq qatarı Səmaya işıq qatarını göstərmir, əslində işıq qatarı insandır, sadəcə, qatar formasındadır. Əsər ilə tanış olarkən oxucular bunu biləcək. Bənövşə isə çox gənc bir xanımdır. Amma zaman onu gənc göstərir, o xanım gənc deyil, bəlli bir yaşı var. Qatar isə onun heç vaxt görmədiyi bir insandır. O insan isə onun reallaşmayan arzusudur. Və bu qatara çatana qədər çətin yollardan keçir, işığı axtarır bu şəxs. Çünki işığı tapsa, istədiyini tapacaq. Səmanın da məqsədi bundan ibarətdir: həyatda özünü, ikinci mənini tapmaqdır
"Tanrı əmanətinin göz yaşları" hekayəsi də bu mövzudadır. O hekayədəki gənc qızın qucağındakı körpənin olması onun körpəsi olduğunu izah etmir, o körpə məhz həmin gənc qızın uşaqlığıdır. Oxucularımıza maraqlı gələcək ki, niyə Səma o uşağı təsvir edir? "Qeyb olan uşaqlıq" romanı da bundan ibarətdir? Söyləyim ki, xeyr və roman haqqında çox danışmaq istəmirəm.
Səma əslində insanların daxilindəki uşağı göstərmək istəyir. Yazıçının qələmə aldığı bütün əsərləri ona çox doğmadır, onu ayıra bilmir.
Amma mənə "Tanrı əmanətinin göz yaşları" hekayəsi çox doğmadır. Çünki körpə Tanrının əmanəti idi və onun göz yaşları axıdılarsa, demək, həmin gənc qız məhv olardı. Çünki bir insan göz yaşı damlayarsa, deməli, onun ömründən çox yarpaq tökülmüşdür.
Oxucularıma onu çatdırmaq istəyərdim ki, ən birinci, məni həqiqətən tanısınlar. Çoxları məni çox duyğusal, bir az sakit, bir az təlatümlü tanıyır, amma bəziləri də içimdə fırtınanın aşıb-daşdığını söyləyir.
Əslində mən düşünürəm ki, Səmanın qələmi necə onunla dostdursa, fırtına və sakitlik də bir- biri ilə dostdur. Mən həmişə vurğulayıram, siyah- bəyaz həmişə bir- birinə yaraşır, amma bir-birinə zidd rənglərdir. Düşünürük ki, fırtına və sakitlik necə dost ola bilər? Bəli, ola bilər. Fırtınanı insanlar anlamır, sakitlikdən də insanlar qaçır, niyə? Səma bunu çatdırmaq istəyir oxucularına. Onu anlatmaq istəyir ki, fırtına gəldiyi zamanda fırtınanın arxasınca getmək yerinə ona sarılıb, nəvaziş göstərmək lazımdır, amma sakitlik gələn zamanda fırtınadan qaçmaq olmaz, elə misal çəkdiyim kimi qələmimlə söhbət etdiyim zamanda fırtına birdən elə gəlir ki, qələmi də qırıb parça- parça etmək istəyir.
İnsan özü də bir parça kimidir. Qəlbi ki parçalandı, artıq onu düzəltmək çox çətindir. Ona görə mən həmişə fırtına gəldiyi zamanda sakitliyi arzulayıram. Sakitlik də gecədir. Baxın, fırtına, sakitlik, gecə- gündüz, siyah- bəyaz.
Səma gecələri daha çox sevir, tənhadımı? Xeyr, çünki qələmi gecə ilə söhbəti sevir. Səma insanlardan deyil də, onu anlamayan insanlardan qaçır. Demək istədiyim budur ki, insanlar fırtınadan qaçır, sakitliyə getmək istəyir. Amma Səmanın bu əsərini oxuduqdan sonra oxucular fırtına ilə sakitliyin bir- birinə bənzəməsini, yaxşı dost olmasını anlayacaqlar, onlar bir- birinə dəstək olmağı bacarırlar. Səma əslində onların dostluğu üçün deyil, öz yazılarında sevgini, insanlığı, dəstəyi, insan mənəviyyatının zənginliyini göstərmək istəyib. Təkcə dildə deyilən sözlər deyil, qələmdə oxuduğunuz sözlərin məhz gözlərdə gizləndiyini oxuculara çatdırmaq istəyib.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Amerikalı intillegent, bizim qarnıyekə fərd və TikTok qlamurları
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Restorandayam, müşahidə edirəm: Bir tərəfdə dünyagörüşlü, zəkasəl və mədəni inqilaba nail olmuş, sağlam düşüncəli və sağlam ruhlu, başı kofe içərək həyat yoldaşı ilə söhbətə qarışan Amerikan intillegenti, digər tərəfdə isə mental təcavüzlə, zehinsəl aclıqla, mağara düşüncəsi ilə qəlibləşmiş 50-li, 60-lı yaşlarda, bəstəboy, qarınlı, siqaret çəkməkdən saralmış əllər, dişlər, daim yerində sayan düşüncələrdən qırışmış üz cizgiləri və vaxtından əvvəl ağaran saçları olan, başı ənənəvi yağlı, duzlu, qarından əlavə gözlərin doymasına qarışan sıravi Azərbaycan fərdi. Söylənən masalardan biraz yuxarı da qlobal "TikTok" fenomeni, mini "TikTok qlamurları" görüntü kokteylləri ilə ətrafdakı ac hərfləri cəzb etməkdədir. Çoxları kimi restoran mədəniyyətindən xəbərsiz olub da, hər gəlişdə görüntü yaradacaq bir məhsulla, saatlarla oturub onlayn platformada canlı açaraq, özünü bir şey zənn edən tiplərdən.
Bir az keçdi...
TikTok qlamurlarımız getmək qərarına gəldilər. Podiumvari gediş, geyimin cazibəsi, estetik bədənin orijinallığı vəhdətli şəkildə ac beyinləri hərəkətə gətirdi. Gözlər bir anlıq kilidləndi. Gözlərinin doymasına fokuslanan "day day", bu dəfə onunla da kifayətlənməyərək "The Mask" filmindəki Jim Kerry-in rolunu ifa etmək qərarına gəldi. Eləcə də, digər masalardakı şəxslər kimi. Təkcə, Amerikan intillegentinin gözü oynamamış, tükü tərpənməmişdi. Çünki, beyin aclıq baxımından doymuş, mənəvi cəhətdən nirvanaya yaxınlaşmışdı.
Gözlərim növbəti mövzunun axtarışındaykən, ağ saçlara zillənmişdi. Beynimdə Azərbaycanlı fərdinin saçındakı ağ tüklərlə, ingilis fərdindəki ağ tüklərin müqayisəsi gedirdi. Bilirəm, bilirəm sərsəm düşüncədi, amma, fəlsəfi tərəfi də məni cəzb etmişdi. Bir saçın ağarması normal qaydada genetiklik, rəngləndirici piqmentlərin orijinallığına və digər səbəblərə əsaslanır.
Bizdə bu saç ağarma prosesi əsəb, stres fikir, qidalanma, qeyri-sağlam həyat şəraitinə dayanıb, vaxtından əvvəl ağarıb tökülməyə başlayırsa, qeyd olunan intillegentimizdə isə normal qaydada vaxtı çatanda bu proses başlayır. Yalnız bizim cəmiyyətdə qarınlı, "balkonlu" adam obrazına uyğun aforizm də yaratmaq olar.
Evi eyvansız, kişini qarınsız təsəvvür etmək artıq bizim cəmiyyətdə, qeyri - məqbul sayılır.
Nəysə, söhbəti haradan haraya gətirdim mən, heç özüm də bilmədim. Bu dəfəki qonaqlarım amerikalılar idi. Yenə, yüksək zövq və mədəniyyət olduqca valehedici təsir bağışlayırdı. Onu bilirəm ki, danışacaq mövzularımız olduqdca, çox və eyni zamanda acınacaqlıdır. Bəs çıxış yolu yoxdur ?
Əlbəttə var !
- Maariflənməkdir! Ancaq, "Mir Yusif Ağa" kimi məzəmmət edənlərimiz olmasa.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
“Mənim Saudade'm" - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"İnsan içindəki ağrıları öldürmək üçün yazır, kimin üçünsə yox.
Sənin haqqında yazacam, sonra da bu ağrılı xatirəm ürəyimdən çıxacaq..."
Anar Yaşaroğlu - Saudade'm
Üşüyürəm yenə.. Çox üşüyürəm..
Üşüyən bədənim deyil əslində, çünki çöldə hava çox gözəldir.
Hətta ən sevdiyim havalardır deyə bilərəm. İlk bahar, masmavi səmada pərən-pərən olmuş bəmbəyaz buludların arasında parlayıb zərif şüalarından ətrafa sovqat paylayan sımsıcaq narıncı günəş, xəfif əsib yeni açmş alça, şaftalı çiçəklərinin ləçəklərini qoparıb sanki baharın gəldiyi yollara səpələyən külək və bir budaqdan digərinə uçuşaraq səs-səsə verib şən cəh-cəhlə nəğmə oxuyan quşların səsinə çayda quruldayan qurbağa səsləri də qarışacaq axşam çağı.
Hələ bir azdan bu avaza tənbəl cırcıramalar da şərik çıxacaqlar. Sonra külək alça və şaftalı çiçəklərinin ləçəklərinin artıq bitdiyini görəndə növbə yeni açılmış naringi çiçəklərinə gələcək..
Amma naringi çiçəklərinin sadəcə ləçəklərini deyil, eyni zamanda o fövqaladə xoş qoxusunu da yayacaq ətrafa. Yağışlar yağıb, çəmənlər yaşıllaşıb, güllər çiçək açacaq. Dağ zirvələrindəki buzlar əriyib çaylar suyla doyacaq, bir-birinin əlindən tutub dərsdən evə yüyürən şən uşaqlartək axıb dənizə qovuşacaqlar.
Belə gözəl havada necə, niyə üşüsün ki insan?!
Açığı, cismimi üşüdən hava deyil, cismimi üşüdən içində bir küncə qısılıb üşüyən ruhumdur.
Ruhun üşüməsi isə maddi havadan deyil, mənəvi havalardan asılıdır.
Mən əvvəllər də üşüyərdim, amma sən həyatıma girənə qədər, ondan sonra isə heç belə üşüməmişdim. Əvvəllər məni üşüdən şeylər başqa idi. İçində həbs olduğum həyatın qaranlıq və soyuğu idi, başqa dillə desək bəlkə də elə sənin həyatımda var olmayışın idi məni üşüdən. İndi isə bir zamanlar həyatımda var olan sənin yoxluğunun soyuğu üşüdür məni..
Sən qaranlıqlar içində qalmış ruhuma vaqe olan günəş idin, varlığın qızmar bir günəş kimi isidirdi mənim ruhumu.
Sənin sevgin ətrafdan gözlə görünməsə belə, mənim ruhumla hiss etdiyim ən gözəl duyğu və ən güclü bir çənbər idi sanki mənə. Savaşlarımda məni qoruyan dəmir zireh, kimsələrin aşıb mənə zərər verə bilməyəcəyi polad kimi möhkəm bir sərhəd kimiydi.
Simurqun lələyi kimi ələ düşməz və onun göz yaşları qədər şəfalıydı sənin sevgin. Sağaldırdı ruhumdakı yaraları. Hətta illərlə içimdə yığılıb aysberqə dönmüş nifrət buzlarını əritməyə də müvəffəq olmuşdu.
Hiss etdiyim diqqətin, qayğın var idi deyə, heç nə duruş gətirə bilmirdi qarşımda, elə güclü qılmışdı ki, bu sevgin məni.
Amma bütün bunlarla yanaşı eyni zamanda da bir vaqeiyyət idin sən, həm də gözardı edilə bilinməyəcək qədər böyük bir vaqeiyyət..
Amma aramızda hər nə qədər maddi cəhətdən bizim üçün böyük və aşılması da bir az müşkül olan məsafələr olsa da, uzaqda da olsa, bir yerlərdə var olduğunu, məni sevdiyini, o qocaman qəlbinin bəzən məni düşünərək döyündüyünü bilmək belə ruhumu isidir, məni yaşadır, məni xoşbəxt edirdi.
Fəqət indi isə aramızda maddi məsafələrdən daha böyük olan və aşılması da müşkül deyil də, demək olar ki, imkansız olan mənəvi məsafələr var artıq.
Axı ən böyük məsafə iki bədən deyil, iki qəlb arasında olandır..
Və bizim qəlblərimiz arasında uçurum var indi..
Sən gəlişinlə günəş kimi doğmuşdun mənim həyatıma, gedişin qürub kimi olmadı amma..
Günəşin hər bir gedişi öz içində bir ümid daşıyır, açılacaq sabahda yenidən doğmaq ümidi. Fəqət sən bütün ümidləri bir dəfəlik qıraraq getdin. Kiçicik belə olsa, bir qayıdıb gəlmək ümidi qoymadın mənə ki, o ümidə tutunub yaşayım..
Sən günəş kimi getmədin, sən sönən ocaq kimi getdin, hansı ki, istisinə qızınırdım..
O sıcaqlıqdan sadəcə üşüyən həsrət və soyumuş boz kül qaldı geriyə, hansı ki, bir azca istilik duyaram, bir az qızınaram deyə hər gün dönə-dönə eşələyib içində bir yerlərdə bəlkə hələ də sönməmiş kiçik bir qığılcım, öləzimiş belə olsa kiçik bir köz axtardığım xatirə qalağı..
Amma hər nə qədər axtarsam da bir ovuc isti küldən savayı heç nə tapmıram o soyuq kül təpəciyinin içində və o da soyumasın deyə daha da qurdalamadan örtürəm üstünü..
Gəlişin, həyatımda var oluşun çox şey qatdı mənə, amma deyəsən gedişin və yoxluğun ondan daha çox şey qatacaq.
Bəlkə də ömürlük həsrətim olacaqsan mənim, bəlkə yazılarıma ilham..
Osho: "Sevgi insanı dəyişdirir, buna görə də səni yüksəklərə qaldıracaq bir şeyi, sənin ötəndə olan bir şeyi sev",- deyir.
Mən də səndən sonra çox dəyişdim. Mən ən xırda şeylərin belə qədrini biləcək, amma eyni zamanda da heçnəyi itirməkdən qorxmayacaq qədər itirmiş bir insanam artıq.
Əvvəllər hər nə qədər, mən heçnəyi itirməkdən qorxmuram, mən itirməkdən qorxduğum hər şeyi sərbəst buraxdım desəm də, əslində isə içimdə bir gün səni itirməkdən çox qorxurdum..
Amma indi daha həqiqətən də qorxmuram, çünki qorxulası birsey qalmadı daha, zatən itirdim artıq...
Və mən getdikcə yavaş- yavaş dəyişirəm biraz torpağa bənzəyirəm, çoxca səmaya..
Bir insanı o edən daha çox qazandıqları deyil itirdikləri, olanları deyil olmayanları, varlar deyil yoxluqlar olur həmişə.
Deyirlər insanı yaşamağa, yaşatmağa inkişaf etməyə vadar edən olanları deyil, çox vaxt olmayanları olur. Çox vaxt əlimizdə olmayanlar bizi vadar edir və bizə təkan verir ki, biz nələrsə qazanaq və özümüzü inkişaf etdirək.
Bu mövzuda imkansız, amma bir o qədər də onlara yaradıcılıqlarnda böyük bir müvəffəqiyyət gətirmiş sevgilərindən misal verərək Özdəmir Asəf, Məhəmmədhüseyn Şəhriyar kimi daha bir çox ədibin adını qeyd edə bilərik.
Lakin bilmirəm sənin yoxluğunla, səni itirməyimlə qazandıqlarım sənə bədəl olacaqmı?
Mən sənin yoxluğunun mənə qazandıracaqlarını istəyirəmmi məgər?
Amma istəsəm də, istəməsəm də bu artıq danılmaz bir gerçəkdir ki, biz səninlə "Biz" deyil, "Sən" və "Mən"ik artıq.
Sən artıq mənim son qürubum, sən mənim
saudademsən..
Yoxluğun bir qara boşluqdur içimdə
İçdən-içə boğur, udur məni
Sən bir yaşsan artıq gözlərimdə
Həsrət məndən damla-damla alır səni..
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
“Bir şeir asıb özünü hecadan…” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Poeziya guşəsində Təranə Dəmirin yeni şeirlərini diqqətinizə çatdırır.
1.
Əynimdə dekabrdan qalma ömür,
Ürəyimdə iyun həsrəti.
Bircə çimdik ümidlə gedirəm üzüyoxuşa.
Çilik-çilik olmuş arzular baş-başa verib arxamca ulaşır.
Geriyə baxmağa nə gücüm qalıb, nə cəsarətim.
Dünən, bu gün mənimdi... hələ ki...
Bəs sabah?
...Gözümdə bütün rənglər bir-birinə qarışır
Budaq-budaq, yarpaq-yarpaq...
2.
Bir şeir asıb özünü hecadan,
Qafiyələr ağlaşır başı üstündə.
Ayağının altında varaq,
Boğazında qələm,
Nəfəsi kəsilir söz-söz, cümlə-cümlə.
Azadlığa açılır qapısı qorxuların.
Hardasa bir ütüsüz, bərsiz-bəzəksiz ,
Evsiz-eşiksiz sevgi yapışır gecənin yaş köynəyindən..
3.
Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub.
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında .
Külək qudurub,
Gör necə ulayır gecənin başı üstündə
ac yalquzaq tək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə ,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır .
Təzə abzasdan köhnə yaralar boylanır,
Hamısının da üstü açıq.
"Bircə səhər açılsaydı"-deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...
Nağıl kimi...
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
“Arşın mal alan” filminə aid unikal fotosənəd tapılıb
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.
“Ədəbiyyat və incəsənət” portalı fonda istinadən xəbər verir ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.
Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Nəşriyyatların inkişafı üçün nə etməli - FORUMDAN SONRAKI QƏNAƏT
Xəbər verdiyimiz kimi, ötən həftəsonu ölkəmizdə ilk dəfə Naşirlər forumu - Azərbaycan Naşirlərinin I Forumu keçirilib. ANAİB-in təşkilatçılığı ilə baş tutan tədbirin direktivlərini öyrənmək üçün “Ədəbiyyat və incəsənət” pprtalı ANAİB İdarə Heyətinin sədri, fil.f.d., dos. Şəmil Sadiqə müraciət edib və aşağıdakı bilgiləri alıb:
Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi liberallaşmaya aparan islahatlar dərinləşir, kiçik və orta sahibkalığın maraq və mənafelərinin qorunması üçün çoxyönlü addımlar atılır. Bu məqsədlə, bütün dünyada olduğu kimi, ölkəmizdə də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilir. Belə ki, müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dövlətə dəstək olur, ölkədə elm, iqtisadiyyat və mədəniyyətin inkişafına öz töhfəsini verir.
Belə sahələrdən biri də kitab sektorudur. Şübhəsiz, elm, təhsil və ədəbiyyatın inkişafında, kütləvi xarakter almasında kitabın rolu əvəzsizdir. Alim və ədiblərin yaratdığı intellektual, mənəvi dəyərlər məhz kitab vasitəsilə geniş kütlələrə çatdırılır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hazırda ölkədə kitabçılığın inkişaf arealı olduqca məhdud və lokaldır.
Bu baxımdan, “Azərbaycan Nəşriyyatları Assosasiasiyası” olaraq kitab sənayesinin inkişafı üçün nəzərdə tutduğumuz bir sıra məsələləri diqqətinizə çatdırmaq istərdik.
1. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması.
Azərbaycan ədəbiyyatının müxtəlif dillərdə nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bütün xarici nəşriyyatlara bu fondun tenderlərində iştirak etməsi üçün lazımi şəraitin yaradılması ədəbiyyatımızın inkişafı üçün çox vacibdir. Dünyanın əksər ölkələrində bu cür şəffaf qurumlar var və onlar milli ədəbiyyatlarını beynəlxalq miqyasda təbliğ edir, bununla öz ölkələrinin tanıdılmasına və imicinin yüksəldilməsinə xidmət göstərmiş olurlar.
2. Gənc yazıçıların stimullaşdırılması.
Ölkədə kitab sektorunun inkişafını ləngidən bir sıra problemlər var ki, onlardan biri də gənc istedadlı yazarların əsərlərinin nəşri ilə bağlıdır. Söhbət yalnız bədii deyil, həm də elmi əsərlərin müəlliflərindən gedir. Məlumdur ki, gənc yazarı oxucu auditoriyasına tanıtmaq nəşriyyatdan böyük marketinq xərcləri tələb edir. Kitab tirajlarının çox aşağı olduğu bir dövrdə ayrı-ayrı nəşriyyatlar üçün bu yükün altına girmək çox çətindir. Ona görə də gənc yazarların əsərlərinin qiymətləndirilməsi və nəşri üzrə uzunmüddətli dövlət layihəsinə ehtiyac var. Bu yalnız nəşriyyat sektoru üçün deyil, həm də müasir elmimizin və milli ədəbiyyatımızın inkişafı üçün vacib məsələdir.
3. Paytaxtda və bölgələrdə kitabın təbliği.
Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Bir çox bölgələrimizdə kitab mağazaları yoxdur, çünki ərzaq, geyim, inşaat və digər mağazalarla müqayisədə kitabçılar üçün mövcud icarə haqlarını ödəmək imkansızdır. Dövlət kitabxanalarının yeni nəşrlərlə təminatı da arzu olunan səviyyədə deyil.
Bu problemin həlli ilə bağlı bir neçə istiqamətdə layihələrin işlənib hazırlanmasına ehtiyac var:
-Bakıda və regionlarda mütəmadi kitab sərgi və yarmarkalarının təşkili;
-Kitab mağazalarının fəaliyyətə başlaması üçün güzəştli kreditlər və müəyyən dövr üçün vergilərdən azadolunmanın tətbiq edilməsi;
-Dövlət kitabxanalarının aktivliyinin təmin edilməsi və onların nəzdində kitab satış məntəqələrinin yaradılması;
-Metrolarda və şəhərin müxtəlif yerlərində kitab köşklərinin yaradılması, bərpa olunması;
-Paytaxtın mərkəzinə yaxın bir yerdə kitab alış-veriş mərkəzinin yaradılması.
4. Uşaq mütaliəsinə dəstək.
Bu gün dövlət məktəb kitabxanalarında kitab fondunun böyük bir hissəsini 15-20 il əvvəl dövlət sifarişi ilə nəşr olunmuş kitablar təşkil edir. Araşdırma aparan və ya mütaliə etmək istəyən şagirdlər öz məktəb kitabxanalarında maraq dairələrinə uyğun kitab tapa bilmirlər. Halbuki son illərdə nəşriyyatlarımız kiçik yaş qrupları üçün çoxlu sayda bədii və elmi-kütləvi kitablar nəşr etmişlər. Təhsilin səviyyəsi yalnız dərslik və dərs vəsaitləri ilə ölçülə bilməz. Mütəliə uşaqların dünyagörüşünün, söz ehtiyatının və mənəvi dəyərlərinin formalaşması üçün vacib amildir. Bunun üçün isə kitabxana fondlarının yenilənməsi və uşaq mütaliəsinin stimullaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac duyulur.
5. Kitabların reklam-tanıtma işinə dəstək verilməsi.
Məlumdur ki, bu gün ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi də nəşriyyatların zəruri reklam və marketinq xərclərini qarşılaya bilməməsidir. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Lakin nəzərə alaq ki, kitabçılıq, sadəcə, biznes sektoru deyil, həm də maarifçilik və ideologiya məsələsidir. Cənab Prezident də bunu nəzərə alaraq kağızın və kitabın ƏDV-dən azad edilməsi ilə bağlı sərəncam imzaladı. Kitab təbliği ilə bağlı televiziya və radio kanallarında silsilə verilişlərin təşkil olunması, kitab reklamının sosial reklam statusu alması kitab sektorunun inkişafı üçün böyük dəstək olardı.
6. ISBN və hollaqram.
Bu gün Azərbaycan naşirlərinin qarşılaşdığı problemlərdən biri də ISBN və hollaqramların əldə edilməsidir. Bildiyiniz kimi, ISBN verilməsi özəl təşkilatın səlahiyyətindədir və bir kodun qiyməti 20 manatdır, hollaqramı isə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyi satır, onun da bir kitab üçün qiyməti 0,15 azn-dir. Bu qiymətlər dünya kitab bazarındakından ən azı 10 dəfə bahadır. Hətta bəzi ölkələrdə ISBN naşirlərə ödənişsiz verilir. Düşünürük ki, Mədəniyyət Nazirliyi bu məsələni nəzarətə götürərək daha uyğun bir variant təqdim edə bilər ki, bunun da qarşılığında nəşriyyatların dövlət kitabxanasına verməli olduğu kitabları daha ciddi izləmək olar, həmçinin də kitab bazarının rəsmi fəaliyyətini şərtləndirər. Bu həm də çap edilən kitabların statistik məlumatlarının əldə edilməsinə ciddi kömək edər.
7. “Naşirlər Günü”nün təsis edilməsi.
Nəşriyyat işi ilə məşğul olan naşır, redaktor, tərcüməçi, rəssam, dizayner, korrektor kimi peşə sahiblərinin zəhmətinin dəyərləndirilməsi üçün rəsmi olaraq “Naşirlərin peşə bayramı” kimi bir günün təsis edilməsi, bu sahənin insanlanna xüsusi adlar, dövlət mükafatlarının təqdim edilməsi ömrünü bu yolda həsr edənlərə böyük stimul olar.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Respublika Gənclər Kitabxanasında akademik Zərifə Əliyevanın 101-ci ildönümü münasibətilə virtual kitab sərgisi hazırlanıb
Bu il XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan oftalmoloqu, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü tamam olur. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı özündə əks etdirən "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı virtual kitab sərgisi hazırlanmışdır. Virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti haqqında geniş məlumat verilir, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparması və dəyərli elmi-tədqiqat işlərinin müəllifi olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Zərifə xanımın 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-ə yaxın elmi işin müəllifi olduğu qeyd edilir, onun haqqında yazılan “Zərifə Əliyeva – Biblioqrafiya”, “Əbədiyaşar məhəbbət”, “Akademik Zərifə Əliyeva” kimi kitabların qısa annotasiyası, “Nəcibli və mənəvi paklıq timsalı”, “Vətənpərvər, qayğıkeş ana”, “Nəciblik və sədaqət örnəyi” kimi dövri mətbuatda işıqlandırılanməqalələr təqdim edilir. Virtual sərgidə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin akademik Zərifə xanım haqqında söylədikləri dəyərli fikirlər, müsahibələrdən fraqmentlər, foto və video görüntülər də yer alır.
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə hazırlanan "Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)
Bu gün Beynəlxalq Rəqs Günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət təqvimində bu günün - aprelin 29-nun qırmızı rəngə boyanmasının səbəbi sadədir: bu gün peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır - Beynəlxalq Rəqs Günüdür.
Bu günü bayram etmək qərarına 1982-ci ildə gəlinib, bayram günü UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Düzdür, olsun ki, cəmiyyıtimizdə Fransaya qarşı antipatiya yarandığından bu günü acığa düşüb bayram etməyənlər çox olacaq. Amma dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunub. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir axı. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Bir də ki, biz oynayan xalqıq. Sümüyümüzə şıdırğı musiqi elə düşür ki, hər çalınan havaya oynamağı sevirik.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.
Əlbəttə, mən bura striptiz klublarda və barlarda oynanılan oriental rəqsləri aid etməyəcəm. Məncə, onların mədəniyyətə bir aidiyyatı yoxdur.
Hər halda, bu gün rəqs etməyə dəyər. Rədd olsun Makron! Yaşasın rəqs!
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)