Şəhidlər barədə şeirlər - Şəhid Eldar Şirinov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Eldar Şirinov

Eldar Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edildi.

 

 

Biz bilirik, döyüşdə

Necə igid olmusan.

Tabor komandirinlə,

Birgə şəhid olmusan.

 

Neçə silahdaşının,

Köməyinə yetmisən.

Neçə-neçə düşməni,

Yerində məhv etmisən.

 

Etmisən Füzulini,

İşğaldan azad, şəhid.

Vermisən otuz illik,

Həsrət ilə gözləyən,

Torpağa həyat, şəhid.

 

Sənin kimi oğullar,

Düşmənlərin başına,

Odlu mərmi ələdi,

Qələbə müjdəsiylə,

Dünyanı silkələdi.

 

Siz millətin and yeri

Ocağısız, pirisiz.

Savaş qəhrəmanları,

Zəfər elçilərisiz.

 

Nə qədər ki bu vətən,

Azərbaycan xalqı var,

Sizin kimi oğullar

Ürəklərdə yaşayar!

 

 “Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.