26 saylı Sabunçu l Seçki Dairəsindən Vll çağırış Milli Məclisin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində keçirilən görüşdə gənclər, eləcə də, müxtəlif yaş və sosial qrupdan olan seçicilər, namizədin seçki qərargahının üzvləri iştirak edib.
Görüşə gələnləri doğmalıqla salamlayan Fazil Mustafa, öz seçki platformasını ətraflı surətdə şərh edib, eləcə də, seçicilərin toxunduğu fərqli mövzularla bağlı fikirlərini bölüşüb.
O, keçən dönəmdə Milli Məclisin üzvü və Komitə rəhbəri olaraq gördüyü işlərdən söz açıb.
Namizəd seçicilərin hər birini, o cümlədən gəncləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırıb.
Seçicilərin qaldırdığı məsələlərə dair düşüncə və fikirlərini bölüşən Fazil Mustafa, onları seçkilərdə aktiv olmağa, başqalarını da səsvermə hüququndan istifadəyə sövq etməyə çağırıb. Namizəd səsvermədə iştirakı vətəndaşın mənəvi-siyasi məsuliyyəti, milli dövlətçilik şüurunun ifadəsi olaraq xarakterizə edib.
Fazil Mustafa yenidən Millət vəkili seçiləcəyi halda, gəncləri, bütövlükdə seçiciləri qayğılandıran ayrı-ayrı məsələləri parlamentdə, hökumət qarşısında qaldıracağını bildirib.
Sonda Fazil Mustafa öz kitablarını görüş iştirakçıları üçün imzalayıb, onlarla xatirə şəkli çəkdirib.
Onu da vurğulayaq ki, bu, Fazil Mustafanın bir namizəd kimi, bu seçkilərdə sonuncu kütləvi görüşüydü.
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)