“Həyat qəmli zümzümədir” - Pərviz Axundun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərviz Axundun şeirləri təqdim edilir.                                              

 

ŞEİR VAXTI

 

Pərviz AXUND

 

 

NAHAQDA SAXLAYIRSAN

 

Yeri gəlməmişkən, deyim: Darğınam sənə, Tanrım,

İstədiyim nəsnələri uzaqda saxlayırsan.

Yağan həsrət yağmurundan illər doldu, boşaldı,

Heç demədin, vüsalımı nə vaxta saxlayırsan?

 

Heç demədin, nə yaşandı, nə haldayam – sormadın,

Çarxı dönmüş gərdişində canımı az yormadın,

Ruhun yüksələn yerində bir dayanıb durmadın,

Elə ki ruhdan düşəcəm, qabaqda saxlayırsan.

 

Ötən günlər xəyalıma eyni rəngdə yansıdı,

Axtaranda bilmədim ki, yaxşı günüm hansıdı.

Nə qatdın ömür payıma, ağzım zəhər tamsıdı?!

Çəkdirdiyin hər acını damaqda saxlayırsan.

 

Bu görünən Axund deyil, o vaxtkından qalıqdır,

Uzağa getmiş olmaram, hələ sözüm ilıqdır.

İlahi, söndür ömrümü, bu nə israfçılıqdır?!

Haqqa varan qafiləmi nahaqda saxlayırsan.

 

 

KÖHNƏ DOSTLARA

 

Nə qədər dost-tanışla yollarımı ayırdım,

Bəzən də öz yanından çoxları çıxdı getdi.

Kimisi razı qaldı söhbətimdən, sözümdən,

Kimisi yoldan oldu, boşuna vaxtı getdi.

 

Yaxınım bildiklərim durub baxınca gendən,

Qapqara saçımın da rəngi dəyişdi dən-dən.

Üzünə güldüyüm yar üzün döndərdi məndən,

Əlini sıxdığım dost qəlbimi sıxdı getdi.

 

Ağrı elə ağrıdır – ya böyükdür, ya xırda,

Yaşananlar insanı qaldırır da, yıxır da.

Baxarsan, keçmişindən kimsə gəldi axırda

Və bütün günahları üstünə yıxdı getdi...

 

 

TƏKİ GƏLƏSƏN

 

Gözlərimin qabağında

Sərili qoyub getdin

Səbrimi kəsən yollarını.

Ya mən yığım gözlərimi,

Ya sən – yollarını.

 

Nə olsun ki, səni sevirdim,

Nə olsun ki, sevirdin məni.

Bir qış günü

Ömrümü çıxarıb çiyninə atdım,

Bir yay günü

Astar üzə çevirdin məni.

 

Nə olar ki,

Hər gün ölüb-dirilməyimə

Bir az şərik olasan –

Sən də bir az öləsən.

Səni lənətə gələsən,

Təki gələsən.

 

 

CANIN SAĞ OLSUN

 

Sən gedəli açılmadı

Eynim, canın sağ olsun.

Düşünməkdən burxulubdur

Beynim, canın sağ olsun.

 

Ayrılığın əynimə

Biçilməsi dərd deyil,

Biçilibdir ayrılığa

Əynim, canın sağ olsun. 

 

Olan olub, şirin sözüm,

Girək eşqin təkinə,

Görək kim qorxub çəkinə...

Tablaşmazsa qəm yükünə

Çiynim, canın sağ olsun...

 

Gözləmədən yasaq eşqin

Çulğadı hardan məni?!

Tez-tez ilğımtək görünüb –

Yox oldun, yordun məni.

SOL yanımdan vurdun məni,

Neynim, canın SAĞ olsun.

 

 

SƏN VƏ MƏN

 

Səndən hicran yolu başlar,

Dolanıb da keçər məndən.

Yazdığım eşq məktubunu

Dimdiyindən salar quşlar,

Atıb qaçar, qaçar məndən.

 

Bir ağacam dərd bağıma,

Bərkimişəm torpağıma.

Toxunarsan budağıma,

Qarğa-quzğun uçar məndən.

 

Əcəl kəsdirib yanımı,

Tələsir alsın canımı.

Bir tərəfdən də həsrətin –

Başına çəkib qanımı,

Qurtum-qurtum içər məndən.

 

Halal yaşadım, ya haram,

Geriyə dönüb baxaram.

Mən talan olmuş mahalam,

Ağır ellər köçər məndən.

 

Daha vaxtdır, geyin, gedək,

Gedənlərdən yeyin gedək.

Köhnə evin divarları

Göydən-yerə cadarladı,

Təzə mənzil deyib gedək –

Qıfıl səndən, açar məndən.

 

 

SƏNƏ DAİR

 

Siqaret qutusu üstündə

Bir şeir başladım

Sırf sənə dair.

Üstəlik,

Üfüqlərə sancılan baxışlar-filan –

Şair-şair…

 

Bir şeir ağladım "west" qutusuna

Gecənin bu şər vaxtında.

Təki sənin hər vaxtın xeyir olsun,

Gözəl gözlüm, hər vaxtın xeyir.

 

Mənə sərf etməyəcək

Nyutonun qanunları,

Bilirəm, amma

Qəfil yadıma düşdün.

Yadıma elə düşdün ki, alma yanaqlım,

Bir şeir kəşf etdim sənin adına

Və öz qanunlarımı yazdım

Nyutonun inadına.

 

Siqaretin dumanında

Bir şeir başladım sənə dair,

Başladım, bitirə bilmədim

Və sair...

 

 

QƏNDİL OLASAN

 

Dünyanın dərdinə ağlayan ola,

Sənsə dərd əhlinə həmdil olasan.

Saraylar köşkündə boyun büküncə,

Qaranlıq damlara qəndil olasan.

 

Dərziyəm, gödəkdir iynədən sapım,

Üryan əyinlərə açıqdır qapım.

Özünü asasan bir kəndir tapıb,

Ya da birasımlıq kəndir olasan.

 

Yığ saxla özündə, sənə nə dəysə,

Qaç qurtar əllərdən, yaxan yedəksə.

O üzü görməzsən, boyun gödəksə,

Gərək hər əngəldən hündür olasan.

 

 

DÜŞMƏZ

 

Ox atsam bir ümid deyib,

Daşdan keçib ora düşməz.

Tor qursam, səndən gələsi

Bir baxış da tora düşməz.

 

Kimsə tapılmaz soruşum –

Harda qalıb ağlım, huşum.

Elə qarışıb ki başım,

Ömür, billah, vərə düşməz.

 

İstəmirəm, al bu dərdi,

Dərdini çəkmək hədərdi.

Məndə bundan o qədərdi –

İynə atsan, yerə düşməz.

 

 

HƏYAT QƏMLİ ZÜMZÜMƏDİR

 

Haqq yolunda nökər bəndə

Şah gedər haqq dərgahına.

İnsan gah qalar ərafda,

Gah gedər haqq dərgahına.

 

Gələn, gedən kimdir, nədir?..

Mədət umma, kim kimədir?!

Həyat qəmli zümzümədir,

Ah gedər haqq dərgahına.

 

Uyar olduq batilə biz,

Cahilə biz, qafilə biz.

Axund, ömür qafiləmiz

"Nah" gedər haqq dərgahına.

 

 

TANRININ YOLU DÜZ QALAR

 

Dillə dişin arasında

Neçə mənalı söz qalar.

Ötən günün arxasınca

Həmişə iki göz qalar.

 

Dərdi, qəmi görürsən də,

Biri məndə, biri səndə.

Əyri-əyri yerisən də,

Tanrının yolu düz qalar.

 

Neynim, haqqı başa düşmə,

Ömür çürüt əyri işlə.

İnanmıram, bu gedişlə

Səndən dünyada iz qalar.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.