Aktotı Raimkulova: Əcdadların zəngin irsinin gələcək nəsillərə ötürülməsi Türk dünyası ölkələrinin başlıca vəzifəsidir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcılıq harmoniya prinsipləri” adlı elmi-praktik konfransda iştirak edib.

 

Fonddan AzərTAC-a bildirilib ki, konfransda çıxış edən Aktotı Raimkulova qonaqları salamlayaraq tədbirin yüksək səviyyədə keçirilməsində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.

 

A.Raimkulova qlobal mühitdə milli kimliyin formalaşması və qorunub saxlanılmasının əhəmiyyətini, Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın türk xalqlarının maddi-mədəni dəyərlərinin qorunması və təbliği sahəsində nailiyyətlərini vurğulayıb. Fondun prezidenti əcdadların zəngin irsinin gələcək nəsillərə ötürülməsinin Türk dünyası ölkələrinin başlıca vəzifəsi olduğunu qeyd edib.

 

Çıxışın sonunda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun himayəsi altında Özbəkistan Respublikası Hökumətinin dəstəyi və Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-cü “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarına uğurlar arzulayıb.

 

Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun nümayəndələri, xarici ölkələrdən mütəxəssislər, o cümlədən musiqişünaslar, folklorşünaslar, nüfuzlu universitetlərin rektorları, beynəlxalq elmi-tədqiqat institutları və elmi-yaradıcılıq mərkəzlərinin rəhbərləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.