ENHEDUANNA VƏ BƏSTİ MƏMMƏD - Bələdçimiz şeir (I yazı) Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

Yolumuz kəsişən həyatlara, iç-içə keçən duyğularadır. Bələdçimiz şeirdirsə, yoldan qorxmaqmı olar?! 

...Kral qızıydı Enheduanna. Ən gözəl şeirlərini İnannaya ithafən yazırdı. İnanna şumerlərin eşq tanrıçası idi; xatırladıram sadəcə, bilirəm, hamının öz İnannası var.  Enheduanna şeirlərindən birində İnannaya deyirdi: “Sənə itaət etməyən dağlarda bitkilər lənətlidir”. 

...Bizim çağdaşımızdır Bəsti Məmməd. Onu illər əvvəl Dünya Gənc Türk Yazarlar Birliyinin layihələrindən birində tanımışam. Şeirlərini özünə ithafən yazır; xatırladıram sadəcə, bilirəm, hamının şeirinin ünvanı ən birinci özüdür.  Bəsti şeirlərinin birində özünə deyir: “Sərçələr hönkürüb ağlaya bilsə, Ağlayar unutqan adamlar üçün...” 

Enheduannanın və Bəstinin misralarını ard-arda oxuyaraq çıxdığımız yolu qısaldaqmı, əziz oxucu?  O məşhur məsəli xatırlayaraq gülümsədiyinin fərqindəyəm. Ürəklə gülümsə, mən də gülümsəyirəm. Elə isə başlayaq bu iki qadın şairin kəsişən həyatından, iç-içə keçən duyğularından danışmağa... 

 

Qeyd:  Bozdağ silsiləsi... Ən sevdiyim, heyranı olduğum dağ silsiləsidir Azərbaycanımda. Mənimçün ölkəmin mistik hadisələri  ən birinci Bozdağdan başlayır. 

 

...Sərçələr uçuşur, bir-birinə xəbər ötürürdülər: 

-Qız, Bozdağın qumlu dumanına düşmə ha! 

-Dumandan qorxanmı var, qız?!  Ömrümüz dumanda keçir! 

-Sonra da bəşər övladı elə bilir, ona sadiqik. 

Sərçələrin xəbəri yox  idi ki, yaxınlıqdakı Oyuq mağaranın girəcəyində oturanlar onları dinləyir, təkcə dinləməklə qalmır, həm də, anlayır... Yox, onlar quş dili bilmirdilər, onlar kainatda var olan bütün duyğuları tanıyırdılar. Səs duyğunun təzahürü, söz səslərin cəmindən başqa bir şey deyil! 

-Könlümdən keçənləri mahnı eylədim, -dedi Enheduanna. 

-Şeir-şeir qocalıram, -dedi Bəsti. 

-Haradan gəlib, haraya gedirsən? 

-Sabahdan yola çıxmışam, yolum əvvələdir-ilk şeirin eşidildiyi yerə...

-Sabahdan əvvələ uzanan yolda yoldaşın ola bilməyəcəyəm, sən gəldiyin yerə gedirəm. 

-Biz dünyanın əzəlindən yoldaşıq.

İki qadın şair gülümsədi... Təbəssümlərinə qarışan incə kədəri Oyuq mağaranın divarları çoxdan tanıyırdı. Bundan əvvəl də burada həyatı kəsişən qadın şairlər olmuşdu, bundan sonra da olacaqdı. Və minilliklər keçsə belə, qadınlar eyni sevir, eyni ayrılır, eyni kədərlənirdilər. Oyuq mağaranın hərdən-hərdən, ən çox da, avqustun istisində buz kimi bir “ah” çəkməsi bundan idi. 

Hər iki qadın şair eyni anda titrədi. 

-Ölsək, ağlayanımız sevdalar olarmı? –pıçıldadı Enheduanna. 

-Sevdalar da ümidlidir ki, arxasınca ağlayan qadın olacaq, -ərklə əlini yellədi Bəsti. 

Bu dəfə qəhqəhə çəkdilər. Ta gözləri yaşaranədək güldülər... Oyuq mağara yenə “ah” çəkdi. Bilirdi, gülüşün sonunda da olsa, o göz yaşlarının dərdin məşum övladı olduğunu. Bu dünyanın məna boxçasında “qadın fəhmi” deyilən izaholunmazlıq var və qadınlar çoxdan bilir ki, sevinc kədər qədər ölçüsüz deyil! 

-Sərçələr elə bilir ki, bizi aldada biliblər.-başını buladı Enheduanna. 

-Sərçələr dəqiq bilir ki, biz özümüz aldanmağı seçməkdə mahirik.-əlləriylə küləyə sığal çəkdi Bəsti. 

...İki qadın şair eyni anda ayağa qalxdı, əks istiqamətlərdə yola düzəldilər: Enheduanna gələcəyə, Bəsti keçmişə doğru yol başladı. Bozdağ  əyilib sehirli balasına-Oyuq mağaraya pıçıldadı: 

-Səni oyanı yaxşı tanıyıram mən. Hələ adlı-sanlı usta olmamışdan bələdiydim əməlinə. Amma şair ruhunu oyanlar var ha, onlar ilk baxışdan tanınmaz. Şairlər, ən çox da, qadın şairlər ömrünə gələn oyuqçunu gedəndən sonra tanıyır. Sözünü oyuqçuya deyə bilməyəndə də, əlac qalır şeirə... 

 

*

...Yolumuz uzundur, əziz oxucu! Yola indi başlamışıq! Hər cığır başında dayanıb şeir dərmək haqqımız var. Bəsti Məmmədin sərçələrdən bəhs edən şeirini oxuyaq, sonra yola davam edərik: 

 

Sərçələr hönkürüb ağlaya bilsə, 

Ağlayar unutqan adamlar üçün... 

Elə lap çoxdannan ölmüş, yox olmuş, 

Atalar, analar, babalar üçün... 

 

Sərçələr hönkürüb ağlaya bilsə, 

Ağlayar atılmış körpələr üçün...

Lap için çəkərək, lap hıçqıraraq

Ağlayar məhv olmuş kölgələr üçün... 

 

Axtarmaz qar üstə dən o sərçələr...

Olmaz bircə gün də şən o sərçələr... 

Səsinə bürüyər kainatı da, 

Lap çapar atını,

cüt qanadını

çırpar kainatın başqa ucuna... 

Ağlayar son dəfə atıb gəldiyi 

adamsız küçələr, həyətlər üçün...

Ağlaya bilsə... 

 

 “Ədəbiyyat və incəsənə”

(30.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.